Super User
Versal sülh konfransının ildönümü
Tarixdə elə beynəlxalq miqyaslı hadisələr baş verib ki, onlar bu və ya digər şəkildə Azərbaycanın taleyində önəmli rol oynayıb. Eləcə də haqqında baş açacağımız bu konfrans.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 1919-cu ilin 18 yanvarında Parisdə, Versalda Paris Sülh Konfransı öz işinə başlayıb. Bu tarix simvolik bir tarix idi. Alman imperatoru l Vilhelm 1871-ci ilin 18 yanvarında Versalda "Güzgülü zalda" Fransa-Prussiya müharibəsindən qısa müddət sonra öz hakimiyyətini elan etmişdi. Həm də 18 yanvar 1701-ci ildə Prussiya krallığının da yarandığı gün idi.
Burada 27 ölkə, o cümlədən də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cumhuriyyəti təmsil olunurdu. Məğlub ölkələr və Sovet Rusiyası konfransa dəvət almamışdılar. Konfransda aparıcı rolu "Böyük dördlük" - ABŞ prezidenti Vudro Vilson, Böyük Britaniyanın baş naziri Lloyd Corc, Fransanın və İtaliyanın baş nazirləri Jorj Klemanso və Vittorio Orlando oynayırdı. Konfransda məqsəd Almaniya və məğlub dövlətlərlə sülh müqavilələrini hazırlamaq idi. Müqavilənin əsasını V.Vilsonun konqresə təqdim etdiyi 14 maddə təşkil edirdi. Bu maddələrin məğzini dünyanın ədalətli surətdə yenidən qurulması prinsipləri təşkil edirdi.
Azərbaycan Cümhuriyyətini Paris Sülh konfransında təmsil edən Əlimərdan bəy Topşubaşovun rəhbərliyi altında nümayəndə heyətinin tərkibinə ölkənin tanınmış ictimai-siyasi xadimləri və görkəmli ziyalılar daxil idilər.
Müharibəni məğlubiyyətlə başa vuran "Dördlər ittifaqı"nın üzvləri, yaxud neytral ölkələr Azərbaycanın müstəqilliyinin beynəlxalq miqyasda tanınması üçün o qədər də mühüm, həlledici iş görə bilməzdilər. Burada əsas söz sahibi qalib tərəf -Antanta idi. Çox şey onların istək və iradəsindən, ümumi məşvərət əsasında verəcəkləri qərarlardan asılı idi. Bu elə bir zaman idi ki, məhz Osmanlıya yaxınlıqlarına görə ingilis və fransızlar Birinci Dünya müharibəsində səngərin əks tərəflərində vuruşduqları türklərə qarşı hələ də sönməyən qəzəbi onların azərbaycanlı qardaşlarına yönəltmişdilər. Nümayəndə heyətimizə Parisə getməyə viza belə verilmirdi, bununla belə fədakar və vətənpərvər həmyerlilərimiz bütün çətinliklərə baxmayaraq Paris sülh konfransına ilk gündən olmasa da, hər halda qatıla bildilər, 1919-cu il mayın 28-də İstiqlal günü ABŞ prezidenti Vilson Azərbaycan nümayəndə heyətini qəbul etdi. Vilsondan Azərbaycanın istiqlalının tanınması, Vilson prinsiplərinin Azərbaycana aid edilməsi, Azərbaycanın Millətlər Cəmiyyətinə qəbul olunması, ABŞ-ın Azərbaycana hərbi ləvazimat sahəsində yardım göstərməsi xahiş olunurdu.Vilson Azərbaycan nümayəndə heyətinə ümidverici bir şey demədi. O, sülh konfransının dünyanı kiçik hissələrə parçalamaq niyyətində olmadığını dedi və bildirdi ki, Azərbaycan məsələsi rus məsələsindən əvvəl həll edilə bilməz. Bununla belə, 1920-ci il yanvarın 11-də Lord Kerzonun təklifi ilə Paris konfransının ali şurasında Azərbaycanın istiqlalını de-fakto tanımaq haqqında yekdilliklə qərar qəbul olundu.
İstiqlalın tanınmasından 3 gün sonra bu tarixi xəbərin sədasını almış Azərbaycan bayram libasına büründü.
İndi o tarixi günü şərəf və qürurla anırıq!
“Traviata” operasının tamaşası böyük maraqla qarşılanıb
Bir neçə gün idi ki, sənətsevərlərin diqqəti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında idi, orada italyan bəstəkarı Cüzeppe Verdinin “Traviata” operasının tamaşası böyük maraqla gözlənilirdi. Nəhayət, tamaşa baş tutub.
Fransa yazıçısı - oğul Aleksandr Dümanın məşhur “Kameliyalı qadın” əsərindən operaya uyğunlaşdırılan, Parisin elit təbəqəsinin tanınmış simalarından olan, ömrünün möhtəşəm saraylarda keçməsinə baxmayaraq, əsl sevgiyə həsrət qalan Violetta adlı gənc qadının enişli-yoxuşlu həyatından və Alfredlə nakam sevgisindən bəhs edən “Traviata” operasının tamaşası musiqi bayramı kimi yaddaşlarda qalıb.
Dünyanın opera teatrlarında ən çox səhnələşdirilən əsərlərdən biri olan və sonu bədbəxtliklə bitən sevgi hekayəsində baş rollarda Əməkdar artistlər Ramil Qasımov (Alfred) və İnarə Babayeva (Violetta) çıxış ediblər. Dahi Verdinin bütün əsərlərində kişi və qadın partiyalarının hər zaman vokal baxımından çətin sayılan geniş diapazonlu səslər olduğunu nəzərə alsaq, onların duetləri və ifaçılıq qabiliyyətləri çox xoşagələn və uğurlu alınıb və dinləyicilərin zövqünü dərindən oxşamaqla onları heyran qoyub.
İnarə Babayeva əsərin əvvəlindən axırına qədər, texniki və bədii cəhətdən son dərəcə çətin bir rol olan Violettanı mükəmməl ifa ilə təqdim edib. Zəngin səsi ilə ən yüksək notlarda asanlıqla hərəkət edə bilməsi onun səsinə nə qədər hakim olduğunun göstəricisi idi. Səhnədə öz rolunu yaşamasıyla onun aktyorluq bacarıqları da diqqəti cəlb edirdi.
Ramil Qasımov ilk dəfə debüt etdiyi Alfredo rolunda özünəməxsus və uğurlu ifası ilə seçilib. Səhnədə böyük ustalığı, belkanto ifaçılığı, texniki cəhətdən bacarığı, italyan dilində sözlərin səlist deyilişi və ifası ilə tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.
Dirijoru Xalq artisti Fəxrəddin Kərimov, xormeystri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva olan tamaşada digər rollarda Xalq artisti Əli Əsgərov (Markiz), Tələt Hüseynov (Doktor D' Obinyi), Əməkdar artistlər Cahangir Qurbanov (Jermon), Tural Ağasıyev (Qaston) və solistlər Nina Makarova (Flora), Mahir Tağızadə (Baron Bufol), Səbinə Bağırova (Anina) kimi möhtəşəm ifaları ilə fərqlənən məşhur opera müğənniləri iştirak ediblər.
2021-ci ilin dekabr ayının ən parlaq fotoları - Euronews-un təqdimatında
Yola saldığımız 2021-ci il təbii və siyasi kataklizmlərlə dolu, COVİD-19 pandemiyasının qadağaları ilə yadda qalan bir il oldu.
2021-ci illə vidalaşmazdan əvvəl və vidalaşdıqdan sonra Euronews oxuculara son 12 ayın əsas hadisələrini fotoxronikada nəzərdən keçirməyi və yada salmağı təklif etməkdədir.
“Ədəbiyyat və incəsənət” portalı da vasitəci olaraq ilin ən gözəl fotolarını sizlərə təqdim etdi.
Biz sizə əvvəlki ayların fotolarını sıra ilə təqdim etmişdik. Bu gün də sizə 2021-ci ilin sonuncu - dekabr ayında baş verən əsas hadisələrin fotolarını təqdim edəcəyik.
Dekabr, 2021-ci il.
3-cü yer
Peru.
Plyajda qaralan qadın. Covid 19-la bağlı məhdudiyyətlər səbəbindən hər kəs hamıdan bu yolla təcrid edilir.
Foto: Ernesto Benavides/AFP
2-ci yer
İsrail
Yerli xristian İssa Kassisi Santa Klaus kostyumunda Qüdsün qədim divarları önündən keçərkən.
Foto:Oded Balilty/AP Photo
1-ci yer
ABŞ
Ölkə ərazisində tarix ərzində baş vermiş ən güclü tornado Kentukki ştatında onlarca evi dağıtmışdır.
Foto: Michael Clubb/AP Photo
Bu gün məşhur nağıl qəhrəmanının günüdür
Bu gün Vinni Pux günüdür. Bu günü təqvimə məşhur uşaq bədii qəhrəmanı olan Vinni Puxun və onun dostlarının yaradıcısı - 1882-ci ilin 18 yanvarında Londonda dünyaya gələn Alan Aleksandr Milni xatırlamaq üçün salıblar.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün Alan Milnin 140 illik yubileyi qeyd olunacaq. Yəqin ki, hər bir evdə böyüklü-kiçikli əksəriyyət Vinni Puxu tanıyır. İllərdir ki, bu obraza sevgi estafet kimi nəsildən nəslə keçir.
Həqiqətən də sən bir obraz yarat və bu obraz dünyanın hər guşəsində məşhur olsun, hər il əsər böyük tirajlarla az qala bütün dünya dillərində çıxsın, ona çəkilən bədii və cizgi filmləri ən populyarlar sırasında qərarlaşsın, buna görə də təqvimdə ayrıca sənin yaratdığın obrazın günü olsun – bu böyük hünərdir. Ruhun şad olsun sənin, Miln.
Bir qrup musiqişünas və bəstəkarlarla yaradıcı görüş keçirilib
Mədəniyyət nazirinini birinci müavini Elnur Əliyevin bir qrup musiqişünas və bəstəkarlarla yaradıcı görüşü keçirilib.
Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, görüşdə gələcək layihələr, qarşıda duran hədəflər, mövcud problemlər geniş müzakirə olunub.
Elnur Əliyev çıxışında, nazirliyin təkliflərə açıq olduğunu, birgə əməkdaşlığın səmərəli olacağını xüsusi qeyd edib.
Onu da qeyd edək ki, bu kimi görüşlərin davamlı olması nəzərdə tutulur.
Filarmoniyada Xalq artisti Azər Dadaşovun 75 illik yubileyinə həsr olunmuş gecə keçirilib
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycanın Xalq artisti, bəstəkar, professor Azər Dadaşovun 75 illik yubileyinə həsr olunmuş gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, konsert başlamadan öncə Azərbaycan Mədəniyyət Nazirliyinin sektor müdiri Vüqar Hümbətov mədəniyyət naziri Anar Kərimovun təbrik məktubunu oxuyub.
Konsertdə Mustafa Mehmandarovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası çıxış edib. Kapellaya Xalq artisti Gülbacı İmanova rəhbərlik edib.
Proqramın solistləri beynəlxalq müsabiqələr laureatları, pianoçular Nuranə Zeynalova və Nərgiz Kəngərli, vokalçı Sübhan Rüstəmov olub.
Gecədə Azər Dadaşovun bəstələri səsləndirilib. Onların arasında 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsinə həsr olunmuş “Zəfər çələngi” əsəri, ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Fortepiano və Kamera Orkestri üçün şeir” səsləndirilib. Həmçinin fortepiano və orkestr üçün 2 nömrəli konsert, “Şuşa” simfoniyası, “Vətənim Azərbaycan” kantatası da ilk dəfə ifa olunub.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Yubiley konsertinin proqramı bəstəkarın yaradıcılıq fəaliyyətinin çoxşaxəliliyini nümayiş etdirib.
Qeyd edək ki, Azər Dadaşov 1946-cı il dekabrın 1-də Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının (indiki – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsini bitirib. O, Papa II İohann Pavelin medalı, MDB Parlamentlərarası Assambleyası Şurasının fəxri döş nişanı laureatıdır. Azər Dadaşov akademik musiqinin bütün janrlarında 150-dən çox musiqi əsərinin müəllifidir.
ANONS: Regionlarda papaq altında yatan şairlərimiz var
Sabah portalımızda Yardımlıda yaşayıb yaradan gənc şair İqbal Nəhmətin şeirləri dərc ediləcək.
Həqiqətən də insanı öz sehrinə sala bilən, ovsunlayan, səmimiyyəti, axıcılığı və poetik kamilliyi ilə seçilən şeirlərdir.
Mən necə darıxım sənsiz,
İlin, günün bu vaxtında.
Söylə necə yaşayırsan?
Həsrətimin paytaxtında, - deyən gənc şairin şeirlərini bəyənəcəyinizə əminik.
Azərbaycanın məşhur musiqiçi ailəsi İstanbulda konsert verib
Azərbaycanı dünyada təmsil edən Manafzadələr ailəsi İstanbulda ailəvi konsert veriblər.
AzərTAC xəbər verir ki, İstanbul Filarmoniya Dərnəyi tərəfindən təşkil edilən konsert proqramı şəhərin Kadıköy rayonunun məşhur Moda bölgəsində yerləşən "All Saints" kilsəsində gerçəkləşib.
Konsertdə Azərbaycanın Əməkdar artisti, məşhur pianoçu İslam Manafov, Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə və pianoçu Şükufə Manafova səhnəyə çıxıblar.
Dünya klassik əsərlərinin yenidən canlandığı proqramda Turan Manafzadənin Azərbaycana həsr etdiyi “Azərbaycanım” əsəri və “Sənsiz” mahnısı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Solo və duet ifaların diqqət mərkəzində olduğu konsertdə Azərbaycan və Türkiyə musiqiləri səsləndirilib.
Manafzadə ailəsi piano konserti çərçivəsində Turan Manafzadənin rəsm əsərlərindən ibarət sərgi də sənətsevərlərə təqdim olunub.
Tədbirin sonunda tamaşaçılarla bir araya gələn ailə üzvlərinə İstanbul Filarmoniya Dərnəyi tərəfindən gecənin xatirə plaketi təqdim olunub.
ABŞ-ın satış kassalarında liderliyə “Qışqırıq” yüksəlib
"Qışqırıq"( Scream) filmi 4 həftə ərzində ABŞ satış kassalarında ilk sırada olan “Hörümçək adam: Geriyə yol yoxdur” filmini birincilokdən salıb.
11 il aradan sonra təqdim olunan klassik qorxu franşizasının beşinci filmi "Qışqırıq" 30,6 milyon dollarlıq gəlirlə ABŞ kassasında ilk sıraya yüksəlib.
Dörd həftə ərzində ən yüksək pillədə qərarlaşan “Hörümçək adam: Geriyə yol yoxdur” filmi ABŞ prokatında ikinci yerə geriləyib.
Qeyd edək ki, filmin rejissorları Tayler Cillett və Met Bettinellidi. Ekran əsəri bir sıra dəhşətli cinayətləri kimin törətdiyini öyrənmək üçün doğma şəhərinə qayıdan bir qadının hekayəsindən bəhs edir.
“Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabının təqdimatı keçirildi
Qətərin paytaxtı Doha şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində Azərbaycan pavilyonunda dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında kitabın təqdimatı olub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, böyük rus şərqşünas alimi E.Bertelsin ötən əsrin 40-cı illərində yazdığı “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən ərəb dilinə tərcümə olunaraq çap olunmuş nəşrinin təqdimatı keçirilib.
Mərasimi Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq Nizami Gəncəvinin Azərbaycanın bəşər mədəniyyətinə bəxş etdiyi ən qüdrətli dühalardan biri olduğunu vurğulayaraq, böyük şairi 900 ilə yaxın bir müddət ərzində ürəklərdə yaşadan əsas amilin məhz onun öz əsərlərində ümumbəşəri ideyaları, mənəvi dəyərləri, xalqlar arasında dostluğu, insanlar arasında bərabərliyi və digər mənəvi dəyərləri tərənnüm və təbliğ etməsindən ibarət olduğunu bildirib. Natiq bu gün həm də bir il öncə xalqımızın 30 illik həsrətinə son qoyan, Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində böyük Zəfər qazanan Azərbaycan ordusunun tarixi qəhramanlığından, xalqla Prezidentin möhkəm birliyindən bəhs edən “Dəmir yumruğun gücü” adlı kitabın Avrasiya Mətbuat Fondunun dəstəyi ilə ərəb dilində nəşrinin və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ərəb dilində nəşr etdiyi “Azərbaycanın qadın ziyalıları” kitabının da ərəb ictimaiyyətinə təqdim olunduğunu diqqətə çatdırıb.
Sonra çıxış edən Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli belə möhtəşəm beynəlxalq sərgidə 3 mühüm kitabın eyni zamanda təqdim olunmasını böyük hadisə hesab edərək bunların məhz Azərbaycan həqiqətlərinin dünyada təbliği istiqamətində Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə həyata keçirdiyi uğurlu layihələrdən biri olduğunu qeyd edərək, Milli Kitabxananın direktoru K.Tahirova, Türk Mədəniyyəti və irsi Fondunun prezidenti G.Əfəndiyevaya və hər iki kitabın tərtibçisi - filologiya üzrə fəlsəfə doktoru Əhməd Samiyə və Azərbaycanın Qətərdəki səfirliyinin əməkdaşlarına təşəkkürünü bildirib. Sonra tədbirdə Qətər Milli Kitabxanasının direktoru, səfirliyin nümayəndəsi və Qətərdə yaşayan və işləyən mütəxəssislər çıxış ediblər.
Tədbirin sonunda hər üç kitabın nüsxələri tədbir iştirakçılarına paylanıb və onlar Azərbaycandan gətirilmiş milli mətbəxinəmizin ləziz nümunələrinə qonaq ediliblər.
Qətər Beynəlxalq Kitab Sərgisi yanvarın 22-dək davam edəcəkdir.