Versal sülh konfransının ildönümü

Tarixdə elə beynəlxalq miqyaslı hadisələr baş verib ki, onlar bu və ya digər şəkildə Azərbaycanın taleyində önəmli rol oynayıb. Eləcə də haqqında baş açacağımız bu konfrans.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 1919-cu ilin 18 yanvarında Parisdə, Versalda Paris Sülh Konfransı öz işinə başlayıb. Bu tarix simvolik bir tarix idi. Alman imperatoru l Vilhelm 1871-ci ilin 18 yanvarında Versalda "Güzgülü zalda" Fransa-Prussiya müharibəsindən qısa müddət sonra öz hakimiyyətini elan etmişdi. Həm də 18 yanvar 1701-ci ildə Prussiya krallığının da yarandığı gün idi.

Burada 27 ölkə, o cümlədən də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cumhuriyyəti təmsil olunurdu. Məğlub ölkələr və Sovet Rusiyası konfransa dəvət almamışdılar. Konfransda aparıcı rolu "Böyük dördlük" - ABŞ prezidenti Vudro Vilson, Böyük Britaniyanın baş naziri Lloyd Corc, Fransanın və İtaliyanın baş nazirləri Jorj Klemanso və Vittorio Orlando oynayırdı. Konfransda məqsəd Almaniya və məğlub dövlətlərlə sülh müqavilələrini hazırlamaq idi. Müqavilənin əsasını V.Vilsonun konqresə təqdim etdiyi 14 maddə təşkil edirdi. Bu maddələrin məğzini dünyanın ədalətli surətdə yenidən qurulması prinsipləri təşkil edirdi.

Azərbaycan Cümhuriyyətini Paris Sülh konfransında təmsil edən Əlimərdan bəy Topşubaşovun rəhbərliyi altında nümayəndə heyətinin tərkibinə ölkənin tanınmış ictimai-siyasi xadimləri və görkəmli ziyalılar daxil idilər.

Müharibəni məğlubiyyətlə başa vuran "Dördlər ittifaqı"nın üzvləri, yaxud neytral ölkələr Azərbaycanın müstəqilliyinin beynəlxalq miqyasda tanınması üçün o qədər də mühüm, həlledici iş görə bilməzdilər. Burada əsas söz sahibi qalib tərəf -Antanta idi. Çox şey onların istək və iradəsindən, ümumi məşvərət əsasında verəcəkləri qərarlardan asılı idi. Bu elə bir zaman idi ki, məhz Osmanlıya yaxınlıqlarına görə ingilis və fransızlar Birinci Dünya müharibəsində səngərin əks tərəflərində vuruşduqları türklərə qarşı hələ də sönməyən qəzəbi onların azərbaycanlı qardaşlarına yönəltmişdilər. Nümayəndə heyətimizə Parisə getməyə viza belə verilmirdi, bununla belə fədakar və vətənpərvər həmyerlilərimiz bütün çətinliklərə baxmayaraq Paris sülh konfransına ilk gündən olmasa da, hər halda qatıla bildilər, 1919-cu il mayın 28-də İstiqlal günü ABŞ prezidenti Vilson Azərbaycan nümayəndə heyətini qəbul etdi. Vilsondan Azərbaycanın istiqlalının tanınması, Vilson prinsiplərinin Azərbaycana aid edilməsi, Azərbaycanın Millətlər Cəmiyyətinə qəbul olunması, ABŞ-ın Azərbaycana hərbi ləvazimat sahəsində yardım göstərməsi xahiş olunurdu.Vilson Azərbaycan nümayəndə heyətinə ümidverici bir şey demədi. O, sülh konfransının dünyanı kiçik hissələrə parçalamaq niyyətində olmadığını dedi və bildirdi ki, Azərbaycan məsələsi rus məsələsindən əvvəl həll edilə bilməz. Bununla belə, 1920-ci il yanvarın 11-də Lord Kerzonun təklifi ilə Paris konfransının ali şurasında Azərbaycanın istiqlalını de-fakto tanımaq haqqında yekdilliklə qərar qəbul olundu.

İstiqlalın tanınmasından 3 gün sonra bu tarixi xəbərin sədasını almış Azərbaycan bayram libasına büründü.

İndi o tarixi günü şərəf və qürurla anırıq!

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.