Super User
Həftənin Art hadisəsi qaradərili dizaynerlərə 100 min dollar ayrılması oldu.
“Ədəbiyyat və incəsənət” portalı The Art Newspaper nəşrinə istinadən ötən həftənin ən vacib art xəbərini diqqətə gətirir. Bu xəbər qaradərili dizaynerlərin qrant proqramına cəlb edilməsidir. Xüsusən hazırkı koronavirus pandemiyası dövründə irqçilik çağırışları tez-tez səsləndiyindən bəhs edilən mövzunun necə aktual olması yəqin ki, sual doğurmur.
Bu yaxınlarda Gagosian Qalereyasında rejissor kimi çalışan Nyu-York əsilli kurator və yazıçı Antwaun Sargent yeni bir komitəyə rəhbərlik edəcək. Bruklin Muzeyinin rəsmi instagram səhifəsinin təşəbbüsü ilə başladılan, qaradərili dizaynerlərin işini yüksəltməyi hədəfləyən yeni bir qrant proqramını gerçəkləşdirəcək bir komitədən gedir söhbət.
“Qara Dizayn Vizyonerləri təşəbbüsü” adlanan qrant layihəsində 18 yaşdan 30 yaşa qədər olan qaradərili dizaynerlərə 10.000 dollar vəsait veriləcək. On il və ya daha böyük müddətə hansısa dizayner şirkətinə rəhbərlik etmiş qaradərili dizayner-sahibkara isə biznesini idarə etmək üçün 100.000 dollarlıq kiçik biznes qrantı veriləcəkdir.
"Dizayn işi hər hansı sahənin gücləndirmə mənbəyidir, amma bunun reallaşması üçün hər şeyin daha əhatəli olmasına ehtiyac var" deyir Sargent bir açıqlamasında. "Yaxşı dizayn hamımızı təsir edir və Qara dizaynerlərin dünyanın cildini nə cür dəyişə biləcəyini bilməyimiz gərəklidir, qaradərilərin dizayn edərək dünya haqqında təsəvvürlərimizi formalaşdırmağa kömək etmə imkanlarına sahib olmaları isə vacibdir." Bu da ona məxsus sözlərdir.
Komitənin digər üzvləri arasında rəssam Rick Lowe, məşhur kostyum dizayneri Ruth Carter, Vizyon və Ədalət fotoqraflığı və sənətdə sosial ədalət fəallığının kəsişməsini araşdırmaq üçün redaksiya təşəbbüsünü quran Harvard Universitetinin professoru Sarah Elizabeth Lewis də var. Dekorun baş redaktoru isə Əsəd Syrkettdir.
Təqdimat 21 iyul həftəsindən başlayaraq qəbul ediləcək və 16 iyulda bağlanacaq. Qrantı qazanacaq bəxtəvərlərin Qısa siyahısının bu ilin payızında elan edilməsi planlaşdırılır.
Sizin də qaradərili olmaq keçdi könlünüzdən, deyilmi?
Indi isə oxucularımıza dünyanı dəyişmiş 5 qaradərili dizayneri tanıtmaq istəyirik.
Depper Den.
Afroamerikada 80-ci illərdə modada əsas şəxsiyyət. Nyu-Yorkun canlı əfsanəsi. Xip-xop-mədəniyyətinin yaradıcısı. Onun lyuks geyimlərində daha çox qızıl və xəz görünür.
Karl Cons və TiCey Uoker.
Qrafika, trafaret çapı və paltar dizaynı ilə məşğul olaraq məşhurlaşıblar. Gənclər məhz onların geyimlərini seçməkdədirlər.
Karl Uilyams.
Hazırkı “qara moda” anlayışının banisi, moda dünyasının liderlərindən biri.
Şon Kombs.
Bad BOYS leyblının yaradıcısı, Love təxəllüslü milyonların sevimlisi. Küçə geyimini podiuma çıxarmaq cəsarəti ilə dünya dəbi tarixinə adını yazdırmış şəxsiyyət.
(Qapaq fotosunda Nyu-York küçələrində Şon Kombsın reklam lövhəsi yerləşdirilib. Mətn fotosunda isə qrant proqramının rəsmi loqosunu görürsünüz).
https://edebiyyatveincesenet.az/az/resm-qalereyasi/itemlist/user/43-superuser?start=18410#sigProGalleria30fbc557ea
Almaniyada Azərbaycan həqiqətləri
Berlin şəhərində alman və italyan dillərində “Dünyanın sülh kitabı” adlı ədəbi antologiya işıq üzü görmüşdür. Beynəlxalq Yazıçılar Gildiyasının və Yaradıcılar Sülh Uğrunda Federasiyasının birgə nəşr etdirdikləri antologiyada ABŞ, Almaniya, İtaliya, İsrail, Rusiya, Ukrayna, Avstraliya kimi ölkələrin yazıçılarının seçmə əsərləri yer almışdır. Vladimir Bentsler, Kalodyero La Vekkya, Tatyana Kayzer, Oleq Pudov, Vladi Benz, İrina Yavorovskaya kimi tanınmış ədiblərlə yanaşı antologiyada azərbaycanlı yazıçı Varis də təmsil olunmuşdur. Redaksiya heyəti həmyerlimizin “ Payız natürmortu” əsərini oxuculara təqdim etmişdir.
“Payız natürmortu” insanın maddi və mənəvi azadlıqlarından, canlıların yaşayış vəhdətindən, Xeyirlə Şərin əbədi mübarizəsindən bəhs edir. Əsərdə 30 ilə yaxın işğal altında qalmış Azərbaycan ərazilərində erməni faşizminin vandallıq nümunələri də öz əksini tapmışdır.
“Dünyanın sülh kitabı” Avropanın böyük kitabxanalarına, kitab palatalarına, universitetlərinə hədiyyə olunmaqla yanaşı kitab mağazalarının rəflərində də yer alacaq.
Bu sevda nə sevdadır
GƏNC ŞAİR EL ROMANDAN POEZİYA BUKETİ
Poeziya bir halda sənin qəlbinə hüzn və rahatlıq gətirmədisə, digər halda səni hiss və həyəcan burulğanına salmadısa, demək o, poeziya deyil.
“Ədəbiyyat və incəsənət” portalı gənc və həddən artıq istedadlı şair Elroman Əlizadənin ən yeni şeirlərini və özünütəqdimini oxucularının ixtiyarına verir.
Mən, El Roman
-Nə vaxt doğulmuşam mən?
-Bundan 20 il öncə...
-Nə vaxt şeir yazıram?
-Hərdən...
İlham gəlincə...
-Nəyə şeir yazıram?
-Özüm yerdə yaşayıb,
göyə şeir yazıram...
-Niyə şeir yazıram?
-Məni həyatda tutur deyə şeir yazıram...
-Şeirdən, ya da sözdən razıyammı keçməyə?
-Şeiri dəyişmərəm
o dünyada cənnətə,
bu dünyada heç nəyə...
-Sözümün gücüdürmü düşmənimin qorxusu?
-Təki, sinəmdəkini
düşmənim də oxusun...
-Şair, ruhun necədir?
-Həm kobuddur, həm incə...
-Nə vaxt şeir yazıram?
-Hərdən.
İlham gəlincə...
“Adam bilmir”
Zaman daha insafsızdı,
Zaman ölüm-itim bilmir.
Evinizi, qapınızı
Küçənizin iti bilmir.
Hardan bilsin yetim, bilmir.
Göyün yeddi qatı var? Var!
Göyləri məskən bilirsən.
Ölümün saatı var? Var!
Mən bilirəm, sən bilirsən,
Əzrayıl saatı bilmir.
Daha mən də qocalmışam.
Daha atam da qocalıb,
Siqareti ata bilmir.
Daha anam da qocalıb
Corabımın tayı itir,
Ha axtarır, tapa bilmir.
Səndən sonra təkliyimi,
Mənim nələr çəkdiyimi
Sən bilirsən, Allah bilir,
anam bilir, atam bilmir...
Külək əsir həzin-həzin,
Qulağımda sənin səsin.
Neyləsin, qızım, neyləsin,
Adam bilmir, adam bilmir...
“Altıncı hiss”
Bağışlama gedəni,
çünki ən böyük haqqı
nahaqla dəyişmisən.
Səni kitab edəni
sənə xitab edənə
nə haqla dəyişmisən?
Təkliyə öyrəşmirəm,
təsəlli verirəm ki,
yar atmış ola bilməz.
Sən ayrısan, mən ayrı,
ikimizi bir Tanrı
yaratmış ola bilməz.
Sən ki gündüz getmisən,
məcburam ki, gündüzə
gecə deyim, əzizim.
Səni alana baxıb
“səni verənə şükür"
necə deyim, əzizim?
Bu sevda nə sevdadır,
əvəzimə kor olub
məni yenə görməzlər.
Saçın ucun da hörsəm,
gülü sulu da dərsəm,
səni mənə verməzlər.
Altıncı hissim susub,
saat beşdə gedən qız,
dörd fəsildir itmisən.
Üç illik məhəbbəti
iki gündə unudub
bir dəfəlik getmisən...
“Sənsizliyin baş hərfi”
Körpülərin yıxıldı,
sən onu səhvlərindən
keçə-keçə unutdun.
Dünən ayaqlarına
qaça-qaça sevirdin,
içə-içə unutdun.
O da səni unutdu,
gedənlər ayrılığın
adını qismət qoyar.
Həyatdı da, gün gələr,
xətrinə can qoyduğun
ətrinə həsrət qoyar.
Elə gözəl gedər ki,
göydən düşən hər ulduz
gedəninə bənzəyər.
"Sənsizliyin" baş hərfi
yataqda tək qıvrılan
bədəninə bənzəyər.
Sənsiz nə edə bildi,
gözlərinin yaşını
qurutdu, qurutmadı?
Daha sevməkdən keçib,
ləçəkləri qopar, de:
"unutdu, unutmadı..."
Ya da bəlkə, hələ də
səni unuda bilmir
unutduğun həmin qız.
Kitabın arasında
çiçəyin əvəzinə
qurutduğun həmin qız.
“O qədər uzağıq ki”
Nəfəs alıb dərindən
ötüb keçən ayıma,
ilimə inanmışam.
Göz-qaşını görəndən
qaşla göz arasında
ölümə inanmışam.
Gözlərimi zilləyib
baxırdım uzaqlara,
sənsə getdin yağışla.
Sən yağışı sevirsən,
güvəndiyim dağlara
qar yağarsa bağışla...
Canına od qoyduğun
yoxluğunda Tanrını
Gözüylə zikr eylədi.
Tanrı səni yaradıb
əlini göyə açdı,
Özünə şükr eylədi.
Gecə-gündüz demədən
gözlədim ki, gələsən,
gəlməmisən hələ sən.
Tələyə düşmək arzum,
çünki mənə tələsən,
mənəm sənə tələsən.
Ümidimə qar yağa,
qardan həyat düzəldim,
dizi keçincə qayıt.
Sol qolumu dişləyib
sənə saat düzəldim,
izi keçincə qayıt.
Gülümsəmir birinə
sən gedəli gözlərim,
mənimlə üz-göz oldun.
Gülüm, sənin yerinə
o qədər ölmüşəm ki,
artıq ölümsüz oldun.
Ay bəri bax, bəri bax..
Mən tərəfdə od yanır
Kül olmağa hazıram.
Tanrının iki əllə
yaratdığı qadını
Mən tək əllə yazıram.
Üzməyimi bilmirik,
niyə bizi dərd boğur,
içimizdə kin yatır?
O qədər uzağıq ki,
sən tərəfdə gün doğur,
mən tərəfdə gün batır...
“Məktub”
Sonuncu məktubunda
düzü, gözlədiyimdən
bir az da çox yazmısan.
Getdiyin gün evimdən
nə var, nə yox aparıb
"nə var, nə yox?" yazmısan.
Gecəm-gündüzüm olmur,
gündüzlər oxuyuram,
gecə yata bilmirəm.
Məktubdu da, neyniyim,
atsam, ata bilmirəm,
satsam, sata bilmirəm
Elə ağır yazmısan,
gözümün gücü çatmır
bir az nəzər yetirsin.
Elə ağır yazmısan,
quşların gücü çatmır
məktubunu gətirsin.
Məni yerə yıxmısan,
barı, insafın olsun,
yanımdan keçmə, qaldır.
On bir il yazdıqlarım
on bir sətir məktubun
yanında heç nə qaldı.
Məktubu bitirəndə
kağızlarda yaşayan
qadını sığalladım.
Elə çarəsiz idim,
məktubun sonundakı
adını sığalladım...
“Axır qəmim”
Səni seçən mən idim,
özün seçən oğlanı
gözün kimi sevirsən.
Həyatdı da, əzizim,
dünən kimi sevirdin,
bu gün kimi sevirsən...
Gözlərimiz danışdı,
gözlərimin yağışı
gözlərinə dolmadı.
Təsəllilər axışdı,
axır qəmim olan qız
axır mənim olmadı.
Gecələr də danışmır,
içə-içə ölmüşəm
gecənin ortasında.
Küçələrdə böyüyüb
səni necə itirdim
küçənin ortasında?
Gözüm çəkilmir izdən,
gəlmirsən, daha gəlmə,
saat heçə sən qalıb.
Dağ boyda eşqimizdən
geriyə iki kəlmə
salam, necəsən qalıb.
Necə şeir gətirmir
könlümdəki pərilər,
yoxsa, mənə qarşıdı?
Gecə xeyir gətirmir,
gecənin xeyirindən
sənin şərin yaxşıdı.
“Ağac”
İncimədi kağızım,
indicə bir qələmlə
incidəni yazıram.
Həyatdı da əzizim,
bir vaxt sənə yazırdım,
indi səni yazıram.
Həsrət bükdü belimi,
barı, yanımda qalsan,
cəhənnəm, dik olardım.
O qədər ağlamışdım,
kirpiyim oruc olsa,
cəhənnəmlik olardım.
Alnımda bir ləkə var,
səbəbi nə, sirri nə,
bəlkə bir tikə qaldım?
Alın yazım sən idin,
tanrı səni pozanda
yerində ləkə qaldı.
Ağaca səni yazdım,
yağış yerə düşdükcə
göyə buxarı qalxdı.
Hər ağac böyüdükcə
ağacdakı adın da
bir az yuxarı qalxdı.
Qızarmış gözlərim də
adını çəkə bilmir,
çünki səni unutdu.
Üç dəfə qapımı döy,
dördüncüdə açmasam,
bil ki, səni unutdum...
https://edebiyyatveincesenet.az/az/resm-qalereyasi/itemlist/user/43-superuser?start=18410#sigProGalleriac51a7139b9
Fərqlənən mədəniyyət xadimləri təltif olundu
İyunun 15-də Milli Xalça Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdimat mərasimi keçirildi.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin verdiyi rəsmi məlumata görə, tədbirdəqa çıxış edən mədəniyyət naziri Anar Kərimov mədəniyyət xadimləri ilə görüşməkdən məmnunluğunu bildirdi: “Hər birinizin Azərbaycan mədəniyyətinə böyük töhfələri var. Dövlət başçımız mədəniyyət və incəsənət sahəsində çalışan insanlara hər zaman qayğı göstərir, onları diqqətdə saxlayır. Bugünkü təltifetmə mərasimi də bunun bariz nümunəsidir. Dövlət başçısının bilavasitə rəhbərliyi ilə pandemiya şəraitinə baxmayaraq, mədəniyyətimizin inkişafı ilə bağlı proseslər davamlı xarakter daşıyır. Buna misal olaraq Şuşanın mədəniyyət paytaxtı elan edilməsi, “Xarıbülbül” festivalının keçirilməsi, habelə yay aylarında Vaqif poeziya günlərinin keçirilməsi və digər mədəni layihələri qeyd edə bilərik”.
Nazir daha sonra dedi: “Hörmətli sənət xadimləri, bildiyiniz kimi, Mədəniyyət Nazirliyində də böyük islahatlara başlanıb. Məqsədimiz cəmiyyətdə mədəniyyətin rolunu artırmaqdır. Bu müqəddəs missiyada siz də böyük bir qüvvəyə maliksiniz. Sizi bu prosesin tərkib hissəsi kimi görürük. Çox istərdik ki, bu yolda siz də bizə yardımçı olasınız və əminəm ki, belə də olacaq. Bilirəm ki, bu mükafatlanma nəinki imtiyazlardır, eyni zamanda sizin üzərinizdə bir vəzifə və məsuliyyətdir. Siz cəmiyyətdə olan nüfuzunuzdan istifadə edib mədəniyyətimizin bundan sonra da inkişafına dəstək olacaqsınız. Mədəniyyət əcdadlarımızdan qalan mirasdır və hesab edirik ki, bu zəngin mədəniyyəti qorumaqla yanaşı, yeni yaradıcılıq imkanlarına meydan açacağıq”.
Anar Kərimov çıxışının sonunda mədəniyyət xadimlərinə Milli Qurtuluş Günü münasibətilə də təbriklərini çatdırdı: “Bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu günün sayəsində dövlətimiz hazırkı uğurlara nail ola bilib. Həm sosial-iqtisadi, həm də mədəni dirçəlişimizin bünövrəsində ulu öndərin qoyduğu siyasət dayanır. 44 günlük Vətən müharibəsində qazandığımız zəfər də məhz bu siyasətin nəticəsidir. Bir daha sizi təbrik edirəm”.
Sonra ölkə başçısının müvafiq sərəncamları ilə “İstiqlal”, “Şöhrət”, “Şərəf”, 1-ci və 2-ci dərəcəli “Əmək” ordenləri və digər təltiflərə layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinin mükafatları təqdim olundu.
“Şərəf” ordeninə layiq görülmüş Xalq artisti, xanəndə Mənsum İbrahimov Vətən müharibəsində xalqımıza Qələbə sevinci yaşatdığına görə ölkə başçısına təşəkkürünü bildirdi.
Rejissor, Xalq artisti Cənnət Səlimova təltif olunduğu “Şərəf” ordeninə və teatra olan sevgisinə görə dövlət başçısına minnətdarlığını ifadə edərək “Yaşasın teatr!” dedi.
“Şərəf” ordenli Xalq artisti, bəstəkar Tofiq Bakıxanov 90 illiyi münasibətilə ona göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür etdi.
Xalq artisti, müğənni Niyaməddin Musayev bütün yaradıcılığı boyu ulu öndər Heydər Əliyevin diqqət və qayğısını gördüyünü qeyd etdi. 60 illiyində “Şöhrət” ordeninə, 80 illiyində 2-ci dərəcəli “Əmək” ordeninə layiq görülməsinin onun üçün böyük fəxr olduğunu bildirdi: “Ulu öndər onu musiqi sahəsində novatorluğuma görə mükafatlandırmışdısa, bu gün onun davamçısı Prezident İlham Əliyev estrada musiqinin inkişafındakı xidmətlərimə görə məni belə bir yüksək mükafata layiq görüb”.
“Şöhrət” ordeninə layiq görülən tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu isə təltifə görə dövlət başçısına təşəkkürünü ulu öndərə həsr etdiyi şeirlə dilə gətirdi.
Mükafatlandırmanın sonunda nazir Anar Kərimov bir daha mədəniyyət və incəsənət xadimlərini təbrik edərək cansağlığı və fəaliyyətlərində uğurlar arzuladı.
Təltif olunanların siyahısını təqdim edirik:
“İstiqlal” ordeni
Həsənzadə Nəriman Əliməmməd oğlu
“Şərəf” ordeni
Yagizarov Hacı Murad Hacı Əhməd oğlu
Səlimova Cənnət Əlibəy qızı
İbrahimov Mənsum İsrafil oğlu
Bakıxanov Tofiq Əhməd Ağa oğlu
“Şöhrət” ordeni
Məsimov Baba Vəzir oğlu
Qocayev Xeyrəddin Sayəddin oğlu
Nəcəfov Fazil İmamverdi oğlu
1-ci dərəcəli “Əmək” ordeni
Əkbərov Canəli Xanəli oğlu
2-ci dərəcəli “Əmək” ordeni
Musayev Niyaməddin Cabbar oğlu
Əsgərov Akif İzzətulla oğlu
“Xalq artisti” fəxri adı
Mustafazadə Əzizə Vaqif qızı
“Tərəqqi” medalı
Hüseynov Fizuli İsmət oğlu
“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”
Mustafayev Albert Zaman oğlu.
Naməlum adam naməlumluqdan çıxır. Və yaxud, 15 milyon dollarlıq tablo
Yayın sonları Parisdə dünya şöhrətli niderlandlı post-impressionist rəssam Vinsent Van Qoqun indiyədək ictimaiyyət üçün naməlum olan "Monmartrda küçə səhnəsi" tablosu özəl sərgidə nümayiş olunacaq. “Ədəbiyyat və incəsənət” portalı bu məlumatı BBC-yə istinadən yayır.
Bir müddət öncə tablonu astronomik qiymətə almış şəxs xəsislik etmədən insablara da nümayiş etdirmək fikrində israrlıdır.
Naməlum şəxs aprel ayında bu tablonu Parisdə keçirilən Sothebys hərracında nə az, nə çox, düz 13,09 mln.avroya (15,3 mln. dollardan çox) almışdı.
Sotheby’s elan edib ki, bu alqı-satqı indiyədək Fransada baş tutan ən bahalı incəsənət alqı-satqısıdır, üstəlik, dahi Holland rəssamının indiyədək ən baha qiymətə satılan əsəridir.
Qeyd edək ki, ekspertlər əvvəlcə proqnozlaşdırırdılar ki, rəsm əsəri maksimum 8 milyon avroya satıla bilər. Hərrac Parisdə onlayn rejimdə keçirilirdi. Ticarət zamanı tablo üçün iki dəfə kəskin mübarizə aparıldı. Bi-Bi-Si xəbər verir ki, ilk dəfə, hərracın başlanğıcında tabloya diqqət verildi, lakin onlayn bəhslərlə əlaqədar yaranan problemlər səbəbindən onun uğrunda mübarizə təxirə salındı. Amma ticarətin sonunda tabli yenidən geriyə - diqqət mərkəzimə döndü, adı gizli saxlanılan alıcı astronomik məbləğ təklif edib rəsm əsərinə sahib oldu.
Parisdə, demək olar ki, heç kimin görmədiyi Van Qoqun bu rəsmi beləcə, nümayiş ərəfəsinə gəlib çıxdı.
Van Qoqun sözügedən
"Monmartrda küçə səhnəsi" tablosu 1887-ci ildə çəkilib, bütün bu vaxt ərzində onu heç vaxt nümayiş etdirməyən zəngin bir Fransız ailəsinə məxsus olub.
Sənətşünaslar tablonun varlığını bilirdilər, tablo kataloqlarda qeyd edildi, lakin yalnız qara və ağ fotoqrafiya şəklində.
Bu tablo Van Qoqun 1886-87-ci illərdə Parisdə yaşadığı dövrdə yaratdığı əsərlər seriyasının bir hissəsidir. Onun üzərində o dövrün Monmartrında - sadəcə, Parisin kənarındakı kiçik kənddə külək dəyirmanı təsvir edilmişdir. Qeyd edək ki, Monmart hazırda Parisin ən çox tanınan, ən görməli yerlərindən biridir.
Daha əvvəl Bi-Bi-Si-yə müsahibəsində Van Qoqun yaradıcılığı üzrə mütəxəss Martin Beylinin açıqladığı kimi, bu mənzərə Hollandiyanın Provensal dövrü adlandırılan dövründə rəssamın tünd, tutqun çalarlı boyaların xarakterik coşqunluqla istifadə etdiyi dövrdə yaradılıb.
"Parisdə Van Qoq özü üçün impressionistləri kəşf etdi və tünd rənglərlə işləməyə başladı, - Beyli deyir, - amma bu işdə ən təəccüblüsü odur ki, bu rəsm rəssamın molberti tərk etdiyi vaxtdan gizlədilmişdir. Rəsm həmişə şəxsi kolleksiyalarda qalıb, belə ki, o, bu müddət ərzində yalnız sahibini və onun dostlarını heyran edə bilib".
Ekspertin sözlərinə görə, tabloda əks olunan yer Van Qoqun qardaşı ilə kirayədə yaşadığı mənzilin yaxınlığında olub.
"O vaxta qədər dəyirmanlar artıq əyləncə yerlərinə çevrilməyə başlamışdılar və şübhə etmək olmaz ki, cibində bir neçə Frankla rəssamlığa başlayanda Vinsent içəriyə daxil ola bilmədən yalnız ora kənardan göz gəzdirirdi".
Fotolarda: Vinsent Van Qoq; “Monmartda küçə səhnəsi” tablosu.
https://edebiyyatveincesenet.az/az/resm-qalereyasi/itemlist/user/43-superuser?start=18410#sigProGalleriaa0e36c0c44
Səttar Bəhlulzadənin ölməz rəsmlərindən
Səttar Bəhlulzadənin ölməz rəsmlərindən - Bazardüzü
https://edebiyyatveincesenet.az/az/resm-qalereyasi/itemlist/user/43-superuser?start=18410#sigProGalleria65693d6c6e
1954-cü il. Venetsiya. San-Marko meydanı. Ernest Hemenquey göyərçinlərlə.
1954-cü il. Venetsiya. San-Marko meydanı. Ernest Hemenquey göyərçinlərlə.
https://edebiyyatveincesenet.az/az/resm-qalereyasi/itemlist/user/43-superuser?start=18410#sigProGalleria4fa560797a
Sovet yazıçısı Vladislav Krapivin vəfat edib
Sovet və Rusiya yazıçısı Vladislav Krapivin vəfat edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 82 yaşlı yazıçı bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.
V.Krapivin 1938-ci ildə Tümen şəhərində anadan olub.
Yaradıcılığa ötən əsrin 60-cı illərindən başlayan yazıçı 1974-ci ildə Lenin komsomolu mükafatına, 2014-cü ildə isə Rusiya Federasiyası Prezidentinin mükafatına layiq görülüb.
Onlarla povest, roman müəllifi olan V.Krapivin daha çox uşaq yazıçısı kimi tanınıb.
2016-cı ildə Beynəlxalq Astronomiya İttifaqı 407243 saylı asteroidə Krapivinin adını verib.
Svetlana Aleksiyeviç Belarusu tərk edib
Nobel mükafatı laureatı, yazıçı Svetlana Aleksiyeviç Belarusu tərk edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, o bu gün səhər Almaniyaya uçub.
Yazıçının köməkçisi bildirib ki, onun gedişi Koordinasiya Şurasına qarşı açılmış cinayət işi ilə əlaqədar deyil.
Qeyd edək ki, S.Aleksiyeviç Belarus müxalifətinin Koordinasiya Şurasının azadlıqda olan və ölkəni tərk etməyən yeganə üzvü idi.
Qonkur mükafatının qalibi açıqlanıb
Fransanın ən böyük ədəbiyyat mükafatı olan Qonkurun builki qalibi açıqlanıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu, fransız yazıçı Erve Le Telye olub.
O, bu mükafata “Anomaliya” romanına görə layiq görülüb.
COVID-19 səbəbi ilə laureat bu dəfə hər il olduğu kimi, Parisin “Druan” restoranında deyil, videokonfrans vasitəsi ilə elan edilib.
Xatırladaq ki, Qonkur artıq yüz ildən çoxdur ki, fransız dilində yazılmış ən yaxşı romana verilir. Mükafat Qonkur qardaşlarının vəsiyyəti əsasında təsis edilib. Məbləği simvolik olaraq 10 avro təşkil etsə də, qalibə böyük nüfuz və yüksək tiraj qazandırır.