Super User

Super User

Çərşənbə, 30 İyun 2021 11:41

Musiqili Teatr mövsümə yekun vurdu

Müvafiq həyat reallıqlarına uyğun olaraq Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 111-ci mövsümə Zoom platforması üzərində yekun vurdu, il ərzində yaradıcılıq uğurları ilə seçilən əməkdaşlarını təltif etdi.
“Ədəbiyyat və incəsənət” portalı teatrın mətbuat xidmətinə istinadən bildirir ki, tədbirdə Vətən müharibəsində canlarını fəda etmiş qəhrəmanları, o cümlədən teatrın işıqçısı, şəhid Əliağa Məmmədovun əziz xatirəsi ehtiramla yad olundu.
Tədbirin aparıcıları – Əməkdar artist, Prezident mükafatçısı Əkbər Əlizadə və istedadlı aktrisa Mehriban Zaliyeva teatr kollektivinin İkinci Qarabağ müharibəsinə şəhid verməklə yanaşı, arxa cəbhədə yorulmaz fəaliyyətindən, yaradıcılıq əzmindən də söz açdılar. Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev yekun tədbirinin ilk dəfə onlayn formatda təqdim olunmasına diqqət çəkərək ötən bir il ərzində yaradıcı insanların qarşılaşdığı bütün maneələrdən, eləcə də çətinliklərin fonunda qazanılan uğurlardan danışdı. O dedi: “Mövcud pandemiya teatrların düzəninə olduqca mənfi təsir etdi. Amma buna baxmayaraq kollektivimiz ən sərt karantin dönəmində, eyni zamanda 44 günlük Vətən müharibəsi günlərində belə yorulmadan, əzmlə çalışdı və fəaliyyətimizlə Ali Baş Komandanın ətrafında həmrəyliyimizi bir daha göstərdik. Biz bu tarixi dönəmdə bir daha əmin olduq ki, birliyimizlə daha çox nailiyyətlər əldə edə bilərik. Bu tədbirdə də əsas məqsədimiz teatrda çalışan gənclərin gələcək fəaliyyətlərinə stimul verməkdir”.
Mükafatlandırılan əməkfaşlar bunlardır: Teatrın quruluşçu rejissorları Əməkdar incəsənət xadimi Əsgər Əsgərov və Samir Qulamov; aktyorlar – Emil Heydərov, Nicat Əli, Zaur Əliyev; bədii quruluş hissə müdiri Qabil Gözəlov; quruluşçu operator və montajçı Hikmət Şahverdizadə; teatrın mətbuat katibi Fəridə Aslanova; orkestr artisti Firuzə Nəcəfli.
Mərasimdə həmçinin Xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi “Büllur alma” mükafatı da təqdim olundu. “Mövsümün ən işgüzar rejissoru”  nominasiyasında teatrın quruluşçu rejissoru Samir Qulamov və “Vətən müharibəsində göstərdiyi şücaətə görə” nominasiyasında balet artisti Murad Ağayev “Büllür alma”nın sahibi oldular.  Sonda teatrın gənc solistləri – Hidayət Əliyev və Nigar Qarayeva vətənpərvərlik mövzusunda mahnılar ifa etdilər.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı yeni uğurlu mövsüm sorağı ilə beləcə yay tətilinə yollandı.

Tanınmış şair, publisist və tərcüməçi Elxan Zal Qaraxanlıya ədəbiyyata xidmətlərinə görə və 60 illik yubileyi münasibəti ilə Azərbaycan Yazıçılar Birliyinin “Bəxtiyar Vahabzadə” mükafatı təqdim edilib.
“Ədəbiyyat və incəsənət” portalı AYB mətbuat katibi Xəyal Rzaya  istinadən məlumat verir ki, AYB-də bu münasibətlə keçirilən tədbirdə mükafatı təqdim edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev yubliyarı təbrik edərək onun haqqında xoş fikirlərini, ürək sözlərini paylaşıb.
Qeyd edək ki, Xalq yazıçısı Anar Elxan Zal Qaraxanlının 60 illik yubileyi münasibətilə “Ədəbiyyat qəzeti”ndə təbrik məqaləsilə çıxış edib. Həmin təbrik mətnini təqdim edirik:

“Əziz Elxan! Sənin də altmış yaşın olarmış. Elə bil dünən idi, sənin adın gənc şairlər sırasında çəkilirdi, məni isə həmişəki kimi siz gənclərə diqqətsizlikdə suçlayırdılar. Halbuki istedadlı cavanları – sən isə şübhəsiz onların sırasındasan – həmişə himayə etməyə çalışırdım və çalışıram. Oxuduğum şeirlərini özümün yüksək qiymətləndirdiyimdən başqa, ədəbi zövqünə və güzəştsiz münasibətinə inandığım əziz dostum Vaqif Səmədoğlunun da sənin yaradıcılığını yüksək qiymətləndirməsi mənimçün çox önəmlidir. Bu illərdə səni yalnız orijinal şair kimi deyil, həm də türk dünyasına, onun keçmişinə və indisinə, tarixinə və ədəbiyyatına dərindən bələd olan və bildiklərini səxavətlə oxucularla bölüşən adam kimi tanıdım. Odur ki, Mahmud Qaşqarlı Fondunu yaradarkən səni onun əsas təşkilatçısı kimi görməyim əbəs deyildi.
Mənə bağışladığın son kitabın – “Ordu günü” qarşımdadır. İstər publisist yazılarınla, istər poema və şeirlərinlə tarixi Qarabağ zəfərimiz, bu zəfəri öncədən görən ulu öndərin ruhu, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, qardaş Türkiyənin Cumhur Başqanı Rəcəb Tayyib Ərdoğanın mənəvi və siyasi dəstəyi sənin qələminlə bir daha canlandırılır. Eyni zamanda başqa türk xalqlarının – əcdadlarımız – Mete-Oğuzdan Qazaxstan lideri Elbaşı Nursultan Nazarbayevə qədər türk böyüklərini tərənnüm etməyin, türk dünyasına marağın və sevgin mənə çox doğma, çox tanış, çox məhrəm hisslərin ifadəsidir.
Bir neçə il bundan qabaq Yazıçılar Birliyi Türkiyə, türk dünyasıyla Azərbaycanın ədəbi əlaqələrinin inkişafı yolunda xidmətləri olanlara təqdim etmək üçün böyük şairimiz Bəxtiyar Vahabzadə adına mükafat təsis etmişdi. İndiyədək bu mükafata yalnız Türkiyəli ədiblər layiq bilinib. Sən “Bəxtiyar Vahabzadə” mükafatını alan ilk azərbaycanlı qələm sahibisən və sənin buna tam haqqın çatır”.
Biz də portalımız adından Elxan Zal Qaraxanlını yubileyi münasibəti ilə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.

Ədəbiyyatımızın dünyada təbliği bir qədər ləng olsa belə, hər halda getməkdədir.
“Ədəbiyyat və incəsənət” portalı Dövlət Tərcümə Mərkəzinə istinadən məlumat verir ki, Oman Krallığının populyar “poetsgate.com” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq Şairi Ramiz Rövşənin ərəb dilinə tərcümə edilmiş “Qara paltarlı qadın” şeirini dərc etmişdir, ayrıca olaraq şairin yaradıcılığı haqqında məlumata da səhifə ayırmışdır.
Qeyd edək ki, “Qara paltarlı qadın” seirini ərəb dilinə Fərid Camalov tərcümə etmişdir.

Çərşənbə axşamı, 29 İyun 2021 16:27

«Uğur» nədir? Uğur simvolları hansılardır?

“Ədəbiyyat və incəsənət” portalında mən -  Əlibala Məhərrəmzadə hər dəfə “Ev tapşırığı. Uğur düstürünü tapmalı” kitabımdan maraqlı zənn etdiyim, diqqət cəlb edən hissələri oxucuların ixtiyarına verəcəyəm.. Bu dəfə “Uğur nədir” sualına cavab axtaracaq, dünya mütəfəkkirlərinin “uğur” barədə dedikləri aforizmlərlə tanış olacaqsınız.

«Uğur» anlamı yaşamımızın ən vacib tərkib hissəsidir, hansı sahəyə üz tutsaq, hara əl qoysaq orada uğur qazanmaq ehtiyacı duyuruq, əlbəttə ki. Hansı işə əl atırıqsa, biz azərbaycanlıların da, digər əksər xalqların da belə  dədə-baba deyimi var, onu söyləyirik: «Uğurlar olsun!» Qarşımıza qoyduğumuz məqsədlərə nail olmağımız uğurumuzdur. Və bütün uğur qazanmaq düsturları eyni strategiya uzrə müəyyənləşir: arzu-məqsəd-planlaşdırma-hərəkət-nəticə.

 «Uğur» ümumən hamı üçün eyni məna kəsb edirsə bu mənanı hərə öz subyektiv istəkləri ilə məzmuna gətirir. Kiminçunsə uğur vəzifə, nüfuz, ad-sandır, kiminçünsə hədsiz var-dövlətdir, kiminçünsə sevgi qovuşuğu, uğurlu ailədir, kiminçünsə yarış qalibiyyətidir.

Ümumən isə bütün dillərin lüğət tərkibində «uğur» sözünün mənası təxminən bu cür izah  edilir: insan həyatında gözlənilməkdə olan, arzulanan bu və ya digər prosesin, hadisənin pozitiv notlarla yekunlaşması, məqsədə çatma! Və əksər dillərdə «uğur» sözü həm də «bəxtigətirmə» sözünün sinonimi kimi də işlənir. Bu zaman isə o, hər hansı təsadüfi, öncədən gözlənilmədən bir müvəffəqiyyətə nail olmanı nəzərdə tutur («Bəxtigətirmə»nin ən bariz nümunəsi lotereya uduşları hesab oluna bilər).

İndiyə qədər neçə-neçə yazıçı romanına, rejissor filminə «Uğur» adını qoyub (İtalyan kinorejissor Dino Rizi 1963-cü ildə, sovet kinorejissoru Konstantin Xudyakov 1984-cü ildə çəkdikləri filmlərə, alman yazıçısı Lion Feyxtvanger 1930-cu ildə yazdığı romana bu adı qoyublar).

Bir kəlmə ilə desək, bütün şüurlu həyatlarını uğur qazanmağa kökləyən insanlar, heç də təsadüfi deyil ki, özlərinə uğur simvolları, müxtəlif talismanlar da seçirlər. Məsələn, Qərbdəki bəzi ənənəvi uğur simvollarına nəzər yetirək: yonca bitkisi, parabüzən həşəratı, bacatəmizləyən... Xüsusən , «bacatəmizləyən» maraqlı seçimdir, deyilmi? Əgər insan çox vacib bir işinin ardınca yollananda «bacatəmizləyənlə» (peç borularını, kaminləri, qazanxanaları, ventilyasiya sistemlərini yoxlayan və təmizləyən mütəxəssislə) rastlaşarsa, demək, onun uğur qazanacağı təmin olunub. Hətta almanlar, avstriyalılar, polyaklar, danimarkalılar bacatəmizləyənin əksi həkk olunmuş əşyaları bir-birilərinə hədiyyə də edirlər.

Dördyarpaqlı yonca dünyada ən geniş yayılmış uğur simvoludur. İnanclara görə, kim bu bitki növü ilə rastlaşırsa, onu həyatda böyük uğurlar gözləyir. Gərək, bu yoncanın yarpağını qurudub həmişə üstündə gəzdirəsən. O, səni mənfiliklərdən, bəd nəzərlərdən qoruyacaq,  yaxşı nə varsa hamısını maqnit kimi çəkib sənə doğru gətirəcək.

Siz təsəvvür edin ki, irlandlar dördyarpaqlı yoncanı (shamrock adlandırırlar) öz milli simvolları elan ediblər!

Parabüzən tapmaq da Qərb xalqlarında çox yaxşı əlamət hesab olunur, bu da, əsasən, miflərlə və ayinlərlə bağlıdır. Belə ki, miflərə görə, bu həşərat səmalarda  yaşayır, yalnız istisna hallarda yerə enib Tanrının iradəsini yerdəkilərə çatdırır. Üstünə parabüzən qonmuş holland, yaxud parabüzənlə rastlaşmış çex qədər xoşbəxt adam görə bilərsinizmi? Fransızlar isə uşaqlarına parabüzənin rəsmi həkk edilmiş amulet verərək onların xata-baladan hifz olunacaqlarına inanırlar.

Təsadüfi deyil ki, ruslar bu həşərata Tanrı inəyi adı veribllər. İngilisdilli ölkələrdə o, Müqəddəs Məryəmə işarə ilə Lady adlandırılır, almanlar ona «Tanrı şamı», bolqarlar «Tanrının gözəli» deyirlər. Digər Avropa xalqları da ona «Mariya (Məryəm) böcəyi», «Müqəddəs Məryəm quşu», «Tanrı heyvanı» kimi adlar veriblər. Parabüzənin əksi olan talisman, xurafata görə, həmişə uğur gətirir. Xüsusən, kürəyində yeddi qara xal olan parabüzən əbədi uğur və xoşbəxtlik rəmzi sayılır.

Başqa bir populyar uğur simvolu nal hesab olunur. Özü də nal tək Qərbin yox, həm də Şərqin uğur simvoludur.

Uğur və xoşbəxtlik gətirən naldan söhbət gedirsə, onu satın almaq olmaz, onu mütləq yerdən tapmalısan. Özü də o, mütləq metal olmalıdır. Başqa bir şərt nalı ucluqları yuxarı, yaxud aşağı asmaq məsələsidir ki, buna da iki baxış var. Şərqdə, Latın Amerikasında və Avropada nalı ucluqları aşağı asmaq dəbdir, bu, uğurun və xoşbəxtliyin sənə doğru axması deməkdir. Əksinə, ingilislər və irlandlar isə nalı ucluqları yuxarı asırlar ki, uğur və xoşbəxtlik dağılmasın, axıb getməsin.

Çində uğur, bolluq rəmzi qızıl balıq hesab olunur. Çin ailələrində içində səkkiz qızılı rəngli (qırmızı da olar) və bir qara balıq olan akvariumlara gen-bol rast gələrsən.

Uzaq Şərqin başqa bir uğur simvolu ağzında qızıl sikkə saxlayan üçayaqlı qurbağadır. Bu simvolu var-dövlət simvolu da hesab edirlər. İnanca görə, bu varlıq bir vaxtlar şər qüvvələrə aid imiş, amma Budda onu ram edərək insanlara xidmətə məcbur edib və o, insanlar üçün ağzından qızıl sikkələr ifraz etməyə başlayıb.

Amerikalının ilk qazandığı pul əskinası uğur simvolu hesab olunduğundan həmin əskinas xərclənmədən saxlanılır. Yaponlarda bir ayağını qaldırmış Maneki-pekuo adlanqırdıqları pişik fiquru uğur rəmzidir. İtalyanlarda uğur rəmzi açardır.

Müxtəlif xalqlarda xrizantema çiçəyi, yarasa da uğur simvolu hesab olunur.

Geniş yayılmış uğur simvollarından başqa, uğur əlamətlərinə, ayinlərinə də rast gəlmək olar ki, müxtəlif xalqlarda bu əlamətlər müxtəlifdir.

Biz azərbaycanlıların da çox maraqlı, özünəməxsus uğur əlamətləri var. Hər hansı bir işin dalınca gedərkən rastına ilk çıxan adamı sınayırsan, işin uğurlu alınırsa, həmin adamı «ayağı yüngül» adlandırır və növbəti dəfələrdə  o rastına çıxarkən işinin uğurla nəticələnəcəyinə bir arxayınçılıq hiss edirsən. Bundan başqa, bizlərdə hər hansı bir işin dalınca gedəndə rastına əlində içi dolu qab, zənbil tutmuş adam çıxarsa, bu da uğura işarə hesab olunur.

Bizdə Uğur həm də insan adıdır. Xüsusən indi, XXI əsrin ilk yüzilliyinin əvvəllərində valideynlər böyük ümidlərlə oğlan uşaqlarının adlarını Uğur qoyurlar.

Uğurun gətirdiyi sevinc və xoşbəxtliyin müqabilində, təbii ki, onun antonimi olan uğursuzluq da məyusluq, kədər gətirir.

Kimsə işşizliyinə, kimsə cavabsız sevgisinə, kimsə maddi ehtiyacına, kimsə xəstəliyinə görə özünü uğursuz hesab edir (Təbii ki, uğursuzluq barədə də ayrıca danışacağıq).

Hətta bəzən uğur anlayışı ifrat dərəcəyədək bəsit forma da ala bilir. Mən hər gün məhəllədə bekarçılıqdan oynadığı domino oyununda qazandığı qalibiyyətlərə görə özünü ən uğurlu adam adlandıran məzmunsuz biveci də tanıyıram, hələ dünyaya gəlməyən nəvə-nəticəsinə aldığı mülkləri tam təmir edərək içlərini əşyalarla doldurmaq «uğuruna» imza atmasını bayram edən nadürüst harını da.

Amma bizim mövzu obyektimiz şişirdilmiş, təhrif olunmuş «uğur» deyil, mütləq anlamda tanıyıb dərk etdiyimiz adi, statistik «uğur»dur. O uğur ki, hamımız varlı, yaxud kasıb, kişi, yaxud qadın, yaşlı yoxsa cavan, savadlı, yoxsa savadsız olmağımızdan asılı olmayaraq ona doğru yürüyürük.

Bəs bu uğuru necə qazanmalı? Ona doğru ən kəsə və ən dürüst yolu necə tapmalı?

Kitabımız boyunca bu suala cavab axtarmağa çalışacağıq, əlbəttə ki.

Və bir də mütləq nəyi vurğulamaq istəyirəm?

Xaraktercə ətalətli adam deyiləm, həm elm adamı, həm biznesmen, həm auditor kimi həddən artıq gərgin iş qrafikim var. Bir yandan, ictimai xadim kimi də fəalam, ən müxtəlif, elmi, sosial, mədəni, media tədbirlərinə dəvət alır, hamısında iştirak etməyə çalışıram. Xeyriyyəçilik işləri də mənim həyatımda ayrılmaz yer tutur. Bəzən onlarca insanın bu və ya digər probleminə yardım etmək zorunda qalıram. Təbii ki, söhbət həm maddi yardımdan, həm də hüquqi, mənəvi yardımdan gedir. Mən gördüyüm işlər üçün heç vaxt mükafat, «çox sağ ol» gözləmirəm, bu, öz yerində. Demək istədiyim odur ki, yaxşı mütaliəm, keçdiyim zəngin və çoxşaxəli fəaliyyət yolum, həmişə aqil və ağsaqqal insanlardan nəsə öyrənmək istəyim məndə insanları motivasiya etmək bacarığı və vərdişləri yaradıb ki, bu vərdişlər get-gedə daha da təkmilləşir, daha effektiv olur. İllərdir ki, biliklərimi kitab halına gətirmək istəyim də buradan qaynaqlanıb.

42 ildə ən müxtəlif sahələrdə qazandığım nailiyyətlər mənim həm də uğurlu bir insan olmağıma dəlalət edir. Demək, öz uğur formulamı paylaşmaq, həyatın bu və ya digər mərhələlərində çətinliklərlə üzləşən, uğur tapmaqda, necə deyərlər, oxu daşa dəyən gənclərə nələrisə tövsiyə etmək, «nə edin» və «nə etməyin» söyləmək haqqına da malikəm. Bu, isə kitab yazmaq qərarımın digər bir tərəfidir.

Hələlik isə öz uğur formulumun qısaca olaraq məğzini söyləmək istəyirəm. Bunu, haradasa, mənim əsərimin rezyümesi də hesab etmək olar: usanmadan işləmək, qarşına məqsədlər qoymaq və yerinə yetirmək. Uğur – özlüyündə bir materialist anlayışdır. Zəhmətkeşliyinlə, məqsədyönlülüyünlə, biliyinlə, ətrafına yığdığın insanları motivə etmək bacarığınla yalnız və yalnız hədəfə doğru irəliləməlisən!

 

Uğur barədə söylənilən dəyərli fikirlər

Ta qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.

Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, kitabın başlanğıcında uğur barədə aforizmlər seçməsi verməyi məqsədyönlü hesab edirəm.

Uğur məbədində açıq qapılar yoxdur. Ora daxil olmaq istəyən özü üçün qapı açmalıdır. Və bu yeni qapı onun arxasınca elə möhkəm örtülür ki, hətta övladları belə zəhmət çəkmədən oraya daxil ola bilmirlər. Ç.Marden

Məğlubiyyətdən qorxanlar deyil, mübarizə aparanlar uğur qazanacaqlar. J.Kopp

Bizim üçün ən böyük qələbə uğur qazanacağımızı rəqiblərimizə hiss etdirməkdir. M.Qandi

Uğur qazanmaq üçün ya ağıllı olmalısan, ya da başqalarının axmaqlığından bəhrələnməyi bacarmalısan. J.Labrüer

İrəli getmək gözləməkdən yaxşıdır. M.K.Atatürk

İrəlini görməyən yerində sayır. R.Beyker

Öhdəsindən gələ bilməyəcəyimiz ən çətin iş arzuları cilovlamaqdır. Budda

«Hörmət etmək» və «təqdir etmək» ayrı-ayrı anlayışlardır. «Hörmət», ümumiyyətlə, insana, «təqdir» isə yalnız uğur qazanana aiddir. A.Düma

Uğur sağlam düşüncəli insanları sevir. Evripid

Uğur bizi uğursuzluğa qarşı dözümsüz edir. Uğursuzluq bizi uğura qarşı dözumsuz edir. U.Feder

Uğurun nələrin bahasına başa gəldiyini düşünəndə ona qarşı bir həqarət duyuram. Q.Flober

İnsanlar uğursuzluqla qarşılaşmaq qorxusundan təslim olmağı üstün tuturlar. H.Ford

Kim öz uğuruna inanırsa, gec-tez onu əldə edəcək. K.Gebbel

İynəni tikməyi bacaran adama verirlər. A.Hoffman

Dünyada tikan toxumu əkən insanı gül baxçasında axtarma! C.Rumi

Heç vaxt ümidsizliyə qapılmayan adam üçün dünyada qeyri-mümkün iş yoxdur. Xaq

Həyatda ən böyük uğur xoşbəxtliyə nail olmaqdır. A.Kamyu

Qələbənin ilkin şərti cəsarətdir. A.Kembell

Yalnız həyatın sirlərini bilən insanlar uğur  qazana bilər. C.Kollenz

Kamalındır dövlətin, kamalına arxalan. N.Gəncəvi

Uğur qazanıb yolunu azmayan adam, başqa uğurlar da qazanar. H.Laski

Babanın kim olması deyil, onun nəslinin necə olması əhəmiyyətlidir. A.Linkoln

Uğur qazanmaq üçün əlimizdən gələn hər şeyi etdiyimiz halda, xoşbəxt olmaq üçün heç bir səy göstərmirik. Lukian

Viktor Hüqodan: «Uğur qazanmaq üçün əhəmiyyətli olan nədir: pul, iş ya ağıl?», - deyə soruşduqda, o demişdir: «Təsəvvür edin ki, üçtəkərli maşınınız var. Sizcə, təkərlərdən hansı daha əhəmiyyətlidir?» Naməlum

Uğur istedad, zəhmət və bəxtin birliyindən yaranır. Naməlum

Uğur qazanmaq üçün böyük səbr tələb olunur. Napoleon

Uğur və sevgi cəsurların tərəfindədir. P.Ovidi

Uğur başda əks-səda verir, uğursuzluq ürəkdə. L.Piter

Hər bir insan öz uğurunun memarıdır. Q.Sallyusti

Təbiətə qalib gəlmək üçün əvvəlcə ona itaət etmək lazımdır. M.Sksiro

Yüksəyə qalxmaq istəyirsənsə, lap aşağıdan başlamalısan. Y.Simonis

İnsan həyatına müdriklik deyil, uğurlar yön verir. Siseron

Kiçik uğurlarınızla qürrələnməyin. Sokrat

Layiq olmadan qazanılan uğurlar narahatlıq doğurur. H.Spenser

Dünyanın böyük adamları öz istəklərinə böyük zəhmət və əziyyət sayəsində çatmışlar. C.Teylor

Rahat yaşamaq və uğur qazanmaq üçün səy göstərmək lazımdır. A.Tomas

İnsan uğur qazana bilməsə də, əgər o, uğur üçün əlindən gələni edibsə, heç vaxt onu qınamaq fikrinə düşməyin. C.Vaşinqton

Kürək çəkməyi bacarana qayıqda həmişə yer tapılar. Afrika xalqları atalar sözü

Uğur qazanmaq üçün bir az da laqeyd olmaq lazımdır. Alman atalar sözü

Səndən hərəkət, məndən bərəkət.  Azərbaycan atalar sözü

Uğurun yol yoldaşı nizam-intizamdır. Çin atalar sözü

Qələbə günü yorğunluq hiss olunmaz. Fars atalar sözü

Uğuru həzm edə bilmək uğursuzluğun başlanğıcıdır. İtalyan atalar sözü

İnsan heç vaxt uğurdan doymaz. Yunan atalar sözü

Məqsədə yaxınlaşmaq hələ onu əldə etmək demək deyil, çünki məqsədə bir addım qalmış, heç cür adlaya bilməyəcəyin uçuruma rast gələ bilərsən. L.Blanki

Məqsədi böyük olan iş böyük sayıla bilər. A.Çexov

Həyatda başlıca məqsəd xoşbəxtlik olmalıdır, əks halda, qəlbinizin atəşi kifayət qədər gur yanmayacaq, hərəkətverici qüvvə lazımınca güclü olmayacaq və nəticədə siz öz məqsədinizə tam nail ola bilməyəcəksiniz. T.Drayzer

Məqsəd yoxdursa, heç nə eləmirsən; məqsəd kiçikdirsə, böyük işlər görə bilmirsən. D.Didro.

Məqsədlərimizi gerçəkliyi nəzərə alaraq müəyyənləşdirməliyik. R.Emerson

Hər cür çətinlik qüvvəni artırır. C.Ferrari

İnsan öz qüvvəsinə inandığı vaxt istəyinə nail olur. L.Feyerbax

Mübarizə bizi məqsədə yaxınlaşdırır və cəmiyyətdə yerimiz olduğunu sübut edir. E.Heminquey

Əldə edilməsi mümkün olmayan ali məqsədlər bizə əldə edə biləcəyimiz kiçik məqsədlərdən daha əzizdir. İ.Höte

Tərəqqi məqsəd, ideal isə nümunədir. V.Hüqo

Böyük insanlar öz qarşılarına müəyyən məqsəd qoyurlar, qalan adamlar isə istəklərinə uyğun hərəkət edirlər. V.İrvinq

Adam evdən çıxanda nə edəcəyi barədə fikirləşməli, evə gələndə isə nə etdiyi haqqında düşünməlidir. Kleovul

Uzaqgörən adam hər bir istəyi üçün dəqiq yer ayırmalı və sonra bunları ardıcıl surətdə həyata keçirməyə başlamalıdır. Bizim tamahkarlığımız çox vaxt bu ardıcıllığı pozur və eyni vaxtda bir neçə məqsəd güdməyə sövq edir, nəticədə biz əsas məqsədi nəzərdən qaçırırıq. F.Laroşfuko

Hətta ən astagəl adam da məqsədinin aydınlığını göz önündə saxlayırsa, onun işi məqsədsiz dolaşan adamlardan daha irəli gedir. K.Lessinq

İstədiyini əldə etmək və ondan lazım olduğu kimi bəhrələnmək ağıllı insanın başlıca hədəfidir. H.Makkey

Qarşınızda konkret məqsəd qoymamışsınızsa, heç nəyə nail ola bilməyəcəksiniz. M.Monten

İnsanın həyatda məqsədi özünə əbədi şöhrət qazanmaqda deyil, ömrün hər bir gününü kiçik bir əbədiyyətə çevirməkdədir. A.Morua

Hədəfi vurmaq üçün sərrastlıq deyil, cəsarət tələb olunur. Ş.Monteskyö

İdeal öz şəxsi «MƏN»ini həyata keçirmək deməkdir. C.Mur

İnsan bütün qüvvəsini hərəkətə gətirmək üçün özündən irəlidə onu ilhama gətirə biləcək hansısa nəcib məqsədi qoymalıdır. J.Renan

Məqsədsiz həyat taleyə boyun əyməkdir. N.Saymon

İdeal – yol göstərən ulduzdur. Onsuz dəqiq istiqamət yoxdur, istiqamət olmayanda isə həyat yoxdur.  L.Tolstoy

İnsanın məqsədləri böyüdükcə, özü də böyüyür. F.Şiller

Məqsədsiz və iradəsiz adam sükanı və kompası olmayan gəmiyə bənzəyir: küləyin səmti dəyişdikcə, onun da istiqaməti dəyişir. S.Smayls


Çərşənbə axşamı, 29 İyun 2021 16:23

Ən yaxşı motivə edən kitab

Moskvada, İSP nəşriyyatında rus və ingilis dillərində, eləcə də Bakıda OL nəşriyyatında Azərbaycan dilində yazıçı Əlibala Məhərrəmzadənin “Ev tapşırığı. Uğur düsturunu necə tapmalı” kitabı işıq üzü görmüşdür. Motivasiya ədəbiyyatı sevənlər üçün gözəl töhvə olan, rusca nəşri “Qilyarovski publisisti təqdim edir” seriyasında, ingiliscə nəşri “Beynəlxalq Nabokov mükafatı” seriyasında uzun siyahılara düşən, tanıtım listələrində “Motivasiyaya ehtiyacı olanları uğur və xoşbəxtlik axtarışlarına motivə edən kitab” kimi tərif olunan “Ev tapşırığı”nda uğur qazanmağın vasitələri və yolları, ayrı-ayrı uğur təmrinləri, karyera qurmaq və lider olmağın yolları göstərilir, geniş oxucu kütləsinə hesablanan bu əsərdə həm də ayrı-ayrı məşhur kouşların təlimlərinin qısa konspekti verilir. Bir sözlə, əsl birnəfəsə oxumaq üçün kitab.

Qeyd edək ki, Əlibala Səttar oğlu Məhərrəmzadə 1976-cı ildə Quba şəhərində dünyaya gəlib. İqtisad elmləri doktoru, professordur. Ədəbi yaradıçılığa gənc yaşlarından başlayıb. “Çovdar çörəyi”, “Bakı üçbucağı”, “Ev tapşırığı. Uğur düsturunu tapmalı” kimi əsərləri ilə tanınıb. Azərbaycandan başqa Rusiyada, Ukraynada kitabları çıxıb, “Ev tapşırığı”nın beynəlxalq reputasiyasından başqa“Çovdar çörəyi” də nüfuzlu “Gümüş LiFFt” seriyasından nəşr edilib. “Xocalı soyqırımı” publisistik əsəri isə sərhədləri aşaraq əcnəbi oxucuları 1992-ci il fevralın 26-da erməmi faşizminin törətdiyi misli görünməmiş vəhşiliklər barədə məlumatlandırmaqdadır.

Əlibala Məhərrəmzadə Ukraynanın Müqəddəs Georgi ordeninə, Ukrayna Nazirlər Kabinetinin Fəxri Fərmanına, Rusiyanın Fyodr Dostoyevski medalına layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin Rəsul Rza mükafatçısıdır.

“Ədəbiyyat və incəsənət” portalı bu həftədən etibarən kitabın bir-birindən maraqlı bölmələrini oxucularının ixtiyarına verməyi planlaşdırır.

Həyat dərsini kitablardan almağın əsl vaxtı deyildırmi?

Çərşənbə axşamı, 29 İyun 2021 12:17

Nüfuzlu mükafat başqırd yazıçısına qismət oldu

Rusiyanın paytaxtında – Dövlət Dumasının binasında ədəbiyyat üzrə 5-ci Ümumrusiya LiFFt festivallar festivalının törən mərasimi keçirildi. “Ədəbiyyat və incəsənət” portalı festivalın Təşkilat Komitəsinə istinadən məlumat verir ki, törəndə fərqlənənlərə mükafatları Rusiya Bələdiyyə Akademiyasının prezidenti Aleksandr Ayqistov, Rusiya Millətlər Assambleyasının sədr müavini Nazirjon Abdulqaniev, LiFFt fondunun prezidenti Marqarita Al, “Çingiz Aytmatov adına İssık-Kul Forumunun” icraçı direktoru Assol Moldokmatova təqdim etdilər. Mərasimdə festivalın qızıl medalının Başqırdıstanın xalq yazıçısı Marsel Salimova (Mir Salim) verilməsi böyük çoşqu ilə qarşılandı. Belə ki, hazırda Rusiya satira və yumorunda bu şəxs rəqabətsiz olaraq bir nömrədir. Marsel Salimov estafeti məşhur şair-müğənni, “Əsrarəngiz Moskva gecələri” şlyageri ilə şöhrətlənmiş Viktor Pelyaneqredən qəbul etdi. Daha qiymətlisi isə odur ki, başqırd xalqı türk kökənlidir.

Mərasimə Başqırdıstanın “Samrau” rəqs ansamblının çıxışı xüsusi rəng qatdı, qızıl laureat özü isə ənənəsinə uyğun olaraq bu cür ciddi mərasimdə də yumor ovqatı yaratdı. Qaydalara görə növbəti, 6-cı festival Marselin yaşadığı Ufa şəhərində keçiriləcək, Marsel hamını Ufaya dəvət edib söylədi ki, “Kim bizə sevgi ilə gələrsə super sevgi ilə geri dönəcək. Qaraqabaqlar, yumor hissi olmayanlar isə Ufaya buraxılmayacaq.”

Xatırladaq ki, Birləşmiş Millətlər Təkilatının patronajlığı altında keçirilən, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının layihəsi olan LiFFt festivalı ildə iki dəfə - Ümumrusiya və Ümumavrasiya formatında keçirilir. Materik qalibiyyətini öncəki illərdə rus şairi, Nobel mükafatı nominantı Konstantin Kedrov-Çelışev, dünyaşöhrətli qazax yazıçısı Oljas Süleymenov, azərbaycanlı yazıçı Varis Yolçiyev, habelə məşhur türk şairi Tuğrul Tanyol əldə etmişlər.

Bu ilin oktyabr ayında Avrasiya festivalı Türkiyədə keçiriləcəkdir.

 

Çərşənbə axşamı, 29 İyun 2021 12:14

Kino Azərbaycana necə sərmayə gətirəcək?

Ötən gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycan kino industriyası və ümimən mədəniyyəti üçün əlamətdar bir tədbir keçirildi, Azərbaycan Film Komissiyasının (Filming Azerbaijan) təqdimatı keçirildi. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mərasimdə dövlət və hökumət üzvləri, diplomatik korpus nümayəndələri, habelə ölkəmizdə səfərdə olan Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, habelə Rusiyanın “Lenfilm” kinostudiyasının əməkdaşları iştirak edirdilər.
Tədbirdə giriş sözü ilə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirdi ki, Film Komissiyasını yaratmaqda məqsəd Azərbaycanın kino sənayesinin dünya kinosuna inteqrasiyasını təmin etmək, ölkəmizi kino çəkilişi məkanına çevirməkdir.
Nazir qeyd etdi ki, Azərbaycanın gözəl təbiəti, zəngin tarixi mədəni abidələri, ənənələri və qonaqpərvərliyi var, bundan da bəhrələnmək mümkündür: “Malik olduğumuz nemətlərdən maksimum istifadə edərək, aparıcı xarici kinostudiyaların Azərbaycanda çəkiliş aparmaları üçün film komissiyası platforması yaratmaq niyyətindəyik. Bu da xarici kinostudiyaların Azərbaycana gələrək burada filmlər çəkməsinə imkan yaradacaq. Beləliklə, Azərbaycan tanınacaq, onun turizm potensialı təbliğ olunacaq, həmçinin ölkəmizə sərmayə gələcək və iqtisadi baxımdan çox əlverişli imkanlar yaranacaq.”
Daha sonra nazir söylədi: “Artıq “Netflix” platforması ilə əməkdaşlığımız başlayıb. İnanırıq ki, bu əməkdaşlıq Azərbaycanın kino potensialını dünyaya nümayiş etdirmək üçün yaxşı vasitə olacaq”.
“Lenfilm” kinostudiyasının baş direktoru Fyodor Şerbakov, habelə
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah çıxış edərək bildirdilər ki, kino öz-özlüyündə kitabı, musiqini həm də teatrı əlaqələndirir, kino sahəsini inkişaf etdirmək nəinki insanı, mədəni irsi tapmaqda mühüm rol oynayır, eyni zamanda öz mədəniyyətini dünyaya çatdırmağa kömək edir. Bu səbəbdən də Azərbaycanda gerçəkıəşən bu layihənin təqdirəlayiq olduğunu bildirdilər.
Tədbirdə çıxış edən “Filming Azerbaijan”ın direktoru İlkin Məhəmmədli Qarabağda çəkilən videoçarx haqqında məlumat verdi. Bildirdi ki, quş uçuşundan lentə alınan videoçarx Qarabağın tarixi abidələrini tanıtmağa imkan verəcək. Qeyd etdi ki, yaxın vaxtlarda filming.az saytı da istifadəyə verilib. Dedi ki, “Saytda müxtəlif lokasiyalar və xidmətlər var. Çəkiliş yerini axtaran şəxs bölmələrə daxil olub, istədiyi məkanı kəşf edə bilər.”
Məlumunuz olsun ki, Azərbaycan Film Komissiyası 2021-ci ilin yanvarında Mədəniyyət Nazirliyi tərəfindən ölkədə film çəkilişlərinə dəstək və təşviq məqsədilə yaradılıb. Dünənsə öz fəaliyyət proqramını bəyan edərək ortaya qoydu.

Bu gün İstanbulda “ACE of MICE” adlanan beynəlxalq turizm sərgisi fəaliyyətə başlayıb. Azərbaycan sərgidə milli stendlə təmsil olunur.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, sərginin keçirildiyi İstanbul Konqres Mərkəzində xüsusi bannerlər vasitəsilə Azərbaycanın turizm imkanları ziyarətçilərə nümayiş etdirilir. Buradakı salon, zal və dəhlizlərdə Azərbaycanın turizm potensialını əks etdirən görüntülər əks olunur.
Azərbaycanın təmsil olunduğu stenddə yeni turizm destinasiyası olaraq təqdim olunan Qarabağa xüsusi maraq müşahidə olunub. Milli stendi ziyarət edən İstanbul Ticarət Palatasının rəhbəri Şekib Avdagiç işğaldan azad edilmiş Şuşa şəhərinə Türkiyədə böyük diqqətin olduğunu bildirərək yaxın zamanda buraya səfər edəcəklərini qeyd edib.
Tədbir çərçivəsində təşkil olunmuş ikitərəfli görüşlər zamanı Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Azərbaycan və Türkiyə arasında turizm əlaqələrinin gələcək perspektivlərindən danışıb. Aparat rəhbəri Azərbaycan və Türkiyə əlaqələrinin turizm sahəsi üzrə daha da genişlənəcəyini diqqətə çatdırıb.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid “Pandemiyadan sonra turizm və işgüzar tədbirlər sənayesinin gələcəyi” mövzusunda təşkil olunan panel görüşündə iştirak edib.
Florian Zenqstşmid turizmin pandemiyadan ən çox zərər görən sənaye sahəsi olduğunu qeyd edərək postpandemiya dövründə rəqəbətədavamlı və daha dayanıqlı turizmin inkişaf etdirilməsinin mühümlüyünü vurğulayıb.
Tədbirdə, həmçinin Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva “Limitsiz turizm: turizm potensialının inkişaf etdirilməsində Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın müsbət nəticələri” mövzusunda təşkil olunmuş panel görüşündə təmsil olunub. O, iki qardaş ölkə arasında qarşılıqlı məlumat və təcrübə mübadiləsinin, eləcə də birgə layihələrin həyata keçirilməsinin vacibliyindən danışıb.
Qeyd edək ki, “ACE of MICE” turizm sərgisi 30 iyunadək davam edəcək.
Dünyanın üçüncü ən böyük konqres, toplantı və tədbir sərgisi olan “ACE of MICE” turizm sərgisi 2014-cü ildən etibarən “Türk Hava Yolları” (Turkish Airlines) şirkəti tərəfindən təşkil olunur.
Sayca 8-ci dəfə keçirilən sərginin məqsədi iştirakçı ölkələrə yeni bazarlar və müştərilər qazandırmaqdır. 200 stendin təmsil olunduğu sərgiyə 3 gün ərzində 15 min ziyarətçinin qatılacağı gözlənilir. Sərgidə 11 əsas mövzu üzrə 69 spiker pandemiyadan sonra işgüzar turizm sənayesinin gələcəyinə dair çıxışlar edəcək.
Bir sözlə, turizm mövzusu yenidən aktuallaşacaq.

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun Türkiyə Respublikası mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi və aparılan danışıqlar belə deməyə əsas verir ki, ölkələrimiz daha sıx mədəni əlaqələrdə də maraqlıdır.  
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, sözügedən görüşdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Kino İdarəsinin baş direktoru Erkin Yılmaz, Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Elnur Əliyev, Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov, həmçinin hər iki ölkənin nazirliklərinin məsul şəxsləri iştirak edib.
Qonaqları səmimi salamlayan nazir Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində baş tutan görüşündən söz açıb. Ölkələrimiz arasında strateji səviyyədə inkişaf edən münasibətlərin vəziyyətindən yüksək məmnunluğunu ifadə edən nazir iyunun 15-də dövlət başçıları tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni xüsusilə qeyd edib. Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasının iki ölkə və onların xalqlarının maraq və mənafelərinə xidmət etdiyini vurğulayıb.
Türkiyə ilə mədəniyyət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və müxtəlif istiqamətlər üzrə təcrübə mübadiləsinin aparılmasının vacibliyini diqqətə çatdıran nazir 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbənin həm türk dünyasında, həm də beynəlxalq platformada ən yüksək səviyyədə, eləcə də kino vasitəsilə təbliğində Türkiyə ilə işbirliyinin böyük önəm daşıdığını bildirib.
Səmimi qəbula görə nazirə təşəkkürünü bildirən Türkiyə nümayəndə heyətinin rəhbəri Ahmet Misbah Demircan mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə bu kimi qarşılıqlı səfərlərin əhəmiyyətli töhfə verdiyini deyib. Kino sənayesinin Azərbaycan-Türkiyə mədəni əməkdaşlığının mühüm istiqamətlərindən biri olduğunu vurğulayan nazir müavini bu çərçivədə lazımi dəstəyin göstəriləcəyini qeyd edib. Kino vasitəsilə beynəlxalq arenaya çıxmaq üçün ölkələrimizin yüksək potensiallı hekayə və mövzularının olduğunu, bədii və sənədli filmlərlə yanaşı, animasiya filmlərinin önəmini diqqətə çatdırıb.
Görüş zamanı kino sahəsində Türkiyə ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində tarixi zəfərə və Qarabağa həsr olunan müştərək filmlərin, serialların istehsalı, birgə film festivallarının keçirilməsi, hər iki ölkənin dövlət və özəl kino qurumları və kinematoqrafçıları arasında təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub. Həmçinin, Türkiyə - Azərbaycan müştərək layihəsi olan “Fulya” filmindən söz açılıb və filmin çəkilişlərinə artıq başlanıldığı bildirilib.
Böyük işbirliyi nəzərdə tutulur, biz də özlüyümüzdə uğurlar arzulayırıq.

Bazar ertəsi, 28 İyun 2021 11:06

Bir gecədə üç əfsanə

 

Avropanın musiqi qibləsi hesab edilən Milandakı La Skala teatrında pandemiya fasiləsindən sonra əsl fırtına qopmaqdadır. “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, iyun ayının 17-dən etibarən burada Rikardo Muti tərəfindən idarə olunan Vyana Filarmonik Orkestri alman romantizmi şedevrlərini tamaşaçılara təqdim etməkdədir.

 

Ev salonu Müzikferayn konsert zalı olan Vyana orkestrinin (adətən orada Yeni İl konserti keçirilir) illərdir ki, arzusu Milan musiqi məbədində çıxış etmək idi, budur, arzularına çatdılar.

 

 

 

Konsertlər zamanı tamaşaçılar həm çalğı alətlərini sehirkarcasına səsləndirən musiqiçiləri, həm də əlində dirijor çubuğu olan, tibbi maskasını belə çıxarmayan 80 yaşlı dirijoru alqışlayırlar. Bu, Rikardo Mutidir. 2021-ci il Rikardo Muti üçün xüsusi ildir, onun Vyana Filarmoniyasına (1971-ci ildə Zalsburq Festivalında ilk dəfə o, bədii rəhbər kimi debüt etmişdi) rəhbərliyinin 50 illiyi bu il tamam olur, iyulun sonunda Muti öz 80 illik yubileyini də qeyd edəcək. Elə əslində qocaman musiqiçini öz dəstəsi ilə La Skalaya məhz yubileylərə görə dəvət ediblər, axı bu mötəbər səhnədə ən virtuoz musiqiçilərə belə çıxış etmək həmişə qismət olmur.

 

 

 

“Mən onu bir səbəbdən bu konsertin dirijoru olmağa dəvət etdim: onu yenidən Opera Teatrında xoşbəxt görmək istəyirdim”. Bu sözlər Dominik Meyerindir,  La Skalanın direktorunun.

 

Mendelson, Şuman, Brams! Bu konsertlər üçün Muti sırf alman proqramı seçib, orkestr bu dünyaşöhrətli bəstəkarlardan əsərlər ifa etməkdədir. Orkestrin baş meneceri Mikael Broderer isə söyləyir:

 

-Mən La Skalada daha çox italyan musiqisi səsləndirəcəyimizi gözləyirdim, amma Muti alman musiqisinə qərar verdi. Və bu, sadəcə təəccüblüdür, çünki alman musiqisi bizim orkestrin adi repertuarıdır. La Skalada ifa etdiyimiz Bramsın 2-ci simfoniyasının premyerası məhz 30 dekabr 1877-ci ildə Vyana Filarmoniyasında keçirilib. Bu musiqi əsərləri orkestrimizin bir hissəsidir.

 

Mixail Bladererin sözlərinə görə, Mutinin proqramında "Elə məqamlar olur ki, sanki adamın dərisi ilə qarışqalar qaçır. Şumanın Simfoniyasında 3-cü və 4-cü hissələr arasında keçid var. Mənim üçün bu keçid, əlbəttə ki, bütün musiqi tarixində mövcud olan ən romantik bir parçadır. Mən həmişə bu anı səbirsizliklə gözləyirəm, çünki o, o  qədər inanılmazdır, möhtəşəmdir ki və onu burada oynamaq imkanı əsil bir imtiyazdır, xoşbəxtlikdir".

 

80 yaşlı Mutinin də elə istədiyi məhz bu deyilmi? İtalyanlara adət etdikləri italyan musiqisini verməkdənsə elə alman musiqisi ilə onları təəccübləndirmək məgər azdır?

 

Yeri gəlmişkən, material hazırladıqdan sonra “Ədəbiyyat və incəsənət” portalı komandası olaraq Şumanın sözügedən Simfoniyasındakı həmin keçidi dinlədik. Söz tapıb demək belə mümkünsüzdür.

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.