Tanınmış teatrşünas və dramaturq Çingiz Ələsgərlinin Xalq artisti Cəfər Namiq Kamalın 70 illiyinə həsr olunmuş “Tale yazısı” kitabı “Apostrof-A” nəşriyyatında çap olunub.
AzərTAC xəbər verir ki, kitabın redaktoru ssenarist və dramaturq Əhməd Orucoğlu, naşiri isə Akif Dənzizadədir. 304 səhifəlik kitabda Xalq artisti Cəfər Namiq Kamalın Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrlarının hər birində əsrin dörddə biri qədər davam etmiş maraqlı və zəngin yaradıcılığı ətraflı şəkildə araşdırılıb.
Kitabda maraqlı başlıqlar altında aktyorun bu gün də uğurla davam etdirilən zəngin yaradıcılıq təcrübələri, yaratdığı və ya müxtəlif səbəblərdən yaratmadığı obrazlar haqqında düşüncələri, mülahizələri, arzuları, başına gələn məzəli hadisələr, haqqında müxtəlif qəzetlərdə çap olunmuş resenziyalardan parçalar, fotolar və xatirələr toplanıb.
Kitabın sonunda “Cəfər Namiq haqqında deyilənlər” bölümündə sənətkarın sənətkar qardaşı, “Şöhrət” ordenli, Xalq artisti, professor İlham Namiq Kamalın, Xalq yazıçısı, dramaturq Elçinin, Xalq artisti, rejissor Ramiz Həsənoğlunun, Xalq artisti Bəsti Cəfərovanın, ssenarist, rejissor Şərif Qurbanəliyevin, ssenarist, dramaturq Əhməd Orucoğlunun aktyor haqqında fikir və arzuları yer alıb.
Kitabın geniş oxucu kütləsi, həmçinin aktyorluq, rejissorluq və teatrşünaslıq sahələri üzrə təhsil alan tələbələr üçün maraqlı olacağına əminik.
Çingiz Ələsgərlinin “Tale yazısı” kitabının təqdimat mərasimi yanvarın 17-də Bakı Kitab Mərkəzində keçiriləcək.