Super User
M.Teatrın yeni məkanda premyerası olacaq
İyunun 19-da yeni məkanda - Tbilisi prospekti, 76 ünvanında, “Qanun” nəşriyyatı yerləşən binanın 3-cü mərtəbəsində M.Teatr rejissor Oktay Mehdiyevin quruluşunda “Vidalaşmadan getməyin” tamaşasının premyerasını oynayacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşanın səhnələşdiricisi Vidadi Həsənov, bəstəkar Vüqar Məmmədzadə, rəssam Ülkər Əliyeva, səhnə plastikası yönətməni Mikayıl Mikayılov, rejissor köməkçisi Səbinə Süleymanovadır.
“Bəlkə mən heç yaşamamışam?!” kimi sirli çağırışla nümayiş etdiriləcək tamaşa saat 18.00-də başlayacaq.
Biletləri i ticket.az saytından əldə etmək mümkündür.
Mədəniyyət naziri Anar Kərimov Beyləqanda vətəndaşlarla görüşüb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə əlaqədar müvafiq addımlar atılır.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, 2022-ci ilin iyun ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyunun 16-da Beyləqan rayon Heydər Əliyev Mərkəzində Beyləqan, Füzuli və Xocavənd rayonlarının sakinləri ilə görüşüb.
Qəbuldan öncə mədəniyyət naziri Anar Kərimov və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Nazir Anar Kərimov 2012-ci ildə rəsmi açılışı olan Beyləqan rayon Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, ulu öndərin həyatının və dövlətçilik fəaliyyətinin fərqli dövrlərini əks etdirən materiallar, şəkillər, tarixi sənədlər, eksponatlar, o cümlədən müxtəlif illərdə Beyləqana səfərləri ilə bağlı fotolara baxış keçirib. Nazirə məlumat verilib ki, ümummilli liderin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan mərkəzdə rəsm studiyası, internet otağı, xarici dil kursu, həmçinin akt, konfrans və ekspozisiya zalları mövcuddur.
Daha sonra Heydər Əliyev Mərkəzində nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib. Beyləqan, Füzuli və Xocavənd rayonlarından olan sakinlərin müraciətləri əsasən işlə təmin olunma, kitabxana sahəsində fəaliyyətin təkmilləşdirilməsi, kitab nəşrinə köməklik göstərilməsi, iş yerinin dəyişdirilməsi və digər məsələləri əhatə edib.
Anar Kərimov vətəndaşların ayrı-ayrı məsələlərlə bağlı müraciət və təkliflərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Azərbaycanda Rəsul Həmzətovun yubileyi qeyd olunacaq
Gələn il Rusiya ilə bərabər Monqolustan, Qırğızıstan, Belarus və o cümlədən də Azərbaycanda Xalq şairi, Dağıstan əsilli Rəsul Həmzətovun anadan olmasının 100 illiyi münasibətilə tədbirlərin keçirilməsi planlaşdırılır. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı TASS Agentliyinə istinadən məlumat verir. Agentlik şairin qızı Salixat Rəsulovaya istinad edib. 100 illik yubiley 2023-cü ilin 23 sentyabrına təsadüf edəcək.
“Rəsul Həmzətovun şeirlərinə yazılmış mahnının ən yaxşı ifasına görə Monqolustan nümayəndəliyinin bazasında hər il “Bizim mahnı” ifaçılarının televiziya müsabiqəsi keçiriləcək. Bişkekdə Rəsul Həmzətovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Şimali Qafqaz xalqlarının mədəniyyəti” festivalı, Qırğızıstanda “Durnalar” hərbi-vətənpərvərlik mahnısı gənclər festivalı, Azərbaycanda və Belarus Respublikasında mədəni-maarif tədbirlərinin keçirilməsi planlaşdırılır”, - deyə Rəsulova bildirib.
Onun sözlərinə görə, bu il həmçinin Tehranın Əllamə Təbatəbai adına İran Universitetinin ərazisində şairin büstünün qoyulması planlaşdırılır.
Həmzətovun qızının qeyd etdiyi kimi, Rusiyada bayram çərçivəsində festivalların, konsertlərin, sərgilərin, teatr tamaşalarının, elmi konfransların və ədəbi gecələrin də keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, avar xalqının böyük oğlu olan Rəsul Həmzətov Səməd Vurğun, Çingiz Aytmatov, Oljas Süleymenovla birgə SSRİ-nin “Qızıl yazarlar” pleadasına üzv olan tək-tük müsəlman yazarlardan sayılır.
Anar Kərimov: “Vətən müharibəsi ilə bağlı çoxseriyalı filmin çəkilişinə başlanılıb”
“İşğaldan azad edilən Azərbaycan ərazilərində mədəni irsin yenidən bərqərar olunmasında dövlətimiz tərəfindən sistemli tədbirlər həyata keçirilir.”
Bunu Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan beynəlxalq konfransda çıxışında söyləyib.
Nazir bu prosesə qardaş Türkiyənin də dəstək göstərdiyini diqqətə çatdırıb. A.Kərimov qeyd edib ki, Şuşa şəhərinin 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi də türk xalqlarının qədim şəhərimizə verdiyi dəyərin ifadəsidir.
Kino sahəsində də Azərbaycanla Türkiyənin fəal əməkdaşlığa başladığını deyən nazir söyləyib ki, Vətən müharibəsi ilə bağlı çoxseriyalı filmin çəkilişinə başlanılıb. Həmin filmin bu ilin sonuna tamamlanması nəzərdə tutulur.
Digər tədbirlər haqqında da məlumat verən A.Kərimov iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyini əminliklə ifadə edib.
Tərcümə Mərkəzinin layihəsində bu dəfə Svetlana Turan
Avstriyanın “Gedichtesammlung.net” ədəbiyyat portalında Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc istedadlı yazıçı Svetlana Turanın alman dilinə tərcümə olunmuş “Günəşin insanları” hekayəsi yerləşdirilib.
Azərbaycan Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin alman dilinə tərcümə müəllifi – Mərkəzin alman dili üzrə mütəxəssisi Məryəm Səmədova, bədii tərcümə redaktoru Avstriyanın tanınmış filoloqu Andreas Kriberdir.
Qeyd edək ki, 2006-cı ildən fəaliyyət göstərən portal, dünyanın müxtəlif ölkələrində yazıb-yaradan gənc, istedadlı müəlliflərin yaradıcılığını işıqlandırır.
Nazim Hikmətə “Zdravstvuyte!”- dedi, o isə “Salam”- deyə cavab verdi
Türkçülük və turançılıq ideyaları, Böyük Türk Birliyi türkdilli xalqların aydınlığa və inkişafa gedən baş yoludur. Türk dünyasının bir parçası da Saxa-Yakut Respublikasında yaşayan yakutlardır. Yakut poeziyasının anası hesab edilən Natalya Xarlampyevanın “Ədəbiyyat və incəsənət” portalına müsahibəsini diqqətinizə çatdırırıq. Olduqca maraqlı müsahibəni Aida Eyvazlı aparır.
Natalya Xarlampyeva İvanovna 1952-ci ildə Yakutiyanın Manqan aymakında doğulub. Yakutiya Dövlət Universitetinin tarix-filologiya fakultəsini bitirib. 1975-ci ildən yazıları və şerləri dövrü mətbuatda dərc olunur. 15 şer kitabının, 20- dən çox nəsr əsərinin müəllifidir. Ədəbi yaradıcılığına görə Qazaxıstan Respublikasının “Alaş” mükafatına, Rusiya Yazıçılar İttifaqının A.Tvardovskiy adına mükafatına, RF-nin Mədəniyyət nazirliyinin M.Şoloxov adına mükafatına, RF-nin əməkdar mədəniyyət işçisi fəxri adına, 2002-ci ildə Yakutiyanın xalq şairi fəxri adına, Puşkin medalına, 2021-ci ildə Platon Oyunski adına Dövlət Mükafatına layiq görülüb.
…Bakıya ilk gəlişində demişdi ki, məni I Türkoloji Qurultayın keçirildiyi məbədə aparın. XIX əsrdə İstiqlaliyyət küçəsindəki Musa Nağıyevin oğlu İsmayılın xatirəsinə tikdirdiyi “İsmaliyyə” binasını deyirdi. Bu bina tikildiyi günlərdən həm faciələrimizin, həm sevinclərimizin, o qədər olub-keçən hadisələrimizin şahidi olmuşdu ki... Həmin gün AMEA Rəyasət Heyətinin yerləşdiyi möhtəşəm və tarixi binaya Natalya Xarlampyeva sevinclə daxil oldu. Onu iknci mərtəbədə yerləşən konfrans zalına apardıq. Əllərini divarlara çəkdi, qotika üslubundakı naxışlara toxundu... Bir getdi, bir gəldi... Otağı addımları ilə ölçürdü. Oturacaqların arasında dayandı. Divarlarla, tavanla danışdı... Gözlərində muncuq-muncuq yaş gilələndi...
Otaqda tam bir səssizlik hökm sürürdü... Mən onu anlayırdım... Nədən ağladığını bilirdim... O, 1925-ci ilin dekabrında Yakutskdan yola çıxaraq Bakıya gələnləri- yakut əlifbasının müəllifi, siyasi xadim İsidor Baraxov, Anempodist Sofronov- Almapa, şair türkoloq, dramaturq Aleksey İvanov- Künde, dilçi, şair və nümayəndə heyətinin rəhbəri Aleksey Kulakovskiy Eksekülyaxı yad edirdi, onlar Bakıya türkoloji qurultayda iştirak etmək üçün yola çıxmışdılar. Özlərini görməsə də onları bu müqəddəs ocağın içərisində təsəvvür edirdi. Yakutiyanın və türk dünyasının bu dahi oğulları 2 aya atla İrkutska gəlib çıxırlar, İrkutskdan isə qatarla Moskvaya çatırlar. Moskvada nümayəndə heyətinin rəhbəri Aleksey Kulakovskiy ağır xəstələnir. Üç nəfər böyük yakut oğlu isə yola davam edib fevral ayında Bakıda keçirilən I Türkoloji Qurultaya yetişirlər. Türk dünyasının aydınları bu ocaqda ona görə toplaşırlar ki, ortaq türk dili yaransın. Ortaq türk dili yaransaydı, dünyada türk ədalətinin və türk həqiqətinin bərpası baş verəcəkdi...
İndi Yakutiyanın xalq şairi, Yazıçılar İttifaqının sədri, türk dünyasının “Dilbər xatını” Natalya Xarlampyeva o ağrılarını göz yaşlarına çevirib, bu otaqda dolanan ruhlarla danışırdı. 1926-cı ildən sonra türkçülük ideyalarına görə amansız terrorlara məruz qalan türk oğullarını arayırdı...
2019-cu il avqust ayının sonlarında başlanan ilk tanışlığımıza baxmayaraq, bu iki gün ərzində elə bil ki, onu yüz ildir ki tanıyırdım. Ruhum ruhuna qovuşmuşdu. Bu qadın həmin gün məni gördüyündə “Bizim Platon Oyunskini tərcümə edən Aida”- deyib bağrına basmış, yenə kövrəlmişdi. Bədənim uçunmuşdu. O qonağı tanıdığm günü isə Tanrıdan ömrümə yazılan bir şans saydım. Göründüyündən də böyük, özü haqqında yazılanlar, özünün yazdıqları qədər böyük bir TÜRK XANIMIDIR!
Saxa yakutları hörmət etdikləri qadınlara “Dolbar xatun” deyərlər. Yəni Dilbər xatın!
Saxa Yakut ölkəsinin bu günə qədər gəlib yetişməsində, tarixin səhifəsindən silinməməsində həm də ötəniki əsrin qovuşağında yaşayıb-yaratmış ictimai siyasi xadimlərinin, ədəbiyyatçıların rolu böyükdür. Bu gün saxa xalqının həyatında bütün yeniliklərin və inkişafın gövhərində ədəbiyyatın, ədəbi imzaların böyük rolu olduğu danılmazdır. Natalya xanım da həmin ədiblərin yaratdığı bulağın gözündən su içib, durulanmış Dilbər xatındır!
Yazımın əvvəlində qeyd etdiyim kimi, Natalya Xarlampyeva tək-tək doğulan şəxsiyyətlərdəndir ki, öz ustadını unutmayıb, ondan aldığı dərsləri bu günə qədər özünə məqsəd, yol sayır. O, ustadının haqqında yazdığı “Məşhur İnsanların həyatı” seriyasından “Semyon Danilov” kitabı ilə Saxa Yakutiya Respublikasının xalq şairi Semyon Danilov şəxsiyyətinin böyüklüyünü onu tanıyan insanların xatirələri əsasında əbədiləşdirib, Semyon Danilovun gündəliklərini, yazılarını vərəq-vərəq araşdırıb və gözəl bir kitab ərsəyə gətirib.
Ədəbiyyatçılarımız, Natalya Xarlampyevanı tanımaq istəyən oxucularımız üçün maraqlı olar deyə, həmin xatirələrin bəzilərini bu yazıda qeyd etməyim yerinə düşər:
“ ... Semyin Petroviç istedadı olan, bütün gənclərə şərait yaradırdı, mərhəmət göstərirdi, kömək edirdi, yol açırdı, onlara meydan verirdi. Lakin onların içərisində özünə, içəri dünyasına ən yaxın buraxdığı gənc Nikolay Luginov idi. Mən və Nikolay Luginov də onun evinə gedib gəlirdik. 1977-78-ci illər idi. Diplom işimin mövzusu Semyon Danilov yaradıcılığı və poeziyası idi. Buna görə də bəzi sualların cavabını tapmaq üçün onunla görüşmək şansım olurdu. Məni həmişə hörmətlə qarşılayırdı. İş otağına dəvət edirdi. Suallarımı cavablandırdıqdan sonra evimiz, ailəmiz, dolanışığımız haqqında soruşurdu. Anamın pensiyaçı, qardaşımın məktəbli, mənim isə tələbə olmağım ağır həyat tərzimizin göstəricisi idi. O çalışırdı ki, çətinliyi olan bütün gənclər kimi, bizim ailəyə də əlindən gələn köməyi etsin...
Mən isə ondan ancaq poeziyası, yaratdığı ədəbiyyat haqqında eşitmək istəyirdim. Onunla hər görüşümüzdən sonra ürəyim yeni yaradıcılıq eşqi ilə, həvəslə, sevinclə dolurdu. Onunla hər görüşümüz sanki həyata baxışımı dəyişdirirdi. Tanrı onu BÖYÜK olmaq üçün yaradıbmış. Və ustadımın həyatını yazmağa başlayarkən, gündəliyində özüm haqqında bu sətirləri oxudum: “Bəzən sonuncu nəfəsini yaşayan bir xalqın ölüm anında yenidən doğuluşunu görürsən. Sanki xalqın ruhu yenidən doğulur, güc tapıb dirilir, bundan sonra yeni istedadları və əsararəngiz övladları doğulur... Mən bu nəticəyə Natalya Xarlampyevanın şerlərini oxuduqdan sonra gəldim. Bu şerlər bir xalqın öz ruhunu, mənəviyyatını qorumaq üçün necə mübarizə aparmasının simvoludur. Onun şeirlərini oxuduqda bir daha əmin olursan ki, bu xalq özünü yox olmaqdan qurtarıb, yenidən var olmağa vadar edib. Belə istedadlar xalqı yaşatmaq üçün doğulur...”.
Daha sonra yazır: “Natalya Xarlampyeva böyük istedaddır. Əgər Tanrının ona verdiyi bu mükafatı qoruya bilsə, istedadının arxasınca getsə, sözsüz ki, ondan böyük şair olacaq. Özümə söz verirəm ki, bundan sonra, onun qələmə aldığı bütün yazıları böyük həvəslə, həyəcanla, maraqla oxuyacağam... Mən bu gün bir şair kimi Natalyadan başqa heç kimə qibtə etmirəm...”.
Natalya Xarlampyeva yazır ki, həmin illərdə, Semyon Petroviç mənim şerlərimi və şəklimi istədi. Mən onun bu tapşırığına elə də əhəmiyyət verməyərək, həmin yazıları ona verdim. Lakin günlərin bir günündə “Literaturnaya Rossiya” qəzetində rus dilinə tərcümə olunaraq çıxan şerlərimi və şəklimi görəndə heyrətə gəldim. Qəzetdə şerlərimi rus dilində çıxdığından sonra məndən fikrimi soruşanda, gözlərimin yaşardığını görmüşdü. İllər keçəndən sonra mən onun gündəliyində həmin gün haqqında oxudum. Yazırdı: “ Bəzən eyni sevincin yaratdığı emosiyaları insanlar eyni yaşayırlar. Axı mən də, ilk şerlərimin rus dilində çap olunmuş tərcüməsini görəndə, elə onun kimi ağlamsınmışdım...”.
Sonra “Molodaya qvardiya” nəşriyyatında “Gənc səslər” seriyasından şer kitabım çap olundu. Bir dəfə isə, 1993-cü ilin isti avqust günlərinin birində mənə xəbər gəldi ki, Sergelidəki bağ evində Semyon Danilov məni gözləyir. İsti yay günü idi. Mən də universiteti yenicə bitirmişdim. Özümə iş yeri tapa bilmirdim. Qəzetdə işləmək istəyirdim. Ciddi-cəhdlə iş axtarırdım. Bağ evinin darvazasından içəri keçəndə gördüm ki, o kreslosunda oturub kitab oxuyur. Həmin gün çox söhbət etdik. Mənim iş axtarmaq problemimdən, güzəranımızdan, yeni imzalardan, yakut poeziyasından, məşhur şairlərdən danışdıq. Və heç vaxt unutmayacağım bir fikri dedi: “Elə bir an yetişir ki, jurnalistika şairliyə mane olur. Çünki bu sənət yazıçılığa daha yaxındır...”.
O zaman gənc idim. Bu fikrə elə böyük əhəmiyyət vermədim. Sonra məndən hansı yakut şairini sevdiyimi soruşdu. Sözüm dilimin ücünü göynətdi. Deyə bilmədim ki, mənim ən çox sevdiyim şair sizsiniz. Axı mən həqiqətən də ilk yakut şerini onun kitabında oxuyub, şerin dilə və ürəyə necə yatımlı olduğunu hələ uşaq ikən onun şerlərindən öyrənmişdim. Axı, mən yakut dilində şer yazmağı onun şerlərindən öyrəndim. Kaş ki, həmin günü ustadımdan, müəllimimdən utanmasaydım... O məni darvazaya qədər yola saldı. Sonra darvazaya söykənib arxamca baxa-baxa qaldı... Bu bizim son görüşümüz oldu... Bu görüşdən bir neçə ay sonra, artıq Semyon Danilov dünyada olmayanda mən bütün tribunalardan onu nə qədər sevdiyimi hər kəsə bəyan etdim... O mənim müəllimim, sevimli şairim, mənə xeyir-dua verən Bilgəm idi...
Semyon Danilov bizim dövrümüzün uşaqlarına və yaradıcı gənclərinə qorxusuz yaşamağı və yazmağı öyrətdi, bizə yakut ədəbiyyatının haradan başlanğıc götürdüyü mənbəni göstərdi... Biz onun göstərdiyi yollarla gələndə gördük ki, yakut ədəbiyyatçılarının yoluna heç vaxt qızılgüllər səpələnməyib, tikanlarla dolu imiş bu yol...Bizim ədiblərimiz öz əsərləri ilə bu yollarda qızılgüllər əkiblər... Biz bu yolu sona qədər gedəcəyik, bizdən sonrakılara əmanət edəcəyik.”
-Və həmin o doxsanıncı illərdə, böyük yazıçını itirəndən sonra, heç vaxt ağlınıza da gəlməzdi ki, nə vaxtsa, özünüz onun oturduğu kabinetdə oturacaq, ideyalarının yayılıb və qorunmasında ən birincilərdən olacaqsınız. Və hətta böyük yazıçının doğulduğu kənddə onun ev muzeyinin açılışına nail olacaqsınız.
- Semyon Danilov ona görə böyükdür ki, o klassiklərimizin, unudulub itə biləcək adlarımızın, ədəbiyyatımızın özümüzə qaytarılmasında böyük rol oynadı. Uzun on illər bizdən gizlədilən Platon Oyunskinin, Ammosovun, Alampanın, Kulakovskinin... əsərlərini rus dilinə, digər dillərə tərcümə etdirdi, öz dilimzdə çapına nail oldu, onların irsini xalqımıza yenidən qaytardı. Bu da bir bəxt işidir. Mənə xeyir-dua verdi. Onun bulağından, onun əlindən su içmişəm. O bizim hamımızın BİLGƏsi idi. Ona görə də onun adını və ideyalarını qoruyub yaşatmağa borclu idim. 3 il bundan əvvəl onun doğulduğu kənddə ev muzeyinin açılışını etdik. Yakutsk şəhərinin mərkəzində onun abidə kompleksini ucaltdıq. Bu, mənim müəllimimə olan borcumun bir damlası idi. İndi o muzey bütün insanların ziyarət etdiyi məkandır. Nə qədər ki, bu muzey var, Semyon Danilov və onun qardaşı Safron Danilov yaşayacaqlar. İndi mən də onun kimi, istedadlarımıza qayğı göstərirəm, yol açıram, imkan yaradıram. Yelizavetta Miqalkina, Rüstəm Kajenin, Qavril Andros, Agrofina Kuzmina... bizim belə gənclərimizdəndir. Ədəbiyyat oxunmalıdır. Semyon Danilov bizim ədəbiyyata tərcümə mədəniyyətini gətirdi. Biz bir -birimizi oxumayanda bir-birimizdən ayırılırıq, bu bizim bir xalq kimi bir-birimizdən ayrılmaq təhlükəsini böyüdür. Tərcümə həm də ölkənin təhlükəsizliyinə xidmət edir.
-Sizin Semyon Danilov haqqında kitabınızda həm də onun Nazim Hikmət haqqında xatirələrinə yer verilib. Orada yazırsınız ki:
“... Semyon Petroviç bilirdi ki, türk şairi Nazim Hikmət Peredelkinoda yaşayır. Onunla görüşməyi və danışmağı arzulayırdı. Özünün tələbə yoldaşlarından onu kimin görüb -görmədiyini soruşur, barəsində məlumatlar toplayırdı. Onunla görüşənlərə həsəd aparırdı. Nazim Hikmətlə görüş həsrəti ilə yaşayırdı... Bir dəfə... 1956-cı ilin yayında yeməkxanadan qayıdarkən Semyon Danilov Nazim Hikmətin tatar tələbələrin əhatəsində dayandığını gördü. Nə haqdasa qızğın söhbət gedirdi. Danilov yazır: “Özümdən asılı olmayaraq, uça-uça, sürətlə ona yaxınlaşdım və “Zdravstvuyte!”-dedim. O isə “Salam”- deyə cavab verdi. Bu ucaboylu, gözəl qamətli kişi məni çiyinlərimdən qucaqlayıb, bağrına basdı. Sonra biz qoşa addımladıq, yol ilə getməyə başladıq. Yol boyu biz onunla elə söhbət edirdik ki, elə bil ki, yüz ildir bir-birimizi tanıyırıq. Çəkinmədən, açıq, səmimi söhbət edirdik. O - Nazim Hikmət, dövrümüzün ən işıqlı və böyük adamı, mənimlə danışır, bir sadə yakut oğlu ilə... Və mən bu böyüklüyün qarşısında onunla söhbət edirəm, ondan nəsə soruşuram, onun suallarını cavablandırıram. Böyük adamlar hər sahədə böyük olurlar”.
Nazim Hikmət uzun illər sürgünlərdə yaşadı, o Vətəni üçün çox darıxırdı, o türk dili, türkcə danışıq üçün darıxırdı, o türk millətindən olan insanlarla görüşəndə sevinirdi. Türkdilli insanlarla doğma dildə danışanda səsi cingildəyirdi, onun danışığındakı sözlərin hamısı bizə doğma və tanış idi. Hazim Hikmət deyirdi:
- Bilirsən, türkdilli xalqları amansız mürtəce quruluşunun acı taleyi bir-birindən ayrı salıb. Bu ayrılıqdan sonra insanlarımız öz ana dilini, öz adətlərini unutmayıblar. Məgər bu gözəl deyilmi, dünyanın hər yerində qızmar günəşə hamımız “Gün” deyirik! Dünyanın axırında yaşayan yakut da, günəşə “gün” deyir, Şimal buzlu okeanın yanında yaşayan xalqlarımız da günəşə “Gün” deyirlər. Bu möcüzə deyilmi!?”.
Nazim Hikmət Semyon Danilovu türk xalqının oğlu kimi qəbul etmişdi. Semyon Danilov isə öz xatirələrində qeyd edirdi ki, onun əsərlərini oxuyub, “Məhəbbət əfsanəsi” tamaşasına baxıb. Nazim Hikmət ondan soruşub ki, “Qəribə adam” tamaşasını görübmü? “Yox” cavabını alanda, ona məsləhət edib ki, bu tamaşaya mütləq baxmalıdır. Çünki bu əsəri özünün Moskvada səhnəyə qoyulmuş ən uğurlu tamaşası sayır. Sonra isə belə bir sual verib: “Sizin inkişafınız nə yerdədir? Bu ağır illər sizin üçün necə keçib?” Semyon Petroviç ona yakut ədəbiyyatının əsasını qoyan üç böyük şəxsiyyətin partiya xətti ilə siyahıdan silindiyini deyəndə Hazim Hikmətin eynəyinin altında göz yaşlarının axdığını görüb...
-Faciədir... Hər yer faciədir... Yanlışları düzəltmək lazımdır, mübarizə gərəkdir... Mərkəzi Komitəyə məktub yazın, - deyib.
-Belə məktublar baxılmaq üçün yenidən vilayət komitəsinin üstünə göndərilir_- deyə cavab verib Semyon Petroviç.
Həmin gün onlar yarım gün birlikdə söhbət ediblər.
... Nazim Hikmət Fadeyevdən bəhs edərkən, onun çox həssas insan olduğunu deyib. Mayakovski və Yeseninlə şəxsən tanış olub. Onlarla mütəmadi görüşüb. Onların vaxtsız ölümlərinin səbəbini isə həyatlarında olan çatışmazlıqlarda, problemlərdə, sistemin ağırlığınd , gərilən əsəblərində gördüyünü deyib. Yakutiyadan söz düşəndə isə, bu diyara səfər etmək istədiyini, bu yurdları görmək istədiyini deyib. Lakin səhhəti imkan vermədiyindən bu səfərə çıxa bilməməsi üçün narahatlığını dilə gətirib. Danilov isə ona deyib ki, əgər Nazim Hikmət Yakutiyaya gəlsəydi, yakut xalqı onu öz oğlu kimi qarşılayardı. Daha sonra yenə də yakut xalqının sistemin qəzəbinə gələn üç böyük klassik yazıçısı haqqında söhbəti davam etdiriblər. Nazim Hikmət bir daha təkidlə deyib: “Mübariizə aparın, qorxmayın. Həqiqət uğrunda mübarizə aparan adam, heç bir çətinlikdən qorxmamalıdır”. Nazim Hikmətin bu sözləri iki türk şairi arasında ən böyük başlanğıc olub.
Bu söhbət sonralar Semyon Petroviç Danilovun bütün həyatını dəyişib. Bu iki türk şairini bir-birinə yaxınlaşdıran kökləri, bağları idi. Danilov bu söhbətdən sonra, birmənalı şəkildə belə qərara gəlib ki, ədəbiyyat irsi üçün mübarizə etmək mütləqdir və çox lazımlı bir işdir. Bundan sonra o, öz böyük missiyasına- yakut ədəbiyyatı klassiklərinin adlarının doğma xalqına tanıdılması və əbədiləşdirilməsi üçün mübarizəyə başlayıb.”.
-Bakıya ilk gəlişinizdə 1926-cı ildə I Türkoloji Qurultayı keçirilən zalda süzülən göz yaşlarınızı xatırlayıram...
(Davamını növbəti gün dərc ediləcək)
“Mədəni yenilənmə” layihəsində bu gün sənədli kino və teatr mövzuları müzakirəyə çıxarılacaq
Mədəniyyət Nazirliyinin və YARAT Müasir İncəsənət Məkanının birgə layihəsi olan “Mədəni yenilənmə” layihəsi davam edir. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün və sabah - iyunun 16-17-də gerçəkləşəcək layihənin qonağı teatr və kino aktyoru, rejissor, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Əməkdar artisti Timur Bədəlbəyli olacaq.
Görüş çərçivəsində “Böyük mistifikasiyalar” sənədli filmlər silsiləsinin bir buraxılışı nümayiş olunacaq, müzakirəsi aparılacaq.
YARAT Müasir İncəsənət Mərkəzində reallaşacaq tədbirdə, həmçinin “Müəllif teatrı” mövzusu və postmodern teatrın perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq.
“Azərkitab” da rənglər dil açmışdı…
Ötən gün “Azərkitab" Kitab Təbliğatı Mərkəzində Milli Qurtuluş gününə həsr olunmuş, Gülnarə Məmmədovaya aid olan "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" adlı sərgi-tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgidə millət vəkili Vüqar İsgəndərov, Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Hüseyn Altınalan, rəssamlar və media nümayəndələri iştirak ediblər.
“Azərkitab”ın layihə rəhbəri: Elnurə İsgəndərova, təşkilatçı Aygün İsgəndərovadır.
"Azərkitab"ın yeni ünvanını xatırladırıq: Nərimanov rayonu, A.Salamzadə küç 65B (Gənclik metrosundan Ayna Sultanova istiqamətində gedən yolda yerləşən Zivella mebel evinin arxası, Ukrayna ticarət evinin inzibati binası)
Əlaqə: 050 260-90-20, 050 661-11-33
Xalq şairi Hüseyn Arif 98-ci ildönümündə anılıb
Ötən gün Xalq şairi Hüseyn Arifin anadan olmasının 98-ci ildönümü tamam olub. “Ədəbiyyat və incəsənət” portalı “Qazax” Xeyriyyə İctimai Birliyinin mətbuat katibi Səbinə Yusifə istinadən xəbər verir ki, bu münasibətlə Bakıda və mərhum şairin ana vətəni Ağstafada silsilə tədbirlər keçirilib.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Xalq şairini. Ağstafa şəhər qəbirstanlığında yerləşən məzarı ziyarət edilib. Şairin məzarına əklil, tər qərənfillər qoyulub. Eləcə də Hüseyn Arifin doğmalarının, dünyadan vaxtsız köçmüş oğlu Arifin məzarı üstünə tər qərənfillər qoyulub.
Anım tədbirində qazilər, veteranlar, ağsaqqallar, Xalq artisti Tariyel Qasımov, BDU-nun Qazax filialının professoru Hüseyn Xəlilov, AYB-nin Qazax Bölməsinin sədri Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, BDU-nun Qazax filialının müəllimi, Professor Valeh Nəsibli, BDU-nun Qazax filialının müəllimi, şair Mustafa Rasimoğlu, Mediaxeberleri.Az İnformasiya Portalının rəhbəri Ələddin Kəsəmənli, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Ağstafa filialının sədri Ceyhun Əliyev, Ağstafa Gənclər və İdman İdarəsinin baş mütəxəssisi Turan Biləndəroğlu, Ağstafa Rəsm qalareyasının müdiri Gülgün Kərimov, şair Aydın Tağızadə, Əfqanıstan Veteranları İB-nin Ağstafa filialının sədri Mirzahid Hacıyev, AVMVQ İB-nin Ağstafa rayon filialının sədr müavini Ədalət Şükürov iştirak ediblər.
Tədbir iştirakçıları Hüseyn Arifin yaradıcılığından, onun el-obaya, Vətənə olan sevgisindən söz açıblar.
"Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov telefonla əlaqə saxlayaraq tədbiri iştirakçılarını salamlayıb, onlara müraciət ünvanlayıb: "Hörmətli ziyalılar, ağsaqqallar, hamınızı salamlayıram. Bu gün tarixi gündür. Həm Azərbaycan xalqının xilaskarı, Ümumilli lider Heydər Əliyevin ikinci dəfə xalqın çağırışı ilə hakimiyyətə gəlməyinin 29-cu ildönümüdür. Həm də Tarixi Qələbəmizdən sonra köksü işğalçılardan təmizlənən Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada Azərbaycan və qardaş ölkə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalanmasının ildönümüdür. Biz bu qələbəni Ulu Öndər Heydər Əliyevə borcluyuq. Şuşaya gedən yol Ulu Öndər Heydər Əliyevin müdrik siyasətindən başlayır. Cənab Ali Baş Komandanımız İlham Əliyev Şuşanın işğaldan azad olunması xəbərini xalqa çatdıranda böyük fəxr hissi ilə söylədi: "Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim." Ulu Öndər Heydər Əliyevə, Qarabağın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərimizə Uca Allahdan rəhmət diləyirik. Qazilərə şəfa arzulayırıq. Allah dövlətimizi, ordumuzu qorusun".
İlham Pirməmmədov Hüseyn Arif haqqında, Hüseyn Arifin qızları Səhər xanım və Zöhrə xanım haqqında xatirələrini danışıb. Hüseyn Arifə olan xalq məhəbbətindən, Hüseyn Arif poeziyasının xalq ruhuna doğmalığından, onun yaradıcılığının bənzərsizliyindən söz açıb.
Xalq şairi Hüseyn Arifə, övladları Arif və Səhərə Allahdan rəhmət diləyib. Hüseyn Arif poeziyasının, Hüseyn Arif insanlığının daim qəlblərdə yaşadığını, dövlətimiz, xalqımız tərəfindən şairin xatirəsinin hər zaman əziz tutulduğunu vurğulayıb.
Əlbəttə ki, hər birimiz inamla Hüseyn Arifin ədəbiyyatda tutduğu yerin necə möhkəm olduğunu söyləyə bilərik.
XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirib. Onun poeziya aləmi mövzu baxımından genişdir və əsərləri məna qüdrətini bu gün də qoruyub saxlayır. Şairin təbii və canlı dili ilə seçilən əsərlərində həyatın öz nəfəsi duyulur. Təsadüfi deyil ki, Hüseyn Arifin şeirləri çox zaman mahnı mətninə çevrilib. O, Vətən, ana torpaq, övlad məhəbbəti kimi bəşəri dəyərləri heç kimə bənzəməyən tərzdə ifa edib.
AZƏRTAC xəbər verir ki, bu gün Dövlət mükafatı laureatı, Xalq şairi , XX yüzil Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Arifin anadan olmasının 98-ci ildönümü tamam olur.
Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 2 may tarixli Sərəncamı ilə Hüseyn Arifin 90 illik yubileyi dövlət səviyyəsində təntənəli şəkildə keçirilib.
Hüseyn Hüseynzadə 1924-cü il iyunun 15-də Qazaxın Yenigün kəndində (kənd hazırda Ağstafa rayonunun tərkibindədir) doğulub.
Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlayan şairin liberettosu əsasında hazırlanan “Azad” tamaşası 1957-ci ildə Opera və Balet Teatrında, “Yolda” poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulub. 1971-ci ildə “Dağ kəndi” poemasına görə “Qızıl oraq” mükafatına layiq görülüb. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dilinə çevrilib. Şeirlərinə musiqilər bəstələnib. 1976-cı ildə Sarayevo Beynəlxalq Poeziya Günlərinin, 1979-cu ildə Liviyada “SSRİ Gunləri”nin iştirakçısı olub. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri, “Azərnəşr”in Bədii Ədəbiyyat redaksiyasında böyük redaktor, “Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri və Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifələrində çalışıb.
Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsinə əsaslanan, epos təfəkkürünü, etnoqrafik yaddaşı geniş əks etdirən zəminində dəyərli əsərlər yazıb. O, təbiət mövzusunda yazdığı əsərləri ilə oxucunu ana təbiəti duymağa, qorumağa, doğma torpağın qədrini bilməyə çağırır. Həmişə xalqın içində olan şairin əsas qayəsi, Vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olub.
Hüseyn Arif o məşhur insanlardandır ki, adı ilə bağlı çoxlu lətifələr, baməzə əhvalatlar dolaşır, hətta belə lətifə və əhvalatların toplandığı kitab nəşr olunub, lakin bütün baməzə düzməcələr və olmuş əhvalatlar onun şair ciddiliyini nəinki zədələmiş, əksinə, onu xalqa daha da yaxınlaşdırır, olduğu səmimiyyətlə ona xalq sevgisi qazandırır.
1992-ci il sentyabrın 14-də Bakıda vəfat edən Xalq şairi, doğulduğu kənddə nakam oğlunun yanında dəfn olunub.
Şairin vaxtı ilə Bakıda yaşadığı evin divarına xatirə lövhəsi vurulub. Xırdalan şəhərindəki, Ağstafadakı küçələrdən biri, habelə Ağstafa şəhərindəki Uşaq Musiqi Məktəbi Hüseyn Arifin adını daşyır. 2010-cu ildə “Mən Hüseyn Arifəm...” adlı film çəkilib. Adına çoxlu şeirlər, şeirlərinə nəzirələr yazılıb, yaradıcılığı ədəbi-elmi yazıların, tədqiqat əsərlərinin mövzusu olub.
Onun yaradıcılığı bugün də gənc nəslin tərbiyəsində öz önəmini qoruyub saxlayır, xalqımız, dilimiz yaşadıqca Hüseyn Arif poeziyası da yaşayacaq, seviləcək, öyrəniləcəkdir.
Ruhu şad olsun!
Azərbaycanlı rəqqasə Türkiyədə mükafatlandırılıb
Həmyerlimiz Səidə Ömər Türk dünyasına etdiyi xidmətlərə görə Türkiyədə mükafata layiq görülüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir.
Törən İstanbulun Bayrampaşa rayonunda Türk Dünyası Platformasının təşkilatçılığı ilə “Türk Dünyası Birlik” musiqi bayramında baş verib. Müxtəlif türkdilli ölkələrin nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi təmsil edən Səidə Ömər “Sarı gəlin” rəqs kompozisiyasını təqdim edib.
Türk dünyasının məşhur ozanlarının da iştirak etdiyi proqramda həmyerlimizin rəqsi ən çox bəyənilən sənət nümunələrindən biri olub.
Tədbir əsnasında Səidə Ömərə “Türk dünyasına xidmət” plaketi təqdim edilib.
Qeyd edək ki, 2018-2021-ci illərdə Türkiyənin “Bengü Türk” televiziya kanalında ekrana çıxan “Azərbaycan Rüzgarı” proqramının müəllifi və aparıcısı olan Səidə Ömər, eyni zamanda, qardaş ölkənin Türk dünyasını əhatə edən bir sıra mədəni tədbirlərində yaxından iştirak edir.