Super User
Gəncə moda tədbirinə evsahibliyi edib
Gəncə şəhəri son vaxtlar bir çox mədəni tədbirlərə evsahibliyi edir. Şəhər Dövlət filarmoniyasının nəzdindəki “Urban” mərkəzində İsveçin Azərbaycandakı Səfirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gəncə Regional Mədəniyyət İdarəsi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə əməkdaşlığı çərçivəsində növbəti tədbir - “Dayanıqlı moda: Tekstilin gələcəyi” adlı sərginin açılış mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, sərgi İsveç İnstitutu tərəfindən tədqiqatçılar və moda mütəxəssisləri ilə birlikdə hazırlanmışdır. Moda sənayesinin əsas problemlərinin işıqlandırıldığı sərgidə daha dayanıqlı gələcək üçün İsveçdə irəli sürülən həll yolları və təşəbbüslər nümayiş olunur.
Moda sənayesi dünyada ətraf mühiti ən çox çirkləndirən sahələrdən biridir. Hər il dünyada istehlak etdiyimiz 62 milyon ton geyimin yalnız 20 faizini təkrar istifadə və ya təkrar emal edilir.
Sərgidə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxış edərək İşveçin Azərbaycandakı səfiri Kristian Kamili və bütün iştirakçıları salamlayıb. O, bu sərginin Gəncə şəhərində keçirilməsində dəstək olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Gəncə şəhər İcra Hakimiyyətinə, İsveçin Azərbaycandakı Səfirliyinə, Azərbaycan Milli İncəsənət Muzeyinə öz təşəkkürü bildirib və qeyd edib ki, belə tədbirlərin keçirilməsi mədəni əlaqələrin qurulmasında böyük təkandır.
Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Azər İbrahimov şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun adından salamladı və səfir Kristian Kamilə Gəncə şəhərində belə bir tədbirin təşəbbüskarı olduğu üçün təşəkkürünu bildirib.
İsveçin Azərbaycandakı səfiri Kristian Kamil Gəncə şəhərində xoş qarşılandığı üçün öz təşəkkürünu bildirərək, bu il İsveç-Azərbaycan arasındakı diplomatik əlaqələrin 30 illiyinin qeyd edilməsi çərçivəsində silsilə tədbirlər həyata keçirildiyini vurğulamış və ətraf mühitin qorunması məsələlərinə həsr edilmiş bu sərginin artıq Azərbaycanda 3-cü dəfə nümayiş olunduğunu nəzərə çatdırıb.
Sərginin kuratoru, Azərbaycan Milli İncəsənət Muzeyinin beynəlxalq əlaqələr üzrə şöbə rəhbəri Könül Rəfiyeva sərgi haqqında ətraflı məlumat verərək bildirib ki, bu sərgi həm istehsalçıların, həm də istehlakçıların paltarların və onların komponentlərinin təmirini, təkrar hazırlanmasını, təkrar istifadəsini və təkrar emalını maksimum dərəcədə artırmaqla moda sənayesinin ətraf mühitə arzuolunmaz təsirlərini minimuma endirə biləcəyi yolları izah edir.
Sərgidə həmçinin isveçli fotoqraf Elizabet Tolun Azərbaycana səfərləri zamanı Bakı, Qəbələ və Naxçıvanda çəkdiyi moda fotoşəkilləri İsveç meşələrinin şəkilləri ilə birlikdə nümayiş olunur. Elizabet Toll İsveçin Stokholm şəhərində anadan olub və orada böyüyüb. Beynəlxalq fotoqrafiya sahəsində uğurlu karyerası ərzində o, əsas diqqətini moda, portret və mənzərəyə yönəldib.
Məlumat üçün xatırladaq ki, “Dayanıqlı moda:tekstilin gələcəyi” sərgisi 17 iyul 2022-ci il tarixinədək Gəncə şəhəri Dövlət filarmoniyasının nəzdindəki “Urban” mərkəzində ziyarətçilər üçün açıqdır. Giriş sərbəstdir.
Mədəniyyət Nazirliyi Vətən müharibəsindəki tarixi zəfərə ithaf olunan ədəbi müsabiqə elan edib
Müsabiqənin təşkilində əsas məqsəd:
Azərbaycanın hərb salnaməsinə və dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış “Dəmir yumruq” əməliyyatı nəticəsində qazanılmış şanlı qələbinin gələcək nəsillər üçün bədii mətnlər vasitəsilə əbədiləşdirilməsi, Vətən müharibəsindəki böyük zəfərin bədiiləşdirilməsi və İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının obrazlaşdırılması və dünya ictimaiyyətini ədəbi əsərlər vasitəsilə məlumatlandırılması.
Əsərlərdə Vətən müharibəsinin təsviri, 44 gün ərzində hərb meydanında, arxa cəbhədə, beynəlxalq arenada yaşanan proseslərin əks etdirilməsi arzuolunandır.
Müsabiqə 3 ədəbi janr üzrə keçirilir:
-
Roman
-
Dram
-
Mənzum hekayə
Müsabiqənin şərtləri:
• Müsabiqədə yalnız peşəkar yaradıcı şəxslər (tanınmış imza sahibləri) iştirak edə bilərlər.
• Əsərlər orijinal və daha əvvəl heç yerdə çap olunmamalı və yayımlanmamalıdır.
• Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.
• Əsərlər Azərbaycan Respublikasının dövlət dilində yazılmalıdır.
• Əsərlər bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur.
• Əsərlərdə tarixi faktlar təhrif olunmamalıdır.
• Əsərlərin həcminə dair məhdudiyyət yoxdur.
• Hər ədəbi janr üzrə bir qalib elan olunacaq.
• Əsərin üz qabığında (ilk səhifədə) müəllif özü haqqında məlumatı, əlaqə vasitəsini (Telefon nömrəsi və e-mail), hansı ədəbi janr üzrə iştirakçı olduğunu qeyd etməlidir.
• Əsərin mətni üçün tələblər - şriftin qarnituru “Arial” 12, sətirlər arası interval 1, MS Word faylı
Müsabiqənin mükafat fondu:
Roman janrı üzrə qalib
–
10 000 min manat pul mükafatı və Şuşanın 270 illiyi münasibətilə təsis olunan “Xatirə nişanı” ilə təltif olunacaq
Dram janrı üzrə qalib
–
5 000 manat pul mükafatı və müsabiqənin fəxri diplomu ilə təltif olunacaq
Mənzum hekayə janrı üzrə qalib
–
5 000 manat pul mükafatı və Nazirliyin fəxri fərmanı ilə təltif olunacaq
Qalib əsərlərlə bağlı görüləcək işlər:
• Qalib roman 1000 tirajla çap olunacaq və ingilis dilinə tərcümə ediləcək. Eyni zamanda nəşrin 300 nüsxəsi müəllifə hədiyyə ediləcək və hədiyyə nüsxələrin respublika üzrə satışı təşkil ediləcək.
• Qalib dram əsərinin tamaşası hazırlanacaq və nümayiş etdiriləcək
• Ən yaxşı mənzum hekayələr toplu şəklində çap olunacaq
Qaliblərin seçilməsi proseduru
Müsabiqəyə təqdim olunan bütün əsərlər və müəlliflər şifrələnəcək. Əsərlərin qiymətləndirilməsi iki mərhələdən keçəcək.
Əsərlər Ekspertlər Şurası və Komissiya üzvləri tərəfindən oxunacaq, onların mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılacaq.
Ekspertlər Şurası tərəfindən ən yaxşı əsərlərin qısa siyahısı tərtib olunub Komissiyaya təqdim ediləcək.
Ekspertlərin müəyyən edəcəyi qısa siyahı Komissiyaya təqdim olunmaqla yanaşı, ictimai müzakirəyə çıxarılacaq. Hər janr üzrə qısa siyahı 5 əsərdən ibarət olacaq.
Müsabiqənin müddəti:
Müsabiqəyə romanların qəbulu 30 dekabr 2022-ci il tarixində sona çatacaq.
Müsabiqəyə dram əsərlərinin qəbulu 30 noyabr 2022-ci il tarixində sona çatacaq.
Müsabiqəyə mənzum hekayələrin qəbulu 30 oktyabr 2022-ci il tarixində sona çatacaq.
Müsabiqə şərtlərinə cavab verməyən əsərlər Ekspertlər Şurası tərəfindən qəbul edilməyəcək.
Əlavə məlumat üçün müraciət edə bilərsiniz:
Tel.: (012) 493 06 80
İştirakçılar tərəfindən əsərlər aşağıdakı elektron poçt ünvanına göndərilməlidir.
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
© Nazirlik müsabiqəyə təqdim olunan əsərlərin müəlliflik hüququnu qorumaqla çapı və yayımını, onların əsasında filmin çəkilməsini və tamaşanın hazırlanmasını həyata keçirə bilər.
Mədəniyyət nazirimizin İrana səfəri davam edir
Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasında rəsmi səfərdədir. Səfər zamanı A.Kərimov İranın mədəniyyət və islam irşadı naziri Məhəmməd Mehdi İsmaili ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlunat verir ki, görüş zamanı mədəniyyət naziri Mehdi İsmailiyə dəvətə görə təşəkkürünü bildirib. Bu səfərin ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasınının 30 illiyinə təsadüf etdiyini vurğulayıb. Dövlətlərimiz, xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində iki ölkə arasında mədəni əməkdaşlığın uğurlu inkişafının verə biləcəyi töhfədən söz açılıb.
Tərəflər görüşdə beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin əməkdaşlığının davam etdirilməsi üçün potensialın olduğunu və mədəni mübadilə proqramının layihəsi üzərində işlərin davam etdiyini bildiriblər. Eləcə də Anar Kərimov bu sənədin imzalanması üçün Məhəmməd Mehdi İsmailini Bakıya dəvət edib.
İranın mədəniyyət və islam irşadı naziri öz növbəsində ədəbiyyat sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu və kino, musiqi festivallarının keçirilməsi, qarşılıqlı mədəniyyət həftələrinin təşkilinin, heykəltəraşlıq, rəssamlıq sahəsində təcrübə mübadilə proqramlarının gerçəkləşdirilməsinin vacibliyini bildirib.
A. Kərimov Tehranda Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının qarşılıqlı mədəni əlaqələrin dərinləşdirilməsinə töhfə verəcəyini deyib.
Həmçinin işğaldan azad edilmiş torpaqlarımızda yenidənqurma və bərpa işlərinin sürətlə getdiyini, islam dininin tarixi torpaqlarımıza- Qarabağa qayıdışının davam etdiyi bildirib.
Eləcə də Şuşanın İslam dünyası üçün simvolik əhəmiyyətindən bəhs olunub.
Görüş tərəfləri maraqlandıran bir sıra məsələlərin müzakirəsi ilə davam edib. Daha sonra nazirlərin iştirakı ilə mətbuat konfransı keçirilib.
*
Anar Kərimov İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Mehdi İmanipur ilə də görüşüb. Görüş zamanı iki ölkə arasında iqtisadi, siyasi əməkdaşlığın, mədəniyyət sahəsində olan münasibətlərin inkiafının sürətlə irəlilədiyindən bəhs olunub. Eyni zamanda İranla Azərbaycan arasında kino, kitab sahəsində sıx əməkdaşlığın önəmindən danışılıb. UNESCO, İSESCO və digər beynəlxalq təşkilatlar çərçivəsində birgə görülən işlərin əhəmiyyəti vurğulanıb.
İmanipur bildirib ki, İran Bakı və Tehran arasında qardaşlıq münasibətinin möhkəmləndirilməsində maraqlıdır. Həmçinin mədəniyyət paytaxtımız Şuşanın İran İslam Respublikasının şəhərlərindən biri ilə qardaşlaşması təklif edilib. Bununla yanaşı, iki ölkənin müxtəlif şəhərləri arasında qarşılıqlı mədəni tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb.
A.Kərimov Tehranda Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına xidmət edəcəyini bildirib. Nazir, Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad olunan torpaqlarımızda yenidənqurma və bərpa işlərinin sürətlə getdiyini vurğulayıb. İşğal dövründə Qarabağın islam irsinə böyük ziyan dəydiyini, dini məbədlərimizin təhqir olunduğunu da dilə gətirib. Hazırda əzəli islam torpağı olan Qarabağımıza mədəniyyətin geri qayıtdığını deyib.
Görüşdə bir sıra digər mühüm məsələlər də müzakirə olunub.
Ən çox oxunan: Rusiyanın Ukraynaya təcavüzündən utanc duyan rus Nobel mükafatçısından inanılmaz jest
Tarixdə ən bahalı Nobel medalı müəyyənləşib: bu,rusiyalı jurnalist Dmitri Muratovun medalıdır ki, bu medal auksionda 103,5 milyon dollara satılıb. Bu pulu laureat YUNİSEF-ə təqdim edib ki, müharibədən əziyyət çəkən Ukrayna uşaqlarının köməyinə yollanılsın. Bu xəbər ötən günün ən çox oxunan xəbəri kimi manşetlərdə duruş gətirib.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, hərracın özü simvolizm şəraitində həyata keçirilib: formal olaraq o, iyunun 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi günü başlayıb və iyunun 20-də - Ümumdünya Qaçqınlar günündə başa çatıb.
Əlbəttə, kimlərsə sual edə bilər ki, Dmitri Muratov kimdir? O, "Novaya qazeta"nın baş redaktorudur və sözügedən addımı barədə belə deyib:
"Bəli, biz redaksiyada tam heyətlə acizlik hissi keçirdik, ona görə ki, döyüşlər başlamışdı, insanlar həlak olurdu və bu işdə bizim ölkəmiz iştirak edirdi. Və biz nə edə biləcəyimizi bilmirdik. Bax, bu cür acizlik hissi fevralın 24-dən başlayaraq bütün vicdanlı ruslara tanış idi".
Nobel Sülh Mükafatı Dmitri Muratova ötən il filippinli jurnalist Mariya Ressa ilə birlikdə "Söz azadlığının qorunması üçün səylər"inə görə təqdim edilib. O zaman "Novaya qazeta" nın baş redaktoru mükafatın pul hissəsini də xeyriyyəçiliyə sərf etmişdi. Bu humanist insan indi də medalını xeyriyyəçiliyə sərf etdi.
Xatırladaq ki, Rusiyanın başladığı təcavüzkar müharibəyə etiraz edən "Novaya qazeta" martın 28-də "Roskomnadzor"un iki xəbərdarlığından sonra işini dayandırıb. Rusiyadan mühacirət edən əməkdaşlar "Novaya qazeta: Avropa" layihəsini işə salıblar. Bu sayt Rusiyada bloklanıb.
ABŞ-da yaşayan azərbaycanlı qadın professor Aida Hüseynova vəfat edib
Musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aida Hüseynova vəfat edib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı “Qafqazinfo”ya istinadən xəbər verir.
Qeyd edək ki, Aida Hüseynova 1964-cü ildə Bakıda doğulub. Bir neçə il Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. ABŞ-nın Harvard, Prinston, Berkli, Stenford, Kolumbiya və bir çox digər universitetlərində, Böyük Britaniyanın Kembric Universitetində mühazirələrlə çıxış edib.
2008-ci ildən ABŞ-ın İndiana Universitetinin nəzdində olan Ceykobs Musiqi Məktəbində müəllim kimi çalışırdı.
By itkini Azərbaycan musiqisinə təsir edən itki kimi dəyərləndirir, mərhumun ailəsinə və xalqımıza başsağlığı veririk.
Hərbi xidmətdən yayınıb Azərbaycana qisas dalınca gələn qazax oğlu anıldı
Aida Eyvazlı yazır
Yenə Şəhidlər Xiyabanına gedirdik. Bu dəfəki ziyarətçilərimiz Xəzərin o tayından gəlmişdilər. Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Kıdırəli və Akademiyanın vitse prezidenti Füzuli Məcidli idi.
Başımda Aşıq Qərib dolanırdı. Şəhidlər Xiyabanında bayatı deyərlər, oxşayıb, öyərlər şəhidləri. Mən də Aşıq Qəribin anası ilə görüşü səhnəsində oxuduğu gözəlləməyə bənd olub qalmışdım.
Mən gəlmişəm otağına,
Durum düşüm ayağına.
Bir rəhm elə qonağınam,
Ana mən Qəribəm, Qərib.
2020-ci ilin 44 günündə Türk dünyasının Zəfər tarixini qanlarıyla, canlarıyla yazan igidlərimizin uyuduğu müqəddəs məkanda əvvəlcə general-polkovnik Polad Həşimovun uyuduğu sıradan başladıq ziyarətimizi. 1990-cı ilin 20 yanvarından məzarlıq çiçəyi olan qərənfillərimizi ehtiram əlaməti olaraq şəhid oğullarımızın, qəhrəmanlarımızın sinəsi üstünə düzdük.
II Şəhidlər Xyabanı hər gün olduğu kimi gəlimli-gedimli idi. Həyat yoldaşı şəhid olandan sonra başdan-ayağa qara geyinən bir gəlin gəldi. Oğlu ilə birlikdə şəhidinin məzarının üstünə su səpirdilər. Diqqətimizi bir gənc qızcığaz da cəlb etdi. O da məzarların ətrafında fırlanıb qurumuş çiçəkləri toplayır, məzar başındakı ağacları sulayırdı. 2020-ci ilin sentyabr ayından bu məkana gələn doğmalar və dostlar, qohumlar və yadlar, qərib ellərin yolçuları bu müqəddəs yerdəkiləri unudulmağa qoymurlar.
Bu məzarlıqdan 300 metr yuxarıda isə 1994-cü ildə salınmış Şəhidlər Xiyabanıdır. Bax orada dəfn olunan uşaqlar Qarabağ uğrunda döyüşə gedəndə burada indi uyuyanların əksəriyyəti ya doğulmamışdı, ya məktəbli idi, ya da hələ yaşı döyüşə getməyə çatmırdı... Burada uyuyan igidlər ötən 28 il ərzində indi uyuduqları məkandan 300 metr yuxarıdakı məzarlığı dəfələrlə ziyarət etmiş, oradakı Şəhidlərin qarşısında baş əymişdilər.
Ancaq burada uyuyan oğullar II Şəhidlər Xiyabanında bir qəribin uyuduğundan xəbərsiz idilər. O igidin qərib olduğunu yalnız dostları - 776 saylı əlahiddə taborun döyüşçüləri Saleh Əliyev, Yaşar Nəsibov, Yusif Ağayev, İsgəndər Ağayev, Mürvət Əliyev, Rövşən Babayev, Elxan Şıxəliyev, Mehman Əliyev, Teymur İsmayılov, Elçin Məmmədov, Fərzəli Pəsərək, Rəşid Əliyev və digərləri bilirdilər. Lakin onu qərib kimi deyil, əziz qardaşları kimi yad edirdilər. Bu gün də yad edirlər. Amma ki, bir danılmaz həqiqət var, sinəsində doğulduğun torpaqdan ayrı düşdünsə, qəribsən ki, qərib. İstər sağ ol, istər də, torpağın altında.... Sağ olanda - doğmaların, yurd yerin yadına düşəndə ürəyinin başı göynəyəcək, ölüb torpaq altında yatdınsa, torpağın, məzarın göynəyəcək...
Bizim yerlər daşlı olar,
Gözəl qızlar saçlı olar.
Qərib gözü yaşlı olar,
Ana, mən Qəribəm, Qərib.
Yəqin ki, oxucularım kimdən danışdığımı bildilər. Söhbət II Şəhidlər Xiyabanında uyuyan qazax balası Barımbetov Yerbol Turexanulıdan gedir.
1993-cü ilin fevral ayında 776 saylı tabora Xüsusi Təyinatlı kimi qəbul olunmuşdu. 1992-ci ilin payızından 1993-cü ilin fevral ayına qədər 6 ay müddətində Qazaxıstanın Kapçekay hərbi desant bazasında əsgərlik xidməti keçmişdi. 6 ay ərzində öyrəndiklərini gəlib Azərbaycanın torpaqlarının azadlığı uğrunda döyüşdə tətbiq etməyə başlamışdı. Doğma yurdundakı hərbi hissəni nədən özbaşına buraxlb gəldiyini soruşanda, demişdi ki, mən həm də bizim Daxili İşlər Nazirinin müavini, polkovnik Saylau Serikovun qisasını alıram. Milis polkovniki Saylau Serikov 1991-ci ildə Qarakənd üzərində vurulan helokopterdə şəhid olmuşdu.
Yerbol Barımbetov belə qeyrətli bir türk oğlu idi. Türk tarixini dərindən öyrənmək üçün tarixçi olmaq istəmişdi. Bu arzusunu da keçid balı aşağı olduğundan gerçəkləşdirə bilməmişdi.
Bu gün isə doğma yurdundan, türklərin ATA YURDU Qazaxıstandan onu ziyarətə türk dünyasının adlı-sanlı tarixçisi, tarix elmləri doktoru Darxan Kıdıralı özü gəlmişdi.
Yerbol, yəqin ki, ruhlar aləmində çox şeydən xəbərdarsan. Bəlkə elə sənin ürəyindəki arzuları göyərdənlərdən biridir Darxan Kıdıralı. Axı Beynəlxalq Türk Akademiyasının rəhbəri olduğu vaxtdan, türk dünyasının tarixinə yeni bir işıq, yeni bir yol salıbdır. İndi o yolda sənin arzuların göyərir.
Məzarı qarşısında Darxan Kıdırlaı da, Füzuli Məcidli də, mən də yenə təzim etdik. 20 yanvarın qırmızı göz yaşı olan qərənfillərimizi sinəsi üstünə düzdük. Sonra Darxan Kıdırlalı məzar başında Quran oxudu. Dayandı. Fikrə getdi. Diqqətini Yerbolun ölüm tarixi çəkdi. Dedi ki:
“Ah nə yazıq... Onun ki, şəhid olduğunda 20 yaşı var imiş... Şəhidlər öz yaşlarından sonra böyüməzlər. Tanrı dərgahına uçduqları yaşda qalarlar”.
Yenə gözlərimin yaşını bulaq edib, Yerbolun baş daşından boylanan şəklinin üzünü başıma örtdüyüm qazax milli kəlağayısının ucu ilə sildim. Sonra həmin kələğayı ilə gözlərimin yaşını qurutdum.
Hər iki dostum Darxan Kıdıralı da, Füzuli Məcidli də dərin bir fikrə getmişdilər. Mən isə ürəyimdə Yerbolun yolunu gözləyə-gözləyə harada olmasından xəbərsiz dünyadan köçən atası Turexan və anası Satkulla danışırdım. Yenə beynimdə Aşıq Qəribin gözəlləməsi dolanırdı.
Canım ana, gözüm ana,
Ana, mən Qəribəm, Qərib.
Sənə vardır sözüm ana,
Ana mən qəribəm, qərib.
Bacı, mən qəribəm, qərib.
Anası oğul həsrəti ilə dünyadan köçən, gözü düz 28 il doğmalarını, onu sevənləri gözləyən Yerbol qardaşımızın indi ruhunun gözləri o Vətən yollarından yığılmışdı. Yerbol Berimbetovun burada qərib olduğunu bildiyim gündən Qazaxıstandan gəlib-gedən qonaqlarımı onun ziyarətinə gətirirəm. Özümü Yerbolun bacısı sayıram. Başqa cür ola bilməz axı. Mənim Vətənimin torpaqlarıının azadlığı uğrunda şəhid olan oğulun bacısı olmaq şərəf borcumdur!
Baurum Yerbol, məni bacı kimi qəbul edirsənsə, bilirəm ki, sənin 20 yaşlı məzarın üstünə bizim digər şəhidlərimizin üstünə gətirilən toy-nişan xonşaları gətirilmədi. Səni oxşayıb-ağlayan olmadı. Səni, bizdən neçə min kilometr uzaqda olan doğmaların axtardı. Hər dəfə məzarının başına gələndə, səni bacı əvəzi oxşayıram. Həsrətli günlərini necə keçirdiyini soruşuram. Doğmalarının yuxularına qonaq gedib-getmədiyini bilmək istəyirəm. Anan Satkul sənin yanına kaytış boldımı? Bəs atan necə? İndi birlikdəsinizmi?
Bu ilin aprel ayının 20-də qardaşın Nurbol, əminoğlu Yermek məzarını ziyarətə gəldilər. İndi məzarının üstündə ata yurdunda dəfn olunan ananın və atanın uyuduğu torpaqdan pay var. Torpaq ruhun daşıyıcısı, söz aparıb gətirənidir. İndi yəqin ki, ruhlar aləmində atan və ananla rahat danışa bilirsən. Yəqin ki, onlara deyirsən ki ana, gözlərim yollara baxa-baxa qalmışdı. Bilirdim ki, bir gün məni tapacaqsınız:
Qəribəm ağrıyar başım,
Ümmana döndü göz yaşım.
Bəs hanı Nurbol qardaşım,
Ana, mən Qəribəm, Qərib.
II Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin məzarını ziyarət edib, müqəddəs məkandan uzqalaşdıq.
XI Qlobal Bakı Forumuna gələn qonaqlarımız - Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Kıdırəli və Akademiyanın vitse prezidenti Füzuli Məcidli elə Şəhidlər Xiyabanından hava limanına yola düşdülər.
Qazaxlar, dünyadan əməli saleh insan köçəndə deyərlər ki, “kaytış boldı”. Yəni ki, gəldiyi yerə döndü. Axı insan Tanrı zərrəsidir. Yer üzünə göndərilir ki, yaxşı əməllərlə yaşasın. Yerbol qardaşım bizim igid oğlanlarımızla birlikdə Tanrı dərgahına kaytış bolıblar. Yerlərinin rahat olduğuna şübhə yox. Çünki məqamları ən uca məqamdır.
Azərbaycan şəhidləri ilə eyni məkanda uyuan qazax xalqının qəhrəman oğlu Yerbol Barımbetovun doğmalarının da gözü yollardan yığılıb. Öz qardaşını ziyarət edib qayıdandan sonra, Nurbol Barımbetov Qazaxıstan mətbuatına müsahibə verərərk, qardaşının necə böyük məqama, hörmətə sahib olduğunu deyib.
Qərib gedər iz itirər,
Əlin xudaya götürər,
Qərib ölsə kim götürər
Ana mən qəribəm, qərib.
Bacı mən qəribəm, qərib.
Yerboldan 28 il xəbər olmayanda, doğmaları elə bilmişdilər ki, izi itib, tozu da yoxdur. Lakin Yerbol Barımbetovun da, Şəhidlər Xiyabanında uyuyan naməlum və qərib olan digər şəhidlərin də xatirəsi bizim üçün əzizdir.
Mən inanıram ki, Yerbol Berimbetovun xatirəsinin Azərbaycanda əbədiləşdirilməsi üçün mütləq hər hansı bir meydanın, küçənin adı veriləcək. Bu həm də Qazaxıstan və Azərbaycan dostluğunun əbədi simvoluna çevriləcək. Bir də xatırlatmaq istəyirəm ki, sağlığında Qarabağdakı erməni separatçılarına qarşı igidliklə döyüşən o qazax qəhrəmanı Yerbol Barımbetov Turexanulı Qazax və Kəlbəcər, Ağdərə uğrunda gedən döyüşlərdə həm də kəşfiyyatçı kimi xüsusilə seçilib.1994-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən mükafatlandırılıb. Atəşkəs elan olunmasına az qalmış, 1994-cü ilin 20 aprelində Yerbol Barımbetov sonuncu döyüşündə yaralanaraq şəhid olur.
Allah rəhmət eləsin!
Ən çox oxunan: Qrenlandiyada nadir ayı növü aşkarlanlb
Qrenlandiyanın cənub-şərqində, bu adanı İslandiyadan ayıran Danimarka boğazının sahilində qütb ayılarının yeni bir növü aşkarlanıb.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, genetik tədqiqatlar orada tamamilə ayrı bir qrup ayının yaşadığını aşkarlayıb, bu qütb ayıları nadir hallarda başqaları ilə əlaqə saxlayırlar. Bu yırtıcılar daim bir yerdə yaşamırlar və bütün sahil boyunca miqrasiya edirlər.
Kaliforniya Universitetinin mütəxəssisi Beth Shapira söyləyir: “Cənub-Şərqi Qrenlandiyadan olan ayıların bu qrupu genetik olaraq bütün qonşularından çox fərqlənir. Onlar hər hansı digər subpopulyasiyaların bir-birindən fərqlənməsundən daha çox öz digər qütb ayılarından fərqlənirlər. Bu çox ciddi genetik fərqlərdir, hansılar ki, kifayət qədər uzun təcriddən, populyasiyanın kiçik effektiv ölçüsündən və inbridinqdən xəbər verir".
Cənub-şərq ayılarının əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar şirin su buzlaqlarında ov etməyə uyğunlaşıblar: bunlar Qrenland buzlaqlarının dənizə sürüşən qəlpələridir. Beləliklə, bu ayılara dəniz buzunun əriməsi təsir göstərmir və onlar, nəzəri olaraq, qlobal istiləşmənin nəticələrindən daha yaxşı qorunur.
Amma bütün digər qütb ayıları üçün bu cür xilas yolu mövcud deyil. Belə nadir şərait yalnız burada və Şpisbergen adasında mövcuddur. Güclü genetik fərqlər isə göstərir ki, bu populyasiya ən azı bir neçə yüz il əvvəl mümkün olmuşdur.
Amma çox bədbin proqnoz da var: Müasir ayılar bu yeni mühitə uyğunlaşmağa sadəcə vaxt tapmayacaqlar: bəzi alimlərin fikrincə, Arktik yırtıcılar əsrin sonuna doğru yox ola bilərlər.
Cənub-şərq Qrenlandiya ayıları, nəzəri cəhətdən, daha uzun yaşaya bilərlər, lakin bu, qeyri-müəyyəndir: Qrenlandiya buzlaqlarının sürətlə əriməsi, ovçuların ərazidə tez-tez görünmələri vəziyyəti ümidsiz edir.
Azər Turan “Səməd Behrəngi” adına mükafata layid görülüb
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıcısı Anar tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turana Birliyin “Səməd Behrəngi” adına mükafatını təqdim edib.
“Ədəbiyyat və incəsənət” portalı xatırladır ki, Səməd Behrəngi adına ədəbi mükafatı Birliyin Cənubi Azərbaycan şöbəsi təsis edib.
Azər Turanı bu münasibətlə təbrik edirik!
Həftəsonu 3 istirahət günü olacaq
Azərbaycan Silahlı Qüvvələr Gününün qeyd edildiyi 26 iyun günü bazar gününə təsadüf etdiyindən iyunun 27-si - bazar ertəsi qeyri-iş günü sayılacaq. Beləliklə də həftəsonu 3 gün - 25, 26 və 27 iyun istirahət günü olacaq.
Əslən Qazax rayonundan olan, süni intellekt üzrə amerikalı fəlsəfə doktoru
Elman Eldaroğlu yazır
Söhbətimə ABŞ-ın 28-ci prezidenti Vilsonun 28 may 1919-cu ildə Paris sülh konfransından sonra söylədiyi sözlərlə başlamaq istəyirəm. O, Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə görüşündən məmnun olduğunu belə ifadə etmişdi- "Mənim söhbət etdiyim insanlar eynən mənim kimi düşünur və mənim kimi eyni ideyalara - hürriyyət, hüquq və ədalətə hörmət bəsləyirlər"…
Yüksək intellektli insanlarla ünsiyyətdə olmaq həm asan və həm də çətindir. Asandır ona görə ki, onlar səni rahat başa düşürlər. Çətinliyi isə ondadır ki, onları dəqiq anlamağa çalışırsan. Haqqında danışdığım Cavid Hüseynov süni intellekt üzrə mütəxəsisdir. Necə deyərlər, zəkası, savadı yüksək səviyyədədir…
O, 1976-ci ildə Bakı şəhərində dünyaya gəlib. Əslən Qazax rayonundandır. 8-ci sinfə qədər Bakıdakı 20 nömrəli məktəbdə, sonra isə İncəsənət Gimnaziyasında oxuyub. 1992-ci ildə oranı bitirərək İnşaat Muhəndisləri İnstitutuna qəbul olunub. 1995-ci ildə beynəlxalq mübadilə proqramı xətti ilə ABŞ-ın Rochester Texnalogiya İnstitutunda təhsilini davam etdirib.1996-cı ildə bakalavr, 1998-ci ildə birinci dəfə mühəndis və idarəetmə ixtisası, 1999-ci ildə isə ikinci dəfə kompyuter elmləri üzrə magistr dərəcələrinə yiyələnib.
1999-cu ildə İrven şəhərindəki Kaliforniya Universitetinin doktoranturasına qəbul olunub. 2008-ci ildə orada kompyuter elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə (PhD) yiyələnib.
Eyni zamanda 2002-ci ildən məşhur "General Monitors" şirkətinə kompyuter mühəndisi kimi işə götürülüb. 2015-ci ilədək bu vəzifədə çalışıb. Sonra, bir il Konektikut ştatında "ESPN" şirkətində işləyib.
2016-cı ildən Nyu York ştatında ilk kompyuteri istehsal edən "İBM" şirkətində süni intellektin biznesə tətbiq olunması üzrə mütəxəsis və qrup rəhbəri vəzifəsində çalışır. Bu sahə, dünya şöhrətli həmyerlimiz Lütfi Zadənin işlədiyi sahədir…
Deyir ki, "Lütfi Zadə ilə ilk dəfə Oriqon şatatında süni intellekt üzrə keçirilən illik konfransda görüşdüm. Çalışdığımız sahəyə aid söhbətimiz oldu. Azərbaycanlı olduğumu biləndə çox sevindi. Sonralar onu da azərbaycanlılarla bağlı tədbirlərimizə cəlb edə bildim, maraqlı çıxışlarını hələ də xatırlayıram"…
Azərbaycan naminə xeyli işlər görüb. 2006-cı ildə Tomas Qolts da daxil olmaqla bir neçə soydaşımızla "Amerika Azərbaycanlıları Şurası"nı təsis ediblər. 2006-cı ildə Los Anceles, Kaliforniya, 2007-ci ildə Kaliforniya- Berkli, 2008-ci ildə İrvin, 2009-cu ildə Nyu Yorkdakı Kalumbiya universitetlərində Amerikadakı azərbaycanlı tələbələrin konfranslarını keçiriblər. Corc Vaşinqton, Kalumbiya universitetlərində isə Qarabağ həqiqətləri ilə bağlı tədbirləri təşkil ediblər.
2007-2011-ci illərdə beş il ardıcıl fevral ayında, bir sıra nüfuzlu universitetlərdə Xocalı soyqrımına həsr olunmuş tədbirlərin təşkilatçılarından olub.
Deyir ki, "Burada yaşayan soydaşlarımıza daha faydalı olmaq üçün, gərək amerikalılara qaynayıb qarışasan. Onların inzibati idarələrində yer tutmağı bacarmalısan. Bunun üçün isə işləmək, etibar qazanmaq lazımdır"...
2013-2015-ci illərdə Kaliforniya Demokratlar Partiyasının idarə heyətinin üzvü, 2014-2015-ci illərdə Fauntin Valli şəhərinin planlaşdırma komitəsinin 5 üzvündən biri olub. Hal hazırda Nyu Cersi ştatının Hakensak şəhərinin planlaşdırma komitəsinin üzvüdür. 2013-2015-ci illərdə həm də "Türk Amerkan Cəmiyəti"ndə təmsil olunub.
2012-ci ildən "Amerikanın Acərbaycan Cəmiyyəti"nin icraçı direktorudur…
Həyat yoldaşı azərbaycanlıdır. İki qızı var, biri 19, o birisi isə 5 yaşındadır. Hər ikisi ana dilində sərbəst danışır. Böyük qızı Aydan istedadlı gəncdir, yaxşı rəsmlər çəkir. Fransada Luvr muzeyində keçirilən "ART Şou"da Əsmər Nərmanbəyovaya ayrılan hissədə Aydanın da rəsmləri sərgilənib…
Amerika siyasətinin nümayəndələri və bəzi konqresmenlərlə dostluq edir. Deyir ki, "Amerkalıların belə bir kəlamı var- "Əgər bu ölkədə yaşayırsansa, sən bu ölkənin yaxşı vətəndaşı olmalısan""…
Çox təmkinli və ciddi insandır. İllər ötəcək, bəlkə də ABŞ Konqresində bir azərbaycanlı kimi təmsil olunan ilk konqresmen o, olacaq…