Super User

Super User

 

Xəbər verildiyi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar atasının xatirəsinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb. Məktubda deyilir: 

 

“Möhtərəm cənab Prezident. Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Sərəncamınızı böyük sevinc və qürur hissiylə qarşıladıq. Ulu Öndərimizin layiqli varisi kimi onun ədəbiyyatımıza daimi diqqətini və qayğısını XXI əsrdə uğurla davam etdirirsiniz. 

Bu muzeyi zəngin mədəniyyət ocağı kimi təşkil etmək və yaşatmaq üçün əlimizdən gələni edəcəyik.

Ailəmizin adından, Yazıçılar Birliyi adından, şəxsən öz adımdan Sizə ən dərin və ən səmimi minnətdarlığımı bildirirəm.

Sağ olun, var olun!”

 

 

Belarusda səfərdə olan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının nümayəndə heyəti bu gün Mogilyov vilayətindəki V.İ.Dunin-Martsinkeviç adına Dram və Komediya Teatrında olub, teatrın binası, kollektivlə görüşlər hər iki tərəfdə maraq doğurub. Sonda teatr rəhbərləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

AzərTAC xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev məlumat verib: 

“Səfərimiz çox məhsuldar keçir. Bir sıra rəsmi və işgüzar görüşlərdə iştirak etmişik. Burada fəaliyyət göstərən, şəhərin ictimai həyatında çox böyük rol oynayan diasporamızın üzvləri ilə görüşmüşük. Bu gün isə Mogilyov vilayətindəki V.İ.Dunin-Martsinkeviç adına Dram və Komediya Teatrının direktoru Veronika Aleksandrovna Vinel ilə hər iki teatr üçün faydalı olacaq əməkdaşlıq müqaviləsi imzaladıq. Müqaviləyə əsasən gələcəkdə teatrlararası yaradıcılıq əlaqələrinin davam etdirilməsi, rejissor, aktyor, rəssam mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, iki ölkə dramaturqlarının əsərlərinin həm Bakıda, həm də Belarusda səhnəyə qoyulması və bütün bu kimi məsələlərlə bağlı söhbətlər apardıq. Ümidvaram ki, bu əməkdaşlığımız mədəniyyətimizin və teatr mühitinin inkişafına öz töhfəsini verəcək. Biz sabah bu vilayətin Bobruysk şəhərində "Dostluq çələngi" Beynəlxalq Teatr Festivalında iştirak edəcəyik.

Dünyaşöhrətli yazıçı Fyodr Dostayevskinin “Utancaq qız” fantastik povesti əsasında hörmətli Xalq artistimiz Cənnət xanım Səlimovanın quruluşunda səhnələşdirilən eyniadlı monotamaşanı təqdim edəcəyik. Festival səhnəsinə əsərin yeganə qəhrəmanı Əməkdar artist Şövqi Hüseynov çıxacaq”.

 

“Səhnə” teatrının dramaturq Xaqani Əliyevin eyniadlı pyesi əsasında hazırladığı “Molla Nəsrəddin 2022” komediyasının premyerası olub.

İnsanları sevgi və gülüşlə dolu mənalı həyat yaşamağa səsləyən tamaşa ilk dəfə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında göstərilib. 

 

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanov, xoreoqrafı İmran Əli, musiqi tərtibatçısı isə Nicat Cəbrayılovdur.

Rollarda Əməkdar artist Vaqif Kərimov, aktyorlar Elçin Hacı, Ramil Məmmədov, Əhliman Ərşadlı, Ruhiyyə Mahmudqızı, Rəbbilə Ələkbərzadə, Mahir Mirişli, Absalam Həşimli, Ağaəli Kərimzadə və Nazlı Quliyeva çıxış ediblər. 

Aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb. 

Qeyd edək ki, tamaşa musiqi, rəqs, şən zarafatlar, güldürərək düşündürən hikmətli sözlər və xarakterik obrazlarla zəngindir. Bu obrazların arasında yaxın keçmişin qoçusu, dünənin ziyalısı, bu günün blogeri də var. Onlar Molla Nəsrəddinin sevdiyi qıza qovuşmasına mane olmağa çalışırlar. Düşdüyü çətin vəziyyətlərdən həmişə çıxış yolu tapmağı bacaran Molla Nəsrəddin isə onu özü ilə aparmağa gəlmiş Əzrayıl ilə dostlaşır, ondan yaşamaq möhləti alır və bədxahları ilə mübarizəyə başlayır. Komik vəziyyətlərlə müşayiət edilən bu mübarizədə Əzrayıl Molla Nəsrəddinə kömək edir.

 

Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib. Nazirlikdən bildirilib ki, müsabiqənin məqsədi Qarabağın qədim tarixini təbliğ etmək, yaradıcı gənclərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etməkdir.

 

Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan bütün şəxslər müsabiqədə iştirak edə bilərlər.

Hər iştirakçı yalnız bir videoçarx ilə müsabiqəyə qoşula bilər. İştirakçının yaş məhdudiyyəti yoxdur. Videoçarxlar MP4 və ya MOV formatında qəbul edilir (1920X1080 ölçüdə).

Videoçarxların müddət 30 saniyə - 5 dəqiqə həcmində olmalıdır. Videoçarxlarda istifadə edilən materialların müəllif hüquqları məsələləri ilə bağlı videomaterialın müəllifi məsuliyyət daşıyır.

 

Tələb olunan sənədlər: 

 

Müəllifin şəxsiyyət vəsiqəsinin (xarici vətəndaşlar üçün daimi yaşayış icazələrinin) surəti;

Müəllifin CV-si (əlaqə məlumatları göstərilməklə)

Sənədlərin qəbulu 1 iyul – 31 oktyabr 2022-ci il tarixlərində elektron şəkildə mövzunun adı qeyd edilməklə (“Qarabağın tarixi”) Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.   poçt ünvanı vasitəsilə aparılır.

Qalibləri C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək.

Qalib müəlliflər müvafiq olaraq 1000, 800 və 500 manat məbləğində pul mükafatı və diplomla mükafatlandırılacaq.

Müsabiqənin qaliblərinin adları 2022-ci il noyabr ayının 7-dək nazirliyin və “Azərbaycanfilm” kinostudiyasının internet informasiya ehtiyatlarında (www.culture.gov.az  / www.azerbajanfilm.az ) və “Mədəniyyət” qəzetində elan olunacaq.

Əlavə məlumat üçün (012) 430-87-84 / 85 telefon nömrəsi ilə əlaqə saxlamaq olar.

 

Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov AzərTAC-a verdiyi müsahibəsini diqqətinizə çatdırırıq. 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 21-22-də Özbəkistan Respublikasına dövlət səfəri dost və qardaş ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın inkişafında tamamilə yeni səhifə açdı. Dövlətlərimizin başçılarının da vurğuladıqları kimi, ikitərəfli münasibətlərimizdə humanitar, o cümlədən mədəni əlaqələrin inkişaf etdirilməsi xüsusi önəm daşıyır. 2010-cu ildən Daşkənddə fəaliyyətə başlayan, Azərbaycanı, xalqımızın zəngin mədəniyyətini Mərkəzi Asiyada, qardaş Özbəkistanda geniş təbliğ edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına mühüm töhfələr verməkdədir. Mərkəzin direktoru Samir Abbasov Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin inkişafı, Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə bağlı sualları cavablandırıb. 

 

- Samir müəllim, əvvəlcə, müsahibəyə görə Sizə təşəkkürümüzü bildiririk. Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin əsas missiyası barədə fikirlərinizi bilmək maraqlı olardı.

 

- Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı 2010-cu il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı olub. Mərkəzin rəsmi açılış mərasimində Prezident İlham Əliyev və Özbəkistan Respublikasının ovaxtkı Baş naziri (indiki Prezident) Şavkat Mirziyoyev ediblər.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi ölkələrimiz arasında mədəniyyət, elm, təhsil, turizm, mətbuat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsidir. 

Azərbaycan Mədəniyyət Mərkəzinin həyətində ulu öndər Heydər Əliyevin büstü ucaldılıb. Mərkəzdə 4 muzey (Heydər Əliyev Muzeyi, Azərbaycan tarixi və dövlətçiliyi muzeyi, Azərbaycan-Özbəkistan Dostluq Muzeyi, Azərbaycan xalçaları Muzeyi), “Azərbaycan milli libasları” adlı daimi sərgi salonu, kitabxana, habelə kurs və dərnəklər fəaliyyət göstərir. Xarici ölkələrdə ilk dəfə olaraq 2013-cü ildə Mərkəzin nəzdində Azərbaycan dili kursları fəaliyyətə başlayıb. Kurslar Azərbaycandan dəvət edilmiş tanınmış pedaqoq tərəfindən aparılır. 

Ötən illərdə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində özbək dilində Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyəti, ədəbiyyatı, turizmi, habelə Ermənistanın Azərbaycana təcavüzünə dair 97 adda kitablar çap edilib, musiqi diskləri buraxılıb, Özbəkistanın aparıcı şəhərlərində Azərbaycan mədəniyyəti, musiqisi, ədəbiyyatı günləri keçirilib, hər iki ölkənin alimlərinin, mədəniyyət xadimlərinin, jurnalistlərinin iştirakı ilə yüzlərlə konfrans, seminar, təbliğat və təqdimat layihələri, yubileylər, mediaturlar, dostluq konsertləri keçirilib. 

Hər il Mədəniyyət Mərkəzimizin təşkilatçılığı ilə Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilir. Bu konfranslarda Azərbaycanın məşhur mədəniyyət xadimləri ilə yanaşı, alimlərimiz və ziyalılarımız da iştirak edirlər. Ötən il Qarakalpakıstan Respublikasının Nukus şəhərində, Xarəzm vilayətinin Urgənc və Xivə şəhərlərində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilib. Bu il isə Termez şəhərində təntənəli Azərbaycan mədəniyyəti günləri keçirdik ki, bu tədbirlərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Mill Məclisimizin Mədəniyyət komitəsinin rəhbərliyi, çoxsaylı qonaqlar iştirak ediblər.

Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalında Özbəkistanın məşhur “Bahar” rəqs ansamblı iştirak edib. Azərbaycan Dövlət Rəqs Kollektivi isə Xarəzmin Xivə şəhərində keçirilən beynəlxalq rəqs festivalında iştirak edib və qalib gəlib. 

İki ildən bir keçirilən “Şərq təranələri” musiqi festivalında Azərbaycan musiqiçiləri, sənətçiləri də iştirak edirlər. Bu festivalın 1997-ci ildə ilk qalibi də Azərbaycan Respublikasının Xalq artisti Simarə İmanova olub. Festivalda Azərbaycanın muğam ustadı Alim Qasımov, Əməkdar artistimiz, tarzən Sahib Paşazadə qran-pri mükafatına layiq görülüblər.

Ötən il Özbəkistanın Xivə şəhərində TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirlərinin sessiyasında da iki ölkənin mədəniyyət nazirləri arasında mədəni əlaqələrin daha da genişləndirilməsinə dair görüş və faydalı danışıqlar aparılıb və bu istiqamətdə bir sıra razılıqlar əldə olunub. Bir sözlə, iki dövlət və iki xalq arasında mədəni əməkdaşlıq dərin köklərə malikdir və bu gün dinamik inkişaf edir.

Qeyd etmək istəyirəm ki, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən dostluq əlaqələrimizi, habelə tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı və ölkəmizin turizm imkanlarını təbliğ etmək məqsədilə Özbəkistanın aparıcı ali məktəblərində Azərbaycan ocaqları yaradılıb. Bu ocaqlar iki xalq arasında dostluğumuzu, mədəniyyət, təhsil müəssisələri arasında əməkdaşlığı geniş təbliğ edirlər. Daşkənddəki Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində, Özbəkistan Dövlət Konservatoriyasında, Səmərqənd Dövlət Universitetində, Özbəkistanın İncəsənət və Mədəniyyət İnstitutunda, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində, Acıniyoz adına Nukus Pedaqoji İnstitunda və Termez Dövlət Universitetində Azərbaycan ocaqları fəaliyyət göstərir.

 

- Özbəklərlə azərbaycanlılar iki qardaş xalqdırlar. Ortaq mədəni dəyərlərimiz var. Mərkəz bu mədəni dəyərlərin inkişafı üçün hansı tədbirlər həyata keçirir?

 

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana tarixi dövlət səfəri qardaş ölkələrimiz və xalqlarımız arasında bütün istiqamətlərlə yanaşı, mədəniyyət sahəsində də əlaqələrimizin inkişafında yeni bir səhifə açdı. Təsadüfi deyil ki, Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev görüşlərdə, eləcə də Azərbaycan Prezidentinin şərəfinə Özbəkistanın Xarəzm bölgəsində verilən konsert zamanı incəsənət ustaları ilə söhbətdə mədəniyyəti bizi birləşdirən əsas dəyər olduğunu qeyd etdilər. Prezidentlərimiz dövlətlərimiz və xalqlarımız arasında birliyə, həmrəyliyə nail olmaq üçün ən əsas amilin mədəniyyət olduğunu dəfələrlə vurğuladılar. 

Özbək xalqı Azərbaycan xalqına olduqca yaxındır. Dilimiz, mədəniyyətimiz, adətlərimiz, mətbəximiz bir-birinə çox yaxındır. Kökümüz, dinimiz eynidir və uzun illər biz bir sovet ailəsində yaşamışıq, bundan öncə də azərbaycanlılar daim Türküstanın, Ozbəkistanın mədəni həyatında fəal olublar. 

Xalqlarımız arasında dostluğun, əlaqələrin tarixi isə orta əsrlərə təsadüf edir. Bu yaxınlıq Nizami Gəncəvi, Əlişir Nəvai və Məhəmməd Füzuli arasındakı ədəbi və dostluq əlaqələrindən başlayır. 

Əşişir Nəvai Nizami Gəncəvini ustadı və ilhamvericisi hesab edib, Nizaminin “Xəmsə”sini “Beş xəzinə” deyə şərəfləndirib. Nəvai hər dastanının başlanğıcında Nizamiyə məhəbbət və hörmət əlaməti olaraq xüsusi səhifələr yazıb.

Orta əsrlərdən Azərbaycan və özbək xalqları arasındakı əlaqələrin yüksək səviyyədə olmasının əsas səbəbi onların eyni kökə, ənənələrə, dilə malik olması ilə əsaslandıra bilərik. Nəvai özündən sonra gələn Azərbaycan şairlərinin - Kişvəri, Xətai və Füzulinin və başqalarının yaradıcılığına təsir edib.

Sovet dövründə də bu əlaqələr davam edib, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə Özbəkistanın ovaxtkı rəhbəri Şərəf Rəşidov arasında böyük dostluq münasibətləri olub. 

Biz Azərbaycan Mədəniyyət Mərkəzi daim xalqlarımızın malik olduğu ortaq dəyərləri təbliğ edirik. Məsələn, Novruz bayramı, muğam sənəti, aşıq sənəti, milli atüstü oyun (çövkən), el məclisləri və onlarla bu cür dəyərlər, oxşar xüsusiyyətlər xalqlarımızın bir-birinə yaxın olduğunu bir daha göstərir. Daim keçirilən çoxsaylı tədbirlərdə bu dəyərlərimizi təqdim edir və bu istiqamətdə həm tədbirlərdə, həm mətbuatda, həm də görüşlərimizdə, təqdimatlarda iş aparırıq. 

Biz, həmçinin Özbəkistanda yaşayıb yaratmış azərbaycanlıların irsini də geniş təbliğ edir, onların xatirəsini əbədiləşdiririk. Məlumat üçün bildirim ki, Özbəkistanda tanınmış azərbaycanlılar Seyid Rza Əlizadə, Maqsud Şeyxzadə, İxtiyar Rza, Eynulla Əliyev, Yusif Hüseynov, Kaykep Aliyevanın yaşadıqları evlərinin üzərində onların barelyefləri açılıb, onların xatirəsinə dair tədbirlər təşkil edilir. Çünki onlar iki xalq arasında dostluq körpüsü olaraq xalqlarımızı bir-birinə daha da yaxınlaşdırıb və bu gün də onların irsi xalqlarımız arasında dostluq körpüsü rolunu oynayır.

Qeyd etmək istəyirəm ki, Mədəniyyət Mərkəzimizdə hazırda yüksək səviyyədə Azərbaycan-Özbəkistan Dostluq Muzeyi təşkil edilir. Bu muzeydə olan əksər eksponatlar, guşələr bizim ortaq dəyərlərimizə həsr edilib. Biz bu il ərzində Dostluq Muzeyinin açılışını planşaşdırırıq.

 

- Samir müəllim, mədəni əlaqələr arasında turizm sahəsi xüsusi yer tutur. Mərkəz son dərəcə perspektivli və böyük potensialı olan bu sahədə əlaqələrimizin inkişafına nə kimi töhfələr verir?

 

- Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada rəngarəng turlar reallaşdırmaq mümkündür. Ölkəmizdə dəniz, dağ, düzənlik, gözəl göllər, sıx meşələr, təkrarsız təbiət, ekoturizm, ləziz yeməklər, qədim tarix, habelə müasir şəhərləri ziyarət etmək mümkündür. Azərbaycan həm də müalicəvi mərkəzlərlə də şöhrət qazanıb. 

Keçirdiyimiz bütün, xüsusilə beynəlxalq tədbirlərdə Azərbaycanın turizm imkanlarını geniş təbliğ edirik. Ölkəmizdə həyata keçirilən nəhəng infrastruktur layihələri, Bakının və regionların turizm potensialı, istirahət mərkəzlərini həm videomateriallarla, həm də fotosərgilərlə geniş təbliğ edirik. 

Ölkəmizdə olan özbəklər Azərbaycanın qısa zamanda böyük nailiyyətlər əldə etdiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionlarının da simasının tamamilə dəyişdiyini, bütün bölgələrdə müasir xidmət sahələrinin yaradılmasını, otellərin səviyyəsini yüksək qiymətləndirirlər. 

Özbəkistanda keçirilən beynəlxalq sərgi və yarmarkalarda apardığımız monitorinqə əsasən, özbək turistlər əsasən, paytaxt Bakıya, regionlarda isə Naftalan sanatoriyalarına geniş maraq göstərdiyi məlum olub. Bu istiqamətdə ötən illərdə təbliğatı daha da gücləndirdik. 

Artıq Naftalandakı turizm mərkəzlərinin təmsilçilərinin verdiyi məlumata görə, son illərdə Özbəkistandan Naftalana gələn özbək turistlərin sayı əhəmiyyətli dərəcədə artıb. Lakin iki ildən çox davam edən pandemiya bu işi yarımçıq qoydu. Turizm sahəsində əlaqələr indi yenidən genişlənməyə başlayıb. Artıq Bakı-Daşkənd reysləri bərpa olunub və həftədə beş dəfə birbaşa reyslər həyata keçirilir. Gələcəkdə reyslərin sayının daha da artırılması gözlənilir. Düşünürəm ki, post-pandemiya dövründə biz təbliğatı yenidən gücləndirmək, reysləri artırmaqla iki ölkə arasında turizm sahəsində yenidən canlanmanı təmin edə bilərik. 

Mərkəzimiz təbliğat işini daha səmərəli aparmaq üçün tez–tez Azərbaycanın turizm imkanlarına dair Özbəkistanın aparıcı xəbər saytlarında məqalələr yayımlayır, televiziya kanallarında verilişlər nümayiş etdirilir. Azərbaycan Dövlət Turizm Agenliyi bu istiqamətdə Özbəkistanın Turizm və Mədəni İrs Nazirliyi ilə sıx əməkdaşlıq edir. 

Özbəkistan da Azərbaycandan öz ölkəsinə daha çox turist cəlb etməyə çalışır. Regionun aparıcı ölkəsi olan Azərbaycandan hər il xeyli sayda vətəndaşımız turist kimi dünyanın müxtəlif ölkələrinə gedirlər. Biz Azərbaycan vətəndaşlarına həm tarix, həm zəngin mədəniyyət, həm də gözəl təbiəti olan qardaş ölkəni - Özbəkistanı da ziyarət etməyi tövsiyə edirik.

 

- Özbək mətbuatında Azərbaycanın təbliğ edən materiallara tez-tez rast gəlinir. Bu istiqamətdə görülən işlər barədə məlumat verməyinizi xahiş edirik. 

 

- Qeyd etmək istəyirəm ki, dövlətimizin reallaşdırdığı uğurlu xarici siyasətə uyğun olaraq, biz də ölkəmizin təbliği, Azərbaycan həqiqətlərinin dünyada yayılması məqsədilə fəaliyyətə başladığımız ilk gündən etibarən yerli mətbuatla sıx əməkdaşlıq qurmuşuq və bu məqsədlə çoxsaylı layihələr həyata keçiririk. 2013-cü ildən etibarən hər il ənənəvi olaraq Özbəkistan mətbuat qurumları arasında müsabiqə keçiririk. Belə ki, Azərbaycan, onun tarixi, mədəniyyəti, ədəbiyyatı, turizm potensialı, Qarabağ həqiqətləri, Xocalı soyqırımı, ölkəmizin məruz qaldığı işğalçılıq siyasəti haqqında Özbəkistan mətbuatında yüzlərlə məqalə, televiziya kanallarında çoxsaylı verilişlər yayımlanır, Azərbaycana dair əsərlər tərcümə edilir, kitablar çap olunur. 

Hər ilin yekununda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Mərkəzimizdə sözügedən müsabiqəyə yekun vurulur, elan olunmuş müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilir, Azərbaycana dair ilin ən yaxşı televiziya verilişləri, Azərbaycan, onun tarixi, mədəniyyəti, ədəbiyyatı, turizmi, habelə iki ölkə arasında dostluğumuzu fəal təbliğ edən özbək saytları Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplomları, pul mükafatları ilə təltif olunurlar. İlin ən yaxşı tərcümə əsərləri, fəal alimləri, dostluq və əməkdaşlığımızı təbliğ edən ictimaiyyət nümayəndələri, diaspor fəalları da mükafatlandırılırlar. Ənənəvi olaraq müsabiqədə qalib gələn Özbəkistanın aparıcı media qurumlarının, mətbuat nümayəndələrinin Azərbaycana mediaturu təşkil edilir. Nümayəndə heyətində müxtəlif telekanallar, aparıcı xəbər agentlikləri, saytların rəhbərləri və təmsilçiləri, fotomüxbirlər, operatorlar iştirak edirlər.

Vurğulamaq istəyirəm ki, Mərkəzimizin Azərbaycanın müvafiq qurumları, habelə səfirliyimizin dəstəyi ilə reallaşdırdığı bu layihə -mediaturun faydalı və uğurlu nəticələri olur, özbək mətbuatında ölkəmizə dair çoxsaylı verilişlər və məqalələr yayımlanır.

Artıq biz pandemiyadan sonra 2021-ci ildə özbək jurnalistlərin Azərbaycana mediaturunu təşkil etmişik. Ötən müddət ərzində üç dəfə qardaş ölkənin jurnalistlərinin Ermənistan işğalından azad olunan bölgələrimizə - Şuşaya və Füzuli rayonuna mediaturunu təşkil etmişik. Bu iş tərəfimizdən davam etdirilir.

 

- Bir vaxtlar Azərbaycanın mədəniyyət xadimləri Özbəkistana səfər edər və orada tədbirlər keçirərdilər. Analoji tədbirlər yenə keçirilirmi?

 

- Ötən əsrin 70-80-ci illərində hər iki ölkədə Azərbaycanın və Özbəkistanın ədəbiyyat və mədəniyyət günləri keçirilib və bu tədbirlər nəinki paytaxt Bakıda, həm də regionlarda da uğurla təşkil olunub. Bu tədbirlərdə hər iki ölkənin tanınmış şairləri, mədəniyyət xadimləri iştirak edirdilər. Azərbaycanda keçirilən “Özbəkistan ədəbiyyatı və incəsənəti günləri” çərçivəsində özbək ədəbiyyat və mədəniyyət xadimləri ölkəmizin Lənkəran şəhərində olaraq çoxsaylı görüşlər keçirmişdilər. Səfər zamanı Özbəkistanın Xalq şairi Zülfiyyəyə Azərbaycanın Lənkəran şəhərinin fəxri vətəndaşı adı verilmişdi. 

Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovaya Özbəkistanın Xalq artisti adı verilmişdi. Mən hörmətli sənətkarımızın konsert proqramlarının lent yazılarına baxanda ona özbək xalqının nə qədər məhəbbətlə yanaşdığının şahidi oluram. Bu gün də Azərbaycan mədəniyyətinə, musiqisinə, ümumiyyətlə Azərbaycana eyni sevgi, eyni maraq var. 

Azərbaycan Mədəniyyət Mərkəzi hər il Daşkəndlə yanaşı, regionlarda da “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” təşkil edir. Bu tədbirlərdə Azərbaycanın tanınmış mədəniyyət, incəsənət ustaları, şair və yazıçıları, ədəbiyyatşünas alimləri iştirak edirlər.

 

- Samir müəllim, artıq neçə illərdir ki, mədəniyyət sahəsində qardaş Özbəkistanda fəaliyyət göstərirsiniz. Qardaş Özbəkistanın Azərbaycan üçün əhəmiyyəti, onun mədəniyyəti haqqında fikirlərinizi bilmək maraqlıdır.

 

- Özbəkistan Türk dünyasının aparıcı ölkələrindən biri, qədim tarix, zəngin mədəniyyətə malik qardaş məmləkətdir. Mərkəzi Asiyanın ən çox əhalisi olan ölkəsidir. Otuz beş milyon əhalisi olan Özbəkistanın Səmərqənd, Xivə, Buxara, Termez, Şəxri Səbz, Kokand kimi tarixi abidələrlə zəngin şəhərləri var. Özbəkistanda 12 vilayət, bir muxtar statusa malik Qaraqalpakstan Respublikası mövcuddur. 

Özbək mədəniyyəti Şərqin ən parlaq və orjinal nümunələrindən biridir. Onun misilsiz memarlıq nümunələri, əl işləri, musiqisi, rəsmləri, özünəməxsus mətbəxi, geyim mədəniyyəti var. Özbəklər özlərinin klassik və könül oxşayan xalq mahnıları ilə məşhurdurlar. Özbək klassik musiqisi “Şaşməqam” adlanır. Bu muğam sənətinin bir növüdür və XVI əsrin sonlarında Buxarada formalaşıb. 

XX əsrin 50-ci illərindən başlayaraq burada klassik musiqilərin ifası radiolarda qadağan edilib, adları dəyişdirilərik “feodal musiqisi” adlandırılıb. “Şaşməqam” Azərbaycan və uyğur muğamları ilə yaxındır. 

Özbəkistanda tarixi şəxsiyyətlərin, böyük əcdadların ənənələrinin təbliği yüksək səviyyədə həyata keçirilir, bu iş KİV-də, keçirilən bütün tədbirlərdə, mərasimlərdə prioritet istiqamətlərdəndir. 

İbn Sina, Termezi, Əlişir Nəvai, Mirzə Uluqbəy, Əmir Teymur, Zaxirəddin Babur, Cəlaləddin Mənguberdi və s. şəxsiyyətlərin həyat və fəaliyyətləri, onların zəngin irsini gələcək nəsillərə çatdırılması üçün hər il yeni layihələr işlənir. 

Qardaş ölkə son zamanlar inkişafını yaşayır və burada çoxsahəli islahatlar həyata keçirilir. Özbəkistan əsasən ağır və yüngül sənaye, habelə kənd təsərrüfatı, turizm sahəsində yeni-yeni uğurlara imza atır. 

Otuz beş milyonluq əhalisi olan və Mərkəzi Asiya, Türk dövlətləri arasında xüsusi strateji əhəmiyyəti, ən əsası böyük mədəniyyət beşiyi olan qardaş ölkənin uğurları – Prezident Şavkat Mirziyoyevin də elan etdiyi Yeni Özbəkistanın nailiyyətləri bizi sevindirir. Həm insan, həm ərazi resurslarını, həm də aparılan bu işləri, islahatları nəzərə alsaq gələcəkdə Türk Dövlətləri Təşkilatının üzvü olan Özbəkistanın böyük perspektivi və Asiyanın qüdrətli ölkəsinə çevriləcəyi şübhə yaratmır. 

Təbii ki, Azərbaycan dövlətinin başçısının bu səfəri Özbəkistanla ölkəmiz arasında mədəni əlaqələrin inkişafına da ciddi təkan verəcək. Dövlətlərimizin başçılarının siyasi iradəsi ilə yaxın gələcəkdə daha da genişlənəcək iqtisadi-siyasi münasibətlərimizin fonunda Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin də inkişaf edəcəyinə, miqyas və mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoymasına şahid olacağıq.

Şənbə, 25 İyun 2022 11:00

Musiqi Şuşaya necə qayıtdı

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi “Şuşa İli” münasibətilə mart ayından “Şuşa söhbətləri” (Shusha talks) layihəsini həyata keçirir. İyunun 24-də Beynəlxalq Muğam Mərkəzində layihə üzrə “Musiqinin Şuşaya qayıdışı” mövzusuna həsr olunmuş ikinci görüş təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbiri  açıq elan edən Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə layihə haqqında məlumat verdi. Bildirdi ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 270 illiyi münasibətilə ölkəmizdə “Şuşa İli” elan edilib: “Mədəniyyət Nazirliyi olaraq məqsədimiz Şuşa mədəniyyətinin dirçəlişi üçün bir sıra istiqamətlərdə layihələr həyata keçirməkdir. Layihənin əsas məqsədi Qarabağın, onun tacı Şuşanın dirçəlişi ilə bağlı mədəniyyət sahəsində tanınmış şəxslərin fikirlərini öyrənməkdən ibarətdir. İlk görüşdə bir neçə təşəbbüs irəli sürülüb və uğurla reallaşdırılıb. Bugünkü görüş də məhz bu ideyaya xidmət edir. Layihə çərçivəsində ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, blogerlər və yaradıcı sənayenin nümayəndələrinin “Şuşa İli” ilə bağlı nazirliklə əməkdaşlığını genişləndirmək məqsədilə görüşlər keçiriləcək, fikir mübadiləsi aparılacaq”.

 

Məryəm Qafarzadə dedi ki, nazirliyin bütün layihələrində Şuşanın tarixi-mədəni zənginlikləri həm Azərbaycanda, həm də beynəlxalq aləmdə təbliğ olunacaq: “Dövlət başçısı tərəfindən 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunması və Xurşidbanu Natəvanın 190 illiyinin keçirilməsinə dair sərəncamların icrası ilə əlaqədar Mədəniyyət Nazirliyinin üzərinə böyük vəzifələr düşür. “Şuşa söhbətləri” layihəsində biz sizlərin bu sərəncamların icrası ilə bağlı layihələrdə və proseslərdə müvafiq tövsiyə və təkliflərinizi nəzərə alacağıq”.

 

Daha sonra şöbə müdiri “Şuşa söhbətləri” layihəsi ilə bağlı təqdimat etdi. Layihədə Qarabağın zəngin mədəni irsi, tarixi, ədəbi mühiti, memarlığı, musiqisi və digər sahələri əhatə etdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, layihə çərçivəsində “Vətənin özü tarixin gözü ilə”, “Şuşa qalası” bölmələri də ictimaiyyətə təqdim olunacaq. M.Qafarzadə həmçinin “Şuşa İli” ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq olunan Tədbirlər Planı haqqında da məlumat verdi.

 

Təqdimatdan sonra “Şuşa söhbətləri”nin qonaqları səhnəyə dəvət olundu. Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin əməkdaşı Leyla Sarabinin moderatorluğu ilə keçən tədbirdə Xalq artisti, “Cəngi” estrada folklor ansamblının rəhbəri Mircavad Cəfərov, Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri Rüfət Xəlilzadə, Əməkdar artistlər Aybəniz Haşımova və Nuriyyə Hüseynova, tarzən Arslan Növrəsli Şuşada “Xarıbülbül” festivalında iştirakları və yaşadıqları təəssüratı bölüşdülər. Natiqlər xalqımıza Qələbə qüruru yaşatdığı üçün Ali Baş Komandana və şanlı Ordumuza təşəkkür etdilər.

 

Əcdadları Şuşadan olan Arslan Növrəsli bildirdi ki, Şuşa şəhərinə səfəri zamanı babası, görkəmli şair Mirzə Ələsgər Növrəsin məzarını ziyarət edib. Nuriyyə Hüseynova Vətən müharibəsində oğlu və kürəkəninin, bacısı oğlunun döyüşdüyünü qeyd edib. Aybəniz Haşımova ömür yolunda bir Qarabağ imzası olduğunu və bir vətəndaş olaraq bundan qürur duyduğunu vurğuladı. Mircavad Cəfərov və Rüfət Xəlilzadə çıxışları zamanı milli ruhun, milli kimliyin Qarabağa, Şuşaya qayıdışından söz açdılar. Vurğulandı ki, “Şuşa söhbətləri” layihəsi ilə qədim şəhərimizin dəyərlərini təbliğ edərək musiqimizi, mədəniyyətimizin ruhu doğma məkana qaytarıldığına görə bütün sənət adamları fəxr duyur.

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Əməkdar artisti Timur Bədəlbəyli ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Yarat Müasir İncəsənət Məkanın birgə layihəsi olan "Mədəni yenilənmə" çərçivəsində Bakıya səfər edən aktyorla görüşdə teatrın inkişaf perspektivləri, mümkün birgə layihələr müzakirə edilib.

Timur Bədəlbəyli B.Şukin adına Moskva Ali Teatr Məktəbinin (Y.Lyubimovun kursu) məzunudur. Təhsilini bitirdikdən sonra Taqanka Teatrının truppasına dəvət olunur və tez bir zamanda bu teatrın aparıcı aktyoruna çevrilir. O, “Əlvida, cənub şəhəri” filmindəki roluna görə “Şərq-Qərb” Beynəlxalq Film Festivalının (2006) və Batumi Beynəlxalq Arthaus Filmləri Festivalının (2007) mükafatlarına layiq görülüb.

 

“TÜRKPA ilə birgə keçiriləcək layihələrə dəstək verməyə hazırıq.”

 

Bu sözləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğızıstanın Çolpon-Ata şəhərində “Parlament diplomatiyası – etimad və tərəfdaşlığın əsası” mövzusunda keçirilən TÜRKPA-nın 11-ci Plenar iclasında söyləyib. 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, iclasda TÜRKPA-ya üzv dövlətlərin parlament sədrləri, millət vəkilləri, beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə yanaşı, TURKPA, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY və Türk Akademiyasının rəhbər və nümayəndələri iştirak ediblər. 

İclasda çıxış edən Fondun prezidenti, qardaş təşkilat TÜRKPA-nın bugünkü toplantısında türk dünyasının gələcəyinə dair əhəmiyyətli məsələlərin müzakirə ediləcəyinə və mühüm qərarların qəbul olunacağına inandığını vurğulayıb. Fond ilə TÜRKPA arasında tərəfdaşlıq münasibətlərinin mövcudluğuna toxunan Günay Əfəndiyeva, iki beynəlxalq türk təşkilatının hər zaman bir-birinin yanında olduğunu qeyd edib. 

Günay Əfəndiyeva türk xalqlarının qədim irsinin qorunması və gənc nəsillərə sağlam ötürülməsi istiqamətində əməkdaşlığın gücləndirilməsinin vacibliyindən söz açaraq, birgə keçiriləcək layihələrlə bu əlaqələri möhkəmləndirməyə hər zaman hazır olduqlarını bildirib.

Günay Əfəndiyeva Fond tərəfindən təşkil olunan tədbirlərlə türk dünyasının tarixi, mədəniyyəti, incəsənəti haqqında danışıldığını, türk xalqlarının ədəbiyyatının, folklorunun, adət-ənənələrinin yad edildiyini vurğulayıb. Fondun prezidenti türk əməkdaşlıq təşkilatlarının dövlət başçılarının göstərdikləri etimada əsasən hərtərəfli əməkdaşlığın inkişafı üçün bütün səyləri birləşdirməsinin önəminə toxunub.

 

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Özbəkistan Respublikasından Azərbaycana qonaq gəlmiş şair, tərcüməçi, Daşkənd İnsan Hüquqları İnstitutunun direktoru Gülzira xanım Şaripova ilə yazıçı və şairlərin görüşü keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, AYB sədri, xalq yazıçısı Anar Gülzira Şaripovanı AYB-nin fəxri üzvlüyünə qəbul edilməsi münasibətilə təbrik edib. 

Tədbirdə yazıçı-publisist  Nazim Əhmədli AYB-nin fəxri üzvülük vəsiqəsini Gülzira xanıma təqdim edib.

Gülzira xanımı yazıçı və şair dostları ürəkdən təbrik edərək yaradıcılığında uğurlar arzulayıblar.

 

 

Safurə Quliyeva – Nigar Rəfibəyli poeziyası – şairin taleyi

 

Adəm (Nizami Hüseynov) – “Yaddaş” (Hekayə)

 

Elvin İntiqamoğlu – Şeirlər

 

“Bütün yazarlar üçün qonorar maddi gəlir olmaqla yanaşı, həm də motivasiya mənbəyidir” – “Fikir bucağı”nın qonağı yazıçı Vüsal Oğuzdur (Söhbətləşdi: Tural Cəfərli)

 

Mübariz Örən – “Qum adası” (Hekayə)

 

İsa Həbibbəyli – Sentimentalizm, Ələkbər Qərib və “Məktəbli qız” hekayəsi (Ələkbər Abbasovun “Məktəbli qız” hekayəsi Lalə Həsənovanın tərcüməsində)

 

Nəriman Həsənzadə - Rüstəm Kamalın yaradıcılıq mühiti və filoloji esseləri

 

İlham Qəhrəman – Şeirlər

 

Lütviyyə Əsgərzadə - Fani ikən əbədi olanlar: Şeyx Məhəmməd Rasizadə

 

Südabə Ağabalayeva – “Mən səni sevirəm azadlıq qədər” (Böyükağa Qasımzadə haqqında)

 

Cavanşir Yusifli – Özünü yandıranlar və ya ümid yeri olmaq məşəqqətlidir

 

Rumın əsilli fransız yazıçısı Ejen İoneskonun “Hiddət” film ssenarisi Azad Yaşarın tərcüməsində

 

Səlim Babullaoğlu – Keçmişə gələcək naminə (Qurultayqabağı məruzə)

 

Əsəd Cahangir – Savaş sözdən başlayır (Elxan Zalın doğum gününə)

 

Tərlan Quliyev – Çankırı səfərinin töhfəsi

 

Aslan Cəfərov – Tək inci – xan qızı Natəvan

 

Ay Bəniz Əliyar – Bir daha xoş gördük, Poeziya Evi!

 

İlqar Türkoğlu – “Kazan Odları-100”

 

Vaqif Nəsib – Mirzə Baxış irsinə yeni baxış

 

Rübabə Şirinova – Xan qızı Natəvanın İrəvan xanlığı ilə qohumluğu

 

Mənbə: Edebiyyatqazeti.az

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.