Super User

Super User

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşları üçün 28-29 iyun 2022-ci il tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən “İnsan resurslarının idarə edilməsinə ümumi baxış” mövzusunda təlim keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təlim zamanı DİM-in əməkdaşı Miranə Rüstəmli tərəfindən iştirakçılara insan resurslarının idarə edilməsinin əsas funksiya və prinsipləri, əmək bölgüsü və əmək kooperasiyasının növləri, vəzifə təlimatlarının düzgün müəyyənləşdirilməsi qaydaları, kadrların seçilməsi, yerləşdirilməsi, kadr siyasəti, kadrlarla aparılan işlərin əsas prinsipləri, problemləri, müsahibələrdə səriştələrin müəyyənləşdirilməsi metodları və s. məsələlər barədə ətraflı məlumat verilib.

Həmçinin təlim zamanı iştirakçılara motivasiyanın əhəmiyyəti, müasir motivasiya metodları, işçiləri motivasiya edən amillər, motivasiyanın prinsip və faydaları,  münaqişə situasiyaları və onların yaranma səbəbləri, münaqişələrin həlli yolları, iş yerlərində stresin idarə olunması və s. məsələlər də izah edilib.

 

Azərbaycan-Gürcüstan əlaqələri çox qədim tarixi köklərə malikdir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Möhkəm tarixi zəmin üzərində qurulmuş Azərbaycan-Gürcüstan münasibətləri bu gün hər iki ölkə rəhbərliyinin diqqəti və himayəsi sayəsində uğurla inkişaf edir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan və Gürcüstan muzeyləri arasında təcrübə mübadiləsinin aparılması məqsədilə Gürcüstan Milli Muzeyinin baş direktoru, Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Fəxri doktoru, tanınmış antropoloq və arxeoloq, Azərbaycan mədəniyyətinə böyük töhfə vermiş David Lordkipanidzenin Azərbaycana səfəri baş tutub. 

27-30 iyun tarixlərini əhatə edən səfər çərçivəsində David Lordkipanidzenin Azərbaycan Milli İncəsənət Muzeyində "Afrikadan ilk insanlar, Qafqazdan baxış" adlı mühazirəsi baş tutub. Mühazirədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı, həmçinin arxeoloqlar, tarixçilər və sahə üzrə mütəxəssislər iştirak edib. Mövzü barədə geniş təqdimatla çıxış edən D. Lordkipanidze antropologiya və arxeoloqiya sahəsində aparılan tədqiqatlar və yeniliklər barədə bir sıra məqamlara toxunmuş və yeni açılan Bolnisi Muzeyi haqqında ətraflı məlumat verib. Mühazirə iştirakçıların suallarının cavablandırılması və bir sıra məsələlərin müzakirələri ilə davam edib.

 

Sual- cavab rubrikasında “Ədəbiyyat və incəsənət” portalı oxucu L.Əşrəfovanın xahişi ilə builki “Cannes Lions” (Kann şirləri) beynəlxalq yaradıcılıq festivalı barədə bilgi verir. 

 

Cari ilin 20– 24 iyun tarixlərində Fransanın Kann şəhərində “Cannes Lions 2022” beynəlxalq yaradıcılıq festivalı növbəti dəfə baş tutub. Festivalda “Young Lions Azerbaijan 2022” müsabiqəsinin Azərbaycan üzrə qalibləri, təşkilatçılar, o cümlədən rəsmi nümayəndələr iştirak ediblər. 

Bu mötəbər festivalda “Meta”, “Twitter”, “Spotify”, “Warner Bros”, “Pinterest”, “Amazon” kimi qlobal brendlər təmsil olunurdular. Tədbir ərzində dünyanın müxtəlif ölkələrindən olan peşəkarların, yaradıcı sənaye nümayəndələrinin, o cümlədən Peris Hilton, Rayn Reynolds, Patrik Stüart kimi məşhur şəxslərin çıxışları, panel sessiyaları baş tutubdur.

Nəzərinizə çatdırırıq ki, müsabiqənin Azərbaycan üzrə yerli mərhələsində qalib olmuş 4 nəfər iştirakçı Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu festivalda iştirak etmişdir.

Əlbəttə ki, belə möhtəşəm bir atmosferdə olmaq azərbaycanlı gənclər üçün yardıcılıq baxımından çox əhəmiyyətli olacaq. Çünki “Cannes Lions” dünyanın reklam-dizayn sahəsində ən nüfuzlu festivalı hesab olunur.

 

Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edir. Müsabiqənin məqsədi Qarabağın qədim tarixi və zəngin mədəniyyətini təbliğ etmək, yaradıcı gənclərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etməkdir.

 

“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən müsabiqənin qəbul şərtlərini təqdim edir:

Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan bütün şəxslər müsabiqədə iştirak edə bilər.

Hər iştirakçı yalnız bir videoçarx ilə müsabiqəyə qoşula bilər.

İştirakçının yaş məhdudiyyəti yoxdur.

Videoçarxlar MP4 və ya MOV formatında qəbul edilir (1920X1080 ölçüdə)

Videoçarxların müddəti maksimum 3 dəqiqə həcmində olmalıdır.

Videoçarxlarda istifadə edilən materialların müəllif hüquqları məsələləri ilə bağlı videomaterialın müəllifi məsuliyyət daşıyır.

 

Tələb olunan sənədlər:                                                              

Müəllifin şəxsiyyət vəsiqəsinin (xarici vətəndaşlar üçün daimi yaşayış icazələrinin) surəti;

Müəllifin CV-si (əlaqə məlumatları göstərilməklə)

 

Sənədlərin qəbulu 1 iyul – 20 oktyabr 2022-ci il tarixlərində elektron şəkildə mövzunun adı qeyd edilməklə (“Qarabağın tarixi”) Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. poçt ünvanı vasitəsilə aparılır.

 

Qalibləri C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək.

Qalib müəlliflər müvafiq olaraq 1000, 800 və 500 manat məbləğində pul mükafatı və diplomla mükafatlandırılacaq.

Müsabiqənin qaliblərinin adları 2022-ci il noyabr ayının 7-dək Nazirliyin və “Azərbaycanfilm” kinostudiyasının internet informasiya ehtiyatlarında (www.culture.gov.az / www.azerbajanfilm.az) və “Mədəniyyət” qəzetində elan olunacaq.

 

Əlavə məlumat üçün:

Telefon: (012) 498-18-26;

Həftənin iş günləri saat 10:00-17:00-dək;

E-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Çərşənbə, 29 İyun 2022 16:57

Muğam Mərkəzində Braziliya rüzgarı əsdi

 

Xəbər verildiyi kimi, bu yaxınlarda Beynəlxalq Muğam Mərkəzi (BMM) ilə Braziliya Federativ Respublikasının ölkəmizdəki səfirliyi arasında mədəni əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Memorandum çərçivəsində BMM-də Braziliyanın məşhur “Choronas” instrumental musiqi qrupunun konserti keçirilib.

Konsert proqramını izləyənlər sırasında incəsənət xadimləri, diplomatik korpusun nümayəndələri və Mədəniyyət Nazirliyinin şöbə müdiri Fərəh Acalova da var idi.

Konsertdən əvvəl Braziliyanın ölkəmizdəki səfiri Manuel Monteneqro “Choronas” qrupu haqqında tamaşaçılara məlumat verib. Bildirib ki, Braziliyanın çoxsaylı dostları ilə Beynəlxalq Muğam Mərkəzində olmaq bizim üçün əsl zövqdür: “Bu axşam qrupun unikal musiqiçilərini təqdim etməkdən qürur duyuram. Braziliyanın musiqisini bilən hər kəs bu gecədən həzz alacaq. Azərbaycanda muğam, Argentinada tanqo, ABŞ-da caz, Braziliyada isə şoro musiqisi milli kimliyin mərkəzində durur. Şoro janrının mənşəyi Braziliyanın ənənələrində özünü tapır. Bugünkü musiqi axşamı Braziliyanın müstəqilliyinin 20 illiyinə həsr olunur və qrupun Şərqi Avropada ilk çıxışıdır”.

 

Proqramda “Tiko tiko no fubu”, “Dono da bola”, “Delicado”, “Eu quero e sossego”, “Choro de domingo” və digər mahnılar ifa olunub. “Carinhoso” və “Edgar foi a feira” mahnıları azərbaycanlı tarzən İsmayıl Zülfüqarovun ifasında sintez olaraq təqdim edilib.

Ümumilikdə gecədə 18 instrumental musiqi səsləndirilib. Çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, “Choronas” qrupu ilk dəfədir Bakıda çıxış edir.

1994-cü ildə San-Paulo musiqiçiləri tərəfindən yaradılan ansambl dünyanın bir çox səhnələrində konsert proqramı ilə çıxış edib. “Choronas”ın repertuarında Braziliya populyar musiqisinin klassik örnəkləri və müasir bəstəkarların əsərləri yer alır.

 

İyunun 28-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda keçirilən İslam Əməkdaşlığı Təşkilatının Turizm Nazirlərinin 11-ci konfransında “Turizmin inkişafı üzrə Qətnamə” və “Bakı Bəyannaməsi” qəbul edilib. 

 

AzərTAC xəbər verir ki, “Turizmin İnkişafı üzrə Qətnamə” sənədində azad olunmuş torpaqlarda təbii resursların qeyri-qanuni istismarı, ekosistem və şəhər infrastrukturunun, xüsusilə mədəni və tarixi irsin məhv edilməsi, eləcə də Ermənistan ərazisində İslam mədəni və tarixi abidələrinin dağıdılması pislənilib.

Həmçinin qətnamədə Azərbaycanın işğaldan azad olunan torpaqlarında infrastrukturun inkişafı layihələrinin icrasına üzv dövlətlərin özəl sektorunun cəlb edilməsi imkanları haqqında qərar qəbul edilib. 

“Bakı Bəyannaməsi” sənədində qarşılıqlı maraqlar əsasında üzv ölkələr arasında sağlamlıq, eko, mədəni və kənd turizminin inkişafı, birgə təşəbbüslərin dəstəklənməsi, sərgilərdə iştirak üzrə əməkdaşlıq, dayanıqlı turizmin inkişafı istiqamətində müştərək tədbirlərin həyata keçirilməsi, İslam mədəni və tarixi irsinin qorunması və təbliği, turizmin İslam haqqında təsəvvürlərin təkmilləşməsində oynayacağı rol, maliyyə institutlarının və özəl sektorun üzv dövlətlərdə turizmə investisiya qoyuluşuna cəlbi kimi məsələlər öz əksini tapıb. 

Konfransda İƏT üzvlərinin turizm nazirlərinin növbəti 12-ci görüşünün Mərakeş Krallığında keçirilməsi qərarlaşdırılıb.

Həmçinin 2023-cü il üçün Türkiyənin Şanlıurfa şəhəri və 2024-cü il üçün isə Özbəkistanın Xivə şəhəri İslam dünyasının mədəniyyət paytaxtı seçilib. 

Konfransda təşkilata üzv dövlətlərin turizm nazirləri və nazir müavinləri, səfirlər, İƏT-in 7 alt institutu olan beynəlxalq təşkilatların təmsilçiləri, dövlət rəsmiləri və ekspertlər daxil olmaqla 39 ölkədən 160-dan artıq nümayəndə iştirak edib.

Konfrans iştirakçılarının iyunun 29-da Şuşa şəhərinə səfəri nəzərdə tutulur.

Çərşənbə, 29 İyun 2022 15:00

Seymur Elsevərə vəzifə verilib

 

Qax Dövlət Kukla Teatrına direktor təyinatı olub. Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Seymur Namazəli oğlu Vəliyev (Seymur Elsevər) teatra yeni rəhbər təyin edilib. 

 

Seymur Vəliyevi kollektivə İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Teatr sektorunun müdiri Könül Cəfərova və həmin sektorun məsləhətçisi Günay Hümbətova təqdim edib.

Seymur Elsevər 1970-ci ildə Bərdə rayonunda anadan olub. 1992-ci ildə Bakı Mədəni-Maarif Texnikumunu rejissor, 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (ADMİU) teatrşünaslıq ixtisasları üzrə bitirib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Akademik Milli Dram teatrlarında, habelə Azərbaycan Milli Elmlər Akademiyası və Mədəniyyət Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışıb.

Eyni zamanda müxtəlif mətbuat və teleradio qurumlarında fəaliyyət göstərib. Mədəniyyət və incəsənətin bir çox sahələri, o cümlədən teatr sənəti ilə bağlı yüzlərlə məqalə, resenziya, oçerk, müsahibə, portret yazıları, ssenari və verilişlərin müəllifidir.

ADMİU-da ədəbi iş və ekran dramaturgiyası, kino tənqidi, kino tarixi və s. fənləri tədris edib. “Media açarı” və “Qızıl qələm” mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin və Teatr Xadimləri İttifaqının üzvüdür.

 

Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin təşkilatçılığı ilə hər il keçirilən “Kitab sənəti” adlı Beynəlxalq kitab müsabiqəsi növbəti dəfə 24-26 iyun 2022-ci il tarixlərində Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində baş tutmuşdur.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, ölkəmizi sözügedən müsabiqədə Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin baş məsləhətçisi, eyni zamanda MDB İcraiyyə Komitəsinin Azərbaycandakı sədri İslam Hüseynov təmsil edib.

Müsabiqədə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, Özbəkistan və Ermənistan nəşrləri müxtəlif nominasiyalar üzrə mükafatlar üçün təqdim olunmuşdur. Müsabiqəyə 7 ölkə üzrə 67 adda kitab təqdim olunmuşdur.

Daha sonra açıq səsvermə yolu ilə hər nominasiya üzrə qalib kitabların seçimi başlanmışdır. Hər bir ölkənin nəşr məhsulları haqqında ətraflı məlumat iştirakçı ölkələrin nümayəndələrinə təqdim edilmiş və münsiflər hər bir nəşrlə bağlı müzakirələr aparmışdır.

Qeyd edək ki, ölkəmiz hər il “Kitab sənəti” Beynəlxalq müsabiqəsində uğurla iştirak edir. Budəfəki müsabiqəyə Azərbaycandan 10 nominasiya üzrə 10 adda kitab təqdim olunmuşdur.

Müzakirələr zamanı bildirildi ki, müsabiqəyə müxtəlif janr və tərtibatlarda kitablar təqdim olunub. Eyni zamanda kitabların dizaynı, mövzusu da nəzərə alınıb.

Səsvermənin yekununda “Kitab sənəti” müsabiqəsində Azərbaycan 3 nominasiya üzrə 1-ci, 4 nominasiya üzrə 2-ci yer, 2 nominasiya üzrə 3-cü yerə  layiq görülüb:

 

“İllüstrasiya sənəti” nominasiyası üzrə I yer - Vərqa və Gülşa. / Çingiz Fərzəliyev – Bakı, 2021

 “Elm və təhsil” nominasiyası üzrə I yer – K. Şükürov,  Azərbaycan beynəlxalq münasibətlər sistemində 1648-1991. Sənədlər və materiallar. – Bakı: “Elm”, 2020.

“Ölkəm” nominasiyası üzrə I yer - Salam Azərbaycan. / Nəşr Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin dəstəyi ilə hazırlanıb – Dubay, IRS Nəşriyyat Evi, 2020.

 “Qələbə” nominasiyası üzrə II yer - Azərbaycan Böyük Vətən Müharibəsi illərində: 1941-1945: Biblioqrafiya. İki cilddə: V.1 - Azərbaycan dilində; V.2 - rus dilində / Tərtib edən və məsələyə cavabdeh: Kərim Tahirov; elmi red. A.İsmayılova. - Bakı: "Zərdabi-Nəşr", 2020.

“Birlikdə nəşr olunub” nominasiyası üzrə II yer - Əliyev Z. “Hophopnamə rənglərin işığında” / Ziyadxan Əliyev; red. A.Xəlilov; red. Idea müəllifi: T.Axundov. - Bakı, 2022.

 “İncəsənət kitabı” nominasiyası üzrə II yer - Əliyev Z. A. “Yaşar Səmədov. Rənglərin simfoniyası": Fotoalbom - Bakı: Nəşriyyat: "Təhsil", 2020.

“Birlik” nominasiyası üzrə II yer - Azərbaycan İpək Yolunda / ideya və söz müəllifi: G. Əfəndiyeva; F.M.Əsədov və başqaları: layihə rəhbəri və elmi redaktor. Ş.M.Mustafayev - Bakı, 2020.

“Mədəniyyətlərin dialoqu” nominasiyası üzrə II yer  - Nizami Gəncəvinin “İskəndərnamə” poemasının mədəniyyətlər arasında dialoqda rolu / Evangelos Venetis və Nəsib Qöyüşov; Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi; M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası; Nizami Gəncəvi Fondu. – Bakı, 2021.

“Uşaq və gənclər üçün kitab” nominasiyası üzrə II yer – G. Əsgərova, Xəmsənin xilası - Bakı: "Aspoliqraf", 2022.

“Qran-Pri” - Nuruqızı S. Melisa / tərcümə: E.Əzizova - Bakı: “Təhsil”, 2022.

Qeyd edək ki, “Kitab sənəti” müsabiqəsinin mükafatları ənənəvi olaraq sentyabr ayında Moskvada keçiriləcək Beynəlxalq kitab sərgi-yarmarkasında təqdim olunacaq.

 

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci ilin iyul ayının 21-də saat 10:00-da Qəbələ rayon Mədəniyyət Mərkəzində (Ünvan: Qəbələ rayonu, Həzi Aslanov küçəsi 12) Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

 

Vətəndaşlar 17 iyul 2022-ci tarixinə qədər nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və  “Whatsapp” xidmətinə  (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

 

Mədəniyyət Nazirliyinin sifarişi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının dəstəyi ilə “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində növbəti təlim kursuna start verilmişdir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, proqram çərçivəsində 2-ci təlim kursunun mövzusu «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyasına həsr edilmişdir.

Təlim kursunun açılışını Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri, Təlim proqramının rəhbəri Vasif Eyvazzadə edərək, Azərbaycanın sözügedən Konvensiyaya və əlavə protokollarına qoşulması tarixləri, Ermənistan tərəfindən ərazilərimizin işğalı zamanı dağıdılmış mədəni irs nümunələri və mülkiyyətinə dair məlumat vermişdir. O, həmçinin Azərbaycanın 2021-ci ildə UNESCO-nun Silahlı münaqişə zamanı Mədəni sərvətlərin qorunması Komitəsinə dörd illik müddətə üzv seçildiyini qeyd etmişdir. Çıxışında V.Eyvazzadə 2016-cı ildə Azərbaycan Respublikasının dəstəyi ilə San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu tərəfindən Konvensiyanın implementasiyasına yardımçı vəsait olan Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə Hərbi Təlimat sənədinin hazırlandığı barədə məlumat vermişdir. Konvensiya üzrə təlimçi, Esseks Universitetinin hüquq üzrə fəlsəfə doktoru xanım Dr. Marina Lostalı təqdim etmişdir.

Dr. Marina Lostal özünü təqdim edərək qarşıdakı 3 gün ərzində təlim planı, mövzuları, metodologiyası barədə məlumat vermişdir. O, ilk olaraq tarixi kontekstdə mədəni mülkiyyətin qorunması barədə danışmışdır, illər üzrə qəbul edilmiş beynəlxalq normativ sənədləri, eləcə də vacib Konvensiyaları qeyd etmişdir. Yerli kontekstdə milli mədəni irs nümunələri, əsasən mədəni mülkiyyət obyektlərinin zərər görməsi və buna görə hüquqi kontekstdə beynəlxalq tribunallarda tətbiq edilən cavab tədbirləri praktikalarından nümunələrlə bəhs etmişdir. İnteraktiv metodlarla icra olunan təlim kursu keyslər üzərindən praktiki çalışmalar və sual-cavab viktorinaları ilə davam etmişdir.

Təlim kursunda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, Baş Prokurorluğunun, Mədəniyyət Nazirliyinin, Dövlət Turizm Agentliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikasının Prezidentinin Qarabağ İqtisadi numayəndəliyinin, "Şuşa" Şəhəri Dövlət Qoruq İdarəsinin, AMEA-nın müvafiq institutlarının, Memarlıq və İnşaat Universitetinin və ADA Universitetinin nümayəndələri iştirak edir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.