Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidze Bakıda mühazirə keçirib

 

Azərbaycan-Gürcüstan əlaqələri çox qədim tarixi köklərə malikdir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Möhkəm tarixi zəmin üzərində qurulmuş Azərbaycan-Gürcüstan münasibətləri bu gün hər iki ölkə rəhbərliyinin diqqəti və himayəsi sayəsində uğurla inkişaf edir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan və Gürcüstan muzeyləri arasında təcrübə mübadiləsinin aparılması məqsədilə Gürcüstan Milli Muzeyinin baş direktoru, Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Fəxri doktoru, tanınmış antropoloq və arxeoloq, Azərbaycan mədəniyyətinə böyük töhfə vermiş David Lordkipanidzenin Azərbaycana səfəri baş tutub. 

27-30 iyun tarixlərini əhatə edən səfər çərçivəsində David Lordkipanidzenin Azərbaycan Milli İncəsənət Muzeyində "Afrikadan ilk insanlar, Qafqazdan baxış" adlı mühazirəsi baş tutub. Mühazirədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı, həmçinin arxeoloqlar, tarixçilər və sahə üzrə mütəxəssislər iştirak edib. Mövzü barədə geniş təqdimatla çıxış edən D. Lordkipanidze antropologiya və arxeoloqiya sahəsində aparılan tədqiqatlar və yeniliklər barədə bir sıra məqamlara toxunmuş və yeni açılan Bolnisi Muzeyi haqqında ətraflı məlumat verib. Mühazirə iştirakçıların suallarının cavablandırılması və bir sıra məsələlərin müzakirələri ilə davam edib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.