Super User

Super User

 

Azərbaycan diasporu öz nailiyyətləri ilə tarixi Vətəndəki soydaşlarını sevindirir. Diaspor nümayəndələri arasında yaradıcı insanlar – bəstəkarlar, rəssamlar, yazıçılar, heykəltəraşlar az deyil. Xaricdə yaşayan azərbaycanlıların növbəti uğuru barədə hər bir xəbər xalqımızın istedadına və yaradıcı təbiətinə görə qürur hissi doğurur. 

 

Ramin Quliyev Çexiyada yaşayan azərbaycanlı bəstəkar, Heyran Mustafazadə isə həmin ölkənin paytaxtında yaşayan istedadlı rəssamdır.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, onlar birlikdə “Yellow Man” (“Sarı adam”) adlı yeni musiqi albomu yaradıblar. 

Müəlliflər məhz bu adı seçmələrini onunla izah edirlər ki, onların nəzərdə tutduğu sarı adam musiqi rəngləri vasitəsilə duyğular və emosiyalar yaradır. Əslində belə bir albom yazdırmaq ideyası eyniadlı “Yellow Man” əsəri bəstələnəndən sonra meydana çıxıb. Məhz həmin anda bəstəkar belə bir albom üzərində işləməyi qərara alıb. 

Ramin etiraf edib ki, bu əsərin adı meşədə gəzərkən ağlına gəlib. O deyib: “Biz hamımız müəyyən emosiyalar yaşayırıq. Bəzən özümüz də hiss etmədən bu duyğular qəlbimizdə yer alır. Sanki sürətlə gedən bir qatardayıq və pəncərədən o tərəfdə olanları görməyə macal tapmırıq. Hər bir gülü, çiçəyi ağacı, daşı, insanı görməyə çalışmaq lazımdır. Bizim həyatımız və həyat barədə təəssüratımızı bu anlar və duyğular əsasında formalaşır. İnsan təkcə həyati vurnuxmalarla kifayətlənməməlidir, axı bu həyatda gözəlliklər çoxdur. Sadəcə onları görmək lazımdır”. 

Albomun yazılması konsepsiya ilə sıx bağlıdır. Royal eyni vaxtda yeddi mikrofona yazılıb. Onlardan altısı royalın daxilində müxtəlif yerlərdə, biri isə royalın altında qoyulmuşdu. Bəstəkarın sözlərinə görə, burada məqsəd ondan ibarət idi ki, dinləyici özünü royalın daxilində hiss etsin, simlərin, ağacın rezonansını, klavişlərin, mexanizmin və pedalın səslərini duysun. Bəstəkar deyib: “Bütün bu səslər bizim əsərin tərkib hissələridir. Dinləyicinin diqqəti təkcə melodiya üzərində deyil, həm də başqa səslər üzərində cəmləşir. Məsələn konsert salonlarında dinləyicilər bu imkandan məhrumdurlar, onlar yalnız olduqları məkanın səslərini eşidirlər”. 

Heyran Mustafazadə albomum cildinin yaradılması prosesi barədə fikirlərini bölüşüb. Rəssam deyib: “Ramin öz kompozisiyasından qısa bir hissəni mənə göndərəndə mənim fikrimdə onun musiqi vasitəsilə ifadə etdiyi hissləri vizual şəkildə çatdırmaq ideyası yarandı. Mən bu təklifimi ona bildirdim. Bir müddətdən sona Ramin yazdı ki, albom olacaq, albomun adı artıq məlumdur, qalan məsələlərin həlli üçün əsəri özümün dinləməyimi təklif etdi. “Sarı adam” rəsmi üzərində işin nə qədər davam etdiyini dəqiq deyə bilmərəm. Lakin bir məsələni qəti deyə bilərəm ki, “bu dalğaya köklənmək”, nəyə görə, məsələn, “göy adam” və ya “qırmızı adam” deyil, məhz “sarı adam” variantını seçməyimizi anlamaq üçün xeyli vaxt lazım gəldi. 

Bu rəngin xüsusiyyəti nədən ibarətdir? Bu xüsusiyyət müəyyən xarakterlə, fərdi münasibətlə bağlı deyil, bəlkə də tam əksinə - ən ümumi, mücərrəd və ekspressiv xarakter daşıyır. Bu, konkret insanın portreti deyil, musiqinin özünün, dinləyicini cəlb edən, onun sanki əriyib getdiyi sehrli axının portretidir”. 

Əlavə olaraq bildirək ki, Ramin Quliyevin elektron, kamera və orkestr əsərləri 2018-ci ildən Yanaçek adına Musiqi və İfaçılıq Sənəti Akademiyasının layihələri çərçivəsində Niderlandda və Çexiyada ifa edilir. 

Ramin Quliyev festivalların treylerləri, animasiya filmləri və teatr pyesləri üçün musiqi yazır. Bəstəkar həm də “AnimaFilm” studiyasının seçim komissiyasının üzvüdür. 

2020-ci ildə Ramin Quliyevin “Dream” adlı ilk albomu işıq üzü görüb. “Yellow Man” (“Sarı adam”) bəstəkarın sayca ikinci albomudur. Hazırda Ramin Quliyev özünün üçüncü albomu üzərində işə başlayıb.

 

Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Mədəni gənclik” layihəsi başa çatıb.

Bu münasibətlə iyulun 1-də Bakı Dövlət Universitetində (BDU) mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və universitetin rektoru Elçin Babayevin tələbələrlə görüşü keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxışında deyib ki, hər bir gəncin uğurlu olması üçün özünü tanıması vacibdir: “Sizlər BDU-da təhsil alaraq öz düşüncə qabiliyyətinizi aşkarlayırsınız. Peşəkar dünyada ən vacib tələb olunan keyfiyyət düşüncə tərzidir. Artıq elə bir dövrdəyik ki, məlumatlı olmaq üstünlük təşkil etmir. Yəni dünyanın hər hansı bir yerində nə isə icad olunursa, dərhal qlobal səviyyədə məlum olur. Bu dövrdə əsas üstünlük öz unikal düşüncə qabiliyyəti ilə bəlli olan məlumatları, faktları fərqli cür təqdim etməkdir. Məsələn, eyni məlumata sahib olan bir azərbaycanlı və amerikalı eyni faktı oxuyub fərqli cür nəticəyə gələ bilərlər. Bu fərqlilik isə mədəniyyətdən irəli gəlir. Burada da kim daha zəngin mədəniyyətə sahibdirsə, o üstünlük qazanır. Bildiyiniz kimi, dünyanın bəlli bir coğrafi xəritəsi var. Biz düşünürük ki, göstəricilər üzərində işləyərək dünyanın mədəniyyət xəritəsini tərtib edək. Bu xəritə coğrafi xəritə ilə üst-üstə düşməyəcək. Bu xəritə millətin, xalqın dünya mədəniyyət tarixində oynadığı rola, verdiyi töhfəyə əsaslanacaq. Düşünürəm ki, bu xəritədə biz böyük ölkələrdən biri olacağıq. “Mədəni gənclik” layihəmizin əsas məqsədlərindən biri də odur ki, gənclərimiz Azərbaycanın həmin mədəniyyət xəritəsini görə bilsinlər”.

Daha sonra Elnur Əliyev tələbələrin layihə haqqında təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

Bu cür layihələrinin davamlı olmasını arzulayan BDU-nun rektoru Elçin Babayev “Mədəni gənclik” layihəsinin təşkilinə görə Mədəniyyət Nazirliyinə, layihədə iştirak edən tələbələrə və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinə təşəkkürünü bildirib. 

Tədbirin sonunda tələbələr arasında layihə üzrə keçirilən sorğunun (ən çox bəyənilən tamaşa, artist və s.) nəticələri elan olunub. Layihədə fəal iştirak edən tələbələrə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, bu ilin may ayından həyata keçirilən “Mədəni gənclik” layihəsinin məqsədi gənclərin incəsənətə marağının artırılması, onların ölkənin mədəni proseslərinə cəlb edilməsi, Azərbaycan gənci və mədəniyyətimiz arasında körpü salmaq, mədəni dəyərlərimizə sahib çıxacaq nəslin yetişdirilməsinə töhfə verməkdir. İki ay davam edən layihəyə BDU-dan 300 nəfər könüllü tələbə qatılıb. Tələbələr 5 mədəniyyət ocağında – Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Opera və Balet, Azərbaycan Dövlət Akademik Musiqili, Azərbaycan Dövlət Akademik Rus Dram teatrlarında və Azərbaycan Dövlət Akademik Filarmoniyasında tamaşa və konsertlərə sərbəst baxmaq imkanı əldə ediblər.

 

Professor Çingiz Fərzəliyev “İllüstrasiya sənəti” nominasiyasının qalibi olub.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev MDB iştirakçısı olan ölkələrin  Əməkdaşlıq üzrə Dövlətlərarası Şurasının təşkilatçılığı ilə dövri nəşrlər, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində keçirilən XIX Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin yekununda “İllüstrasiya sənəti” nominasiyasında qalib olub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müsabiqə 2004-cü ildən MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilir.

Bu il 7 ölkədən 67 nəşrin daxil olduğu müsabiqə Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə keçirilib. MDB iştirakçısı olan ölkələrin XIX Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin münsiflər heyətinin qərarı ilə Çingiz Fərzəliyevin rəhbərliyi altında nəşr edilmiş “Vərqa və Gülşa” kitab-albomu öz nominasiyası üzrə ən yaxşısı seçilib.

Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən hazırlanmış “Vərqa və Gülşa” kitab-albomu 2021-ci ilin oktyabr ayının əvvəlində Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində təqdim olunub. Həmin nəşr Əbdülmömin Məhəmməd əl-Xoyinin gənc Vərqa və gözəl Gülşanın nəhayətsiz eşqindən bəhs edən qədim şərq əfsanəsinə əsaslanaraq çəkdiyi 71 orta əsr miniatürün tam cəmləşdiyi və ilk dəfə kompleks şəklində nəşr edildiyi fundamental kitabdır.

“Vərqa və Gülşa” illüstrasiyaları Şərq miniatürləri arasında günümüzədək qədər gəlib çatmış ən qədim nümunələrdir. XIII əsr manuskriptinə yeni “poliqrafik qiraət” bəxş edən “Vərqa və Gülşa” kitab-albomu o dövrün təsvir ənənəsinin, onun xüsusiyyətlərinin, spesifika və bədii üstünlüklərinin dolğun və əhatəli mənzərəsini təqdim edir. Rəqəmsal imkanlar sayəsində ilk dəfə olaraq Azərbaycan miniatürünün şah əsərləri orijinal manuskriptə mümkün qədər autentik təqdim olunub və bu təsvirlərin yüksək estetik keyfiyyətləri haqqında tam təsəvvür yaradır.

“Vərqa və Gülşa” kitab-albomunun “İllüstrasiya sənəti” nominasiyasında qazanılan qələbəsi Azərbaycanın Əməkdar incəsənət xadimi, çox saylı, o cümlədən beynəlxalq ali fəxri adlar və mükafatlar sahibi, Azərbaycan Miil İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyevin respublikamızda və onun hüdudlarından kənarda Azərbaycanın unikal mədəniyyətinin dolğun tədqiqi, qüsursuz təbliği və geniş intişarı istiqamətində apardığı yorulmaz elmi-maarifçilik fəaliyyətini bir daha nümayiş etdirdi.

“Vərqa və Gülşa” kitab-albomu dünyanın aparıcı muzey və kitabxanalarının fondlarına hədiyyə edilib. Bu sıraya ABŞ-ın Konqres Kitabxanası da daxildir.

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Araz" supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə "Şuşa İli" çərçivəsində Şuşa Dövlət Musiqili Dram Teatrı M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" tamaşası ilə ilk dəfə Şuşada çıxış edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstək olduğu tədbirdə ictimaiyyət nümayəndələri, görkəmli teatr xadimləri və media təmsilçiləri iştirak edib.

Şuşa Dövlət Musiqili Dram Teatrı 1943-cü ildə təsis edilib və ona dahi Üzeyir Hacıbəylinin adı verilib, lakin bir neçə ildən sonra teatr bağlanıb. Azərbaycan müstəqillik qazandıqdan sonra Mədəniyyət Nazirliyi tərəfindən Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyəti bərpa edilib. Qarabağın işğalı səbəbilə Şuşada fəaliyyət göstərə bilməyən teatr uzun müddət Bakıda məskunlaşmalı olub.

Xatırladırıq ki, bərpa olunmasının ardından bu il fəaliyyətinin 30 illik yubileyini qeyd edən teatr indiyədək heç vaxt Şuşada tamaşa göstərməyib. İlk tamaşasını (Ü.Hacıbəylinin “Arşın mal alan”) məcburi köçkünlük dövründə Bakıda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında oynayıb.

 

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Şuşanın dağları, başı dumanlı” adlı layihə çərçivəsində film çəkilişlərini başa çatdırıb.

 

İctimai birliyin sədri, Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva AzərTAC-a bildirib ki, layihə üzərində üç aydan çox iş gedib. 

O, bədii-sənədli filmin ərsəyə gəlməsində Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımını, layihənin ərsəyə gəlməsində agentliyin tövsiyələrini, eyni zamanda layihənin reallaşmasında agentliklə yanaşı İctimai Televiziya və Radio Yayımları Şirkətinin xüsusi əməyi olduğunu qeyd edib. Belə ki, teleşirkət nəinki filmin çəkilişləri üçün texniki dəstək göstərib, həm də filmin çəkilişlərinə peşəkar aktyorların cəlb edilməsinə, eləcə də kütləvi səhnələrin quraşdırılmasına vəsait ayırıb.

Film Şuşa şəhərinin salınması tarixindən bəhs edir və həmin tarixin keşməkeşli səhifələri vərəqlənir. Ayrı-ayrı dövrlərdə Şuşaya hücumlar, bu hücumlar nəticəsində şəhərin başı üstünü alan təhlükə xüsusi qabardılır, törədilən dağıntılar barədə söhbət açılır.

Filmdə Şuşanın salınma tarixi ilə bağlı arxiv sənədlərinə, eləcə də bir çox məşhur rus və ingilis tarixçilərinin əsərlərinə istinad olunub. Çəkilişlər Şuşada, Ağdamda, Qəbələdə, Qala Dövlət Qoruğu ərazisində və İçərişəhərdə aparılıb.

Şuşa həqiqətlərinin tamaşaçıya çatdırılması üçün aktyor oyunundan, quraşdırılmış səhnələrdən geniş istifadə edilib.

Filmin ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Nəsimi Məmmədli, quruluşçu operatoru İsmayıl Eyvazi, quruluşçu rəssamı Valeh Davudov, geyim üzrə rəssam Şahin Həsənlidir.

Layihənin elmi məsləhətçisi tarix elmləri doktoru, professor Kərim Şükürovdur.

“Şuşanın dağları, başı dumanlı” bədii-sənədli filmi yaxın vaxtlarda tamaşaçılara təqdim olunacaq.

 

Azərbaycan Respublikası mədəniyyət naziri Anar Kərimov Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyini fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında mədəni əməkdaşlıq, gələcəkdə əlaqələrin inkişafına töhfə verə biləcək, xalqlarımızın mədəni irsinin təbliğində rol oynayacaq layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Anar Kərimov səfirə fəaliyyət müddəti ərzində Nazirlik tərəfindən həyata keçirilən bütün təşəbbüslərdə göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Mədəniyyət sahəsində əməkdaşlığın davamlı inkişafına inamını ifadə edib.

A.Kərimov ölkəmiz tərəfindən irəli sürülən "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyasından söz açıb. Bildirib ki, bu kampaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır. 

Qəbula görə təşəkkürünü bildirən səfir Viktor Szederkenyi də öz növbəsində Macarıstanla Azərbaycan arasında mədəni əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd edib və ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasının əhəmiyyətindən, mədəniyyət sahəsində əməkdaşlığın önəmindən söz açıb.

Cümə, 01 İyul 2022 12:08

Rauf Zeyni təltif olunub

 

Avropa Azərbaycanlıları Konqresi (AAK) Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun  prezidenti Rauf Zeynini xatirə medalı ilə təltif edib.

 

Məlumat verilir ki, medal Bakıda səfərdə olan Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Sahil Qasımov tərəfindən təqdim edilib. 

Bildirilir ki, Rauf Zeyni diaspor fəaliyyətində xidmətlərinə görə bu mükafata layiq görülüb.

Sahil Qasımov konqresin adından və öz adından Rauf Zeyniyə şəxsi həyatında və ictimai fəaliyyətində uğurlar arzulayıb.

Günün fotosu: Turançılığa gedən bir yolda

 

Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Qydyráli, vitse prezident Füzuli Məcidli və əməkdaşımız, jurnalist Aida Eyvazlı Fəvvarələr bağında.

Dostlarla hər görüş yeni türk irsi səhifələri açır.

 

Foto: “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan nümayəndəsi Əli Çağla “Güneydən gələn səslər” rubrikasında sizi Əli Qayıbın şeirləri ilə tanış edir.

 

Şeirlərində Qayıb təxəllüsü aparan Əli Rəştbər, 1980-cı ildə Qaradağın Gal kəndində dünya göz açıbdır. Atası Məhəmmədin kənddən köçməsi ilə 1990-cı ildə Urmu şəhərinə daşınıblar.

Əli Qayıbın hazırda üç kitabı ışıq üzü görübdür, onların adı: “Yol ağlasın” 2015, “Susqun fəryadıyam mən bu torpağın” 2017, “Salam olsun ozanlara” 2020.

Əli Qayıb bir mütərcim və yazar kimi də fəaliyyət göstərir. Onun hekayələri Güney Azərbaycanın gündəliklərində və jurnallarında nəşr edilibdir.

 

 

GEDİRƏM

 

Getmək istəyənlər arxaya baxmaz,

Min dəfə arxama baxıb gedirəm.

Əlimi əlindən qoparır hicran,

Taleyin çayında axıb gedirəm.

 

Yaşadıq həyatın gerçəklərini,

Bəzən də unutduq gərəklərini,

O duru eşqinin çiçəklərini,

Bu vurğun qəlbimə taxıb gedirəm.

 

Ayrılıq baxtıma yaman daş vurub,

Nə desən qəm-kədər başa-baş vurub,

Qəlbimi qəlbinlə qoşalaşdırıb,

Quru cismim ilə çıxıb gedirəm.

 

Mən səni özüm tək inanıb sevdim,

Yatdım xəyalınla oyanıb sevdim,

Dünyanın qarşında dayanıb sevdim,

Dünyanı başıma yıxıb gedirəm.

 

Qayıbın qəlbində xatirələrin,

İllərdir yer salıb dərindən dərin,

İnanma, yalandır onlardan birin,

Desəm də yandırıb yaxıb gedirəm...

Min dəfə arxama baxıb gedirəm!..

 

 

MƏN

 

Söz mülkündə nakam qalan,

Diləklərin dəmiyəm mən.

Haq sevdalı ürəklərin,

Sızıldayan simiyəm mən.

 

Qəmkeşəm qəmə qatlaşan,

Fərhadam, dağları aşan,

Köç etməyə hazırlaşan,

Qərib quşlar kimiyəm mən.

 

Olmasa da yaşım yetmiş,

Yetmişinə yolum yetmiş,

Hasılı talana getmiş,

Bir yiyəsiz zəmiyəm mən.

 

Bax ahına, amanına,

Dalğasına, tufanına,

Yanını son limanına,

Söykəyəcək gəmiyəm mən.

 

Dərd qəddini əyənlərin,

Ox bağrına dəyənlərin,

Araz-araz deyənlərin,

Gözlərinin nəmiyəm mən.

 

Mən Qayıbam, yaram dərin,

Dərdim qaynar, odum sərin,

Vətən dərdi çəkənlərin,

Dağa dönmüş qəmiyəm mən.

 

 

URMİYA-GÖYÇƏ

 

Ömürlük mənimdir, ata bilmərəm,

Onsuz məzarda da yata bilmərəm,

Cənnətdə də qərar tuta bilmərəm,

Bu hayat baxçamda açandan qönçə,

Bir gözüm Urmiya bir gözüm Göyçə.

 

Vətənsiz yaşamaq haramdır haram,

Xoş günü xoş günüm yarası yaram,

Heç zaman özümdən ayıranmaram,

Ortadan ürəyim süngüyə keçə,

Bir gözüm Urmiya bir gözüm Göyçə.

 

Göy üzündən baxan ey ulu Rəhman!

Parça-parça olmuş can Azərbaycan!

Olarmı bir ata övladlarından_

Bəzisin ayıra bəzisin seçə?!

Bir gözüm Urmiya bir gözüm Göyçə.

 

Bu yerlər vətənim Qayıbdır adım,

Zikrimdir adları hər addım-addım,

Bunların eşqiylə yazıb yaratdım,

Vermədim ömrümü bir anlıq heçə,

Bir gözüm Urmiya bir gözüm Göyçə.

 

 

AĞLAMAZDIM

 

Bilsəydim kədərim incidir səni,

Ürəyim dolanda heç ağlamazdım.

Vədəsiz küləklər ömür bağımın_

Yarpağın yolanda heç ağlamazdım.

 

Bilsəydim payıza bir isti sözsən,

Şaxtaya sazağa alovlu közsən,

Bilsəydim qışımda yoluma gözsən,

Baharım solanda heç ağlamazdım.

 

Nə varsa azadlıq, bütün dustaqlar,

Sənin əllərində olsa ıxtıyar.

Bilsəydim Qayıbın sən kimisi var,

Anamdan olanda heç ağlamazdım.

 

Qeyd: Mətn bizim orfoqrafiyaya uyğunlaşdırılmadan, olduğu kimi dərc edilib. 

 

 

  

VƏTƏN

 

Gəldiyim yollardır şahdim mənim,

Səni sevə sevə gəlmişəm Vətən.

Sənin qəm günündə kövrək olmuşam,

Güldüyün zamanlar gülmüşəm Vətən,

Səni sevə_sevə gəlmişəm Vətən.  

 

Adımı tarixdə yazsalarda pan,

Sevgin urəyimdə qiymətlı mərcan.

Duymuşam səsini səslənən zaman,

Səni öz canımdan bilmişəm Vətən,

Səni sevə_sevə gəlmişəm Vətən.

 

Sevdim ocağını sevdim odunu,

Yaşadım sevginin şirin dadını,

İkiyə böləndən tarix adını,

Məndə ürəyimi bölmüşəm Vətən,

Səni sevə_sevə gəlmişəm Vətən.

 

Bakın ya Təbrizin birdirlər mənə,

Ömürlük hayatda bağlıyam sənə,

Xocalı dərdindən neçə min dönə,

Donmuşam ،yanmışam  , ölmüşəm Vətən,

Səni sevə_sevə gəlmişəm Vətən.

 

Qoy aləm eşitsin Qayıb'ın hayın,

Üsyanlı ruhunda susan harayın.

Şeir xəritəmdən araz tək çayın,

Adını çoxdandır silmişəm vətən,

Səni sevə-sevə gəlmişəm vətən.

 

Maraqlı, oxunduqca oxunan “Ulduz” jurnalının iyun sayı işıq üzü görüb. Jurnal Xuraman Hüseynzadənin özü ilə söhbəti və şeirləri ilə açılır. 

 

Filologiya elmləri doktoru Cəlal Məmmədovun təqdim etdiyi “Qısa fikirlər xəzinəsi”ni bu dəfə də fərqli mütəfəkkir və yazarların fikirləri bəzəyir. 

“Nəsr” rubrikasında Bahəddin Salmanın “İflicin nağılı”, Rəşid Bərgüşadlının “Tanrının gözü”, Şəhriyar Təyyaroğlunun “Çağırılmamış qonaq”, Vahid Qazinin “Gəlmə” hekayələri, “Şeir vaxtı”nda isə Ələsgər Əhməd, Nicat Məmmədov, Təranə Dəmir, Kəmaləddin Qədim və Şəfəq Sahiblinin şeirləri yer alıb. 

Mətanət Vahidin “Bədii ədəbiyyatda yalan motivi: Qoyma bilim” başlıqlı yazısında yalan məfhumu təhlil edilir. 

Rengin Kızıldoğdunun “Türk eli” rubrikasında yer almış “Yaşıl limon” hekayəsini dilimizə Aslan Quliyev uyğunlaşdırıb. Dramaturq Əli Əmirlinin ənənəvi “Ustad dərsləri”ndə dramaturq-rejissor tandemindən söhbət açılır. 

Misirli yazıçı, həkim, filosof Mustafa Mahmudun “Sabah” essesi, eləcə də “Məchul şey” hekayəsi müvafiq olaraq Məhəmməd Bayramlı və Lalə Əliquliyevanın tərcüməsində təqdim edilir. 

Professor Gülşən Kəngərlinin “Kitabi-Dədə Qorqud eposunda tarixin ruhu” sərlövhəli yazısında eposun mahiyyətini təşkil edən türk təfəkkürünün və etnopsixologiyasının bədii təzahürlərinə nəzər salınır. 

Eminqueyin “İzi bilinməyən Odər” essesi şair Vaqif Bayatlının Tanrı və insan sevgisiylə süslənmiş yaradıcılığına işıq tutur. 

Abid Tahirlinin “Azərbaycan mühacirət mətbuatı Mirzə Ələkbər Sabir haqqında” yazısında mühacir həyatı yaşamış aydınlarımızın böyük şairə həsr etdiyi məqalələr təhlil olunur. 

Müsəlman şərqində Əbdül Vahid Yəhya kimi tanınan fransız mistik yazıçı Rene Genonun “Şərq metafizikası” yazısını Elmar Vüqarlının tərcüməsində oxuyacaqsınız. 

Tənqidçi Vaqif Yusifli “Ədəbi fraqmentlər”i bu dəfə şairə Aida Adıgözəlin yaradıcılığına həsr edilib. 

Nəhayət, “Dərgidə kitab”da Elvin İntiqamoğlunun şeirləri, “Dərgidə sərgi”də isə gənc rəssam Zivər Əlfiyevanın rəsm əsərləri dərc edilib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.