Super User
Tarixin rəngli səhifəsi bozaranda...
“Fərqlənənlər” rubrikasında bu dəfə sizə publisist Elman Eldaroğlunun tanınmış rejissor Mehriban Ələkbərzadə barədə qeydlərini təqdim edirik.
İti zəka, zəngin bilik, dərin təfəkkür, hadisələri araşdırmaq qabiliyyəti, olanlara mükəmməl şərh vermək, parlaq istedad hər insana nəsib olmur. Onun ərsəyə gətirdiyi bütün sənədli televiziya filmlərində bu keyfiyyətlər açıq-aşkar görünür…
Deyir ki,- "Hər hansı bir həqiqəti axtarıb tapmaq istəyirsənsə, sadəcə tarixin boz səhifəsini araşdırmalısan. Yəni gözləməlisən ki, həmin rəngli səhifə nə vaxt bozaracaq. Bozarandan sonra bütün bəzəklər, təhriflər silinəcək. Sadəcə hadisələrin məğzi qalacaq"…
Hər kəsin bir daxili dünyası vardır, deyirlər. Onun dünyasında haqq-ədalət öz zəhmiylə hökm sürür, həyat tərzini büsbütün nizamlayır. Necə deyərlər, düzə düz, əyriyə əyri söyləməyə onu vadar edir. Həm də rejissordur. Bir sıra tamaşalara, onlarla filmə quruluş verib...
Haqqında söhbət açdığım Mehriban Ələkbərzadə Gəncədə dünyaya gəlsə də uşaq yaşlarından ailəsi ilə birlikdə Sumqayıt şəhərinə, elə mənim də böyüyüb başa çatdığım 8-ci mikrorayona köçüblər. Yaxşı yadımdadır, rəhmətlik atasının “Pobeda” avtomobili də vardı.
1982-ci ildə 17 saylı orta məktəbi bitirib. Bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1988-ci ildə oranı uğurla başa vurub. Həmin il təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib. 1990-cı ildə Lənkərandan Bakıya qayıtdıqdan sonra "Azərbaycanfilm" kinostudiyasında "Güzgü" qısametrajlı bədii filmini ərsəyə gətirib.
1991-ci ildə Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülüb. 1994-cü ildən isə həmin teatrda quruluşçu rejissor işləyib.
Mehriban xanım müxtəlif vaxtlarda Azərbaycan Dövlət Televiziyasında Nahid Hacızadənin "Yaşa, ey haqq!", Jan Koktonun "İnsan səsi", Marşa Normanın "Gecən xeyrə qalsın, ana", Mehriban Vəzirın "İlğım", Afaq Məsudun "Cəza" əsərlərini tamaşaya hazırlayıb. "Space" televiziyasında özünün həm rejissoru, həm müəllif-aparıcısı olduğu verilişlərdə bir sıra layihələrlə tamaşaçıların zövqünü oxşayıb. 2017-ci ildə Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru vəzifəsinə təyin olunub. AMEA-nın "Yeni tarix" şöbəsinin elmi işçisidir.
2003-cü ildə Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, 2013-cü ildə isə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb. Bir neçə ildir ki, dalbadal Prezident Mükafatı alır…
2008-ci ilin əvvəllərində mətbuata verdiyi açıqlamasında televiziya fəaliyyətinə son qoyduğunu bildirib. Bunu nə üçün etdiyini bilmirəm, amma Mehriban xanımın "sehirli qutuda" yenidən görünməsini arzulayan tamaşaçılar çoxdur.
Bayağı verilişlərin baş alıb getdiyi zamanda onun müəllif proqramı ilə hər hansı bir televiziya kanalında görünməsi həmin telekanala nüfuz gətirməzmi?..
Bəli, tarixin rəngli səhifəsi bozaranda həqiqət olduğu kimi görünəcək. Onda Mehriban xanım Ələkbərzadəni indikindən də çox sevəcəklər…
Günün fotosu: Luqanoda bu gün Ukrayna konfransı açılacaq
Günün fotosu: Luqanoda bu gün Ukrayna konfransı açılacaq
İsveçrənin cənubundakı Lugano şəhəri bu gün açılacaq Ukrayna konfransı ərəfəsində təhlükəsizliyin təmin edilməsi üçün bərk hazırlıqlar keçib. Onlarla ölkənin və beynəlxalq təşkilatların liderləri Ukraynanın müharibədən sonrakı bərpası məsələlərini Luqanoda müzakirə edəcəklər.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Liayen Aİ-yə üzvlüyün Ukrayna üçün "əlçatan həddə" olduğunu bildirib.
Foto: Euronews
Akademik Musiqili Teatrda növbəti premyera olacaq- “Məchul pilləkən”
Bu gün - İyulun 5-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Məchul pilləkən” balet-tamaşasının premyerası keçiriləcək.
İnsanlara, daha dəqiqi, gənclərə bir örnək və ismarış xarakteri daşıyan bu balet-tamaşanın süjet xəttində pis vərdişlərə düçar olmuş bir gəncin bütün maneələrə baxmayaraq, ağ ölümlə mübarizəsi və sonda xeyir və şər qüvvələrin çəkişməsi fonunda iradəsinin təntənəsi nümayiş olunur.
Narkomaniya, eyni zamanda, zərərli vərdişlərə qarşı bir təbliğat vasitəsi kimi nəzərdə tutulan bu səhnə əsərinin baş rol ifaçısı Məhəmməd Abdullayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı isə teatrın baş rəssamı Vüsal Rəhimdir.
Səhnə əsərində xarici bəstəkarların musiqilərindən, eyni zamanda, Əməkdar artist Sevda Ələkbərzadənin ifasında “Getmə-getmə” mahnısından istifadə edilib. Tamaşada, həmçinin Samir Qulamovun ifasında Xalq şairi Ramiz Rövşənin şeirlərindən ibarət kompozisiya səsləndiriləcək.
Medianın müdaxiləsi tarixi-memarlıq abidəsini necə xilas etdi
Bəzən vətəndaş cəmiyyəti və media ayrı-ayrı haqsızlıqlara və qanunsuzluqlara reaksiya verməklə bu kimi halların qarşısını ala bilir. Bakı şəhəri Yasamal rayonu, İslam Səfərli küçəsi 12 ünvanında 1880-ci ildə inşa edilmiş tarixi-arxitektur bina ilə bağlı baş vermiş məlum insident də məhz elə bu vətəndaş sayıqlığı nəticəsində aradan götürülüb.
“Ədəbiyyat və incəsənət” portalı xatırladır ki, işbazlar tərəfindən sözügedən binanın
dam örtüyündə əlavə mansardın tikilməsi faktı dərhal medianın diqqətini cəlb edib. Xəbər saytları bu qanunsuzluq faktını istimailəşdiriblər. Ayrı-ayrı vətəndaşlar da xəbəri sosial mediada gündəmdə saxlayıblar.
Və bir gün keçmiş Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb ki, binanın sahibkarı tərəfindən tarixi abidədə mansardın tikilməsi struktur idarələr tərəfindən nəzarətə götürülüb və tikintinin qarşısı alınıb. Məlimatın tam mətni belədir:
“Qanunsuz tikinti ilə bağlı sahibkara xəbərdarlıq edilib və tarixi binanın üzərində hər hansı tikintinin aparılmasının yolverilməz olduğu bildirilib. Artıq binanın damında inşa edilmiş konstruksiyaların sökülməsinə qərar verilib və söküntü işlərinə başlanılıb. Ərazi aidiyyəti qurumlar tərəfindən tam nəzarətə götürülüb”.
Bu yerli əhəmiyyətli tarix-memarlıq abidəsinə edilən qanunsuz müdaxilənin qarşısının alınmasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sanksiyası və müdaxiləsi isə əsas rol oynayıb.
Bu barədə Dövlət Xidmətinin rəsmi açıqlamasında bildirilir. Açıqlamada qeyd olunur ki, həmin tarixi-memarlıq abidəsinin üzərində əlavə mərtəbənin inşasına başlanıldığı aşkar edilən kimi tikinti dayandırılıb, taxta konstruksiya ilə aparılan tikinti işləri sökülərək, tarixi bina əvvəlki görkəminə qaytarılıb.
Amma gəlin razılaşaq ki, paytaxtımızda indiyə qədər neçə-neçə tarixi abidə media və vətəndaş müdaxiləsi olunmayıb deyə işbazların qurbanına çevrilib.
Ayıq-sayıq olmaq, dəyərli hər şeyimizi qorumaq bizim borcumuzdur.
Və sonda bir ritorik sual: tarixi abidə statuslu bina niyə dövlətin balansında olmasın, bir işbaz sahibkarın xüsusi mülkiyyəti sayılsın?
Tbilisi Dövlət Konservatoriyasında “Nizaminin xatirəsinə” simfoniyası səsləndirilib
Gürcüstanın Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının böyük zalında konsert keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-ın Gürcüstan müxbirinə istinadən xəbər verir ki, musiqi gecəsində Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun simli orkestr üçün “Nizaminin xatirəsinə” simfoniyası ifa olunub.
Konsertdə, həmçinin Gia Kançeli adına Tbilisi Gənclər Orkestrinin müşayiəti ilə yunanıstanlı fleytaçalan Statis Karapanos çıxış edib.
Musiqi gecəsində Gia Kançeli adına Tbilisi Gənclər Orkestrinin direktoru Mixeil Mdinardzenin “145/Xristos” əsərinin premyerası olub. Otar Qordelinin fleyta üçün konsertinosu səslənib.
Bundan başqa, konsertdə Ukraynanın və Gürcüstanın müğənnisi Sofi Villinin də ifası dinlənilib.
Qeyd edək ki, 1947-ci ildə yazılan “Nizaminin xatirəsinə” simfoniyası dahi şair Nizami Gəncəviyə həsr edilib.
Konsertdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Azərbaycanlı İş Adamları Birliyinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycanlı musiqiçi Latviyada çıxış edib
Azərbaycanın Latviyadakı Səfirliyinin dəstəyi ilə Liepayadakı Müqəddəs Üçlük Kafedralında ölkəmizin istedadlı orqan ifaçısı Natəvan Quliyevanın konserti keçirilib.
Natəvan Quliyeva görkəmli bəstəkarlarımız Qara Qarayev, Nazim Əlivərdibəyov, həmçinin tanınmış latviyalı bəstəkar Ayvars Kaleys və bir sıra dünya klassiklərinin orqan musiqi əsərlərini məharətlə ifa edib.
Azərbaycanlı musiqiçisinin çıxışı Liepaya şəhərində hər il keçirilən ənənəvi Yay Orqan Konsertləri çərçivəsində baş tutub.
Rumıniya səfərimizin Məmməd İsmayıl xatirəsi
“Yazarın söz mətbəxi” rubrikasında gənc şair Ümid Naccarinin ustad şair Məmməd İsmayıl barədəki qeydləri təqdim olunur.
Azərbaycanın görkəmli şairi, mənəvi atam Məmməd İsmayıl ilə Ruminiyaya çox möhtəşəm bir səfərimiz oldu. Məmməd müəllimi yaxından tanıdığıma və şəxsiyyətinə bələd olduğuma görə çox sevinirəm.
"Mən şair taleyinə inanan adamam!"- deyir o və həqiqətən də şair ömrü sürən insandır. “Dostu tanımaq istəyirsənsə səfərə çıx” - demiş atalar...
Ədəbiyyat üzrə beynəlxalq müstəvidə böyük uğurları olan Məmməd İsmayıl həm də xaraktercə bütöv və misilsiz şəxsiyyətdir və bu uğurlar heç də təsadüfi deyil. Bu, illərlə formalaşan şairlik həyatının və istedadın səmərəsidir.
Bu səfərdə illərini ədəbiyyata, sənətə həsr etmiş Məmməd müəllim qızıldan dəyərli olan təcrübələrini mənə bir övladı kimi öyrətdi.
Sizə cansağlığı və səfərlərimizin davamını arzulayıram, əziz Məmməd müəllim!
Günün fotosu: Odessa vilayətinin bombalanması acı nəticələr verib
Günün fotosu: Odessa vilayətinin bombalanması acı nəticələr verib
Rus işğalçı ordusunun artilleriyası ötən gün Ukraynanın kurort şəhəri Odessanı bombalayıb, ən azı 18 nəfər həlak olub.
Foto: Euronews
Sabah Durna balığı teatrsevərləri nağıllar aləminə aparacaq
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sabah - iyulun 3-də rusdilli tamaşaçılar qarşısında maraqlı səhnə əsəri ilə çıxış edəcək.
Sənət ocağının kollektivi rus xalq nağılı əsasında hazırlanan “Durna balığı” tamaşası ilə teatrsevərlərin görüşünə gələcək. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovadır.
Müxtəlif kukla mexanizmləri və canlı aktyor oyununun sintezindən ərsəyə gələn tamaşada balaca teatrsevərlər əsl nağıllar aləminə düşəcəklər.
Rolları teatrın rus bölməsinin aktyorları Rauf Babayev, Lina Məmmədova və Araz Həsənli ifa edirlər. Onu da qeyd edək ki, bu üçlük tamaşada 7-dən artıq personajı canlandırmaqla, eyni zamanda, iki kuklanın oyununu ustalıqla təqdim etməyə müvəffəq olub.
“Şair qəlbini çıxarıb hamıya göstərə bilən insandır”
Hümbət Həsənoğlunun növbəti 10 aforizmi
1) Arzu insan ağlının yelkənidir.
2) Təvəzökarlıq özünü nümayiş etdirməyin incə üsuludur.
3) Şair - qəlbini çıxarıb hamıya göstərə bilən insandır.
4) Şəxsiyyət özünün hamı kimi olmadığını dərk etməkdən başlayır.
5) Saatın əqrəbi irəli getsə də, hər kəsin vaxtını geri sayır.
6) Sənin əvəzinə öləcəyini seçiblər, sənin seçimin isə yaşamaq olmalıdır.
7) Sevgi iki ruhun bir-birində təsəlli tapmasıdır.
8) Nəfəs verib bir cüt soyuq əli qızdıra bilmirsənsə, nəfəs almağın əbəsdir.
9) Maraqlı yaşamaq üçün bekarçılığını qurban verə bilməlisən.
10) Musiqi qəlbin nəfəsliyidir.