Bəzən vətəndaş cəmiyyəti və media ayrı-ayrı haqsızlıqlara və qanunsuzluqlara reaksiya verməklə bu kimi halların qarşısını ala bilir. Bakı şəhəri Yasamal rayonu, İslam Səfərli küçəsi 12 ünvanında 1880-ci ildə inşa edilmiş tarixi-arxitektur bina ilə bağlı baş vermiş məlum insident də məhz elə bu vətəndaş sayıqlığı nəticəsində aradan götürülüb.
“Ədəbiyyat və incəsənət” portalı xatırladır ki, işbazlar tərəfindən sözügedən binanın
dam örtüyündə əlavə mansardın tikilməsi faktı dərhal medianın diqqətini cəlb edib. Xəbər saytları bu qanunsuzluq faktını istimailəşdiriblər. Ayrı-ayrı vətəndaşlar da xəbəri sosial mediada gündəmdə saxlayıblar.
Və bir gün keçmiş Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb ki, binanın sahibkarı tərəfindən tarixi abidədə mansardın tikilməsi struktur idarələr tərəfindən nəzarətə götürülüb və tikintinin qarşısı alınıb. Məlimatın tam mətni belədir:
“Qanunsuz tikinti ilə bağlı sahibkara xəbərdarlıq edilib və tarixi binanın üzərində hər hansı tikintinin aparılmasının yolverilməz olduğu bildirilib. Artıq binanın damında inşa edilmiş konstruksiyaların sökülməsinə qərar verilib və söküntü işlərinə başlanılıb. Ərazi aidiyyəti qurumlar tərəfindən tam nəzarətə götürülüb”.
Bu yerli əhəmiyyətli tarix-memarlıq abidəsinə edilən qanunsuz müdaxilənin qarşısının alınmasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sanksiyası və müdaxiləsi isə əsas rol oynayıb.
Bu barədə Dövlət Xidmətinin rəsmi açıqlamasında bildirilir. Açıqlamada qeyd olunur ki, həmin tarixi-memarlıq abidəsinin üzərində əlavə mərtəbənin inşasına başlanıldığı aşkar edilən kimi tikinti dayandırılıb, taxta konstruksiya ilə aparılan tikinti işləri sökülərək, tarixi bina əvvəlki görkəminə qaytarılıb.
Amma gəlin razılaşaq ki, paytaxtımızda indiyə qədər neçə-neçə tarixi abidə media və vətəndaş müdaxiləsi olunmayıb deyə işbazların qurbanına çevrilib.
Ayıq-sayıq olmaq, dəyərli hər şeyimizi qorumaq bizim borcumuzdur.
Və sonda bir ritorik sual: tarixi abidə statuslu bina niyə dövlətin balansında olmasın, bir işbaz sahibkarın xüsusi mülkiyyəti sayılsın?