Super User
Günün fotosu: Entoni Blinken Sergey Lavrovu pərt edib
Günün fotosu: Entoni Blinken Sergey Lavrovu pərt edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İyirmilərin sammitində” ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşəcəyindən hədsiz sevinc duyurdu. Amma amerikalı onu pərt edib. Ukrayna təcavüzünə görə onunla görüşməyəcəyini bildirib.
Foto: Euronews
Stranger Things serialı “Netflix”də baxış rekordunu yenilədi
İnanılmaz şeylər baş verir. Dünya “Squid Game” ilə nəfəs aldığı bir zamanda ortaya
“Qəribə şeylər“ (Stranger Things) çıxır və bütün fikirləri alt-üst edir.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki, “Qəribə şeylər” serialı “Netflix”də dünya üzrə baxış rekordunu yeniləyərək “Top 10” siyahısında birinci yerdə qərarlaşıb.
Ekran işi “Netflix”in bir milyard saatdan çox izlənilən ilk ingilisdilli serialı olub.
Serial təkcə ötən həftəsonu 301 milyon saat izlənilib. Bu nəticəylə sözügedən ekran əsəri hətta “Netflix”in ən çox izlənilən serialı “Squid Game”ni geridə buraxıb.
Qeyd edək ki, Daffer qardaşlarına məxsus olan, rejissor Şon Levinin çəkdiyi bu dəhşət filminin əsas qəhrəmanları yeniyetmələrdir.
Janrı elmi fantastik və dramdır.
Rəsm qalereyası: Ucal Haqverdiyev, “Sirli rəsm”
Bu gün Rəngkarlıq Muzeyində mərhum rəssam Ucal Haqverdiyevdən danışılacaq
Bu gün - iyulun 7-də XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Artxronika” layihəsi çərçivəsində Əməkdar rəssam, kurator Sabina Şıxlinskaya və gənc rəssam Bütünay Haqverdiyev ilə görüş keçiriləcək.
Görüşün təşəbbüskarı YARAT-dır. Və görüş zamanı hazırda mərhum rəssam Ucal Haqverdiyevin Azərbaycan Rəngkarlığı Muzeyində nümayiş olunan “Mövcudluqda ünsiyyət” fərdi retrospektiv sərgisinə əsaslanaraq, onun yaradıcılıq yolu, üzvü olduğu “Labirint” rəssamlar qrupunda fəaliyyəti və əsərlərinin ümumi analizini müzakirə olunacaq.
Rus dilində aparılacaq tədbirin moderatoru incəsənət və mədəniyyət üzrə menecer, müstəqil məsləhətçi Olqa Seleznyovadır.
Şəkildə: Ucal Haqverdiyev və onun rəsmi.
Sumqayıtda yaradılmış Azərbaycanın əfsanəvi rok qrupu olan “Yuxu”nun şərəfinə rok festivalı keçiriləcək
“Xəzərin sahilində” mahnısı yadınızdadırmı? Sumqayıtın Xəzər sahilində, uçuq xilasedici qülləsində bu rok mahnıya klip çəkilmişdi. Rejissoru Vahid Naxış idi. ANS-də nümayiş olunurdu. Solist Cəsur idi. Bas gitarada Namiq, solo gitarada qrupun yaradıcısı İbrahim Emin ifa edirdi, zərb alətlərində Çingiz…
Sumqayıtın 8-ci mikrorayonundan çıxmış bu uşaqlar ölkə rok musiqisinin ilk yaradıcıları sayılırdı. Onlardan əvvəl də kimlərsə rok oxumuşdular, sonra da. Ancaq roku milyonlara məhz onlar sevdirmişdi.
Nə yaxşı oldu, “Yuxu”nun adı əbədiləşdi.
İyulun 30-da Səbail rayonu, Şıx çimərliyində “Xəzərin sahilində” adlı ilk rok festivalı təşkil olunacaq.
Bu festival çərçivəsində bir sıra tanınmış ifaçılar və rok qrupları çıxış edəcəklər.
Festivalın məhz “Xəzərin sahilində” mahnısı ilə açılması və məhz Xəzər sahilində keçirilməsi, əlbəttə ki, rəmzidir.
Gəlin Haqq dünyasında olan “Yuxu”nun yaradıcısı İbrahim Eminə Allahdan rəhmət diləyək. İnsanlar yaşayıb gedirlər, amma gördükləri böyük işlər heç vaxt unudulmur.
Və biz “Ədəbiyyat və incəsənət” portalı olaraq təşəbbüs irəli sürmək istəyirik. Sumqayıtın 8-ci mikrorayonunda “Yuxu” qrupuna bir barelyef qoyulsun. Rok əfsanələri buna layiqdirlər. Sumqayıtlılardan da təklifimizə dəstək durmalarını xahiş edirik.
Beynəlxalq Muğam Mərkəzi Fəs Sufi Mədəniyyəti Festivalında ölkəmizi təmsil edəcək
Beynəlxalq Muğam Mərkəzi (BMM) Mərakeşdə keçiriləcək mötəbər festivala dəvət alıb.
Oktyabrın 22-dən 29-dək Mərakeşin milli-mənəvi mərkəz şəhəri sayılan Fəsdə keçiriləcək 15-ci Fəs Sufi Mədəniyyəti Festivalında BMM-nin solistləri də çıxış edəcəklər. BMM-nin kollektivi sufi mədəniyyətini orijinal şəkildə təqdim edən festivalın açılış mərasimində və sonrakı günlərdə muğam sənətimizin möhtəşəmliyini nümayiş etdirəcəklər.
Fəs Sufi Mədəniyyəti Festivalı dünyanın hər yerindən musiqi və sənətkarları bir araya gətirir. Tamaşaçılar ritual tamaşalara, filmlərə və şərq incəsənətinə baxmaq, həmçinin Mərakeş, Misir, Suriya, İran, Türkiyə və dünyanın müxtəlif ölkələrindən qatılan musiqiçilərin ifasında poeziya və sufi musiqisini dinləmək üçün toplaşırlar. Festival Mərakeşin ən maraqlı və orijinal tədbirlərindən biridir. Dünya auditoriyasına açıq olan festival təsəvvüf mədəniyyəti irsinin, onun əsərlərinin, sənət və sənətkarlıq nümunələrinin təbliğini həyata keçirir. Festival çərçivəsində dəyirmi masalar, konsertlər, sənət sərgiləri, ustad dərsləri təşkil olunur.
UNESCO-da Qeyri-maddi Mədəni irsin Qorunması Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının 9-cu sessiyası keçirilir
Parisdə UNESCO-nun mənzil-qərargahında qurumun Qeyri-maddi Mədəni irsin Qorunması Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının 9-cu sessiyası keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycan sessiyada Mədəniyyət Nazirliyinin nümayəndəsi, eləcə də UNESCO yanında daimi nümayəndəliyimizin diplomatları ilə təmsil olunur. Üç gün ərzində bir araya gələn 180 iştirakçı dövlətin nümayəndələri sessiya ərzində bütün dünyada canlı irsin qorunması və Konvensiyanın gələcəyinə dair mühüm məsələləri müzakirə edəcəklər. Həmçinin sessiyada Qeyri-maddi Mədəni İrs Fondunun resurslarından istifadə Planı və qeyri-hökumət təşkilatlarının akkreditasiyası məsələlərinə də baxılacaq.
Sessiya çərçivəsində Qeyri-maddi Mədəni irsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12 yeni üzvü seçiləcək.
Bu gün Milli Qurama Festivalı öz işinə başlayacaq
Azərbaycanda ilk dəfə bu gün iyulun 7-də başlayan və avqustun 7-dək davam edəcək Milli Qurama Festivalı çərçivəsində dekorativ-tətbiqi sənətin bu növü haqqında kitab təqdimatı da keçiriləcək.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Təhsil nazirlikləri , eləcə də Bakı Şəhəri İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festivalda bir sıra tədbirlər, kitab təqdimatı, elmi-praktik konfrans, autizm sindromlu uşaqlar üçün art-terapiya, sərgi, ustad dərsləri, kulinariya və poeziya gecələri təşkil olunacaq.
Qeyd edək ki, 2020-ci ildə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Qurama Mərkəzi açılıb. Qurama Azərbaycan bədii incəsənətində xüsusi yerə malik dekorativ-tətbiqi sənət növü olmaqla yanaşı, qədim tarixi köklərə və ənənələrə söykənərək bu gün də öz aktuallığını qoruyur.
Bir sözlə, olduqca maraqlı və rəngarəng bir festival gözləyirik.
Gəncə Dövlət Kukla Teatrı yeni tamaşa hazırlayıb
Gəncə Dövlət Kukla Teatrında Xalq şairi Rəsul Rzanın “Ana qaz” şeirinin motivləri əsasında eyniadlı tamaşa hazırlanıb.
Məktəblilərin yay tətili üçün hazırlanmış bu birhissəli uşaq tamaşasının quruluş müəllifi teatrın baş rejissoru Şamil Məmmədli, quruluşçu rəssamı Məhəmməd Hacıyev, xoreoqrafik həll müəllifi Fərmail Paşayev, musiqi tərtibatçısı Şamil Məmmədlidir.
Tamaşada Zülfiyyə Əliyeva, Naidə Namazova, Səməd Xanəhmədov, Yeganə Məmmədova, Elmar Vəliyev, Nərmin Şərifova oynayırlar.
“Cənubda kino günləri” layihəsi bu dəfə Lerikə qonaq gedir
İyulun 13-14-də Azərbaycan Kinematoqrafçılar İttifaqının “Cənubda kino günləri” layihəsi çərçivəsində Lerik rayonunda filmlər nümayiş olunacaq.
Ekran əsərləri saat 11:00-da rayonun Mədəniyyət Mərkəzində və saat 15:00-da Piran kəndinin Folklor Klubunda göstəriləcək.
Tamaşaçılara Mirbala Səlimlinin “Qırmızı bağ”, Elvin Adıgözəlovun “Biləsuvar”, İlqar Nəcəfin “Nar bağı”, Namiq Ağayevin “Ol”, Məzahir Həşimovun “Sizə məktub var”, Amil Amalın “Titrəmə”, Kamal Yaşarın “Dan yeli”, Amil Amalın “Dəhlizdə”, Nurlan Həsənlinin “Bir Ata haqqında”, Rövşən Nicatın “Hədiyyə”, Türkan Hüseynovanın “Papanin”, Ərturan Nəcəfin “Səs” qısametrajlı və tammetrajlı filmləri göstəriləcək.
Qeyd edək ki, “Cənubda kino günləri” layihəsinin icraçı prodüseri İntiqam Hacılıdır.