“Xəzərin sahilində” mahnısı yadınızdadırmı? Sumqayıtın Xəzər sahilində, uçuq xilasedici qülləsində bu rok mahnıya klip çəkilmişdi. Rejissoru Vahid Naxış idi. ANS-də nümayiş olunurdu. Solist Cəsur idi. Bas gitarada Namiq, solo gitarada qrupun yaradıcısı İbrahim Emin ifa edirdi, zərb alətlərində Çingiz…
Sumqayıtın 8-ci mikrorayonundan çıxmış bu uşaqlar ölkə rok musiqisinin ilk yaradıcıları sayılırdı. Onlardan əvvəl də kimlərsə rok oxumuşdular, sonra da. Ancaq roku milyonlara məhz onlar sevdirmişdi.
Nə yaxşı oldu, “Yuxu”nun adı əbədiləşdi.
İyulun 30-da Səbail rayonu, Şıx çimərliyində “Xəzərin sahilində” adlı ilk rok festivalı təşkil olunacaq.
Bu festival çərçivəsində bir sıra tanınmış ifaçılar və rok qrupları çıxış edəcəklər.
Festivalın məhz “Xəzərin sahilində” mahnısı ilə açılması və məhz Xəzər sahilində keçirilməsi, əlbəttə ki, rəmzidir.
Gəlin Haqq dünyasında olan “Yuxu”nun yaradıcısı İbrahim Eminə Allahdan rəhmət diləyək. İnsanlar yaşayıb gedirlər, amma gördükləri böyük işlər heç vaxt unudulmur.
Və biz “Ədəbiyyat və incəsənət” portalı olaraq təşəbbüs irəli sürmək istəyirik. Sumqayıtın 8-ci mikrorayonunda “Yuxu” qrupuna bir barelyef qoyulsun. Rok əfsanələri buna layiqdirlər. Sumqayıtlılardan da təklifimizə dəstək durmalarını xahiş edirik.