Super User
101 yaşlı qocaman kənd məktəbi
Quba-Xaçmaz bölgəsinin Alıcqışlaq kənd tam orta məktəbi bu il 101 yaşını qeyd etdi. Bu gün ölkəmizdə bu yaşda çox az məktəb tapmaq olar. Ona görə də bu məktəb unikal məktəblər sırasında qərarlaşıb.
Olduqca səfalı bölgədə yerləşən Alıcqışlaq kəndi qədim kənddir, dəniz səviyyəsindən 207 metr hündürlükdə yerləşir, 19-cu əsrin ortalarında Qubanın Alıc kəndinin camaatı gəlib burda qışlaq salıb, o vaxtdan da bura yurd yeri olub. 2009-cu il siyahıyaalınmasına görə kəndin 539 nəfər sakini var.
Məktəb yerləşən bina isə lap əvvəllər məscid olub. Burada həm də bölgənin ən böyük mədrəsələrindən biri fəaliyyət göstərirmiş. 1921-ci ildə kənd camaatının təbirincə desək, allahsız Şura hakimiyyəti gəlib məscidi qapadıb, amma yaxşı ki, barı, mədrəsəni qapatmayıb, o vaxtlar molla məktəbi adlanan mədrəsənin bazasında dünyəvi məktəbin fəaliyyət göstərməsi qərarını verib. İlk dövrlərdə Alıcqışlaq məktəbi dördillik olub. Sonra yeddiillik və səkkizillik oldu.
1971-ci ildə məktəbə yeni bina tikilib. 1972-ci ildə ilk tam orta məktəb buraxılışı olub. Mən özüm 1973-cü ildə məzun olmuşam, necə deyərlər, 101 yaşlı məktəbin 49 illik məzunuyam. Allah ömür versə, gələn il sinif yoldaşlarımız məzunluğumuzun 50 illiyini qeyd edəcəyik. O vaxt biz 17 nəfər məzun olmuşuq.
Məktəbimizin 93 yaşlı məzunu da var, Ələkbər baba deyə bütün rayon ona ehtiram göstərir, bu pirani insanı danışdırsan tarix kitabı kimi çox böyük, hadisələrlə zəngin bir dövrün xronologiyasını göz önündə canlandırar. Ayın 27-də doğum günündə Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev kəndə gələrək rayonun ən qocaman sakini sayılan Ələkbər babaya qol saatı da bağışlayıb.
Məktəbin yanındakı ərazidə əvvəllər bir varlı kənd sakininin - Şura hakimiyyəti belələrini qolçomaq adı ilə damğalayıb həbs etdirmişdi - tövlələri yerləşirdi. Məktəbə yeddiillik status veriləndə əvvəlki mədrəsə binasında darısqallıq yaranmışdı deyə bu tövlələri sinif otaqları halına gətirmişdilər, biz 70-ci illərdə bax bu keçmiş tövlələrdə dərs keçirdik. 71-ci ildə güclü yanğın oldu, məktəbin böyük hissəsi yanıb kül oldu, arxivi də yandı, yeni bina məhz bu səbəbdən tikildi.
2019-cu ilin 16 sentyabrında isə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova, Xaçmaz Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi, şagird və valideynlər məktəbin modul tipli yeni binasının açılışında iştirak etdilər. Unudulmaz anlar idi.
Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova son illərdə ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlərin görüldüyünü bildirdi, bu modul tipli yeni məktəb binasının tikilməsini də məhz bu işlərin parlaq nəticəsi olduğunu söylədi.
Qeyd edim ki, geniş və işıqlı sinif otaqları ilə şagirdlərin ixtiyarına verilən yeni məktəb binası 96 şagird - yerlikdir. Ölkə Prezidenti məktəbimizin yeni binasının inşası üçün 425000 manat vəsait ayırmışdı.
Məktəbin keçmiş direktoru İslam Zahirov da hazırkı direktor əvəzi Günay Mahmudova da məktəbin qabaqcıllar sırasında olması üçün əllərindən gələni əsirgəməyiblər.
Onu da deyim ki, bizim məktəb hazırda tək öz kəndimizin deyil, qonşu kəndlərin də uşaqlarına xidmət edir. Mirzə Qışlaq, Qaracık Zeyid, Ağyazı, Suxtakələ kəndinin uşaqları gəlib burda tam orta məktəb təhsili alırlar.
Məktəbimiz 1-ci Qarabağ müharibəsi şəhidi İlqar Nuru oğlu Mujdabəyovun adını daşıyır, məktəbin həyətində onun büstü də var.
Ötən il məktəbin yüz illiyi pandemiya səbəbindən keçirilmədiyi üçün bu il 101 illiyi təntənə ilə qeyd edildi. Tarixdə belə bir təntənə bu məktəbdə görünməmişdi, bütün məzunlar gəlmişdilər, şirniyyat süfrələri açılmışdı, hamı xoşbəxt idi. Azərbaycan Televiziyası gəlib süjet çəkdi, həm məktəbin şagirdləri və pedaqoji kollektivi, həm də kənd camaatı bundan qürur hissi keçirdilər. Yeri gəlmişkən, fürsətdən istifadə edib Ana Televiziyamızın sədri Rövşən Məmmədova Alıcqışlaq kənd sakinləri adından minnətdarlıq bildiririk.
Maddiyyatı ən böyük dəyər hesab edənlər yanılırlar, ən böyük dəyər mənəviyyatdır. Azərbaycanın mənəvi sərvətlərini yüz illərdir ki, folklorumuz, adət-ənənələrimiz, ədəbiyyatımız, mental xüsusiyyətlərimiz, eyni zamanda təhsilimiz formalaşdırır. Bu cəhətdən də, 101 illik fəaliyyəti dövründə on minlərlə insana təlim-tərbiyə verən, onları bilik xəzinəsinə çatdıran Alıcqışlaq kənd orta məktəbinin yeri bir ayrıdır.
102-ci ildönümündə görüşənədək, əziz məktəbimiz!
Malik Məmmədov,
Xüsusi olaraq Alıçqışlaq
kənd orta məktəbindən
İlk qadın xalq şairi Mirvarid Dilbazinin məzarı ziyarət edilib
"Qazax Xeyriyyə" İctimai Birliyinin və “Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə iyulun 12-də Xalq şairi Mirvarid Dilbazinin anım günü münasibətilə məzarı ziyarət edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, "Qazax Xeyriyyə" İctimai Birliyinin İdarə Heyətinin sədri İlham Pirməmmədov Mirvarid Dilbazinin 110 illiyi ərəfəsində silsilə tədbirlərin həyata keçirildiyini bildirib. Ulu öndər Heydər Əliyevin Mirvarid Dilbaziyə xüsusi diqqət göstərdiyini deyən İlham Pirməmmədov bildirib ki, Ulu Öndərin təşəbbüsü ilə Mirvarid Dilbazinin 85 illiyi təntənəli şəkildə qeyd edilib.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı şairin yaradıcılığından söhbət açıb. Bildirib ki, şairin yaradıcılığındakı humanizm, yüksək insani dəyərlər, vətənpərvərlik onu xalqa daha çox sevdirib: “Vəfatından 21 il keçməsinə baxmayaraq, Mirvarid Dilbazi bu gün də sevə-sevə oxunur. Onun "Bənövşələr üstə göz yaşları" kitabı “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi tərəfindən kiril əlifbasından, latın əlifbasına çevrilərək yenidən çap olunub. Düşünürük oxucuların ürəyincə olacaq, çünki bu kitaba Xalq şairi öz şirinli, acılı xatirələrini daxil etmişdir”.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, filologiya üzrə elmlər doktoru Valeh Nəsibov, şair Rafail İncəyurd, professor Rüstəm Kamal, şairin qızı Xatirə Dilbazi, Tarix İnstitutunun direktor müavini Əli Məhərrəmov və başqaları çıxış edərək Xalq şairi ilə bağlı xatirələrini bölüşüblər.
“Ləkə” - Güney Azərbaycandan Ruqiyyə Kəbirinin hekayəsi
“Güneydən gələn səslər” rubrikasının aparıcısı “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan nümayəndəsi, Təbrizdə yaşayan yazar Əli Çağladır.
Ruqiyyə Kəbiri 1962-ci ildə Xoy şəhərində dünyaya gəlib, Təbriz universitetinin feldşer fakültəsi, laborator elmlər bölümündə təhsil alıbdır. 2013-cü ildə elm və tibb idarəsindən təqaüdçü olubdur.
Onun, "Ürəyim ağrıyır" (Hekayələr), "Bu qapı heç çalınmayacaq" (Hekayələr) Evim" (Roman), "Online yazılar" (Uzun hekayə), "Yerdən uca torpaq" (Roman), "Dünya qabar çalıb yoldaş" (Hekayələr), "Saçaqdan asılmış əjdaha" (Çin səfərindən yazılar), "Quşlar daha qorxmurlar" (Roman), "Özbəkistan səfərnaməsi", "Mürr ağacının kəhrəba gözləri" (Roman), "Aclıq baratası" (Roman), "Endim bulaq başına" (Yaylaq səfərindən), "Aqurada yandırın məni" (Hekayələr), "Hər qulağımda bir qızıl alma" (Hekayələr), "Düşərgə" (Roman) və müxtəlif şeir kitabları və uşaq kitabları çap olunubdur.
Əllərimizdə polis qalxanı, başımızda hərbi dəbilqə, qoruyucu boyunluq, gövdə zirehi, diz qoruyucusu və bellərimizdən sallanan batomlarımızla iqtidarlı robot ləşkəri kimi xiyabanın ortasında səf çəkib komandırın əmrini gözləyirik. Yumruqlarını bizə sarı tutub, ağızlarını göyə açıb, bağırıb, şüar verən cəmiyyət isə qarşımızda dayanıb.
Cəmiyyətə baxırkən dəbilqənin üz qoruyucu təlqinin üzərində nöqtə boyda bir qırmızı ləkə gözümə sataşıb, fikrimi qarışdırır. Özümü görməzliyə vursam da, nöqtə gözümə soxulur. Çox yüksək səviyyədə hazırlıq əmri aldığımız üçün diqqətim pozulmamalıdır. Amma o qırmızı nöqtə leyzer ışığı kimi beynimin içinə nüfuz edir. Əlcəkli barmağım ilə nöqtəni silməyə çalışıram. Silinmir. Zehnimi nöqtədən yayındırım deyə qarşımızdakı şüar verən cəmiyyətin yumruqlarına diqqət verirəm. Hər adamın ürəyi yumruğu boydadır deyirlər. Yumruqları sayıram. Bir, iki, on, on beş, yüz, iki yüz... Bu qədər yumruğu saymaq mümkün deyil. Göz qabağında görünən yumruqların boy-buxununa baxıb ürəklərin əndazasını öz yanımda təxmin vururam. İncə yumruqlar, incə ürəklər, kobud yumruqlar, kobud ürəklər...
Öz əllərim ilə həmqatarlarımın əllərinə baxıram, hamımız əllərimizi qara əlcəklərin içində qorumağa çalışsaq da, ürəklərimizi iki qat qorumağa çalışırıq. Biz ürəklərimizi gövdə zirehi ilə polis qalxanı arxasında gizli tutmuşuq.
Əlcəksiz yumuruqlar, əlcəkli yumuruqlar, rəngbərəng yumuruqlar havada oynayır... Yaşıl yumuruqlar, qara yumuruqlar, sarı yumuruqlar, qəhvəyi yumuruqlar, bənövşəyi yumuruqlar, mavi yumuruqlar və bir qırmızı yumuruq...
Təlq arxasından qırmızı yumuruğa baxıram. Hərbi dəbilqənin təlqi arxasından baxmaq, pəncərədən baxmaq kimi deyil, pəncərə insan vücudundan ayrı olduğuna görə, baxıb qırağa çəkilib, görüntülərin təsirindən qaçmaq ola bilər, amma hərbi dəbilqə başa qoyulduğu an, baş sahibi ilə birləşib, baş sahibinə iqtidar bağışlayıb onu güclü və əlçatılmaz göstərir.
Təlq üzərindən beynimə sızan qırmızı nöqtəyə fikir verməyim deyə qarşımızda qımıldayan cəmiyyətə baxırkən öz-özümə düşünürəm: “görəsən vücudumuza geydiyimiz bu qoruyucu əbzarlar güclüdür, yoxsa havada oynayan bu yumuruqlar və yumuruq boyda ürəklər?!”
Qırmızı yumuruq beynimə mıxlanıb, gözümü ondan ayırmağa qadir deyiləm. Cəmiyyət şüar verib, bağırırkən bizə sarı hücum gətirir. Qırmızı yumuruğun hərəkətini gözümlə dolandırıram. Baxdıqca qırmızı nöqtənin şüası təlq üzərində genişlənir. Daha dözə bilməyib, dəbilqənin təlqini yuxarı çəkirəm. Qırmızı yumuruq ilə aramdakı ləkəli pəncərə yoxa çıxıb, hər şey göz önümdə aydınlaşır. Mən o qırmızı yumuruğu tanıyıram. O yumuruq mənim ürəyimdir, mənim döşümün altında döyünür. Mən o qırmızı yumuruğun kimə aid olduğunu başa düşüncə yumuruğumu sıxıram, ürəyim ovcumda döyünür.
Yumuruqların sayısı çoxalıb, səslər isə get-gedə itiləşsə də, mən hövüşnə ilə yalnız o qırmızı yumuruğu gözümlə təqib edirəm. Bizim əbzarlarımızın gücü qarşımızdakı cəmiyyətin canına qorxu salan kimi birlikdə bağıran səslər ilə yumuruqlar, özəlliklə o qırmızı yumuruq da mənim canıma xof salır.
Komandır dəbilqəmin təlqinə işarə edir. “komandırın əmri, dəmiri kəsər” sözü, mənim və həmqatarlarımın qulağına sırğa kimi asılıb. Ən yaxşı polis, əmrlərə itaət edən polisdir. Mən və həmqatarlarım üzümüzü də ürəklərimiz kimi qorumalıyıq. Təlqi üzümə salıram. Qırmızı yumuruq ilə mənim aramdakı aydınlıq kaslaşır. Hövüşnəm get-gedə artır.
Komandır hücum əmri verir. Daha bizim yumuruqlarımız ürəklərimiz boyda deyil. Həmqatarlarımın batomları havaya qalxıb-enir. Mən isə yalnız o qırmızı yumuruğa sarı qaçıram. Onu qorumalyam. Cəmiyyətin səsi ilə güllə səsi bir-birinə qarışır. Cəmiyyət güclərini ayaqlarına verib qaçırlar. Qırmızı yumuruq isə gözümdən itir. O qırmızını mən onun barmaqlarına taxmışam. Mən o barmaqların birinə halqa salmışam. Mən o barmaqları dəfələrcə birbəbir öpmüşəm, mən o qırmızı yumuruğu, o qırmızı ürəyi batomlardan qorumalıyam. Qarşımızdan qaçan cəmiyyətin arasında yalnız bir qırmızı nöqtə axtarıram. Bir an yenə qırmızı nöqtə mıx kimi gözümə batıb sonra nöqtənin nəzmi pozulub, dəbilqənin təlqi üzərinə qırmızı cövhər səpilir deyəsən.
Cəmiyyəti itələyib, asfalt üzərə düşən qırmızı əlcəkli qızı bağrıma basıb, onu hərbi polis qarşısından qaçan cəmiyyətin ayaqlarından və həmqatarlarımdan qorumağa çalışıram. Qırmızı nöqtələr yalnız asfaltı ləkələmir. Mənim qara əlcəklərim, ürəyimi arxasında gizlətdiyim gövdə zirehim də, diz qoruyucum da ləkələnib. Get-gedə ləkənin şüası asfalt üzərə böyüyür...
Redaksiyadan: Müəllifin üslubu qorunub saxlanılıb.
Bu gün Lerikdə əsl kino bayramıdır
İyulun 13-14-də Azərbaycan Kinematoqrafçılar İttifaqının “Cənubda kino günləri” layihəsi çərçivəsində Lerik rayonunda filmlər nümayiş olunacaq. Ekran əsərləri saat 11:00-da rayonun Mədəniyyət Mərkəzində və saat 15:00-da Piran kəndinin Folklor Klubunda göstəriləcək.
Tamaşaçılara Mirbala Səlimlinin “Qırmızı bağ”, Elvin Adıgözəlovun “Biləsuvar”, İlqar Nəcəfin “Nar bağı”, Namiq Ağayevin “Ol”, Məzahir Həşimovun “Sizə məktub var”, Amil Amalın “Titrəmə”, Kamal Yaşarın “Dan yeli”, Amil Amalın “Dəhlizdə”, Nurlan Həsənlinin “Bir Ata haqqında”, Rövşən Nicatın “Hədiyyə”, Türkan Hüseynovanın “Papanin”, Ərturan Nəcəfin “Səs” qısametrajlı və tammetrajlı filmləri göstəriləcək.
Qeyd edək ki, “Cənubda kino günləri” layihəsinin icraçı prodüseri İntiqam Hacılıdır.
Bugünkü “Dəyirmi masa” Azərbaycanın güllələnmiş ilk qadın pianoçusuna həsr olunacaq
Bu gün Beynəlxalq Muğam Mərkəzinin (BMM) muğam və musiqi sənətimizin elmi-nəzəri və praktiki məsələlərinin müzakirə olunduğu “Dəyirmi masa” layihəsinin növbəti tədbiri keçiriləcək və tədbir Azərbaycanın ilk qadın pianoçusu, 1938-ci ildə əks-inqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırılaraq güllələnmiş Xədicə Qayıbovaya həsr ediləcək.
Mədəniyyət tariximizi bilmək əlbəttə ki önəmlidir. Sovet dövründə düşmən bildiklərimizin həqiqətdə dost, dost bildiklərimizin isə düşmən olması gerçəkliyi varkən gərək elə edək ki, tariximizdə ağ ləkələr qalmasın.
“Dəyirmi masa” ideyasının müəllifi BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov, koordinatoru filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlıdır.
“Ədəbiyyat və incəsənət” portalı Xədicə Qayıbovanın tərcümeyi halını diqqətinizə çatdırır. O, 1893-cü il mayın 24-də ailəsinin altıncı uşağı olaraq Tbilisidə dünyaya gəlmişdir. Atası torpaq idarəsində çalışan və Tbilisinin məşhur ruhanilərindən olan Osman bəy Müftizadə, anası isə XIX əsrdə burada məskunlaşan tatar əsilli Terequlovlar ailəsinə mənsub Züleyxa xanım idi. Atası qızına mükəmməl təhsil vermək arzusunda idi. Ona görə də bütün imkanlarından istifadə edərək onun Müqəddəs Nina Qızlar məktəbinə daxil olmasına nail oldu. Xədicə xanım burada orta təhsillə yanaşı, eyni zamanda, mükəmməl fortepiano təhsili də aldı.
1911-ci ildə buradan ayrılan 18 yaşlı Xədicə xanım Nadir Qayıbovla ailə həyatı qurdu. Onu da qeyd etmək lazımdır ki, Hüseyn Əfəndi Qayıbov, həmçinin bütün Qafqazda məşhur olan Qori Müəllimlər Seminariyasında Azərbaycan bölməsinin açılmasının təşəbbüskarlarından biri olub. Sonrakı bir neçə ildə qadınlar üçün nəzərdə tutulan rus-müsəlman məktəbində dərs deməyə başlayan Xədicə xanım 1919-cu ildə ailəsi ilə birlikdə Bakıya köçür.
Azərbaycanda sovet hökuməti qurulandan sonra X. Qayıbova musiqi mədəniyyəti sahəsində daha aktiv fəaliyyət göstərməyə başlayır. Maarif Komissarlığında Şərq musiqi şöbəsinin müdiri təyin edilir. Onun təşəbbüsü ilə “Qısamüddətli Şərq musiqi kursları” təşkil olunur, ayrı-ayrı məktəblərdə uşaq xoru yaradılır. 1927-ci ildə Xədicə xanım Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Bəstəkarlıq sənətinin sirlərini, musiqinin nəzəri məsələlərini mənimsəyir. Muğam variasiyalarını ilk dəfə fortepianoda ifa edir. Bir o dövrü təsəvvür etməyə çalışın. Sovet repressiya maşını bütün gücü ilə işləyirdi. Xədicənin fəallığı sovet hüquq-mühafizə orqanlarının diqqətindən kənarda qalmır. 1933-cü ildə casusluqda, əks-inqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırsalar da heç bir sübut, dəlil olmadığına görə onu həbsdən azad edirlər.
Bundan sonrakı fəaliyyətini Xədicə xanım Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki Elmi Tədqiqat Musiqi kabinetində davam etdirir. Burada xalq dastanları, mahnı və muğamların toplanması ilə məşğul olur. Öz evini əsl musiqi mədəniyyəti ocağına çevirir. Burada mütəmadi olaraq musiqi məclisləri keçirir. Qonaqlar arasında dövlət xadimləri, Bakıya qastrola gələn ifaçılar, xarici qonaqlar, xüsusilə Türkiyədən gələn alimlər, şairlər olub. Araşdırmalarda göstərilir ki, bu musiqi məclislərində həm də Ü.Hacıbəyli, R.Qliyer, H.Sarabski, Bülbül, F.Köprülüzadə, İ.Hikmət və başqaları yaxından iştirak ediblər.
Şərq konservatoriyasının banilərindən hesab olunan Xədicə xanım fortepianoda ifa etdiyi klassik muğam əsərləri ilə qısa zamanda şöhrət qazanmışdı.
Amma qırmızı cəlladlar yenidən Xədicə xanıma tor atırlar. Azərbaycan SSR XDİK-ın Xüsusi Üçlüyünün 1938-ci il 19 oktyabr tarixli qərarına əsasən Xədicə xanım Qayıbova Türkiyə konsulluğu ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnməyə məhkum edilir və hökm icra edilir.
Xədicə Qayıbovaya həsr edilmiş “Dəyirmi masa”da alimlər, sənətşünaslar, musiqiçilər iştirak edəcək, onun əzablı həyat və sənət yolundan danışacaqlar. Tədbir çərçivəsində konsert proqramı də təqdim ediləcək.
Bir sözlə, heç nə unudulmur, heç kəs yaddan çıxmır.
Qritsenko həyatdan getdi
Məşhur rus yazıçısı və dramaturqu, Beynəlmiləl Yazıçılar İttifaqının sədri Aleksandr Qritsenko qəfildən dünyasını dəyişib.
Cəmi 42 yaşında.
Onun dəfn mərasimi bu gün olacaq.
BYİ-nin məlumatında deyilir: “İtkimiz çox ağırdır. Rusiya ədəbiyyatı istedadlı və vətənpərvər bir sıra nəfərini itirdi.”
Göylərin adamı... – İsa Muğannanın nəvəsi Səma Muğannanın hekayəsi
Maqsud babanın əziz xatirəsinə ithaf edirəm!
Yenə soyuq küçələrə sükut çökmüşdü. Gecə saat 2 - 3 olardı, artıq insanlar evlərinə toplanmışdılar. Bu sərt rüzgarın baxışları simama elə bil şillə vurmuşdu. Qarşımda uzun yol vardı, ancaq hansı küçədən gedəcəyimi bilmirdim. Şimşək də çaxırdı. Ah! Mən nə edəcəkdim? Kimsəsiz bir uşağın fəryadını kim duyacaqdı bu saatda? Kim mənə kömək edəcəkdi?
Dözə bilmirdim. Qəflətən diz çöküb hönkürtü çəkdim. O qədər dərindən çəkdim ki, sanki bu dəqiqə ürəyim qopub düşəcəkdi.
Hamı məni uşaq bilir. Elə düşünürlər ki, mənim ürəyim yoxdu. Bu necə insafsızlıqdır?! Nolsun yaşım azdır? Mənim duyğularım ola bilməz?
Sualıma cavab verin, insanlar niyə bu qədər əclafdırlar, kinlidirlər?
Sualıma cavab verəcəksiniz? Yox. Ya bu sualların cavabını bilmirsiniz, ya da “Kimi kimsəsi yoxdur.Yenə boş-boş danışır”, -deyib keçəcəksiniz.
Hönkür-hönkür ağlayarkən küçənin ortasında diz çöküb qalmışdım. Yaralanan əllərimlə dizlərimin ağrısını belə ağlamaqdan hiss etmirdim. Demək, insan ağrını ürəyində də hiss edərmiş. Mən indi qəlbən hiss edirəm. Bir insan çevrilib heç soruşmurdu ki, “Qızım, nəsə istəyirsən?” Bu fikri almaq qalsın bir yana, üzümə baxan belə yox idi.
Şimşəyin çaxması yağış yağacağına işarə edirdi. Yenə həmişə olduğu kimi sərt rüzgar mənə əzab verəcək, yağışın damlaları da isladıb üşüdəcəkdi. Kaş... Kaş ki, səsimi duyan olsaydı. Tanrım, ya al yanına, ya da məni bir mərhəmətli insanla qarşılaşdır!
Qəfildən arxadan kişi səsi eşitdim.
-Qızım, niyə küçədəsən? Atan, anan yoxdur?
Arxama dönüb baxmağa qorxdum. Məndən daha da dərindən, hətta hayqırış səsi ilə dolu hönkürtü qopdu.
Yanıma yaxınlaşdığını hiss etdim. Mən qorxub divarın küncünə tərəf qaçdım.
-Məndən qorxma, qızım. Adım Maqsuddur. Bəs sənin adın nədir? Bu saatda niyə küçədəsən?
-Adım Fəridədir. Mən... Mənim kimsəm yoxdur...
“Kimsəm yoxdur” sözünü söylədikdə ürəyimdən bir parçamın qopub düşdüyünü hiss etdim. Deyirlər ki, “İnsan uzun müddət ağrılarıyla yalnız yaşadıqda alışır”. Deyəsən, mən də alışmışdım...
-Atan, anan səni qoyub gedibmi? Yoxsa?
-Yox, getməyiblər. Qohumlardan eşitdiyimə görə mən doğulduqda anam dünyasını dəyişib. Atam da anamın itkisinə dözə bilməyib, ürəyi partlayıb. Atam ilə anamı, hətta “Dəli sevdalılar” adlandırardılar. Bir-birini uzun illər seviblər. Sonra taleləri onları məndən ayırıb...
-Fəridə, qızım, çox üzüldüm. Söz tapa bilmirəm. Gəl belə edək. Sən mənimlə gedəcəksən. Səni həyat yoldaşım Səkinəylə tanış edəcəm. Bundan sonra bizim yanımızda qalacaqsan.
-Yox, yox! Elə şey olmaz. Mən kimsəyə yük olmaq istəmirəm.
-Bir də belə danışdığını eşitməyim. Nə yük? Sən də nəvəm yaşındasan. Maqsud baban səni hamıdan qoruyacaq!
Maqsud babayla söhbət etməmişdən qabaq çox qorxmuşdum. Bu gözəl insanın simasında qəribə bir ifadə vardı. Kənardan çox zəhmli görünən Maqsud kişi, əslində, bir körpənin ürəyi kimi ürəyə malikdir, mərhəmətlidir. Demək, insanları tanımaq üçün onlarla ünsiyyətdə olmaq lazımdır. Mən hər şeydən məhrum imişəm...
-Əlini mənə ver, gedək, Fəridə qızım.
Maqsud babanın əlindən tutdum. Öz evinə aparırdı məni. Araya dərin sükut çökmüşdü. Deyəsən, mənim simamdakı narahatlığı duyub bu sükutu pozdu:
-Fəridə, sənin neçə yaşın var, qızım?
-Beş yaşım var, Maqsud baba.
-Sən həmişə burda olmusan, yoxsa kiminləsə gəlmisən?
-Yox ,Gülzar adında xalam vardı. Onunla gələrdim həmişə. Ancaq o...
Bir anlıq duruxdum. Qorxdum ki, xalam xəbər tutar danışdıqlarımdan. Əlindən zorla qaçıb gəlmişdim buraya. Maqsud baba mənim susduğumu görüb başımı sığallayaraq dedi:
-Qorxma, qızım. Maqsud babandan da heç nəyi gizlətmə. Artıq bundan sonra sən bizimlə yaşayacaqsan.
-Gülzar xala, əslində, mənim doğma xalam deyil. Məni himayəsinə almışdı. Sadəcə çox incidirdi. Məni həmişə döyər, söyərdi.
Donumun qolunu qaldırıb o qadının etdiklərini göstərdim.
-Əclaf qızı! Uşağa da əl qaldırarlar? Bəs sən necə qaçıb gəldin?
-Biz Bakıda yaşayırıq. Bir neçə gün bundan qabaq telefonla danışdığını eşitdim. Məni uşaq evinə qoyaçağını duydum. Necə və hara gedəcəkdim deyə heç bir fikrim yox idi. Qərara gəldim ki, Gülzar xala yatanda telefonu alıb həmin gün qaçım.
-Bəs bura – Qazaxa necə gəldin?
-Maqsud baba, qorxa-qorxa yolda tanımadığım qadından kömək istədim. O da təsadüfən Qazaxa gəlirmiş. Məni də avtobusa mindirdi. Sağ olsun, məni yedizdirdi, içizdirdi. Qazaxa gəldikdə yalandan dedim ki, məni qarşılayacaqlar, buraya qoyub gedin. O da elə etdi. O vaxtdan bu soyuq, tənha küçələrdə mən də kimsəsiz bir uşaq kimi dolaşıram.
-Sənin bu kiçik ürəyində nə böyük dərd varmış, qızım...
Maqsud babanın kövrəldiyini hiss etdim. Mövzunu tez dəyişdim:
-Maqsud baba, Qazax necə bir yerdir?
-Fəridə, qızım, Qazax cənnətdir cənnət! Yurdu, havası, suyu, torpağı canım-ciyərimdir mənim! Mən uşaqlıqdan ta bu yaşıma kimi Qazaxın havasını içimə çəkib, suyunu içmişəm. Qazax bütün ellərdən doğmadır!
-Mən də gəzib görmək istəyərdim.
-Gəzəcəksən, görəcəksən! Maqsud baban hər səhər saat 6-da durub işə gedir. Bir gün boş olanda səni çoxluca gəzdirərəm! Hə, bax, gəldik çatdıq.
Darvazanı açdıqda özümü başqa bir dünyada hiss etdim.Maqsud babanın ocağı mənim doğma yurdum, evim idi. Bu ocağın hələ doğma insanları da vardı.
-Səkinə, mənəm! Aç qapını.
-Ay xoş gəlmisən, Maqsud! Bu balaca qızımız kimdir?
-Səkinə, bir dayan. Evə girim nəfəs alım, sonra danışaram. Sən de görüm, pürrəngi çayın varmı?
-Hə, əlbəttə! Gəl, gəl!
-Fəridə qızımı götür. Paltarını dəyiş, rahatlat, mən sənə hər şeyi danışacam.
Səkinə nənə məni o qədər gözəl qarşıladı ki, arada bir gözlərimdən yaş damladığını hiss etdim. Mənə yemək, çay verdi. O qədər gözəl qarşıladı ki, özüm belə təəccübləndim, çünki heç vaxt bu sevgini hiss etməmişdim. Məni qucaqlayıb dedi:
-Saat çox gecdir, Fəridə, qızım. Gəl aparım yatırdım səni.
-Səkinə nənə...
-Ay can! De, balam, ürəyin nə istəyir?
-Olarmı ki əvvəlcə Maqsud babaya təşəkkür edim, sonra siz mən yatana kimi yanımda qalasınız? Bir az qaranlıqdan qorxuram.
Əslində, qaranlıqdan qorxmurdum. Kimsəsiz bir uşağın istəyi nə ola bilərdi? İsti qucaq, sevgi, qayğı. Tanrım bunu mənə çox görməsin!
-Əlbəttə, gözəl balam. Mən sənə gözüm kimi baxacam, amma əvvəlcə nə etmək lazımdır? Təbii ki, səni qəşəngcə çimizdirmək lazımdır! Heç narahat olma!
Səkinə nənə məni hamama salıb yaxşıca yuyundurdu. Hamamdan çıxanda qaça-qaça Maqsud babanın yanına gəldim. Boynuna atlanıb bərk-bərk sarılıb dedim:
-Maqsud baba, hər şey üçün təşəkkürlər!
-Qızım, şükürlər olsun ki,Tanrım səni mənim qarşıma çıxartdı! İndi get yat. Hələ qabaqda gözəl günlərimiz olacaq.
Qaçıb Səkinə nənənin əlindən tutub otağa getdim. Yatağa uzandıqda ürəyimin qopan parçalarının bir-birinə bağlandığını hiss etdim. Deyəsən, qopub düşən parçalar geri dönürdü, ya da məni tərk etməmişdilər. Çox şey istəmirdim ki. Az da olsa sevgi istəyirdim...
****
Hər gün səhər tezdən qalxar, Səkinə nənəmin yanında dolaşardım, həm də oynayardıq. Bəzən olardı ki, məni də özü ilə aparıb surpriz hədiyyələrlə sevindirərdi. Hər gün xoşbəxtliklə oyanardım ki, Səkinə nənəmlə gəzintiyə çıxacağıq! Maqsud babanın çox işi olurdu deyə məni tez-tez gəzintiyə çıxara bilmirdi. Demək olar, bütün günümü Səkinə nənəmlə keçirər, əylənərdim. Günlərin necə tez keçdiyini bilməzdim. Sanki zaman əllərimdən qaçıb gedirdi. Axşamları Səkinə nənə samovar çayı hazırlayardı. Maqsud babanın tez-tez qonaqları gələrdi. Bu dadlı söhbətin havasında Aşıq Kamandarın səsi gələrdi. Bəzən olardı ki, səhərə kimi Aşıq Kamandar çalar, Maqsud baba qonaqları ilə şənlənərdi. Mən uşaq olduğumdan çox vaxt məclisin gedişatını görə bilmirdim, çünki tez yatırdım. Siz bilirsinizmi, hüzuru hiss etmək necə böyük xoşbəxtlikdir? Mən ən böyük xoşbəxtliyimi tapa bilmişdim. Artıq yalnız deyildim, çiyinlərimdə özümdən ağır yük daşımırdım. Maqsud baba və Səkinə nənənin şirin, dadlı-duzlu söhbətlərini dinləyib bəzən yuxuya dalardım eləcə.
***
Bu böyük xoşbəxtlik bir neçə il davam etdi. Həyatımda ən dərin boşluğu Maqsud baba ilə Səkinə nənə doldurdu. Bu ocağa sığındığım gündən bəri mən ən böyük xoşbəxtliyimi yaşayırdım. Bəzən qorxurdum ki, bu xoşbəxtlik əllərimdən qaçıb gedəcək...
Elə qaçıb getdi də...
Yenə bir yay axşamı idi. Səkinə nənə ilə həyətda gəzişirdik. Maqsud baba bir neçə günlük Bakıya gedəcəkdi. Artıq yola çıxmışdı. Ancaq nədənsə ürəyimdə böyük bir narahatçılıq vardı. Həmişə getməmişdən qabaq alnımdan öpüb, başıma sığal çəkib deyərdi ki, “Özünə yaxşı bax, Fəridə qızım. Bir gün mən yanında olmaya bilərəm. Məndən sonra çox göz yaşı tökmə. Bax, Səkinəyə də, sənə də bərk-bərk tapşırıram!” Mən isə üzümü turşudar, hətta küsərdim. Bu gün də bir neçə il bundan qabaq Maqsud babanın məni tapmamışdan öncəki halımda idim. O dərin boşluğu hiss edirdim. Səkinə nənə süfrəni yığışdırırdı. Yaxınlaşıb söylədim:
-Səkinə nənə, gəl, mən də sənə kömək edim.
-Yox, balam, sən otur. Mən özüm edəcəyəm, -dedi.
Deyəsən, Səkinə nənə simamdakı narahatlığı hiss etmişdi. Əlindəkiləri yerə qoyub mənə yaxınlaşdı.
-Qızım, nolub? Nəsə narahatçılığın var?
Nə qədər gizlətməyə çalışsam da alınmadı. Göz yaşlarımı gizlədə bilmədim.
-Bir az hə. Maqsud baba çatıbmı görəsən?
-Gözəl qızım, bir neçə saatdan sonra çatacaq Bakıya. Zəng vuracaq. Sən niyə ağlayırsan?
-Bilmirəm. Səkinə nənə, olarmı sizə sarılsam?
-Can! Əlbəttə olar. Gəl!
Səkinə nənəni bərk-bərk qucaqlayanda bir az rahatladığımı hiss etdim, ancaq o boşluq keçməmişdi. Yenə yağış yağacaqdı, çünki göy üzünü qara buludlar almışdı.
-Gəl, qızım, keçək içəri. Mən də süfrəni yığışdırdım artıq. Əlini ver mənə, Fəridə, keçək içəri.
Səkinə nənə ilə əl-ələ tutub içəri keçdik. Divana uzandım. Sadəcə dincəlim deyə uzanmışdım, ancaq elə də yuxu aparmışdı məni.
Bir neçə saat sonra qəflətən qışqırıq səsinə oyandım. Səkinə nənənin hayqırtısını eşitdim. Otaqdan çıxıb, qaça-qaça həyətə düşdüm. Səkinə nənə dizlərinə döyə-döyə “Maqsuuud! Maqsud,bizi niyə qoyub getdin!” -deyə hayqırırdı. Qaça-qaça yanına gəlib Səkinə nənənin boynuna atlayıb həyəcanla soruşdum:
-Səkinə nənə, Maqsud babama nolub?
-Maqsud babanı itirdik, qızım! İtirdik!!!!, -deyə fəryad etdi.
... “İtirdik” kəlməsi qulaqlarımdan hələ də getməyib. Gözlərimdəki yaş bir anlıq qurudu.
-Necə yəni itirdik? Səkinə nənə?
Bu sözü dedikdən sonra huşumu itirdim. Çox yaşanan hadisəni xatırlamıram, ancaq xatırladığım tək şey var. O da Səkinə nənənin “Maqsud babanı itirdik” sözünü söyləməsi idi. Oyananda başımın üstündə Səkinə nənənin saçlarıma sığal çəkərkən hönkür-hönkür ağladığını gördüm. Yataqdan qalxıb Səkinə nənənin göz yaşlarını kiçik barmaqlarımla silməyə çalışıb dedim:
-Səkinə nənə, Maqsud babam cənnətəmi getdi?
-Hə, qızım. Tanrı evinə getdi...
-Bəs biz? Bizi niyə tək qoyub getdi?
-Gözəl qızım, Maqsud baban bizim yanımızdan cismani olaraq ayrılıb. Onun ruhu yenə səninlədir, mənimlədir.
-Bəs mən indi kimə səhər oyanıb “Sağ-salamat, Maqsud baba” deyəcəm? Kimdən o dadlı-duzlu söhbətləri dinləyəcəm?
Bu sözləri dedikdən sonra dərindən hönkürtü çəkdim. Artıq taqətim qalmamışdı. Başımı Səkinə nənənin çiyinlərinə söykəyib daha da bərkdən ağladım. Bu ağır itkinin ağrısını indi çiyinlərimdə deyil, bütün vücudumda hiss edirdim...
İllər, aylar keçdi. Artıq Maqsud babasız tam 5 il keçirdi. Mənim 15 yaşım vardı. Gənc qız olmuşdum. Artıq kimsəsiz Fəridə böyüyüb boya-başa çatmışdı. Bu 15 il ərzində çiyinlərimdə nə yük daşımışam ki? Mənim ən böyük yüküm Maqsud babanın itgisi oldu.
Məzarına gəlib yaxınlaşdım. “Məzar daşı” sözünü belə deməyə dilim gəlmir! Axı o ölməyib! Deyəsən, çox danışa bilməyəcəyəm. Bir az ruhu ilə söhbətləşdikdən sonra qayıdıb evə gəldim. Evə gəldikdə Səkinə nənə evdə yox idi. Nədənsə qəlbim səslədi ki, Maqsud babanın otağına keçim. Otağa keçdikdə stolunun yanındakı siyirməni açıb şəkillərə baxaram deyə düşündüm. Şəkillərin altında saralmış köhnə bir məktub parçası gördüm. Məktubun üstündə “qızım Fəridəyə” yazılmışdı. Bu Maqsud babanın məktubu idi. Məktubu açıb oxumağa başladım:
“Fəridə, qızım, sən bu məktubu yəqin ki, mən bu dünyadan köçdükdən sonra oxuyacaqsan. Məni bağışla, ancaq Tanrı artıq vaxtımın çatdığını deyir. Getməliyəm. Mən də getməmişdən öncə düşündüm ki, bu kiçik məktubu yazıb elə gedim. Bir azdan yola çıxacam. Başıma nə gələcək? Nə olacaq? Bilmirəm. İnsan ağır fikirlərlə yaşadıqda daha tez qocalar. Bunu unutma ki, özünü ağır fikirlərlə yükləmə. Bu sənə Maqsud babanın tapşırığıdır!
Səni heç vaxt kimsənin əlinə qoymayım, qoruyum, boya-başa çatdırım deyə düşünürdüm. İndi isə Səkinə nənənlə birlikdə qalacaqsan. Bəlkə də bu məktubu oxuduqda sən artıq həddi-büluğa çatmış bir qız olacaqsan. Səni nə qədər də qorusam, kədərdən, acıdan qoruya bilmərəm. Qızım, zaman elə qəddardır ki, bizim bütün sevdiklərimizi əlimizdən alıb aparır. Səndən yeganə xahişim var ki, güclü ol! Səkinə nənəni incitməcəyindən tam əminəm, ancaq xahiş edirəm ki, mənim qara xəbərim gəldikdə ağlamayın. Bu ağrını yaşamağa artıq dözə bilmərəm...
Əziz övladım, Maqsud baban səni həmişədən çox sevib. Həmişə səni göz bəbəyim kimi qoruyacağıma söz vermişdim! Əgər bir gün yanında olmasam nə edəcəksən, necə bu insanlarla başa çıxacaqsan deyə düşündükdə dərd məni alıb aparır, amma sonra deyirəm ki, mənim qızım əzmkardır!
Bir azdan qatar gələcək. Cəfalı Səkinəmlə özünə yaxşı bax! Yadından çıxartma ki, Maqsud baban səni heç vaxt unutmur və unutmayacaq da!”
Məktubda son cümləni oxuyub bitirdikdə göz yaşlarımın Maqsud babanın son yazdığı cümləni islatdığını gördüm.
“Maqsud baban səni heç vaxt unutmur və unutmayacaq da!”
Bir gün göylərdə görüşərik, Maqsud baba!
Sabah “Pişiyin evi” balaca teatrsevərləri bir araya gətirəcək
Sabah - iyilun 10-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında tanınmış uşaq yazıçısı, dramaturq və tərcüməçi Samuil Marşakın “Pişiyin evi” nağılı əsasında eyniadlı tamaşa nümayiş ediləcək.
Kuklaçı rejissor Anar Məmmədovun fərqli üslubda hazırladığı bu tamaşa daim balacaların tələb etdiyi səhnə işlərindəndir. Tamaşa Əməkdar artist, usta kuklaçı Rəhman Rəhmanovun 60 illik yubileyi münasibətilə səhnələşdirilib. Birhissəli uşaq tamaşasında kuklalarla yanaşı, canlı planda aktyor oyunu da qurulub.
Rəngarəng səhnə tərtibatı və müxtəlif konstruksiyalardan kuklalarla hazırlanan tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.
İdeyası yalançı dostluğa ikrah, dürüst münasibətə çağırış olan tamaşada uşaqlara lovğalıq, yalançılıq və xudpəsəndlik kimi mənfi keyfiyyətlərdən qaçmaq aşılanır.
Pontamima Teatrı bu gün “Dejavü” tamaşasını təqdim edəcək
Bu gün Azərbaycan Dövlət Pantomima Teatrının repertuarında maraqlı tamaşalardan olan “Dejavü” tamaşası yenidən nümayiş ediləcək.
Tamaşanın müəllifi Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir. Onlar həm də səhnə əsərinin quruluşçu rejissoru və rolların ifaçılarıdır.
Tamaşanın musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir.
Qeyd edək ki, iki aktyorun iştirak etdiyi səhnə əsəri kişi və qadın münasibətlərindən bəhs edir.
Bu gün “Psix” tamaşası yenidən səhnəyə çıxacaq
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli ispan yazıçısı Migel de Servantesin “Don Kixot” romanının motivləri əsasında hazırlanan “Psix” tamaşası növbəti dəfə nümayiş ediləcək.
Bu gün göstəriləcək tamaşada dahi bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən istifadə edilib.
18 yaşından yuxarı tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərinin quruluşçu rejissoru və səhnələşdirəni rejissor Ər-Toğruldur.
Bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan tamaşanın musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Zaur Əliyevdir.
Səhnə əsərində Don Kixot obrazını Xalq artisti Pərviz Məmmədrzayev ifa edib. Teatrın gənc və istedadlı aktyorları Nicat Əli Sanço Pansa, Gültac Əlili Dulsineya, Zaur Əliyev Xidmətçi obrazlarında teatrsevərlərin qarşısına çıxacaqlar.