Sabah - iyilun 10-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında tanınmış uşaq yazıçısı, dramaturq və tərcüməçi Samuil Marşakın “Pişiyin evi” nağılı əsasında eyniadlı tamaşa nümayiş ediləcək.
Kuklaçı rejissor Anar Məmmədovun fərqli üslubda hazırladığı bu tamaşa daim balacaların tələb etdiyi səhnə işlərindəndir. Tamaşa Əməkdar artist, usta kuklaçı Rəhman Rəhmanovun 60 illik yubileyi münasibətilə səhnələşdirilib. Birhissəli uşaq tamaşasında kuklalarla yanaşı, canlı planda aktyor oyunu da qurulub.
Rəngarəng səhnə tərtibatı və müxtəlif konstruksiyalardan kuklalarla hazırlanan tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.
İdeyası yalançı dostluğa ikrah, dürüst münasibətə çağırış olan tamaşada uşaqlara lovğalıq, yalançılıq və xudpəsəndlik kimi mənfi keyfiyyətlərdən qaçmaq aşılanır.