"Qazax Xeyriyyə" İctimai Birliyinin və “Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə iyulun 12-də Xalq şairi Mirvarid Dilbazinin anım günü münasibətilə məzarı ziyarət edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, "Qazax Xeyriyyə" İctimai Birliyinin İdarə Heyətinin sədri İlham Pirməmmədov Mirvarid Dilbazinin 110 illiyi ərəfəsində silsilə tədbirlərin həyata keçirildiyini bildirib. Ulu öndər Heydər Əliyevin Mirvarid Dilbaziyə xüsusi diqqət göstərdiyini deyən İlham Pirməmmədov bildirib ki, Ulu Öndərin təşəbbüsü ilə Mirvarid Dilbazinin 85 illiyi təntənəli şəkildə qeyd edilib.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı şairin yaradıcılığından söhbət açıb. Bildirib ki, şairin yaradıcılığındakı humanizm, yüksək insani dəyərlər, vətənpərvərlik onu xalqa daha çox sevdirib: “Vəfatından 21 il keçməsinə baxmayaraq, Mirvarid Dilbazi bu gün də sevə-sevə oxunur. Onun "Bənövşələr üstə göz yaşları" kitabı “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi tərəfindən kiril əlifbasından, latın əlifbasına çevrilərək yenidən çap olunub. Düşünürük oxucuların ürəyincə olacaq, çünki bu kitaba Xalq şairi öz şirinli, acılı xatirələrini daxil etmişdir”.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, filologiya üzrə elmlər doktoru Valeh Nəsibov, şair Rafail İncəyurd, professor Rüstəm Kamal, şairin qızı Xatirə Dilbazi, Tarix İnstitutunun direktor müavini Əli Məhərrəmov və başqaları çıxış edərək Xalq şairi ilə bağlı xatirələrini bölüşüblər.