Super User
Tolga Çevik sentyabrda “Tolgshow” adlı şousu ilə Bakıya gəlir
“Arkadaşım” obrazı ilə milyonları güldürən türk komik aktyoru Tolga Çevik improvizə performansı ilə sentyabrın 17-də Bakıda tamaşaçıların qarşısına çıxacaq.
“Yönetmen” obrazını canlandıran Fırat Parlak və “Minik” ləqəbli musiqiçi Özer Atikin müşayiəti ilə tamamilə improvizasiya edilən şou Bakı Konqres Mərkəzində təqdim ediləcək.
Televiziyada mədəniyyətlə bağlı ən yaxşı reportaj müəllifləri mükafatlandırıldı
MEDİA İnkişaf Agentliyi Milli Mətbuat Günü öncəsi müxtəlif nominasiyalarda, o cümlədən ən yaxşı televiziya reportajı nominasiyasında ən yaxşıları müəyyənləşdirmişdir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ən yaxşı mədəniyyət reportajı nominasiyasının qalibləri Azərbaycan Televiziyasının əməkdaşı Rəsulova Firuzə Həmdəm qızı, habelə ARB TV-nin əməkdaşı İbrahimova Nuranə Ramiz qızı olmuşlar.
Qalibləri təbrik edirik.
“Sevgililərin yasaq olmuş görüşü” – Yusif Afşarın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı “Həvəskar yazarlar” rubrikasında bu dəfə sizə Yusif Afşarın “Gözüm yolda, könlüm səsdə” adlı hekayəsini təqdim edir.
Yusif Afşar (Alıyev) 1979-cu il aprelin 7-sində Qazax rayonunun Yuxarı Salahlı kəndində dünyaya gəlib. Fizika üzrə fəlsəfə doktorudur, Azərbaycan Pedaqoji Universitetinin Quba filialının direktorudur.
Güman edirik ki, oxucularımız hekayəni bəyənəcəklər.
Boynundakı yara sağalsa da həkimlər hələ də hospitaldan çıxmasına icazə vermirdilər. Çünki hərəkət etdikcə ayağında və qaraciyərində oturmuş qəlpələr tərpənə bilərdi. Nicat isə israr etməkdə davam edirdi:
- Ay həkim, qurban olum, qoy gedim, axı o, küçədə məni gözləyir. Görüşümüz uzaq başı bircə saat çəkər. Lap istəyirsən, sən də get mənimlə, səni də tanış edim göz bəbəyimlə. Axı bu gün 8 martdır, onun bayramıdır. Keçən ay anam yanıma gələndə demişdim ki, Leyla bayramda gəlsin, mütləq görüş alacam həkimdən.
Həkim isə peşəsinə sadiq qalırmış kimi soyuqqanlı şəkildə cavab verdi:
- Ay yoldaş leytenant, ay Şuşa fatehim, məni başa düş, mən də elə yaralarının sağalmasını nişanlın səni gözlədiyi kimi gözləyirəm. Qurban olum, imkan ver, işimizi sona kimi görək, qolundakı gipsi yenicə açmışam. Barmaqlarının yarası da indi-indi qaysaqlayır. Partlayış zərbəsindən dağılmış qulaq pərdən də sağalmayıb, hələ də qan gəlir. Vallah sağalandan sonra sizi mütləq evimə qonaq çağıracam. Amma indi olmaz, ciyərindəki qəlpə də çox pis yerdədir. Hər an tərpənib onikibarmaq bağrısağı kəsə bilər. Axı niyə məni bəd-bəd danışdırırsan? Dediyimə əməl et. Elə bilirsən, mən anlamıram səni? Mənim də ailəm, qızım var. Bax bu əziz günü mən də onlarla keçirmirəm, sənin yanındayam.
Nicat ümidsiz də olsa son cəhdini də etdi:
-Doktor, axı mən onu axırıncı dəfə müharibə başlamazdan əvvəl, avqust ayında kəndə məzuniyyətə gedəndə görmüşəm. Bu saat mənə yaramdan çox yarımla görüşə gedə bilməməyim əziyyət verir.
-Olmaz, - deyə doktor Rəcəbov sərt şəkildə dilləndi.
-Doktor, Səməd Vurğunun bir şeiri var, yəqin onu oxumusan, - deyə Nicat incik şəkildə dilləndi.
-Hansını deyirsən? Səməd Vurğun dəryadır, o qədər şeiri var ki, - deyə onun yaralı ayağına sarğı dolayan doktor soruşdu.
- İkinci dünya savaşında yaralı bir əsgərin dilindən yazılan şeiri deyirəm:
Doktor! Aman, doktor!
Sağlığıma güman yoxdur...
Bıçağını saxla bir dəm,
Bilirəm ki, öləcəyəm...
Gözüm yolda, könlüm səsdə,
Dinlə məni son nəfəsdə.
Rəcəbov bu təsirli şeirdən sonra sarğını bağlayıb üzünü yana çevirərək nəmlənmiş gözlərini sildi. İri sinəsini dərindən nəfəs alaraq doldurub, geri uzun bir nəfəs verərək fikirə getdi. Beləcə, fikirli-fikirli pəncərəyə yaxınlaşıb küçəyə baxdı. Dəmir barmaqlı hasarın o biri üzündə boz rəngli gödəkcə geyinmiş yaraşıqlı bir qız hospitala – Nicatın yatdığı pəncərəyə baxırdı.
Bu mənzərədən sonra doktor Rəcəbov “leytenantı buraxım, ya buraxmayım”, - deyə bir müddət öz-özünə danışdı. “Yox, buraxmayacam, hərəkət etsə qəlpə tərpənər və sonra daha ağır olar”, - deyə özünə təskinlik verdi.
Bəs o yolda qalan məsum qız necə olsun?
Doktor geri gəlib Nicatın yatağına yaxınlaşdı və dedi:
-Sənin ora getməyinə razı deyiləm, amma qoy gedib nişanlını bura gətirim.
-Yox doktor, yox, istəmərəm o bura gəlib buradakı yaralıları görsün, məni xəstə yatağında ziyarət etsin. Amma bir xahişim var, - deyə Nicat dilləndi.
- De görüm nə xahişdir, yoldaş leytenant, - doktor soruşdu.
Nicat dərisi bir neçə yerindən çapılmış əlini cibinə salıb cibindən dörd yerə bükülmüş bir kağız çıxardı, doktora uzatdı:
-Doktor, bir zəhmət, al bu kağızı götür, nişanlıma verərsən, Daşaltıda qayalıqda gizlənib hücum komandası gözləyən vaxt yazmışdım. Söz vermişdim ki, bu gün onu Leylaya verəcəm, - deyə doktorun gözlərinə baxdı.
Doktor Rəcəbov üzəri qan ləkəsi ilə xal-xal olmuş, ortasından deşilmiş kağızı alıb cibinə qoymaq istəyəndə Nicat dedi ki, Doktor, cibinə qoyma, ağrın alım, o kağız məni ölümdən qorudu, üzərindəki deşik də qəlpə izidir, həmin qəlpə ciyərimdə dayandı, o kağız olmasaydı bəlkə də ölərdim.
Sonra da “Aç onu, orada yazdıqlarımı ucadan oxu” - deyə xahiş etdi.
Doktor Rəcəbov barmaqları əsə-əsə kağızı ehmalca açıb oxumağa başladı:
“Canım Leylam,
Dünyanın varlığı səsli-küylü olmasındadır, səsim küyümsən.
Dənizlərin həyatı ona axan çaylara bağlıdır, axan çayımsan.
Güllərin ətri onu yetişdirən torpağın gücündədir, gücüm qüvvətimsən.
Quşların cəh-cəhi açılan sübhün şəfəqindədir, al şəfəqimsən.
Kainatın işığı Günəşdən gələr, doğan Günəşimsən.
Ətirlərin şahı ahu göbəyində yetişər, ətirli müşkümsən.
Cismin varlığı ruha bağlıdır, çağlayan ruhumsan.
Gözün kəsəri nurdan keçər, göz nurumsan.
Sevginin təmizliyi qəlbə bağlıdır, saf eşqimsən.
Uzun yolun qəti hərəkətə bağlıdır, dizimin taqətisən.
Yalanı kəsən Doğrudur, iti qılıncımsan.
Cəmi varlığın yaradıcısı Allahdır ki, ondan gələn ilahi payımsan.
Sənin Nicatın. 4 noyabr 2020-ci il, Daşaltı”
Doktor Rəcəbov qəhər boğa-boğa oxuduğu kağızı yenidən eyni izlərlə qatlayıb otaqdan çıxdı. Bir göz qırpımında bayaqdan küçədə sevgilisini gözləyən boz gödəkcəli incə belli, sarı saçlı, üzündən sevinc yağan qıza yetişib: - Alın bu kağızı, Nicat verdi, - deyə dilləndi. Qızın sual dolu gözlərinə baxa bilməyərək: - İcazə verilmədi yataqdan durmasına, dedi ki, bu kağızı sizə yetirim, - deyib bir göz qırpımında geri qayıtdı...
***
İki gün idi ki, nə leytenant, nə də doktor bir kəlmə kəsmirdilər. Doktor leytenantın yaralarının sarğısını dəyişdirib gedirdi.
Gecə qəfil gələn zəngə onsuz da neçə gün idi səksəkəli yatan doktor hövlang oyandı:
- Bəli!
- Doktor, təcili hospitala gəlin, leytenant Binnətovun durumu qəflətən ağırlaşdı.
- Reanimasiyaya qaldırın, təcili, bu saat gəlirəm.
Xəstəxanaya necə çatdığını hiss etməyən doktor təşviş içində reanimasiya palatasına gələrək Nicatın çarpayısına yaxınlaşdı, əlini onun soyuq alnına qoyub, asta səslə: -Nicat, Nicat, mənim qəhrəmanım, nə olub sənə? – deyə soruşdu.
Nicat həkimin səsini eşitcək gözlərini azacıq aralayıb, ağarmış bənzinə xəfif təbəssüm gətirərək dodaqaltı zorla eşidiləcək bir səslə dedi:
-Doktor! Aman, doktor!
Sağlığıma güman yoxdur...
Bıçağını saxla bir dəm,
Bilirəm ki, öləcəyəm...
Gözüm yolda, könlüm səsdə,
Dinlə məni son nəfəsdə.
Nicatın dodaqları bağlandı, lakin təbəssümü hələ də üzündə idi.
Doktor böyük günah işləmiş insan kimi bütün tibbi müdaxilələri tibb bacılarının üzərinə qışqıraraq edirdi. Heç bir müdaxilə effekt vermirdi...
***
Bu da dəfn günü.
Doktoru hər şeydən daha çox yandıran tabutun ayaq tərəfini qucaqlayaraq dil deyib ağlayan boz gödəkcəli, sarı saçlı qız idi...
“Bağışla Nicat, keşkə sizi görüşdürərdim”, - deyə hönkürtü ilə ağlamaqdaydı doktor.
Günün əsas mədəniyyət hadisəsi: “Notr-Dam de Pari” Nyu-Yorka gəlib
“Notr-Dam de Pari" müziklı dörddəbir əsr tarixi ərzində ilk dəfə Nyu-Yorka gəlib. Bütün dünyada ən geniş şöhrət qazanmış və digər dillərə, o cümlədən ingilis dilinə dəfələrlə tərcümə olunmasına baxmayaraq müziklın (2001-ci ildə Las-Veqasda amerikalılara uyğunlaşdırılmış və xeyli ixtisar olunmuş versiyanın təqdimatını nəzərə almasaq) ABŞ-da tammiqyaslı tamaşası hələ də olmamışdı. Buna görə də bu hadisə xüsusi anlam daşıyaraq böyük ajiotaj yaradıb. Bu barədə xəbəri “Ədəbiyyat və incəsənət” portalı Euronew-un materialları əsasında hazırlayıb.
Riccardo Koççante, "Notre dam de Pari"nin bəstəkarı deyir:
"Buraya gəlmək, əlbəttə ki, yeni bir təcrübədir, bu, ölkəyə ehtiyatla yenidən qayıtmaq cəhdidir, çünki bu ölkə, xüsusilə Brodvey asanlıqla belə işğallarla barışan ölkə deyil".
Əlbəttə ki, bəstəkar Brodveydə çıxış etməyin tam məsuliyyətini duyaraq belə deyir. Amma o da var ki, “Notre dam de Pari” də hələm-hələm tamaşalardan deyil, bütün dünyada ad çıxaran, meydan sulayan bir tamaşadır. "Ginnesin Rekordlar Kitabı"na düşən müzikl 23 ölkədə doqquz dildə oynanılıb.
Hesab edilir ki, "Notr-Dam de Pari"ni artıq səhnədə canlı olaraq bütün dünyada 11 milyondan artıq insan izləyib. Bu dəfə isə müzikl Linkoln mərkəzində fransızca, lakin ingilis subtitrləri ilə səsləndirilir.
Bu da tamaşa zalından çıxan nyu-yorkluların agentliyin mikrofonuna dedikləridir:
"Mən hər bir mahnını tanıdım, mən bütün sözləri bilirəm, hətta mənim altyazılara belə ehtiyacım yox idi. Buinanılmaz, fenomenaldır. Biz çox şadıqki, nəhayət, müziklburayagəlib".
“Müziklyalnız ümidləridoğrultmadı, həttamənimgözləntilərimidə xeyliüstələdi”.
“Mən "Notr-Dam de Pari"yə ikinci, hətta üçüncü dəfə də getməyi planlaşdırıram. Hesabedirəmki, aktyorheyətisadəcə parlaqdır. Onlarbutarixihadisəni həyata məhzmənimgözlədiyimkimi, 100 faizdəqiqliklə pərçimlədilər. Təqdimatdan çoxməmnunam".
Qeyd edək ki, ümumən, Nyu-Yorkda on iki tamaşa nümayişi planlaşdırılır. Biletlər isə yalnız 11-ci və 12-ci tamaşalara qalıb.
Sonda bir gün Bakıda da "Notr-Dam de Pari"yə tamaşa etməyə olan ümidlərimizi izhar edək.
Dünən AzTV-də iki sənədli film yayınlandı: “Gizli qalsın” və “Salam, Sahil”
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi Kəlbəcərin ilk şəhidləri olan 8 uşağın başına gətirilən faciə ilə bağlı sənədli film hazırlayıb.
QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən bildirilib ki, 1989-cu il iyulun 14-də baş vermiş hadisəyə həsr olunmuş film “Gizli qalsın” adlanır.
Hadisədən bir müddət əvvəl 8 erməni təxribatçı Kəlbəcərin Ağdaban kəndinə basqın edib, onlar sakinlər tərəfindən tutulublar. Tərk-silah edilən terrorçular Kəlbəcər milisinə təhvil veriliblər.
Faciəni də həmin erməniləri Xankəndiyə aparmaq üçün gələn hərbi helikopter törədib. Belə ki, 8 uşaq stadionda vertolyotun ətrafına toplaşaraq bu nəhəng nəqliyyat vasitəsinə baxmağa başlayıblar. Helikopter havaya qalxanda qəzaya uğrayıb, pəri uşaqları tikə-parça eləyib. Həmin faciənin şahidi olan hər bir kənd sakini deyir ki, uşaqları sanki ət maşını doğramışdı.
Helikopterin pilotları 366-cı motoatıcı alayın sərxoş hərbçiləri olublar.
Bu faciə sovet dövründə gizli saxlanılıb, hətta hadisə ilə bağlı müxtəlif qurumlara dayanmadan şikayət edən valideynlərdən birinə susması üçün təzyiq göstərilib.
1991-ci ildə Kəlbəcər Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə rayon mərkəzində həlak olan 8 uşağın xatirəsinə abidə qoyulub.
Uşaqların ailələri filmdə 30 il sonra şəhidlərinin qəbrini tapıb ziyarət ediblər. Onlar evlərinə də baş çəkiblər, həmin hadisədən danışıblar, Kəlbəcər xatirələrini bölüşüblər.
Həmçinin abidəni ziyarət ediblər, lakin kadrlardan da görünür ki, erməni cəlladları onu da dağıdıblar.
“Gizli qalsın” dünən axşam, saat 21:30-da AzTV-də yayımlanıb.
Qeyd edək ki, faciə nəticəsində həlak olan uşaqların ən kiçiyinin 6, ən böyüyünün isə 14 yaşı olub: Məmmədov Sahib Sultan oğlu (10 yaşında), Salmanov Razim Tofiq oğlu (8 yaşında), Valehov Anar Qardaşxan oğlu (6 yaşında), İbişov Cahid Telman oğlu (10 yaşında), Əsgərov Səxavət Dəmir oğlu (14 yaşında), Əsgərov Natiq Məhəmməd oğlu (14 yaşında), Xəlilov Bəxtiyar Rəhim oğlu (11 yaşında) və Orucov Azər Zakir oğlu (7 yaşında).
“Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin daha bir sənədli filmi isə 44 günlük Vətən müharibəsində əfsanəyə çevrilən igid oğullardan birinə - qazi Sahil Həsənliyə həsr olunub. “Salam, Sahil” adlı sənədli film bir salamı ilə milyonların sevgisini qazanan igidin həyat hekayəsidir.
Sahil Azərbaycanın haqq savaşına könüllü gedib, kəşfiyyat qrupunda döyüşüb. Döyüşlərin birində ağır yaralanıb, qolu amputasiya olunub, elə yaralı halda hospitaldan qaçıb cəbhəyə qayıtmaq istəyib. Lakin həkimlər icazə verməyiblər.
Qarabağ qazisi Sahil Həsənli deyir ki, müharibə olsa, yenə könüllü döyüşə gedər.
Sahil Həsənli evlə, maşınla, işlə təmin edilib.
Filmin ssenari müəllifi Afaq Vasifqızı, rejissoru Adil Azay, prodüseri Fatimə Əzimova, operatoru Adil Abbasovdur.
“Salam, Sahil” filmi “Azərbaycantelefilm”in yaradıcı qrupunun bu əfsanəvi qaziyə ünvanladığı salamdır.
Sənədli film dünın saat 19:30-da AzTV-də yayımlandı.
Müəyyən mənada “əbədi tələbə” olmağa məcburuq
İqtisadiyyat elmləri doktoru, professor. Əlibala Məhərrəmzadə yazır
İnsanlar çox vaxt istədikləri kimi dolana bilmədiklərindən şikayətlənirlər. Əlbəttə, bunun səbəbləri çoxdur, amma ən başlıcası iqtisadi savadsızlıqdır. Yaxşı yaşayışın mənbəyi kimi hansısa vəzifəni, korrupsiya mənbəyinə çıxışı, “yeyib-dağıtmaq” imkanını görəcəyiksə (təəssüf ki, hələ də belə düşünənlər var), bu, düzgün yol deyil.
Bunun axırı bizə lazım olan yerdə qurtarmayacaq. Doğru yol iqtisadi və maliyyə savadlığının artırılmasından keçir.
Xoşumuza gəlsə də, gəlməsə də, kapitalizm böyük bir bazar, biz isə həmin bazardakı əmtəələrik. Hərəmizin öz qiyməti var və nə etsək də, heç kim bizə həmin qiymətdən artığını verməyəcək. Bu, hakimiyyətlə bağlı məsələ deyil, tələb və təklif qanunudur: əgər bazarda bizə, bilik və bacarıqlarımıza tələb yoxdursa, qazancımız da az olacaq. Hər şeydən əvvəl bunu başa düşməli və özümüzü elə yetişdirməliyik ki, əmək bazarında bizə daim tələbat olsun.
İkincisi, iqtisadi proseslərin iştirakçısı olmaq (məsələn, biznes qurmaq) üçün öz cəmiyyətimizdə bu mexanizmin necə işlədiyini bilmək lazımdır. Demək, müəyyən mənada “əbədi tələbə” olmağa məcburuq. Bazar necə öyrənilir, biznes-model necə qurulur, kredit necə alınır və necə xərclənir – bütün bunları bilmədən yüksək rifaha qovuşmaq mümkün olmayacaq.
Xarici müəlliflərin yazdığı biznes və motivasiya kitablarını oxuyub, sonra ruh düşkünlüyünə qapılmaq lazım deyil. Öz reallığımızın iqtisadi və maliyyə mexanizmlərini dərk etməliyik.
Üçüncüsü, müşahidələrimə əsasən, Azərbaycanda əhalinin əksəriyyəti kreditlərlə necə davranmağın lazım olduğunu bilmir. Bu, böyük problemdir. Əksəriyyət məhz bu səbəbdən maliyyə çuxuruna düşür. Sevinə-sevinə alır, kəsilə-kəsilə qaytarır, 3-4 ildən sonra banka borcu qurtaranda ilan ağzından çıxmış kimi sevinirlər. Bəs həmin kredit nəyə xərclənir?! Əksər hallarda məişət qayğılarına. Halbuki, krediti alanda əvvəlcə bütün şərtləri aydın təsəvvür etmək, buna dəyib-dəymədiyi haqqında azı on dəfə düşünmək, onun hər qəpiyini necə xərcləmək və necə qaytarmaq haqqında aydın plana malik olmaq lazımdır.
Bizdə insanlar Robert Kiyosaki, Bodo Şafer və s. kimi xarici kouçları dinləyir, kitablarını alırlar, amma heyhat, onların məsləhətləri çox vaxt bizim reallıqda tam işləmir. Bəzi ideyaları isə götürmək olar. Məsələn, qazancınız nə olursa-olsun, 1/10 hissəsini gələcəkdə nəyəsə yatırmaq üçün kənara qoymaq kimi. Xaricdə həmin pulu səhmlərə və s. yatırırlar. Azərbaycan reallığında bunu etmək mümkün də olsa, asan deyil. Yeri gəlmişkən, bu istiqamətdə konsultasiya verən şirkətlərin özü yaxşı biznesə çevrilə bilər.
Ümumiyyətlə, ölkədə iqtisadi və maliyyə maarifçiliyinin aparılmasına, bunu edən saytlara, qurumlara, hətta TV-lərə ciddi ehtiyac var. Biz artıq elə bir mərhələyə çatmışıq ki, insanların getdikcə daha çox qisminin əlində xərclədiyindən artıq vəsait toplanır. Onlar bu pulu etibarlı yatırmağa yer tapmadıqları üçün adətən xaricdə ya daxildə daşınmaz əmlaka qoymaqla, “ölü vəsaitə” çevirirlər. Bizdə “pullar işləməlidir” təfəkkürü hələ də formalaşmayıb. Nəticədə çoxumuz pullarımızı düzgün idarə edə bilmirik.
Azərbaycan xalqı biznes qurmağa həvəsi olan xalqdır. İnsanımız hətta primitiv səviyyədə də olsa, əlinə pul gələndə nəsə etməyə çalışır, məsələn, bir maşın alıb, taksi kimi icarəyə buraxır, yaxud, ev alıb, kirayə verir. Problem ondadır ki, bundan artığını etməyə fantaziya və biliyimiz çatmır. Çatması üçün heç olmasa qonşu ölkələrin biznes həyatını yaxından izləməli, yeniliklərin kursunda olmalıyıq.
Amma ən yaxşısı əlbəttə, dil biliyimizi artıraraq, inkişaf etmiş ölkələrin biznes həyatını izləmək, oradakı trendləri vaxtında tutmaqdır. Normalda bunu bizim yerimizə edən iqtisadi nəşrlər, konsultantlar olmalıdır, fəqət yoxdursa, oturub deyinmək də çıxış yolu deyil. Düzgün seçilmiş layihələrə yatırılsa, kirayə vermək məqsədilə alınan bir evə sərf edilən pul 5-6 ildən sonra rahatca azı iki ev almağa yetəcək qədər gəlir gətirə bilər.
Elə dövrdə yaşayırıq ki, hər insan ilk növbədə özünə öz biznesi kimi baxmalıdır: özünə yatırım qoymalı, özünün bazardakı dəyərini artırmalıdır. Bunu etmədikcə ciddi inkişaf və rifah gözləməyə də dəyməz.
Günün fotosu: Avropada anomal istilər hökm sürür
Günün fotosu: Avropada anomal istilər hökm sürür
Anomal istilər Avropada meşə yanğınlarına səbəb olub. Fransanın qərbində - Jironda departamentində 9 min hektar meşə ərazisi yanmaqdadır. Minlərlə insan evakuasiya olunub.
Portuqaliyada meşə yanğınları nəticəsində ölən və yaralananlar var. Eləcə də İspaniyada. Salamankada kurort zonası sıx tüstü əsarətindədir.
İtaliyada isə Venesiya ərazisi sos siqnalı altındadır.
Foto: Euronews
“Azərxalça” ASC-də ilk dəfə olaraq ipək xalçaların toxunmasına başlanılıb
“Azərxalça” ASC ilk dəfə olaraq ipək xalçalar toxumağa başlayıb: İpək xalçaların boyanması və hazırlanması prosesi bütövlükdə Azərbaycanda təşkil olunub.
Biz İpək sapları AZƏRİPƏK-dən əldə edirik, onların təbii boyalarla boyanması isə “Azərxalça” ASC-nin müəssisələrində baş verir.
AzərTAC xəbər verir ki, bu sözləri “Azərxalça” ASC-nin mətbuat katibi Xatuna Abdullayeva qurumun İsmayıllı filialına təşkil etdiyi mediatur zamanı deyib.
İpək xalçaların hazırda 5 emalatxanada toxunulduğunu deyən Xatuna Abdullayeva bildirib ki, yaxın zamanlarda bu növ xalçaların digər filiallarda da toxunması təşkil olunacaq. Eyni zamanda yerli və xarici alıcıların istəklərini nəzərə alaraq istehsalatın həcminin artırılması da nəzərdə tutulub.
Qeyd edib ki, Azərbaycan xalçalarını beynəlxalq arenada tanıtmaq məqsədilə satış nöqtələrin sayı artırılır: “Bu yaxınlarda Bruneydə məşhur ticarət mərkəzlərindən birində bir satış nöqtəsi açılıb, Avstraliyada isə onlayn satış fəaliyyətə başlayıb. Azərbaycanda isə İçərişəhərdə “Azərxalça” ASC-nin nümayiş və satış məntəqəsi vardır ki, alıcılar geniş çeşidlə tanış ola bilər.
Bu gün Türkiyənin Baybut şəhərində Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı açılacaq
Türkiyənin Baybut şəhərində Beynəlxalq 26-cı Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı (Bayburt Uluslar Arası Dede Korkut Kültür ve Sanat Şölenleri) keçiriləcək.
Bu gün start götürəcək festivalda Azərbaycanla bərabər bütün türk dünyasının təmsil olunması nəzərdə tutulub.
Beş gün davam edəcək festival rəsmi hissə və zəngin mədəni proqramlardan ibarətdir. Ənənəvi olaraq 26-cı dəfə təşkil edilən festivalın məqsədi türk dünyasının ortaq dəyərlərindən olan Dədə Qorqudla bağlı görülən işlərə nəzər salmaq, bu sahədə yaradılan əsərlərlə bağlı fikir mübadiləsi aparmaq, qarşıda duran vəzifələri müəyyənləşdirməkdir.
Qeyd edək ki, Azərbaycan Prezidenti Heydər Əliyev 1997-ci il aprelin 20-də "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar Fərman imzalayıb.
6 yaşlı rəssam Şuşadaydı
6 yaşlı Safiya İsgəndərli də Şuşada keçirilən Vaqif poeziya günlərinin qonağı idi.
Cldır düzündə Dağ çiçəklərinin, güllərinin, igidlərimizin azad etdiyi qayaların rəsmini çəkirdi.
Aida Eyvazlı