Super User
Həmyerlimizin ekran işi Sarayevo Film Festivalının proqramına daxil edilib
Azərbaycan sənədli filmi olan “Çinar ağacının kölgəsində” (Shadowed by the plane tree) ekran işi Sarayevo Film Festivalının müsabiqə proqramına salınıb.
AzərTAC xəbər verir ki, bu, filmin rejissoru olan Aynur Elgünəşin ilk işidir.
A.Elgünəş qeyd edib ki, artıq ikinci film haqqında da düşünür: “Həyatımın 10-cu və ən ağır əməliyyatından çıxan günün sabahı Sarayevo Film Festivalından elektron məktub aldım, filmimiz seçilmişdi və rejissor, həmçinin prodüser kimi mənimlə Durna Səfərovanı Sarayevoya dəvət edirdilər. Çətin anlarda işarətlərə inanan adamam, ona görə də indi ağrılar içində sevinməyin nə demək olduğunu izah etməkdə acizəm”.
Qeyd edək ki, “Çinar ağacının kölgəsində” qısametrajlı hibrid sənədli film rejissorun şəxsi hekayəsidir. Bu, 751 film arasından seçilərək builki festivalda nümayiş olunacaq yeganə Azərbaycan filmidir. Müəllif A.Elgünəş yeniyetməlik illərində köçkün düşdüyü Ağdam şəhərinə 28 il sonra jurnalist kimi qayıdır, film boyu Ağdam küçələrində uşaqlığının izlərini axtarır, eləcə də dağıntılar altında qalmış xatirələrinə səyahət edir. On səkkiz dəqiqəlik filmin prodüseri Durna Səfərova, operator və montajçısı Mətləb Muxtarovdur.
Builki festival avqustun 12-dən 19-dək keçiriləcək.
“Süleyman Rüstəm dedi, sənin şeirini evdə arvad da əzbərdən bilir” – ustad şair Əşrəf Veysəlli ilə müsahibə
“Ədəbiyyat və incəsənət” portalının “Şənbə qonağı” rubrikasında İntiqam Yaşar sizi Sumqayıt şəhərində yaşayıb yaradan ustad şair Əşrəf Veysəlli ilə görüşdürür.
-Salam Əşrəf müəllim, əhvalınız necədir?
-Demək olar ki, yavaş-yavaş yaxşılığa doğru gedir. Bir balaca xəstələnmişdim, indi hiss edirəm ki, həyat get-gedə gözəlləşir. Doğrudur, çəkişmələr, dünyəvi hadisələr, insan psixologiyasına mənfi mənada təsir edə biləcək hadisələrlə doludur dünya, amma Azərbaycanın son vaxtlar əldə edə bildiyi uğurları görəndə, xüsusilə Qarabağ torpaqlarının, itirilmiş torpaqların geri qaytarıldığını görəndə adam yaşamaq istəyir. Adam Qarabağın gələcəyini görmək istəyir, Qarabağın gözəlliyini görmək istəyirsən. Amma əldən gedənlərçün də təəssüflənirsən, indi ele şeylər gedib ki, onları geri qaytarmaq qeyri-mümkündür. Məsələn, ola bilər ki, bizim kəndimizdən də gözəl kənd tikəcəklər, Qarabağdan da gözəl Qarabağ yaradacaqlar, amma Qarabağ olmayacaq, ovaxtki gördüklərimiz olmayacaq. Yeni bir psixologiya yaranacaq, yeni bir nəsil yaranacaq, amma adam yenə də görmək istəyir, yenilikləri görmək istəyir, xalqını, dövlətini görmək istəyir, biləsən ki, sən doğrudan da qədim dövlətə və dövlətçiliyə malik olan bir xalqsan və bu gün həmin o möhkəm özüllər üzərində dövlətini yarada bilmisən, qoruya bilirsən. Bu mənada adam Azərbaycan ordusunda xidmət göstərən oğulları, xüsusilə Şuşanın geri qaytarılmasında xidmət edən oğulları, qollarına ildırımları dolayıb hücuma keçən oğulları bağrına basıb öpmək istəyir. Şəhidlərimizin ruhu şad olsun. Azərbaycan övladları canlarından keçdi və elə bilirəm ki, siyasi mənada da Xalq və İqtidar birliyi yarandı. Əgər yaranmasa idi, əgər türkləşmə getməsə idi, Türkiyə dövləti kimi bir dövlət Azərbaycana mən burdayam deməsə idi, bəlkə də bizim işlərimiz yenə də yaxşı getməzdi. Çox şükür həyat bu mənada gözəlləşir və adam istəyir hey yaşasın.
-Sizin ana vətəniniz Füzuli azad olundu, 30 ilin həsrəti bitdi. Ağsaqqal yazar kimi azad olunmuş torpaqlarımızın bundan sonrakı mədəni həyatını necə görmək istərdiniz?
-Füzuli torpağı bilirsiniz də Muğam Mərkəzi olub. Seyid Şuşinski Füzulidəndir, Zülfü Adıgözəlov Füzulidəndir, Ağabala Abdullayev Füzulidəndir, yəni muğamatın, muğamın özəyinin Qarabağ torpağında olması bir daha deyir ki, buranın gələcəyi var. O gələcək Allahın köməkliyi ilə olacaq. Yüksək mədəni dəyərlər yenidən yaranacaq, yenidən Füzulidə o mədəniyyət ocaqları yarancaq. Füzilidə böyük mədəniyyət evi var idi, görüşlər keçirilərdi, İslam Rzayev və başqaları gələrdi. Mənim heç yadımdan çıxmaz, orada poeziya gecəsi keçirilirdi, mən məxmər pencəyimi Çingiz Əlioğluna saxlaması üçün verdim, girdim poeziya gecəsinə, qulaq asdım. Elə günlər olub, Füzulinin o cür coşub çağlayan günləri olub. O vaxtlar yenidən başlayacaq. Füzilidə də, Ağdamda da, Şuşada da Allahın köməkliyi ilə həyat yenidən qaynayacaq. Kəlbəcər kimi gözəl bir yer, Laçın kimi dağların zirvəsində yerləşən, dağların tacına bənzəyən yer düşmən tapdağında qala bilməzdi. Doğrudan da, Ulu Öndər Heydər Əliyev çox gözəl qeyd etmişdi, “Biz ora qayıdacayıq, hökmən qayıdacayıq”. Və xoş ki biz yenidən Şuşanı ala bildik, biz yenidən itən torpaqları qaytara bildik, adam kövrəlir bunları danışdıqca, gördükcə, hiss etdikcə, Allahin izni ilə işıqlı və çox gözəl görürəm gələcəyimizi. (kövrəlir -red.)
-Haqqınızda yazılan yazıların hər birində həsrət qaldığınız kəndə qovuşmaq arzusunu dilə gətirirdi müəlliflər. O arzuların çin olacağına inamınız necə idi?
-Arada mən o inamı itirmişdim.
Öldü kəndim,arxam gümanım öldü,
Ey Vətən, torpağın, daşın sağ olsun.
Mənim yaşamağa inamım öldü,
Heç deyən olmadı, başın sağ olsun.
Elə bil yaşamağa inamım ölmüşdü, çünki inandığım hər şey əldən getmişdi. Birdən-birə elə bil ki, bəlkə, Allahın möcüzəsi idi, bəlkə də Azərbaycan oğullarının təpəri idi, o yenidən ruhun dirçəlməsi forması idi, yenidən özünə qayıtdı. Və onda mənim arzularım çox böyük oldu ki, biz yenidən torpaqlarımıza qayıdacağıq, torpaqlarımızı görəcəyik. Və gördük uzaqdan da olsa, gördük (gülür -red.). Sevindim ki, mənə Şuşadan su göndərdilər, Veysəllidən su göndərdilər mənə. Açığı, eşitdim ki, qəbiristanlıqları dağıdıblar. Ona görə getmirəm ki, atamın qəbrinin dağıdıldığını görsəm, elə orda da qalasıyam. İnanırsan, yada salanda adamın tükləri qalxır ayağa, bu vicdansızlar bizə nələr ediblər. Çörəyimizi yemisiniz də, a bədxahlar, a çörəkləri dizinin üstə olanlar, biz sizə neyləmişik axı? Qonşuluq etmişik, evinizdə heç nəyiniz olmayıb, bizdən sizə pay gedib, insan sifətinə məxsus olmayan bütün keyfiyyətlər bunlarda var. Hətta, cəngəllikdə yaşayan vəhşilər belə etməz. Yenə min şükür, Azərbaycanın Milli Ordusu, Azərbaycanın apardığı dövlət siyasəti, Xalq-İqtidar birliyi və Cənab Prezidentin - Ali Baş Komandanın apardığı siyasət, əvvəldən axıra qədər “Qarabağ Azərbaycandır” deməyi, həm dildə şüara çevirildi, həm də əməldə özünü doğrultmağa başladı. Hər şey ona xidmət etdi ki, Qarabağ Azərbaycandır! Bizim olmalı idi, bizim özümüzündür, öz torpağımızdır.
-80-i keçmiş bir yazar kimi ədəbiyyatımızın saysız-hesabsız böyük sənətkarları ilə ünsiyyətiniz olub. Xatirələriniz çoxdur təbii ki.
- Yaxşı məqama toxundunuz. Ədəbiyyat haqqında fikirləşəndə, korifeylərimiz haqqında düşünəndə mən çox möhtərəm adamlarla görüşmüşəm. Çox zəngin, mənəviyyatı zəngin insanlarla görüşmüşəm. Məsələn, mən Mehdi Hüseyn haqqında kiçik bir xatirə deyim sizə. Deməli, o vaxtları dəbdə idi, hamımız Arazı tənqid edirdik, Araz ilandır, Araz cəlladdır, hərə bir şeir yazırdı, az qalmışdıq hamımız Arazı boğazından asaq (gülür –red.). Mənim də bir yazım var idi.
Torpağı yandırıb, yaxır Araz,
Arazdı bir qəlbi ikiyə parçalayan.
Parçalanmış qəlbimin, qanıdır Araz.
Bu şeirimi oxuyurdum, Osman Sarıvəllinin otağında, Gənclər günündə. Bu vaxt Mehdi Hüseyn girdi içəri, belə baxdı, dedi: ”Cavan oğlan, ürəyin də o qədər qanı olar?” Dedim, o boyda ürəyin qanı da o boyda olar. Azərbaycan boyda ürəyin qanı da Araz qədər olar. Güldü, dedi: ”Osman, bu, aşıq olmağına aşıqdır”. Elə orda mənim şeirlərimi çap etdilər.
Çox böyük nasirimiz Fərman Kərimzadə, həm də rəssam idi. Ədəbi aləmə gəlirdi, hekayələrini oxuyurdu, amma o qədər utancaq idi, heç yerə getmirdi .Mən girdim onun qoluna, gətirdim Əbülhəsən Ələkbərzadənin yanına. Dedim, böyük yazıçıdır, xahiş edirəm dinləyin və yazılarını çap edin. Üç böyük hekayəsini “Azərbaycan” jurnalında çap etdilər. ”Sonuncu eksponat” və.s. Bu hekayə çap olunanda, məni əsgərliyə göndərdilər. Sonradan Əbülhəsən dedi ki, sən deyən hekayələr, çap olundu.
Xəlil Rza Ulutürk ilə bağlı, Süleyman Rüstəm ilə bağlı da xatirələrim var. Süleyman Rüstəm çox xeyirxah adam idi. Mən deyim ki, bir yazı oxudum. Lirik poema, “Bir gecəlik ayrılıq” adında, xoşlarına gəldi. O vaxt Tofıq Bayram “Ulduz”jurnalında işləyirdi və Tofiq Bayramdan yazı keçirmək mümkün deyildi. Çox tələbkar yazar idi, o qoymazdı, pis yazı getsin “Ulduz”jurnalında. Mənim poemam xoşlarına gəldi. Tofiq Bayram dedi: ”Əşrəf, gəl belə edək, mən də yazaram bunun haqqında, amma istəmirəm. İstəyirəm ki, xalq yazıçısı yazsın sənin haqqında”. Dedim, hə nə olar. O götürdü və təqdim etdi Süleyman Rüstəmə. Az keçdi, bir də gördüm “Azərbaycan Gəncləri“ həmin poemamı verib, Süleyman Rüstəmin uğurlu yolu ilə. Orda Süleyman Rüstəm yazmışdı ki, Azərbaycanın bütün mətbuat orqanlarının qapısı bu gəncin üzünə açıq olmalıdır. Özünün 70-dən yuxarı yaşı vardı, 6-cı mərtəbədə yerləşirdi “Azərbaycan Gəncləri” qəzeti, özü oraya qalxıb yazını təqdim etmişdi. Mən onunla əyani şəkildə görüşə bilmədim, telefonla zəng vurdum, təşəkkür etdim. Dedi, , sənin şeirini evdə arvad da əzbərdən bilir.
Maraqlı hadisələr çoxdur, hamısın danışsam qurtarmaz. Əli Kərimlə də yaxın ünsiyyətdə olmuşuq. O vaxtlar mənim “Ulduz “jurnalında şeirlərim çap olunmuşdu, “Səadət”, bir də, “Küknar haqqında ballada” şeirlərim. O şeirləri oxumuşdu və xoşuna gəlmişdi. Təbrik elədi məni. Əli çox incə yumora, incə zarafata və çox poetik tutuma malik olan dünyaya sahib idi. Onun ilk efir yazısı da Sumqayıtdan gedib. Sumqayıtda Feyzi Mustafayev yaşayırdı, Əli Kərim haqqında “Dinmə, ey kədər “ kitabını ilk Feyzi Mustafayev yazıb. Feyzigildə Əli Kərimi dindirmişik, bizə şeirlər oxuyub. ”Zoya kimi”,”Qaytar ana borcunu“, “İlk Sevgi” - bax bu şeirləri öz ifasında səsləndirib. Bu şeirlər radioda gedib, o vaxt Feyzi Mustafayev təqdim edib. Əli Kərim Sumqayıtla bilavasitə əlaqədə idi, həm də Əli Kərimin bir əsəri var idi, istəyirdi ki, Sumqayıt Teatrında tamaşaya qoyulsun. Şəkidə qoymuşdular, adı “Ürək güzgüsü” idi. Maraqlı mövzu idi. Belə ki, hər kəs öz ürəyinin təmizliyindən danışır, hamı deyir mənim ürəyim təmizdir. Bir nəfər ürək güzgüsü adlı aparat kəşf edir. Deyir, kimin ürəyi təmizdirsə, gəlsin baxaq. Heç kim yaxın getmir (gülür –red.). Əli Kərim Sumqayıtda yaşayarkən tez-tez poeziya görüşlərində olurdu. Əli Kərim görüşlərin birində dedi ki, mən arzu edirəm, Sumqayıtda poeziya klubu və ya poeziya teatrı yaransın. Bu, Əlinin arzusuydu. Uzun müddət biz mübarizə apardıq ki, ”Əli Kərim” Poeziya klubu yaransın. Poeziya klubu yarandı, ancaq Əli Kərimin adın vermirdilər. O vaxt Əli Kərimi başqa cür tanıyırdılar. Onda deyirdilər, Səməd Vurğunun adını vermək lazımdır. Mən etiraz etdim. Əyani şəkildə etiraz etdim və sübut etdim ki, Əli Kərim də Əli Kərimdir. Səməd Vurğun sevimli şairimizdir, Xalq şairimizdir, adına çox şeylər var. Kitabxanamız var, küçəmiz var, ən böyük Mədəniyyət ssarayı onun adınadır, ancaq Əli Kərim adına heç nəyimiz yoxdur. Ondan sonra razılaşıb Əli Kərimin adın təsdiqlədilər. ”Əli Kərim” Poeziya evi beləcə yarandı. Min şükür, hal-hazırda həmin poeziya evi çox böyük və çox gözəldir. Sumqayıtın bir ədəbiyyat ocağına çevirilib. Əli Kərim heç vaxt yaddan çıxmayan, sözün əsl mənasında poeziya adamı idi, şeir adamı idi. Çox böyük sənətkar idi.
-Sumqayıt özünəməxsus ədəbi mühiti ilə fərqli bir şəhərdir. Bakı ilə iç-içə olduğu qədər də, fərqli abu-havası da var. Necə analiz edərdiniz bu özəlliyi?
-Çox düzdür. Əvvəla, bir şey deyim ki, Sumqayıtda ilk dəfə SSRİ Yazıçılar Birliyinin üzvü mən olmuşam. Məndən əvvəl bir nəfər olub, ancaq o, azərbaycanlı deyildi. Mən Sumqayıta gələndə, gördüm burada ədəbi mühit var. Xasay Cahangirov ədəbi birliyə rəhbərlik edirdi. Sonra Qulam Feyzullayev var idi. Qəzəllər müəllifiydi, əruzda yazanlardan idi. Yəni, baxırdın ki, burada ədəbi mühit var, ancaq o səviyyədə deyil ki, burada böyük görüşlər keçirilsin. Vaqif İbrahimin poeziya evinə rəhbərliyi ilə, Sumqayıtda ciddi mənada ədəbiyyata gəliş, ədəbiyyata ciddi münasibət başladı.Və deyim ki, hər şey münasibətdən asılıdır. Kim nə deyir, desin, hər şey münasibətlərdən asılıdır. O vaxt mən işsiz idim. Sumqayıtda mədəniyyət şöbəsinin müdiri bilirsən kim olub? Erməni. Ticarət şöbəsinin müdiri, bilirsən kim olub? Erməni.Tamara var idi, Rəsulova Tamara. Bizim mədəniyyətin rəhbəri o idi. Onun atası azərbaycanlı idi, anası erməni idi. O da şeirlər yazırdı, ancaq rusca yazırdı. Elə oldu ki, Vaqif bir fənd işlətdi, dedi: “Əşrəf, sən işsizsən, Tamara xanımın şeirlərindən, bir-ikisini Azərbaycan dilinə tərcümə et, o sənə bir ştat versin”. Mən də onun şeirlərindən bir-iki bənd tərcümə etdim, elə-belə tərcümə etdim, boğazdan yuxarı (gülür –red). Tamara xanımın xoşuna gəldi, dedi yaxşıdır və mənə iş verdi. Beləcə, Sumqayıtın mədəniyyət şöbəsinin müdiri olan erməni qadına kəf gəldik. Mənə nə iş verdi? Şahmat klubunun direktoru işini (gülür –red.). Halbuki, mən ömrümdə şahmat oynamamışam. Şahmat nədir, bilmirəm, dama nədir bilmirəm. Şeirimdə də var:
Gör məni hayana atdı günlərim,
Nə çalım fəryadı qırıq simlə mən,
Piyada qaldılar, atlı günlərim,
Şahmat oynayıram, taleyimlə mən.
Mən oldum şahmat klubunun direktoru. Elə oldu ki, yavaş -yavaş poeziya klubu ilə şahmat klubu cütləşdi, eyni binada yerləşdirildi. Birinci mərtəbə şahmat klubu oldu, ikinci mərtəbə poeziya klubu oldu. Axırda gördülər mən ədəbiyyat adamıyam, məni verdilər poeziya klubuna direktor. Ancaq poeziya klubunun yaranma təşəbbüskarlığı, dediyim kimi, Əli Kərimdən gəlmişdi. Çox görüşlər keçirmişik orada. Bunu xatirə kimi deyirəm. Mən universitetdə oxuyurdum, universitetdən çıxıb gələndə bir beşmərtəbəli binanın qabağında çay evi var idi, yanında bir söyüd ağacı var idi, həmin söyüd ağacının yanında Əli Soltan mənim qarşımı kəsdi. Mən onu tanıyırdım, o məni tanımırdı. Mən ondan yaşda balaca idim, o isə yazıçı, şair kimi tanınırdı. Kəsdi qarşımı, dedi, ‘Mən Sumqayıta gedirəm, mənim yol pulum yoxdur. Bacımgilə gedirəm, mənə yol pulu ver”. İnanırsan? Mənim də cibimdə cəmi 50 qəpik pulum vardı, çıxardıb verdim. Dedim, buyur. Olan pulum budur, verirəm sənə. 50qəpiyi aldı, dedi, “Ola bilər ki,bu pulu mən sənə qaytarım, ola bilər ki, qaytarmayım. Ancaq bir şeir demək istəyirəm“. Dedim ki, de. Dedi :
Bəzən düşünürəm, fikrə dalaraq,
Kaş çata bilərdim, yoldaşlarıma.
İllərlə su kimi içdiyim araq,
Bu gün çevrilibdi, göz yaşlarıma.
50 qəpiyə almışam mən bu şeiri ondan. Mən nə etdim? Mən cavan oğlan idim, getdim elektrik qatarına mindim, pulsuz evə gəldim (gülür –red.).
-Bu günlərdə yenə möhtəşəm Vaqif poeziya günləri Şuşada baş tutdu. Ədəbiyyat aurasında Şuşa necə görünür?
-Şuşa haqqında son dövrlərdə xeyli əsərlər yarandı. Hətta, zəfərimiz haqqında “Zəfər dastanı”,”Qələbə yolları” və s. şeirlər yazdılar. Xalq şairi Nəriman Həsənzadədən tutmuş, Şəki ədəbi mühitinin rəhbəri Vaqif Aslana kimi Şuşa haqqında yazılar getdi. Müəyyən mənada özüm oxumuşam, özüm oxuya bilmədiklərimi də nəvəmə demişəm, o oxuyub. Şuşanın itirilməsi, Azərbaycanın papağının itməsi demək idi. Azərbaycan papağını, bayrağını itirmişdi. Dünyada dağlar çoxdu, amma heç bir dağlar nəğmə oxumur. Bizdə isə dağlarımız Şuşa nəğməsi oxuyur və mən o nəğməni görmək istəyirdim, duymaq istəyirdim yazılarda. Və bəzi uğurlu yazılar da var, amma mən deyən səviyyədə, yüksək səviyyədə olan yazılara mən rast gəlməmişəm. Orada Azərbaycan əsgərinin şücaətindən bəhs edə bilən, onların qəhramanlıqlarını heç olmasa ifadə edə bilən şeirlər səslənməlidir. Bilirsiniz, Azərbaycan qadını müharibə dövründə şəhid tabutunun altına girib, aparıb dəfn etməyə. Qurban olum sənə, bu poeziyadır, biz hələ şeirdə bunu ifadə edə bilməmişik. Yəni, bizim Xalq daha böyük əsərlərə layiqdir, daha qiymətli qəhramanlıqlara layiqdir ədəbiyyatda. Mən vaxtı ilə Şuşa əldən gedəndə Şuşa haqqında bir şeir yazmışdım.
Ay Əşrəf, gülünclər qoy bizə gülsün,
Sızlayan ürəyin yansın, tökülsün.
Başına daş düşsün, yıxılsın, ölsün,
Kimin ki əlindən Şuşası getdi.
Şuşanı itirmək olmaz. Biz Şuşanı qazanmışıq, itirmək ağrılarını yaşadıq, ancaq qazandığımız qələbənin şərafətini, qazandığımız qələbənin hisslərini hələ ədəbiyyatda verə bilməmişik, amma verəcəyik. Bir vaxt burada - Sumqayıtda Nizaminin heykəli olan yerdə bir xatirə qoymuşdular, Rusiya ilə birləşməyimizin (yəni Rusiya tərəfindən işğal olunmağımızın – red.) 150 illiyi ilə əlaqədar. Üzərinə də yazmışdılar, "150illik". Şairlərdən biri baxıb demişdi: ”Bəh-bəh, yüz əlli illik, bəzi şairlərə mövzu verib, düz əlli illik”. İndi 150 il yazasan bizim qələbəmiz barədə, 150 il yetməz. Kaş bu qəhramanlıqlara layiq əsər yaza bilək.
-Düşünürəm ki, bu cür ənənəsi olan ədəbi etkinliklərin çox ciddi təsir imkanları olur cəmiyyətə. 40 illik ənənəyə söykənən Vaqif poeziya günlərindən mühitin canlanması baxımından nə kimi gözləntiləriniz var?
-Elə bil ki, əvvəla Vaqifin məqbərəsi olan yer ən böyük tribunadır. O, Azərbaycanın ən böyük tribunasıdır. Çox maraqlı bir fakt dedilər ki, o gün orada dərədə olan hava sıxlığı ilə, zirvədə olan hava sıxlığı eynidir və dünyanın yeganə yeridir ki, Şuşa dərəsindəki hava ilə, zirvəsindəki hava eynidir. Möcüzədir bu. Elə bilirəm ki, Şuşanın özü, yeri, iqlimi möcüzə olan kimi, onun ədəbi aləmə xidmətləri də Allahın köməkliyi ilə möcüzələrlə nəticələnəcək, gələcəkdə. Çox uğurlu gələcəyini görürəm Şuşanın. Hələ o qədər ora qonaqlar gəlib, gedəcəklər. Bizi vəhşi adlandıranların simaları üzə çıxacaq, başa düşəcəklər ki, dünyanın ən vəhşi milləti ermənilər imiş, sən demə.
-Ustad, Sumqayıtda yazmaq, həm də 50 il, necə görünür ötən illər?
-Bilirsən,Sumqayıtda ədəbi mühit formalaşdı. Var ədəbi mühit, nəticələri də var. Gözəl şairlər var Sumqayıtda.Yəqin, hamısını tanıyırsan cavanlarından tutmuş Sabir Yusifoğluna kimi hamısı yaxşı şairlərdir. Sumqayıtın özündə həyat qaynayır, həmişə də belə olub. Bax, Sovet dönəmində də müxtəlif yerlərdən axıb gələn insanlar var ki, Sumqayıtda yaşayırlar, onların aralarında poetik mənada, ədəbi mənada, ədəbi əlaqələr yaranıb. Burada Həmzə Səfərov yaşayırdı. Sənin yadına gəlməz Həmzə Səfərov çox gözəl rus dilini bilirdi və rus poeziyasını Azərbaycan dilinə tərcümə edirdi. Onun bir şeiri var idi, bir bəndini deyim. Deyir:
Məhəbbətin yollarında qüssədən ,
Səadətdir saçlarıma düşsə, dən.
Məhəbbətsiz ömr eyləyən kimsədən,
Bir aşiqin məzar daşı yaxşıdır.
Həmzə Səfərovun şeiridir. Görürsən nə qədər gözəldir. O gün televizorda qulaq asıram, bizim Seyran çıxış edir. Bir şeir dedi.
Keçmə şairindən, muğənnisindən,
Könlümü o yerə bağlar deyirlər.
Döysən Qarabağda bir uşağı sən,
Muğamat üstündə ağlar deyirlər.
Seyran dedi, əfsuslar olsun ki, bu şeirin müəllifi kimdir, bilmirəm. Amma mən bilirəm, bunun müəllifi Fikrət Cavadovdur. Fikrət deyirdi:
Mən qardaş itirmişəm,ay qardaşı olanlar ,
Mən qardaş itirmişəm,ay qardaşsız qalanlar.
Mən gəlin itirmişəm, hərisi alınmayıb,
Mən beşik itirmişəm, laylası çalınmayıb.
Nə gözəldir. Yəni, Sumqayıt ədəbi mühiti var, poeziyası var. Yəqin, Gülbala Mehdinin yaradıcılığı ilə tanışsan, çox gözəl və inandırıram sizi ki, haqqında ürək dolusu danışıla bilinəcək bir şairdir. Yəni, çoxdur Sumqayıtda yaxşı şairlər. Ədəbi mühitin özünün formalaşmasında burada ləyaqətli insanların yaşaması vacib amildir. Mən burda bir adam tanıyırdım, daha doğrusu gənclik illərimdə qollarımdan yapışan, mənə dayaq duran insanlardan biriydi, Zəbi Abdullayev. Çox zəngin bir kişi idi. Uzun müddət ikinci katib işləmişdi Xızıda. Ələkbər Cavadov var idi, Qubanın birinci katibi işləyirdi, Mircəfər Bağırovun dövründə. Yəni, deyirəm bunlar zəngin adamlar idi. Zəbi ilə nə hər adam ədəbiyyatdan danışa bilərdi, nə də dini söhbətlər etmək olardı. Çox savadlı adam idi, Zəbi Abdullayev. O, həmişə Füzulidən misallar gətirirdi. Klassik ədəbiyyatı gözəl bilirdi. Bizim bəxtimiz elə gətirdi ki, biz tədbirlərdə onları gördük. Sonra elə oldu ki, bizim Sumqayıtda ədəbi məclisə Süleyman Rüstəm, poeziya evinə isə Rəsul Rza rəhbərlik etdi. Yəni, Azərbaycan Xalq şairləri bir növ bağlanmışdılar Sumqayıta. Həm ədəbi-bədii tədbirlər, həm ədəbi-bədii gecələr, kitab müzakirələri bol olurdu, ümumiyyətlə, canlanırdı həyat.”Canlanır hər qarış yer Sumqayıtda” - bu sözlər həqiqətən də həqiqətə uyğun sözlər idi. Ona görə də Sumqayıtda yaxşı yazarlar çoxdu.
-Əşrəf müəllim, yaş baxımından yanaşsaq, nəsildaslarınızla müqayisədə kitablarınız elə də çox çap olunmayıb. Bunun səbəbi nədədir?
-Açığı deyim sənə, gənclik illərində hələ universitetdə oxuyurdum, mən Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda bir poema oxudum. “Anama oxşayır bu torpaq” adlı poema idi. O vaxt tədbirə Cəlil Əlibəyov rəhbərlik edirdi. Cabir Novruz, Nəriman Həsənzadə, Xəlil Rza Ulutürk və s. şairlər hamısı qalxdılar və müdafiə etdilər ki, çox gözəl poemadır və qərara gəldilər ki, poema çap olunsun, “Azərbaycan Gəncləri” qəzetində. Apardılar çap etməyə, mən də gözü yolda, kənddən gəlmiş uşaq, inanın, onlar aparan yeganə nüsxə idi. Əsgərlikdə yazmışdım həmin poemanı. Poemanın məzmunu belə ki, əsgərlikdə silahlara qulluq edən bir adamdır, gecə-gündüz silahları təmizləyir, amma kənddə anasını qoşa lülədən açılan güllə öldürüb. Bir növ, silahlanmanın əleyhinə gedən əsər idi.15 gün sonra gəldilər ki, bəs Əşrəf, yazını itirmişik yeni variantını ver. Sən təsəvvür et, mən necə olaram? Təxminən səkkiz yüz, min misranı mən necə bərpa edim? O qədər acığım tutdu, ədəbiyyatdan küsdüm.15 il əlimə qələm götürmədim, yazmadım. Sonra fikirləşdim, kimə nə edirəm? Özümə pislik edirəm. Yenidən başladım yazmağa. Həm də mən çox yazmağın da tərəfdarı deyiləm. Səksən şeir kitabı olar? Şeir kitabı olar 3 ədəd, uzağı 5 ədəd, səksən şeir kitabı nəyə lazımdır? Həm də, mən özümə qarşı çox tələbkaram, hər şeyi qələmə almaq istəmirəm. İlham yapışır yaxamdan, buraxmır ha, yaz məni deyir, bax onda istəyirəm yazam. Ona görə də azdır şeirlərimin sayı.
-Yeni şeirlər varmı?
-Bəli, var yeni şeirlər. Ancaq belədir ki, əzbər yadımda qalmır. İstəsən, oğlum göndərər.
-Bilirəm ki, ədəbi mətbuatı diqqətlə izləyirsiniz. Yeni nəsil yazarlar haqda düşüncələriniz maraqlıdır.
- Onu bilirəm ki, çox istedadlı gənclər var. Fərid Hüseyn, Şəhriyar del Gerani, Aqşin Yenisey - bu yazarlar mənim diqqətimi çəkən yazarlardı. Neftçalada bir şair var, Elnur Abdıyev. Sosial şəbəkələrdə oxuyuram onun yazılarını, “Ədəbiyyat”da oxuyuram, Azər Turan tez-tez verir yazılarını. İstedadlı gənclər çoxdur. Gəncədən tutmuş Lerikə qədər. Xanlar Həmid var , eşitmiş olarsan, Lerikdə yaşayır, “Avestanı” Azərbaycan dilinə tərcümə edib. İndi ikinci hissə üzərində işləyir. Mənim Əli Kərim adına Poeziya evinə rəhbərlik etdiyim zamanlarda yanıma gəlib-gedərdi. Bu dəqiqə də mənə ustad deyə müraciət edir. Eləcə də Aybəniz Əlyar çox yaxşı şairədir. Gəncədə gənc yazarlar var, yaxşı yazarlar var, İnqilab İsaq, Sahib İbrahimov, yaxşı yazarlar çoxdur. Hamısını əzbər yadda saxlamaq olmur, yaşımın da o vaxtı deyil, hamısı yadımda qalmır (gülür –red.). Amma oxuduğum yazarlar içərisində baxıram ki, istedadlıları var. Həm də fəxr edə biləcəyim, o cümlədən sənin özün, Əkbər, yəni, çoxdur yazarlar, Allah canların saxlasın.
-Təşəkkür edirəm maraqlı söhbət üçün.
-Mən də təşəkkür edirəm, xoş gəldin bizim Sumqayıta.
Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Mərdəkan Mədəniyyət Sarayında Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.
İdarədən AzərTAC-a bildirilib ki, tədbiri sarayın təşkilatçısı Kübarə Rəcəbova açaraq müsabiqə ilə bağlı fikirlərin bölüşüb.
Daha sonra Xurşidbanu Natəvan haqqında məlumat verərək qeyd edib ki, “Xan qızı” adı ilə tanınan, xeyirxah işləri və nəcibliyi ilə el içində dərin hörmət qazanan görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvan gözəl şair və ictimai xadim kimi tanınmaqla yanaşı, həm də çox incə zövqə malik rəssam və bədii tikmə ustası olub. Özünün rəssamlıq fəaliyyətini poetik yaradıcılığından bir an belə ayrı təsəvvür etməyən Natəvan deyilənə görə bu sənətin sirlərini ona həm də ilk təhsil verən bibisi Gövhər xanımdan alıb. Onun bizim dövrə gəlib çatmış bədii irsi bir o qədər çox olmasa da, onlar Azərbaycan incəsənətini yeni çalarlarla zənginləşdirən sənət nümunələri kimi qəbul olunurlar.
Tədbirdə iştirak edən istedadlı və təcrübəli rəssamlar gənclərə öz məsləhətlərini verdikdən sonra müsabiqəyə start verilib.
Sonda qaliblər müəyyənləşib. Ceyran Süleymanova birinci, Vaqif Rzayev ikinci, Fatimə Abaszadə isə üçüncü yerə layiq görülüblər. Fəal iştirak edən rəssamlar da “Təşəkkürnamə” ilə təltif olunublar.
Azərbaycanlı yazar Avrasiya Yazarlar Birliyinin “Şərəf” medalına layiq görülüb
Azərbaycanlı siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı Sabir Şahtaxtı Ankarada fəaliyyət göstərən Avrasiya Yazarlar Birliyinin (AYB ) “Şərəf” medalına layiq görülüb.
Bu barədə öz sosial media hesabında qurumun sədri, yazıçı-publisist Yaqub Öməroğlu məlumat verib.
Sabir Şahtaxtının Avrasiya Yazarlar Birliyi ilə bütün istiqamətlərdə fəal əməkdaşlıq etdiyini diqqətə çatdıran Yaqub Öməroğlu deyib ki, yazıçının son beş ildə Türkiyədə nəşr olunan doqquz əsərindən beşi AYB tərəfindən çap edilib. Hazırda Avrasiya Yazarlar Birliyi Sabir Şahtaxtının “Mil” və böyük Qarabağ Zəfərini tərənnüm edən “Duman çəkiləndə” romanlarını nəşrə hazırlayır.
Y. Öməroğlu bildirib: “İyulun 22-si Azərbaycanda Milli Mətbuat Günüdür. Birliyimizin ali mükafatını məhz bu gün elan etmək həm də yazıçının peşəkar jurnalist fəaliyyətinə, eləcə də AzərTAC-ın bütün kollektivinə olan ehtiramımızdan irəli gəlir”.
Xatırladaq ki, Sabir Şahtaxtı həm də AzərTAC-ın Türkiyə bürosunun rəhbəridir.
Mədəniyyət nazirinin İsmayıllı rayonuna səfərinin geniş təfərrüatı
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi, regionlardakı mədəniyyət müəssisələrində işin effektivliyinin artırılması məqsədilə bölgələrə səfər planına uyğun olaraq mədəniyyət naziri Anar Kərimov iyulun 22-də İsmayıllı rayonuna səfər edib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazir Anar Kərimov və rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov əvvəlcə İsmayıllı şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.
Sonra Anar Kərimov 2009-cu ildən fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev Mərkəzinə baş çəkib. Mərkəzlə tanışlıq zaman bildirilib ki, burada ulu öndərin dövlətçilik irsini əks etdirən ekspozisiya yaradılıb. Mərkəzdə rəssamlıq, şahmat və bacarıqlı əllər dərnəkləri də fəaliyyət göstərir.
Mədəniyyət naziri daha sonra İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fəaliyyəti ilə tanış olub, rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinə baxış keçirib. Nazirə kitabxananın ümumi fəaliyyəti, kitab fondu, oxucu sayı barədə məlumat verilib.
Anar Kərimov İsmayıllı şəhər Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbində də olub. Qeyd olunub ki, məktəbdə fortepiano, tar, qarmon, kamança, nağara, xanəndəlik, rəssamlıq, xoreoqrafiya ixtisasları üzrə tədris aparılır. Məktəbdə 69 nəfər müəllim çalışır, 292 şagird təhsil alır.
Səfər çərçivəsində həmçinin 2012-ci ildən fəaliyyət göstərən İsmayıllı Dövlət Rəsm Qalereyasına, 1981-ci ildə yaradılan İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirilib.
Nazir Anar Kərimov İsmayıllı şəhidlərinin uyuduğu məzarlığı da ziyarət edib, 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman oğulların xatirəsinə dərin ehtiramını bildirib.
Anar Kərimov səfər zamanı İsmayıllı şəhərinin mərkəzində XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi olan məscidə də baş çəkib. Məlumat verilib ki, müvafiq dövlət qeydiyyatında olan (inv. № 4356) tarixi tikili dördbucaqlı plan quruluşuna malikdir, divarları çaylaq daşı ilə hörülüb. Üç giriş qapısından birinin üstündə daş kitabə həkk olunub.
Sonra İsmayıllı rayonunun Diyallı kəndinə gələn nazir buradakı mədəniyyət evinə və rayon MKS-nin kənd kitabxana filialına baxış keçirib. Hər iki mədəniyyət ocağı 1985-ci ildə tikilən binanın müvafiq olaraq 1-ci və 2-ci mərtəbələrində yerləşir. Kitabxana filialının 12 minə yaxın kitab fondu var.
Səfər çərçivəsində Anar Kərimov İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə də tanış olub. Nazirə məlumat verilib ki, Mədəniyyət Mərkəzi 1976-cı ildən fəaliyyət göstərir, 2014-cü ildən ulu öndərin adını daşıyır. Mərkəzdə Xalq teatrı, “Niyal” instrumental ansamblı fəaliyyət göstərir.
Mədəniyyət Mərkəzində nazir Anar Kərimovun İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Qəbələ rayonlarında fəaliyyət göstərən mədəniyyət işçiləri ilə görüşü keçirilib. Görüşdə nazirliyin məsul əməkdaşları da iştirak ediblər.
Anar Kərimov çıxış edərək bildirib ki, müntəzəm olaraq bölgələrə səfərlərinin əsas məqsədi yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq, mövcud potensialı, imkanları müəyyənləşdirmək, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən şəxsləri nazirliyin prioritetləri və qarşıya qoyulan məqsədləri barədə yerində məlumatlandırmaqdır. Həmin şəxslərin nazirlik tərəfindən aparılan islahatlara cəlb edilərək mədəniyyət sahəsinin dayanıqlı inkişafına töhfə verilməsi də qarşıda duran əsas vəzifələrdəndir.
Görüş zamanı mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib.
Anar Kərimov bölgələrdə mədəniyyət işçiləri arasında peşəkarlıq səviyyəsinin, təşəbbüskarlığın artırılmasının dövrün vacib tələbi olduğunu diqqətə çatdırıb. Bildirib ki, nazirlik tərəfindən bu istiqamətdə də layihələr həyata keçirilir. İyun ayında nazirliyin “Kommunikasiya meneceri” layihəsi çərçivəsində regional mədəniyyət idarələri üzrə media menecerlərinin bilik və bacarıqlarının artırılması məqsədilə ADA Universitetində treninqlər təşkil edilib. Bölgələrdəki muzey işçiləri üçün də müvafiq təlimlərə başlanılıb. Həmçinin kitabxana işi və digər sahələr üzrə peşə bacarıqlarının təşviqi istiqamətində layihələr nəzərdə tutulur.
Nazir çıxışının sonunda problemlərin aradan qaldırılması, müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Diqqət! İçərişəhərdə vandalizm aktları!
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ictimaiyyətə müraciət edib
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ictimaiyyətə müraciət edib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, İdarənin müraciəti İçərişəhər ərazisində aparılan monitorinqlər zamanı xoşagəlməz halların aşkar olunması ilə bağlıdır.
Müraciətdə deyilir: “İçərişəhər və Qala Qoruğu kimi tanınan məkan Bakının və bütövlükdə ölkəmizin ən dəyərli incisi, eyni zamanda, tarixi memarlıq abidələrinin mühafizə olunduğu qoruqdur. İçərişəhər və Qala Qoruğu müxtəlif mədəniyyətlərin, dini inancların, təzadların ahəngdarlıqla qovuşaraq mükəmməl harmoniya yaratdığı əfsanəvi məkan olmaqla yanaşı qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan xalqının milli sərvətidir.
Ölkəmizin orta əsrlərdə yüksək inkişaf etmiş şəhərsalma sənətinin misilsiz yadigarı olan bu unikal məkanlardakı dünya, ölkə və yerli əhəmiyyətli memarlıq və tarixi abidələr Azərbaycan memarlığının parlaq nümunələridir və Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə bu abidələri qorumaq hər bir şəxsin borcudur. Əsrlər sınağından keçmiş mədəni irsimizin bu günədək qorunub saxlanılması dövlətin siyasəti, cəmiyyətin mədəni irsimizə münasibəti və hər bir fərdin məsuliyyəti sayəsində baş verib.
Lakin təəssüflə qeyd etməliyik ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən aparılan monitorinq zamanı bəzən xoşagəlməz hallar müəyyən olunur. Tarixi abidələrin bədii-estetik görünüşünü pozan vandalizm aktları ilə bağlı daima hüquq mühafizə orqanları ilə əməkdaşlıq edilir. Hüquq mühafizə orqanları ilə bu sahədə edilən əməkdaşlıq hər zaman öz töhfəsini verir.
Məlumat üçün bildiririk ki, tarixi abidələrə qarşı yol verilən hüquqazidd əməllər məsuliyyət yaradır və Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinə, eyni zamanda, Cinayət məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmağa əsasdır. Lakin zərər vuraraq cəza almaqdan fərqli olaraq mədəni irsimizə hörmətlə yanaşıb onu qorumaq hər bir vətəndaşın məsuliyyəti və borcudur.
Hörmətli həmvətənlər, tarixi-mədəni abidələrin qorunması hər bir kəsdən asılıdır! Mədəni irsi gələcək nəsil üçün qorumaq hər birimizin mənəvi borcu və məsuliyyətidir. Tariximizi birlikdə qoruyaq!”
…Dumandı, ay gedən, əylən!
Bu gün mərhum şair Akif Səmədin doğum günüdür. Sağ olsaydı, 63 yaşını qeyd eləyərdi. Allah ona qəni-qəni rəhmət eləsin!
Bu nə yeriş, bu nə nazdı,
Amandı, ay gedən, əylən.
Bu günlər, yoxsa sabahlar
Gümandı, ay gedən, əylən.
Gülə can verən arıyıq,
Yönü sevdaya sarıyıq,
Ölüm heç nədi, ayrılıq
Yamandı, ay gedən, əylən.
Açıb yasəmən kolları,
Açılıb bizə qolları,
Tanı getdiyin yolları,
Dumandı, ay gedən əylən.
Milli Mətbuat Gününün “Canlara dəyən adam”ı…
Elman Eldaroğlu yazır
Beş yaşınadək keçmiş “Sovetsk”idə- “Həmşəri palanı” küçəsində, 7 kvadrat-metrlik bir evdə böyüyüb. Sonra yeni mənzilə köçüblər. Daha sonra orta məktəb, institutut, əsgərlik, bədii yaradıcılıq, televiziya və “Dalğa” verilişi. Onu Azərbaycana tanıdan da elə “Dalğa” oldu…
Deyir ki,- “Səmimi bir etiraf edim: atamın mənim üçün kim olduğunu hələ tamamilə dəqiqləşdirə bilməmişəm. Hətta həyatımda oynadığı rolu da. Bilirəm ki, məndə nə varsa, hamısı atamdandır. Amma nə vaxt verib, necə verib, hansı mexanizmlə verib, bilmirəm”...
Nikbin, məğrur, zəmanəylə ayaqlaşan, ətrafında cəryan edən hadisələrə həssas, səbrsiz insandır. Gördüyü iş ürəyincə olmayanda, ideyaları tükənəndə, bəzən dünyadan bezir. Amma böyük işlər görmək həvəsi heç zaman onu tərk etmir. Gözlərində qəribə bir kədər var. Keçmişin acı xatirələri onu heç vaxt rahat buraxmır. Odur ki, güləndə sanki ürəkdən gülmür…
Atası Əlfi Qasımov əslən Ağdam rayonunun Poladlı kəndindəndir. Azərbaycanın tanınan yazıçılarından biri idi. Eyni zamanda jurnalist, publisist və tərcüməçi kimi yaddaşlarda qalıb...
Yüksək intuisiya, hissetmə qabiliyyətinə malikdir. Bəzən həmsöhbətini hipnoz etməyi bacarır. Qəribə xasiyyətləri çoxdur. Həzin musiqi səsindən, şam işığından, tənhalıqdan ilhamlana bilir. Mübariz, haqsızlığa qarşı amansızdır. Yanında kiminsə haqqı tapdalananda sərt reaksiya verir. Buna görə də bəziləri onu acıdil adam kimi tanıyırlar. Heç zaman ruh düşkünlüyünə mübtəla olmur. Əksinə çətinliklə üzləşəndə daha əzmkar, daha döyüşkən olur. Sadə geyinməyi xoşlayır. Onun üçün insanların libası yox, daxili keyfiyyətləri əsasdır…
Deyir ki,- “Ömrüm 20 yaşına qədər acı bağırsaq kimi uzanırdı. 20-60 arası isə heç bilmədim necə keçdi. İndi hər günümü dəyərləndirirəm - görəsi o qədər iş var ki. Sadəcə, planlar qurub, Allahı özümə güldürmək istəmirəm - məsləhət Onunkudur”…
Güclü yumor hissinə malikdir. Şən və gülərüzdür. Atmacaları ilə aranı qarışdırıb, müzakirə meydanına çevirməyi bacarır. Şəhər uşaqlarına məxsus jestləri var. Necə deyərlər, əsl centelemendir. Nəvaziş göstərməkdən zövq alır. Ana dilimizin məftunudur. Lazım gələrsə, onun uğrunda mücadiləyə girə bilər.
El arasında belə bir ifadə var- canlara dəyən adam. Bir sözlə, İlqar Əlfioğlu doğrudan da canalara dəyən adamdır...
Rəsm qalereyası: Adil Hacıyev, “Balıqçılar”
Onlar erməniyə əsir düşməsinlər deyə özlərini qayadan atıblar
“Ədəbiyyat və incəsənət” portalı şair Yusif Nəğməkarın “ÖZÜNÜ QAYADAN ATAN QADINLAR” adlı şeirini təqdim edir.
(Birinci Qarabağ müharibəsində Kəlbəcərin işğalı zamanı yerli qadın sakinlərdən bir neçəsi düşmənə əsir düşməmək üçün əl-ələ tutaraq özlərini qayadan atmışdılar)
Çovğunlu, şaxtalı, buz havalarda
Ağı havasına kökləndi Vətən.
Qəfil sınaqlarda, sərt çabalarda
El-el, oba-oba təkləndi Vətən...
Murov silsiləsi -- tək xilas yolu;
Qarlı aşırımlar açdı nələri...
Əfsusla, fəryadla, eyvahla dolu
Ağdaban, Başlıbel faciələri!..
Yağılar qurduğu hiylə torunda
ümidlər dörd yandan mühasirədə...
Qətiyyət nə idi bu zor sorunda --
Yaşamaq anamuzd, həyat kirədə...
İsmət nuru hopdu qana, iliyə;
Son addım nə günah, nə də ki, suçdu...
Divar hörülüncə təslimçiliyə,
Faşistlik, vandallıq hasarı uçdu...
Qorxunc qayalıqlar sıldırım, girdə,
Üstə mərd ayaqdan sirr ələnirdi...
Qızlar sığındığı qanlı dərədə
Mərdlik tariximiz zirvələnirdi!..
Qeyrəti bayraqtək tutan qadınlar
Uçrumlar başında baş taclarımdır.
Özünü qayadan atan qadınlar
Məğrur analarım, bacılarımdır!..
...Paytaxtda kreslo davası tin-tin...
Meydanda məsləki birdi qadınlar.
Əldən yapışmayan hakimiyyətin
səhvindən...əl-ələ verdi qadınlar...
Qalxıb könüllülər döyüşə haqla
Darda haray çəkən elimə yetdi.
İqtidar əl-ələ vermədi xalqla,
Qadınlar əl-ələ ölümə yetdi...
Hərc-mərclik içində yol əyiş-üyüş...
O yolda hər yoldan ötən gedirdi...
Arxada vəzifə uğrunda döyüş,
Cəbhədə arxasız Vətən gedirdi...
Yanar ürəklərə yol versəydilər,
Xəyanət ağzında dil açmazdılar...
Məmurlar bu xalqa əl versəydilər,
Əllər ölümlərə əl açmazdəlar...
Neyçün bağlanmışdı nicat qapılar?!
Nədən xilas meylə qatlanmaq olmur?!
Dərədən, təpədən at da çapılar,
Amma dərd üstündən atlanmaq olmur...
Orda zaman özü dayanaydı kaş;
Özünəqəsd tənə biyabanıdır...
Onlar həlak olan o qaya, o daş
Könüllü şəhidlər xiyabanıdır!..
Geniş götür-qoya zaman yox darda,
Hər an amansıza öc ayətiydi.
Ölüm ağuşuna atılmaq orda
Millətin yaşarı şücayətiydi!..
Qorxu -- bir silah ki, geri təpilən,
Hünər -- qanda bitən dilək fidanlar...
Namus toxumuydu Yurda səpilən
özünü qayadan atan qadınlar!
Məsləki, məramı titan qadınlar
Acı həqiqəti rəmzə atdılar..
Özünü qayadan atan qadınlar
Şərəf tariximə imza atdılar!