Azərbaycanlı siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı Sabir Şahtaxtı Ankarada fəaliyyət göstərən Avrasiya Yazarlar Birliyinin (AYB ) “Şərəf” medalına layiq görülüb.
Bu barədə öz sosial media hesabında qurumun sədri, yazıçı-publisist Yaqub Öməroğlu məlumat verib.
Sabir Şahtaxtının Avrasiya Yazarlar Birliyi ilə bütün istiqamətlərdə fəal əməkdaşlıq etdiyini diqqətə çatdıran Yaqub Öməroğlu deyib ki, yazıçının son beş ildə Türkiyədə nəşr olunan doqquz əsərindən beşi AYB tərəfindən çap edilib. Hazırda Avrasiya Yazarlar Birliyi Sabir Şahtaxtının “Mil” və böyük Qarabağ Zəfərini tərənnüm edən “Duman çəkiləndə” romanlarını nəşrə hazırlayır.
Y. Öməroğlu bildirib: “İyulun 22-si Azərbaycanda Milli Mətbuat Günüdür. Birliyimizin ali mükafatını məhz bu gün elan etmək həm də yazıçının peşəkar jurnalist fəaliyyətinə, eləcə də AzərTAC-ın bütün kollektivinə olan ehtiramımızdan irəli gəlir”.
Xatırladaq ki, Sabir Şahtaxtı həm də AzərTAC-ın Türkiyə bürosunun rəhbəridir.