Azərbaycan sənədli filmi olan “Çinar ağacının kölgəsində” (Shadowed by the plane tree) ekran işi Sarayevo Film Festivalının müsabiqə proqramına salınıb.
AzərTAC xəbər verir ki, bu, filmin rejissoru olan Aynur Elgünəşin ilk işidir.
A.Elgünəş qeyd edib ki, artıq ikinci film haqqında da düşünür: “Həyatımın 10-cu və ən ağır əməliyyatından çıxan günün sabahı Sarayevo Film Festivalından elektron məktub aldım, filmimiz seçilmişdi və rejissor, həmçinin prodüser kimi mənimlə Durna Səfərovanı Sarayevoya dəvət edirdilər. Çətin anlarda işarətlərə inanan adamam, ona görə də indi ağrılar içində sevinməyin nə demək olduğunu izah etməkdə acizəm”.
Qeyd edək ki, “Çinar ağacının kölgəsində” qısametrajlı hibrid sənədli film rejissorun şəxsi hekayəsidir. Bu, 751 film arasından seçilərək builki festivalda nümayiş olunacaq yeganə Azərbaycan filmidir. Müəllif A.Elgünəş yeniyetməlik illərində köçkün düşdüyü Ağdam şəhərinə 28 il sonra jurnalist kimi qayıdır, film boyu Ağdam küçələrində uşaqlığının izlərini axtarır, eləcə də dağıntılar altında qalmış xatirələrinə səyahət edir. On səkkiz dəqiqəlik filmin prodüseri Durna Səfərova, operator və montajçısı Mətləb Muxtarovdur.
Builki festival avqustun 12-dən 19-dək keçiriləcək.