Super User
“Sevgi şeirləri” albomu: Rəşidə Allahverdiyeva, “Bir ümid göyərdirəm…”
Bir ümid göyərdirəm həsrətin kölğəsində
Boyu boymdan uca.
Gözləyirəm yaz gələ
Mənim ümid ağacım
yarpağından su içə
kötüyündə gül aça..
Mən ümid göyərdirəm ...
Sənsiz..
Sənsə…
Nə isə...
Yoxluğuna sığınıb xəyal qurmaq var hələ:
"Mənsiz nə çəkdiyini bilirəm", - dedin, bəlkə..
Bu qıvırcıq saçları
hər gün sübhdən axşama yüz kərə darayıram.
Güzgüyə boylanıram.
Gözlərimdə gözünün yerini arayıram.
Əl-üzümü yuyuram bir gündə neçə kərə..
Heç bilirsənmi niyə?
"Səni hər an, hər yerdə görürəm", - dedin, bəlkə ..
Hər gün evi, eşiyi silib təmizləyirəm.
Qapı - pəncərələr də əlimdən gəlib cana.
Süfrəni bəzəyirəm,
təzə çay dəmləyirəm.
"Bir dadlı xörək bişir, gəlirəm", - dedin, bəlkə..
Bir ümid göyərdirəm-
Göyərib, solan ümid.
Bir ümid göyərdirəm -
Adı SƏN olan ümid....
Ensar Altayın filmi İranda mükafata layiq görülüb
Türk rejissor və ssenarist Ensar Altayın “Kodokushi” filmi İranda keçirilən 8-ci Şəhr Beynəlxalq Film Festivalında "Ən yaxşı beynəlxalq sənədli film" mükafatına layiq görülüb.
Yaponiyadakı tənha adamlardan bəhs edən bu ekran əsəri bir çox beynəlxalq festivallarda nümayiş olunub və müxtəlif nominasiyalar üzrə mükafatlar qazanıb.
Qeyd edək ki, “TRT World” istehsalı olan “Kodokushi”nin 8-ci Boğaziçi Film Festivalında milli premyerası olub və beynəlxalq münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb. Beynəlxalq premyerasını 24-cü Beynəlxalq Şanxay Film Festivalında edən film festivalın baş mükafatına -“Qızıl Qədəh”ə namizəd olub.
“Müasir həyat tərzi insanları tək qoyur” ideyasından ilhamlanan sənədli film, ölümündən həftələr sonra diqqət çəkən insanlardan bəhs edir.
Ekran əsərinin hekayəsi qısaca belədir: "Qarşılaşdığı tənha insanların ölümündən təsirlənən Norihito keçmişində etdiyi səhvləri düzəltməyə qərar verir. Amma bu səy onun həyatında gözlənilməz yeni problemlərə gətirib çıxarır. Ağsaqqal Muramatsu isə sosial təcrid vəziyyətində sakitcə həyatını yaşayır. Qarşıdan gələn Sakura Festivalı onun taleyini dəyişdirmək üçün ümid işığına çevrilir. O, dünyada mövcud olmaq üçün bir səbəb tapacaqmı?".
Günün fotosu: Pokrovskda 35 yaşlı Anna Protsenkonun dəfni
Günün fotosu: Pokrovskda 35 yaşlı Anna Protsenkonun dəfni
İşğalçı rus ordusu Ukraynanın Odessa və Nikolayev vilayətlərini bombalayaraq onlarca dinc sakini öldürüblər. Fotoda ölən sakinlərdən biri - 35 yaşlı Anna Protsenkonun dəfni kadra alınıb.
Müharibə başlanandan 5237 ukraynalı dinc sakin həlak olub. Kədərli statistikadır.
Foto: Euronews
Ankarada Xurşidbanu Natəvan və Fatimə xanım Kəminəyə həsr olunan kitabın təqdimatı olub
Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mərkəzi Qərargahında “Qarabağdan doğan günəş və ay-Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə” adlı kitabın təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, TÜRKSOY, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin, Azərbaycanın Türkiyədəki səfirliyinin və Türkiyədə fəaliyyət göstərən Türkiyə Ədəbiyyat Vakfının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Rayev, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Ankaranın Keçiörən rayon bələdiyyəsinin sədri Turqut Altınok çıxış ediblər.
Şuşa şəhəri də daxil olmaqla, Qarabağın təkcə Azərbaycan və Türkiyəyə deyil, bütün türk dünyasına görkəmli şəxsiyyətlər bəxş etdiyini diqqətə çatdıran natiqlər Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının mədəniyyət diplomatiyası sahəsində həyata keçirdiyi layihələrin əhəmiyyətini yüksək dəyərləndiriblər.
Vurğulanıb ki, təqdim olunan kitab bir tərəfdən Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə kimi görkəmli Azərbaycan şairələrinin yaradıcılığına verilən qiymətdir və bu tarixi simaların tarixi şəxsiyyət kimi ucalığını tərənnüm edir.
Diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli qələbə sayəsində indi Qarabağla bağlı tədbirlərimizi ürək açıqlığı ilə keçiririk. Qarabağın hər qarışı bizim üçün dəyərli olduğu kimi tarixi şəxsiyyətləri də bir o qədər əzizdir.
Çıxışlardan sonra “Qarabağdan doğan günəş və ay-Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə” kitabı iştirakçılara təqdim olunub.
Milli Məclisin komitə sədri Qənirə Paşayeva TÜRKSOY-a Azərbaycanın Xalq rəssamı Sakit Məmmədovun “Türk dünyası qadınlar tablosu” rəsmlərindən hədiyyə edib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Sultan Rayev isə Qənirə Paşayevaya TÜRKSOY-un “Şərəf” medalını təqdim edib.
Sonra Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri professor Aygün Attar və başqaları təqdim olunan kitabın əhəmiyyəti barədə fikir və düşüncələrini bölüşüblər.
Qeyd edək ki, kitabı nəşrə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Faiq Ələkbərli hazırlayıblar.
“Qarabağdan doğan günəş və ay-Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə” kitabında şairələrin bioqrafiyaları və dünya görüşləri, eləcə də poeziya yaradıcılıqlarından nümunələr əksini tapıb.
Tədbir şairələrin poeziya yaradıcılığını əks etdirən bədii hissə ilə davam edib.
Tanınmış rok qrupu "Okean Elzy" Bakıda konsert verəcək
Avqustun 12-də Heydər Əliyev Sarayında Ukraynanın tanınmış rok qrupu "Okean Elzy" konsert proqramı ilə çıxış edəcək.
Konsertdə qrupun maraqlı repertuarla çıxış edəcəyi bildirilib.
Slavyan melodiyasının güclü rok enerjisi ilə birləşməsi "Okean Elzy” qrupunun musiqilərinin əsas hərəkətverici qüvvəssini təşkil edir.
Konsertə biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, 2014-cü ildə “Okean Elzy”nin 20 illik yubiley konsertini canlı olaraq yarım milyondan çox tamaşaçı izləyib. Qrup MDB və Şərqi Avropadan olan tamaşaçılar tərəfindən adlandırılmış "Ən yaxşı rok qrupu" və "Canlı qrup" adları ilə fanat ordusunun rəğbətini qazana bilib.
Səməd Vurğunla Xan Şuşinskinin dostluğu bir ayrı dostluq olub
Tədqiqatçı-jurnalist Vasif Quliyevin Xalq şairi Səməd Vurğunla Xalq artisti Xan Şuşinskinin dostluğundan bəhs edən məqaləsini oxucularımıza təqdim edirik.
Gəncədən başlanan tanışlıq
Xalq şairi Səməd Vurğun klassik xanəndələrdən Cabbar Qaryağdıoğlu, Məşədi Cəmil Əmirov, Keçəçi oğlu Məhəmməd, İslam Abdullayev, Malıbəyli Əsgər, Musa Şuşinski və başqaları ilə şəxsən tanış olmuş, yazılarında və çıxışlarında onların sənətinə yüksək qiymət vermişdir. O, dahi Üzeyir bəy Hacıbəylinin də şəxsiyyətinə böyük hörmət bəsləyib, bəstəkar haqqında sanballı məqalə və şeirlər yazıb. Şair 1948-ci ildə qələmə aldığı “İnsan qəlbinin tərənnümçüsü” adlı məqaləsində yazırdı: “...Üzeyir musiqisini dinlədiyimiz zaman biz bəzən qaşlarımızı çatıb, loğman kimi düşünürük, bəzən həyat və insan eşqinə odlardan, alovlardan keçən qəhrəmanlar oluruq, bəzən ürəyimiz kaman kimi təlatümə gəlir, bəzən də sakit və nurlu bir yaz səhəri kimi açılırıq, özümüzdə dağlarda külüng çalan Fərhadlar qüdrəti hiss edirik, xəyalımız uçduqca yaşadığımız ana torpağı, onun yaratdığı insan adlı böyük neməti daha çox sevirik, öz varlığımız və tariximiz ilə fəxr edirik”.
... Səməd Vurğun Xan Şuşinskinin səsini ilk dəfə ötən əsrin iyirminci illərində Gəncədə eşitmişdi. O vaxtdan da xanəndənin sənəti, ecazkar səsi onu məftun eləmişdi. Çox çəkmədən hər iki sənətkar şəxsən tanış olmuş və bu tanışlıq sonralar möhkəm və səmimi bir dostluğa çevrilmişdi. Şairin elə bir məclisi olmazdı ki, Xan orda iştirak etməsin. Xanəndənin səsinin “dəlisi” olan Səməd Vurğun özünün məşhur “Azərbaycan” şeirində onu xüsusi bir məhəbbətlə tərənnüm edir:
Könlüm keçir Qarabağdan,
Gah o dağdan, gah bu dağdan,
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.
Şairin oğlu Vaqif Səmədoğlu xatirələrində xan Şuşinski ilə atasının dostluğundan söhbət açır: “...Xan əmi mənim yadımda həyatım boyu gördüyüm ən saf, ən təmiz və zahirən ən gözəl insan kimi qalıb. Sənətkarlığını bir yana qoysaq, həm də doğrudan da görkəmli bir insandı. Xan əmi hərdən bizə atamla dərdləşməyə, söhbətə gəlirdi. Məclislərimizdə iştirak edirdi. O, hər il dekabrın 25-də dəvət gözləmədən bir qohum, bir əmi, Səməd Vurğunun dostu kimi bizə, rəhmətlik Yusifin ad gününə gələrdi. Günümüz çox şən keçərdi, Xan əmi, atam, Mehdixan əmim bir-birilə zarafatlaşardılar. Axı zahirən onların oxşarlıqları da vardı.
Aralarında Qarabağ- Qazax dialektlərində gülməli söhbətləri olardı. Mənimlə Aybənizin doğum günü yay aylarına düşdüyünə görə orda-burda keçirərdik. Yusifin ad günü isə qışa düşdüyündən şəhərdə evimizdə keçirilərdi. Xan əmi Yusifin ad gününə xanəndə kimi yox, dost kimi gələrdi.
Səməd Vurğunun ağır vaxtları idi. Atam 1952-ci ildə çox ağır vəziyyətdə idi. O vaxt bizim ailə sürgün olunmalı, Səməd Vurğun isə tutulmalıydı. Hətta order də imzalanmışdı. Bəzim sürgün yerimiz də artıq məlum idi. Qazaxıstanın hansısa vilayətinə. Bax, o dövrdə çoxları bizdən üz döndərmişdi. Belə bir vaxtda Xan əmi həftədə, on gündən bir gəlib, atama baş çəkərdi. Oturub, söhbət edirdi, fikrini dağıtmaq üçün zarafatlaşırdı. Onda mənim on üç yaşım vardı. Sonradan dərk elədim ki, bu kişidə xanəndəlikdən başqa, böyük ağsaqqallıq, müdriklik də var. Səməd Vurğunla Xan əmi həyatda bir-birlərini çox istəyiblər. İndi də Xan əminin duzlu, məzəli söhbətlərini unutmamışam”.
“İsa bulağı”nda çal-çağır məclisi
1955-ci il iyulun 18-də bu iki ayrılmaz dostun son görüşləri də elə Şuşada İsa bulağında oldu. Həmin görüşdə iştirak edən görkəmli musiqişünas, Əməkdar incəsənət xadimi Firudin Şuşinski Xan Şuşinski haqqında yazdığı məqalədə bu görüşü belə təsvir edir: “... Səməd məni Xanın dalınca Ağdama göndərdi. Mən onun 09-61 nömrəli “Pobeda” markalı maşını ilə Ağdama getdim. Mənə dedilər ki, Xan Əhmədavar kəndindədir. Kəndə gələndə gördüm ki, o, tut ağacının altında oturub, tut yeyir, qardaşı Allahyar isə çay içir. Xan məni görçək təəccüblə:
-Boy, o, Firi bala (Xan çox vaxt məni nəvazişlə belə çağırardı), sən hara, bura hara?!
-Yol azmışam, - dedim.
-Ay canım, sən bicin birisən, yol azmazsan. – Sonra yarıcıddi halda səsləndi:-Xeyir ola?!
-Dostun gəlib, səni İsa bulağında gözləyir.
Çox maraqlıdır, Xan soruşmadı ki, hansı dostum. Dərhal bildi ki, söhbət Səməd Vurğundan gedir. Sonra başını bulayıb, çiyinlərini çəkdi və gülümsəyərək dedi:
-Ay canım, Səməd ovcunun içini iyləmişdi? Nə bilib ki, mən burdayam?
-Xan, maşın gözləyir, vaxt da keçir, tərpənmək lazımdır, - deyib onun qolundan tutdum, kənddən çıxdıq...
“İsa bulağı”nda bu iki dost elə səmimi, elə mehriban qucaqlaşdılar ki, uzun illər bir-birlərinin həsrətində olan doğma qardaşlar kimi görüşdülər.
... Məclis qızışdı. Xan Səmədin ən çox sevdiyi “Mirzə Hüseyn segahı”nı oxudu. Özü də onun “Dünya” rədifli şeirini muğam üçün mətn seçmişdi... Şeir misra-misra səsləndikcə meşənin hər yanından “ay can, ay can, min yaşa, sənə nənəm qurban, şairə eşq olsun!” sədaları ucalırdı. O günü “İsa bulağı”nın başqa hüsnü vardı. Sərin meşə, soyuq bulaq, Xanın gözəl səsi, Səməd Vurğunun şair nəfəsi “İsa bulağı”na başqa gözəllik verirdi. Məclisin axırında Xan Səməddən xahiş etdi ki, bir-iki ağız desin. Yaxşı yadımdadır, şair tarzənə dedi:
-Aya, Allahyar, o tarı “Yetim segah” üstündə köklə, bəri ver!
Səməd tarı döşünə basıb, sarı simdə gəzişdi. Bir qədər keçməmiş meşəni yanıqlı və həzin bir səs bürüdü. Bulaq ətrafındakı səkilərdə dincələn yüzlərlə adam bizi dövrəyə aldı.
Hamı heyrətlə Səməd Vurğunu dinləyirdi. O, son dərəcə aydın diksiya ilə Aşıq Ələsgərdən oxuyurdu. Səməd “Segah”ı pəsdən oxuyub qurtaranda meşəni alqış bürüdü. Xanın:
-Əmioğlu, axı sən Vaqifi çox sevirsən, bəs niyə Vaqifdən yox, Ələsgərdən oxudun?- sualını eşidən Səməd dərindən “ah” çəkib dedi:
-Ay xan, Vaqif də bizimdir, Ələsgər də. Hər iksi böyük sənətkardır. Amma nədənsə xəyalımı gəzdirən Qarabağ dağlarını seyr etdikcə istər-istəməz aşıq Ələsgərin “Dağlar” şeiri yadıma düşdü. Xüsusilə, böyük ustadın sözləri ürəyimi titrədir…
Səməd Aşıq Ələsgərin “Dağlar” qoşmasını əzbərdən deyəndə Allahyar tarı ondan alıb, “Kəsmə şikəstə” çalmağa başladı. Xan isə həmin sözləri şikəstə üstündə oxudu.
Havalansın Xanın səsi və ya dostların son görüşü
O günü Səməd Vurğunun “İsa bulağı”nda qurduğu məclis gecədən keçənədək davam etdi. Artıq dan yeri sökülürdü. Meşənin bülbülləri yuxudan oyanmışdılar. Bunu görən Səməd üzünü Xana çevirdi:
-Ay Xan, ayə, eşidirsənmi? Səhər bülbülləri yuxudan oyanıblar.
Xan mehribancasına gülümsəyərək başını buladı:
-Əmioğlu, indi nə demək istəyirsən, nə qayıraq?
Səməd Vurğun yarıcıddi, yarızarafatla:
-Necə yəni, nə qayıraq? Niyə görmürsən bu səhər bülbülləri səni yarışa çağırır? Sonra daha ciddi halda:- Onları susdurmaq lazımdır,-dedi.
-Nə ilə?- Xan gülümsər halda dilləndi:
Səməd hökmranə səslə:
-“Qarabağ şikəstəsi” ilə! – Sonra vüqarla əlavə etdi:- Qoy bu sərin meşələr, əzəmətli dağlar, bizə həsrət-həsrət baxan o nurlu dan ulduzu belə, Qarabağ bülbüllərinin deyişməsini eşitsinlər.
Səmədin bu sözləri hamının ürəyindən oldu. Məclisdəkilər bir ağızdan “Qarabağ şikəstəsi” deyib, Xanı alqışladılar. Şübhəsiz ki, Xanın başqa əlacı yox idi. O, Səmədin və məclisdəkilərin xahişini nəzərə alıb, Allahyara dedi:
-Qardaş, başla görək.
Bir qədər keçməmiş Xanın cazibədar səsi və cingiltili zəngulələri meşəni yenidən rövnəqə gətirdi. Nədənsə bu dəfə Xan şikəstə üstündə çox dərdli-kədərli sözlər oxuyurdu. Elə bil hiss edirdi ki, bir də Səmədlə görüşməyəcək. Təsadüfi deyil ki, şikəstəni bu sözlərlə qurtardı:
İsa bulağının meşəsi,
Sındı qəlbimin şüşəsi.
Dostundan ayrı düşənin
Ağlamaq olur peşəsi.
Xan qavalı yerə qoyar-qoymaz yenə də meşəni alqış sədaları bürüdü. Səməd də son dərəcə məyus idi. Dostunu kədərli görən Xan dilləndi:
-Əmioğlu, yenə nə olub? Niyə pərişansan?
Səməd Xana yaxınlaşıb, onu bərk qucaqladı. Sonra ətrafdakılara nəzər salıb, bir daha Xanı bağrına basaraq vaxtilə sevdiyi bir qıza yazdığı qəzəlin misralarını gözləri yaşarmış halda əzbərdən dedi.
Çox qəribə, həm də maraqlı idi ki, niyə həmin dəqiqələrdə onun yadına məhz bu qəzəlin kədərli sözləri düşdü.
Dünyada nələr olmur? Doğrudan da, o gün heç kəsin ağlına gəlməzdi ki, bugünkü məclis Xan Şuşinski ilə Səməd Vurğunun son məclisidir. Bir də bu iki nəğməkar görüşməyəcək. Bu hadisədən doqquz ay sonra Səməd Vurğun dünyadan köçdü.
Yasamal kitabxanasından oxucuların asudə vaxtının səmərəli təşkili nümunəsi
Daha bir qabaqcıl təcrübə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında müşahidə etmişik. Kitabxanada oxucuların asudə vaxtının səmərəli təşkili haqqında növbəti “İnformasiya saatı” keçirilib.
Kitabxananın əməkdaşı Aytən Məmmədova yay aylarında oxucuların kitabxanalara cəlb olunması, mütaliə marağının artırılması istiqamətində görülən işlər haqqında məlumat verib.
O bildirib ki, oxucuların asudə vaxtını zənginləşdirmək üçün kitabxanalarda onların müxtəlif bacarıq və əl qabiliyyətini, sevimli məşğuliyyətini, maraq dairəsinə uyğun olan əyləncələrini nəzərə almaq təqdirəlayiqdir. Bununla yanaşı, təşkil olunmuş asudə vaxt müddətində oxucu Ülkər Quluzadənin gitara ifaları maraq doğurub.
Tumas Tranströmer: “Hiss edirəm ki, eyni vaxtda iki yerdəyəm...” – Səlim Babullaoğlunun tərcüməsində
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2011), XX əsrin görkəmli şairlərindən olan Tumas Tranströmerlə (1931-2015) bu söhbət 7 aprel 1989-cu il tarixində, ABŞ turnesi çərçivəsində İndianapolisdə, Batler Universitetindəki görüşünün sabahı günü baş tutub. Linda Horvatın mənzilində. Müsahibəni Tan Lin Nevill və Linda Horvat götürüblər. Müsahibə Filadelfiyanın “Painted Bridge Quarterly” ədəbiyyat jurnalında (№ 40-41, 1990) dərc edilib.
– Belə bir sual vermək istəyirəm. Tərcüməçilərinizlə bölüşdüyünüz, ortaq saydığınız ədəbi ənənələr varmı? Bu ənənələrə aidliyinizdən və duyğularınızdan danışın. Mən tərcüməçilər deyəndə Blayı, Svensonu və Fultonu nəzərdə tuturam.
– Bəli, əlbəttə. Bu, geniş yayılmış ənənədir ki, onu poeziyada modernizm kimi də təsnif etmək olar. Amma xüsusi və nəsə başqa bir şey də ola bilər. Mənimlə maraqlanan ilk şair, həqiqətən, Robert Blay olub. Düşünürəm, bu ona görə baş verib ki, o da mənimlə eyni istiqamətə aid bir şairdi. Blay Norveçi gəzib, skandinav şairlərini oxuyub, amerikalıları bizim təbiətə münasibətimizlə və bu mənada skandinav poeziyasına xas ənənələrlə tanış etmək istəyib. Məsələn, Blayın “Qarlı çöllərdə sükut” kitabındakı mətnlər mənə olduqca yaxındır. Onun bütün şeirləri ruh etibarilə amerikan poeziyasıdır, amma həmin mətnlərdə elə bir şey var ki, ilk oxuda onları özümünkü saymışdım. Odur ki, belə bir təcrübə adama şövq verir, səni sənin kimi yazan bir şair çevirirsə, bu çox yaxşıdır, hamıya belə təcrübə qismət olmur.
Bəxtim gətirdi ki, məni İsveç dilini az da olsa bilən və yaxşı şairlər çeviriblər, İsveç dili kimi kiçik, az yayılmış dillərlə bu heç də həmişə mümkün olmur. Adətən, tərcüməni dil üzrə mütəxəssisə tapşırırlar, onlar isə çox vaxt poeziyanı hiss etmir, poeziya ilə, adətən, maraqlanmırlar.
– Sizin şeirləri o qədər çox tərcümə ediblər ki, bu sizin isveçcənizin təbiətini dəyişib və sizin diliniz yazmağa başladığınız dövrdəki həmin dil deyil – ötən gecə belə deyilirdi. Bu nə qədər doğrudur?
– Hər halda, məni təmsil edən qadın məni belə təqdim edirdi.
– Razısınız onunla?
– Mənim üçün bu şeyləri anlamaq çətindir, çünki bu şeylər tam olaraq şüurlu müstəvidə baş vermir. Hətta ən tənha yazıçının belə öz beynində oxucuları var. Bu sanki gözəgörünməz oxucu kütləsidir. Onların bundan hətta xəbəri də olmaya bilər, amma ağlının bir küncündə o oxucular var, mən həmişə hesab etmişəm ki, bu auditoriya ilk növbədə yaxın adamlardan, sizi yaxşı başa düşən insanlardan təşkil olunur. Amma indi, bir müddət keçəndən sonra bəxtiniz gətiribsə, başqa mədəniyyətə açılıbsınızsa və xaricdə oxunursunuzsa, həmin adamlar da sizin oxucularınızın bir hissəsinə çevrilirlər, təbii, sizə də təsir etməyə başlayırlar. Kədərlidir, amma bir xeyli çox yaxşı İsveç şairi var ki, İsveç dilinin strukturuna çox bağlı olduqlarından əsərlərinin tərcüməsi praktik olaraq mümkün deyil. Amma başqa şairləri çevirmək asandır. Bu, bütün dillər üçün belədir.
– Siz digər Şərqi Avropa ölkələrinin “qlasnost”la əlaqədar olaraq dünyanın azadlıq təcrübəsini necə mənimsədiklərindən xəbərdarsınız?
– Bəli, bəli, əlbəttə. Bir ölkə var, Rumıniya, dünyada ən pis vəziyyət ordadır, indi tamam başqa istiqamətdə irəliləyir. Sovet İttifaqına daxil olan Estoniya, Latviya və Litva kimi Baltikyanı ölkələr bizim üçün xüsusilə vacib ölkələrdir. Mən Latviya və Estoniyada 1970-ci ildə olmuşam. O zaman tamamilə qapalı ölkələr idilər. Bəzən özünü erkən Qrem Qrinin qəhrəmanları kimi hiss edirsən.
Bu ölkələr mənim üçün, əksər isveçlilər üçün böyük əhəmiyyətə malikdir. Bizdə vaxtilə sərhədi keçmiş, Baltikyanı ölkələrdən qaçmış çoxlu insanlar var, orda baş verənləri biz çox yaxşı bilirik. İndi orda mühüm dəyişikliklər baş verir, son illər daha çox, xüsusən ötən il və keçən ay.
– Mən yenə auditoriya, oxucu məsələsinə qayıtmaq istəyirəm. Bizdəki poetik auditoriya haqqında nə düşünürsünüz? Məndə elə təsəvvür var ki, bu auditoriya özünəqapalı və ürkəkdir. Sanki bir şair həmişə başqa bir şair üçün və poeziya öyrənən tələbələr üçün yazır. Maraqlıdır, İsveçdə də belədir?
– Fərq bundadır ki, sizdə şeir oxuları, oxucularla görüşlər universitetlərdə, bizdə isə daha çox kitabxanalarda baş tutur. Hərçənd siz, deyək ki, İndianapolis kimi yerə gəlsəniz, əlbəttə, böyük ehtimalla kitabxanaya gedəcəksiniz. Kitabxanada isə yaş və təhsil səviyyəsi müxtəlif adamlara rast gələ bilərsiniz.
–Yəni, auditoriya daha qarışıq və genişdir?
– Bəli. Orda gənc insanlar var, bir-birilərinə dəstək olurlar. Böyük ehtimalla onlar özləri də şeir yazırlar və belə görüşlərə gedəcəklər də. Amma Uppsala kimi şəhərlərdə auditoriyalar müxtəlif yerlərdən gəlmiş, ola bilsin, çox tənha, şeir oxumaq xoşbəxtliyi nəsib olmuş adamlardan ibarətdir, əlbəttə, hamını nəzərdə tutmuram.
– Amma onların heç də hamısı tələbə və müəllim deyillər.
– Bəziləri. Əlbəttə ki, bizdə də universitetlərdə görüşlər olur, amma bu, tədris prosesinin tərkib hissəsi kimi təşkil edilmir, çünki tələbələrin öz klubları var. Başqa hansı fərqlər var? Deməliyəm ki, İsveç auditoriyası öz hissini könülsüz büruzə verir, belə öyrəşib. Onlar bir qayda olaraq sakitcə otururlar, sifətləri heç bir emosiya ifadə eləmir, nə ah çəkir, nə gülür, nə də qışqırırlar. Onlar hesab edirlər ki, hisslərini büruzə verməmək yaxşı davranışdı. Bəzən bu, adamın qanını qaraldır. Başa düşə bilmirsən, onlar darıxır, yoxsa kefləri kökdür. Burda reaksiyalar daha açıq büruzə verilir. Amma ABŞ-da bölgələrə görə vəziyyət dəyişir. Orta Qərbdə, yəqin ki, reaksiyalar daha az emosionaldır.
– Səhv etmirəmsə, sizin ilk kitabınız iyirmi iki yaşınız olanda dərc edilib. Maraqlıdır, o vaxtdan bu yana “müxtəlif formalaşma mərhələləri keçmisiniz” kimi bir duyğunuz varmı?
– Ümid edirəm ki, belədir (gülür), amma fikir yürütmək çətindir. Adətən, hər yeni kitabın nəşrindən sonra tənqidçilər deyirdi ki, onlar bu kitabı artıq oxuyublar və mən çox astagələm, çox gec inkişaf edirəm. Onlar yeni kontinuum tapırlar. Mənim ilk kitabıma baxırlar və son kitabla oxşarlıqları müəyyənləşdirirlər. Amma mənim üçün fərq böyükdür.
– Sizin “Seçmə şeirlər”inizi oxuyanda hiss etdim ki, şeirləriniz zamanla daha da mürəkkəb olub. Belədirmi?
– Söylədikləriniz, bəlkə də, dil baxımından həqiqət ola bilər, amma ilk başlanğıcda mən formaca daha mürəkkəb yazırdım. Bunu tərcümədə hiss eləmək olmur, ilk şeirlərim daha yığcam idi, mən ənənəvi ölçülərdən indikindən daha çox istifadə edirdim. Fikrimcə, əvvəlki şeirləri tərcümə etmək daha çətindi. İngilis tərcümələri sadələşmiş variantlardı. Sonrakı şeirləri isə tərcümə etmək, ən azı, dil baxımından asandı. Bu bir fərqdi... Forma və məzmun barədə danışmaqdan acığım gəlir, amma gəlin buna cəhd edək (gülür). Mənə görə sonrakı şeirlərim isə məzmun cəhətdən daha mürəkkəbdir, çünki onlar daha böyük təcrübəni ifadə edirdi. İndi əlli yeddi yaşım var, iyirmi iki yaşlı gənclə əlli yeddi yaşlı adam arasında fərq çox böyükdür. Bütöv bir ömür, cəmiyyət, bütün bu şeylər istər-istəməz əks olunub sonrakı şeirlərdə. İlk kitab nəşr olunanda gənc idim, təbiət və uşaqlıq mövzuları ilə çox bağlı idim. Ətraf dünyaya baxış məhdud idi. İndi isə mənim şeirlərimdə bütün yaşantım, ömrüm boyu nələrdən keçdiyim əks olunub.
– Şeirlərinizin cəlbedici tərəflərindən biri sizin ümumi erudisiyanızın genişliyidir. Dünyanın aqoniya etməsi kimi duyğunuz mənə də sirayət edir. “Oktyabrda təsvir” şeirində göbələklərin köməyə çağıran əlin barmaqları olması - bu obraz məni sarsıtdı. Mən sülhə, əmin-amanlığa böyük ehtiyac olduğunu çılpaqlığı ilə sezdim. Amma sizin şeirləri əsla siyasi şeirlər saymaq olmaz, onlar insanidirlər. Bir az aydınlıq gətirərdiniz...
– Siz xoşagələn şeylər söyləyirsiniz, amma sözünüzü kəsməyə cəhd edəcəm (gülür)... Bəli, uşaqlığım İkinci Dünya müharibəsi zamanına təsadüf edir, bu mənim üçün ciddi təcrübədir. Düzdür, İsveç öz neytrallığını saxlamışdı, amma Norveç işğal olunmuşdu, Danimarka işğal olunmuşdu, İsveç azad olsa da, təklənmiş, təcrid edilmişdi. Cəmiyyətimiz iki yerə bölünmüşdü, bir qism müttəfiqlərin, bir qism almanların tərəfində idi. Bu hədsiz gərginliyi, uşaq olsam da, hiss edirdim. Valideynlərim boşanmışdılar, mən anamla yaşayırdım. Yaxın qohumlarımız vardı, onlar qatı Hitler əleyhdarları idilər, mən də müttəfiqlərin mübariz tərəfdarı. Professora oxşayan balaca uşaqdım, uşaqlar necə olmalıdırsa, əsla o cür deyildim.
Daim adamlara mühazirə söyləyirdim. Qəzet oxuyur, müharibənin gedişatını diqqətlə izləyirdim. Arzum tədqiqatçı olmaqdı. Livinqston və Stenli sevdiyimiz qəhrəmanlar idi. Onlara oxşamaq istəyirdik. Xəyalən həmişə Afrikaya, dünyanın müxtəlif yerlərinə səyahət edirdim. Əslində isə, Stokholmdan kənara çıxmırdıq, yalnız yayda arxipelağa, adalara gedirdik ki, oraları da cənnət hesab edirdim. Müharibədən sonra, əlbəttə ki, xaircə getmək, dünyanı görmək ehtiyacı yarandı məndə. Anam bütün ömrü boyu ölkədən kənara çıxmamışdı, amma mən istəyirdim. 1951-ci ildə məktəb yoldaşımla İslandiyaya getdik. Bu məndə dərin iz buraxdı. Qayıdanda isə mən kasıb sayılmasam da, tamam-kamal pulsuzlamışdım. 1954-cü ildə ilk kitabım çap olundu və mükafat aldım. Pulumu Şərqə – Türkiyəyə səfərə xərclədim. Yaxın Şərq, xüsusən Türkiyə o dövrdə əsla turizm ölkəsi deyildi. Bu, əsl macəra idi mənim üçün. İndi gənc adamlar eynən mənim kimi kürəklərində asma çanta səyahət edirlər və indi bu, çox rast gəlinən bir şeydir. Dünya ilə tanışlıq mənim üçün vacib bir təcrübə oldu. İkinci kitabımda o dövrə aid bir neçə şeirim də var: “Siesta”, “Günorta saat üçdə İzmir”. 1954-cü ildə mən Türkiyə, Yunanıstan, İtaliya və Yuqoslaviyada olmuşam. 1956-cı ildə isə Mərakeş, İspaniya və Portuqaliyada. O vaxtdan daim səyahət edirdim. İndi isə yalnız konkret məsələ üçün və yalnız dəvət alanda harasa gedirəm. Siyasətlə ciddi şəkildə maraqlanıram, amma ideoloji deyil, sırf insani baxımdan.
– Sizin şeirlərinizi oxuyanda elə təəssürat yaranır ki, sanki siz özünüz barədə qərib yolçu, səyyah kimi düşünürsünüz. Amma siz İsveçdə dərin kök atmısınız, bura, onun təbiətinə, havasına bağlısınız...
– Mən landşaftla, növlərlə, təcrübə ilə bağlıyam...Siz havanı xatırlatdınız. Hava bizim üçün, şeir yazan adamlar üçün çox vacibdir, həm də İsveçdə hamı üçün.Biz ucqar şimaldayıq, amma Qolfstrimə görə bizdə iqlim kifayət qədər mülayimdir. Burda çox qəribə işıq var. Bu cür işıq dünyada yalnız arktik zonalara xasdır. Yayda büsbütün işıqlı, qışda isə qatı qaranlıq olur buralarda.
– Hə, uzun sürən qaranlıqlar. Sizin yay ilə bağlı bir neçə gözəl şeiriniz var. Yayı, yaydakı azadlığı dərindən hiss edən və hiss etdirən şeirlərdir. Siz az əvvəl söylədiniz ki, gənclik dövründə sizin üçün əsas məsələ ətraf mühit olub, İsveçin təbiəti ilə sıx bağlı olmusunuz. Sizin şeirlərinizdə məni heyran edən keyfiyyətlərdən biri də budur ki, struktur etibarilə onlar daxilə, iç dünyanın mövzularına yönəlikdirlərsə də, baş verən hadisələrin çoxu hansısa kənar məkanlarda cərəyan edir, onlarda əvvəlki kimi ətraf həyatdan çox şey var. “Vermeyer” şeiri azsaylı şeirlərinizdəndir ki, düz yadımda qalıbsa, siz qapalı məkanda, studiyada, tavernadasınız. Lakin bir başqa şeirinizdə, deyəsən, “Elegiya”da, siz otağa daxil olursunuz və diqqətiniz də o dəqiqə otaqdan kənardakı məkanlara, pəncərəyə, oradan küçəyə, xiyabana və oradakı hərəkətə istiqamətlənir, cəmlənir. Bu barədə danışın, zəhmət olmasa. Məni təəccübləndirən bu oldu ki, marağınız daxili dünyayadırsa, dərketmə, qavrayış ətraf dünyaya istiqamətlənir.
– Ola bilsin ki, mənim ilhamım bu cürədir, hiss edirəm ki, eyni vaxtda iki yerdəyəm...Yaxud anlayıram ki, qapalı görünən bir yerdəyəm, amma həqiqətdə isə həmin yer açıqdır. Bir sözlə, qarışıq məsələdir, bu, məni yazmağa məcbur edən bütün ilhamım, coşqumla bağlıdır, yəqin.
– Bir də, sizin getmək kimi tələdən, solipsizmdən, özgələşmədən, soyuqluqdan qaçışınız mənim üçün çox maraqlıdır... Bu, necə mümkün olub, təhsilinizlə bağlıdır?
– (uzun pauza) Mənim çox yaxşı anam olub (gülür).
– Bu cavabı verəcəyinizi gözləyirdim.
– Biz çox yaxın idik. O, ibtidai sinif müəlliməsi idi. Bir də mənim çox gözəl nənəm və babam vardı, gəmi kapitanı və onun xanımı. Çox qoca və çox yaxın idilər. Həmişə ən yaxın qohumlar tərəfindən hərtərəfli dəstək hiss olunurdu. Eyni zamanda mən yalquzaq həyatı yaşayırdım. Evin tək uşağı idim və hər cür marağım təqdirlə qarşılanır, müdafiə olunurdu. Məncə, adətən, balaca oğlan uşaqları fərqli maraqları varsa, valideynləri tərəfindən öz maraqlarından əl çəkmək istiqamətində tərbiyə edilir, valideynlər istəyir ki, uşaqları hamı kimi olsun, oynasın, qaçsın və sair və ilaxır.
Uşaq ikən böyüklərin mənimlə özümün hiss etdiyim kimi yetkin adam yerinə, uşaq kimi yersiz davranmaları mənə çox toxunurdu. Mənimlə uşaq kimi davranırdılar və bu məni incidirdi. Amma yaxınlarım – onlar mənim üçün ən vacib adamlardı, şəxsiyyətimi təyin edən həmin keyfiyyətlərə səbirlə yanaşırdılar. Məktəbdə, əlbəttə, çətin idi mənə. Bəzi müəllimlərimi çox sevirdim, bəzilərini isə heç sevmirdim. Ümumiyyətlə isə, uşaqlığım çox çətin olmasa belə, asan da keçməyib. On bir, on iki yaşım olanda həşəratlara hədsiz maraq göstərməyə başladım. Biologiya mənim üçün həmişə xüsusən vacib olub. Cücüləri, əsasən böcəkləri toplamağa başladım, kiçik kolleksiyam da vardı. Həmişə əlimdə kəpənək toru küçədə gəzirdim.
– Şeirlərinizdə çoxlu kəpənək var, amma böcəklər və başqa həşəratlar elə də çox deyil.
– Düşünürəm, bir böçək olmalıdır. “Elektrik dirəyində günün altında bir böcək oturub, qanadları mütəxəssisin topladığı paraşüt kimi səliqəli yığılıb” (söhbət rus dilinə “Tala”/ “Lesnaya proqalina” kimi tərcümə edilən, orijinalda “aydınlanma, təmizlənmə” mənalarını verən “Gläntan” şeirindən gedir – S.B.). Burda bir böçək var! Ümumiyyətlə isə, belədir, əgər siz böcək yığa-yığa təbiətdə baş verənləri seyr edirsinizsə, demək, çox xoşbəxt bir həyat yaşayırsınız. Məncə, bu, Linneydən başlanan bir İsveç ənənəsidir. Təbiət nəinki müxtəlif əhvali-ruhiyyə doğurmaq gücündədir, o həm də tədqiqat üçün bir məkandır. Balıqqulağılar, böcəklər, quşlar – təbiətin bu gözəllikləri mənə uşaqlıqdan tanışdır. Əlbəttə, mən bütün bunları gözəllik kimi dərk etmirdim, eləcə özümü tədqiqatçı, alim sayırdım (gülür). Amma hər necəsə, bu gözəllik mənim həyatımda bütünlükdə var idi.
– Sizi başqa nə maraqlandırırdı?
– Tarixlə çox maraqlanırdım. Xeyli tarix kitabı oxumuşdum və elə indi də oxuyuram. On üç, on dörd yaşım olanda isə musiqi mənim üçün olduqca vacib bir şeyə çevrildi. Musiqiyə marağım fanatikcəsinə idi, bunu indiyə qədər saxlayıram.
– Siz ifa edirsiz?
– Hə...baxdım, amma burda fortepiano yoxdur.
– Maraqlıdır, şeirləriniz üçün bu qədər parlaq obrazları necə tapırsınız?
– Obrazlar öz-özündən yaranır, bədahətən gəlirlər, adətən. Amma mən şeir üzərində çalışanda onları oxucular üçün daha anlaşıqlı hala salıram. Bu, yuxu kimidir, daim görürsən, daim öz-özünə gəlir.
– Yuxularınızla əlaqə yaratmağa çalışırsınız?
– Arada. Çox şey görürəm yuxuda. Amma tez də unuduram.
– Yəni onları yazmaq, kağıza köçürmək üçün gecə qalxmırsınız?
– Yox, belə vərdişim yoxdur, mən yatmaq istəyirəm (gülür). Amma elə də olub, yuxular qızğın və ardıcıl görülüb və sonra da şeirə çevrilib.
– Bəzən obrazlar konkret yaşantılarla bağlı olur, belə olan təqdirdə siz onların üzərində başqaları üçün də anlaşılsın deyə çalışırsınızmı?
– Hərdən. Hərdən obraz bir bütöv kimi gəlir, bir mərkəz ətrafında cəmlənir və konkret, real olaraq ona məxsus sözlərlə ifadə oluna bilir. Bəzən isə obraz sözsüz doğulur və gəlir ki, bu halda lazım olan sözləri tapmaq tələb olunur.
– Onda belə çıxır ki, sizin işiniz şüuraltı proseslərlə bağlıdır, nəinki “mən indi oturacam və şeir yazacam” klişesi ilə.
– Əlbəttə. Hər şey içəridə baş verir. Şüuraltıda. O, hər şeyin mənbəyidir. Mənim içdən, dərindən gələnlərlə fərqli əlaqə imkanlarım var, amma heç vaxt özümə hər hansı bir şeyi “yaz və ya yazma” əmri vermirəm. Buna bir dəfə cəhd etmişəm. Azyaşlı məhbuslar həbsxanasında psixoloq kimi çalışanda ordakı təcrübəm barədə çox iddialı bir şeir yazmışdım. Amma razı qalmamışdım, bu şeiri ambisiya doğurmuşdu. Axırda həbsxanadakı o bədbəxt oğlanlar barədəki şeirdən bir neçə misra saxlayası oldum. “İşin sonunda” adlanır həmin şeir.
“İşin qaynar vaxtı
vəhşi təbiət üçün dəlicəsinə darıxırıq,
telefon xətlərinin zərif sivilizasiyasının
dirək sancdığı səhra üçün, məsələn.”
Həbsxana barədə həmin uzun, ciddi və çox iddialı şeirdən yalnız bu misraları saxladım (həmin şeirin ardı yazılsa da, görünür, müəllif ilk variantdan söz açır – S.B.). Odur ki, nə yazıb-yazmamaq qərarını, həqiqətən, mən vermirəm. Şeir özü doğulmalıdır.
– Sizə xüsusi bir hal, əhval-ruhiyyə gərəkdirmi yazmaq üçün, yaxud şeirin gəlişi üçün?
– Bu heç vaxt asan olmur, amma əgər baş verirsə, onda bunu şıltaq, eyni zamanda, ciddi hal adlandırmaq olar. Siz oyunla iddialarınızın arasında tarazlıq vəziyyətində olmalısınız, bu vəziyyəti əldə etmək çox çətin mümkün olur. Bir də vaxtınız çox olmalıdır. Mən isə bu vaxta sahib deyiləm.
Əlbəttə, əgər mənim müvafiq keyfiyyətlərim olsaydı, mən hotel otağında heç nə etmədən bütün günü oturardım. Və deyərdim ki, sadəcə oturmuşam və heç nə eləmirəm. Amma bunu edə bilmirəm. Dəvətlər gəlir, görüşlər təşkil olunur, çağırırlar və sair və ilaxır. Təyyarədə mən yalnız darıxmaqla məşğul oluram, ya da
qorxuram, yaxud yazmaq üçün tələb olunan əhvalım olmur. Qatarlar daha yaxşıdır. Uzaq gedən qatarlar.
– Bir də avtomobillə getmək. Sizin bir neçə belə şeiriniz var.
– Hə, amma mənim maşınlara münasibətim heç də birmənalı deyil. Hətta belə demək olar ki, mən maşınların əleyhinəyəm, çünki onlar çoxlu başqa şeyləri dağıdırlar. Digər tərəfdən, maşını olmaq çox gözəldir. Onunla təbiətin qoynuna səyahət eləmək olar.
– Nəsrlə yazılan şeirlər, mənsur şeirlər barədə fikrinizi öyrənmək istəyirəm. Mən onları xoşlayır, hətta özüm də yazıram. Amma çoxları onları sevmir, vecsiz hesab edirlər. Sizin bu mənada şərhlər necədir, adi şeir formalarında yaza bilmədiyiniz nəyi mənsur şeirdə yaza bilirsiniz?
–Belə götürsək, bu, Avropa, xüsusən Fransa üçün əski ənənədir. Mən 1940-cı ilin sonlarında şeir yazmağa başlayanda vacib kitablardan biri “On doqquz müasir fransız şairi” antologiyası idi ki, burda da Rene Şar, Eliade Reverdi və başqalarının mənsur şeirləri vardı. Odur ki, mənim üçün burda yeni heç nə yoxdur. Olduqca istedadlı məktəb yoldaşım 30 yaşında bir kitab nəşr elədi. Maks Jakobu xatırladan, yabanı sürrealistik poetik proza, mənsur şeirlər toplusu idi. Mən həmişə bu sayaq nəsrlə tanış olmuşam, lap əvvəldən. Amma öz mənsur şeirlərimdən ibarət kitab bir xeyli gec nəşr olundu. Bir şeiri xatırlayıram, “Kitab şkafı” adlanırdı. Anam vəfat etmişdi, onun mənzilinə gəlişim, kitab şkafı qarşısında dayanmağım barədə idi şeir.
– İfadə imkanları baxımından şeir və nəsr arasında fərq nədədir?
– Mən, adətən, qarşımda şeir ya nəsr olduğunu ilk baxışdan müəyyənləşdirə bilirəm. Mənim son, iki həftə əvvəl çap edilən 17 şeirimdən ikisi nəsrlə yazılıb. Onlardan biri, “Badelundda bülbül” şeiri “Seçilmiş şeirlər”ə də daxil edilib. İkincisi “Madriqal” adlanır, dünən onu oxuyurdum. İkisi də çox qısa şeirlərdir. Nəsrlə yazılmış şeirlər sizə azadlığın xüsusi növünü bəxş edir. Bu məsələdə Blayla paralel aparmaq olar. O öz mənsur şeirlər kitabını təxminən mən onları yazmağa başladığım vaxt nəşr etmişdi. İkimiz də Frensis Ponjla maraqlanırdıq. Ponjun şeirlərinin əşyaları və təbiəti yaxından və intensiv görmə kimi səciyyəsi var. Onun şeirləri ilhamlandırır, hərçənd Ponj kimi yazmağa heç bir lüzum yoxdur. Biz onun şeirlərinin mütaliəsi zamanı, çox güman, eyni hissləri keçiririk. Xüsusi bir azadlıq, təfərrüatlara varma və uzaqlaşma.
– Siz öz mənsur şeirlərinizi redaktə edirsiniz, yaxud təkrar-təkrar onların üzərində işləyirsiniz?
– Bəzən hə. Bir şeirim var, mən onun üzərində illərlə işləmişəm. “Mənfi dərəcə” (“Donma dərəcəsindən aşağı” – S.B.) (oxuyur):
“ Biz bizi sevməyən axşam qonaqlığındayıq. Nəhayət ki, qonaqlıq maskasını yerə salır, necə varsa, elə də görünür: çeşidləmə stansiyası. Dumandakı relslərdə donmuş nəhənglər. Vaqon qapılarına təbaşirlə nəsə cızma-qara edilib. Bunu dilə gətirmək olmaz, burda susdurulmuş böyük zülm var...”
– Bu məktəb avtobusunu bir yerdə gözləyən uşaqlarla bitən şeirdir? Bu şeir çox xoşuma gəlir.
– Hə, bu şeiri Çin şairi Bey Do çox bəyənirdi.
– Çin öz landşaftı ilə bu şeiri çox xatırladır, çox donuq, minimalist və praktik. “Ayaqüstə” şeiriniz də mənim sevdiyim şeirlərdəndir, xoşbəxtlik və yüngüllük doludur bu şeirdə.
– Erkən dövrdə yazdıqlarımdandır, ruhuna görə dokumentaldır. Onda uşaqlarımız balaca idilər, yay idi, cücələrimiz də vardı. Hərdən fikirləşirəm ki, o dövrə qayıtmaq lazımdır.
– Bəhs olunan hadisələr sizin Baltikdəki əski ailə evində baş verirdi, səhv etmirəmsə?
– Bəli, bu şeirdə əsrin əvvəllərinə aid şlyapa da var. Doğrudur. (şeiri oxuyur):
“Bir anlıq dondum, toyuğu tuta bilmişdim, ayaqüstə əlimdə toyuq durmuşdum. Təəccüblüdür, o sanki diri deyildi, daşlaşmışdı, qurumuşdu, 1912-ci ilin həqiqətlərini anladan lələkli qadın şlyapası...”
Belə bir şlyapa bizim evdə, doğrudan da, vardı (gülür).
– Sizin uşaqlarınız üçün də o “mavi qəsr” eyni qədər əzizdir, ya onlar özgə nəsli təmsil edirlər deyə başqa fikirdədirlər?
– Onlarcün də əzizdir. Eynən. Yaşları artdıqca daha çox qiymətləndirirlər. Böyüyünün 28 yaşı var, kiçiyi 24 yaşındadır. Adaları sevirlər. Odur ki, oranı satmayacaqlar deyə indi çox rahatam.
– Toxunmadığımız məsələ şeirlərinizə dinin təsiri mövzusudur. Mən şeirlərinizdə mənəvi impuls hiss etsəm də, onlar hər hansı dinə, ruhaniyyata bağlı deyillər. Uşaqlıqda dinlə əlaqəniz olubmu?
– Bəli, bu, yenə anamla bağlı olub. O çox... dindar…yox, elə deməyim, çünki onun ciddi və köhnədəbli bir qadın kimi təsəvvür edilməsindən ehtiyatlanıram. O, belə deyildi, bilirsiz necəydi, o, uşağa oxşayırdı və Allahla xoş bir əlaqədə idi. Sözün ən yaxşı mənasında dindar idi. Əlbəttə, mən uşaq olanda hər şeyə skeptik yanaşırdım. Təbiət elmlərinə hər şeyin mexaniki yozulduğu XIX əsr ruhunda bir inamım vardı. On beş yaşım olsa da, konfirmasiya edilməmişdim, tay-tuşlarım edilmişdi amma. Mən imtina etmişdim. Çünki buna inanmırdım və anam tərəddüdlərimi qəbul etmişdi. Amma bir neçə il sonra mən dinə çox bağlandım. Konfirmasiya vaxtı dinə inanmırdım, sonra isə inandım. Bu hisslər zaman keçdikcə formalaşır. Kilsə ilə çox az bağlıyam. Binalar, onların yaratdığı hisslər xoşuma gəlir. Tez-tez kilsəyə baş çəkirəm. Amma, belə deyək, sosioloji mənada kilsə üzvü deyiləm. Əgər hər hansı bir dini qrupu seçməli olsaydım, onda kvakerləri seçərdim. Amma İsveçdə bu çox elitar qrupdur, ora düşmək üçün az qala müqəddəs olmalısan. Mən ora düşmək istəyirəm. O mənada ki, bəzi cavablar almaq istəyirəm.
– Psixologiya sizin üçün dini əvəz edirmi?
– Deməzdim. Çox mürəkkəb sualdır. Psixologiya dinə bəzən çox yaxın olur, amma bu, psixoloqdan asılıdır, onun hadisələrə və əşyalara necə baxmasından asılıdır. XX əsrin psixoloqları dinə şübhəylə yanaşır, öz müdafiələri üçün xeyli dəlil gətirirlər. Amma bəziləri elə deyil. Mən Yunq ardıcıllarını nəzərdə tuturam. Onlar dinə münasibətdə daha açıqdırlar.
– Siz bu məktəbin ardıcılısınız?
– Yox, deməzdim, mən heç bir məktəbə aid deyiləm. Çox eklektikəm, eyni vaxtda müxtəlif şeyləri qəbul edirəm. Təbii ki, müəyyən təsirlər var. Yunqun ideyaları havada uçuşur.
– Şeirlərinizdə “eqo”nun yeri maraqlıdır. Demək istəyirəm ki, “Mən”ə gəlib çıxınca az şey oxumadım.
– Hə, düzdür, birinci kitaba münasibətdə söylədikləriniz doğrudur. Əvvəl-əvvəl, doğrudan da, “mən”i yazmağa, istifadə eləməyə ehtiyatlanırdım. Amma sonradan, ikinci kitabdan etibarən o özünü getdikcə daha çox büruzə verməyə başladı. Bu o demək deyil ki, birinci kitabda “mən” yoxdur, sadəcə özümdən danışanda utanırdım. Çox vaxt “o”dan istifadə edirdim (gülür). “O, sevgilisi ilə görüşdən sonra üzüaşağı küçəylə gedəndə hava uçuşan qar dənəcikləri ilə dolmuşdu” (“Do major”). Burdakı “o” mənəm, aydındır. İndi “mən”i ürəklə istifadə edirəm. Əvvəl çox görünmək arzumun olmaması ilə bağlı idi bu. İndi fikirləşirəm ki, “mən”i istifadə eləmək daha ədalətli, təmiz mövqedir. Hər necəsə, əvvəl-axır sən öz şəxsi təcrübəndən çıxış edirsən.
(Batler Universitetində oxucu seriyaları şöbəsinin müdiri Fren Kuinn və İndianapolis Ədəbiyyat Mərkəzinin direktoru Cim Pauell müsahibənin sonuna doğru gəlirlər.)
– Bir məsələ də var. Ötən gecə siz Uppsaladakı yaradıcılıq qrupundan danışdınız, dediniz ki, belə bir qrup yaratmısınız, amma indi şübhələriniz, tərəddüdləriniz var.
– Bədii yaradıcılığın tədrisi ilə bağlı mənim duyğularım bir qədər iddialıdır. Hesab etmirəm ki, müəllim sizə şeir yazmağı öyrədə bilər. Bu fikrin özündə qəribəlik var. Ancaq müəllim elə ab-hava yarada bilər ki, bir-biri ilə dost və eyni zamanda, bir-birinin ciddi tənqidçisi olan tələbələr özlərində bədii vərdişləri inkişaf etdirə bilərlər. Bunu şəxsi təcrübəmdən deyirəm. Mən də eyni yolu keçmişəm. Dostlarım vardı, yazırdılar, bir-birimizin ilk oxucuları idik, yazdıqlarımıza həm dostca, həm də oxucuların gözü ilə baxa bilirdik. Cavan vaxtı ilham insanı elə çuğlayır ki, oxucunun da eyni hissləri keçirəcəyini anlaya bilmirsən. Ona görə də oxucularla birbaşa görüşlər çox vacibdir, çünki onlar öz fikirlərini bildirirlər. Problem ondadır ki, mətnə çevrilən hər şey həmin mətnə başqa tərəfdən, soyuq başla və nəzərlərlə, çoşqu və ilhamdan xəbərsiz baxan oxucuya tam aydın olmalıdır. Bu məsələ əvvəl-əvvəl gənc şairi heyrətləndirir, çünki başqalarının da onun kimi ilhamlanmasını o, təbii hesab edir. Dostlardan və dostca yanaşan, eyni zamanda, ədalətli olan adamlardan öyrənmək mümkündür. Amma eyni münasibəti müəllimdən eşitmək və ondan öyrənmək çox vaxt mümkün olmur, çünki müəllim – sizin tabe olduğunuz nüfuzdur, avtoritetdir, burda dostluq yoxdur. Görünür, özünüzə bərabər olanlardan öyrənmək lazımdır. Müəllimin borcu ab-hava yaratmaqdır. Və bütün tamaşanı, səhnəni ilhamlandırmaqdır (gülür).
– Gənc vaxtı bərabər olduğunuz, çalışdığınız dostlarınızla əlaqəniz varmı?
– Var, amma yaşlaşdıqca bəzi pis şeylər üzə çıxır. Məsələ budur ki, dostların bəzisi artıq yazmır. Bəzilərinə isə publika əhəmiyyət vermir. Mən isə indi çox məşhuram və bu, görüşməyimizə, əlaqə saxlamağımıza ciddi əngəl yaradır. Adi insanlar kimi görüşəndə heç bir problem yoxdur, amma elə ki yazıçılıq yada düşür, hamımızın bərabər olduğumuz, coşqulu olduğumuz o dostluq havası dağılıb gedir. Otuz beşdən sonra iyerarxiya başlayır, bu isə ən pis şeydir bəlkə də.
– Hesab edirsiniz ki, onlara sizin əsərləri oxumaq və tənqid eləmək, eyni zamanda, bir nüfuzlu ədəbiyyatçı kimi sizin tənqidinizi eştimək ağır gəlir?
– Mən bu məsələlərdən uzağam. Həyat yoldaşım mənim ən yaxşı tənqidçimdir. O məni elə yaxşı tanıyır ki, hər hansı kiçik saxtalığı belə o saat hiss edir. Bir də tərcümə prosesi bəzi şeyləri faş edir. Bəzən isə mən özüm səhvlərimi görürəm, amma onda da gec olur (gülür).
-Çap olunandan sonra şeirlərinizi redaktə edirsinizmi?
– Yox, İsveç dilindəki nəşrlərdən sonra yox. Amma bəzi jurnal nəşrləri kitaba başqa cür salına bilər.
– Yeytsi xatırladım. Ölüm yatağında bütün yazdıqlarını yenidən düzəldir, köçürdürdü.
– Yox-yox, əsla. Köhnə şeirlər keçilmiş yollardır. Mənim hətta çoxdankı, məndən çox uzaq olan şeirləri oxumağa belə həvəsim olmur.
– Robert Blay bu yaxınlarda çıxan “Seçilmiş əsərlər”ində bir xeyli əsərini dəyişmişdi. Sizin belə bir fikriniz olubmu?
– Məncə, çox pis fikirdir (gülür).
– Yandırmaq necə? Borxes əvvəlki əsərlərini yandırırdı.
– Yandırmaq normaldır (gülür). Amma iyirmi beş il əvvəl yazdığını yenidən yazmaq – bu ağılsızlıqdır.
Bu dəfə Zərdüşt Şəfinin hekayəsi Qazaxıstan ədəbiyyat portalında
Qazaxıstanın populyar “adebiportal.kz” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində istedadlı yazıçı, dünyasını vaxtsız dəyişmiş Zərdüşt Şəfinin rus dilinə tərcümə olunmuş “Sonuncu çiçək dükanı” hekayəsinin yayımına başlayıb.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin rus dilinə tərcümə müəllifi rus dili mütəxəssisi Arzu Rəcəbova, bədii redaktoru ədəbiyyatşünas alim Anjela Lebedevadır.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “adebiportal.kz” portalı müntəzəm olaraq səhifələrində Aleksandr Blok, Akutaqava Rünoske, Con Apdayk, Lilian Voyniç, Virciniya Vulf, Herman Hesse, Knut Hamsun kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
Venesiya Film Festivalının açılışına 35 gün qalmış proqramı açıqlanıb
Avropa kino bayramına hazırlaşır. Avqustun 31-dən sentyabrın 10-dək davam edəcək 79-cu Venesiya Film Festivalının başlanğıcına sayılı günlər qalır. Və ötən gün festivalın proqramına daxil ediləcək filmlərin siyahısı açıqlanıb.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki, bu il bir çox görkəmli rejissorlar yeni filmlərini ilk dəfə Venesiyada tamaşaçılara təqdim edəcəklər. Festival amerikalı aktyorlar Nuh Baumbax, Adam Driver və Greta Gervigin baş rollarda yer aldığı "Ağ səs-küy" filmi ilə açılacaq.
Həmçinin əsas müsabiqədə Luka Quadaqnino və Timotey Çalameti yenidən bir araya gətirən "Sümüklər və Hamısı" filmi, kubalı gənc aktyor Ana de Armasın Merilin Monro obrazını canlandırdığı və Endryu Dominik tərəfindən çəkilmiş "Sarışın" filmi əsas favorit hesab edilir, amma Darren Aronofski, Alejandro Qonzales İnyarritu və Cəfər Pənahi kimi bir çox usta rejissorları da diqqətdən kənarda qoymaq olmaz.
Tamaşçılar və kinokritiklər isə ulduz ifçıları gözləyirlər, onlardan biri də Penelope Kruzdur.
Penelope Kruz 2021-ci ildə “Paralel Analar” filminə görə “Volpi” Kubokunu qazandıqdan sonra 79-cu Venesiya Film Festivalına iki yeni filmilə qayıdır. Və ispaniyalı aktrisa festivalda İtaliya istehsalı olan “L'inmensitá” və “En los márgenes” adlı ispan filmlərilə təmsil olunacaq
Qeyd edək ki, 79-cu Venesiya Film Festivalının münsiflər heyətinin prezidenti amerikalı aktrisa Culian Murdur.