Super User
“Azərbaycanfilm" kinostudiyasının yeni sayt və loqosu təqdim edilib
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının yeni sayt və loqosunun təqdimatı olub.
Milli Kino Günü münasibətilə keçirilən təqdimatda sözügedən yeni sayt və loqonun təqdimatı ilə yanaşı, bir qrup kinematoqrafçı və kino veteranı da mükafatlandırılıb.
Tədbirdə ümumilikdə 21 kinematoqrafçıya fəxri fərman və mükafatlar təqdim edilib.
Təqdimatdan sonra jurnalistlərin sualları cavablandırılıb.
Milli Yaylaq Festivalı alındı, ağızbüzmələr isə unudulub gedəcək
İyulun 29-dan 31-dək Göygöl rayonunun Hacıkənd qəsəbəsində II Milli Yaylaq Festivalı keçirildi. Dağlıq ərazidə komfort şərait, asfalt yol, cakudzili hamam axtaranların giley-güzarına fikir verməsək, deyə bilərik ki, festival alındı.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədi ilə keçirilən festivala ümumilikdə 120 mindən artıq iştirakçı qatılmışdı.
“Cavad Xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Göygöl Rayon İcra Hakimiyyəti, Turizm Agentliyi, Dünya Etnoidman Konfederasiyası, Türkiyənin Gəncədəki Baş konsulluğu, TİKA, KOBİA və bir sıra özəl şirkətlərin dəstəyi ilə keçirilən II Milli Yaylaq Festivalında 22 xarici ölkədən 300-ə yaxın qonaq iştirak edirdi.
Yaylaq yurdu etno-qəsəbəsində “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Xan yurdu”, “Yaylaq süfrəsi” kimi tematik guşələr qurulmuşdu.
Milli Yaylaq festivalının bədii hissəsini təşkil edən Mədəniyyət Nazirliyi yaylaq ərazisi boyu müxtəlif guşələr yaratmişdi.
Dövlət rəsmiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai xadimlər, tanınmış sənətçilər, media nümayəndələri və qazilərin iştirakı ilə keçirilən rəsmi açılış mərasimində qonaqları oğuz elinin ağsaqqalı Dədə Qorqud qarşılamış, söz söyləmiş, xeyir-dua vermişdi. Sonra Gəncənin yaradıcı kollektivlərinin iştirakı ilə kompozisiya nümayiş olunmuşdu. Ardınca isə yerli və xarici incəsənət kollektivlərinin yürüşü baş tutmuşdu.
Festival iştirakçıları 3 gün ərzində xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişmələri, milli rəqslər, xalq mahnıları, səhnəciklər və teatral kompozisiyalar, dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq-aşıq kimi qədim xalq oyunlarına tamaşa etdilər, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış oldular, təbiət qoynunda əsl yaylaq həyatı yaşadılar.
Festival iştirakçıları qarşısında Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan 2 mindən artıq tamaşaçı tutumlu amfiteatr səhnəsində və səkkizguşəli ulduz formalı səhnədə Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, İtaliya, Sloveniya, Macarıstan, Litva, İran, Rusiya, Ukrayna, Moldova, Hindistan, Pakistan, Tatarıstan, Dağıstandan dəvət olunmuş kollektivlər, Azərbaycan Milli Konservatoriyası, Akademik Musiqili Teatr, Şuşa Dövlət Musiqili Dram Teatrı, Dövlət Pantomima teatrı, Bakı Dövlət Sirki, Gəncə Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Gəncə Dövlət Filarmoniyası, Azərbaycan Yazıçılar Birliyi, Aşıq Pəri Məclisi, Dədə Ələsgər ocağı, həmçinin Gəncə, Saatlı, Masallı, Balakən və Qubanın musiqi, rəqs və folklor kollektivləri çıxış etdilər. Festival proqramında Azərbaycanda yaşayan azsaylı xalqların çıxışlarına xüsusi yer ayrılmışdı. Axısxa türkləri, dağ yəhudiləri, talışlar, avarların mədəniyyət kollektivləri öz koloritli ifaları ilə tamaşaçıların diqqətini cəlb etdi.
Festivalda mədəniyyət proqramı ilə yanaşı, milli yaylaq oyunları adı ilə ümumiləşdirilmiş idman tədbirləri də yer almışdı.
Festival iştirakçıları yorğa və çaparaq at yarışları, milli güləş yarışı, qurşaq güləşi kimi müsabiqələri, cigitovka, atüstü milli oyunları, zorxana, ox atma, kəndirbaz və pəhləvanların nümunəvi çıxışlarını izlədilər, masa güləşi, kəmənd dartma, nərd, çuval-qaçdı, qalaqapı kimi kütləvi oyunlada iştirak etdilər.
Yaylaq iştirakçıları və turistlər xüsusi etno-qəsəbədə köhnə ənənəvi üslubda düzəldilmiş yurd yerlərində öz çadırlarını quraraq gecələdilər. Bundan başqa, bölgənin məşhur yerlərinə hiking turları, atlı gəzintilər, tarixi ekskursiyalar və yamac paraşüt turları təşkil edildi.
Günün sonunda isə yaylaq həyatı tonqal başında nağıllar, musiqilər, rəqslər, interaktiv oyunlar, him-cim oyunu, səssiz kino, qiraət kimi gecə əyləncələri ilə davam etdi.
II Milli Yaylaq Festivalı miqyasına, əhatə etdiyi coğrafi areala və iştirakçı sayına görə Azərbaycanın ən böyük kütləvi tədbiri hesab edilir, gəlin bunu diqqətdən qaçırmayaq.
Aqşin Yenisey, Rüstəm Behrudi, Şərif Ağayar, Qismət Rüstəmov, Ulucay Akif nə oxuyur, nə dinləyir və nəyə tamaşa edirlər?
Bəs Mahir Mehdi, Samirə Əşrəf, Emil Rasimoğlu, Nemət Mətin və Maha (Cavidan)?
İsti yay günlərinin, adətən, mədəniyyət menyüsü fərqli olur. Çox maraqlıdır, yazarlarımız hazırda hansı musiqiləri dinləyir, hansı filmlərə baxır, hansı kitabları oxuyurlar?
“Ədəbiyyat və incəsənət” portalının ekspress-sorğu rubrikasında Ümid Nəccari bu gün bu suala cavab axtarıb.
Aqşin Yenisey:
Hazırda Daron Acemoğlu və Ceyms A. Robinsonun birgə yazdıqları "Millətlərin çöküşü" və Engelqardtın "Tərəqqi - qəddarlığın təkamülü kimi" kitablarını oxuyuram.
Rüstəm Behrudi:
Son aylarda 2 ağır əməliyyat keçirmişəm. Buna baxmayaraq, dostlarımla 2 yeni kitabımı çapa hazırlayıram. Kitabları dostlarım Tural Turan və Emil Rasimoğlu tərtib edib, "Məzarlıqda bitən yovşan" kitabının tərtibçisi və redaktoru Emil bəy, ön sözün müəllifi Tural Turandır. Buradan onlara təşəkkürümü bildirirəm!
İndi oxuduğum kitabsa Donald Valşın "Tanrı ilə söhbət" kitabıdır. Motsarta bütün fəsillərdə qulaq asıram.
Şərif Ağayar:
Həsən Quliyevin "Arxetip azərbaycanlılar" kitabını oxuyuram. Əla kitabdır və bir ilkdir. Bizi bu yöndən araşdıran olmayıb. Hərçənd, çox vacib məsələdir. Bütün ağlı başında olan soydaşlarıma məsləhət görürəm. Bir gün bizdən nəsə çıxsa orda bu kitabın rolu mütləq olacaq. Baxmaq isə... Bu günlərdə Cem Yılmazın Netflixdəki "Erşan Koneri" layihəsinə baxdım, bir daha əmin oldum ki, bu adama film çəkməyi qadağan eləmək lazımdır. Çox avantüristdir. Düzdür, baxdıqca əylənirsən, amma belə sənət olmur. Yaxşı ki, Ezgi Mola və Zafer Algöz vardı, yoxsa davam edə bilməyəcəkdim. Çağlar Çorumlu da yaxşı performans göstərir. Başqa audio kitablar və ədəbi verilişlər dinləyirəm. Gündəlik kompüterdə işləyirəm deyə, film izləməyi bir müddət dayandırmışam. Amma davam edəcəyəm. Kinosuz olmaz. Cem Yılmazın ümidinə qalmaq dəhşətlidir.
Qismət Rüstəmov:
Bu aralar Alice Mertonun mahnılarına ilişmişəm. Bundan əlavə, artıq yarım ildir ki, günün çox hissəsini audio kitab dinləyirəm, daha çox skandinav detektivlərini. Kitab kimi almadığım, almayacağım populyar ədəbiyyatın audio versiyasını dinləmək həm rahatdır, həm də trendləri, meyilləri anlamaq üçün yaxşıdır.
Filmlərlə bağlı uzun bir siyahı yazmaq olar. Birini seçək. Son vaxtlar baxdıqlarım içində yadımda qalan Culiya Dükornaunun Kannda qalib gələn provakativ "Titan" filmidir. Film hədsiz estetizə edilmiş avtomobil mühərrikinin, motorun təsviri ilə başlayır. Bu proloq artıq texnika-insan münasibətləri ilə bağlı hazırlıqdır. Sonra yolda bir maşın gedir, balaca qızcığaz arxa oturacaqdan atasını-sürücünü-tanrını təpikləyir ki, kəmərini tax və qəza... Bu qəzada balaca qızın başında titan parçası qalır, ondan sonra o, avtomobilləri sevməyə başlayır. Yetkinlik yaşında sözün bütün mənalarında maşınların dünyasına daxil olur, kadillakların dünyasında seksual şou göstərir. İki döşünün arasında Bukovskinin “Love a dog from hell” (Sevgi cəhənnnəmdən gəlmə bir köpəkdir) kitabının adını tatu etdirən bu qız Dükornaunun provakativ, şərti dünyasında bir avtomobildən hamilə qalır, cinayətlər törədir, kimliyini dəyişdirmək üçün özünü oğlan kimi təqdim edir. Kimliyin statik yox, dəyişkən, performativ olduğuna vurğu edən rejissor, şübhəsiz ki, çağdaş dünyanın feminist və post-humanist nəzəriyyətlərindən bəhrələnir. Filmin əsas personajı olan qız oğlan kimi kobud görünmək üçün özünü döyür, burnunu sındırır. Dükornau həmişə qadın kişinin yarımçıq formasıdır deyən ənənəvi görüşü tərsinə çevirir: kişi qadının burnu sındırılmış, qadınlıqdan mühacirət etmiş forması ola bilərmi? Bu sərt film başdan-ayağacan bu cür provakativ suallar qoyur.
Son vaxtlar Xavier Serkas, Valeriya Luiselli və Dog Solstadın kitablarını oxudum. Hər üçünü bəyəndim, xüsusilə Valeriya Luisellinin “İtmiş uşaqlar arxivi” romanını. İndi isə sırada İşiquronun külliyatı var...
Ulucay Akif:
Hazırda işimin başındayam və böyük iştahla məzuniyyəti gözləyirəm. Sonuncu oxuduğum kitab Lyosanın "Yaramaz qızın sərgüzəştləri" oldu. Təxminən 2-3 həftə əvvəl oxumuşam. Çox əla roman idi. Yeniyetməlik dövrümü, o illərdə yaşadığım sevgiləri yadıma saldı. İndi çox yorğunam, heç nə oxuya bilmirəm, heç film də izləmək olmur. Onsuz da mənim işim elə oxumaqla bağlıdır, amma redaktor kimi oxumaqla oxucu kimi oxumaq arasında çox böyük fərq var. Ən əsası, oxucu kimi oxuyanda daha çox zövq ala bilirsən, yorulmursan. Yaxşıca istirahətə ehtiyacım var. 3-4 gün sonra məzuniyyətim başlayır, çantamı belimə vurub rayonlarımızı gəzmək istəyirəm. Mümkün olduğu qədər telefon və sosial şəbəkələrdən uzaq durmağa çalışacağam. Məzuniyyət planlarım arasında kitab oxumaq, film izləmək yoxdur. Yatmaq, gəzmək, axşam pivə içə-içə futbola baxmaq istəyirəm.
İstirahət üçün xaricə getməyimizə böyük əngəl olan AZAL-a da atəşli salamlarımı çatdırıram.
Mahir Mehdi:
Son vaxtlar daha çox Sevda Ələkbərzadəni dinləyirəm, bir də sözsüz musiqiləri... Axırıncı Pyer Pazolinin bir neçə filminə baxmışam, Zamyatinin "Biz" romanını və yerli müəlliflərin hekayələrini oxumuşam... Məndə mədəniyyət menyüsü fərqli deyil, burda yay da, qış da eynidir.
Samirə Əşrəf:
Açığı elə çox musiqiyə qulaq asan biri deyiləm. Qarşıma hansı musiqi çıxsa, dinləyirəm. Amma bu yay Köfn qrupunu kəşf etdim. Yaxşı musiqilər düzüb, qoşurlar. Arada müğənni Dilarə Kazımovanın mahnıları qarşıma çıxır. Qulaq asıram. Fərqli səs və üslubu var.
Filmlərə çox baxa bilmirəm. Daha çox sənət filmləri izləyirəm. Çünki vaxt azdı, xüsusi siyahım var ki, imkan düşdükcə, o siyahıdan seçib baxıram. Ümumiyyətlə, təsadüfi filmə baxdığımı xatırlamıram. İndi İran, italiyan və ispan filmləri cəlb edir. Onlara imkan olsa, baxacam.
Bu yaxınlarda gürcü ədəbiyyatının nümayındəsi, müasirimiz olan Şota İataşvilinin ”Həvəskar” romanını bitirdim. Xoşuma gəldi. İndi Pamukun “Masumiyyət muzesi”nə başlamışam. Pamuku oxumaq zərrəbin tələb edir. Amma buna dəyər.
Emil Rasimoğlu:
Öncə onu deyim ki, mənim üçün zaman məfhumu sadəcə insan münasibətlərində öz aktuallığını saxlayır. Fəsillərə gəldikdə isə yaradıcılıq prosesində fəsillərin birinin digərindən fərqlənmə məsələsi mənə yaddır. Çünki yer üzündə hər nə varsa enerjidir, eləcə də fəsillər. Bütün fəsillərin ötürdüyü bir enerji var. Sadəcə həmin enerjinin ötürüldüyü ünvanı doğru tapmaq lazımdır. Mən dörd fəsilin dördündə də həyat tərzi kağız, qələm, şeir, sənət, Tanrı adamam. Hal-hazırda da mütəmadi olaraq mütaliə edir, yaradıcılıqla məşğul oluram. Ən çox xarici kitablardan, mətbuatdan tərcümələr oxuyuram. Buraya tək ədəbiyyatı əks etdirən kitablar deyil, fəlsəfi, psixoloji mətnlər də daxildir. Eyni zamanda hazırkı yerli ədəbi prosesi də diqqətlə izləyir, çoxların içindən azsaylı əsərləri, nümunələri oxuyuram.
Bilirsiniz, mütaliədə də gərək fərdilik xüsusiyyətini qoruyasan, kütləviləşməyəsən. Musiqiyə gəldikdə isə elə hal-hazırda sorğunuza Bethoveni dinləyə-dinləyə cavab verirəm. Ən çox xarici filmlərə baxır, musiqilər dinləyirəm.
Nemət Mətin:
Bu istidə kondisionerin köləsinə çevrilməyi düzgün bilmədiyim üçün kitab oxuya bilmirəm. Arabir qısa hekayələr, 60-80 səhifəlik kitablara göz gəzdirirəm. Sərinlik gətirən musiqilər var. Onları dinləyirəm- “Tufan var”, “Bakı gecələri”, “Ay sonatası” və s.
Filmə gəldikdə, həssas zövqümə güvənərək nadir filmlərə baxıram. Hansılar ki, şişirdilmiş film siyahılarında yoxdur.
Maha (Cavidan):
İyul ayının istisi məcbur edir ki, enerji balansını tənzimləyəsən. Bu halda, məncə özüm üçün ən doğru olanı seçmişəm: elə yay havasının özü kimi qaynar ritml
i, amma həm də sərinkeş quraşdırılıbmış kimi rahatlıq gətirə bilən nümunələri. İndi Latın Amerikası musiqisi daha çox səslənir evdə, çünki o ritmlərdən əlavə enerji almaq mümkündür. Axşamlar isə həzin piano ifası fonunda yağış səsi dinləyirəm. Baxdığım film və seriallar da eyni ovqatdadır. Dinamik detektiv qarışığı olan melodramlar. Məsələn, bu dəqiqə "Qrand Otel" adlı İspan serialına baxıram, primitiv tərəfləri olsa da, beynimi yükləmir və "mən bu epizodu belə, ya elə edərdim" kimi fikirlərə də yer saxlamır. Yay üçün əladır. Söz yox ki, keçən yay baxdığım "Xatırla, sevgili" türk serialının yerini vermir. Hərçənd, onu da sırf beyin dincəlməsi üçün seçib izləmişdim, lakin həm ssenarisi, həm rejissor işi ruhumu silkələmişdi.
Kitaba gəldikdə isə, hazırda C. D. Roulinqin "Təsadüfi vakansiya" romanını oxuyuram.
Günün fotosu: Kəlbəcərdə tornado hadisəsi baş verib
Günün fotosu: Kəlbəcərdə tornado hadisəsi baş verib
Kəlbəcərdə tornado hadisəsi baş verib və hadisəyə şərh verən Coğrafiya İnstitutunun direktoru Səid Səfərov bildirib ki, tornadonun Azərbaycanda baş verməsi gözlənilməz haldır, bu təbiət hadisəsi Azərbaycan üçün xarakterik deyil.
Qeyd edək ki, Tornado və ya Amerika qasırğası − topa yağış buludları ilə əlaqəli şəkildə fırlanan sütunşəkilli hava axınıdır. Tornado buludlardan yerə qədər uzanır və böyük dağıdıcı gücə sahib olan təbii fəlakətdir. Əksər tornadoların hərəkət sürəti 65–180 km/saat arasında dəyişir, eni 75 metrə bərabər olur və bir neçə kilometr hərəkət edir.
Foto: Day.az
“Evsiz qəlblərin çətin olur gecəsi...” - Not dəftərindən seçmələr
Günel Əbdürəhmanova
Məni oxuyanda hiss et, yum gözlərini, al dərindən nəfəsini.
Qur xəyalında uzun yol boyunca gedən tək bir insanı.
Xatırlamağa çalış yaşadığın bütün çarəsizlikləri, çarəsizliyindən doğan qəzəbini, üsyanını, məğlubiyyətini.
Xatırla ayağa qalxmağa çalışdığın o günü, əlindən tutanları, əlindən tutmasını gözlədiklərini, əlinin boş qaldığını, əlinin yanına düşdüyünü.
Yada sal, hər səhər islanmış yastığını, dağınıq saçlarını, saqqal basmış üzünü, iki barmağının arasına yer edən siqaret kötüyünü.
Günlərlə içdiyin köhnə dəmli çayın dadını xatırla.
“Necəsən” sualına “artıq yaxşıyam” belə deməyə həvəsinin olmadığı zamanları xatırla.
Biləyində ülgücün gəzdiyi günü yada sal, sonra onu yerə atıb hönkür-hönkür ağladığını, dodağına dəyən göz yaşının dadını yada sal.
İndi məni anlamağa çalış, mən sadəcə ağlamağı və sadəcə, göz yaşının dadını sevmirdim.
Mənim ünvanım yoxdu,
yoxdu mənzil nömrəsi,
Nə bir küçə adı var,
nə də bir mərtəbəsi.
Yatmağa yer gəzirəm gündüzlər dolaşaraq,
Çünki evsiz qəlblərin
çətin olur gecəsi.
Ən çox oxunan: 1.3 milyard dollarlıq cek-potu bir bəxtəvər qazanıb
ABŞ tarixində ikinci ən böyük lotereya cek-potu udulub, məbləğ başgicəlləndiricidir: 1,3 milyard dollar.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, uduşu İllinoys ştatında Mega Millions lotoreya biletini alan vətəndaş almalıdır. Bütün altı nömrə üst-üstə düşüb. Kiminsə uduşu almaq üçün müraciət edib-etmədiyi hələ bilinmir. Belə böyük məbləğdə qalib gəlmiş şəxsin ştatın qanununa görə öz adını açıqlamamaq hüququ var.
Rekord cek-pot isə 4 il əvvəl udulub, 1,5 milyard dollar.
Bəli, Amerika deyəsən lap başını itirib. Lotoreya hara, milyard rəqəmi hara.
Fransa qəzeti azərbaycanlı pianoçudan yazıb
Fransanın “Le Dauphiné Libéré” qəzetində bu ölkədə yaşayan Azərbaycan əsilli pianoçu Adilə Əliyevadan bəhs edən “Anmas: Adilə Əliyeva, musiqi naminə həyat” sərlövhəli məqalə dərc edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAC-a bildiriblər ki, Ketrin Ponsenin qələmə aldığı məqalədə istedadlı soydaşımızın ömür yoluna və yaradıcılıq fəaliyyətinə nəzər salınıb. Onun beynəlxalq musiqi müsabiqəsini təsis etməklə Fransada tanındığı, bu yaxınlarda isə kavaler rütbəsi ilə “Fəxri Legion” ordeninə layiq görüldüyü barədə ətraflı məlumat verilib. “Yüksək səviyyəli laureatların çıxışları sayəsində ictimaiyyətdə populyarlıq qazanmış bu müsabiqə təxminən 20 il ərzində dünyanın hər yerindən onlarla gənc peşəkar pianoçunu toplayıb”, - deyə müəllif vurğulayıb.
Adilə Əliyevanı Fransanın mahir pianoçusu və tanınmış pedaqoqu adlandıran müəllif qeyd edib ki, məhz bu keyfiyyətləri, üstəlik, istedadlı gənclərə sadiqliyi onun iyulun 13-də Fransa Prezidenti Emmanuel Makron tərəfindən ali ordenlə təltif olunması ilə nəticələnib.
Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti, Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə Əliyeva Bakıda anadan olub. O, uzun illərdir Fransanın Anmas şəhərində yaşayır. Azərbaycan musiqi irsinin dünyada təbliği, Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən olan istedadları üzə çıxarmaq, tanıtmaq və təhsillərini xaricdə davam etdirmələri üçün şərait yaratmaq məqsədilə 1996-cı ildən etibarən mütəmadi təşkil etdiyi müsabiqə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilir
“Erməni milli kimlik psixologiyası…”
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, AMEA Elm Tarixi İnstitutunun elmi katibi Zaur Əliyevin sayca 23-cü "Erməni milli kimlik psixologiyası və xəstəliyi " adlı kitabı nəşr edilib.
Kitab erməni, rus və xarici mənbələr əsasında, psixologiya, antropologiya və etnoqrafiya ilə məşğul olan alimlərin məsləhəti ilə çapa hazırlanıb. Kitabda ermənilərin milli kimlik məsələsi, ermənilərin millət kimi formalaşma prosesinin tarixi, antropoloji özəllikləri, ermənilərin dini inanclarının milli kimliyin formalaşmasına təsiri, psixoloji cəhətləri, erməni cəmiyyətinin idarə edilməsinə psixoloji metodlardan istifadə edən kilsənin fəaliyyəti, erməni xəstəliyi və onun erməni kimliyinə təsiri və sair məsələlər öz əksini tapıbdır.
Ermənilik – qeyri-adi, fenomenal bir hadisədir, başqa xalqlara, xüsusilə, türk xalqlarına qarşı, o cümlədən, Azərbaycana qarşı kəskin millətçilik mövqeyində dayanan, öz məqsədlərinə nail olmaq üçün təcavüzkar, qondarma, uydurma ideyalarına geniş rəvac verən, terroru əsas vasitə seçən, insan qanına susamış, ən dəhşətli terror faktlarını yerinə yetirən, mədəniyyətdən, sivilizasiyadan uzaq bir ideologiya və siyasətin təzahürü kimi meydana çıxmışdır. Sizlərə təqdim edilən bu kitab məhz ermənliyin psixoloji tərəfini və xəstəliyini tədqiq edir.
Kitab geniş oxucu kütləsi və erməni tarixini araşdıran tədqiqatçılar üçün nəzərdə tutulub.
“Ulduz” jurnalının iyul sayı işıq üzü görüb
“Ulduz” jurnalının iyul sayı işıq üzü görüb.
Jurnalda gedən materialları diqqətinizə çatdırırıq: Jurnal Cəlil Cavanşirin “Özüylə söhbəti” və “Gənc şairin dilemması” adlı hekayəsi ilə açılır.
“Şeir vaxtı” rubrikasında Gülay Tahirli, Təvəkgül Boysunar, Adilə Nəzər, Rüfət Vahidov, Sabir Yusifoğlu, Qədiməli Əhməd, Elmar Vüqarlı və Güləmail Muradın poeziya nümunələrinə, eləcə də “Debüt”də gənc şair Azər Ərzinin şeirlərinə yer verilib.
Filologiya elmləri doktoru Cəlal Məmmədovun təqdim etdiyi “Qısa fikirlər xəzinəsi”ni Ralf Emerson, Mark Tven, Bernard Şou, Jül Renar, Ayzek Azimov və Rey Bredberinin kəlamları bəzəyir. Filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının “Yazı həm də xilas yoludur” başlıqlı yazısı Taleh Mansurun “Cənnətlik günah” adlı hekayələr kitabından yadda qalan təəssüratları əhatə edir.
Nəsrsevərlər Elşən Əzimin “Pəncərə” və “Rəqiblər”, Məmməd Məmmədlinin “Arafın dərin qatlarında”, Günel Mehrinin “Xoşbəxtlik iksiri” hekayələrini oxuya biləcəklər.
Mina Rəşidin “Böyük insan” yazısında görkəmli maarifçi, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin ömür və yaradıcılıq yoluna nəzər salınır. Dərginin redaksiya heyətinin üzvü Rəsmiyyə Sabirin “Beynəlxalq dərgilər sərgi-yarmarkasının təəssüratları” sərlövhəli yazısı 8-12 iyun aralığında İstanbulda keçirilmiş sərgi-yarmarkasından bəhs edir. Qeyd edək ki, müəllif sözügedən sərgi-yarmarkada “Ulduz” jurnalını təmsil edib. Dramaturq Əli Əmirlinin ənənəvi “Ustad dərsləri”nin növbəti mövzusu “Dramaturq və tənqid”dir. Mətanət Vahidin “Oğurlanmış sözlər” tənqidi essesi ədəbiyyatda təqlid və plagiat probleminə işıq tutur.
“Tərcümə saatı”nda Əkbər Rzayevin çevirməsində Amerika yazıçısı Hovard Fillips Lavkraftın “Ultarın pişikləri” hekayəsi təqdim edilib. Mustafa Çəmənlinin “Ötən günlərdən səhifələr” başlıqlı xatirə yazısı Xurşidbanu Natəvanın 190 illik yubileyinə yazıçı töhfəsidir. Nurlana Umudvarın “Böyükdən uşağa” rubrikasında yer almış “Ayçil yuxu gördü”, “Ağ şar”, “Kassadakı dələ” və digər hekayələri balaca oxucuların marağına səbəb olacaq.
Nəhayət, “Dərgidə kitab” rubrikasında Nemət Mətinin hekayələri, “Dərgidə sərgi”də isə gənc rəssam Aytac Cahangirin rəsm əsərləri yer alıb.
Xalq artisti Fikrət Verdiyevin yaradıcılıq gecəsi təşkil olunacaq
Sentyabrın 24-də Heydər Əliyev Sarayında görkəmli tarzən, Xalq artisti, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı Fikrət Verdiyevin yaradıcılıq gecəsi təşkil olunacaq.
Sarayın mətbuat xidmətindən verilən məlumata görə, konserti Rəşad İbrahimovun rəhbərliyi ilə Xalq Çalğı Alətləri Ansamblı, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göy-göl” Dövlət Mahnı və Rəqs Ansamblı və Xalq artisti Ənvər Sadıxovun rəhbərliyi ilə "Qaytağı ansamblı müşayiət edəcəklər. Eyni zamanda, tanınmış incəsənət nümayəndələri öz ifaları ilə çıxış edəcəklər.
Xatırladaq ki, 13 yaşında səhnədə həm solo, həm də ansamblla çıxışlar edən tarzən F.Verdiyev uşaqlıq yaşlarından müstəqil ansambl yaratmaq arzusunda olub. 1969-cu ildə gərgin əməyi, eləcə də fədakarlığı ilə Gəncə musiqiçilərini və sənətçilərini başına yığaraq “Göy göl” xalq çalğı alətləri ansamblını yaradıb. Tezliklə bu ansamblın şöhrəti Gəncəbasardan çox uzaqlara yayılaraq, xaricdə də tanınıb. Silsilə konsertlər verən kollektiv fəxri fərman və mükafatlarla təltif olunub. Musiqimizin inciləri olan Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rübabə Muradova, Nəzakət Teymurova, Flora Kərimova, İlhamə Quliyeva, Nisə Qasımova, Səkinə İsmayılova, Kəmalə Rəhimli, Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Baba Mahmudoğlu və başqa tanınmış sənətçilər bu ansamblla çıxışlar ediblər. Zeynəb Xanlarova 1972-ci ildən etibarən bu ansamblın müşayiəti ilə yaddaşlardan silinməyən konsertlər verib. Daha sonra 1990-cı ildə ansamblın bazasında Gəncə Dövlət Filarmoniyasını yaradan Fikrət Verdiyev filarmoniyanın nəzdində “Göy göl” mahnı və rəqs ansamblından başqa notlu xalq çalğı alətləri orkestrini və kamera orkestrini yaradıb. 2001-ci ildə Dövlət Neft Şirkətinin Neft Emalı Zavodunun nəzdində “Neftçi” mahnı və rəqs ansamblını yaradıb.
Qeyd edək ki, Fikrət Verdiyev məşhur xanəndə, muğam ustası Xan Şuşinskinin qızı ilə ailə qurub.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək olar.