Super User

Super User

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında “Şair və yazıçılarımızı necə tanıyırıq?” adlı tədbir təşkil olunub.

 

Baş İdarədən bildirilib ki, kitabxananın daimi oxucuları Azərbaycan ədəbi aləminin zəngin irsini və poeziya nümunələrini ətraflı müzakirə ediblər.

Kitabxana əməkdaşı Dilşad Əliyeva oxuculara şair və yazıçılarımız, eləcə də onların əsərləri haqqında geniş məlumat verib. “Azərbaycan ədəbiyyatının görkəmli simaları hər biri ayrı-ayrılıqda gələcək nəsillər üçün böyük yadigardır. Onlar dünənimizin qədim ənənələrini, eləcə də bu günümüzün yenilikçi fikirlərini öz qələmi ilə Azərbaycan ədəbiyyatının tarixinə qızıl hərflərlə həkk edib. Hər bir azərbaycanlı gəncin borcudur ki, ədəbiyyatımıza hərtərəfli bələd olub, şair və yazıçılarımızı yaxşı tanısın”, - deyə kitabxana əməkdaşı bildirib.

 

Dünyaca məşhur aktyor, “Karub dənizinin quldurları” fiımi ilə məşhurlaşmış Conni Depp bu dəfə sevənlərinin qarşına rəssam kimi çıxıb. O, özünü portret ustası kimi tanıda bilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xarici KİV-ə istinadən xəbər verir ki, Londonda “Castle Fine Art” onlayn mağazasında əsərlərini satışa çıxaran Deep ümumilikdə 3,65 milyon dollar pul qazanıb. 

Qeyd edək ki, Conni Deepin portretlərdə çəkdiyi məşhurlar arasında müğənni Bob Dilan, aktyor Al Paçino, aktrisa Elizabet Teylor var.

Conni Deepin ümumilikdə 780 əsəri satılıb.

Ölkəmizdə Amerikalı dünyaşöhrətli müğənni Beyonssevərlər hədsiz çoxdur. Onlar üçün xoş xəbər: Beyons altı illik fasilədən sonra “Renaissance” adlı albom buraxıb. Hadisə dünən - iyulun 29-a təsadüf edib. Bu, dünyaşöhrətli müğənninin sayca yeddinci albomudur. Və bu hadisə dünya mədəniyyətində həftənin ən əsas hadisəsi hesab olunur. 

 

“Ədəbiyyat və incəsənət” portalı Lenra.ru-ya istinadən xəbər verir ki, bu barədə ifaçı öz saytında məlumat verib. 

Üç ildir albom üzərində işlədiyini söyləyən müğənni yeni albomuna 16 mahnı daxil edildiyini bildirib. Albomun səslənmə müddəti 62 dəqiqədir. Mahnılar müxtəlif stildədir: fankdan hip-hopa qədər. Onun sözlərinə görə, həmin mahnılar rəqəmsal platformalarda da əlçatan olacaq. 

Qeyd edək ki, 40 yaşlı Beyons qadın müğənniləri arasında ən çox “Qremmi” musiqi mükafatı sahibidir. Onun hesabında 28 mükafat heykəlciyi var.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Hər kitab öz oxucusunu tapmalıdır” adlı tədbir keçirib.

 

Baş İdarədən verilən məlumata görə, tədbirin məqsədi fondda olan sənədlərin elmi, tarixi, bədii dəyəri haqqında kitabxananın əməkdaşlarına ətraflı məlumat verməklə onlara oxuculara kitabla xidmət işində yaxından kömək etməkdir.

Kitabxananın əməkdaşı, Moskvada çap olunan “Vətən çağırır” qəzetinin baş redaktoru, yazıçı-publisist Gülsüm Adilqızının Aprel döyüşlərində şəhid olan vətənimizin mərd, mübariz oğulları haqqında çap etdirdiyi “Murad ömrü” və “Şəhidlik zirvəsinin fatehləri”, Ş.Sultanov və K.Sultanovun “Görkəmli adamların səyahəti” seriyasından “Ömər Xəyyam”, o cümlədən “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu” kitablarının təqdimatını edib.

 

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kino xadimlərinin peşə bayramı olan 2 Avqust – Milli Kino Günü münasibətilə ənənəvi olaraq mükafatlandırdığı kinematoqrafçıların builki siyahısını açıqlayıb. 

 

Bu barədə AKİ-nin rəsmi internet səhifəsində məlumat paylaşılıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyinin qərarına əsasən, 2022-ci il üçün İttifaqın ənənəvi mükafatı ilə aşağıdakı kinematoqrafçılar təltif olunublar: İlkin Yusif – “Mən qəhrəman axtarıram” sənədli filminin uğurlu rejissor həllinə görə, Rəşid Ağamalıyev – Azərbaycan animasiyasının beynəlxalq əlaqələrinin inkişafında xidmətlərinə görə, İntiqam Hacılı – Müstəqil kinonun inkişafında və bölgələrdə kino mühitinin canlandırılmasında xidmətlərinə görə diplom və pul mükafatına layiq görülüblər.

Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatı hər il milli kinematoqrafiyanın inkişafında xidmətləri ilə fərqlənmiş yaradıcı şəxslərə ünvanlanır. Mükafatı təsis etməkdə məqsəd milli kinoda müsbət tendensiyaları diqqət mərkəzinə gətirməkdir. Nominantların seçimini apararkən İttifaqın katibliyi ötən kino mövsümü ərzində gedən prosesi diqqətlə müşahidə və təhlil edir, kinematoqrafiyanın müxtəlif sahələrindəki xidmətləri qeyd edir və açıq səsvermə yolu ilə laureatları seçir.

Xatırladaq ki, bu vaxta qədər Xalq yazıçısı Anar, kino rəssamı Firəngiz Qurbanova, diplomat və ictimai xadim Ramiz Abutalıbov, kino və televiziya rejissoru Nazim Rza İsrafiloğlu, mərhum aktyor Fuad Poladov, səs rejissoru Əsəd Əsədov, aktyor Fərhad İsrafilov, kinorejissor Murad İbrahimbəyov, kinorejissor Cahangir Zeynallı, operator Yuri Varnovski, bəstəkar Rauf Əliyev, rejissor Mirbala Səlimli, kinoşünas Sevda Sultanova, aktrisa Zülfiyyə Qurbanova və başqa peşəkarlar bu nüfuzlu mükafata layiq görülüblər.

 

2 Avqust – Milli Kino Günü münasibətilə silsilə tədbirlər təşkil olunacaq.

 

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası avqustun 1-də “Azərbaycan Kinosu Günü” adlı tədbir təşkil edəcək. 

Həmin gün kinostudiyanın yeni loqo və saytının təqdimatı keçiriləcək. Eyni zamanda kinostudiyanın 100 illiyi (2023) münasibətilə elan olunan Qarabağ mövzusunda ssenari müsabiqəsi qaliblərinin adları açıqlanacaq, mükafatlandırma mərasimi olacaq. Bundan əlavə, tədbirdə “Azərbaycanfilm”in rəhbərliyi tərəfindən qarşıdan gələn 100 illik yubileylə bağlı tədbirlər planı haqqında da ictimaiyyətə məlumat veriləcək.

Avqustun 1-də həmçinin Azərbaycan Dövlət Film Fondunun həyətində Milli Kino Günü münasibətilə sərgi keçiriləcək. Sərgi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq.

Sərgidə kinomuzun səssiz mərhələsindən başlamış sovetlər dönəmi bitənə qədər film çəkilişlərində istifadə edilmiş texnika və avadanlıqlar nümayiş olunacaq. Təqdim ediləcək eksponatlar “Azərbaycanfilm” və Film Fondunda qorunan avadanlıqlardır.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) da Milli Kino Gününə xüsusi hazırlaşıb. Avqustun 2-də təşkil ediləcək bayram tədbirində Milli Kino Mükafatı təqdim ediləcək. Həm gənc, həm də yaşlı nəsil kinematoqrafçılara mükafatlar təqdim olunacaq. Yubileyi olan kino xadimləri, il ərzində bu sahədə uğur qazananlar da diqqətdən kənarda qalmayacaq. Qeyd edək ki, builki Milli Kino Mükafatına 75 illik yubileyini qeyd edən Xalq rəssamı Rafiq Nəsirov layiq görülüb.

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) isə Milli Kino Günündə ənənəvi olaraq özünün üç nominasiyada kino mükafatını sahiblərinə təqdim edəcək. İyulun 28-də AKİ 2022-ci il üçün mükafatçıları elan edib.

“Mən qəhrəman axtarıram” sənədli filminin uğurlu rejissor həllinə görə” İlkin Yusif, “Azərbaycan animasiyasının beynəlxalq əlaqələrinin inkişafında xidmətlərinə görə” Rəşid Ağamalıyev, “Müstəqil kinonun inkişafında və bölgələrdə kino mühitinin canlandırılmasında xidmətlərinə görə” İntiqam Hacılı diplom və pul mükafatına layiq görülüblər. 

Avqustun 1-də AKİ-nin bu ilin fevralında elan etdiyi “Mən qadınam” qısametrajlı ssenari müsabiqəsinin qalibləri də elan olunacaq.

Günün fotosu: Bağdadda şiyə imamı əs-Sadranın tərəfdarları dövlət çevrilişini rəsmiləşdirməkdədirlər

 

Onlar tutduqları İrak Parlamentinin binasını hələ də tərk etməyiblər. Əs-Sadra tərəfdarları hakim rejimi İranpərəstlikdə ittiham edirlər. 

 

Foto: Euronews

 

Xəbərlər tək şirin olmur ki, acıları da bəzən ardıcıl sıralanır. Müğənni Zeynəb Həsənidə xərçəng xəstəliyi aşkarlanıb.

 

“Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, sənətçi hazırda Türkiyədə əməliyyat olunur.

İfaçı özü də İnstaqramda xəstəliyi barədə məlumat verib.

"Allahın izni ilə sən mənə yox, mən sənə qalib gələcəm", - deyə, Zeynəb yazıb.

Bizə də “Allah şəfa versin” demək qalır.

 

Bakıda sentyabrın 7-dən 11-dək Mədəniyyət Nazirliyinin dəstəyi ilə V “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, festivalın seçim komissiyası müsabiqə proqramına daxil edilmiş filmlərin siyahısını elan edib. Siyahı festivalın www.animafilm.az rəsmi saytında dərc olunub. 

Bütün seçilmiş filmlərə beynəlxalq və uşaq münsiflər heyəti baxacaq, qaliblər festivalın açılış və bağlanış mərasimlərində elan olunacaq.

Builki festivala 50 müxtəlif ölkədən 230 film daxil olub. Seçim komissiyası müsabiqəyə 29 ölkədən 75 film qəbul edib. Bu filmlər 1 yerli və 6 beynəlxalq kateqoriyalar üzrə yarışacaq. Bundan başqa, bu il “Tamaşaçı seçimi” müsabiqəsi də elan olunur. “Tamaşaçı seçimi”nin qalibi festival film nümayişləri zamanı tamaşaçı səsverməsinin nəticələri üzrə müəyyənləşdiriləcək.

Xatırladaq ki, builki festival “İqlim dəyişikliyi” mövzusuna həsr olunub. Festival çərçivəsində iqlim dəyişikliyi ilə bağlı filmlərin nümayişi və müzakirəsi ilə yanaşı, geniş xeyriyyə aksiyası keçiriləcək. Belə ki, festivalın bilet satışından əldə olunan bütün vəsait ölkə ərazisində ağac əkilməsinə sərf ediləcək. Bilet satışı ilə bağlı məlumat tezliklə elan olunacaq.

 

 

Oktyabrın 7-də Heydər Əliyev Sarayında “Ləzginka havası” adlı konsert proqramı təşkil olunacaq, konsertdə ləzgi xalq mahnıları səslədiriləcək, ləzgi instrumental rəqs ansambllarının təqdimatında rəngarəng rəqs nömrələri ifa olunacaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.