Milli Yaylaq Festivalı alındı, ağızbüzmələr isə unudulub gedəcək Featured

 

İyulun 29-dan 31-dək Göygöl rayonunun Hacıkənd qəsəbəsində II Milli Yaylaq Festivalı keçirildi. Dağlıq ərazidə komfort şərait, asfalt yol, cakudzili hamam axtaranların giley-güzarına fikir verməsək, deyə bilərik ki, festival alındı. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədi ilə keçirilən festivala ümumilikdə 120 mindən artıq iştirakçı qatılmışdı.

“Cavad Xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Göygöl Rayon İcra Hakimiyyəti, Turizm Agentliyi, Dünya Etnoidman Konfederasiyası, Türkiyənin Gəncədəki Baş konsulluğu, TİKA, KOBİA və bir sıra özəl şirkətlərin dəstəyi ilə keçirilən II Milli Yaylaq Festivalında 22 xarici ölkədən 300-ə yaxın qonaq iştirak edirdi.

Yaylaq yurdu etno-qəsəbəsində “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Xan yurdu”, “Yaylaq süfrəsi” kimi tematik guşələr qurulmuşdu.

Milli Yaylaq festivalının bədii hissəsini təşkil edən Mədəniyyət Nazirliyi yaylaq ərazisi boyu müxtəlif guşələr yaratmişdi.

Dövlət rəsmiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai xadimlər, tanınmış sənətçilər, media nümayəndələri və qazilərin iştirakı ilə keçirilən rəsmi açılış mərasimində qonaqları oğuz elinin ağsaqqalı Dədə Qorqud qarşılamış, söz söyləmiş, xeyir-dua vermişdi. Sonra Gəncənin yaradıcı kollektivlərinin iştirakı ilə kompozisiya nümayiş olunmuşdu. Ardınca isə yerli və xarici incəsənət kollektivlərinin yürüşü baş tutmuşdu.

Festival iştirakçıları 3 gün ərzində xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişmələri, milli rəqslər, xalq mahnıları, səhnəciklər və teatral kompozisiyalar, dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq-aşıq kimi qədim xalq oyunlarına tamaşa etdilər, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış oldular, təbiət qoynunda əsl yaylaq həyatı yaşadılar.  

Festival iştirakçıları qarşısında Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan 2 mindən artıq tamaşaçı tutumlu amfiteatr səhnəsində və səkkizguşəli ulduz formalı səhnədə Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, İtaliya, Sloveniya, Macarıstan, Litva, İran, Rusiya, Ukrayna, Moldova, Hindistan, Pakistan, Tatarıstan, Dağıstandan dəvət olunmuş kollektivlər, Azərbaycan Milli Konservatoriyası, Akademik Musiqili Teatr, Şuşa Dövlət Musiqili Dram Teatrı, Dövlət Pantomima teatrı, Bakı Dövlət Sirki, Gəncə Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Gəncə Dövlət Filarmoniyası, Azərbaycan Yazıçılar Birliyi, Aşıq Pəri Məclisi, Dədə Ələsgər ocağı, həmçinin Gəncə, Saatlı, Masallı, Balakən və Qubanın musiqi, rəqs və folklor kollektivləri çıxış etdilər. Festival proqramında Azərbaycanda yaşayan azsaylı xalqların çıxışlarına xüsusi yer ayrılmışdı. Axısxa türkləri, dağ yəhudiləri, talışlar, avarların mədəniyyət kollektivləri öz koloritli ifaları ilə tamaşaçıların diqqətini cəlb etdi.

Festivalda mədəniyyət proqramı ilə yanaşı, milli yaylaq oyunları adı ilə ümumiləşdirilmiş idman tədbirləri də yer almışdı.

Festival iştirakçıları yorğa və çaparaq at yarışları, milli güləş yarışı, qurşaq güləşi kimi müsabiqələri, cigitovka, atüstü milli oyunları, zorxana, ox atma, kəndirbaz və pəhləvanların nümunəvi çıxışlarını izlədilər, masa güləşi, kəmənd dartma, nərd, çuval-qaçdı, qalaqapı kimi kütləvi oyunlada iştirak etdilər.

Yaylaq iştirakçıları və  turistlər xüsusi etno-qəsəbədə köhnə ənənəvi üslubda düzəldilmiş yurd yerlərində öz çadırlarını quraraq gecələdilər. Bundan başqa, bölgənin məşhur yerlərinə hiking turları, atlı gəzintilər, tarixi ekskursiyalar və yamac paraşüt turları təşkil edildi.

Günün sonunda isə yaylaq həyatı tonqal başında nağıllar, musiqilər, rəqslər, interaktiv oyunlar, him-cim oyunu, səssiz kino, qiraət kimi gecə əyləncələri ilə davam etdi.

II Milli Yaylaq Festivalı miqyasına, əhatə etdiyi coğrafi areala və iştirakçı sayına görə Azərbaycanın ən böyük kütləvi tədbiri hesab edilir, gəlin bunu diqqətdən qaçırmayaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.