Super User
Haqqında çox danışılan “Qar və Ayı" filmi dünya premyerasını Toronto Festivalında edəcək
İstedadlı türk rejissoru Selcen Ergünün rejissorluğu ilə Türkiyə, Almaniya və Serbiya kinematoqrafiyasının ortaq istehsalı olan “Qar və Ayı” filminin dünya premyerasının vaxtı müəyyənləşibdir. “Ədəbiyyat və incəsənət” portalı Türkiyə mediasına istinadən xəbər verir ki, premyera sentyabrın 8-dən 18-dək keçiriləcək 47-ci Toronto Film Festivalında olacaq.
“Qar və Ayı” festivalda birinci və ikinci filmlərin yer aldığı “Discovery” bölməsində nümayiş olunacaq. Ekran əsəri festivalın “Discovery” bölməsinə seçilən yeganə türk filmidir.
Merve Dizdarın baş rolda oynadığı filmin heyətində Sayqun Soysal, Asiye Dinçsoy, Erkan Bektaş, Derya Pınar Ak və Onur Gürçay kimi türk aktyorları və aktrisaları yer alırlar.
2020-ci ilin qışında Türkiyənin Artvin vilayətinin Şavşat qəsəbəsində çətin şəraitdə çəkilən film Avropanın ən böyük film fondu “Eurimages” tərəfindən dəstəklənib.
Görmək ümidi ilə.
Günün fotosu: Ukrayna yaşayır, mücadilə edir
Günün fotosu: Ukrayna yaşayır, mücadilə edir
Dənlə dolu daha 3 gəmi Ukrayna limanlarından Qara dənizdən üzü Türkiyəyə səmt götürüb. Gəmilər 58000 ton qarğıdalı dəni aparırlar.
Foto: Anadolu agentliyinindir
“Şazeli bahçe”də Çengiz Kurtoğlu və Röyadan gözəl çıxışlar
Türk musiqisinin əfsanə ismi Çengiz Kurtoğlu Bakıda "Dalğa beach"də yerləşən "Şazeli bahçe"də möhtəşəm konsert ilə çixış etdi. Gecənin xusüsi qonağı populyar müğənnı Elçin Hüseynov oldu. Gözəl performans ilə tamaşaçılara gözəl anlar yaşadıldı. Dünən isə səhnəyə Röya çıxıb tamaşaçılardan alqış yağışl qazandı.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Milli.az-a istinadən məlumat verir.
Qeyd edək ki, yay boyu əyləncəli konsertlər təşkil edən "Şazeli Bahçe"də Festival çərçivəsində 12 avqustda İntizar, 17 avqustda İrem Derici, 19 avqustda Zamiq Hüseynov, 26 avqustda Gülay Zeynallı qonaq olacaq.
Daha əvvəl isə Hande Yener, Ferhat Göçer, Alişan, Gülben Ergen və Namiq Qaraçuxurlu çıxış ediblər.
Bu gün Bakıda “CultRural Festival 2022” keçiriləcək
Bu gün - avqustun 6-da Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azerbaijan) Bakıda “CultRural Festival 2022” adlı festival təşkil edəcək.
Alman-Azərbaycan Xarici Ticarət Palatasının yaydığı məlumata görə, festivalda Bolqarıstan və Azərbaycan yaradıcı biznes nümayəndələri ilə, həmçinin onların sənətkarlıq, dizayn və moda, təsviri və ifaçılıq sənəti sahələrindəki məhsulları ilə tanış olmaq imkanı olacaq.
Qeyd edək ki, tədbiri keçirməkdə əsas məqsəd kiçik sahibkarlara dəstək olmaqdır. Tədbir çərçivəsində B2B formatında görüşlər də təşkil ediləcək.
Ağdamda qədim tarixə malik mədəni irs nümunələri aşkar edilib
Ağdamda qədim tarixə malik mədəni irs nümunələri aşkar edilib. Bu, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məlumatında əksini tapıb.
Məlumatda bildirilir ki, işğaldan azad olunan ərazilərdə Dövlət Xidməti tərəfindən müvafiq qaydada monitorinqlər və mühafizə tədbirləri həyata keçirilir: “Nazirlər Kabinetinin 132 nömrəli qərarına uyğun şəkildə Ağdam rayonu üzrə dövlət qeydiyyatına götürülən tarix və mədəniyyət abidələrindən olan rayonun Mirəşelli kəndində yerləşən Şomullutəpə və Paşabəyli kəndində yerləşən Rəsultəpə yaşayış yerindən yağış sularının yuyulması nəticəsində qədim və orta əsrlərə aid küp qalıqları və saxsı qabların parçalanmış hissələri aşkar edilib. Aşkarlanmış bütün küp qalıqları Ağdam Rayon Tarix və Diyarşünaslıq Muzeyinə təhvil verilib".
Bülbülün 125 illiyinə həsr olunan müsabiqə keçiriləcək
Sentyabrın 2-dən 9-dək Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Milli Konservatoriya və Bülbül Fondu, həmçinin Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində görkəmli opera ifaçısı, SSRİ Xalq artisti Bülbülün 125 illik yubileyinə həsr olunan xanəndə və instrumental muğam (tar, kamança, balaban, qanun) ifaçılarının iştirakı ilə “Milli Musiqi İfaçılarının Respublika Müsabiqəsi” təşkil olunacaq.
Sözügedən müsabiqə ilkin seçim və iki əsas mərhələdən ibarətdir. İlkin seçim mərhələsi sənədlərə və ifalara əsaslanaraq müsabiqənin iştirakçılarını müəyyənləşdirir. İştirak hüququ qazanan ifaçılar müsabiqənin birinci mərhələsinə buraxılırlar.
Müsabiqənin şərtlərinə görə, 17-25 yaşarasında olan xanəndə və instrumental ifaçılar təxminən 10 dəqiqə ərzində ənənəvi musiqi irsimizin zənginliyi və daxili rəngarəngliyini əks etdirən ifa təqdim etməlidir. Müsabiqədə iştirak etmək istəyən namizədlər qeyd olunan sənədləri avqustun 25-dək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərməlidir.
Müsabiqə üç əsas mərhələdə keçiriləcək.
Balasını avtomobil vuran pişiyin əhvalatı
“Ədəbiyyat və incəsənət” portalının “Güney Azərbaycandan gələn səslər” rubrikasında portalın Güney Azərbaycan təmsilçisi Əli Çağla yazıçı Həsən Babayinin “Pişik” hekayəsini təqdim edir.
Həsən Babayi
Əcəbşirli təxəllüsü ilə tanınan Həsən Babayi, 1965-ci ildə Urmiyanın yaxınlığında olan Əsəbşir şəhərində dünyaya göz açıbdır. İlk təhsilatını Əsəbşirdə bitirdikdən sonra, Təbriz şəhərinə köçüb mühasibat fakültəsində təhsilini Təbriz universitetində bitiribdir. O, maliyyə idarəsinə aid bankada işləyibdir.
Nəsr nümunələri yaradır, ara-sıra da dərc olunur.
Pişik
Bizim evimiz küçənin güneyində yerləşirdi. Qabaq – qanşar qonşumuzun həyətlərində bir pişik balalamışdı. Onların evləri quzeydə yerləşdiyindən qapıları açıldıqda həyətləri görünərdi. Qonşunun həyət qapıları çox vaxt açıq olardı. Pişiyin gəl-gedini gözaltına almışdım. Ana küçə-bacadan tapdığını balalarına aparmağını düşünəndə anam yaddaşımda canlanardı. Küçəmizin qapı bir qonşuları bir-birilərinin adlarını belə öyrənməmişdilər. Ancaq birlikdə bir küçədə yaşam sürürdülər. Hamı səssiz gəlib sözsüz gedərdi. Böyüklər ilgi saxlamadıqlarından uşaqlar da elə yaxınlaşmazdılar. Atamdan bir dönəm sordum, düz cavab almadan ardını tutmadım. “Nəbilim, indi dəb belədir. Kimdə vaxt var? Qonşu sözü köhnəlib. İndi qardaş qardaşın evini tanımır” deyib sovuldu. Küçədə hərə öz qapısının qabağına ağac-gül əkmişdi. Az suvarıldığından dirçəlişləri gözə gəlmirdi. Atam şam ağacı, zanbaq əkmişdi. Küçənin görkəmi gözəl görünmürdü.
Pişiyi deyirdim… balalarını dişində dolandırar, küçə itlərindən qoruyardı, axı hələ əlləri ağızlarına çatmayırdı.
Bir gün pişiyin Balalarının birini avtomobil vurdu. Küçəmizin iki başı da açıq olduğundan gəl-get çox olurdu. Atam bir illət də küçənin dibinin bağlı olmadığını söylərdi.
Qonşuların soyuqqanlı davranmaları müqabilində yazıq pişik qalan o iki balasının yanına dönüb yanıqlı səs çıxarardı, onun gözünə baxmaq mənə mümkün olmurdu. Baxan kimi “Mənim balamı qaytarın" təmənnası baxışlarından duyulurdu.
Qapı bağlananadək gəlib getdi. Bağlanandan sonra qalxıb divarın üstünə oturub məlul-məlul baxdı. Küçəni gözünün altına almışdı, balasının cəmdəyi küçənin ortasında it axtarırdı ki, onu ağzına alıb aparsın. Küçə itləri hələ sümsünməyə çıxmamışdılar. Mən atışkadan düşünürdüm, pişik anası divar üstdən. Nəhayət itlərin axını üz verdi. Biri meyidi ağzına alıb aradan çıxdı. Pişik başını aşağı dikib qalan balalarının yanına döndü. Mən isə atışkanı qapayıb özümə daldım. Ağlar analar yadıma düşdü, vaxtilə öz babalarını itirib əli boş döndükləri yaddaşımda canlanıb duyğulandım. Yazıq pişik balasını itlərdən qoruyub avtomobil qəzasına düşdüyünə inana bilmədiyinə vurnuxdu. Küçə boyu ölüm payını ala pişikdən alıb sakitləmişdi.
Qeyd: Yazının orfoqrafiyası olduğu kimi saxlanılıb.
Türkiyənin Konya şəhərində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan Mədəniyyət Günləri təşkil olunacaq.
10 avqustda keçirilməsi planlaşdırılan Azərbaycan Mədəniyyət Günləri musiqili proqramlar, sərgilər və digər hissələrdən ibarət olacaq. Mədəniyyət Günlərinin təşkil olunduğu bölmədə iştirakçılara və ziyarətçilərə ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, müasir həyat tərzi və reallıqları barədə müfəssəl məlumatlar veriləcək.
Şuşada VIII “Muğam” Televiziya Müsabiqəsi adlı musiqi bayramı
Ötən gün Şuşada, Bülbülün ev-muzeyinin həyətində təşkil olunan VIII “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi mədəniyyət beşiyimizin evsahibliyi etdiyi növbəti böyük tədbir idi və bu tədbir torpaqlarımızın azadlığı uğrunda qurban gedən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən tədbirdə ilk olaraq Xalq artisti Mənsum İbrahimovun ifasında “Qarabağ” mahnısı dinlənilib. Xan Şuşinskinin ifasında səslənən “Şuşanın dağları” mahnısının lent yazısı musiqi bayramına xüsusi rəng qatıb.
Müsabiqəyə Xalq artistləri Arif Babayev, Mələkxanım Eyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova və müsabiqənin icraçısı Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi münsiflik edib.
Münsiflərdən Xalq artisti Arif Babayev final mərhələsinin iştirakçılarına xeyir-dua verib: “Şuşa Azərbaycan mədəniyyətinə böyük dühalar, musiqi xiridarları bəxş edib. Bu torpaq basılmazdır, biz onun qucağına yenə də gəldik və yenə də gələcəyik. Çox şükür ki, Qarabağ torpağının üstündəyik, Şuşadayıq, alınmaz bir qaladayıq. Biz burda daim yaşayıb-yaradacağıq. Şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyirəm. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sağ ol deyirəm. Mehriban xanım bəlkə də dünyanın xeyirxah xanımları arasında birincidir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu çox böyük işlər görüb və onlardan biri də məhz muğam müsabiqəsidir. Bu, çox böyük işdir və inanırıq ki, muğamımız, muğamatımız etibarlı əllərdədir və həmişə yaşayacaq”.
Sonra söz müsabiqənin finalçılarına verilib. Müsabiqənin finalında gənc xanəndələr Fuad Əzizzadə, Ülkər Abdullayeva, Daşqın Kürçaylı, Aynur Həsənxanova, Vüqar Əbilov, Pedram Rəncbər və Məftun Səfərli ilə yanaşı, azyaşlı ifaçılar Həzrət Əzizli, Fatimə Kərimova və Sabir Ağayevin çıxışları dinlənilib, münsiflər heyətinin məşvərətindən sonra qaliblərin adı elan olunub.
Azyaşlı ifaçılar arasında birinci yerə Həzrət Əzizli, ikinci yerə Fatimə Kərimova, üçüncü yerə isə Sabir Ağayev layiq görülüblər.
Gənc xanəndələr arasında isə Fuad Əzizzadə birinci, Ülkər Abdullayeva və Aynur Həsənxanova ikinci, Daşqın Kürçaylı və Vüqar Əbilov üçüncü yeri tutublar.
Münsiflərin qərarı ilə Pedram Rəncbərə və Məftun Səfərliyə həvəsləndirici mükafatlar verilib.
Müsabiqənin digər iştirakçılarına diplomlar təqdim olunub.
Müsabiqənin icraçısı Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi qalibləri təbrik edərək deyib: “Biz bu müsabiqədə yeni istedadlar kəşf etdik, gözəl səslər, ifalar dinlədik. Muğam müsabiqəsinin yekununda mən bütün yaradıcı heyət, gənclər, musiqiçilər adından himayədarımız, klassik sənətimizin, ümumiyyətlə Azərbaycan milli mədəniyyətinin keşiyində dayanan ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür etmək istəyirəm. Son onilliklərə nəzər salanda görürük ki, Azərbaycan klassik mədəniyyəti, ümumiyyətlə milli mədəni irsimiz, milli dəyərlərimizlə əlaqədar istənilən tədbirin əvvəli də, sonu da Mehriban Əliyevanın adı ilə bağlı olur. Bunun üçün Azərbaycanın birinci xanımına xüsusi təşəkkür edirik. Son onilliklərdə onun mədəniyyətimizə olan diqqət və qayğısı sayəsində milli-mənəvi dəyərlərimizin xeyli dərəcədə yüksəldiyinin şahidi olmuşuq. Yaşlı nəsil yaxşı xatırlayır ki, bir vaxtlar milli musiqimiz, ədəbiyyatımız, klassik poeziyamıza layiqincə dəyər verilməsi məsələsinə ümidsiz yanaşırdıq. Bu sahəyə diqqət və qayğı olduqca az idi, lakin Heydər Əliyev Fondu təşəbbüsü üzərinə götürəndən sonra o qədər istedadlı gənc meydana çıxır ki, hətta bəzən onlardan kimlərinsə adları unudulur, bir qismini isə yada salmaq olmur. Ona görə ki, bu gün böyük bir sənətkarlar nəsli yetişməkdədir. Bizim gələcək mədəniyyətimiz bu gün burada iştirak edən gənclərin, azyaşlı uşaqların çiyinləri üzərində olacaq”.
Sonra qaliblərin ifasında “Qarabağ şikəstəsi” səsləndirilib.
Qalibləri təbrik edən Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu Şuşada muğam müsabiqəsində iştirak etməyin çox böyük uğur olduğunu söyləyib, müsabiqənin təşkilatçılarına təşəkkürünü bildirib. Onun ifasında “Gülə-gülə ay xanım” və “Şən Azərbaycan” mahnıları səslənib.
Qeyd edək ki, Müsabiqənin seçim turları aprelin 9-da başlanıb, Ağdam, Füzuli və digər işğaldan azad olunmuş ərazilər başda olmaqla bütün regionları əhatə edib. Yarışma mayın 10-da start götürüb. Müsabiqə üç ay müddətində həftədə iki dəfə olmaqla Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı vasitəsilə canlı yayımlanıb.
Bu gün xalq rəssamı Sakit Məmmədovun doğum günüdür
Bu gün Azərbaycan Respublikasının xalq rəssamı Sakit Məmmədovun doğum günüdür. Sakit Qulam oğlu Məmmədov 1958-ci ilin 5 avqustunda Neftçalada dünyaya göz açıb. Həqiqətən də Tahir Salahov, Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Mikayıl Rzaquluzadə kimi rəssamlar pleyadasının növbəti mogikanıdır.
YUNESKO Rəssamlar İttifaqının üzvü, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru, Vatikan Heraldika Akademiyasının qrafı, Ümumdünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Rusiya İmperial Rəssamlıq Akademiyasının fəxri üzvü, Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü, Dünya İncəsənət Akademiyasının həqiqi üzvü, "Türk Dünyası" Akademiyasının həqiqi üzvüdür o. Dünyanın müxtəlif ölkələrindən onlarca orden, medal, mükafat qazanıb.
Onun rəsmlərində o qədər rəng var ki, bu rənglər göz oxşayaraq həm də insanı sabahkı xoş günlərə ümidləndirir.
Ustad rəssanı təbrik edir, ona uzun ömür və cansağlığl arzulayırıq.
Şəkildə: Sakit Məmmədovun “Klounlar” əsəri