İstedadlı türk rejissoru Selcen Ergünün rejissorluğu ilə Türkiyə, Almaniya və Serbiya kinematoqrafiyasının ortaq istehsalı olan “Qar və Ayı” filminin dünya premyerasının vaxtı müəyyənləşibdir. “Ədəbiyyat və incəsənət” portalı Türkiyə mediasına istinadən xəbər verir ki, premyera sentyabrın 8-dən 18-dək keçiriləcək 47-ci Toronto Film Festivalında olacaq.
“Qar və Ayı” festivalda birinci və ikinci filmlərin yer aldığı “Discovery” bölməsində nümayiş olunacaq. Ekran əsəri festivalın “Discovery” bölməsinə seçilən yeganə türk filmidir.
Merve Dizdarın baş rolda oynadığı filmin heyətində Sayqun Soysal, Asiye Dinçsoy, Erkan Bektaş, Derya Pınar Ak və Onur Gürçay kimi türk aktyorları və aktrisaları yer alırlar.
2020-ci ilin qışında Türkiyənin Artvin vilayətinin Şavşat qəsəbəsində çətin şəraitdə çəkilən film Avropanın ən böyük film fondu “Eurimages” tərəfindən dəstəklənib.
Görmək ümidi ilə.