Super User
XVIII Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalında Azərbaycan da təmsil olunacaq
Sentyabrın 7-dən 11-dək Tatarıstanın paytaxtında keçiriləcək XVIII Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalında Azərbaycan filmləri də nümayiş olunacaq.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Rusiya - İslam dünyası” proqramında Əli-Səttar Quliyevin “Olimpiya” tammetrajlı bədii filmi, “Türk dünyası” proqramında Elvin Mirzəyevin “Qul” filmi, “Qısa filmlər” proqramında Qulu Əliyevin “Hasar”, “Qısametrajlı Sənədli Filmlər” proqramında isə Elvin Aşirovun “Eviniz haradadır” filmləri təqdim ediləcək.
XVIII Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalının münsiflər heyətinə Rusiyanın Xalq artisti Vladimir Xotinenko sədrlik edəcək. Münsiflər heyətinə dünyanın tanınmış kino tənqidçiləri, rejissor və aktyorlar daxildir.
Ümumilikdə bu il festivalda dünyanın 44 ölkəsindən iştirak üçün 625 müraciət qeydə alınıb.
Nazirlikdən yeni kadr dəyişikliyi
Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Rəşad Rauf oğlu Yusifov Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi, musiqi sektorunun müdiri Vüqar Hümbətov və Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Rəşad Yusifovu kollektivə təqdim ediblər.
R.Yusifov, öz növbəsində, təşəkkürünü bildirib və ona göstərilən etimadı doğruldacağını söz verib.
Göz yaşlarının zəngi - Cağdaş rumın şeirindən seçmələr
“Ədəbiyyat və incəsənət” portalı sizə çağdaş rumın şeirindən nümunələri tanınmış şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlunun tərcüməsində təqdim etməkdədir.
Adi Kristi
Şair, nasir, jurnalist. 1954-cü ildə Rumıniyada, Bakeuda anadan olub. 50-dən artıq şeir kitabının müəllifidir. “24:ORE” nəşriyyatının və Yaşi şəhəri Mihay Ursaki adına Mədəniyyət Mərkəzinin direktorudur. Rumıniya Yazıçılar Birliyinin və Rumıniya Peşəkar Jurnalistlər Təşkilatının üzvüdür. Milli və beynəlxalq ədəbi mükafatların sahibidir.
Tələskən, qorxaq addımlar
Ayaqlarımda toplanıb
bütün yollar-
imanlı yollar,
imansız yollar.
Ayaqlarıma dolub
yoğunluğu adamların-
əsgərin Marafon
qaçışı,
tələskən addımı doğuluşu,
ya ölümün qorxaq
addımları.
Qayalara zillənirəm, hündürə-
keçilərə-
kipriklərə-
onların altından
günəş üfüqün arxasına enir,
bir vaxtlar sən də mənim üzərimə enirdin-
elə bil yel əsirdi,
dalğalar sahilə dönürdü,
qağayılar qanadlarıyla
havanı qovurdu-
eynən o cürə.
Dağın ətəyində
Həyatdan alacağın qalıq
daha çox xırda-xuruşdur,
nə gözlədiyindi
(xatırlamaq və saymaq üçün azdır),
nə də qara gün üçün
yarayır.
Yaşadığım günlərdən
alacağım var, gözləyirəm,
ciddi məbləğdir-
o dünyanı tanımaq üçün bəs etməlidir.
Öz xalqıma yetişim deyə
səhrada dolanıram...
Təlimlər, daş yazılar və
və dərindən yaralayan adətlərin
girdabında itib-batan xalqım...
Çıxışı axtaran addımlar və
ilğımlara aldanan baxışlar...
Yeni zamanlarda
Hiss edirəm içimdən
keçib gedir bir
heykəl..
Saçımdan dırnağımacan,
daş ovulub ələnəcən,
bədənimi tərk edənəcən-
hər yeni doğuluşda belə olur,
al rəngli dabanlar
yolların sinəsinə susayırlar.
Doğulan
ölümdən, küldən deyil,
daşdan geri dönüb,
ruhu da qaya kimidi.
Külüng və qaya arasındakı
havadan sezmək olar:
“Yeni zamanlar üçün yeni insanlar”-
az əvvəl gəliblər,
gedənlərdən sıyrılıblar-
yorğunlardan.
Nikita Danilov
1952-ci ildə Rumıniyanın şimal-şərqində, Muşenisada anadan olub. İlk kitabı 1980-ci ildə nəşr olunub.20-dən artıq şeir, hekayə kitablarının müəllifidir. Əsərləri dünyanın onlarla dilinə tərcümə edilib, bir çox nüfuzlu milli ədəbi mükafatların qalibidr. İkidilli “Kitej-qrad” dərgisinin baş redaktorudur.
Kor
Gözlərindən pərvazlanıram-
korun gözlərindən axşamları pərvazlanan
göz yaşlarının zəngi kimi.
Sənə varıram-
korun gözlərinə
enən göz yaşlarının zəngi kimi.
Üz
Suya yumruq vursan da
öz üzünə toxuna bilməyəcəksən,
İki əlini suya salsan da
öz üzünə toxuna bilməyəcəksən.
Miss sikkə kimi sürüşəcək o,
suyun dibinə
lap dərinə
endikcə enəcək.
Səhraya get, suyun üstüylə addımla.
Gəldilər
və onun ayaqqabılarının altına
qumdan xaç çəkdilər.
Dedilər: səhraya get,
sonra da suyun üstüylə addımla.
Aydınlıq
Nəhayət ki, axşamayaxın o işıqlı,
Kədər ağacına gəlib çatdıq.
Yarpaqlarının xışıltısı
qürub vaxtı göyü və yeri lərzəyə salırdı.
Altında uzandıq. Bir gün. İki gün.
Bəlkə daha çox. Lap çox.
Əllərimizi başımızın altında,
gözlərimiz var gücüylə açılmış
Aydın səmaya silləndik.
Səmada isə nə quş, nə buludlar.
Anarın “Qonağımız var” layihəsində iştirakı necə keçdi? - Yazıçı, yoxsa şair?
İyulun 17-dən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Hövsan Mədəniyyət Sarayının təşkilatçılığı ilə "Qonağımız var" layihəsi çərçivəsində Suraxanı rayon Heydər Əliyev Mərkəzində tanınmış mədəniyyət xadimləri ilə görüşlər keçirilir. Xalq artisti Nürəddin Mehdixanlı, Əməkdar artistlər Ağalar Bayramov, Azad Şükürov, Elçin Allahverdiyev, İlkin Əhmədov və bir çox mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi layihə oktyabr ayına qədər davam edəcək.
Xəbər verdiyimiz kimi, növbəti belə görüş Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla keçirilib. Görüşün təfərrüatını təqdim edirik.
Görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədr mavini Salman Abdulov, RİHBA-nın şöbə müdirləri, rayon sakinləri və ziyalılar iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının Dovlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açıq elan edən Günay Firudinqızı ziyalılarla belə görüşlərin keçirilməsinin vacib olduğunu vurğulayıb.
Daha sonra ustad yazıçının ötən illərinə, fəal yaradıcılığına nəzər salınıb. Anar yaradıcılığında qəhrəmanlarının daxili aləminin, hiss və həyəcanlarının, sevinc və kədərinin, arzu-istəklərinin ortaya qoyulması, ədəbiyyatımızda Anar imzasının, Anar möhrünün xüsusi yeri, mövqeyi olduğunu, yazı mədəniyyəti, dil-üslub keyfiyyəti, sənətkarlıq xüsusiyyətlərinin əsərlərində yüksək səviyyədə qorunmasından ətraflı bəhs edilib.
Yazıcı Anar Şuşada - Vaqif Poeziya günündə iştirakı zamanı yaşadığı sevinci oxucularla paylaşaraq qeyd edib ki, bu bizim həm mənəvi, həm hərbi, həm də siyasi zəfərimizdir.
Tədbir diskussiya şəraitində davam etdirilib.Tədbir iştirakçıları Yazıçı Anara maraqlı suallar ünvanlayıb.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Baş İdarənin rəisi İbrahim Əliyev çıxış edib, qonaqları salamlayıb, Xalq yazıçısının yaradıcılığının müxtəlif məqamlarından söz açıblar. Onun Azərbaycan poeziyasında xüsusi yeri və mövqeyi olduğunu vurğulayıblar.
Bildirilib ki, belə görüşlər ədəbi mühitin inkişafına, gənclərin bədii ədəbiyyata marağının artırılmasına, mütaliə mədəniyyətinin yüksəlməsinə, dünyagörüşlərinin əhatəli olmasına və yazıçılarla oxucuların ünsiyyətinin daha da sıxlaşmasına xidmət edir.
Tədbir zamanı Anarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
Sonda xalq yazıçısı Anar tədbirin keçirilməsində əziyyəti keçən hər kəsə öz dərin minnətdarlığını bildirib və xatirə şəkilləri çəkilib.
Sonda zəruri bit xatırlatma. Ölkənin rəsmi mediasında Anarı bu xəbərdə şair kimi təqdim ediblər. Yazıq bizə ki, hələ də şairlə yazıçının fərqini bilmirik.
Şuşa abidələrini qorumaq prioritetdir
Şuşada abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu təsdiqlənib. Daha təfsilatlı:
“Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti” təsdiqlənib.
Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərar Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmununu, təhlükənin aradan qaldırılması tədbirlərini, onların həyata keçirilməsi qaydasını və müddətini müəyyən edir.
Bununla da Şuşa şəhərinin hüdudları daxilində Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş hüquqi tənzimləmənin tətbiqinə zəmin yaradılmış olur.
Beynəlxalq Türk Akademiyasının nümayəndələri Budapeştə işgüzar səfərə yola düşüblər
Bu gün Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Qydyrálinin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstandan Macarıstanın paytaxtı Budapeştə işgüzar səfərə yola düşüb. Bu barədə məlumatı “Ədəbiyyat və incəsənət” portalı Akademiyanın vitse-prezidenti Füzuli Məcidliyə istinadən yayır.
Akademiya rəhbəri Budapeştdə Ahmed Baytursınulinin 150 illik yubileyinə həsr olunmuş konfransda və macar türkoloqu Armin Vambirinin kitablarının təqdimat mərasimində iştirak edəcək.
Bundan əlavə o, Macarıstan hökumətinin bir sıra rəsmiləri ilə görüşəcək.
Akademiya prezidenti avqustun 12-14-də Buğac bölgəsində keçiriləcək “Hun-Turan” Qurultayında da iştirak edəcək.
Bakıda Abay Günü münasibətilə xatirə tədbirləri keçirilib
Avqustun 10-da Bakıda Abay Kunanbayev küçəsində böyük qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin anadan olmasının 177 illiyi münasibətilə tədbir keçirilib.
AzərTAC xəbər verir ki, xatirə tədbirdə yaradıcı ziyalılar, abayşünas alimlər və yazıçılar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Abayın xatirə lövhəsinin önünə gül dəstələri qoyub, onun xatirəsini ehtiramla anıblar.
Qazaxıstan Azərbaycandakı səfiri Serjan Abdıkarimov qonaqları Abay Günü münasibətilə təbrik edərək bildirib ki, onun misilsiz yaradıcılıq irsi qazax xalqının gələcək nəsillər üçün daim əhəmiyyəti kəsb edən mənəvi sərvətidir. Səfir Abayın mənəvi düsturu olan “Adam bol!” (Adam ol!) fikrinin mahiyyəti, onun humanizmə, əməksevərliyə və maarifçiliyə çağırışları haqqında söz açıb. Qeyd edib ki, onun ən yaxşı tələbələri sonradan qazax əhalisinin öz torpağa sahib olma hüququ, özünüidarəetmə, dilin qorunması, milli mədəniyyəti və ənənələri uğrunda mübarizə aparan “Alaş” partiyasını və Alaş muxtariyyətını yaradıblar.
Diplomat Abayın əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi ilə bağlı uzunmüddətli işə, bütün türk dünyası və dünya ədəbiyyatı üçün əhəmiyyət kəsb edən onun irsinə qarşı hörmət və sevgiyə görə abayşünaslara minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən natiqlər diqqətə çatdırıblar ki, Abay xalqını xoşbəxtliyə və rifaha aparan, onlara düzgün yol göstərən dahi övladdır, alimdir və qazaxların fəxridir, onun yaradıcılığı isə bütün bəşəriyyətə, o cümlədən qardaş Azərbaycan xalqına da mənsubdur.
Aksiya geosiyasət, din, ədəbiyyat və incəsənət problemlərini araşdıran məşhur Azərbaycan tarixçisi, publisisti və teoloqu Teymur Atayevin “Abayın dahiliyi və ya XXI əsrdə mütəfəkkir portretinin yaratmaq cəhdi” kitabının təqdimatı ilə davam edib. Bu nəşrdə Abayın məşhur “Qara söz” əsəri təhlil edilir. Müəllif qazax tarixinin şanlı səhifələrinin və Abayın tərcümeyi-halından gələn mühüm epizodların onun şəxsiyyətini necə formalaşdırdığını və bununla görkəmli maarifçinin qazax düşüncəsinə əvəzsiz töhfələr verdiyini dərk etməyə çalışır.
Sözügedən kitabın təqdimatı Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi çərçivəsində Bakıda Dənizkənarı Bulvarda quraşdırılan qazax yurtasında baş tutub.
Tədbir Abayın şeirləri və musiqisi əsasında yazılan məşhur mahnıların və musiqi əsərlərinin ifası ilə tamamlanıb. Qonaqlar həmçinin ənənəvi qazax xörəklərib, Qazaxıstanın müasir inkişafı, mədəni və turizm cəhətdən görməli yerləri haqqında videoçarxı izləyiblər.
Ramil Ələkbərov: “Azərbaycanfilm” kinostudiyası Kino Agentliyinin tabeliyində fəaliyyət göstərəcək
Çox güman ki, bu ilin sonuna qədər Azərbaycan Respublikasının Kino Agentliyi fəaliyyətə başlayacaq. Digər kino qurumları kimi C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası da Kino Agentliyinin tabeliyində fəaliyyət göstərəcək.
Bu sözləri “Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətinin rəhbəri Ramil Ələkbərov bildirib.
“Strukturun tam olaraq fəaliyyət mexanizmi agentliyin yaradılmasından sonra məlum olacaq”, - deyə R.Ələkbərov vurğulayıb.
Moskvada Müslüm Maqomayevin 80 illiyi qeyd olunacaq
Oktyabrın 29-da Moskvada “Crocus City Hall”da SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80 illiyinə həsr olunan konsert keçiriləcək.
AzərTAC xəbər verir ki, konsert proqramında Rusiya estradasının və operasının ulduzları iştirak edəcəklər. Konsertdə M.Maqomayevin repertuarından mahnı və ariyalar səsləndiriləcək.
Qeyd edək ki, “Crocus City Hall”un ikinci mərtəbəsinin foyesində Müslüm Maqomayevin xatirəsinə həsr olunan muzey var. Muzeyi ziyarət edəcək tamaşaçılar görkəmli ifaçının şəxsi əşyalarını, onun çəkdiyi rəsmləri, ailə arxivindən fotoşəkilləri və musiqi karyerası ərzində aldığı çoxsaylı beynəlxalq mükafatları görmək imkanı əldə edəcəklər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
Cari ilin 8 avqust tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində vakant olan dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı Dövlət İmtahan Mərkəzinin 21 aprel 2022-ci il tarixində elan etdiyi müsabiqə üzrə keçirilmiş müsahibələrin nəticələrinə yenidən baxılması ilə bağlı Aytən Elxan qızı Rəhimlinin, Səbinə İlqar qızı Əhədlinin və Şəmsiyyə Zakir qızı Əzizlinin apellyasiya şikayətlərinə baxılmışdır.
İclas zamanı adları çəkilən namizədlərin müsahibələrlə bağlı fikirləri dinlənilmiş, Dövlət İmtahan Mərkəzinin 3 avqust 2022-ci il tarixli məktubu ilə təqdim edilmiş müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən Şura üzvlərinin hazırladığı rəyləri müzakirə olunmuşdur. Sonda Apellyasıya Şurasının üzvlərinin səsverməsinə əsasən iclasda baxılan məsələlərə dair Qərarlar qəbul edilmişdir.
Aytən Elxan qızı Rəhimlinin şikayəti ilə bağlı qəbul edilən Qərara əsasən 15 iyul 2022-ci il tarixində onunla keçirilmiş müsahibənin nəticəsi dəyişdirilərək namizəd iddia etdiyi vakant vəzifəyə uyğun hesab edilmişdir.
Səbinə İlqar qızı Əhədlinin və Şəmsiyyə Zakir qızı Əzizlinin şikayətləri ilə əlaqədar qəbul edilən Qərarlara əsasən isə həmin namizədlərlə müvafiq olaraq 15 və 20 iyul 2022-ci il tarixlərində keçirilmiş müsahibələrin nəticəsinə dair müsahibə komissiyasının qərarları tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilmədən qüvvədə saxlanıl