Super User
Nəticələr açıqlanıb
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə avqustun 7-də keçirilmiş test imtahanının nəticələri açıqlanıb.
Test imtahanında iştirak üçün qeydiyyatdan keçmiş 1992 nəfərdən 283 nəfər imtahana gəlməyib.
İmtahanda iştirak etmiş namizədlərin imtahan nəticələri və cavab kartlarının qrafik təsviri Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında yerləşdirilmişdir.
Mədəniyyət Nazirliyinin 2022-ci il 20 aprel tarixli 119-f nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu Qaydaları"nın tələblərinə uyğun olaraq təşkil edilmiş test imtahanında namizədlərə 70 test tapşırığı təqdim olunmuşdur. 40 tapşırıq seçilən müvafiq sahə üzrə ixtisas biliklərini, 10 tapşırıq pedaqoji bacarıqları, 10 tapşırıq məntiqi təfəkkürü, 10 tapşırıq isə ümumi dünyagörüşünü yoxlayan qapalı tipli test tapşırıqlarıdır. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar ümumi nəticəyə təsir göstərmir.
Xatırladaq ki, test imtahanında toplanılması mümkün olan maksimum nəticə 100 faizlə ifadə edilir.
İmtahanda təqdim edilmiş test tapşırıqlarından 50 faizini düzgün cavablandıraraq 35 bal toplamış namizədlər (Bakı, Sumqayıt və Gəncə şəhərlərində, Abşeron rayonunda yerləşən məktəblərdə işə qəbul olunmaq istəyən namizədlər istisna olmaqla) uğur qazanmış hesab edilirlər.
Bakı şəhərində yerləşən məktəblər üzrə işə qəbul üçün imtahanda təqdim edilmiş test tapşırıqlarından 70 faizini düzgün cavablandıraraq 49 bal toplamış namizədlər, Sumqayıt və Gəncə şəhərlərində, Abşeron rayonunda yerləşən məktəblər üzrə isə imtahanda təqdim edilmiş test tapşırıqlarından 60 faizini düzgün cavablandıraraq 42 bal toplamış namizədlər uğur qazanmış hesab edilirlər.
Test mərhələsində tələb olunan keçid balını toplayaraq uğur qazanan namizədlər müsahibə mərhələsinə buraxılırlar.
Test imtahanında tələb olunan keçid balını toplayaraq uğur qazanmış namizədlərlə keçiriləcək müsahibələrin vaxtı və yeri barədə Nazirlik tərəfindən əlavə məlumat veriləcəkdir.
Mədəniyyət Nazirliyində yeni təyinat olub
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun əmri ilə Yusubov Azər Namiq oğlu Mədəniyyət Nazirliyinin Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
A.Yusubov sonuncu təyinata qədər Şəki Apelyasiya Məhkəməsində baş məsləhətçi-sədrin köməkçisi məsul vəzifəsində çalışıb.
A.Yusubov dövlət qulluğunun kiçik müşaviridir.
“İstəyirəm ki, bir yerdə ölək” – dedin... - Çağdaş rumın şeirindən seçmələr
“Ədəbiyyat və incəsənət” portalı sizə çağdaş rumın şeirindən nümunələri tanınmış şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlunun tərcüməsində təqdim edir.
Bu gün siz Ana Blandiana və Daniel Korbunun, sabahsa Adi Kristi və Nikita Danilovun şeirləri ilə tanış olacaqsınız.
Ana Blandiana
Görkəmli rumın şairəsi, adı XX əsrin böyük ədibləri arasında yer almış Ana Blandiana 2016-cı ildə, dekabrın 9-da, öz facebook səhifəsində, ərinin ölümündən bir gün sonra bu sözləri yazmışdı: “Yarım əsrdən artıqdır ki, sevdiyim və sevgisi olmadan sağ qalmayacağım ərim Romulus Rusanın (1935-2016) ölümünü elan edəcəyim heç vaxt ağlıma gəlməzdi...” Əlli altı il bir yerdə yaşamışdılar. Çauşesku rejimində və sonrakı qarışıq zamanda uzun illər bir-birlərinə arxa-dayaq olmuşdular. 1979-cu ildə, Yuneskonun çətiri altında Rumıniyada Siyasi Repressiyalar Memorialını təsis etmişdilər ki, nasir, publisist, xüsusi cazibəyə malik xeyirxah bir adam olan Romulus Rusan Ana Blandiana ilə bərabər insan haqları, hüquq müdafiəçisi kimi fəaliyyətə başlamışdı. “Məhəbbət və ölümün insanları ayıra bilməməsi haqqındadır bu şeirlər. Kitablarımın ən metafizikidir”- öz ağıları, mərsiyələri barədə belə söyləyir Ana Blandiana.
Rumiya PEN təşkilatının fəxri sədri, Stefan Mallarme Akademiyasının və Avropa Poeziya Akademiyasının üzvü, Avropa Azadlıq Şairi”, Qriffin-poeziya, Herder ədəbiyyat ödüllərinin sahibi. “Cəm şəkilçisində birinci şəxs” (1964), “Ölümün sabahı günü” (1996), “Öləziyən hisslər” (2004) və başqa 26 şeir toplusunun müəllifidir. Təqdim edilən şeirlər “Müəyyən mövzu ilə bağlı variasiyalar” (2018) kitabından götürülüb.
***
«Güzgü ilə müqavilə bağlamışam, - demişdin,
-Səni mənim gördüyüm kimi göstərəcək,
qəbrə qədər sədaqətli olacaq sözünə.”
Onillər keçirdi,
Güzgü sözünə sadiqdi:
Məni sığallı, təmiz,
sənin nurunla boyanmış göstərirdi;
Sanki nağıllardakı
dirilik suyu idim, dəyişimirdim.
İndi güzgüyə baxıram
təşvişlə dəyişikliyi gözləyirəm.
Amma görə bilmirəm.
Hələ də mənə baxdığının
başqa nə dəlili olmalıdır ki ?!
***
Əgər evimdə o əvvəlki illərdəki tək yenə də mikrofonlar quraşdırılsaydı,
səs yazanlar, dinləyənlər hökmən dəli sanardılar məni;
yazırlar və səninlə ən adi şeylər haqqında danışdığımı,
hər ehtimala qarşı dediyim sözləri, sənin rəyini bilmək istədiyimi
eşidirlər; arabir, indiki zamanda, elə-belə “səni sevirəm” deyirəm,
işığı söndürməzdən qabaq “gecən xeyrə qalsın” söyləyirəm.
Dinləyənlərin arasında öz işində təzə olanlar var - getdiyini bilməyənlər,
sənin cavabsızlığını şübhəli sanacaqlar, hesab edəcəklər ki,
onlar başa düşməsin deyə əl hərəkətləri,
işarələrlə doldurursan sükutu.
***
“Kişi hardadır? - ilk dəfə sənsiz bazara gələndə turp, cəfəri,
bəxtin gətirsə gicitkan aldığın nənələr soruşurdular.
- Yox, gərək, sizi tək buraxmasın, olmaz”.
“Bazardakı nənələr, evin kişisi hardadır deyib, sənin soruşurdular”
- qayıdanda danışdım sənə, çox xoşuna gəldi, elə məğrur görkəm aldın ki,
məsləhət verdiklərini söyləməyi unutdum, deyirdilər ki,
yox, gərək, sizi tək buraxmasın, olmaz.
***
Özümə sual etdim:
qayıtsaydın sənə nə demək istərdim
və qərara gəldim ki,
bu söz olmayacaqdı,
yalnız şəkillər.
Mən sənə
alatoran vaxtı
pəncərəmdən görünən
ağacların tacı arasından boylanan
göyüzünü göstərərdim.
Ya da tikanlar arasından
qanlı yara kimi görünən,
yanında şəkil çəkdirdiyin bu kolu.
Ya da vaqon pəncərəsindən
ötüb keçən biçilmiş zəmiləri, düzləri,
uzunsov tayaları.
Sigetaya gedirdik onda.
Sözə gəlməz ismarışlar,
sirrin çaparları,
sevənlər üçün
baxışların yetərli olması kimi
ali həqiqətin
dəlilləri.
***
Bayram günləri gəlişini,
varlığını daha yaxşı hiss edirəm,
orda da bayramlar var?
Ya başqaları sevinərkən
məni tək qoymamaq üçün gəlirsən?
Təbəssümün günəşin şüaları kimi
otaqları dolaşır,
pişik də təlaşla arxanca düşür.
Nəsə baş verir, o hiss edir.
***
“İstəyirəm ki, bir yerdə ölək”- dedin.
“Fikirləşirsən ki, səndən yeddi il az yaşamağım düz olardı?”
Ciddiyyətlə cavab verdin ki, əbədiyyətdə də bir yerdə
ola bilməmiz üçün başqa yol yoxdur.
Məntiqin o qədər inandırcı idi ki, razılaşdım,
bir az da elə-belə, hər halda bir yerdə ölmək pis fikir deyil.
Amma, indi, sənin o vaxtkı ciddiyyətinlə özümdən soruşuram ki,
o dünyada səni necə tapacam, necə görüşə bilərik.
Yeganə imkan sərhəddə məni gözləməyindir,
amma nə zaman gələcəyimi söyləyə bilmirəm,
bir də inanmıram ki, səni orda bəlli olmayan bir müddətdə
gözləməyə icazə versinlər.
Belə ehtimal edirəm ki, orda da, o xaosda da
biz eynən bu dünyadakı kimi, yaşanan hər sonsuzluq günü
bir-birimizi axtaracağıq,
bir-birimizi tapmaq sevincini yaşayana qədər.
Daniel Korbu
Şair, nasir, ictimai xadim. 1953-cü ildə anadan olub. 1979-cu ildə “Ədəbi Rumıniya” jurnalındakı publikasiyası ilə ədəbi debüt edib. Onlarla poetik toplunun müəllifidir. FEED BACK festivalının direktorudur. Əsərləri əsas Avropa dillərinə çevrilib. Təqdim edilən şeirlər şairin Parisdə nəşr edilən “Les documents du Chaos” (2002) kitabından götürülüb.
Ürəyin kölgəsində
Əgər işıq nurun kölgəsidirsə,
onda nurun kölgəsindən qovulan kimi
ürəyinin kölgəsindən
qovulacam.
Onun şanına sevinəcəm
və ölümü müşayiət edən sözlər
qırmızı sarğıdan boylanan qan kimi seziləcək.
Tənha evdə tənha adam.
Xoşbəxtlik deyə bir sözü təkrar edir durmadan.
Hər şeyi onu həvəsləndirir və ruhdan salıb iyrəndirir.
Sevgidən nifrətə yol keçib, aldanışları sığallayıb.
Sığal çəkib şehə, sevinib, ağlayıb.
hər dəfə yoxluq özünü göstərəndə
boşluq doğulub,
o boşluqla ürəyini doldurub,
nişan verib məzarını öz-özünə
yoxluğun və boşluğun.
Tənha evdə tənha adam.
Xoşbəxtlik deyə bir sözü təkrar edir durmadan.
Günün fotosu: Avropa İttifaqı Rusiya vətəndaşlarına bağlı qapı elan edəcək
Günün fotosu: Avropa İttifaqı Rusiya vətəndaşlarına bağlı qapı elan edəcək
Estoniya və Finlandiyanın baş nazirləri Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya vətəndaşları üçün Avropa İttifaqı ölkələrinin qapılarının bağlanması çağırışını dəstəkləmişlər. Bu çağırışın digər ölkəlırdə də dəstəklənəcəyi gözlənilir.
Rusiya prezidentinin mətbuat katibi Peskovun bu aksiyanı nasist Almaniyasının siyasətinin bənzəri adlandırması isə gülüncdür. Bu vəziyyətdə kimin nasist olması sual doğurmur.
Foto: Euronews
Bu gün bütün Azərbaycan məni tanıyır - “Bizim Cəbiş müəllim” filmindəki Makedonun etirafı
“Bəziləri deyir ki, Həsən Seyidbəyli məni yolda görüb, filmə çəkilməyə dəvət edib. Amma bu belə olmayıb. Mən Pirşağıda yaşayırdım, orada mədəniyyət evinin qabağında oturub, dostlarımla zarafatlaşırdım. Hamımız o vaxt onu tanıyırdıq. Onu görən kimi ayağa qalxdıq. Bağı Pirşağıda idi, tez-tez gəlib gedirdi. Gördü ki, stolun üstündə bilyard da var, nərd də. Dedi ki, "gəl nərd oynayaq, əgər uduzsam səni bir gözəl kinoya çəkəcəm, səni bütün Azərbaycanda tanıyacaqlar". Fikri nərddə deyildi, özü bilərəkdən mənə uduzdu ki, filmə çəksin. Bu gün həqiqətən də bütün Azərbaycan məni tanıyır. Allah o kişiyə rəhmət etsin".
“Ədəbiyyat və incəsənət” xəbər verir ki, bunu moderator.az-a açıqlamasında "Bizim Cəbiş müəllim" filminin Makedonu Aqil Ağacanov deyib. O, daha sonra əlavə edib.
"Mən filmdə çəkilə-çəkilə hərbi xidmətə çağırdılar. Çağırış vərəqəsini gətirib rejissor Həsən Seyidbəyliyə göstərdim. Rəhmətlik Muxtar Maniyevin qardaşı da Hərbi Komissarlıqda rəhbər işləyirdi. O kömək etdi, məni əsgərlikdən saxladılar, hərbi xidmətdən möhlət verdilər. Film il yarım çəkildi, daha sonra getdim əsgərliyə" deyə Aqil Ağacanov deyib. O, daha sonra həmkarı, Tanya obrazının ifaçısından danışıb. "Tanya ilə məni illər sonra Telman Adıgözəlov "Kinoklub" verilişində görüşdürdü. Məni o vaxt verilişə dəvət edəndə dedilər ki, sənə sürprizimiz var. Fikirləşdim ki, yəqin Tanya olar da. Gəmiqayırma zavodunda çalışırdı, indi təqaüdə çıxıb. İki qız övladı, nəvələri var. Allah canını sağ etsin" deyə sənətçi bildirib.
Mədəniyyət Baş İdarəsi Xalq artisti Zabit Nəbizadə ilə görüş keçirib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Aşıq Rza Qobustanlı adına Mədəniyyət evində "Qonağımız var" layihəsi çərçivəsində Xalq artisti, muğam ustadı Zabit Nəbizadə və tələbələri ilə görüş keçirilib.
Baş İdarədən verilən məlumata görə, görüşdə Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, rəngarəng konsert proqramı ilə çıxış edən Xalq artisti Zabit Nəbizadə və tələbələrinin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Monqolustanda qədim türklərə aid yeni tapıntılar aşkarlanıb
Beynəlxalq Türk Akademiyasının Monqolustanda həyata keçirdiyi elmi-arxeoloji ekspedisiya yeni maraqlı nəticələr əldə edib. Pandemiya dövründə fasilə verilən, bu il yenidən başladılan qazıntılar nəticəsində Göytürk Xaqanlığı dövrünə aid önəmli tapıntılar aşkarlanıb.
“Ədəbiyyat və incəsənət” Beynəlxalq Türk Akademiyasına istinadən xəbər verir ki, Arhangay bölgəsində yeni ortaya çıxarılan Nomqon abidə kompleksi bütün xüsusiyyətlərinə görə Bilge xaqan və Kültegin abidə komplekslərinə bənzəyir.
Sözügedən kompleksdə insan, aslan, qoç heykəlləri və ortasında quyu olan qurbangah daşı mövcuddur. Külliyənin qarşısında şərq istiqamətində 40-dan çox balbal daş sıralanıb. Balbal daşlardan beşinin üzərində Türk Xaqanlığının qurucu nəslinə aid “Dağ keçisi” möhürü müəyyən edilib.
Ötükən çölündə aşkarlanan bu külliyə Kültegin və Bilgə Xaqan komplekslərindən 80 kilometr aralıda yerləşir. Kompleks Hanqay dağının Köyne, Böyük Nomqon və Kiçik Nomqon silsilələri ilə əhatə olunub.
Qeyd edək ki, Beynəlxalq Türk Akademiyasının bir neçə il öncə başlatdığı qazıntılar davam etdiriləcək.
Pulitzer mükafatçısı Makkalo dünyasını dəyişib
İki dəfə Pulitzer mükafatı laureatı, yazıçı və tarixçi Devid Makkalo 89 yaşında vəfat edib.
Bu barədə yazıçının kitablarının nəşr olunduğu “Simon & Schuster” nəşriyyatının tviter hesabında məlumat yayılıb.
Qeyd olunub ki, Makkalo Massaçusets ştatının Hingham şəhərində dünyasını dəyişib.
Mədəniyyət Nazirliyində Alim Qasımovla görüş keçirilib
Azərbaycan muğam sənətinin parlaq nümayəndəsi, dünya şöhrətli xanəndə, Xalq artisti Alim Qasımovun 65 yaşı tamam olur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Alim Qasımovun 65 illik yubileyi münasibətilə sənətkarla görüş keçirib. A.Qasımova mədəniyyət naziri Anar Kərimovun təbrik teleqramını çatdıran E.Əliyev onu doğum günü münasibəti ilə təbrik edərək sənətkara möhkəm cansağlığı, yeni nailiyyət və yaradıcılıq uğurları arzulayıb.
Görüş zamanı həmçinin A.Qasımovun yaradıcılıq planları, gələcəkdə nəzərdə tutulan tədbirlər müzakirə olunub.
X saatını hazırlıqlı qarşılamaq mümkündürmü?
Bu yaxınlarda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov hamını ciddi şəkildə düşünməyə vadar edən bir açıqlama verdi. O bildirdi ki, yüksək qiymətlərdən sonra böhranların baş verməsi qaçılmazdır. Nə vaxt baş verəcəyini bilməsək də, böhrana hazır olmalı və planlarımızı buna görə tutmalıyıq.
Əslində böhranın labüdlüyü haqqında xeyli vaxtdır danışılır, amma ilk dəfə rəsmi səviyyədə belə bəyanatın verilməsi hökumətin də məsələni gündəmdə saxladığını təsdiqlədi. Bəzi ekspertlər böhranın payızdan özünü göstərəcəyini, ilin sonuna doğru isə ağırlaşacağını proqnozlaşdırılar. Məhz həmin dövrdə Avropa Birliyi ölkələrinin iqtisadiyyatının ciddi tənəzzül və rekord səviyyədə inflyasiya ilə üzləşəcəkləri gözlənilir. Avropa Mərkəzi Bankının (AMB) hansı siyasəti seçəcəyindən çox şey asılı olacaq. Əgər inflyasiya ilə mübarizə aparımaq üçün faiz dərəcələri qaldırılsa, onda qitədə işgüzar aktivlik azala və staqflyasiya başlaya bilər. Hələ ki AMB buna getmir və inflyasiyaya dözməyi üstün tutaraq, çox yumşaq pul-kredit siyasəti aparır. Amma hara qədər dözəcəkləri də böyük sualdır. Amerika Birləşmiş Ştatları belə etmir. Federal Ehtiyatlar Sistemi (FES) getdikcə artan inflyasiyanı cilovlamaq üçün artıq pul-kredit siyasətini sərtləşdirməyə başlayıb və bununla da iqtisadi tənəzzül riskini artırıb. Dünyanın üçüncü böyük iqtisadi mərkəzi olan Çində isə kifayət qədər yumşaq pul-kredit siyasəti yürüdülsə də, pandemiya yenidən iqtisadiyyat üçün başağrısına çevrilməkdədir və payıza doğru bu problem kəskinləşə bilər. Üstəlik, Çində iqtisadiyyatın ayrı-ayrı sahələrinin borc yükü də artmaqdadır.
Belə bir vəziyyətdə dünya üçün əsas problemlərdən biri odur ki, tələb və təklifi iqtisadiyyatdan kənar (ekzogen) amillər müəyyən edir. Dünya iqtisadiyyatı özü-özünü tənzimləmək və “sağaltmaq” qabiliyyətini itirir. Nəticədə ilin sonuna doğru sənaye istehsalının azalması, işsizliyin artması, əhalinin real gəlirlərinin aşağı düşməsi kimi problemlər bütün ölkələri cənginə alacaq. Bahalaşma gec-tez elə bir həddə çatacaq ki, tələb alıcılıq qabiliyyətindən məhrum olacaq. Yəni insanların çoxunun bir sıra mal və xidmətlərə ehtiyacı olsa da, onları əldə edə bilməyəcək və ən zəruri tələbatlarını ödəməklə kifayətlənəcəklər. Bu isə iqtisadiyyatın bir sıra sahələrini böhran və ixtisarla üzləşdirəcək. Daha sonra zəncirvari proses başlayacaq. Həmin “X saatı”nın nə zaman yetişəcəyi bahalaşmanın tempindən asılıdır, amma güman ki, payızın sonuna doğru dünyada zəncirvari tənəzzülün əlamətləri özünü göstərməyə başlayacaq.
Qlobal iqtisadiyyat kənar amillərdən asılı vəziyyətə düşdüyündən, ən böyük təhlükənin məhz haradan gələcəyini və ən zəif bəndin hara olduğunu proqnozlaşdırmaq çətindir. Ola bilər ki, bu dəfə böhran fond bazarlarından yox, tamam ayrı sahələrdən başlasın. Çünki ərzaq, enerji bazarları da çətin proqnoza gəlirlər. Bu isə riskləri daha da artırır, çünki iqtisadiyyat proqnozlaşdırmanı sevir.
Güman ki, payızın sonlarına doğru başlayacağı gözlənilən böhran dövlətlərarası münasibətlərə də təsir edəcək. Əksər alimlər deqlobalizasiya və fraqmentasiya haqqında danışırlar, amma bunun tam əksi ola, yeni növ inteqrasiya prosesləri də meydana çıxa bilər.
Ən çox narahatlıq doğuran sosial sahədir. İnkişaf etməkdə olan bir sıra dövlətlərin ehtiyatları payızın sonlarına doğru tükənəcək, bu zaman isə etirazlar qaçılmaz olacaq. Şri-Lankanın ardınca Cənubi Afrika Respublikasında baş verənlər təhlükənin real olduğunu göstərdi. İndi isə təsəvvür edək ki, onlarla ölkəni o cür etirazların bürüməyi nə demək olacaq.
Ukrayna taxılının dünya bazarına çıxarılması üçün dəhlizin açılması problemi bir qədər səngitsə də, təəssüf ki, həll etmədi, çünki problemin həlli üçün öncə mütləq müharibənin dayanması lazımdır. Bunun isə nə zaman baş verəcəyini heç kim bilmir.
Ən pisi odur ki, mümkün ssenarilərin heç biri yaxşı sonluq vəd eləmir. Dünyanın böhrandan yan keçə bilməsi üçün heç bir müsbət variant görünmür. Belə bir şəraitdə hər bir ölkə özünün daxilində gözlənilən böhranın mümkün qədər az fəsadlar doğurmasına çalışmalıdır. Azərbaycan hökumətinin problemin fərqində olması bu mənada müəyyən qədər ümid işığı yandırır.
Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru,professor.
Ukrayna Ticarət Evinin direktoru.