Bu gün bütün Azərbaycan məni tanıyır - “Bizim Cəbiş müəllim” filmindəki Makedonun etirafı Featured

“Bəziləri deyir ki, Həsən Seyidbəyli məni yolda görüb, filmə çəkilməyə dəvət edib. Amma bu belə olmayıb. Mən Pirşağıda yaşayırdım, orada mədəniyyət evinin qabağında oturub, dostlarımla zarafatlaşırdım. Hamımız o vaxt onu tanıyırdıq. Onu görən kimi ayağa qalxdıq. Bağı Pirşağıda idi, tez-tez gəlib gedirdi. Gördü ki, stolun üstündə bilyard da var, nərd də. Dedi ki, "gəl nərd oynayaq, əgər uduzsam səni bir gözəl kinoya çəkəcəm, səni bütün Azərbaycanda tanıyacaqlar". Fikri nərddə deyildi, özü bilərəkdən mənə uduzdu ki, filmə çəksin. Bu gün həqiqətən də bütün Azərbaycan məni tanıyır. Allah o kişiyə rəhmət etsin".

“Ədəbiyyat və incəsənət” xəbər verir ki, bunu moderator.az-a açıqlamasında "Bizim Cəbiş müəllim" filminin Makedonu Aqil Ağacanov deyib. O, daha sonra əlavə edib.

"Mən filmdə çəkilə-çəkilə hərbi xidmətə çağırdılar. Çağırış vərəqəsini gətirib rejissor Həsən Seyidbəyliyə göstərdim. Rəhmətlik Muxtar Maniyevin qardaşı da Hərbi Komissarlıqda rəhbər işləyirdi. O kömək etdi, məni əsgərlikdən saxladılar, hərbi xidmətdən möhlət verdilər. Film il yarım çəkildi, daha sonra getdim əsgərliyə" deyə Aqil Ağacanov deyib.
 
O, daha sonra həmkarı, Tanya obrazının ifaçısından danışıb.
 
"Tanya ilə məni illər sonra Telman Adıgözəlov "Kinoklub" verilişində görüşdürdü. Məni o vaxt verilişə dəvət edəndə dedilər ki, sənə sürprizimiz var. Fikirləşdim ki, yəqin Tanya olar da. Gəmiqayırma zavodunda çalışırdı, indi təqaüdə çıxıb. İki qız övladı, nəvələri var. Allah canını sağ etsin" deyə sənətçi bildirib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.