Super User

Super User

Günün fotosu: Neft ölkələri milyardlar qazanıblar

 

Səüdiyyə Ərəbistanının əsas neft kompaniyası olan Saudi Aramco öz rekord gəliri barədə məlumat yayıb. Kompaniya ilin birinci yarısında 87, 9 milyard dollar qazanıb ki, bu da ötənilkindən 90 faiz çoxdur. 

Neftin qiymətinin qəfil sıçrayışını Ukrayna müharibəsi və pandemiyadan sonra iqtisadiyyatın dirçəldilməsi şərtləndirib. 

Yeri gəlmişkən, neftin qiymətinin qalxması Azərbaycana da əlavə milyardlar gətirib. 

 

Foto: Euronews

 

“Ədəbiyyat və incəsənət” olay.az-a istinadən xəbər verir ki, sənətçi Bakıdakı məşhur restoranların birində səhnə alıb.

 

O, gecədə populyar mahnılarını səsləndirib. İntizar həm də Azərbaycan mahnısı olan "Qara göz"ü oxuyub.

Dünyaşöhrətli Amerikalı ifaçı Beyons buraxdığı son "Renaissance" albomunda yer alan "I'm That Girl" mahnısının tizer-treylerini nümayiş etdirib. 

 

“Ədəbiyyat və incəsənət” portalı daily.afisha.ru saytına istinadla xəbər verir ki, ifaçı "I'm That Girl" mahnısının klipinin tam videosunu nə vaxt buraxacağı barədə məlumat hələ ki, verməyib. Qeyd edilir ki, tizer-treyler bütün videovintaj effektləri, dəbdəbəli məqamlar və əlbəttə ki, paparazzi çaşqınlığı ilə müşayiət olunur.

Xatırladaq ki, iyulun 29-da Beyons altı ildən sonra ilk albomu olan “Renaissance”ı buraxmışdı ki, bu barədə portalımız məlumat yaymışdı. Buraxılış günü 16 mahnıdan ibarət olan albom Spotify-da dinləmə rekorduna imza ataraq 43 milyon dəfə dinlənilmiş və ilk həftədən bir qədər sonra "Break My Soul" sinqlı Billboard Hot 100 musiqi çartında birinci olmuşdu.

Həqiqətən də Beyonz çox sevilir.

 

Elvin Əlizadə 1993-cü ilin fevral ayında Zəngilan rayonunun Ağalı kəndində dünyaya gəlib.

Həmin ilin oktyabr ayından məlum hadisələrlə bağlı ailəsi Sumqayıt şəhərində məcburi köçkün kimi məskunlaşıb. O, Sumqayıt şəhərinin 25 saylı tam orta məktəbini və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsini bitirib. 2014-15-ci illərdə Beyləqan rayonunda hərbi xidmətdə olub. 2016-cı ildən bu günə kimi Sumqayıtda Əli Kərim adına Poeziya Evində çalışır. Şeirləri məktəb illərindən bu günə kimi dövri mətbuatda çap olunur. 2022-ci ilə “-29” adlı ilk şeirlər kitabı nəşr olunub. Prezidentin illik  təqaüdünə və Gənclər və İdman Nazirliyinin “İlin gənci” mükafatına layiq görülüb.

Elvin Əlizadə Silk Way Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turunun finalçısı və diplomantıdır.

 

 

İlahi, o kənddə nələr var idi...

 

Dünən Zəngilana getmişdim, ata..

Tikdiyin evlərdən əsər yox idi,

Vəhşilik adında əsər var idi..

Otların üstündə əsgər izləri,

Daşların dibində zəfər var idi.

İlahi, o kənddə nələr var idi...

 

Dünən Zəngilana getmişdim, ata!

Nə köhnə yerində şaftalı bağı,

Nə də üzümlükdə üzüm var idi.

Mən ordan çıxanda dil açmamışdım,

Qayıtdım, deməyə sözüm var idi.

Yerdə iməkləyən izim var idi.

 

Dünən Zəngilana getmişdim, ata!

Neçə güllələnmiş başdaşı gördüm.

Evlərin yerində çay daşı gördüm.

Çay nəyə deyirsiz? Enli dərəydi

İçində sevincdən göz yaşı gördüm.

 

Keçdim Babaylıdan, Məmmədbəylidən

Yollar Ağalıya burulur, ata.

Gözü yolda qalan Həkəri ki var

Bulanıq suları durulur, ata.

Deyəcəm bəlkə də inanmıyassan,

Oralar yenidən var olur, ata,

Oralar yenidən qurulur, ata!

 

Dünən kəndimizə getmişdim, ata!

Tikdiyin evlərdən əsər yox idi.

İlahi, o kənddə nələr yox idi. 

 

 

Bayraq

 

Dostların qürur yeri, düşmənlərin göz dağı,

Dalğalan göy üzündə, Azərbaycan bayrağı!

 

Sənə təzim etməkçün düzənliklər dağ olub,

Şəhid qanına batan bu parça bayraq olub!

Sən ən gözəl şeirsən, ən alovlu misrasan,  

Parça dediyim nədir?

- Canımızdan parçasan!

 

Dağımızdan ucasan, daşımızdan ucasan,

Əyilməyən, dik qalan başımızdan ucasan!

Başım üstə yerin var, gözüm üstə yerin var,

Namusunu qoruyan neçə igid, ərin var!

 

Səni Xudafərində görənlər fikirləşir-

Bir Bayrağın altında əbədiyyət birləşir!

Neçə adət-ənənə, mədəniyyət birləşir,

Güneydən quzeyəcən istiqamət birləşir!

Dalğalandığın hər yer Azərbaycan sayılır,

Göy rəngin Göytürklərdən bizə nişan sayılır!

Səndə Demokratiya, Cümhuriyyət birləşir.

Sənin yaşıl rəngindən Azan səsi yayılır.

 

Ay-ulduzlu gecədən doğan bir səhərin var,

Gəlişinə sevinən Şuşan, Kəlbəcərin var!

Sən bu Müqəddəs Günə əmanət qoruyurdun,

Bilirdik, Qarabağda Mübarək zəfərin var!

  

 

Sumqayıt

 

Hamının hər səfərdən geri döndüyü yer var.

Bizi də varlığıyla tamamlayan şəhər var.

Günəşini Xəzərdən salamlayan şəhər var.

Dərdini başqa yerdə ovuda bilmir adam,

Burda öz sevdiyini unuda bilmir adam.

Küçələri upuzun, ayrılıqları qısa,

Qarşılaşır hardasa...

 

Gözəlləşir günbəgün, çiçəklənir ilbəil,

Bu gün dünənki deyil, sabah bugünkü deyil.

Kiçik məhəllələrdən böyük şəhərə dönüb.

Fəhlələrin şəhəri “Möcüzələr”ə dönüb.

Dəqiq xatırlamıram mən o həmin illəri,

Uşaqlığımdan bəri

Bir ağ göyərçin qonub dənizin sahilinə.

Hamı tamaşa edir bu ağ donlu gəlinə

Onu hər an qoruyan, arxasında dayanan

Xəzər adlı qardaşın başının tacıdır o.

Bir ovuc dənin deyil, sülhün, saf məhəbbətin,

Dostluğun acıdır o.

Onu ucaldanların ağarmış saçıdır o.

 

Bu möhtəşəm şəhərin sülh olsa da nişanı

Böyüdü yavaş-yavaş Şəhidlər Xiyabanı.

Böyüdü böyüməmiş, gör necə də böyüdü.

Özü də Göyərçinlə bir həyətdə böyüdü,

bir küçədə böyüdü.

Burda çox şəhidlərə canlı tarix yazıldı.

Şanlı şəhərimizə şanlı tarix yazıldı.

Üstündən əskilmədi böyüklərin nəzəri,

Doğrultdu öz adını:

“İstedadlı  gənc qızlar, gənc oğlanlar şəhəri”-

Qəhrəmanlar şəhəri.

 

Yenə qoruyur səni külüng vuran kişilər,

Həmin əllərdəsən sən.

Nigaran olmasınlar səni quran kişilər,

Əmin əllərdəsən sən,

Əmin əllərdəsən sən !!!

 

 

 

Payız qadın

 

Hava yaman soyuqdur, soyuq baxışlarıntək,

Payız yağışı yağır, sənin göz yaşlarıntək...

Sizin məhəllənizin

yem axtaran sərçəsi,

ac gəzən pişiyi var.

Nə mənim, nə onların isti ev-eşiyi var.

Sizin eyvanın altda üşüyür bir ağac tək,

Mən də təkəm halına yandığım bu ağactək.

Yarpaqlar da sıxılır, elə bil ki, təklikdən.

İntihar eləyirlər hansısa yüksəklikdən.

Yarpaq əgər bezibsə, payız bir bəhanədir...

Eşqi gözdən salmağa ucuz bir bəhanədir.

Hərənin öz sevgisi, inancı, dini olur.

Payız da yarpaqların qiyamət günü olur.

Mən payızı sevirəm, payız da gəlib çıxıb.

Sabah durub görərsən o qız da gəlib çıxıb...

 

Bazar ertəsi, 15 Avqust 2022 12:00

Memar Fuad Seyidzadənin vəfatından 50 il ötdü

 

Uzaq gəncliyimizin unudulmaz dostu... Yaddaşlara həkk olan insan... Əsl kişi ləyaqətli və nəcabətli insan... Gənc, yaraşıqlı və mehriban oğlan... Bakıda 60-cı illər gəncliyinin mütərəqqi rəmzi... Böyüklə böyük, kiçiklə kiçik... Qardaşımdan yaxşısı yox idi...

Görkəmli memar, rəssam, qayğıkeş övlad, qardaş, həyat yoldaşı və ata, gözəl dost, xeyirxah insan Fuad Seyidzadə yaddaşlarda belə qalıb.

 

AzərTAC memar Fuad Seyidzadənin anım günündə dostlarının, tanışlarının xatirələrinə nəzər salmaqla, 34 illik işıqlı ömrün bəzi məqamlarını təqdim edir.

Fuad Seyidzadə 1938-ci il iyunun 16-da Bakıda ziyalı ailəsində anadan olub. Atası Bağır Seyidzadə dövrün ictimai-siyasi və mədəniyyət xadimlərindən biri, diplomat, jurnalist və tərcüməçi idi. Müxtəlif məsul vəzifələrdə çalışmış Bağır Seyidzadə Azərbaycanın ilk kinematoqrafiya nazirlərindən biri (ilk nazir Rəsul Rza, ikincisi Bağır Seyidzadə) olub. Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar yazır: “Atam deyərdi ki, adətən bir işə təzə təyin olunan şəxs çox vaxt özündən əvvəl işləyənə yüz cür irad tutur, olan və olmayan nöqsanları axtarıb tapmağa çalışır. Bağır bir dəfə də olsun buna yol vermədi, əksinə, mənim dalımca danışmağa çalışan bəzi demaqoqların ağzından vurdu. Atası kimi Fuad da eyni nəcib xasiyyətə malik idi”.

Bir müddət Təbrizdə konsul olan Bağır Seyidzadə ailəsi ilə birlikdə İranda yaşayıb. Məktəbə ilk dəfə Təbrizdə gedən Fuad sonralar Bakıdakı 6 nömrəli orta məktəbi bitirib. Ə.Əzimzadə adına rəssamlıq məktəbində oxuyub, Azərbaycan Politexnik İnstitutunun Memarlıq fakültəsinə qəbul olub. 1956-1957-ci illərdə Moskva Memarlıq İnstitutunda təhsilini davam etdirib. Tələbə ikən beynəlxalq müsabiqələrdə iştirak edib, çəkdiyi rəsmlər müxtəlif mükafatlara layiq görülüb. Onun “Sumqayıt - peyk şəhər” layihəsi Kubanın paytaxtı Havanada keçirilən müsabiqədə təltif edilib. Bu uğur institut üçün böyük hadisə idi. Ali məktəbi bitirəndən sonra təyinatla “Azərdövlətlayihə” İnstitutunda işləyib. Az sonra isə Mərkəzi Komitənin təşəbbüsü ilə Bakı Şəhər İcraiyyə Komitəsinin nəzdində yaradılmış Xüsusi Layihə-Smeta Bürosuna rəhbərlik edib, istedadlı mütəxəssisləri ətrafına toplayıb. Arzusu bu büronu geniş profilli layihə institutuna çevirmək idi. O dövrdə respublikaya rəhbərlik edən Heydər Əliyevin tapşırığı ilə İçərişəhərin ərazisi məhz Fuad Seyidzadənin rəhbəri olduğu büroya həvalə olunub. Bakı şəhərinin dizaynı ilə də bu büro məşğul idi.

Əməkdar memar Rasim Əliyev (1934-2021) yazırdı: “Keçmiş SSRİ-nin bir çox şəhərlərində tikilən mehmanxana və restoranlar məhz Fuad Seyidzadənin layihələri əsasında həyata keçirilmişdi. Heydər Əliyev Fuadı çox sevirdi. Biz əvvəlki mənzilimizdə yaşayanda Heydər Əliyev bizə tez-tez gəlirdi. Fuadı da bizdə görmüşdü. O, istedadlı insanları çox sevirdi. Sonrakı illərdə həmişə Fuad Seyidzadəyə diqqət və qayğı göstərirdi”.

Azərbaycan memarlığının inkişafında səmərəli xidmətləri olan Fuad Seyidzadə qeyri-adi istedada, yüksək bədii zövqə, yaradıcı təxəyyülə malik idi. Xalq rəssamı Tahir Salahov (1928-2021): “O, dünyaşöhrətli memarlardan Nimeyerin, Le Korbuzyenin, Kenzo Tanqenin yaradıcılığına bələd idi. Joltovskini, Vlasovu, Lukini öyrənmişdi. Eyni zamanda, Azərbaycanın istedadlı, gözəl memarları Mikayıl Useynov, Sadıq Dadaşovla yaxından tanış idi. Yəni o, həm milli, həm də dünya memarlıq incəsənətinin bütün palitrasını dərindən bilsə də, ilk növbədə, çoxəsrlik Azərbaycan memarlığının vurğunu idi. Bu mənada keçmişlə bu günü birləşdirmək, sintez etmək onda çox gözəl alınırdı. 

Fuad Seyidzadə çoxəsrlik Azərbaycan memarlığına məkanın, həcmin və müstəvinin müasir tərzdə dərk olunması anlayışını gətirdi, bütün arxitektura elementləri arasında əlaqəni diqqətlə yoxlayaraq onları ahəngdar şəkildə və ümumilikdə qızıl hissənin klassik nisbətləri ilə birləşdirdi”.

Gənc memar layihələrində novatorluğa, yeni ideyalara meyil göstərərək klassik, milli, modern üslubların vəhdətinə nail olmağa çalışırdı. O zaman SSRİ-nin bütün respublikalarında evlər eynitipli layihə üzrə tikilirdi. Bu standartlardan çıxmaq üçün memarlar çox çətinlikləri dəf etməli idilər. Fuad Seyidzadə belə bir şəraitdə memarlıq sənətinə gəlmişdi. Bakıda mikrorayonların layihələndirilməsini hazırlayan ilk memarlardan biri Fuad Seyidzadə olub. Onu institut illərindən tanıyan Həsən Həsənov yazır: “Fuadın əsas məqsədi bu idi ki, evlər məhəllə-məhəllə tikilsin, hər məhəllənin öz servis sistemi olsun, məktəbi, uşaq bağçası, mağazası, məişət xidməti olsun və sakinlər özlərini rahat hiss etsinlər. Mikrorayonlar bu qayda ilə tikilirdi. Əfsuslar olsun ki, bu, sona qədər davam etmədi”.

Fuad Seyidzadə rəssamlarla, heykəltaraşlarla birgə çoxlu iş görür, axtarışlarını davam etdirirdi. İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlı döyüşçülərin xatirəsini əbədiləşdirmək üçün Sevastopolda ucaldılmış Sapundağ abidə kompleksi heykəltaraş Ömər Eldarovla birgə işin məhsuludur. Sankt-Peterburqda tikilmiş “Bakı” restoranı (Oleq İbrahimovla birgə), habelə heykəltaraş Tokay Məmmədovla memar-dizayner kimi həyata keçirdiyi layihələr zəngin sənət duyumunun ifadəsidir. Tokay Məmmədovun (1927-2018) xatirələrindən: “Fuad çox incə təbiətli, yüksək zövqlü, mən deyərdim ki, təbii zövqlü insan idi. Məsələn, bəzi insanlar mütləq musiqi duyumuna malik olduğu kimi, o da mütləq zövqə malik idi. Eyni zamanda, o, hər şeyi böyük peşəkarlıqla yerinə yetirirdi. Bu, çox vacib məqamdır”.

Dünya memarlığının nailiyyətlərini dərindən bilən F.Seyidzadənin layihələri orijinallığı ilə seçilirdi. Xalq rəssamı, tanınmış heykəltaraş Fuad Salayev yazır: “O, “köhnə Bakı”ya vurulsa da, paytaxtın yeni simasını yaratmaq ideyalarına can atan memar idi. Yeni düşüncəli insan idi: yüksək zövq, məkanın orijinal, “təzə” görünüşü. Yeni fikirlərlə coşub-daşırdı. Qərbə və Şərqə səfərlərində gözəlliyə heyran olurdu. Bakını da yeni, gözəl meydanlarla, küçələrlə, müasir yollarla görmək arzusunda idi”.

Azərbaycanın rayonlarında tikilən qonaq evləri, Bakıda funikulyor qarşısındakı meydan (heykəltaraşlar Q.Sücəddinov və A.Mustafayevlə birgə), Rəsul Rzanın, Tahir Salahovun, İran səfirinin bağ evləri F.Seyidzadənin zəngin təxəyyülündən xəbər verirdi. Sənət dünyasındakı ilk addımları elə mətin və uğurlu olmuşdu ki, yaşlı həmkarları da gənc memarın nailiyyətlərindən qürur duyurdular. Bacısı Dilarə xanım: “Daim öz üzərində çalışır, mütaliə edirdi. Nə qədər jurnallara abunə olmuşdu. Fransaya səfəri zamanı oradan özünə yalnız Le Korbuzyenin albomunu alıb gətirdi. Həmişə deyirdi ki, Nyu-Yorku yaradan Le Korbuzye oldu, Barselonanı yaradan Qaudi oldu”. 

Ümumiyyətlə, Fuad Seyidzadə hərtərəfli istedada malik insan idi. Bu istedad isə onda çox erkən özünü göstərmişdi. O, uşaqlıqdan rəssamlığı çox sevib və bu sahədə ilk dərslərini atasından alıb. Hələ orta məktəbdə çəkdiyi rəsmlərini Xalq rəssamı Mikayıl Abdullayev bəyənib, onun rəyinə əsasən, Fuad rəssamlıq məktəbində birbaşa ikinci kursa götürülüb. Onun rəsmlərində həyat gerçəkliyi əlvanlığı ilə əks olunmaqla yanaşı, duyğu və düşüncələri də rənglərin dili ilə ifadə olunub. Orta məktəb illərində musiqi təhsili də alan Fuadın bu sahədə güclü duyumu maestro Niyazinin diqqətini çəkib. O, Bağır Seyidzadəyə təkid edirmiş ki, oğlu dirijorluq sənətinin arxasınca getsin. Fuad Seyidzadə Qərbin dahi bəstəkarlarının – Motsartın, Baxın, Listin əsərlərini sevə-sevə ifa edirdi. O, 60-cı illərdə xüsusilə dəbdə olan caz musiqisinin vurğunu idi, lakin qəlbində ən böyük yeri yenə də muğam və xalq mahnılarımıza ayırırdı. Ürəyinə yatdığı mahnıları fortepianoda gözəl improvizə ilə ifa edirdi. Xatirələrdən məlum olur ki, Fuad görkəmli cazmen Vaqif Mustafazadə ilə də dostluq edib. Xalq yazıçısı Elçin: “Vaqif o zaman “Araz” kinoteatrındakı orkestrdə piano çalırdı. Fuadla kinoteatra gedib, Vaqifi gözləyə-gözləyə konsertə qulaq asırdıq, sonra da şəhərə gəzməyə çıxırdıq. Bəzən “Yeni Avropa” mehmanxanasının (indiki “Lukoyl” ofisi) ikinci mərtəbəsində restoranın yanındakı bufetə girirdik. 1960-1970-ci illərdə Ələsgər dayının o bufeti Bakıda ədəbiyyat, sənət adamlarının xudmani bir klubuna çevrilmişdi”.

Bəstəkar Aqşin Əlizadə (1937-2014): “O vaxtlar Fuad üçün bir mahnı yazmışdım. Təcrübəm az idi, mahnını axıra çatdıra bilməmişdim. Mahnının sonunu Fuad özü tamamladı. Sonralar həmişə mənə baxıb gülə-gülə o mahnını oxuyardı. Mənə də ləzzət eləyərdi”.

Fuad Seyidzadə yaddaşlarda, həmçinin çox xeyirxah insan kimi qalıb. Həmişə gülümsəyərdi, ucadan danışmazdı – bütün bunlar onun ziyalılığından, yüksək intellekt sahibi olmasından, tərbiyəsindən irəli gəlirdi. Böyüyün-kiçiyin yerini bilməsi, özünəməxsus cazibəli xüsusiyyətə malik olması Fuadı hamıya sevdirirdi. Xalq artisti, görkəmli kinorejissor Eldar Quliyev (1941-2021): “O, həm də necə deyərlər, “böyüklə böyük, kiçiklə kiçik” idi. Onu sevirdilər, ona hörmətlə yanaşırdılar, onun fikirlərini yaşlı nəsil də nəzərə alırdı. Mən bilirəm ki, Mikayıl Useynov, atam Tofiq Quliyev ona necə hörmət və məhəbbət bəsləyirdilər”.

Gənc memar elə bir mənalı və parlaq ömür sürüb ki, haqqında söylənilən xatirələr həm də həmin dövrün gəncliyi barədə geniş təsəvvür yaradır. Həmyaşıdları onu Bakının 60-cı illər gəncliyinin mütərəqqi rəmzi adlandırırdılar. Xalq şairi, dramaturq Vaqif Səmədoğlunun (1939-2015) xatirələrindən: “60-cı illərin ikinci yarısında, 70-ci illərdə gənclər arasında çox böyük iş aparılırdı. Gənclər klubu yaradılmışdı, gənclərin görüşləri keçirilirdi. Bütün bu məsələlərdə ən fəal iştirak edən isə Fuad Seyidzadə idi. Bu görüşlər o qədər maraqlı, o qədər sərbəst şəraitdə keçirdi ki, saatdan xəbər tutmurduq. Çox qəribədir ki, professionallar ola-ola, professional rejissorlar, yazıçılar, ssenariçilər ola-ola bu klubdakı görüşlərin, toplantıların ssenaristi də, rejissoru da memar Fuad Seyidzadə olurdu”.

Xalq yazıçısı Elçin: “60-cı illərdə Bakının “Torqovı” küçəsi indiki mobil telefonların, internetin işini daha istiqanlı görürdü, gənclər arasında daha məhrəm və mehriban ünsiyyət yaradırdı. “Torqovı” axşamlar orada gəzməyə çıxanların və hamısının da heç olmasa sifətdən bir-birini tanıdığı cavanların sosial mənşəyindən asılı olmayaraq, Bakının kübar sifətinin göstəricisi idi... Fuad Bakının ən yaraşıqlı, dəblə geyinən, sayılıb-seçilən cavanlarından biri idi və o zaman – 60-cı illərdə Bakının ən gözəl qızı ilə görüşürdü və bu da “Torqovı” ab-havasına, “Torqovı” aurasına xüsusi kolorit verən faktlardan biri idi”. 

Xatirələrdən o da məlum olur ki, ötən əsrin 60-cı illərində yaradıcılığın bir çox sahələrində yeni ab-hava başlanmışdı. Həmin illərin istedadlı gəncləri yenilik həvəsi ilə yaşayıb-yaradırdılar. Onların yenilik axtarışı ədəbiyyat, musiqi, rəssamlıq, memarlıq sahələrində dəyərli əsərlərin yaradılması ilə nəticələndi. Öz peşəsini sevərək insanlara xidmət etmək bu insanların başlıca amalı idi. Onlar hamısı bir-birinə formalaşmaqda kömək edir, bir-birinin seçdiyi ixtisasa çox böyük hörmətlə yanaşırdılar. Onlarda nə paxıllıq, nə də intriqa var idi. Onlar 60-cı illərin övladları idilər. Vaqif Səmədoğlu (1939-2015): “Bakıda, Azərbaycanda bir qrup ziyalı gənc eyni amala, hərə öz sənətində eyni məqsədə xidmət etdiyi üçün bir-birlərindən yapışdılar”. 

Memar, rəssam, musiqişünas, fəlsəfənin, ədəbiyyatın, kino sənətinin dərin bilicisi... Bütün bunların ucalığında dayanan isə Fuad Seyidzadənin işıqlı şəxsiyyəti idi. Xalq rəssamı Toğrul Nərimanbəyovun (1930-2013) xatirələrindən: “O zaman mən böyük tarixi əsəri tamamladım və azərbaycanlı qəhrəmanın təsviri üçün mənə müasir obraz lazım idi. Mənim prinsipim belədir: əgər tarixi şəxsiyyəti çəkirəmsə, onda mən həmin obrazda müasir konkret insana əsaslanmalıyam. Məhz Fuad öz görkəmində və daxili aləmində məqsədyönlülüyü və romantikanı cəmləyirdi və mən öz qəhrəmanımı onun timsalında seçdim”

Akademik Ömər Eldarov, Xalq artisti Fərhad Bədəlbəyli, habelə memarlar Yusif Qədimov, Rüfət Şərifov, Adil Muxtarov, Rafiq Behbudov, heykəltaraş Qorxmaz Sücəddinov və başqalarının xatirələrində Fuad Seyidzadə cavan, ciddi baxışlı, düşüncəli və işıqlı siması ilə dəyişməz qaldı.

Valideynlərini çox sevən Fuad ailədə qayğıkeş övlad, qardaş idi, ər və ata idi. O deyirdi: “Atamız ağlımız, anamız qəlbimizdir”. Bağır Seyidzadə və Qeys xanım övladlarını həm sevir, həm də onların bilik qazanması üçün tələbkarlıq göstərirdilər. Bu ailədə valideynlər arasında böyük sevgi, səmimiyyət, uşaqların tərbiyəsində çox böyük birlik var idi. Bağır Seyidzadə deyirdi ki, mənim dayağım mənim xanımımdır. Bütün bunların övladların tərbiyəsinə, həyat tərzinə çox böyük təsiri olub. Bacısı Dilarə xanıma məktubları Fuadın daxili dünyasından, həyata nikbin baxışından xəbər verir: “Orada mənim bütün dostlarıma məsləhət gör ki, əgər işləri qaydasında getməsə əyləşsinlər, şirin çay içsinlər və ikinci oktavanın re-diyez notunu aşmadan 3-4 saat sakitcə söhbət etsinlər. Qoy, onların şüarı belə olsun: əgər yaşından, xasiyyətindən, dünyagörüşündən asılı olmayaraq bütün insanlar hər bir hərəkətdən əvvəl əyləşsələr, fikirləşsələr, səmimi söhbət etsələr, hövsələsiz olmasalar və insana o qədər də xas olmayan rəzil duyğuları bir kənara qoyub ona daha çox xas olan nəciblik və qarşılıqlı hörmət hissini rəhbər tutsalar, onlar xoşbəxt olacaq. Belə yaşamaq düzgün olacaq”. Bu fikirlər, eyni zamanda, yazıb-yaratmaq qabiliyyətinin göstəricisidir. Axı, onun atası Bağır Seyidzadə görkəmli jurnalist, sözün qədir-qiymətini bilən gözəl tərcüməçi idi. 

Fuad Moskvada aspiranturada oxuyan bacısı Dilarəyə uzaqdan-uzağa olsa belə mənəvi dəstək olurdu. Ona ünvanlandığı məktublarından birində yazırdı: “Biz səhərəcən işdə qalanda - səhər saat 6-da dan yeri söküləndə, Baxın Passakaliya əsərinə qulaq asanda, bir 15 dəqiqə özümüzə istirahət verəndə, inan ki, biz insanlara, həyata dəhşətli bir sevgi-məhəbbət hiss edirik. Görünür ki, “İş insanın cövhəridir” anlayışı tamamilə doğrudur. Biz adətən əməyin bizə ruhən nə verdiyinin fərqinə varmırıq. Ancaq bu fərqi görəndə isə çox xoşbəxt oluruq. Bunu sənə - mənim üçün sevimli və əziz olan insana da arzu edirəm. İnanıram ki, belə də olacaq”. Bu sətirlər 26 yaşlı Fuadın zəngin mənəvi aləmindən xəbər verir. Bacısı Dilarə xanım deyir: “Müasir ruhlu insan idi. Eyni zamanda, onda çox böyük sintez var idi: Avropa və Şərq. Bütün bunlarla yanaşı, əsl Azərbaycan övladı idi, vətənpərvər idi”. 

Tarix elmləri doktoru, professor Dilarə Seyidzadə üçün Fuad həm qardaş, həm dost, ən başlıcası ideal idi: “Lap uşaqlıqdan tələbəliyinə qədər hamıdan seçilirdi. Çox hissiyyatlı, duyğulu, uzaqgörən idi. Yüksək zövqü vardı. Təbiəti çox sevirdi. İndi də ondan yadigar qalmış rəsm əsərlərinə baxanda ürəyim titrəyir. Xatırlayıram ki, Fuad bu əsərləri hansı məqamda işləyib. Həyatım boyu mən bu qədər nikbin, işıqlı adamla rastlaşmadım. Bütün kədərimin, xiffətimin içində həmişə onun işıqlı sifətini yada salıram. Oğlu Ülvi eynən özüdür. Hələ balaca nəvələri, adını daşıyan Mir Fuadı, Mir Musanı sinəmə sıxanda keçirdiyim hissləri ifadə edə bilmirəm. Elə bil onda dünyamı işıq bürüyür. Qaranlıqlar yox olur. Fuad o qədər nurlu əməl sahibi idi ki, aramızda olmasa da, həmişə o işığı parlayan görürəm”.

Ülvi Seyidzadə isə atasını tanıyan insanlardan “Adam da atasına bu dərəcədə oxşayar?!” sualını tez-tez eşidir. O deyir: “Atam Fuad Seyidzadə həyatdan çox erkən köçdü. Onun cəmi 34 yaşı var idi. O, mənə, yeganə övladına zəngin irs – xeyirxah işləri ilə qazandığı ad və nurlu xatirə qoyub: atamı tanıyanların hamısı onun yaxşı dost və böyük estet olduğunu söyləyir”.

Azərbaycan mədəniyyətində, memarlığında, təsviri sənətində orijinal dəst-xəti ilə əbədiləşən görkəmli sənətkar haqqında xatirələrdən bu qənaətə gəlmək olur ki, Fuad Seyidzadənin ömrü qısa olsa da, yaradıcılığının miqyası çox geniş idi. Sinəsində coşan arzuları onu çox zirvələrə aparacaqdı. Lakin bütün arzular və ümidlər bir yay günü qırılır – 1972-ci il avqustun 6-da şənbə günü Nabranda istirahət edən oğlu Ülviyə baş çəkməyə gedərkən Xaçmaz yolunda Fuad qəzaya düşür. Heydər Əliyevin tapşırığı ilə hadisə yerindən vertolyotla Bakıya gətirilir, həkimlərin bütün səylərinə baxmayaraq, avqustun 14-də dünyasını dəyişir.

“Fuad gənc yaşlarında faciəli şəkildə həlak olmasaydı, o, şəhərimiz, ölkəmiz üçün neçə-neçə binalar, istedadlı işlər yaradardı”, - fikrini isə onu tanıyanların hamısı təəssüflə söyləyir.

Keçən əsrin 60-70-ci illərində tikilən eynitipli binaları xoşlamayan Fuad Seyidzadə bu gün Bakıda inşa olunan müasir, hündürmərtəbəli binaları görsə idi, qəlbi fərəhlə dolardı. Fuad Seyidzadə Azərbaycanı çox sevirdi. O, bütün yaradıcı fəaliyyətində Azərbaycanı təbliğ edir, Vətənə, doğma yurda məhəbbətini əks etdirirdi. Fuad Seyidzadə Azərbaycanı azad və yüksək inkişaf edən diyar kimi görməyi arzulayırdı. Bu gün Azərbaycan müstəqil, yüksək səviyyədə inkişaf edən, inamla addımlayan dövlətdir. Arzu edirik ki, Fuad Seyidzadənin oğlu və nəvələri xoşbəxt və firavan yaşasınlar.

 

 Hindistan əsilli britaniyalı yazıçı Salman Ruşdi IVL aparatına qoşulub və çox güman ki, bir gözünü itirəcək – bu barədə “Ədəbiyyat və incəsənət” portalı New York Times qəzetində yazıçının agentinin yayılan məlumatına istinadən xəbər verir.

 

Ötən günlərdə Nyu-York ştatının qərbində ictimai təşkilatda mühazirə oxumağa hazırlaşan dünyaşöhrətli müəllifə bıçaq hücumu olması barədə xəbər yaymışdıq. Ruşdi boyun və qarın yarası alıb. Tədbirin aparıcısı isə başından  zədələnib.

Mühafizəçi, eləcə də zalda olan insanlar sui-qəsdçini yaxalamağa kömək ediblər. Hüquq-mühafizə orqanlarının məlumatına görə, söhbət 24 yaşlı Nyu-Cersi sakini Hadi Matardan gedir. O, müsəlmandır.

Ruşdinin ünvanına bir neçə onillik ərzində hədə-qorxu gəlirdisə də, Nyu-York polisinin nümayəndəsi Yucin Stanişevskinin sözlərinə görə, cinayətin motivləri barədə hələ nəsə danışmaq tezdir: "Biz Federal Təhqiqatlar Bürosu və Ofis Şerifi ilə birlikdə vəziyyəti aydınlaşdırırıq".

Halbuki, hamıya gün kimi aydındır. Yazıçı tutduğu suçun bədəlini ödəməkdədir.

75 yaşlı Salman Ruşdi "Gecə yarısı uşaqları", "Utanc", "Mavrın vida ahları" kimi romanların müəllifidir. Onu təqibə uğradan isə məşhur “Şeytan ayələri” romanıdır. Tənqidçilərin magik realizm janrına aid etdikləri "Şeytan ayələri" adlı bestseller İranda, eləcə də əsərin küfr elan edildiyi Hindistanda -  yazıçının doğma ölkəsində qadağan edilib. 1989-cu ildə İranın ali dini lideri Ayətulla Xomeyni hətta inanclıları yazıçıya divan tutmağa çağırıb. İranın dini təşkilatlarından biri isə Ruşdinin öldürülməsinə görə 3 milyon dollardan çox qonorar təklif edib.

Rüşdi həmin əsərində Məhəmməd peyğəmbəri aşağılamışdı. Allahın lənətinə gəlmiş bu insan indi kor olacaq. Bundan sonra da onu yaxşı heç nə gözləyən deyil. Müqəddəsliyə çamur atanların aqibəti dəhşətli olur.

 

  

В адрес Рушди поступали угрозы на протяжении нескольких десятилетий. По словам представителя полиции Нью-Йорка Юджина Станишевски, ещё рано делать выводы о мотивах преступления: "Мы выясняем обстоятельства совместно с ФБР и офисом шерифа".

75-летний Салман Рушди  автор романов "Дети полуночи", "Стыд", "Прощальный вздох мавра". Его бестселлер "Сатанинские стихи", который критики относят к жанру магический реализм, был запрещён в Иране, а также родной стране писателя Индии, где произведение сочли богохульным. В 1989 году верховный лидер Ирана аятолла Хомейни призвал к расправе над писателем. Одна из религиозных организаций Ирана предлагала более 3 миллионов долларов за убийство Рушди.

 

 

 

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi (AJN) “Şuşa İli”nə həsr olunan layihənin icrasına başlayıb. 

 

AzərTAC xəbər verir ki, Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Erməni işğalı nəticəsində Şuşanın maddi-mədəni irsinin talanması və təhsil ocaqlarının dağıdılması” layihəsi çərçivəsində ikihissəli sənədli film istehsal olunacaq. Bu layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin qalibidir.

Layihənin əsas məqsədi işğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərəri göstərmək üçün iki hissəli sənədli film hazırlamaqdır. Hazırlanan filmlərin həm yerli ictimaiyyətə, həm də beynəlxalq auditoriyaya təqdimatı nəzərdə tutulur. Bu məqsədlə filmlər Azərbaycan dilindən savayı, subtitrlərlə həm ingilis, həm də rus dillərində hazırlanacaq.

Qeyd edək ki, ikihissəli sənədli filmin əsas mövzusu Şuşada məktəblər və tədris mərkəzləri, həmçinin Şuşada mövcud olmuş mədəni mühit və mədəniyyət abidələri barədə olacaq.

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla “Güneydən gələn səslər” rubrikasında bu gün sizi Zaman Paşazadənin şeirləri ilə tanış edəcək. Bəri başdan deyək ki, lövhələr yaratmaq ustası olan Zamanın bu şeirləri sizləri təəccübləndirəcək.

Qeyd edək ki, güneyli soydaşlarımızın orfoqrafiyasına toxunulmamışdır.

 

 

Zaman Paşazadə Xiyav əsillidir, 1979-cu ildə Kərəc şəhərində dünyaya göz açmışdır, elə uşaq çağlarında atasının işdən təqaüdə çıxdığına görə bir daha Xiyav şəhərinə dönmüşlər. Zaman 2005-ci ildə işi ilə bağlı Muğanın Parsabad şəhərinə köçmüşdür. Muğanda bir neçə dövrə Şəhriyar ədəbi dərnəyinin mərkəzi şurasının üzvü olaraq dərnəyin müdərrisi vəzifəsində çalışmış, bir neçə ədəbi yarışma, o cümlədən Mələkan şəhərində qurulan Yaylıq nəşriyyatının ədəbi yarışmasında seçilmişdir. Sonralar isə bir neçə ədəbi yarışmanın juri heyəti çərçivəsində öz ədəbi çalışmalarını davam etdirmişdir. 2020-ci ildə Zaman Paşazadənin ilk şeirlər toplusu “Aynada öl-dirilmək” ünvanıyla ışıq üzü görmüşdür.

 

 

 

SSENARİ ŞEİR

İNTİHAR

 

Kağızların üzərində uyumuşkən yazıçı,

Romandan baş qaldırıb çıxdı karakter

Divardan asılmış tüfəngi götürdü

Taraq

İntihar etdi…

Dik atıldı yazıçı

Qələmi götürüb beləcə bitirdi:

Divardan asılmış tüfəngi götürdü

Taraq

İntihar etdi…

Diskindi qəzetlər

Beləcə titr vurdular:

Divardan asılmış tüfəngi götürdü

Taraq

İntihar etdi…

Diskindi oxucu

Divardan asılmış tüfəngi götürdü

Taraq

İntihar etdi…

 

  

SSENARİ ŞEİR

DOĞUM

 

İçəri – gecə - doğum evi

Işıq izinsiz cumur gözlərimizə

Yenicə göz açmış kameradan zillənirik divardakı saata

Saat iyirmi dördü tələsir…

 

İçəri – gündüz – doğum evi

Çeşidli açıdan üzümüzə zillənir kameralar

Yaxınlaşdıqca dodaqları yekəlir

Öpülürük

Öyülürük

Öööö

Burnumuzdan gəlir ana südümüz

Zaman ağzımızın ağuz zamanı.

 

Mavi boyalı istamp güpsənir ayağımızın altına

Qaçarsaq, mavi, mavi, mavi qaçacağıq ağ döşəmələrin üzərində

Qaçarsaq, doğum evinin kameraları arxamızca qaçacaq…

 

Yoxlanılır təməl hüceyrələrimiz

Yoxlanılır sağlamlığımız

Yoxlanılır sağmallığımız

Yoxlanılır varlıq.

 

Içəri – gecə - ev

Zillənirik divardakı saata

Ağ bir pişikdir ağzını açmış bullayır sarğacını

Hipnoz edir gözlərimizi gedib-gələn quyruğu

Saat iyirmi dörd…

Geri, geri, geriyə dönür film

Kameralar itir dumanda.

Zamansız – içəri – iç

Cənində bir budda heykəliyik

Boynumuz da göbək bağından bir boyunbağı

Ayağımızın altında doğum çarpayısı

 

 

KLAUSTROFOBİYA

 

Qapıdan içəri keçən əşyaları alkollayıramsa

Pəncərədən sızan hər bir şeyi

Quşların səsini

Çiçəklərin qoxusunu

Havanı

Və uzaq keçmişdə öpüşdüyümü xatırlayıb alkollayıramsa

Fikir vasvasılığı deyil

Ardı kəsilməyən faciələrin normal qorxularıdır.

Hələ ayaqla görüşmək nədir ki,

Plastic geyimlə izolə sevişmək ehtimalı da var.

 

Bütün gücsüzləşdirən ölümcül viruslardan

Öldürməyib də gücləndirən kabuslara qədər

Dünya sonu sinemasının ssenari qaynağıdır qorxularımız.

Biz möcüzələrə inandığımız yerdə

Tanrının şapkasından bir dovşan çıxıb dişlərini ağardır

Acizliyimiz möcüzələrdən daha böyük

İnanmaq kələməsi daha kiçikdir.

 

Biz qum saatının boğazında ilişən nisbilik nəzəriyyəsiyik

Biz hər səhər tanrının ümidi ilə yuxudan durub,

hər gecə ateist giririk yatağımıza

Bütün günü yuxuda gördüyümüz dörd divarı unutmağa çalışırıq.

İndi gəl “Evdə qal” çağırışına ləbbeyk de

İndi gəl qərəntinə trendinə qoşul

İndi gəl klaustrofobiyanı açıqla polislərə

Çörək klaustrofobiyası

Ev kirası klaustrofobiyası

Leylanın gözlərinin klaustrofobiyası

İndi gəl evdə qal və bütün fobiyalara yolux.

 

Gəlin, tanınmamaq üçün maskalarımızı taxaq, əziz vətəndaşlar

Çünki “taclı adam yeyənlər” əli silahlı gəzir şəhərdə

Çünki ölüm maskalılara toxunmur.

 

Bir gün tanrı da yer kürəsini billiard topu kimi qara dəliyə salıb

Maskasını götürəcək üzündən

Biz o zaman tanıyacağıq tanrını

Və oyun bitəcək.

 

 

SADƏCƏ SƏN BİLİRSƏN…

 

Indi yerin boş olsa da

Önümdəki oturacaqda kapşenimi çiyninə atmışam

Və əllərimi gözlərində qızdırıram.

 

Sadəcə mən bilirəm bu kafedə gözlərinin rəngində bir içki serv olur

Yoxsa çoxları qəhvəni şəkərsiz içir.

Yoxsa çoxları Jak Brelin “məni tərk etmə” mahnısını

qəhvə ilə qarışdırır

mənasını bilmədən

Sadəcə sən bilirsən bütün mənaları

Və bir an öncə tərk etdin kafeni.

Sadəcə sən bilirsən taksilər yolları qısaltmaq deyil,

hadisə yerindən uzaqlaşmaq üçündür.

Sadəcə sən bilirsən caddələr gəlmək deyil,

tərk etmək üçündür.

Sadəcə mən bilirəm

Daha Sezen get mahnısını mələməyəcək

Get

Deyəcək

Get…

Amma hardasa, ürəyinə quraşdırdığım saatlı bomba partlayıb

Düyünlü yumruğunu barmaq-barmaq parçalayacaq

Və görüşə uzanacaq əlin.

 

İndi yerin boş olsa da

Gözlərinin rəngi üstümə dağılmış

Və kapşenimin cibini axtarır polislər.

Sadəcə sən bilirsən mən özümü öldürməmişəm

Və qatil soyuqqanlılıqla uzaqlaşır taksidə.

 

 

 

 

 

EVƏ QAYIDIRDIM…

 

Günəş saçmalamağa başladı

Durub özümü oyaqlığa vurdum

Məxmər darıxmalarım əynimdəykən şəhərə çıxdım

Nəbzini yoxladım

Hələ də yanıb-sönürdü trafik ışıqları

Bəlkə də inqiza tariximizi alnımızda yanlış oxumuşdu Nostradamus

Bəlkə də inqiraz tariximizi ertələmişdi Zeus

Öz yarasını yalayan pişik kimi idi şəhər

Divarlarında yazılan şeirdən bunu sezmək olurdu:

“Dinozavrların öldüyü çağda

Peyğəmbər yoldaykən

Mən sənin şairin idim.”

Neft dəkəllərinin zambi dişləri torpağa batıb-çıxdıqca

şeirə dolmuşdu

Bəraheni

Neft dəkəllərinin dalından

dinozavrların ölüm mədlulunu çıxarmışdı.

Amma unutmuşdu şairlərin nəsli kəsildikdə şeir doğulur

Özgürlüyə çıxır kələmələr.

Unutmuşdu Təbriz dəlixanalarında divarlarla öpüşən dəlilər

Ağrılarını öpüşlə yazırlar.

 

Amma Təbriz öz quyruğunu çalan ilan kimidir

Dolanbac küçələrində dolanıb özümlə qarşılaşarkən bunu anladım

Mən “Düşmənsiz bir savaşçı

Özümdən bir düş-mən kopiyalayıb savaşdım.”

Özümü uzaltdım bulvara

Nəbzimi yoxladı narkoman bir kişi;

Quş dedi quşsan rahatlayacaqsan

Barmağımı saldım boğazıma

Bir quş çıxartdım

Uç dedim, uçsan rahatlayacaqsan

Baxıb gülürdü şəhər

Durub özümü ağıllılığa vurdum

Pambıq dəliliyim əynimdəykən

Evə qayıdırdım…

 

 

Şənbə, 13 Avqust 2022 15:00

Bu dünyadan bir Abay keçib…

Türk dünyasının tanınmış adamı Abay Kunanbayevin 177-ci ildönümünə aid bir neçə ştrixlər

 

Xəbər verdiyimiz kimi, Türk dünyasının tanınmış fəlsəfi fikir adamı Abay Kunanbayevin 177 yaşı  tamam olub. Bu münasibətlə Qazaxıstanın  ölkəmizdəki  Fövqəladə və Səlahiyyətli səfiri Serjan Abdukərimov  azərbaycanalı abayşünaslar və abaysevərlərlə görüş keçirib. Abay Kunanbayevin Binəqədi rayonunda adını daşıyan  küçədəki  memorial lövhənin qarşısında xatirəsi böyük ehtiramla yad edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portal həmin gün – avqustun 10-da informasiya təqdim etmişdi. İndi daha geniş reportajı diqqətinizə çatdırırıq.

Öncədən qeyd edək ki, tədbirin həm rəsmi, həm musiqili hissəsi gözəl təşkilatçılığı və maraq kəsb etməsi ilə yadda qalıb. Qazaxıstanın ölkəmizdəki  Fövqəladə və Səlahiyyətli səfiri Serjan Abdukərimov tədbiri açaraq qazax xalqının Abay Kunanbayevlə fəxr etdiyini, onun yazıb qoyduğu ədəbi irsinin bu gün qazax xalqı üçün mənəvi istinad yeri olduğunu söyləyib. Eyni zamanda qeyd edib ki, Abayın ədəbi irsi bütün türk dünyası üçün önəmlidir, Abay yaradıcılığı bütün türkdilli xalqları, ölkələri bir-biri ilə dost edib. Diplomat eyni zamanda qardaş Azərbaycan xalqına Abay şəxsiyyəti və Abay irsinə göstərdiyi diqqətə, sevgi və hörmətə görə  minnətdar olduğunu  bildirib. Abayın əsərlərinin son illərdə Azərbaycanda, Türkiyədə, Özbəkistanda çap olunmasının Türkdilli Dövlətlərin Birliyi yolundakı əhəmiyyətindən, Abayın  təkcə türk xalqlarına deyil, bütün insanlığa məxusus olduğundan danışıb. 

Görüşün ikinci hissəsi Bakının Dənizkənarı Bulvarında qurulan Qazax çadırında davam edib. Burada tanınmış azərbaycanlı tarixçi, publisist və teoloq Teymur Atayevin “Abay möhtəşəmliyi və XXI əsrin  fəlsəfi fikir adamının portretinin yaranmasına cəhd”  kitabının təqdimatı olub. Tədbirin musiqili hissəsində Abay Kunanbayevin sözlərinə yazılmış mahnılar və musiqilər səslənib. İtaliyanın  Turin şəhərində təhsil alan həmyerlimiz Əli Övsəl dombrada Abay musiqilərini ifa edib.

Qazax çadırında qonaqlar Qazaxıstanın görməli yerləri, iqtisadiyyatı, mədəniyyəti və tarixinə aid  bol məlumatlı sərgilərə baxıblar. Eyni zamanda Qazax çadırının necə qurulması və əhəmiyyəti haqqında qonaqlara məlumat verilib.  Qazax süfrəsinin təamları da qonaqlara təqdim olunub.

Bəli, dünyamızdan böyük bir qazax oğlu – Abay keçib. İzləri isə illər ötsə belə təzətər qalacaq.

Fotolar Serikbol Koşmaqambetovundur.

Bu gün - 13 avqust 2022-ci ildə, saat 11-də Qubadakı “Azərkitab” kitab mərkəzində AYB Quba bölməsi Əmir Pəhləvanla görüş keçirəcək. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına AYB Quba bölməsindən məlumat verilib.

 

Əmir Pəhləvan müasir Azərbaycan ədəbiyyatının  və kino sənətinin görkəmli nümayəndəsi, Qazaxıstan, Qırğızıstan və Şimali Kipr respublikalarının Dövlət mükafatlarının, eləcə də digər fəxri titulların laureatıdır.  

Əmir Pəhləvan "Fransız", "Qarabağ şikəstəsi", "Spasibo", "Qız qalası" adlı bədii filmlərinin, "Bakı nefti və Nobellər", "Avtoritet", "Göyçay yəhudiləri", "Doqquzuncu oğuz uyğurları", "Kurqanlar", "Hunqoriya", “Şəhriyar”, “Svilizasiya beşiyi-Çin”, “Tahirə” və başqa sənədli ekran əsərlərinin, Avropa ölkələrində və Amerikada çap olunan "Bakılı Nobel", "Neft taleli Nobel", “Ayrılıq”, “Səfir”  "İsa, Məryəm və Sona" sənədli romanlarının, “Qalxın, Cavid gəlir!”, “Əkilən başlardı, torpaq əkilmir”, “Turan türküləri”, “Səfir”, “Təbrizim, türk izim!”, “Kəngərlər”, “Türklüyün yol xəritəsi”, “O Ay bir də doğmayacaq”, “Yaşamağı bacarmaq lazımdır”, “Vətən dahiləri” adlı roman, pyes və librettoların, Azərbaycanda nəşr olunan 30 kitabın, Ukraynada və keçmiş possovet respublikalarında nəşr olunan 27 kitabin, DVD formasında Almaniyada işıq üzü görən 15 kitabın müəllifidir.

Maraqlanan hər kəs görüşdə iştirak edə bilər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.