Super User

Super User

 

Türkiyənin İzmir vilayətində hər il 200-ə yaxın tapıntının aşkarlandığı Yeşilova ilçəsində beş min illik tarixə malik “Tanrıça” bütü tapılıb.

 

Türkiyə mediası xəbər verir ki, qazıntı heyətinin başçısı professor Zafer Derin tapılan 7 santimetr uzunluğundakı əsərin kub quruluşa, dairəvi başlığa və dördbucaqlı gövdəyə malik olduğunu bildirib.

"Çoxallahlı" dinlərdə ibadət üçün nəzərdə tutulan heykəlciyin Neolit dövrünə məxsus olduğunu qeyd edən Zafer Derin bölgədəki tanrıça kultunun simvolu olan heykəlciyin mərmərdən hazırlandığını və onu daşıyan şəxsə bərəkət və sağlamlıq gətirmək üçün istifadə edildiyini vurğulayıb.

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli ilə birgə Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndəsi Almas Yıldırımın həyatından, yaradıcılığından bəhs edən “Bir Vətəndən bir Vətənə Almas Yıldırım” kitabının İstanbulda – Türk Ədəbiyyatı Vəqfində təqdimatı olub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Türk Ədəbiyyatı” jurnalının baş redaktoru İmdat Avşarın aparıcılığı ilə təşkil edilən tədbirdə imzası Azərbaycan oxucusuna yaxşı tanış olan Almas Yıldırımın həyat və yaradıcılığı haqqında məlumat verilib və yeni kitabın məziyyətlərindən danışılıb.

Tədbirdə Türk Ədəbiyyatı Vəqfin rəhbəri, görkəmli ədəbiyyat xadimi Serhat Kabaklı ürək sözlərini bölüşərək, Almas Yıldırımın Azərbaycan qədər Türkiyə üçün də əziz olduğunu bildirib, özəlliklə Elazığda onun irsini çoxlarının bildiyini vurğulayıb. Vəqf başqanı Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin bu günü və gələcəyi barədə də fikirlərini bölüşüb, “Bir Vətəndən bir Vətənə Almas Yıldırım” kitabının nəşrinin və ilk təqdimatının İstanbulda baş tutmasını ədəbi əlaqələrin mövcud durumunu ifadə etmək gücündə olduğunu söyləyib. 

Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, təqdim olunan kitabın həmmüəllifi Qənirə Paşayevaya kitabın İstanbulda nəfis tərtibatla işıq üzü gördüyünü bildirərək, təqdimat mərasiminin keçirilməsində əməyi keçən hər kəsə təşəkkür edib.

Azərbaycanın qurtuluşu uğrunda mübarizə aparan və ömrünün böyük hissəsini qardaş ölkədə, Elazığda keçirən şair, müəllim Almas Yıldırımın anadan olmasının 115-ci ildönümü münasibətilə hazırlanmış “Bir Vətəndən bir Vətənə Almas Yıldırım” kitabının yazılmasını müstəqil Azərbaycan aydınlarının vəfa borcunun ifadəsi olaraq şərh edib. Kitabın ilk təqdimatının Türkiyədə keçirilməsinin təsadüfi olmadığını vurğulayan Q.Paşayeva Almas Yıldırımın Azərbaycanı Türkiyədən, Türkiyəni Azərbaycandan ayırmadığını, bütün həyat və yaradıcılığına da yüksək qardaşlıq ruhunun hakim kəsildiyini söyləyib.

Ömrünü Azərbaycanın istiqlaliyyətinə həsr etmiş, bu şərəfli işin çox ağır bədəllərini ödəsə də, öz ideallarından geri dönməmiş, amma doğulduğu eldən-obadan, vətəndaşı olduğu ölkədən didərgin salınmış şairin ruhunu şad edən ən əsas amil kimi Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsini göstərən Q.Paşayeva, özəlliklə, 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərin bütün nakam ömürlərə işıq saldığını, haqq dünyasında olan aydınlarımızın ruhunu şad etdiyinin inancı içində olduğunu bildirib. 

“Azərbaycanın hürriyyət şairi, türk dünyasının “Səssiz səsi” Almas Yıldırımın xatirəsinə aid etdiyimiz bu kitabı dəyərli yeni nəsil aydınlarımızdan Faiq Ələkbərli ilə birgə yazmışıq. Əziz Türkiyəmizin oxucuları üçün nəzərdə tutduğumuz kitabın öz missiyasına layiq şəkildə ictimai, ədəbi fikrə təsirsiz ötüşməyəcəyinə inanırıq. İnanırıq ki, qardaş ölkəmizin oxucuları, qədirbilən aydınları bu kitab vasitəsilə Almas Yıldırımın həyat və yaradıcılığına yenidən nəzər salacaqdır. Heç təsadüfi deyil ki, ev sahibi qurumun təsisçiləri də Elazığlıdır və Almas Yıldırımın həyat və yaradıcılığı Bakı qədər Elazığ üçün də əzizdir”. 

Elazığın “Türkiyədəki kiçik Azərbaycan” olduğunu bildirərək Q.Paşayeva Almas Yıldırımın, digər Azərbaycan ədiblərinin xatirəsini daim əziz tutduqları üçün türk xalqına və dövlətinə təşəkkür edib. Q.Paşayeva Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə yazdığı çoxcildlikdə Elazığ haqqında özəl bölümün olduğunu söyləyib. 

Komitə sədri Qazi Mustafa Kamal Paşa Atatürkün Elazığda Almas Yıldırımın yaşamı, yaradıcılığı, əhvalı barədə soruşarkən, “Sayın Cümhurbaşqanım, hər şey yaxşıdır, bircə Xəzər yoxdur” deməsi üzərinə Atatürkün Elazığdakı məşhur gölün adının Xəzər olaraq dəyişdirilməsi təlimatı verdiyini xatırladıb: “Hesab edirik, Xəzər gölünün sahilində, Almas Yıldırımın bir abidəsinin ucaldılması tarixi irsə sayğı olar, Almas Yıldırımın da ruhunu şad edər. İkinci xahişimiz və təklifimiz, Almas Yıldırımın dəfn olunduğu Malatyada da bir xatirə abidəsinin qoyulması ilə bağlıdır. Ümidvarıq, əlaqədar bələdiyyələr, digər qurumlar bu xahişlərimizə, təkliflərə müsbət yanaşar”...

Təqdimatda Azərbaycanın Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, “UNİTY Company” şirkətinin təsisçisi Fikrət Əliyev, Türkiyənin tanınmış ictimai-siyasi xadimi Gökhan Türkeş Öngel və başqaları çıxış edib, təqdim olunan kitabın önəmi barədə fikirlərini bölüşüb.

Təqdimat Almas Yıldırımın sözlərinə yazılmış mahnıların ifası ilə davam edib.

Mərasimin sonunda Q.Paşayeva və Azərbaycan nümayəndə heyəti təqdimat iştirakçılarına Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.

Sonda Qənirə Paşayeva təqdim olunan kitabı oxucular üçün imzalayıb.

 

Zamiq Hüseynov bu gün - 19 avqust tarixində Mərdəkanda yerləşən "Dalğa beach"dəki "Şazeli Bahçe" səhnəsində konsert verəcək.

 

Qeyd edək ki, yay boyu əyləncəli konsertlər təşkil edən "Şazeli Bahçe"də Türk və Azərbaycan estradasının ulduzlarının iştirakı ilə Festival davam edir, Zamiqdən sonra 26 avqustda Gülay Zeynallı qonaq olacaq. Daha əvvəl isə Hande Yener, Ferhat Göçer, Alişan, Gülben Ergen, Çengiz Kurtoğlu, İntizar, Namiq Qaraçuxurlu və Röya Ayxan çıxış ediblər. 

Yemək masası daxil proqram təklif olunan konsertə biletlər sayılı saydadır. Səhərə qədər davam edən şouya rezervasiya üçün: 050 777 76 91 // 050 777 76 92

 

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq ermənilərin Laçın və Xocalıda meşələri yandırması ilə bağlı cinayət işi açıb.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, moderator.az-a açıqlama verən xalq artisti Nurəddin Mehdixanlı ermənilərin insanlara və təbiətə qarşı vəhşiliyini beynəlxalq miqyasda ifşa etmək üçün sənətin, ədəbiyyatın imkanlarından istifadə etməyin vacibliyini vurğulayıb. 

 

Xalq artisti qeyd edib ki, bunun üçün siyasi və hüquqi vasitələrlə yanaşı, sənətin imkanlarından da istifadə etmək vacibdir:

"Ermənilərin və erməniliyin nə olduğunu dünya ictimaiyyətinə anlatmaqdan ötrü müxtəlif vasitələrə ehtiyac var. Bu vasitələrdən ən güclülərindən biri də incəsənətdir.  Biz erməni vəhşiliyi ilə bağlı həqiqətləri sənətin, ədəbiyyatın, kinonun, teatrın dili ilə yaymalıyıq. Onlar üzdə özlərini mələk kimi göstərirlər. Əsl niyyətləri isə türkləri, azərbaycanlıları qırmaq, məhv etmək, onları soyqırımına məruz qoymaqdır. Onlar Allahın yaratdığı təbiətə qarşı da vəhşi münasibət göstərirlər.

Biz incəsənət dili ilə bu cinayətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırsaq, bunun təsiri daha güclü, daha effektiv olar. Bütün bunlar onu göstərir ki, ermənilərin Yer kürəsində vətən dedikləri heç bir şey yoxdur. Vətənləri olmadığına görə, kimlərinsə vətəni olan yerlər də bunlara düşmən kimi görünür. Onlar meşələri qırır, bulaqları məhv edir, onları betonlayırlar. Onlar tikili evləri, meşləri yandırırlar. Bunlar həm də onu göstərir ki, ermənilər özləri də bilir ki, bütün bunlar onlara məxsus deyil. Çox təəssüf ki, 1-2 istisna çıxmaq şərti ilə kinomuzda, ədəbiyyatımızda açıq şəkildə ermənilərin əsl mahiyyətini ortaya qoyan sənət əsəri yoxdur. Biz savaş meydanında onlara öz yerlərini göstərdiyimiz kimi incəsənət sahəsində də göstərməliyik və bu istiqamətdə ciddi addımlar atmalıyıq".

 

“Ədəbiyyat və incəsənət” portalı Yeni paylaşımlar rubrikasında sevilən şair Rüstəm Behrudinin “Gecəyə doğru” şeirini təqdim edir. 

 

 

GECƏYƏ  DOĞRU

 

Gecə... Təklik... Qaranlıq...

Kim qurtarar de məni?

Ulduzu yox, Ayı yox,

Neylirəm bu gecəni?

 

Mən bu ömrü içimi,

Yeyə-yeyə bitirdim.

Kimim vardı unutdum,

Nəyim vardı itirdim.

 

Gizlənməyə yer də yox,

Axtaran yox bəlkə də;

Gündüzü gecəsindən

Bu qaranlıq ölkədə...

 

Bitir hər şey, ilahi.

Alnım ağ, üzüm qara.

Bu sonuncu badədi,

Bu sonuncu siqara...

 

Gecə... Təklik... Qaranlıq...

Kim qurtarar de məni.

Ulduzu yox, ayı yox,

Neylirəm bu gecəni?

 

Strit art incəsənəti ilə hər kəs tanışdır. Küçə rəssamlarının küçə divarlarına çəkdikləri gözoxşayan rəsmlər hər kəsi valeh edir. Murallar və qrafitlər şəhərləri canlandırır, əhalini heyrətləndirir. Bir çox strit-art yaradıcıları divarları qeyri-leqal çəkməkdən ümumdünya şöhrətli rəssama çevrilməyəcən uzun bir yol keçiblər. “Ədəbiyyat və incəsənət” portalı miridei.com-a istinadən öz oxucularına küçə rəssamlarının ən yaxşı işlərini təqdim edir.

Nevercrew

Bu, İsveçrədən olan iki rəssamın layihəsidir. Kristian Rebeççi və Pablo Toqni çəkdikləri kompozisiya ilə tamaşaçıları təkcə məftun etmirlər, həm də onların düşünmələrinə səbəb olurlar. Onların mövzusu isə ekologiyadır.

Bu şəxslər eyni məktəbdə oxuyublar, birlikdə rəssamlıq akademiyası da bitiriblər. Rəssamlığın hər sahəsinə baş vurublar, amma onları ən çox cəlb edən məhz qrafitlər olub. Nəhəng rəsmlərdə həm rəng çalarları bənzərsizdir, həm də vurulan kölgələr rəsmlərin canlı olması təəssüratı yaradır. Ən əsası, insan bu ölçücə çox böyük olan rəsmlərin qarçısında duranda öz cılızlığını hiss etmiş olur.

Şəkillərdə: Nevercrew-in rəsmləri

 

 

 

“Şuşa İli” ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir. 

 

Layihə çərçivəsində təqdimatlardan növbətisi görkəmli maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firidun bəy Köçərliyə həsr olunub.

Firidun bəy Köçərli 1863-cü il yanvarın 26-da Şuşa şəhərində anadan olub. 1872–1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil alıb. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur. 1879–1885-ci illər ərzində o, Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil alır.

Təhsilini bitirdikdən sonra İrəvan gimnaziyasında, Qori Müəllimlər Seminariyasının (QMS) Azərbaycan şöbəsində müəllim işləyib. 1917-ci ildən şöbənin inspektoru təyin olunub. 1918-ci ildə F.Köçərli QMS-nin Azərbaycan şöbəsini Qazax şəhərinə köçürüb, onu müstəqil milli seminariyaya çevirib və ilk direktoru (1918-1920) olunub.

Firidun bəy Köçərli zəngin yaradıcılıq yolu keçib. Onun “Məişətimizə dair” məqalələr silsiləsi, “Azərbaycan türklərinin ədəbiyyatı”, “Qafqaz üdəbası və şüərasının tərcümeyi-halı”, “Ədəbiyyata bir nəzər” adlı əsərləri nəşr olunub.

F.Köçərli 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasını təqdir edərək, jurnalın birinci üç aylıq fəaliyyəti barədə icmal hazırlayıb, “Tiflisskiy listok” qəzetində dərc etdirib.

Firidun bəy Köçərli 1920-ci ilin mayında “xalqa xəyanətdə”, “milli nifaq törətməkdə” ittiham olunmuş və güllələnməsi haqqında qərar çıxarılıb. Qərar təsdiq edilib və hökm yerinə yetirilib.

 

 “Ədəbiyyat və incəsənət” portalı sizə şair və tərcüməçi Səlim Babullaoğlunun təqdimatında XX əsr yəhudi şeiri nümunələrini təqdim edir.

 

Zali Qureviç

Zali Qureviç (1949) – ABŞ-da, Kaliforniyada anadan olub. Hələ uşaq ikən valideynləri ilə bərabər İsrailə köçüblər. Qüds Yəhudi Universitetini bitirib, sosiologiya və antropologiya şöbəsində dərs deyir. İvritdə yazır. Altı kitabın müəllifdir. Xüsusən Con Eşberinin ivritə tərcüməçisi kimi tanınır.

 

Şeir deyil ki...

 

Poetik nitqə doğru
uçmaq istəmədim,
sağ qalmaq üçün
təsvirlərin bəsit dilinə
sığındım.

 

Kənardakı şeir

 

Dünən tv-də
rok vardı.
Bir də on min tamaşaçı.
Axı şeir hardaydı?

Şeirlər kənardaydı,
səssizdi, dardaydı,
hər dəfə daha uzaqdaydı,

hardasa böyürdə,
paytaxtın bölüşmədiyi
bir zaldaydı.

Yenə də həmin iki-üç tanış gələcəkdi-
bu da belə bir görəcəkdi.
Gələcəkdimi, kim bilir ?

Şeirlər kənardaydı,
o tərəfdə,
mən də şeirin tərəfində.

Hərdən  mən də öz bədənimdə ikiyə bölünürəm.
Amma onda belə mənim tamaşaçım
nə mızıldanır, nə də tərəddüd edir.

 

Bilərəkdən

 

Yazmağa başlayanda
eynəyin şüşəsini bilərəkdən silmədim,
istədim ki, çirkli qalsın şüşələr,
bəzəkli görünsün misralar.
Yağış damcıları...
çoxdandır diqqətsizdim onlara nədənsə.

 

Qalxar, qalxar

 

Qardaşım A. telefonda soruşur:
- Sənə nəsə olub? Yazırsan?
-Hə.
-Yenə şeir?
-Hə, şeir.
-Bəlkə hekayə yazasan, maraqlı olardı.
Şeirlər darıxdırcıdır.
- Bir taksi sürücüsü demişdi ki,
Əmək partiyasına səs verməyə gedibmiş,
amma əli qalxmayıb səs verməyə.
Mən də eləyəm,
hekayə üçün əlim qalxmır.
-Qalxar, qalxar,
sətirlərin arasını çox qoy.

 

 

 

 

Ötən gün Qazax Rayon İcra Hakimiyyəti, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi, Qazax Xeyriyyə İctimai Birliyi və Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin birgə təşkilatçılığı ilə müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, ilk qadın Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 110 illiyi ilə əlaqədar Qazax rayonunda yubiley tədbiri keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, əvvəlcə Mirvarid Dilbazinin 85 illiyi zamanı ulu öndər Heydər Əliyevin və Xalq şairi Mirvarid Dilbazinin çıxışları olan videoçarx izlənilib. 

Tədbirdə çıxış edən “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı qonaqları salamlayaraq, Mirvarid Dilbazinin həyat və yaradıcılığından danışıb. 

Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qeyd edib ki, Qazax məşhur şair və yazıçılar, tanınmış şəxsiyyətlər yetişdirib: “Xalq şairi Mirvarid Dilbaziyə ulu öndər Heydər Əliyev böyük qiymət verib. Bu bir daha onu göstərdi ki, Mirvarid Dilbazi Azərbaycan poeziyasının bir incisi, bir mirvarisidir”.

Qazax Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov çıxış edərək bildirib ki, Mirvarid Dilbazi ədəbiyyatımızı yeni-yeni obrazlarla zənginləşdirən sənətkardır. Onun çoxsaylı əsərləri vətəndaşlıq duyğularının yüksək poetik ifadəsidir.

Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri Əməkdar incəsənət xadimi Barat Vüsal, şair, publisist, sosioloq Əhməd Qəşəmoğlu, yazıçı publisist Məti Osmanoğlu, tanınmış şair Səadət Buta, şair Zaməddin Ziyadoğlu, Vüsal Sehranoğlu çıxış edərək Mirvarid Dilbazinin Azərbaycan ədəbiyyatında tutduğu yüksək mövqeyindən geniş söhbət açıblar, şeirlərindən səsləndiriblər. Xanlıqlar kənd tam orta məktəbinin şagirdlərinin, Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbinin şagirdlərinin ifalarında Mirvarid Dilbaziyə həsr olunmuş şeirləri təqdim olunub. 

Xanəndə Mehranə Vəliqızı, müğənni Arif Mehmandost və aşıq Samir Allahverdiyev öz ifaları ilə tədbiri gözəlləşdiriblər.

“Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı”nın “Festivallardan seçmələr” bölməsində yer alan “Bal ölkəsi” sənədli filminin nümayişi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, onlarla izləyicinin bir araya gəldiyi nümayişdə filmin rejissoru Tamara Kotevska da iştirak edib. Nümayişdən sonra onunla izləyicilər arasında maraqlı müzakirə baş tutub.

Qeyd edək ki, “Bal ölkəsi” ekran əsəri “Sundance” film festivalında üç mükafat və 92-ci akademiya mükafatlarında “Ən yaxşı beynəlxalq bədii film” və “Ən yaxşı sənədli film” kateqoriyalarında iki nominasiya daxil olmaqla, kinofestivallarda çoxsaylı mükafatlar və nominasiyalar qazanıb. “Bal ölkəsi” filmi Oskar tarixində hər iki kateqoriya üzrə nominasiya qazanan ilk sənədli filmdir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.