Super User

Super User

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla bu ölkədəki Kinematoqrafiyanın İnkişaf Mərkəzinin direktoru Cavlon Kamalov arasında görüş keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, görüşdə Özbəkkino Mill Agentliyi, Kinematoqrafiyanın İnkişaf Mərkəzi ilə Azərbaycan Mədəniyyət Mərkəzi arasında birgə əməkdaşlıq, layihələrin reallaşdırılması, Özbəkistanın televiziya kanalları, telelayihələrdə Azərbaycan incəsənət xadimlərinin çıxışları, habelə bu il Daşkənddə keçiriləcək beynəlxalq kino günləri çərçivəsində “Azərbaycan kinosu günləri”nin keçirilməsi müzakirə edilib. 

Tərəflər sentyabrın 14-dən 18-dək Özbəkistanda keçiriləcək “İpək yolunun incisi” adlı Beynəlxalq kino günləri çərçivəsində “Azərbaycan kinosu günü” tədbirinin keçirilməsi ilə bağlı fikir və təkliflərini bölüşmüşlər.

Qeyd edək ki, Beynəlxalq kino günləri çərçivəsində “Azərbaycan kinosu günləri”nin rəsmi açılış mərasimi Daşkənd şəhərindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində reallaşdırılacaq və eyni zamanda Buxara şəhərində də Azərbaycan filmlərinin nümayişi təşkil ediləcəkdir.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bu istiqamətdə Azərbaycan Mədəniyyət Nazirliyi ilə müvafiq iş aparıldığını qeyd edərək, Özbəkistandakı keçiriləcək beynəlxalq kino festivalında yeni Azərbaycan filmlərinin nümayiş etdiriləcəyini, tanınmış kino xadimlərinin, kinematoqrafçıların, incəsənət xadimlərinin iştirak edəcəyini bildirib. 

Bundan başqa Özbəkistanın regionlarında “Kino günləri”nin keçirilməsini nəzərə alaraq, sentyabrın 17-də Buxara şəhərində də Azərbaycan filmlərinin təqdimatı keçiriləcəkdir.

Tərəflər birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

 

Rejissor Şamil Əliyevin “Yaradanlar” (“Creators”), “Xalı” (Carpet) və “Qız qalası” (Maiden tower) film layihələri Hindistan, Sinqapur, ABŞ və Niderlandda bir çox festivallarda “Ən yaxşı sənədli film”, “Ən yaxşı bədii film ssenarisi” və “Ən yaxşı rejissor” nominasiyaları üzrə müxtəlif mükafatlara layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, “Yaradanlar” bədii-sənədli filmi dahi memarlar Mikayıl Hüseynov, eləcə də Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda XX əsrdə kommunist ideologiyasının Azərbaycan mədəni irsinə, həmçinin əxlaqına vurduğu amansız zərbənin araşdırılmasından bəhs edir. 1937-ci il repressiyasında onların qohumlarından olan ziyalıların əksəriyyəti məhv edilib. Mikayıl Hüseynov və Sadıq Dadaşov ömürlərinin bir hissəsini qorxu və mənəvi sıxıntılarla yaşamağa məcbur olublar.

Filmdə həmçinin ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq onlara olan qayğısından danışılır.

“Yaradanlar” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında 2020-ci ildə istehsal olunub. Filmin ideya müəllifi Azərbaycan Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadə, ssenari müəllifi Xalq yazıçısı Natiq Rəsulzadə, operatoru Rüfət Süleymanov, bəstəkarı Azər Əsgərov, rəssamı Lalə Hüseynzadə, prodüseri Nazim Hüseynovdur.

“Xalı” kinolayihəsi unikal Azərbaycan xalçasının film boyu toxunub işlənməsi, bir növ xalını filmin metaforik baş qəhrəmanına çevirir. Filmin sonunda isə onun bir əsər kimi tamamlanıb ortaya qoyulması xalqımızın mədəni irsinin ölməzliyinə, daim yaşarlığına bir işarədir. 

“Qız qalası” bədii film layihəsinin süjet xəttində Mariya ilə Rəfael arasında baş verən sevgi, adət və ənənələrə bağlı zehniyyətin fövqündə durur. Onların hər ikisi özgə mədəniyyət və sivilizasiyaya sağlam anlayışla yaxınlaşırlar. Rəfaelin böyük qardaşı olan Kamil konservativ düşüncənin əsiri olub, eqoizmin, daha sonra isə qorxunun toruna asanlıqla düşə bilir. Bu an əxlaq, mədəniyyət, hətta dini anlayışlara yad olan şər (Oliqarx) meydana çıxıb öz şərtlərini diktə etməyə başlayır. Müxtəlif sivilizasiyaların, o cümlədən, xristianlıq və müsəlmanlıq arasındakı bir-birinə olan qarşıdurmanı aradan qaldırıb, fikir ayrı-seçkiliklərinin ləğv olunması və dialoqa gəlməsi bu dar keçiddən sıyrılmanın başlıca yoludur.

 

Sentyabrın 24-də yeni teatr mövsümündə Bakı Marionet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” marionet tamaşası nümayiş etdiriləcək.

 

Marionet tamaşası bir çox sevimli müğənni və aktyorlarımızın bənzərsiz ifaları ilə səsləndirilir.

Tamaşanın quruluşçu-rejissoru və rəssamı Əməkdar incəsənət xadimi Tərlan Qorçu, musiqi aranjimançısı Cavanşir Quliyev və kukla rəssamları Elman Mirzəyev, Şamil Buksayev, İrma Kaadze, Elmira Abbaslıdır.

Marionetləri Nazim Hüseynov, Əli Allahverdiyev, Həsən Yaqubov, Hikmət Aydınoğlu, Fikrət Hacıyev, Aytən Qurbanova idarə edəcəklər.

 

“Ədəbiyyat və incəsənət” portalı sizə şair və tərcüməçi Səlim Babullaoğlunun təqdimatında XX əsr yəhudi şeiri nümunələrini təqdim edir.

 

Nurit Zarxi

Nurit Zarxi (1941)- tanınmış şairə və nasirdir, eyni zamanda uşaq müəllifi kimi tanınır. Qüdsdə anadan olub. Tel-Əviv Universitetində fəlsəfə və ədəbiyyat təhsili alıb. “Yediot axronot” qəzetində çalışıb. Çoxsaylı milli və beynəlxalq mükafatların sahibi, 20-dən artıq müxtəlif janrlı kitabların müəllifidir.

 

Kişilər

 

Onlar niyə xoşbəxt olmadım deyə məndən hesab sorurlar,
hər dəfə də məni söz ehtiyatları ilə sarsıdırlar.

 

Onlar dilimdən iltizam almaq istəyirlər taleyimlə bağlı,
və fikrimi yönəldirlər ki,
sən demə, o şəhərdə yaşamamağımızın səbəbi
mənim pişiyimmiş.

Beynəlxalq konfliktlər zamanı
onlar məni anamgilə sürgün edirlər,
sanki mənim “ana”lığım boş şeymiş.

Onların bəziləri öz bişirdiyim peçenyeni uzadırlar mənə,
“sağ ol” gözləyirlər elektrikin kəşfinə,
qışa və mürəbbələrə görə. Mürəbbə sevməməyim isə
heç nəyi dəyişmir, onsuz da xatirələrimi redaktə edirlər onlar.


Gizlində inanırlar ki, səhmlərim var mənim,
amma bölüşmürəm heç kimlə,
gündəlik istifadə üçün nələrisə almaq istəyəndə onlarla birgə
ya yorğun olurlar, ya da ölçülərimdən narazı qalırlar.

 

“Narsiszm” sözünü gözlərini qıyaraq tələffüz edirlər,
sanki qəlyan çəkib acıqla donquldanırlar
pəncərələri yelçəkəndən və miçəklərdən qoruyanlar kimi.
Qorxularından azad olan kimi isə
hava ehtiyacımı qısqanır, hirslənirlər.

Çıxıb gedəndə fincan boşluğu buraxırlar arxalarında,
əvəzində mənim leksikonumu götürürülər,
sonra isə öz ömürlərinə dalırlar –

 dənizə baş vuran Hollandiya kimi,
bir də ağrının mühərrikini işə salmaq üçün
heç bir sintaksis saxlamırlar mənim üçün.

Barbarlar

 

Təcili xatirə yaratmaq lazımdır.
Ev qurmaq.  Ola bilməz ki, həyatım yaşanmayıb,
səhrada lampa, balıqqulağı, yalın döşəməni örtən kilimləri
toplayan quzğunlar kimi; əsnək dolu və nə qədər ki o qocalmayıb
gündüzü gizlədən sevgi dolu gecələri olan həyatım.

Üstündə uşaqların şəkli, yoxa çıxmış o komod hardadır?
Gözlərini açan əsməçiçəyi içəri boylanır.
İndi hardadır uşaqlar? Dəyəsən zaman ciblərini boşaldıb.

Onda da səhər idi, indikitək, yayın əvvəli.
Çardağa çıxmışdıq (nərdivansız, birlikdə) şəkil çəkdirmək üçün.
o itmiş şəkildən bəllidir ki, elə də əziyyət çəkməmişdik,
sadəcə yalandan yorulmuşduq.

Ağaclardakı şəffaf sırğalar kimi
mənə aiddir xatirələrin ömrü.
Keçmişin çəyirtkə sürüsü barbar ordusu keçməsəydi,
talalarımızdakı bar-bəhər oğurlanmasa, tapdanmasaydı-
görəsən hardaydı, necə olardı onlar...



 

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı növbəti teatr mövsümünün sentyabr ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb.

 

Teatrın repertuarını təqdim edir:

16 sentyabr - “Və qadın gəlirdi...”,

17 sentyabr – “Evlilik”,

18 sentyabr – “Maskarad”,

23 sentyabr – “Sevgiyə görə bağışla” (Aydın)”,

24 sentyabr – “Kişi, qadın, pəncərə… məşuq”,

25 sentyabr – “Sürprizlər günü”,

30 sentyabr - “Qürur və qərəz”.

Uşaqlar üçün:

17 sentyabr – “Ələddin, şahzadə Jasmin və sehrli çıraq cininin sərgüzəştləri”,

18 sentyabr – “Düyməcik”,

24 sentyabr – “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”,

25 sentyabr – “Nağılı tap–5”.

Qeyd edək ki, teatrda böyüklər üçün tamaşalar saat 19:00-da, uşaqlar üçün isə saat 12:00-da başlanır.

 

Noyabrın 12-də yeni teatr mövsümündə Bakı Marionet Teatrında “Leyli və Məcnun” tamaşası nümayiş olunacaq.

 

Bu tamaşa insan və marionetlərin dili, Üzeyirin sehrli musiqisi və Füzulinin yanıqlı sözləri ilə fərqli səhnə quruluşunda təqdim ediləcək.

Tamaşanın quruluşçu rejissoru və rəssamı Tərlan Qorçu, musiqi aranjemançısı Salman Qəmbərov, kukla ustası Tengiz Xalvaşı, işıq işləri üzrə rəssam Azər Muxtarov, səhnə qurğularının müəllifi İlkin Mirzəyevdir. 

Səhnə quruluşunda marionet kuklalarını Fərizə Babayeva, Əli Allahverdiyev, Aysel Bədəlova, Tatiana Terentyeva, Nazim Hüseynov, Nəsrin Vüsal, Hikmət Aydınoğlu idarə edəcəklər.

Tamaşa ürkək, vəfalı, həmçinin dünyalara sığmayan bir eşqin taleyindən bəhs edir. İki gənc Leyli və Məcnun bir-birini canından artıq sevsələr də, bu dünyada arzularına qovuşmaq onlara nəsib olmur. Klassik Avropa ədəbiyyatının Tristan və İzolda, Romeo və Cülyetta kimi obrazlarının Leyli və Məcnun ilə birbaşa analogiyası da diqqət çəkir.

Qeyd edək ki, dahi bəstəkar Üzeyir Hacıbəyli 1907-ci ildə Şərq muğamı və Qərb klassik musiqisinin sintezi əsasında “Leyli və Məcnun” operasını yazıb. Opera Marionet Teatrının repertuarında xüsusi yer tutur. “Leyli və Məcnun” muğam operasının 14 pərdəlik marionet tamaşası üzərində 3 il ərzində işlənilib. Dekorasiya, kukla və rekvizitlər bir çox ölkələrin teatr ustalarının iştirakı ilə tərtib olunub.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Xudafərin körpüləri” adlı videoçarx təxminən doqquz əsr öncə tikildiyi güman edilən tarixi memarlığımızın incisi Xudafərin körpülərinə həsr olunur. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tarixən bu körpülər Araz çayının şimal və cənub sahillərini birləşdib, eləcə də ecazkar görünüşləri ilə Azərbaycan inşaatçılarının yüksək sənətkarlığından xəbər verib. Vaxtı ilə İpək yolunun üzərində yerləşən körpülərdən biri on beş, digəri on bir aşırımlı olub. Uzunluğu 130 metrə yaxın, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metr olan on bir aşırımlı körpüdən dövrümüzə salamat qalmış yalnız üç aşırımı gəlib çatıb. Tarıxı faktlara əsasən 1930-cu illərədək nisbətən salamat qalmış həmin körpü ilə o taya-bu taya gedib gəlmək olurmuş. Həmin illərdə körpünün sahil tağları  dağıdılır. O vaxtdan yerli əhali körpüyə “Sınıq” körpü adını verir.

Tarix boyu savaşlara şahidlik etmiş həsrət körpüsü adlandırılan Xudafərin 2020-ci ilin oktyabrında Cəbrayıl işğaldan azad olunduqdan sonra yenidən vüsalın, ümidin rəmzinə çevrildi.

 

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayının vaxtı açıqlanıb.

AYB-nin yaydığı xəbərə görə qurultay bu il sentyabrın 30-da Bakıda keçiriləcək.

 

Bu günkü “Ədəbiyyat qəzeti”nin anonsunu nəzərinizə çatdırırıq:

Malik Atilay – Şeirlər;

Ülvi Babasoy – Çağdaş dünya ədəbiyyatının empirik təhkiyə yaradıcılarından biri;

Fərid Hüseyn – Şahı uyudan, bizi oyadan nağıllar (“Min bir gecə” nağılları haqqında);

Vaqif Nəsib – “Can Dəvalı it vəfası” (Ötən illərin dərd-bəlasından hekayə);

Adilə Nəzərova – Yusif Nəğməkarın yaradıcılığında türkçülük (“Çanaqqala – Türkə qala” poemasının və bir neçə şeirinin təhlili əsasında);

“Dindarlar gözəl sonluqla bitən çox-çox uzun bir hekayəyə inanar, bu fikirlə hərəkət edər və həyatlarını bu şəkildə davam etdirərlər” - ingilis yazar Alen de Bottonun müsahibəsi Nilufər Hacılının təqdimatında;

Sevinc Elsevər – “Azad” (Hekayə);

Namiq Abbasov – Xeyrixah və mədəni insan (Ərtegin Salamzadə haqqında);

Abuzər Bağırov – Nizami Gəncəvi dühasının dünya şöhrəti (Leyla Quliyevanın “Müasir ingilis ədəbiyyatşünaslığında Nizami irsinin öyrənilməsi” monoqrafik işi haqqında qısa mülahizələr) -

Əsəd Cahangirin təqdimatında; Nazilə Gültacın “Eşqdən şərqi deməyin” hekayəsi;

Bəhram Bilaloğlu – Şeirlər;

İsa Həbibbəyli – Rəşad Məcid necə varsa;

Zaur Ustac – “Ağ adam” (Rəşad Məcidin doğum gününə);

“Yaddaşımızdakı xəcalətləri unutmamaq üçün “Xəcalət” tamaşası repertuarda qalmalıdır” – Nurəddin Mehdixanlı ilə söhbət;

Nurəddin Ədiloğlu – Ziyalılıq zirvəsinin fatehi (Teymur bəy Bayraməliyev-160);

Rüstəm Kamal – Akademikin və babamın ağacları;

Barat Vüsal – Unudulmaz sağlıq... (Davud Nəsib haqqında);

Kənan Hacı – Niyə “praktik irfan”? (Sayman Aruzun “Praktik irfan” nəzəriyyəsi” kitabı üzərinə notlar);

Elnarə Qaragözova – Alpay Azər – müstəqillik dövrü ədəbiyyatının neorealist etüdləri;

Fazil Güney – “Bağban” (Hekayə);

Fariz Qasımbəyli – Mirzə Ələkbər Sabir yaradıcılığında Allaha iman;

Əmir Pəhləvan – İnsanın və dünyanın poetik dərki (Xalq şairi Vahid Əziz yaradıcılığı haqqında ədəbi düşüncələr);

Rəvan Cavid – Hüqonun sevgilisi Adeleyə yazdığı məktuba ithaf;

Vasif Süleyman – Mənim ürəyimdən başlanır Vətən... (Rizvan Nəsibin “Külək döyən qapılar” kitabı haqqında).

 

Mənbə: https://www.edebiyyatveincesenet.az

Cümə, 19 Avqust 2022 11:30

Günün fotosu: Yeni bəla gəlir?

Günün fotosu: Yeni bəla gəlir?

 

Amerikanı və Avropanı bürüyən meymun çiçəyi xəstəliyinə yoluxma sayı müdhiş sürətlə artmaqdadır.

Fransa artıq peyvəndlərə başlamışdır. 

 

Foto: Euronews

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.