Rejissor Şamil Əliyevin “Yaradanlar” (“Creators”), “Xalı” (Carpet) və “Qız qalası” (Maiden tower) film layihələri Hindistan, Sinqapur, ABŞ və Niderlandda bir çox festivallarda “Ən yaxşı sənədli film”, “Ən yaxşı bədii film ssenarisi” və “Ən yaxşı rejissor” nominasiyaları üzrə müxtəlif mükafatlara layiq görülüb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Yaradanlar” bədii-sənədli filmi dahi memarlar Mikayıl Hüseynov, eləcə də Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda XX əsrdə kommunist ideologiyasının Azərbaycan mədəni irsinə, həmçinin əxlaqına vurduğu amansız zərbənin araşdırılmasından bəhs edir. 1937-ci il repressiyasında onların qohumlarından olan ziyalıların əksəriyyəti məhv edilib. Mikayıl Hüseynov və Sadıq Dadaşov ömürlərinin bir hissəsini qorxu və mənəvi sıxıntılarla yaşamağa məcbur olublar.
Filmdə həmçinin ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq onlara olan qayğısından danışılır.
“Yaradanlar” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında 2020-ci ildə istehsal olunub. Filmin ideya müəllifi Azərbaycan Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadə, ssenari müəllifi Xalq yazıçısı Natiq Rəsulzadə, operatoru Rüfət Süleymanov, bəstəkarı Azər Əsgərov, rəssamı Lalə Hüseynzadə, prodüseri Nazim Hüseynovdur.
“Xalı” kinolayihəsi unikal Azərbaycan xalçasının film boyu toxunub işlənməsi, bir növ xalını filmin metaforik baş qəhrəmanına çevirir. Filmin sonunda isə onun bir əsər kimi tamamlanıb ortaya qoyulması xalqımızın mədəni irsinin ölməzliyinə, daim yaşarlığına bir işarədir.
“Qız qalası” bədii film layihəsinin süjet xəttində Mariya ilə Rəfael arasında baş verən sevgi, adət və ənənələrə bağlı zehniyyətin fövqündə durur. Onların hər ikisi özgə mədəniyyət və sivilizasiyaya sağlam anlayışla yaxınlaşırlar. Rəfaelin böyük qardaşı olan Kamil konservativ düşüncənin əsiri olub, eqoizmin, daha sonra isə qorxunun toruna asanlıqla düşə bilir. Bu an əxlaq, mədəniyyət, hətta dini anlayışlara yad olan şər (Oliqarx) meydana çıxıb öz şərtlərini diktə etməyə başlayır. Müxtəlif sivilizasiyaların, o cümlədən, xristianlıq və müsəlmanlıq arasındakı bir-birinə olan qarşıdurmanı aradan qaldırıb, fikir ayrı-seçkiliklərinin ləğv olunması və dialoqa gəlməsi bu dar keçiddən sıyrılmanın başlıca yoludur.