Xatirələri redaktə etmək olmaz - 5 gün dalbadal yəhudi şeiri Featured

 

“Ədəbiyyat və incəsənət” portalı sizə şair və tərcüməçi Səlim Babullaoğlunun təqdimatında XX əsr yəhudi şeiri nümunələrini təqdim edir.

 

Nurit Zarxi

Nurit Zarxi (1941)- tanınmış şairə və nasirdir, eyni zamanda uşaq müəllifi kimi tanınır. Qüdsdə anadan olub. Tel-Əviv Universitetində fəlsəfə və ədəbiyyat təhsili alıb. “Yediot axronot” qəzetində çalışıb. Çoxsaylı milli və beynəlxalq mükafatların sahibi, 20-dən artıq müxtəlif janrlı kitabların müəllifidir.

 

Kişilər

 

Onlar niyə xoşbəxt olmadım deyə məndən hesab sorurlar,
hər dəfə də məni söz ehtiyatları ilə sarsıdırlar.

 

Onlar dilimdən iltizam almaq istəyirlər taleyimlə bağlı,
və fikrimi yönəldirlər ki,
sən demə, o şəhərdə yaşamamağımızın səbəbi
mənim pişiyimmiş.

Beynəlxalq konfliktlər zamanı
onlar məni anamgilə sürgün edirlər,
sanki mənim “ana”lığım boş şeymiş.

Onların bəziləri öz bişirdiyim peçenyeni uzadırlar mənə,
“sağ ol” gözləyirlər elektrikin kəşfinə,
qışa və mürəbbələrə görə. Mürəbbə sevməməyim isə
heç nəyi dəyişmir, onsuz da xatirələrimi redaktə edirlər onlar.


Gizlində inanırlar ki, səhmlərim var mənim,
amma bölüşmürəm heç kimlə,
gündəlik istifadə üçün nələrisə almaq istəyəndə onlarla birgə
ya yorğun olurlar, ya da ölçülərimdən narazı qalırlar.

 

“Narsiszm” sözünü gözlərini qıyaraq tələffüz edirlər,
sanki qəlyan çəkib acıqla donquldanırlar
pəncərələri yelçəkəndən və miçəklərdən qoruyanlar kimi.
Qorxularından azad olan kimi isə
hava ehtiyacımı qısqanır, hirslənirlər.

Çıxıb gedəndə fincan boşluğu buraxırlar arxalarında,
əvəzində mənim leksikonumu götürürülər,
sonra isə öz ömürlərinə dalırlar –

 dənizə baş vuran Hollandiya kimi,
bir də ağrının mühərrikini işə salmaq üçün
heç bir sintaksis saxlamırlar mənim üçün.

Barbarlar

 

Təcili xatirə yaratmaq lazımdır.
Ev qurmaq.  Ola bilməz ki, həyatım yaşanmayıb,
səhrada lampa, balıqqulağı, yalın döşəməni örtən kilimləri
toplayan quzğunlar kimi; əsnək dolu və nə qədər ki o qocalmayıb
gündüzü gizlədən sevgi dolu gecələri olan həyatım.

Üstündə uşaqların şəkli, yoxa çıxmış o komod hardadır?
Gözlərini açan əsməçiçəyi içəri boylanır.
İndi hardadır uşaqlar? Dəyəsən zaman ciblərini boşaldıb.

Onda da səhər idi, indikitək, yayın əvvəli.
Çardağa çıxmışdıq (nərdivansız, birlikdə) şəkil çəkdirmək üçün.
o itmiş şəkildən bəllidir ki, elə də əziyyət çəkməmişdik,
sadəcə yalandan yorulmuşduq.

Ağaclardakı şəffaf sırğalar kimi
mənə aiddir xatirələrin ömrü.
Keçmişin çəyirtkə sürüsü barbar ordusu keçməsəydi,
talalarımızdakı bar-bəhər oğurlanmasa, tapdanmasaydı-
görəsən hardaydı, necə olardı onlar...



Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.