Qazaxda Xalq şairi Mirvarid Dilbazinin 110 illiyi münasibətilə tədbir keçirilib Featured

 

Ötən gün Qazax Rayon İcra Hakimiyyəti, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi, Qazax Xeyriyyə İctimai Birliyi və Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin birgə təşkilatçılığı ilə müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, ilk qadın Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 110 illiyi ilə əlaqədar Qazax rayonunda yubiley tədbiri keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, əvvəlcə Mirvarid Dilbazinin 85 illiyi zamanı ulu öndər Heydər Əliyevin və Xalq şairi Mirvarid Dilbazinin çıxışları olan videoçarx izlənilib. 

Tədbirdə çıxış edən “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı qonaqları salamlayaraq, Mirvarid Dilbazinin həyat və yaradıcılığından danışıb. 

Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qeyd edib ki, Qazax məşhur şair və yazıçılar, tanınmış şəxsiyyətlər yetişdirib: “Xalq şairi Mirvarid Dilbaziyə ulu öndər Heydər Əliyev böyük qiymət verib. Bu bir daha onu göstərdi ki, Mirvarid Dilbazi Azərbaycan poeziyasının bir incisi, bir mirvarisidir”.

Qazax Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov çıxış edərək bildirib ki, Mirvarid Dilbazi ədəbiyyatımızı yeni-yeni obrazlarla zənginləşdirən sənətkardır. Onun çoxsaylı əsərləri vətəndaşlıq duyğularının yüksək poetik ifadəsidir.

Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri Əməkdar incəsənət xadimi Barat Vüsal, şair, publisist, sosioloq Əhməd Qəşəmoğlu, yazıçı publisist Məti Osmanoğlu, tanınmış şair Səadət Buta, şair Zaməddin Ziyadoğlu, Vüsal Sehranoğlu çıxış edərək Mirvarid Dilbazinin Azərbaycan ədəbiyyatında tutduğu yüksək mövqeyindən geniş söhbət açıblar, şeirlərindən səsləndiriblər. Xanlıqlar kənd tam orta məktəbinin şagirdlərinin, Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbinin şagirdlərinin ifalarında Mirvarid Dilbaziyə həsr olunmuş şeirləri təqdim olunub. 

Xanəndə Mehranə Vəliqızı, müğənni Arif Mehmandost və aşıq Samir Allahverdiyev öz ifaları ilə tədbiri gözəlləşdiriblər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.