Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli ilə birgə Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndəsi Almas Yıldırımın həyatından, yaradıcılığından bəhs edən “Bir Vətəndən bir Vətənə Almas Yıldırım” kitabının İstanbulda – Türk Ədəbiyyatı Vəqfində təqdimatı olub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Türk Ədəbiyyatı” jurnalının baş redaktoru İmdat Avşarın aparıcılığı ilə təşkil edilən tədbirdə imzası Azərbaycan oxucusuna yaxşı tanış olan Almas Yıldırımın həyat və yaradıcılığı haqqında məlumat verilib və yeni kitabın məziyyətlərindən danışılıb.
Tədbirdə Türk Ədəbiyyatı Vəqfin rəhbəri, görkəmli ədəbiyyat xadimi Serhat Kabaklı ürək sözlərini bölüşərək, Almas Yıldırımın Azərbaycan qədər Türkiyə üçün də əziz olduğunu bildirib, özəlliklə Elazığda onun irsini çoxlarının bildiyini vurğulayıb. Vəqf başqanı Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin bu günü və gələcəyi barədə də fikirlərini bölüşüb, “Bir Vətəndən bir Vətənə Almas Yıldırım” kitabının nəşrinin və ilk təqdimatının İstanbulda baş tutmasını ədəbi əlaqələrin mövcud durumunu ifadə etmək gücündə olduğunu söyləyib.
Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, təqdim olunan kitabın həmmüəllifi Qənirə Paşayevaya kitabın İstanbulda nəfis tərtibatla işıq üzü gördüyünü bildirərək, təqdimat mərasiminin keçirilməsində əməyi keçən hər kəsə təşəkkür edib.
Azərbaycanın qurtuluşu uğrunda mübarizə aparan və ömrünün böyük hissəsini qardaş ölkədə, Elazığda keçirən şair, müəllim Almas Yıldırımın anadan olmasının 115-ci ildönümü münasibətilə hazırlanmış “Bir Vətəndən bir Vətənə Almas Yıldırım” kitabının yazılmasını müstəqil Azərbaycan aydınlarının vəfa borcunun ifadəsi olaraq şərh edib. Kitabın ilk təqdimatının Türkiyədə keçirilməsinin təsadüfi olmadığını vurğulayan Q.Paşayeva Almas Yıldırımın Azərbaycanı Türkiyədən, Türkiyəni Azərbaycandan ayırmadığını, bütün həyat və yaradıcılığına da yüksək qardaşlıq ruhunun hakim kəsildiyini söyləyib.
Ömrünü Azərbaycanın istiqlaliyyətinə həsr etmiş, bu şərəfli işin çox ağır bədəllərini ödəsə də, öz ideallarından geri dönməmiş, amma doğulduğu eldən-obadan, vətəndaşı olduğu ölkədən didərgin salınmış şairin ruhunu şad edən ən əsas amil kimi Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsini göstərən Q.Paşayeva, özəlliklə, 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərin bütün nakam ömürlərə işıq saldığını, haqq dünyasında olan aydınlarımızın ruhunu şad etdiyinin inancı içində olduğunu bildirib.
“Azərbaycanın hürriyyət şairi, türk dünyasının “Səssiz səsi” Almas Yıldırımın xatirəsinə aid etdiyimiz bu kitabı dəyərli yeni nəsil aydınlarımızdan Faiq Ələkbərli ilə birgə yazmışıq. Əziz Türkiyəmizin oxucuları üçün nəzərdə tutduğumuz kitabın öz missiyasına layiq şəkildə ictimai, ədəbi fikrə təsirsiz ötüşməyəcəyinə inanırıq. İnanırıq ki, qardaş ölkəmizin oxucuları, qədirbilən aydınları bu kitab vasitəsilə Almas Yıldırımın həyat və yaradıcılığına yenidən nəzər salacaqdır. Heç təsadüfi deyil ki, ev sahibi qurumun təsisçiləri də Elazığlıdır və Almas Yıldırımın həyat və yaradıcılığı Bakı qədər Elazığ üçün də əzizdir”.
Elazığın “Türkiyədəki kiçik Azərbaycan” olduğunu bildirərək Q.Paşayeva Almas Yıldırımın, digər Azərbaycan ədiblərinin xatirəsini daim əziz tutduqları üçün türk xalqına və dövlətinə təşəkkür edib. Q.Paşayeva Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə yazdığı çoxcildlikdə Elazığ haqqında özəl bölümün olduğunu söyləyib.
Komitə sədri Qazi Mustafa Kamal Paşa Atatürkün Elazığda Almas Yıldırımın yaşamı, yaradıcılığı, əhvalı barədə soruşarkən, “Sayın Cümhurbaşqanım, hər şey yaxşıdır, bircə Xəzər yoxdur” deməsi üzərinə Atatürkün Elazığdakı məşhur gölün adının Xəzər olaraq dəyişdirilməsi təlimatı verdiyini xatırladıb: “Hesab edirik, Xəzər gölünün sahilində, Almas Yıldırımın bir abidəsinin ucaldılması tarixi irsə sayğı olar, Almas Yıldırımın da ruhunu şad edər. İkinci xahişimiz və təklifimiz, Almas Yıldırımın dəfn olunduğu Malatyada da bir xatirə abidəsinin qoyulması ilə bağlıdır. Ümidvarıq, əlaqədar bələdiyyələr, digər qurumlar bu xahişlərimizə, təkliflərə müsbət yanaşar”...
Təqdimatda Azərbaycanın Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, “UNİTY Company” şirkətinin təsisçisi Fikrət Əliyev, Türkiyənin tanınmış ictimai-siyasi xadimi Gökhan Türkeş Öngel və başqaları çıxış edib, təqdim olunan kitabın önəmi barədə fikirlərini bölüşüb.
Təqdimat Almas Yıldırımın sözlərinə yazılmış mahnıların ifası ilə davam edib.
Mərasimin sonunda Q.Paşayeva və Azərbaycan nümayəndə heyəti təqdimat iştirakçılarına Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.
Sonda Qənirə Paşayeva təqdim olunan kitabı oxucular üçün imzalayıb.