“Bir gün Tanrı Yer kürəsini bilyard topu kimi qara dəliyə salacaq” – Güneyli şair Zaman Paşazadənin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla “Güneydən gələn səslər” rubrikasında bu gün sizi Zaman Paşazadənin şeirləri ilə tanış edəcək. Bəri başdan deyək ki, lövhələr yaratmaq ustası olan Zamanın bu şeirləri sizləri təəccübləndirəcək.

Qeyd edək ki, güneyli soydaşlarımızın orfoqrafiyasına toxunulmamışdır.

 

 

Zaman Paşazadə Xiyav əsillidir, 1979-cu ildə Kərəc şəhərində dünyaya göz açmışdır, elə uşaq çağlarında atasının işdən təqaüdə çıxdığına görə bir daha Xiyav şəhərinə dönmüşlər. Zaman 2005-ci ildə işi ilə bağlı Muğanın Parsabad şəhərinə köçmüşdür. Muğanda bir neçə dövrə Şəhriyar ədəbi dərnəyinin mərkəzi şurasının üzvü olaraq dərnəyin müdərrisi vəzifəsində çalışmış, bir neçə ədəbi yarışma, o cümlədən Mələkan şəhərində qurulan Yaylıq nəşriyyatının ədəbi yarışmasında seçilmişdir. Sonralar isə bir neçə ədəbi yarışmanın juri heyəti çərçivəsində öz ədəbi çalışmalarını davam etdirmişdir. 2020-ci ildə Zaman Paşazadənin ilk şeirlər toplusu “Aynada öl-dirilmək” ünvanıyla ışıq üzü görmüşdür.

 

 

 

SSENARİ ŞEİR

İNTİHAR

 

Kağızların üzərində uyumuşkən yazıçı,

Romandan baş qaldırıb çıxdı karakter

Divardan asılmış tüfəngi götürdü

Taraq

İntihar etdi…

Dik atıldı yazıçı

Qələmi götürüb beləcə bitirdi:

Divardan asılmış tüfəngi götürdü

Taraq

İntihar etdi…

Diskindi qəzetlər

Beləcə titr vurdular:

Divardan asılmış tüfəngi götürdü

Taraq

İntihar etdi…

Diskindi oxucu

Divardan asılmış tüfəngi götürdü

Taraq

İntihar etdi…

 

  

SSENARİ ŞEİR

DOĞUM

 

İçəri – gecə - doğum evi

Işıq izinsiz cumur gözlərimizə

Yenicə göz açmış kameradan zillənirik divardakı saata

Saat iyirmi dördü tələsir…

 

İçəri – gündüz – doğum evi

Çeşidli açıdan üzümüzə zillənir kameralar

Yaxınlaşdıqca dodaqları yekəlir

Öpülürük

Öyülürük

Öööö

Burnumuzdan gəlir ana südümüz

Zaman ağzımızın ağuz zamanı.

 

Mavi boyalı istamp güpsənir ayağımızın altına

Qaçarsaq, mavi, mavi, mavi qaçacağıq ağ döşəmələrin üzərində

Qaçarsaq, doğum evinin kameraları arxamızca qaçacaq…

 

Yoxlanılır təməl hüceyrələrimiz

Yoxlanılır sağlamlığımız

Yoxlanılır sağmallığımız

Yoxlanılır varlıq.

 

Içəri – gecə - ev

Zillənirik divardakı saata

Ağ bir pişikdir ağzını açmış bullayır sarğacını

Hipnoz edir gözlərimizi gedib-gələn quyruğu

Saat iyirmi dörd…

Geri, geri, geriyə dönür film

Kameralar itir dumanda.

Zamansız – içəri – iç

Cənində bir budda heykəliyik

Boynumuz da göbək bağından bir boyunbağı

Ayağımızın altında doğum çarpayısı

 

 

KLAUSTROFOBİYA

 

Qapıdan içəri keçən əşyaları alkollayıramsa

Pəncərədən sızan hər bir şeyi

Quşların səsini

Çiçəklərin qoxusunu

Havanı

Və uzaq keçmişdə öpüşdüyümü xatırlayıb alkollayıramsa

Fikir vasvasılığı deyil

Ardı kəsilməyən faciələrin normal qorxularıdır.

Hələ ayaqla görüşmək nədir ki,

Plastic geyimlə izolə sevişmək ehtimalı da var.

 

Bütün gücsüzləşdirən ölümcül viruslardan

Öldürməyib də gücləndirən kabuslara qədər

Dünya sonu sinemasının ssenari qaynağıdır qorxularımız.

Biz möcüzələrə inandığımız yerdə

Tanrının şapkasından bir dovşan çıxıb dişlərini ağardır

Acizliyimiz möcüzələrdən daha böyük

İnanmaq kələməsi daha kiçikdir.

 

Biz qum saatının boğazında ilişən nisbilik nəzəriyyəsiyik

Biz hər səhər tanrının ümidi ilə yuxudan durub,

hər gecə ateist giririk yatağımıza

Bütün günü yuxuda gördüyümüz dörd divarı unutmağa çalışırıq.

İndi gəl “Evdə qal” çağırışına ləbbeyk de

İndi gəl qərəntinə trendinə qoşul

İndi gəl klaustrofobiyanı açıqla polislərə

Çörək klaustrofobiyası

Ev kirası klaustrofobiyası

Leylanın gözlərinin klaustrofobiyası

İndi gəl evdə qal və bütün fobiyalara yolux.

 

Gəlin, tanınmamaq üçün maskalarımızı taxaq, əziz vətəndaşlar

Çünki “taclı adam yeyənlər” əli silahlı gəzir şəhərdə

Çünki ölüm maskalılara toxunmur.

 

Bir gün tanrı da yer kürəsini billiard topu kimi qara dəliyə salıb

Maskasını götürəcək üzündən

Biz o zaman tanıyacağıq tanrını

Və oyun bitəcək.

 

 

SADƏCƏ SƏN BİLİRSƏN…

 

Indi yerin boş olsa da

Önümdəki oturacaqda kapşenimi çiyninə atmışam

Və əllərimi gözlərində qızdırıram.

 

Sadəcə mən bilirəm bu kafedə gözlərinin rəngində bir içki serv olur

Yoxsa çoxları qəhvəni şəkərsiz içir.

Yoxsa çoxları Jak Brelin “məni tərk etmə” mahnısını

qəhvə ilə qarışdırır

mənasını bilmədən

Sadəcə sən bilirsən bütün mənaları

Və bir an öncə tərk etdin kafeni.

Sadəcə sən bilirsən taksilər yolları qısaltmaq deyil,

hadisə yerindən uzaqlaşmaq üçündür.

Sadəcə sən bilirsən caddələr gəlmək deyil,

tərk etmək üçündür.

Sadəcə mən bilirəm

Daha Sezen get mahnısını mələməyəcək

Get

Deyəcək

Get…

Amma hardasa, ürəyinə quraşdırdığım saatlı bomba partlayıb

Düyünlü yumruğunu barmaq-barmaq parçalayacaq

Və görüşə uzanacaq əlin.

 

İndi yerin boş olsa da

Gözlərinin rəngi üstümə dağılmış

Və kapşenimin cibini axtarır polislər.

Sadəcə sən bilirsən mən özümü öldürməmişəm

Və qatil soyuqqanlılıqla uzaqlaşır taksidə.

 

 

 

 

 

EVƏ QAYIDIRDIM…

 

Günəş saçmalamağa başladı

Durub özümü oyaqlığa vurdum

Məxmər darıxmalarım əynimdəykən şəhərə çıxdım

Nəbzini yoxladım

Hələ də yanıb-sönürdü trafik ışıqları

Bəlkə də inqiza tariximizi alnımızda yanlış oxumuşdu Nostradamus

Bəlkə də inqiraz tariximizi ertələmişdi Zeus

Öz yarasını yalayan pişik kimi idi şəhər

Divarlarında yazılan şeirdən bunu sezmək olurdu:

“Dinozavrların öldüyü çağda

Peyğəmbər yoldaykən

Mən sənin şairin idim.”

Neft dəkəllərinin zambi dişləri torpağa batıb-çıxdıqca

şeirə dolmuşdu

Bəraheni

Neft dəkəllərinin dalından

dinozavrların ölüm mədlulunu çıxarmışdı.

Amma unutmuşdu şairlərin nəsli kəsildikdə şeir doğulur

Özgürlüyə çıxır kələmələr.

Unutmuşdu Təbriz dəlixanalarında divarlarla öpüşən dəlilər

Ağrılarını öpüşlə yazırlar.

 

Amma Təbriz öz quyruğunu çalan ilan kimidir

Dolanbac küçələrində dolanıb özümlə qarşılaşarkən bunu anladım

Mən “Düşmənsiz bir savaşçı

Özümdən bir düş-mən kopiyalayıb savaşdım.”

Özümü uzaltdım bulvara

Nəbzimi yoxladı narkoman bir kişi;

Quş dedi quşsan rahatlayacaqsan

Barmağımı saldım boğazıma

Bir quş çıxartdım

Uç dedim, uçsan rahatlayacaqsan

Baxıb gülürdü şəhər

Durub özümü ağıllılığa vurdum

Pambıq dəliliyim əynimdəykən

Evə qayıdırdım…

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.