Bu yaxınlarda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov hamını ciddi şəkildə düşünməyə vadar edən bir açıqlama verdi. O bildirdi ki, yüksək qiymətlərdən sonra böhranların baş verməsi qaçılmazdır. Nə vaxt baş verəcəyini bilməsək də, böhrana hazır olmalı və planlarımızı buna görə tutmalıyıq.
Əslində böhranın labüdlüyü haqqında xeyli vaxtdır danışılır, amma ilk dəfə rəsmi səviyyədə belə bəyanatın verilməsi hökumətin də məsələni gündəmdə saxladığını təsdiqlədi. Bəzi ekspertlər böhranın payızdan özünü göstərəcəyini, ilin sonuna doğru isə ağırlaşacağını proqnozlaşdırılar. Məhz həmin dövrdə Avropa Birliyi ölkələrinin iqtisadiyyatının ciddi tənəzzül və rekord səviyyədə inflyasiya ilə üzləşəcəkləri gözlənilir. Avropa Mərkəzi Bankının (AMB) hansı siyasəti seçəcəyindən çox şey asılı olacaq. Əgər inflyasiya ilə mübarizə aparımaq üçün faiz dərəcələri qaldırılsa, onda qitədə işgüzar aktivlik azala və staqflyasiya başlaya bilər. Hələ ki AMB buna getmir və inflyasiyaya dözməyi üstün tutaraq, çox yumşaq pul-kredit siyasəti aparır. Amma hara qədər dözəcəkləri də böyük sualdır. Amerika Birləşmiş Ştatları belə etmir. Federal Ehtiyatlar Sistemi (FES) getdikcə artan inflyasiyanı cilovlamaq üçün artıq pul-kredit siyasətini sərtləşdirməyə başlayıb və bununla da iqtisadi tənəzzül riskini artırıb. Dünyanın üçüncü böyük iqtisadi mərkəzi olan Çində isə kifayət qədər yumşaq pul-kredit siyasəti yürüdülsə də, pandemiya yenidən iqtisadiyyat üçün başağrısına çevrilməkdədir və payıza doğru bu problem kəskinləşə bilər. Üstəlik, Çində iqtisadiyyatın ayrı-ayrı sahələrinin borc yükü də artmaqdadır.
Belə bir vəziyyətdə dünya üçün əsas problemlərdən biri odur ki, tələb və təklifi iqtisadiyyatdan kənar (ekzogen) amillər müəyyən edir. Dünya iqtisadiyyatı özü-özünü tənzimləmək və “sağaltmaq” qabiliyyətini itirir. Nəticədə ilin sonuna doğru sənaye istehsalının azalması, işsizliyin artması, əhalinin real gəlirlərinin aşağı düşməsi kimi problemlər bütün ölkələri cənginə alacaq. Bahalaşma gec-tez elə bir həddə çatacaq ki, tələb alıcılıq qabiliyyətindən məhrum olacaq. Yəni insanların çoxunun bir sıra mal və xidmətlərə ehtiyacı olsa da, onları əldə edə bilməyəcək və ən zəruri tələbatlarını ödəməklə kifayətlənəcəklər. Bu isə iqtisadiyyatın bir sıra sahələrini böhran və ixtisarla üzləşdirəcək. Daha sonra zəncirvari proses başlayacaq. Həmin “X saatı”nın nə zaman yetişəcəyi bahalaşmanın tempindən asılıdır, amma güman ki, payızın sonuna doğru dünyada zəncirvari tənəzzülün əlamətləri özünü göstərməyə başlayacaq.
Qlobal iqtisadiyyat kənar amillərdən asılı vəziyyətə düşdüyündən, ən böyük təhlükənin məhz haradan gələcəyini və ən zəif bəndin hara olduğunu proqnozlaşdırmaq çətindir. Ola bilər ki, bu dəfə böhran fond bazarlarından yox, tamam ayrı sahələrdən başlasın. Çünki ərzaq, enerji bazarları da çətin proqnoza gəlirlər. Bu isə riskləri daha da artırır, çünki iqtisadiyyat proqnozlaşdırmanı sevir.
Güman ki, payızın sonlarına doğru başlayacağı gözlənilən böhran dövlətlərarası münasibətlərə də təsir edəcək. Əksər alimlər deqlobalizasiya və fraqmentasiya haqqında danışırlar, amma bunun tam əksi ola, yeni növ inteqrasiya prosesləri də meydana çıxa bilər.
Ən çox narahatlıq doğuran sosial sahədir. İnkişaf etməkdə olan bir sıra dövlətlərin ehtiyatları payızın sonlarına doğru tükənəcək, bu zaman isə etirazlar qaçılmaz olacaq. Şri-Lankanın ardınca Cənubi Afrika Respublikasında baş verənlər təhlükənin real olduğunu göstərdi. İndi isə təsəvvür edək ki, onlarla ölkəni o cür etirazların bürüməyi nə demək olacaq.
Ukrayna taxılının dünya bazarına çıxarılması üçün dəhlizin açılması problemi bir qədər səngitsə də, təəssüf ki, həll etmədi, çünki problemin həlli üçün öncə mütləq müharibənin dayanması lazımdır. Bunun isə nə zaman baş verəcəyini heç kim bilmir.
Ən pisi odur ki, mümkün ssenarilərin heç biri yaxşı sonluq vəd eləmir. Dünyanın böhrandan yan keçə bilməsi üçün heç bir müsbət variant görünmür. Belə bir şəraitdə hər bir ölkə özünün daxilində gözlənilən böhranın mümkün qədər az fəsadlar doğurmasına çalışmalıdır. Azərbaycan hökumətinin problemin fərqində olması bu mənada müəyyən qədər ümid işığı yandırır.
Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru,professor.
Ukrayna Ticarət Evinin direktoru.