Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə avqustun 7-də keçirilmiş test imtahanının nəticələri açıqlanıb.
Test imtahanında iştirak üçün qeydiyyatdan keçmiş 1992 nəfərdən 283 nəfər imtahana gəlməyib.
İmtahanda iştirak etmiş namizədlərin imtahan nəticələri və cavab kartlarının qrafik təsviri Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında yerləşdirilmişdir.
Mədəniyyət Nazirliyinin 2022-ci il 20 aprel tarixli 119-f nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu Qaydaları"nın tələblərinə uyğun olaraq təşkil edilmiş test imtahanında namizədlərə 70 test tapşırığı təqdim olunmuşdur. 40 tapşırıq seçilən müvafiq sahə üzrə ixtisas biliklərini, 10 tapşırıq pedaqoji bacarıqları, 10 tapşırıq məntiqi təfəkkürü, 10 tapşırıq isə ümumi dünyagörüşünü yoxlayan qapalı tipli test tapşırıqlarıdır. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar ümumi nəticəyə təsir göstərmir.
Xatırladaq ki, test imtahanında toplanılması mümkün olan maksimum nəticə 100 faizlə ifadə edilir.
İmtahanda təqdim edilmiş test tapşırıqlarından 50 faizini düzgün cavablandıraraq 35 bal toplamış namizədlər (Bakı, Sumqayıt və Gəncə şəhərlərində, Abşeron rayonunda yerləşən məktəblərdə işə qəbul olunmaq istəyən namizədlər istisna olmaqla) uğur qazanmış hesab edilirlər.
Bakı şəhərində yerləşən məktəblər üzrə işə qəbul üçün imtahanda təqdim edilmiş test tapşırıqlarından 70 faizini düzgün cavablandıraraq 49 bal toplamış namizədlər, Sumqayıt və Gəncə şəhərlərində, Abşeron rayonunda yerləşən məktəblər üzrə isə imtahanda təqdim edilmiş test tapşırıqlarından 60 faizini düzgün cavablandıraraq 42 bal toplamış namizədlər uğur qazanmış hesab edilirlər.
Test mərhələsində tələb olunan keçid balını toplayaraq uğur qazanan namizədlər müsahibə mərhələsinə buraxılırlar.
Test imtahanında tələb olunan keçid balını toplayaraq uğur qazanmış namizədlərlə keçiriləcək müsahibələrin vaxtı və yeri barədə Nazirlik tərəfindən əlavə məlumat veriləcəkdir.