Avqustun 10-da Bakıda Abay Kunanbayev küçəsində böyük qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin anadan olmasının 177 illiyi münasibətilə tədbir keçirilib.
AzərTAC xəbər verir ki, xatirə tədbirdə yaradıcı ziyalılar, abayşünas alimlər və yazıçılar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Abayın xatirə lövhəsinin önünə gül dəstələri qoyub, onun xatirəsini ehtiramla anıblar.
Qazaxıstan Azərbaycandakı səfiri Serjan Abdıkarimov qonaqları Abay Günü münasibətilə təbrik edərək bildirib ki, onun misilsiz yaradıcılıq irsi qazax xalqının gələcək nəsillər üçün daim əhəmiyyəti kəsb edən mənəvi sərvətidir. Səfir Abayın mənəvi düsturu olan “Adam bol!” (Adam ol!) fikrinin mahiyyəti, onun humanizmə, əməksevərliyə və maarifçiliyə çağırışları haqqında söz açıb. Qeyd edib ki, onun ən yaxşı tələbələri sonradan qazax əhalisinin öz torpağa sahib olma hüququ, özünüidarəetmə, dilin qorunması, milli mədəniyyəti və ənənələri uğrunda mübarizə aparan “Alaş” partiyasını və Alaş muxtariyyətını yaradıblar.
Diplomat Abayın əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi ilə bağlı uzunmüddətli işə, bütün türk dünyası və dünya ədəbiyyatı üçün əhəmiyyət kəsb edən onun irsinə qarşı hörmət və sevgiyə görə abayşünaslara minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən natiqlər diqqətə çatdırıblar ki, Abay xalqını xoşbəxtliyə və rifaha aparan, onlara düzgün yol göstərən dahi övladdır, alimdir və qazaxların fəxridir, onun yaradıcılığı isə bütün bəşəriyyətə, o cümlədən qardaş Azərbaycan xalqına da mənsubdur.
Aksiya geosiyasət, din, ədəbiyyat və incəsənət problemlərini araşdıran məşhur Azərbaycan tarixçisi, publisisti və teoloqu Teymur Atayevin “Abayın dahiliyi və ya XXI əsrdə mütəfəkkir portretinin yaratmaq cəhdi” kitabının təqdimatı ilə davam edib. Bu nəşrdə Abayın məşhur “Qara söz” əsəri təhlil edilir. Müəllif qazax tarixinin şanlı səhifələrinin və Abayın tərcümeyi-halından gələn mühüm epizodların onun şəxsiyyətini necə formalaşdırdığını və bununla görkəmli maarifçinin qazax düşüncəsinə əvəzsiz töhfələr verdiyini dərk etməyə çalışır.
Sözügedən kitabın təqdimatı Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi çərçivəsində Bakıda Dənizkənarı Bulvarda quraşdırılan qazax yurtasında baş tutub.
Tədbir Abayın şeirləri və musiqisi əsasında yazılan məşhur mahnıların və musiqi əsərlərinin ifası ilə tamamlanıb. Qonaqlar həmçinin ənənəvi qazax xörəklərib, Qazaxıstanın müasir inkişafı, mədəni və turizm cəhətdən görməli yerləri haqqında videoçarxı izləyiblər.