Super User
Yazarlar yay mövsümünü necə keçirirlər? - Birinin dincəlməyə vaxtı, birinin izni, birinin də pulu yoxdur
“Ədəbiyyat və incəsənət” portalının Ekspress-sorğusunda bu dəfə əməkdaşımız Ümid Nəccari yazarlarımızın Yay mövsümünü necə keçirməsi sualına cavab axtarıb.
Aqşin Evren:
- Əvvəlki illərdən fərqli olaraq, bu il yay mövsümündə səyahət etməmişəm, çox güman, bu yay ölkədən çıxmayacam. Mənim üçün istirahət, səyahət başqa ölkələrə gedi b oradakı xalqların tarixi, mədəniyyəti, yaşam tərzi ilə maraqlanmaqdır. Təbii ki, bu ölkələrin mütləq dənizə, okeana, ümu miyyətlə, suya çıxışı olmalıdır ki, heç olmasa gündə 1-2 saat üzə, balıq tuta biləsən.
Bu yay həm meymunçiçəyi, həm yeni korona dalğası, həm də hazırkı müharibənin (Rusiya-Ukrayna) yaratdığı xaosa görə ölkədən çıxmayacam. Avropaya getməklə bağlı təklif almışam, əgər payızda viruslar səngisə, İtaliya və Fransanı gəzmək istəyirəm.
Bu yay doğma yurdum Ərdəbilə getmək istəyirdim, onu da təxirə saldım. Qısası, yayı planlarımı təxirə salmaqla keçirirəm.
Fərid Hüseyn:
-Həftə içi səhər saat 09:00-dan 18:00-a qədər işdə oluram. Axşamüstü ya dostlarımla görüşürəm, ya da ailə üzvlərimi parka, bulvara, dəniz kənarına aparıram. İki kitab üzərində işləyirəm deyə səhərlər 05:00-da oyanıb 08:00-a qədər onları çapa hazırlayıram. Şənbə-bazar isə ailəmizlə birgə ya yaxın rayonların birinə gedirik, yaxud da hava xoş olanda dənizə. Axşamlar asudə vaxtımda da kitab oxuyuram.
Ruslan Dostəli:
-Adətən insanlar yay mövsümündə məzuniyyətə çıxır, istirahət edirlər. Mənim üçün fəslin fərqi yoxdur. Maddiyyat olandan sonra qışda da istirahət etmək olar. Bu yayı Şəki şəhərində keçirəcəm. Burda həm işləyirəm, həm də istirahət edirəm. Qapım dostların üzünə açıqdır.
İntiqam Yaşar:
-Bakıda fəsillərin hamısı eyni rəngdə olduğundan hansı fəsildən hansına keçid o qədər də hiss olunmur, yayın istisini və qışın soyuğunu nəzərə almasaq. Yay mövsümündə adətən doğulduğum rayona gedirəm hər il. Bu yay bir həftəlik getdim, qayıtdım. Fəaliyyət qrafikimlə uyğunlaşdıra bilsəm yenə də bir müddətlik getmək planım var. Bu yay işlərimiz də çoxdur. Müəyyən layihələr, səfərlər var ki, onların da görülməsinin hazırlıq prosesi ilə məşğul oluram. Bundan başqa, yeni kitabımı çapa hazırlayıram. Şeirlərin toplanılması, seçilməsi və s. - bunlarla məşğulam. Bir sözlə, builki yay mövsümü işlər, səfərlər və s. ilə sıx qrafikə söykənib.
Pərviz Cəbrayıl:
-Yay mövsümünü necə keçirirəm? Elə qış mövsümü kimi. Sadəcə, indi əynim yay mövsümünə uyğundu. Üşümürəm daha, əksinə bir az isti olur. Yəni elə həmişəki kimi: get naxıra, gəl axura. Normal məzuniyyət götürsəm, onda işlədiyim saytın işi bir qədər axsayacaq, götürməsəm, canım. Götürsəm belə, hara gedəcəyəm? Harasa getmək üçün pul lazımdır. O da ki, bizə aid olmayan bir şeydir. Demək ki, nökər nə, bekar nə? Otur oturduğun yerdə, ölüm mövsümünü gözlə - pulsuz, parasız, iznsiz. Torpaq var olduqca dincəl ki, dincəl...
Ələsgər Əhməd:
-Bəlkə də, ən sərinləndirici mövsümümdür. Günəşin şölələrinin ən cah-cəlallı vaxtında sevda içkisindən qurtumladım, hələ də sərxoşam, yay kimi də ən xoşbəxt hədəflərə çəkilirəm. Evlilik şeirsəldi, hər şey qaydasındadır.
Sevinc Elsevər:
-Bu yay gərgin keçdi. Bütün yayı doktorantların minimum imtahanına həsr etdim. Təəssüf ki, cəmi 4 balla kəsildim. Bütün əziyyətim hədər oldu. Üzüldüm, ağladım, həyəcan, stress. Nəticədə nə istirahət edə bilmişəm, nə də nəsə yaza bilmişəm. Uşaqlar üçün roman yazırdım. Yarılamışam, planım o idi ki, yayda bitirim. Yayın yarısı imtahanın hesabına getdi. Bu ayı dincələcəm. Bir cümlə yazmağa həvəsim yoxdur. Ümid edirəm, avqustda romanı bitirərəm. Bitirə bilsəm, yaxşı bir kitab alınacaq.
Tural Turan:
-Hələ ki, məzuniyyətə çıxa bilməmişəm. Avqust ayında 15 günlük Qərb bölgəsinə səfər planlaşdırıram. Bizim tərəflər yayda sərin olur. Doğma kəndimizi, Ağlavaşlını, valideynlərimi ziyarət etməyi düşünürəm. Hazırda ancaq işləyirəm. İstirahət günləri isə, az da olsa, mütaliə edə bilirəm...
Rəbiqə Nazimqızı:
-Yay mövsümünü ümumiyyətlə sevmirəm. Adam bilmir, şəhərin istisində harda qalsın, dincəlməyi necə planlaşdırsın. Ola bilsin, bir neçə günlük dincəlməyə imkan tapdıq. Belə ümumilikdə, Bakıda olacam, kondisionerlə dincəlməyə çalışıram. Gundəlik işlər - redaktə, şeir... Əslində, yaradıcı məzuniyyət üçün şərait istərdim. Məsələn, elə bir yer ki, mubadilə getsin, yazaq, təbiətin qoynunda yazdıqlarımızı dostlarımıza oxuyaq, müzakirə edək. Yaradıcılıq evləri kimi məsələn. Hələlik, arzu olaraq qalır.
Kənan Hacı:
-Bu yay mövsümü çox gərgin keçdi. İşlə əlaqədar Şamaxıya, İsmayıllıya, Xızıya səfərlərimiz oldu, sonra Şuşa səfəri, kitabxanalarda görüşlər...
Hələ ki, istirahətə vaxt yoxdur. Həm də, iki kitabım çapa hazırlanır, son oxunuşlara baxıram.
Sizlərə bol xatirəli, gözəl yay arzusu ilə, əziz oxucularımız!
Mayk Omerdən növbəti bestseller
“Amazon bestsellerleri” buraxılışından Rusiyada – Eksmo nəşriyytatında dərc edilən növbəti kitab Azərbaycanın satış şəbəkəsinə daxil olub. Söhbət tanınmış yazıçı Mayk Omerin “Qatilin daxilində” adlanır.
Roman triller janrındadır. Profaylerdən – kriminal psixoloqdan bəhs edir roman. Bu şəxs hətta olduqca mənasiz görünən ən xırda detallardan ən hiyləgər caninin, qatilin belə obrazını yarada bilən peşəkardır.
Profaylerlər kənardan hər şeyə qadir superqəhrəmanlar kimi görünürlər. Xüsusən də, onlar qadındırlarsa. Başgicəlləndirici süjet, sonadək gərginlik və intriqa ilə səciyyələnir “Qatilin daxilində” romanı.
Xatırladaq ki, romanın ilk ABŞ nəşri 2018-ci ilə təsadüf edir.
The Rolling Stones-un Paris konsert dünya musiqi həyatının əsas hadisəsi oldu
Əfsanə qayıdır
Əfsanəvi The Rolling Stones qrupunun solisti Mick Jagger bu həftə qeyd edəcəyi 79-cu doğum günü ərəfəsində şənbə axşamı Parisdə verdiyi konsertlə dünya musiqisevərləri üçün unudulmaz anlar yaşadıb. Bulon meşəsindəki Lonşan Cıdır Düzündə keçirilən konsert 1961-ci ilin payızında yaradılmış Britaniya qrupunun yaranmasının 60-cı ildönümü münasibətilə təqdim edilən yubiley turnesinin bir hissəsi olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir.
50 min nəfərlik tribunalarda qrupun pərəstişkarlarının bir neçə nəsli toplaşmışdı. Maraqlıdır ki, konsertə tamaşa edən yaşlı insanlar etiraf edirdilər ki, bu yaşımızda Mick Jagger kimi bol enerjiyə və dözümlülüyə malik olmağı arzulayırıq.
Yubiley turu
Cıdır Meydanında şənbə çıxışı Rolling Stones qrupunun bütün tarixi ərzində Fransada verdiyi 54-cü konserti oldu. Qrupun ilk Paris konserti 1964-cü ilin oktyabrında "Olimpiya" zalında baş tutmuşdu.
Yubiley turu iyunun 1-də Madriddə başlayıb, avqustun 3-də Berlində başa çatacaq. Fransada qrup Lionda da çıxış edib. Amsterdam və Berndə iyun ayına planlaşdırılan konsertlər Mick Jagger-in coronavirus üçün verdiyi müsbət test səbəbiylə ləğv edilmişdi.
The Rolling Stones-in konsert repertuarına onların ən məşhur kompozisiyaları daxildir: Klassika şedevrləri Paint It black və Satisfaction-dan tutmuş ta ki, sonrakı dövrlərin Midnight rambler və Ghost Town şedevrlərinə qədər.
Mütləq qeyd edək ki, Paris konsertində biletlərin qiyməti 95 avrodan 330 avroya qədər olub və satışa çıxarılandan bir neçə saat sonra tam şəkildə satılıb qurtarıb.
Fransada bayram
Maykl Filip (Mick) Jagger 26 iyul 1943-cü ildə Böyük Britaniyanın Hartford şəhərində anadan olub. Musiqiyə blues və rok-n-roll dəbi gətirib. Mətnlərin müəllifi, bəstəkar, vokalçı olub, 1961-ci ildə isə The Rolling Stones-un təsisçilərindən birinə çevrilib. 2021-ci ildə qrupun təbilçisi Çarli Uottsun 80 yaşda vəfat etməsinə baxmayaraq, musiqiçilər çıxışlarını dayandırmağı planlaşdırmırlar.
Hələ bəlli deyil ki, məşhur müğənni doğum gününü Fransada necə qeyd edəcək. Ola bilsin ki, bayram Parisətrafı Turendə - ona məxsus qəsrdə keçirilsin. 24 hektarlıq ərazidə fransız bağı və parkına, tennis kortuna və Yapon havasına (süni havalandırma sisteminə) malik qəsrdə yay aylarında gəlib dincəlməyi müğənni çox sevir.
Əvvəlki illərdə də Mayklın Fransadakı bu qəsrində atəşfəşanlıqlar təşkil edilib. 2020-ci ilin yazında COVİD-19 pandemiyasının pik zamanında o, uzun müddət burada yaşamış, yeni disklərin yazılmasına vaxt ayırmışdı.
Səhnəyə əbədi bağllıq
Mick Jagger ser tituluna malik ən nüfuzlu britaniyalılardan biridir, bu titulu ona 2002-ci ildə kraliça II Yelizaveta verib.
Jagger-in vəziyyəti bu gün üçün 250 milyon avro olaraq qiymətləndirilir. Razılaşın ki, qocaman müğənni kifayət qədər varlı adam hesab edilə bilər.
Bir dəfə müsahibələrin birində "Səhnəyə" qayıtmağa" ehtiyacım yoxdur, çünki onu heç vaxt tərk etməmişəm", - deyə Jagger jurnalistə bildirmişdi, həqiqətən də o, səhnə ilə yaşayır, hətta çıxış etməyəndə belə özünü səhnədə hesab edir.
İnsan can qoyduğu fəaliyyətdən şöhrət və var-dövlər kimi dividendlər götürə bilirsə, nə xoş onun halına.
Rasim Özdənörən vəfat edib
Türkiyəli məşhur yazıçı Rasim Özdənörən vəfat edib. Türk mediasının yaydığı məlumata görə o, Ankara Universiteti Tibb Fakültəsi Xəstəxanasında 82 yaşında dünyasını dəyişib.
Rasim Özdənörən 1940-cı il mayın 20-də Türkiyənin Kahramanmaraş vilayətində anadan olub. O, 30-a yaxın kitabın müəllifidir. “Çarpılmışlar”, “Yaşadığımız günlər”, “Ədəbiyyat və həyat” kimi kitabları müəllifə məşhurluq gətirib.
Müəllifin “Kirli şüşələr” adlı kitabı Azərbaycanda “Adiloğlu” nəşriyyatında nəşr olunub.
Azərbaycan Türkiyədə keçirilən beynəlxalq festivalda təmsil olunub
Türkiyənin Malatya vilayətində keçirilən 25-ci Beynəlxalq Ərik Festivalında Azərbaycan da təmsil olunub. Tədbirdə Azərbaycan tərəfdən Türkiyədə fəaliyyət göstərən həmvətənimiz - jurnalist Səidə Ömər çıxış edib.
Bununla bağlı AzərTAC-a müsahibə verən Səidə Ömər festivala Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən dəvət olunduğunu qeyd edib. Uzun illərdir qardaş ölkədə Vətənimizi təmsil etdiyi üçün qürur hissi keçirdiyini deyən həmvətənimiz bildirib. “Festival çox möhtəşəm təşkil edilmişdi. Tədbirin ilk günü TÜRKSOY-un Baş katibi Sultan Rayevin rəhbərliyi ilə Malatya valisi Hulusi Şahinlə görüşdük. Görüşdə Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan nümayəndələr də iştirak edirdilər. Çox gözəl qarşılandıq və Hulusi Şahinə Bakını əks etdirən suvenir hədiyyə etdim. O, bu hədiyyəni çox böyük məmnuniyyətlə qəbul etdi. Görüş zamanı Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə yazdığı qəhrəmanlıq dastanı haqqında söhbət etdik. Bu Zəfərin bütün türk dünyasının Qələbəsi olduğu bir daha vurğulandı”.
Festivalda həmyerlimizin “Sarı gəlin” rəqs kompozisiyası ilə çıxışı böyük rəğbətlə qarşılanıb.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Malatya Valiliyi və Böyükşəhər Bələdiyyəsi tərəfindən birgə təşkil olunan festival beş gün davam edib.
Cem Yılmaz avtoqəzaya düşüb
Məşhur türk komik aktyoru Cem Yılmaz "Erşan Kuneri" filminin çəkilişləri bitdikdən sonra Bodrumda tətilinə davam etməkdədir.
“Ədəbiyyat və incəsənət” oxu.az-a istinadən xəbər verir ki, o, ötən gecə Bodrumda yol qəzasına düşüb.
Yılmazın idarə etdiyi "Mercedes" markalı avtomobili taksi ilə toqquşub. Qəza nəticəsində nəqliyyat vasitəsi zədələnsə də, gülüş ustası xəsarət almayıb.
Yılmazın yayın sonuna qədər Bodrumda qalacağı bildirilir. İllərdir tətilini məhz buradakı bağ evində keçirən aktyorun yeni serial üzərində çalışmağa başladığı iddia edilir.
Azərbaycan ilə Qətər arasında mədəni əlaqələrin perspektivləri müzakirə olunub
Azərbaycanın Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılovun Dohada yerləşən “Qatara” mədəniyyət şəhərciyinin baş direktoru Khalid Al-Sulayti ilə görüşündə iki dost ölkə arasında mədəni əlaqələrin perspektivləri müzakirə olunub.
AzərTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə “Qatara” arasında əməkdaşlıq sahəsində yeni imkanlar, mədəniyyət sahəsində həyata keçiriləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, 2021-ci ilin sentyabrında “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi və “Qatara” Mədəniyyət Şəhərciyi Fondu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb, həmçinin 2021-ci il dekabrın 8-də “Qatara” mədəniyyət şəhərciyində Azərbaycan-Qətər dostluq əlaqələrini təcəssüm edən “Qardaşlıq” abidəsinin açılışı olub.
Şekspirin kitabı 2,5 milyon dollara satılıb
Uilyam Şekspirin pyeslərinin ilk dəfə toplu olaraq nəşr olunduğu “The First Folio” kitabı “Sothebys” hərrac evinin qiymətli kitab auksionunda 2 milyon 470 min dollara satılıb.
Hərraca çıxarılan digər qiymətli sənədlər arasında “Müstəqillik Bəyannaməsi”nin Massaçusets ştatının rəsmi nəşrinin əvvəllər qeydə alınmamış nüsxəsi rekord qiymətə - 2 milyon 228 min dollara satılıb.
Günün fotosu: Rio-de-Janeyro natürmortunda qara rənglər
Günün fotosu: Rio-de-Janeyro natürmortunda qara rənglər
Braziliyanın ən böyük şəhəri olan Rio-de-Janeyroda avtomobil oğruları bandasına qarşı polisin zərərsizləşdirmə əməliyyatı 18 nəfərin ölümü ilə sonuclanıb. Oğurluğa görə güllələnmə hökmü şəhərin gündəlik həyat palitrasını xeyli pozub.
Foto: Euronews
“İlin press fotosu” adını Əziz Kərimovun “Helikopter qəzası” fotosu qazanıb
World press photo - dünyanın ən yaxşı mətbuat fotolarını müəyyənləşdirən müsabiqədir. Gilavar Foto Klubunun təşkilatçılığı ilə ötən ildən başlayaraq Azərbaycanda da “İlin press fotosu” adlı yeni layihə fəaliyyətdədir. Layihə çərçivəsində hər il “Azərbaycan press foto” adlı fotomüsabiqə keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu il fotojurnalist Əziz Kərimovun helikopter qəzasında həlak olan hərbçilərlə vida mərasimi zamanı çəkdiyi foto “İlin press fotosu” seçilib.
İkinci dəfə keçirilən müsabiqəyə 2021-ci il ərzində çəkilmiş fotolar qəbul olunub. Fotoqrafların işləri Misir, Hindistan və Banqladeşdən olan peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Fotomüsabiqə rəqəmsal kateqoriya üzrə xəbər, gündəlik həyat, portret, təbiət, idman və mədəniyyət mövzuları ətrafında keçirilib. Qaliblər hər mövzu üzrə birinci, ikinci, üçüncü yer olmaqla seçilib.
Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd kütləvi informasiya vasitələrində çalışan və sərbəst fəaliyyət göstərən peşəkar fotoqraflar tərəfindən il ərzində çəkilən və mətbuatda yayımlanan ən yaxşı fotoları seçmək, eləcə də dəyərləndirməkdir.
Siz qapaq fotosunda qalib fotonu, iç fotolarda isə digər mövqelərdə qərarlaşan fotoları görürsünüz.