Azərbaycan Türkiyədə keçirilən beynəlxalq festivalda təmsil olunub

 

Türkiyənin Malatya vilayətində keçirilən 25-ci Beynəlxalq Ərik Festivalında Azərbaycan da təmsil olunub. Tədbirdə Azərbaycan tərəfdən Türkiyədə fəaliyyət göstərən həmvətənimiz - jurnalist Səidə Ömər çıxış edib.

 

Bununla bağlı AzərTAC-a müsahibə verən Səidə Ömər festivala Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən dəvət olunduğunu qeyd edib. Uzun illərdir qardaş ölkədə Vətənimizi təmsil etdiyi üçün qürur hissi keçirdiyini deyən həmvətənimiz bildirib. “Festival çox möhtəşəm təşkil edilmişdi. Tədbirin ilk günü TÜRKSOY-un Baş katibi Sultan Rayevin rəhbərliyi ilə Malatya valisi Hulusi Şahinlə görüşdük. Görüşdə Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan nümayəndələr də iştirak edirdilər. Çox gözəl qarşılandıq və Hulusi Şahinə Bakını əks etdirən suvenir hədiyyə etdim. O, bu hədiyyəni çox böyük məmnuniyyətlə qəbul etdi. Görüş zamanı Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə yazdığı qəhrəmanlıq dastanı haqqında söhbət etdik. Bu Zəfərin bütün türk dünyasının Qələbəsi olduğu bir daha vurğulandı”.

Festivalda həmyerlimizin “Sarı gəlin” rəqs kompozisiyası ilə çıxışı böyük rəğbətlə qarşılanıb. 

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Malatya Valiliyi və Böyükşəhər Bələdiyyəsi tərəfindən birgə təşkil olunan festival beş gün davam edib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.