“Sevgililərin yasaq olmuş görüşü” – Yusif Afşarın hekayəsi Featured

 “Ədəbiyyat və incəsənət” portalı “Həvəskar yazarlar” rubrikasında bu dəfə sizə Yusif Afşarın “Gözüm yolda, könlüm səsdə” adlı hekayəsini təqdim edir.

Yusif Afşar (Alıyev) 1979-cu il aprelin 7-sində Qazax rayonunun Yuxarı Salahlı kəndində dünyaya gəlib. Fizika üzrə fəlsəfə doktorudur, Azərbaycan Pedaqoji Universitetinin Quba filialının direktorudur.

Güman edirik ki, oxucularımız hekayəni bəyənəcəklər.

  

Boynundakı yara sağalsa da həkimlər hələ də hospitaldan çıxmasına icazə vermirdilər. Çünki hərəkət etdikcə ayağında və qaraciyərində oturmuş qəlpələr tərpənə bilərdi. Nicat isə israr etməkdə davam edirdi:

- Ay həkim, qurban olum, qoy gedim, axı o, küçədə məni gözləyir. Görüşümüz uzaq başı bircə saat çəkər. Lap istəyirsən, sən də get mənimlə, səni də tanış edim göz bəbəyimlə. Axı bu gün 8 martdır, onun bayramıdır. Keçən ay anam yanıma gələndə demişdim ki, Leyla bayramda gəlsin, mütləq görüş alacam həkimdən. 

Həkim isə peşəsinə sadiq qalırmış kimi soyuqqanlı şəkildə cavab verdi:

- Ay yoldaş leytenant, ay Şuşa fatehim, məni başa düş, mən də elə yaralarının sağalmasını nişanlın səni gözlədiyi kimi gözləyirəm. Qurban olum, imkan ver, işimizi sona kimi görək, qolundakı gipsi yenicə açmışam. Barmaqlarının yarası da indi-indi qaysaqlayır. Partlayış zərbəsindən dağılmış qulaq pərdən də sağalmayıb, hələ də qan gəlir. Vallah sağalandan sonra sizi mütləq evimə qonaq çağıracam. Amma indi olmaz, ciyərindəki qəlpə də çox pis yerdədir. Hər an tərpənib onikibarmaq bağrısağı kəsə bilər. Axı niyə məni bəd-bəd danışdırırsan? Dediyimə əməl et. Elə bilirsən, mən anlamıram səni? Mənim də ailəm, qızım var. Bax bu əziz günü mən də onlarla keçirmirəm, sənin yanındayam.

Nicat ümidsiz də olsa son cəhdini də etdi:

-Doktor, axı mən onu axırıncı dəfə müharibə başlamazdan əvvəl, avqust ayında kəndə məzuniyyətə gedəndə görmüşəm. Bu saat mənə yaramdan çox yarımla görüşə gedə bilməməyim əziyyət verir. 

-Olmaz, - deyə doktor Rəcəbov sərt şəkildə dilləndi.

-Doktor, Səməd Vurğunun bir şeiri var, yəqin onu oxumusan, - deyə Nicat incik şəkildə dilləndi.

-Hansını deyirsən? Səməd Vurğun dəryadır, o qədər şeiri var ki, - deyə onun yaralı ayağına sarğı dolayan doktor soruşdu. 

- İkinci dünya savaşında yaralı bir əsgərin dilindən yazılan şeiri deyirəm:

 

Doktor! Aman, doktor!

Sağlığıma güman yoxdur...

Bıçağını saxla bir dəm,

Bilirəm ki, öləcəyəm...

Gözüm yolda, könlüm səsdə,

Dinlə məni son nəfəsdə.

 

Rəcəbov bu təsirli şeirdən sonra sarğını bağlayıb üzünü yana çevirərək nəmlənmiş gözlərini sildi. İri sinəsini dərindən nəfəs alaraq doldurub, geri uzun bir nəfəs verərək fikirə getdi. Beləcə, fikirli-fikirli pəncərəyə yaxınlaşıb küçəyə baxdı. Dəmir barmaqlı hasarın o biri üzündə boz rəngli gödəkcə geyinmiş yaraşıqlı bir qız hospitala – Nicatın yatdığı pəncərəyə baxırdı.

Bu mənzərədən sonra doktor Rəcəbov “leytenantı buraxım, ya buraxmayım”, - deyə bir müddət öz-özünə danışdı. “Yox, buraxmayacam, hərəkət etsə qəlpə tərpənər və sonra daha ağır olar”, - deyə özünə təskinlik verdi.

Bəs o yolda qalan məsum qız necə olsun?

Doktor geri gəlib Nicatın yatağına yaxınlaşdı və dedi:

-Sənin ora getməyinə razı deyiləm, amma qoy gedib nişanlını bura gətirim.

-Yox doktor, yox, istəmərəm o bura gəlib buradakı yaralıları görsün, məni xəstə yatağında ziyarət etsin. Amma bir xahişim var, - deyə Nicat dilləndi.

- De görüm nə xahişdir, yoldaş leytenant, - doktor soruşdu. 

Nicat dərisi bir neçə yerindən çapılmış əlini cibinə salıb cibindən dörd yerə bükülmüş bir kağız çıxardı, doktora uzatdı:

-Doktor, bir zəhmət, al bu kağızı götür, nişanlıma verərsən, Daşaltıda qayalıqda gizlənib hücum komandası gözləyən vaxt yazmışdım. Söz vermişdim ki, bu gün onu Leylaya verəcəm, - deyə doktorun gözlərinə baxdı.

Doktor Rəcəbov üzəri qan ləkəsi ilə xal-xal olmuş, ortasından deşilmiş kağızı alıb cibinə qoymaq istəyəndə Nicat dedi ki, Doktor, cibinə qoyma, ağrın alım, o kağız məni ölümdən qorudu, üzərindəki deşik də qəlpə izidir, həmin qəlpə ciyərimdə dayandı, o kağız olmasaydı bəlkə də ölərdim.

Sonra da “Aç onu, orada yazdıqlarımı ucadan oxu” - deyə xahiş etdi.

Doktor Rəcəbov barmaqları əsə-əsə kağızı ehmalca açıb oxumağa başladı:

 

“Canım Leylam,

Dünyanın varlığı səsli-küylü olmasındadır, səsim küyümsən.

Dənizlərin həyatı ona axan çaylara bağlıdır, axan çayımsan.

Güllərin ətri onu yetişdirən torpağın gücündədir, gücüm qüvvətimsən.

Quşların cəh-cəhi açılan sübhün şəfəqindədir, al şəfəqimsən. 

Kainatın işığı Günəşdən gələr, doğan Günəşimsən.

Ətirlərin şahı ahu göbəyində yetişər, ətirli müşkümsən.

Cismin varlığı ruha bağlıdır, çağlayan ruhumsan.

Gözün kəsəri nurdan keçər, göz nurumsan.

Sevginin təmizliyi qəlbə bağlıdır, saf eşqimsən.

Uzun yolun qəti hərəkətə bağlıdır, dizimin taqətisən.

Yalanı kəsən Doğrudur, iti qılıncımsan.

Cəmi varlığın yaradıcısı Allahdır ki, ondan gələn ilahi payımsan.

Sənin Nicatın. 4 noyabr 2020-ci il, Daşaltı”

 

Doktor Rəcəbov qəhər boğa-boğa oxuduğu kağızı yenidən eyni izlərlə qatlayıb otaqdan çıxdı. Bir göz qırpımında bayaqdan küçədə sevgilisini gözləyən boz gödəkcəli incə belli, sarı saçlı, üzündən sevinc yağan qıza yetişib: - Alın bu kağızı, Nicat verdi, - deyə dilləndi. Qızın sual dolu gözlərinə baxa bilməyərək: - İcazə verilmədi yataqdan durmasına, dedi ki, bu kağızı sizə yetirim, - deyib bir göz qırpımında geri qayıtdı...

 

***

 

İki gün idi ki, nə leytenant, nə də doktor bir kəlmə kəsmirdilər. Doktor leytenantın  yaralarının sarğısını dəyişdirib gedirdi.

Gecə qəfil gələn zəngə onsuz da neçə gün idi səksəkəli yatan doktor hövlang oyandı:

- Bəli!

- Doktor, təcili hospitala gəlin, leytenant Binnətovun durumu qəflətən ağırlaşdı.

- Reanimasiyaya qaldırın, təcili, bu saat gəlirəm.

Xəstəxanaya necə çatdığını hiss etməyən doktor təşviş içində reanimasiya palatasına gələrək Nicatın çarpayısına yaxınlaşdı, əlini onun soyuq alnına qoyub, asta səslə: -Nicat, Nicat, mənim qəhrəmanım, nə olub sənə? – deyə soruşdu.

Nicat həkimin səsini eşitcək gözlərini azacıq aralayıb, ağarmış bənzinə xəfif təbəssüm gətirərək dodaqaltı zorla eşidiləcək bir səslə dedi:

 

-Doktor! Aman, doktor!

Sağlığıma güman yoxdur...

Bıçağını saxla bir dəm,

Bilirəm ki, öləcəyəm...

Gözüm yolda, könlüm səsdə,

Dinlə məni son nəfəsdə.

 

Nicatın dodaqları bağlandı, lakin təbəssümü hələ də üzündə idi.

Doktor böyük günah işləmiş insan kimi bütün tibbi müdaxilələri tibb bacılarının üzərinə qışqıraraq edirdi. Heç bir müdaxilə effekt vermirdi...

 

***

 

Bu da dəfn günü.

Doktoru hər şeydən daha çox yandıran tabutun ayaq tərəfini qucaqlayaraq dil deyib ağlayan boz gödəkcəli, sarı saçlı qız idi...

“Bağışla Nicat, keşkə sizi görüşdürərdim”, - deyə hönkürtü ilə ağlamaqdaydı doktor.

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.