Super User
Vəkil Adəm Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib
Peşəkar vəkil Adəm Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib.
AzərTAC xəbər verir ki, vəkilə üzvlük vəsiqəsini Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar təqdim edib.
Qeyd edək ki, Adəm Məmmədov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, ədliyyə kapitanıdır. Tanınmış vəkil bakalavr dərəcəsi üzrə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində və magistr dərəcəsi üzrə Rusiya Xalqlar Dostluğu Universitetində təhsil alıb.
Adəm Məmmədov, həmçinin telejurnalist kimi də tanınır. Uzun illər “Lider” televiziyasında “Hüquq və ədalət”, “İnsan və qanun” verilişlərinin aparıcısı olub. O, oxucular tərəfindən böyük maraqla qarşılanan “Qətlin sonu” detektiv-triller romanın müəllifidir. Yazıçının hazırda “Oğurlanmış adam” romanı çapa hazırlanır.
Onun adı nə idi?
“Ədəbiyyat və incəsənət” portalı “Həvəskar yazarlar” rubrikasında Səbinə Yusifin yeni hekayəsini təqdim edir.
-Siz heç sevdinizmi?
-Bəli, sevdim. Vətən kimi müqəddəs, torpaq kimi əvəzolunmaz bir sevgi ilə sevdim.
-Bəs indi nədən tək yaşayırsınız? –deyə tələbələr ona sual etdilər.
Gülzar müəllimə eynəyini çıxarıb göz yaşlarını silməyə başladı.
-Bizi bağışlayın, müəllimə.
-Elə deməyin, övladlarım. Məni siz ağlatmadınız.
İşlədiyi kollektivdə istiqanlılığı, diqqətcilliyi, mehribanlığı ilə seçilən Gülzar xanım tələbələrin də sevimlisi idi. Nə qədər gülərüz olsa da, bir o qədər zəhmli idi. Tələbələr onun dərsinə hazır olardılar. Tədris etdiyi ədəbiyyat fənninə böyük sevgi qatıb öyrədərdi tələbələrini. İmtahan vaxtı Gülzar xanımın dərs dediyi tələbələr xüsusilə seçilərdi. Bu il onlar sonuncu kurs idilər. Gülzar xanım onlarla həm ana, həm bacı, həm dost idi. Bu səmimiyyətdən istifadə edib tələbələr Gülzar xanıma bu sualı ünvanladılar. Yeni dərsin mövzusu məhəbbət dastanları idi. Dərsi izah edən müəllimə ona qəfil ünvanlanan sualın təsirindən istər-istəməz 30 il əvvəli xatırladı. Müharibənin odlu-alovlu illərini. Qarabağın işğal olunduğu o ağrılı-acılı illəri xatırladı.
-Əzizlərim, siz həyatınızın ən gözəl illərini – gənclik illərini yaşayırsınız. Siz baxdığınız hər nə varsa, sizə bir söz söyləyir: “Sevgi”! Siz xoşbəxt gənclərsiniz ki, artıq Qarabağ azad olub. Allah Şəhidlərimizə rəhmət eləsin. Qazilərin, zabitlərin, əsgərlərin canları həmişə sağlam olsun. Mənim sevdiyim insan da zabit idi. Vətən üçün hər an ölümə getməyə hazır idi. Qarabağ işğal olunmuşdu. Qarabağın işğalına dözə bilmirdi. Müstəqil Azərbaycan Respublikasında təhsil alan ilk zabitlərdən idi. Biz onunla eyni yurdun övladları idik. İnstitut illəri Bakıda tanış olmuşduq. O vətənpərvər gənc idi. Qarabağın işğalı ona da ağır təsir etmişdi. Bu itki ilə barışa bilmirdi.
-Müəllimə, olar bir sual verim?
-Buyur, qızım.
-Onun adı nə idi? Niyə öz adını demirsiniz?
-Bilirsən qızım, onun haqqında niyə öz adı ilə danışmıram? Çünki o Vətən amalı ilə yaşayan Qəhrəman idi. Onun özü bir yana, adı da mənim qibləmdir. Mən onu öz adı ilə çağırmadım. Mən ona Vətən Sevgim deyirdim. Elə siz də onu bu adla tanıyın. Bizi bir dəyər birləşdirmişdi – Vətən! Hərbi Akademiyanı bitirdi və ön cəbhəyə təyinat aldı. İkimiz də çox xoşbəxt idik. İkimiz də ali təhsilimizi başa vurmuşduq. 4 il idi tanıyırdıq bir-birimizi. O, mənə sevməyi öyrətdi. Yadınızda saxlayın, Vətəni sevən kişilər sevgilərinə sadiq olurlar. Həm də çox mərhəmətli olurlar hər kəsə qarşı. Mən sevgini də ona görə sevdim. O məni həmişə qorumağa çalışdı. Bakıda oxuduğumuz illərdə mən özümü kəndimizdə yaşayırmış kimi hiss etdim. Çünki mənim arxamda o dayanmışdı. Onunla bir yerdə addım atanda elə bilirdim əl atsam göydəki ulduzları belə dərə bilərəm. Çünki onunla Göylər də əlçatan idi. Hərdən öz-özümə deyirdim: Yatsaydım, belə bir xoşbəxt həyat yuxuma da gəlməzdi. Bəlkə də öz sevgimə özümün gözü dəydi. Çünki bizim sevgimiz bir başqa idi. O mənimlə görüşə elə gəlirdi ki, heç yolun da xəbəri olmazdı. Elə Abbas Tufarqanlının dediyi kimi:
Qədəm qoyub yar bağına gələndə,
Elə gəl, elə get, yol inciməsin.
Şəkər ləblərindən mənə busə ver,
Dodaq tərpənməsin, dil inciməsin.
O da görüşə elə gələrdi ki, yol da inciməzdi. Hamıdan xəbərsiz, bəxtəvər bir sevgi yaşadıq. İnstitutu bitirdik. O, ön cəbhəyə yollandı. Mən də kəndimizə. O vaxtlar mobil telefonlar satışa yeni gəlmişdi. Hər adamda yox idi. Yanvar ayı idi. Ev telefonumuza zəng gəldi. O, idi. Məzuniyyətə gəldiyini, məni görmək istədiyini dedi. Mən də evdən rəfiqəmlə görüş adı ilə çıxdım. Məhəlləmizin qurtaracağında görüşdük. Elə bil dünyanı mənə verdilər. Çox az söhbət etdik. Dedi, birdən görən olar. Sonra atangilə deyən olar. O, istəmirdi ki, mənim haqqımda kimsə bir kəlmə artıq söz danışsın. Sevgisinin ucalığından idi. Məni hər addımda qorumağa çalışırdı. Əlindəki hədiyyə qutusunu mənə verib sağollaşdı. Onu elə möhkəm qucaqladım ki. Polad kimi möhkəm idi. Ətrini hələ də unutmamışam. Cənnətin ətri var idi onda.
Evə gəlib hədiyyəni açanda gördüm ki, bir mobil telefon var, bir də bir məktub. Məktubda yazmışdı: “Sən bu dünyada ən çox güvəndiyim insansan. Sənə inanıram. İnanıram ki, sən sevgimizə sadiqsən. Sən mənim nəfəsimsən. Nəfəssiz durmaq olmur. Bu telefonu sənə hədiyyə etdim ki, heç olmasa həftədə bir dəfə də olsa sənin səsini, nəfəsini eşidim”.
Hamıdan gizlin, hamıdan xəbərsiz həftədə bir dəfə ona zəng edərdim. Ayrılmaq istəməzdim. Vaxt elə tez gələrdi ki. Onunla danışdığım dəqiqələr elə qiymətli idi ki. Telefonda onun nəfəsini duyanda dünyanın ən xoşbəxt insanı olurdum. Həmin gün anam mənə nə qədər ev işi gördürsə belə yorulmazdım. Bilirsinizmi, sevgi insanı güclü edir. Mən onunla birlikdə elə güclü idim ki...
Böyük ümidlə, böyük arzu ilə gözləyirdim qovuşacağımız günü. Bir gün axşam saat 8-də atam xəbərlərə baxırdı. Aparıcı xanımın dediyi cümlələri eşidəndə dünya gözlərimdə qaraldı: “Bu gün səhər saatlarında ermənistən ordusu tərəfindən atəşkəs yenidən pozulub. N saylı Hərbi Hissənin zabiti düşmənin açdığı snayperdən Şəhid olub”.
Gözümü açanda xəstəxanada idim. O zaman artıq hər kəs xəbər tutdu bizim sevgimizdən.
Ondan mənə bir məzarı yadigar qalıb, bir də sevgimiz.
O mənim dünyam idi. Dünyamı da apardı özü ilə.
Onunla birlikdə addımladığımız küçələr indi mənim ən isti yuvamdır. Sizə bir məsləhətim var: Elə sevin ki, heç vaxt heyf deməyin.
-Müəllimə, siz heyslənmədiniz? Tək qaldız. Tək yaşlandız.
-Artıq yaşa dolmuş bir insanam. Bir dəfə də olsun heyf demədim. Çünki mən bir Qəhrəmanı sevdim. Kim deyir ki, mən tək qaldım. Mən Vətən boyda bir sevgiyə sahibəm!
“Sünbüllər saralanda” kitabının təqdimatı olub
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının oxucusu Afət Ruhan Arslanın “Sünbüllər saralanda” kitabının təqdimatı keçirilib.
Qeyd edək ki, kitabın redaktoru Vahid Əhəd, “Ön söz”ün müəllifi isə şair-publisist, “Qızıl qələm” mükafatı laureatı Sakit Məmmədovdur.
Tədbirdə çıxış edən şair Sakit Məmmədov kitab haqqında məlumat verərək bildirib ki, təqdim edilən roman əsasən bir ailənin, təxminən 30 ilə yaxın müddətdə həyatını təsvir edir. Romanın süjeti əsasən 5 personajın üzərində qurulub.
Yazıçı Esmiralda Şükürova, Yasamal rayon MKS-nin şöbə müdiri Yeganə Qafarova və digər çıxışçılar kitab haqqında təəssüratlarını bölüşərək müəllifə yaradıcılıq uğurları arzulayıblar. Bildiriblər ki, kitab oxucuların rəğbətini qazanacaq.
Sonda müəllif təşkilatçılığa görə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına və Yasamal rayon Heydər Əliyev Mərkəzinə öz minnətdarlığını bildirib.
Mədəniyyət Nazirliyində neçə nəfər işdən çıxarılıb, neçə nəfər töhmət alıb?
Hazırda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə kompleks islahatlar aparılmaqdadır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qeyd olunan islahatlar çərçivəsində mədəniyyət müəssisələrində yoxlama, monitorinq və xidməti araşdırmalar zamanı aşkar olunan nöqsanların aradan qaldırılması, əmək və icra intizamının pozulması hallarına yol vermiş şəxslər barəsində müvafiq tədbirlərin görülməsi istiqamətində işlər aparılmışdır.
Əlavə olaraq idarə və müəssisələrin vəzifəli şəxlərinin qanunsuz əməlləri ilə bağlı aşkarlanmış cinayət əlamətləri olan məlumatlar aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilmişdir. Hazırda Nazirliyin strukturunda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda baş verə biləcək pozuntu hallarının qarşısının alınması, belə hallara yol vermiş şəxslər barəsində zəruri tədbirlərin görülməsi istiqamətində yoxlama, xidməti araşdırmalar və digər tədbirlər davam etdirilir.
Son bir il ərzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Ağstafa, İsmayıllı, Şəki, Bərdə, Masallı, Ağdaş, Sumqayıt, Gəncə və Lənkəran Regional Mədəniyyət İdarələrində və tabe müəssisələrdə aparılmış yoxlama və xidməti araşdırmaların nəticələrinə əsasən aşağıdakı sayda tədbirlər görülmüşdür:
Hüquq mühafizə orqanlarına göndərilmiş müraciətlər - 11
Dövlət qulluğuna və əmək fəaliyyətinə xitam verilmiş işçilər – 8
İşdən azad edilmiş tabe müəssisələrin işçiləri – 17
Sonuncu xəbərdarlıqla “Şiddətli töhmət” intizam tənbehi verilmiş işçilər - 2
“Töhmət” intizam tənbehi verilmiş işçilər - 18
“Xəbərdarlıq” elan edilmiş işçilər – 10
Fəaliyyəti ilə bağlı cinayət əlamətləri olan məlumatlar hüquq mühafizə orqanlarına göndərilmiş müəssisələr:
6 təhsil müəssisəsi
3 Regional Mədəniyyət İdarəsi
1 Mədəniyyət Mərkəzi
1 Konsert müəssisəsi
Dövlət qulluğuna və əmək fəaliyyətinə xitam verilmiş Regional Mədəniyyət İdarəsi işçiləri:
2 Regional Mədəniyyət İdarəsinin rəisi
3 baş məsləhətçi
1 baş mühasib
1 məsləhətçi
1 mühasib
İşdən azad edilmiş tabe müəssisələrin işçiləri:
2 Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin direktoru
2 Mədəniyyət Mərkəzinin direktoru
1 dövlət teatrının direktoru və baş rejissoru
1 Tarix-Diyarşünaslıq muzeyinin direktoru və həmin muzeyin filialının müdiri
1 Konsert müəssisəsinin baş mühasibi
1 Rəsm Qalereyasının direktor müavini
Təhsil müəssisəsinin 7 əməkdaşı
Sonuncu xəbərdarlıqla “Şiddətli töhmət” intizam tənbehi verilmiş işçilər:
1 Tarix-Diyarşünaslıq Muzeyinin direktoruna
1 dövlət teatrının baş mühasibinə
“Töhmət” intizam tənbehi verilmiş işçilər:
1 Regional Mədəniyyət İdarəsinin rəisinə və baş məsləhətçisinə
4 Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin müdirlərinə
1 Dövlət Dram Teatrının direktoruna
4 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoruna
1 Rəsm Qalereyasının direktoruna
1 Konsert müəssisəsinin direktoruna
1 Heydər Əliyev Mərkəzinin direktoruna və təsərrüfat müdirinə
2 Mədəniyyət Mərkəzinin direktoruna
Təhsil müəssisəsinin 1 əməkdaşına
“Xəbərdarlıq” elan edilmiş işçilər:
1 Regional Mədəniyyət İdarəsinin mühasibinə
1 Mədəniyyət Sarayının direktoruna
1 Heydər Əliyev Mərkəzinin bədii rəhbər-rejissoruna və həmin mərkəzin müşayətçisinə
4 Uşaq musiqi, incəsənət və rəssamlıq məktəbinin direktoruna
1 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoruna
Təhsil müəssisəsinin 1 əməkdaşına.
Mədəniyyət Nazirliyi kitab satınalınması müsabiqəsini yekunlaşdırdı
Mədəniyyət Nazirliyi tərəfindən tabeliyindəki kitabxanaların kitab fondlarını yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə 5 aprel 2022-ci il tarixində elan olunmuş “Nəşrlərin satınalınması müsabiqəsi”nin nəticələri müəyyənləşib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən bildirir ki, “Nəşrlərin satınalınması müsabiqəsi”nin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni nazirlik tərəfindən yaradılan Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya həyata keçirib.
Müəlliflər və müəlliflik hüququ sahibləri tərəfindən müsabiqəyə təqdim olunan kitablar Komissiya tərəfindən qiymətləndirilmiş, eyni zamanda nəşrlərin dəyərləndirilməsi zamanı kitabxanaların təqdim etdiyi oxucuların sorğu kitabçasına əsasən hazırlanmış statistik məlumatlar da nəzərə alınmışdır.
Komissiya tərəfindən müsabiqəyə təqdim olunan nəşrlər arasından dəyəri 498174 manat olan 454 adda kitabdan 50465 nüsxəsinin satınalınması qərara alınmış, seçilən nəşrlər kitabxana fondlarının komplektləşdirilməsi baxımından məqsədəuyğun hesab edilmişdir.
Kitabxana fondlarının oxucuların tələbatına uyğun komplektləşdirilməsi məqsədilə komissiyanın seçiminə əsasən “Teas Press” nəşriyyat evindən dəyəri 117177,5 (yüz on yeddi min yüz yetmiş yeddi manat əlli qəpik) manat olan 8270 nüsxə kitabın, “Qanun” nəşriyyatından dəyəri 111960 (yüz on bir min doqquz yüz altmış) manat olan 9560 nüsxə kitabın, “Təhsil nəşriyyat-poliqrafiya” MMC-dən dəyəri 56850 (əlli altı min səkkiz yüz əlli) manat olan 2075 nüsxə kitabın, “Altun kitab” nəşrlər evindən dəyəri 27628 (iyirmi yeddi min altı yüz iyirmi səkkiz) manat olan 8150 nüsxə kitabın, “Güvən” nəşriyyatından dəyəri 26000 (iyirmi altı min) manat olan 2400 nüsxə kitabın, “Əli və Nino”-dan dəyəri 19880 (on doqquz min səkkiz yüz səksən) manat olan 1575 nüsxə kitabın, “Xan” nəşriyyatından dəyəri 18925 (on səkkiz min doqquz yüz iyirmi beş) manat olan 4100 nüsxə kitabın, “Parlaq İmzalar” nəşriyyatından dəyəri 17823,50 (on yeddi min səkkiz yüz iyirmi üç manat əlli qəpik) manat olan 1725 nüsxə kitabın, “Alatoran” nəşriyyatından dəyəri 17680 (on yeddi min altı yüz səksən) manat olan 1980 nüsxə kitabın, “Mücrü” nəşriyyatından dəyəri 16813 (on altı min səkkiz yüz on üç) manat olan 2490 nüsxə kitabın, “Başla” nəşriyyatından dəyəri 8240 (səkkiz min iki yüz qırx) manat olan 980 nüsxə kitabın, “Qələm” nəşriyyatından dəyəri 5750 (beş min yeddi yüz əlli) manat olan 800 nüsxə kitabın, “Jeko Print” nəşriyyatından dəyəri 5850 (beş min səkkiz yüz əlli) manat olan 950 nüsxə kitabın, “MİMTA” yayınlarından dəyəri 4718,20 (dörd min yeddi yüz on səkkiz manat iyirmi qəpik) manat olan 680 nüsxə kitabın, “Apastrof - A” nəşriyyatından dəyəri 4650 (dörd min altı yüz əlli) manat olan 475 nüsxə kitabın, “Qələm Çingizoğlu” nəşriyyatından dəyəri 4262,5 (dörd min iki yüz altmış iki manat əlli qəpik) manat olan 400 nüsxə kitabın, “Çapar Yayınları”ndan dəyəri 4600 (dörd min altı yüz) manat olan 500 nüsxə kitabın, “Ağıllı bala” MMC-dən dəyəri 4000 (dörd min) manat olan 800 nüsxə kitabın, “Bookzone Group”-dan dəyəri 3519,30 (üç min beş yüz on doqquz manat otuz qəpik) manat olan 390 nüsxə kitabın, “Aspoliqraf”-dan dəyəri 3400 (üç min dörd yüz) manat olan 200 nüsxə kitabın,“Qədim Qala” nəşriyyat evindən dəyəri 2000 (iki min) manat olan 200 nüsxə kitabın, “Fabula” MMC-dən dəyəri 1800 (bir min səkkiz yüz) manat olan 200 nüsxə kitabın, “Libra kitab”-dan dəyəri 1737,50 (bir min yeddi yüz otuz yeddi manat əlli qəpik) manat olan 400 nüsxə kitabın, “Köhlən” nəşriyyatından dəyəri 1430 (bir min dörd yüz otuz) manat olan 170 nüsxə kitabın, “Everest” nəşriyyat evindən dəyəri 1110 (bir min yüz on) manat olan 75 nüsxə kitabın, Xalq şairi Vahid Əzizdən dəyəri 1125 (bir min yüz iyirmi beş) manat olan 75 nüsxə kitabın, Əməkdar incəsənət xadimi Vidadi Babanlıdan dəyəri 1200 (bir min iki yüz) manat olan 150 nüsxə kitabın, uşaq yazıçısı Çinarə Köçərlidən dəyəri 1200 (bir min iki yüz) manat olan 75 nüsxə kitabın, ədəbi tənqidçi Əsəd Cahangirdən dəyəri 1000 (bir min) manat olan 50 nüsxə kitabın, yazıçı-publisist Şirxan Aranlıdan dəyəri 1750 (bir min yeddi yüz əlli) manat olan 50 nüsxə kitabın, tarix üzrə fəlsəfə doktoru Pərinaz Sadıqlıdan dəyəri 800 (səkkiz yüz) manat olan 80 nüsxə kitabın, folklorşünas Faiq Şükürbəylidən dəyəri 1200 (bir min iki yüz) manat olan 80 nüsxə kitabın, şair Fərid Hüseyndən dəyəri 2450 (iki min dörd yüz əlli) manat olan 315 nüsxə kitabın alınması həyata keçiriləcəkdir.
Müsabiqə çərçivəsində müəlliflər və müəlliflik hüquqi sahiblərindən alınacaq kitabların siyahısı aşağıdakı cədvəldə təfərrüatlı şəkildə qeyd olunub.
Siyahıda qeyd edilən hüquqi və fiziki şəxslərdən kitabların alışını təmin etmək üçün müvafiq sənədləri qısa zamanda Mədəniyyət Nazirliyinə təqdim etmələri xahiş olunur.
Əlaqələndirici şəxs: Xəyal Məmmədov
Tel: (+99412) 493 06 80
Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyətindən bəhs edən film nümayiş olunub
Ötən gün Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyətindən bəhs edən “Ən uzun qastrol” sənədli filmi İctimai Televiziyada (İTV) yayımlanaraq geniş ictimaiyyətə təqdim olunub.
Sözügedən filmdə Şuşa Dövlət Musiqili Dram Teatrının tarixi, Şuşanın işğalından sonra teatrın üzləşdiyi çətinliklər, buna baxmayaraq yaradıcı kollektivin fədakarlıqları sayəsində bu mədəniyyət ocağının fəaliyyətini 30 il ərzində davam etdirməsi, nəhayət, yenidən doğma Şuşaya qayıda bilməyin onlara verdiyi sevinc və qurur hissi nümayiş olunur.
Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azəri Yurdu” Gənclər İctimai Birliyi tərəfindən icra olunan “İşğal nəticəsində dağıdılan mədəniyyət ocağının tanıdılması” layihəsi çərçivəsində hazırlanıb.
Ekran işi “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin yaradıcı heyəti tərəfindən istehsal edilib. Filmin ssenaristi və redaktoru Ayaz Mirzəyev, rejissoru – Zəka Qulu, operatoru isə Emin Hüseynovdur.
Sənədli film Şuşa Dövlət Musiqili Dram Teatrının 4 aktyorunun müsahibəsi əsasında çəkilib. Filmin əsas süjet xətti 1990-cı ildə dövlət statusu alan Şuşa teatrının doğma şəhərində tamaşa qoymaq arzusunun müharibə səbəbindən reallaşa bilməməsi, ilk səhnəni Bakıda reallaşdırması ilə son 30 ildə “ən uzun qastrol”a çıxmasına həsr olunub.
Həmçinin filmdə teatrın direktoru Yadigar Muradovun 30 il sonra Şuşa şəhərinə getməsi nümayiş olunur və o, teatrın dağıdılmış binasının yerinə çatarkən gözünün qarşısında Şuşada teatrın ilk səhnələşdirmək istədiyi “Arşın mal alan” tamaşasından Vəli və Tellinin dueti canlanır.
Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi davam edir
“Şuşa İli” münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi davam edir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, layihənin “Şuşanın ədəbi həyatı” bölməsi üzrə növbəti təqdimat “Məclisi-fəramuşan” ədəbi məclisə həsr olunub.
Muğam-sənət beşiyi Şuşada ədəbiyyatın inkişafında mühüm rol oynayan məşhur poetik məclislərdən “Məclisi-üns” haqqında məlumat verilmişdi. Bu dəfə “Məclisi-üns”dən səkkiz il sonra yaradılan “Məclisi-fəramuşan” (“Unudulmuşlar məclisi”) barədə söz açılıb.
“Məclisi-fəramuşan” həm də “Məclisi-xamuşan” (“Dinməz, sakit adamlar məclisi”) adı ilə tanınıb. 1872-ci ildə Abdulla bəy Asi, Mirzə Əbülhəsən Şəhid, Mirzə Əbdül Şahin, Fatma xanım Kəminə, Həsənəli xan Qaradaği və başqaları Mir Möhsün Nəvvabın rəhbərliyi altında bu ədəbi məclisdə bir araya gəliblər.
Mənbələrdə başqa məclislər kimi “Məclisi-fəramuşan”ın da üzvlərinin adları da tam əhatə olunmayıb. Onların adı daha çox Şuşa şairlərinin şeirlərindən, digər şəhərlərdəki şairlərlə məktublaşmalardan müəyyən edilib.
“Məclisi-fəramuşan”da şairlər müşairə zamanı deyilən qəzəli onun bəhr və təqtisinə müvafiq olaraq oxuyar və həmin ahənglə ayaqlarını yerə vurub ona uyğun səs çıxardıblar. Məclisdə şairlərlə yanaşı, musiqiçilər də yaxından iştirak ediblər. Məşhur Qarabağ xanəndə və tarzənlərindən Xarrat Qulu, Mirzə Sadıqcan, Hacı Hüsü, Məşədi İsi məclisin şöhrətinə şöhrət qatıblar.
“Məclisi-fəramuşan”ın nəzdində M.M.Nəvvab və Hacı Hüsünün rəhbərliyi altında “Xanəndələr məclisi” adlı bir musiqi məclisi də fəaliyyət göstərib.
Başqa ədəbi məclislərdə olduğu kimi, “Məclisi-fəramuşan”ın üzvləri də ancaq klassik üslubda-əruz vəznində yazmaqla məhdudlaşmayıb. Heca vəznində də gözəl şeirlər yaradıblar.
1910-cu ilədək fəaliyyət göstərən “Məclisi-fəramuşan” da Şuşanın ədəbi-mədəni həyatında mühüm rol oynayıb, ədəbi prosesin şaxələnməsinə öz töhfəsini verib.
400 sərnişin kitab hədiyyəsini sevə-sevə qəbul etdi
İndiki zamanda hədiyyə verənlərin sayı kəskin şəkildə azalıb, odur ki, kimsə kiməsə hədiyyə verəndə bu, dərhal diqqət çəkir. Biri də var, birdən-birə 400 adama hədiyyə verəsən. “Libraff” kitab mağazaları şəbəkəsi kimi.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Libraff” kitab mağazaları şəbəkəsi “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə maraqlı bir layihə həyata keçirib. Sumqayıt-Bakı elektrik qatarının 400-ə yaxın sərnişini qatara daxil olanda oturacaq üzərində ona ünvanlanmış hədiyyə kitab görərək ona sahib olub.
Səhər ertə belə sürpriz kimə xoş gəlməz ki?!
Kitabı təbliğ edənlər əsl alqışlara layiqdirlər!
Saat 12-də Akademik Musiqili Teatr 112-ci mövsümün ən yaxşılarını mükafatlandıracaq
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 112-ci mövsümü artıq başa çatmaq üzrədir. Bununla əlaqədar bu gün saat 12:00-da teatrda mükafatlandırma mərasimi olacaq.
Teatrdan bildirilib ki, 2015-ci ildən teatrda hər mövsümün sonunda keçirilən ənənəvi mükafatlandırma mərasimində bu dəfə də “Mövsümün sevilən aktyoru”, “Mövsümün sevilən aktrisası”, “Mövsümün perspektivli aktyoru”, “Mövsümün perspektivli aktrisası”, “Mövsümün ən məhsuldar aktyoru”, “Mövsümün ən məhsuldar aktrisası”, “Mövsüm ərzində teatrın dostu”, “Mövsümün ən yaxşı balet artisti”, “Mövsümün ən yaxşı xor artisti”, “Mövsümün ən yaxşı musiqiçisi”, “Mövsümün ən yaxşı texniki işçisi”, “Mövsüm ərzində kişi rolunun ən yaxşı ifasına görə”, “Mövsüm ərzində qadın rolunun uğurlu ifasına görə”, "Mövsümün ən işgüzar əməkdaşı”, “Mövsümün ən cəsarətli qadın obrazının ifasına görə” və başqa nominasiyalar üzrə qaliblər bəlli olacaq. Onlara mükafatlar və hədiyyələr təqdim ediləcək.
Mərasimdə, həmçinin mövsümün seçilən aktyorlarına Xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi Hüseynağa Sadıqov adına “Büllur alma” mükafatı da təqdim olunacaq.
Ən çox hansı peşənin sahibləri kitab oxuyurlar? Bəs ən az?
MDB məkanında ən böyük ədəbiyyat platforması hesab edilən Litres Şirkətlər Qrupu olduqca maraqlı bir araşdırma aparıb. Onlar ən çox hansı peşənin sahiblərinin kitab oxuduqlarını müəyyənləşdiriblər. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir.
“Qızıl” kateqoriyasını ən sadiq kitabsevərlər təşkil edirlər ki, burada təhsil və elm sahəsində çalışanlar təmsil olunurlar -onların 11%-i ildə 20-dən çox kitab oxuyur və ya kitab audio versiyasını dinləyirlər.
"Gümüş" kateqoriyasında mühasiblər və maliyyəçilər (10%) yer alıblar. Ticarət sahəsinin nümayəndələrindən" bürünc " (6,4%) kateqoriyası formalaşıb.
Ən çox kitab oxuyan peşələrin reytinqinin ilk beşliyinə həmçinin İT-mütəxəssisləri (6,1%) və tibb işçiləri (6%) daxil olublar.
“Tədqiqatın nəticələrinə əsasən, təhsil və elm sahəsinin nümayəndələri daha çox psixologiya və motivasiya kitablarına, mühasiblər və maliyyə mütəxəssisləri sevgi romanlarına, ticarət sahəsinin nümayəndələri əsasən macəra nəsrlərinə maraq göstərirlər. İT sahəsinin əməkdaşları fantaziya və fantastik romanlara qarşı həssasdırlar, həkimlərin isə ən populyar janrları detektivlərdir”,-deyə araşdırmada bildirilir.
Rəyi soruşulanların 90% - dən çoxu qeyd edib ki, ədəbiyyat onlara peşəkar fəaliyyətdə kömək edir və mənəvi durumlarına müsbət təsir göstərir: respondentlərin 18% -nin fikrincə, kitablar erudisiyanı artırmağa və həmkarlarla söhbəti dəstəkləməyə imkan verir, 16% oxu vasitəsilə streslə mübarizə aparır, 15,2% isə çevik yaradıcılıq və emosional intellekt bacarıqlarını inkişaf etdirir.
Bununla yanaşı, ədəbiyyatla ən az istehsalat və aqrar sənaye sahələrinin əməkdaşları maraqlanırlar - bir il ərzində onların arasında rəyi soruşulanların 11% -i bir dəfə də olsun kitab üzü açmayıblar. İkinci yerdə tikinti sahəsinin nümayəndələri (9,8%), ardınca isə nəqliyyat sahəsinin mütəxəssisləri (8,4%) gəlir. Oxumayanların beşliyini mühafizə əməkdaşları (5%) və inzibati heyət (4%) qapayır.
Qeyd edək ki, araşdırmada 2,5 mindən çox respondent iştirak edib.