“Ədəbiyyat və incəsənət” portalı “Həvəskar yazarlar” rubrikasında Səbinə Yusifin yeni hekayəsini təqdim edir.
-Siz heç sevdinizmi?
-Bəli, sevdim. Vətən kimi müqəddəs, torpaq kimi əvəzolunmaz bir sevgi ilə sevdim.
-Bəs indi nədən tək yaşayırsınız? –deyə tələbələr ona sual etdilər.
Gülzar müəllimə eynəyini çıxarıb göz yaşlarını silməyə başladı.
-Bizi bağışlayın, müəllimə.
-Elə deməyin, övladlarım. Məni siz ağlatmadınız.
İşlədiyi kollektivdə istiqanlılığı, diqqətcilliyi, mehribanlığı ilə seçilən Gülzar xanım tələbələrin də sevimlisi idi. Nə qədər gülərüz olsa da, bir o qədər zəhmli idi. Tələbələr onun dərsinə hazır olardılar. Tədris etdiyi ədəbiyyat fənninə böyük sevgi qatıb öyrədərdi tələbələrini. İmtahan vaxtı Gülzar xanımın dərs dediyi tələbələr xüsusilə seçilərdi. Bu il onlar sonuncu kurs idilər. Gülzar xanım onlarla həm ana, həm bacı, həm dost idi. Bu səmimiyyətdən istifadə edib tələbələr Gülzar xanıma bu sualı ünvanladılar. Yeni dərsin mövzusu məhəbbət dastanları idi. Dərsi izah edən müəllimə ona qəfil ünvanlanan sualın təsirindən istər-istəməz 30 il əvvəli xatırladı. Müharibənin odlu-alovlu illərini. Qarabağın işğal olunduğu o ağrılı-acılı illəri xatırladı.
-Əzizlərim, siz həyatınızın ən gözəl illərini – gənclik illərini yaşayırsınız. Siz baxdığınız hər nə varsa, sizə bir söz söyləyir: “Sevgi”! Siz xoşbəxt gənclərsiniz ki, artıq Qarabağ azad olub. Allah Şəhidlərimizə rəhmət eləsin. Qazilərin, zabitlərin, əsgərlərin canları həmişə sağlam olsun. Mənim sevdiyim insan da zabit idi. Vətən üçün hər an ölümə getməyə hazır idi. Qarabağ işğal olunmuşdu. Qarabağın işğalına dözə bilmirdi. Müstəqil Azərbaycan Respublikasında təhsil alan ilk zabitlərdən idi. Biz onunla eyni yurdun övladları idik. İnstitut illəri Bakıda tanış olmuşduq. O vətənpərvər gənc idi. Qarabağın işğalı ona da ağır təsir etmişdi. Bu itki ilə barışa bilmirdi.
-Müəllimə, olar bir sual verim?
-Buyur, qızım.
-Onun adı nə idi? Niyə öz adını demirsiniz?
-Bilirsən qızım, onun haqqında niyə öz adı ilə danışmıram? Çünki o Vətən amalı ilə yaşayan Qəhrəman idi. Onun özü bir yana, adı da mənim qibləmdir. Mən onu öz adı ilə çağırmadım. Mən ona Vətən Sevgim deyirdim. Elə siz də onu bu adla tanıyın. Bizi bir dəyər birləşdirmişdi – Vətən! Hərbi Akademiyanı bitirdi və ön cəbhəyə təyinat aldı. İkimiz də çox xoşbəxt idik. İkimiz də ali təhsilimizi başa vurmuşduq. 4 il idi tanıyırdıq bir-birimizi. O, mənə sevməyi öyrətdi. Yadınızda saxlayın, Vətəni sevən kişilər sevgilərinə sadiq olurlar. Həm də çox mərhəmətli olurlar hər kəsə qarşı. Mən sevgini də ona görə sevdim. O məni həmişə qorumağa çalışdı. Bakıda oxuduğumuz illərdə mən özümü kəndimizdə yaşayırmış kimi hiss etdim. Çünki mənim arxamda o dayanmışdı. Onunla bir yerdə addım atanda elə bilirdim əl atsam göydəki ulduzları belə dərə bilərəm. Çünki onunla Göylər də əlçatan idi. Hərdən öz-özümə deyirdim: Yatsaydım, belə bir xoşbəxt həyat yuxuma da gəlməzdi. Bəlkə də öz sevgimə özümün gözü dəydi. Çünki bizim sevgimiz bir başqa idi. O mənimlə görüşə elə gəlirdi ki, heç yolun da xəbəri olmazdı. Elə Abbas Tufarqanlının dediyi kimi:
Qədəm qoyub yar bağına gələndə,
Elə gəl, elə get, yol inciməsin.
Şəkər ləblərindən mənə busə ver,
Dodaq tərpənməsin, dil inciməsin.
O da görüşə elə gələrdi ki, yol da inciməzdi. Hamıdan xəbərsiz, bəxtəvər bir sevgi yaşadıq. İnstitutu bitirdik. O, ön cəbhəyə yollandı. Mən də kəndimizə. O vaxtlar mobil telefonlar satışa yeni gəlmişdi. Hər adamda yox idi. Yanvar ayı idi. Ev telefonumuza zəng gəldi. O, idi. Məzuniyyətə gəldiyini, məni görmək istədiyini dedi. Mən də evdən rəfiqəmlə görüş adı ilə çıxdım. Məhəlləmizin qurtaracağında görüşdük. Elə bil dünyanı mənə verdilər. Çox az söhbət etdik. Dedi, birdən görən olar. Sonra atangilə deyən olar. O, istəmirdi ki, mənim haqqımda kimsə bir kəlmə artıq söz danışsın. Sevgisinin ucalığından idi. Məni hər addımda qorumağa çalışırdı. Əlindəki hədiyyə qutusunu mənə verib sağollaşdı. Onu elə möhkəm qucaqladım ki. Polad kimi möhkəm idi. Ətrini hələ də unutmamışam. Cənnətin ətri var idi onda.
Evə gəlib hədiyyəni açanda gördüm ki, bir mobil telefon var, bir də bir məktub. Məktubda yazmışdı: “Sən bu dünyada ən çox güvəndiyim insansan. Sənə inanıram. İnanıram ki, sən sevgimizə sadiqsən. Sən mənim nəfəsimsən. Nəfəssiz durmaq olmur. Bu telefonu sənə hədiyyə etdim ki, heç olmasa həftədə bir dəfə də olsa sənin səsini, nəfəsini eşidim”.
Hamıdan gizlin, hamıdan xəbərsiz həftədə bir dəfə ona zəng edərdim. Ayrılmaq istəməzdim. Vaxt elə tez gələrdi ki. Onunla danışdığım dəqiqələr elə qiymətli idi ki. Telefonda onun nəfəsini duyanda dünyanın ən xoşbəxt insanı olurdum. Həmin gün anam mənə nə qədər ev işi gördürsə belə yorulmazdım. Bilirsinizmi, sevgi insanı güclü edir. Mən onunla birlikdə elə güclü idim ki...
Böyük ümidlə, böyük arzu ilə gözləyirdim qovuşacağımız günü. Bir gün axşam saat 8-də atam xəbərlərə baxırdı. Aparıcı xanımın dediyi cümlələri eşidəndə dünya gözlərimdə qaraldı: “Bu gün səhər saatlarında ermənistən ordusu tərəfindən atəşkəs yenidən pozulub. N saylı Hərbi Hissənin zabiti düşmənin açdığı snayperdən Şəhid olub”.
Gözümü açanda xəstəxanada idim. O zaman artıq hər kəs xəbər tutdu bizim sevgimizdən.
Ondan mənə bir məzarı yadigar qalıb, bir də sevgimiz.
O mənim dünyam idi. Dünyamı da apardı özü ilə.
Onunla birlikdə addımladığımız küçələr indi mənim ən isti yuvamdır. Sizə bir məsləhətim var: Elə sevin ki, heç vaxt heyf deməyin.
-Müəllimə, siz heyslənmədiniz? Tək qaldız. Tək yaşlandız.
-Artıq yaşa dolmuş bir insanam. Bir dəfə də olsun heyf demədim. Çünki mən bir Qəhrəmanı sevdim. Kim deyir ki, mən tək qaldım. Mən Vətən boyda bir sevgiyə sahibəm!