Super User

Super User

 

Dünən İsveçin ölkəmizdəki səfiri Kristian Kamill Azərbaycan Milli Kitabxanasında olub. 

Kitabxanadan AzərTAC-a bildirilib ki, Milli Kitabxananın Beynəlxalq əməkdaşlıq zalında İsveç və Azərbaycan arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi münasibətilə “Linnaeus Apostles: Global Science and Adventures” adlı kitabın təqdimatı keçirilib. 

 

Kitab Linnaeus və onunla birgə olan səyyahların müxtəlif qitələrə olan səyahəti və heyvanlar, bitkilər, adət-ənənələr barəsində apardıqları qeydlərdən bəhs edir. 

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov təqdimat mərasiminin Beynəlxalq əməkdaşlıq zalında keçirilməsinin heç də təsadüf olmadığını bildirib. Zalda 14 ölkənin guşəsinin mövcud olduğunu vurğulayan Kərim Tahirov 15-ci guşənin məhz İsveç olacağına ümid etdiyini vurğulayıb. 

“Səfirin Milli Kitabxanaya gəlişi iki ölkənin milli kitabxanaları arasında anlaşma memorandumunun imzalanmasına təkan verəcək. Eləcə də bu gün səfirin Milli Kitabxanaya hədiyyə etdiyi kitablar Milli Kitabxananın fondunda öz layiqli yerini tutacaq və İsveçə dair gələcəkdə yaradılacaq guşənin ilk kitabları olacaq”, - deyə K.Tahirov qeyd edib. 

Direktor gələcəkdə həmin guşənin önündə İsveç ilə əlaqəli tədbirlərin, İsveç yazıçıları ilə görüşlərin keçiriləcəyinə ümid etdiyini də bildirib.

Kristian Kamill keçirilən tədbirin iki ölkə arasındakı diplomatik münasibətlərin 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlərdən biri olduğunu qeyd edib. İsveç və Azərbaycan arasında bir çox sahələrdə qarşılıqlı əməkdaşlığın mövcud olduğunu bildirən səfir bu əlaqələrin daha da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə inandığını bildirib. 

Daha sonra Kristian Kamill İsveç və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə isveçli səyyah və alim Carl Linneausun tələbələrinin dünyanın 60-dan çox ölkəsinin təbiəti, mədəniyyəti, tarixi və etnoqrafiyası haqqındakı əlyazma və qeydlərinin əks olunduğu “Linnaeus Apostles: Global Science and Adventures” adlı 8 cildlik kitabı Milli Kitabxanaya hədiyyə edib.

 

Bu il Türkiyənin Antalya vilayətində təşkil olunacaq 59-cu “Qızıl portağal” beynəlxalq film festivalı oktyabrın 1-də başlayacaq.

 

Antalya Böyükşəhər Bələdiyyəsindən verilən açıqlamaya görə, festival çərçivəsində "Edebiyat Uyarlaması Uzun Metraj Senaryo" müsabiqəsi də keçiriləcək.

Türkiyədə böyük maraqla gözlənilən müsabiqə kino və ədəbiyyatı bir araya gətirərək hər iki sahə üçün məhsuldar mühit yaratmağı hədəfləyir.

Qeyd edək ki, festival oktyabrın 8-dək davam edəcək.

 

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, söz ustadı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin hazırlanması üçün heykəltəraşlar arasında elan edilən açıq müsabiqəyə eskiz-layihələrinin qəbulu başa çatıb.

 

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, qəbul edilən layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.

Qeyd edilib ki, eskiz layihələr nazirliyin “Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcək. Müsabiqənin qalibi iyulun 15-də elan olunacaq. Nəticələrə dair məlumat nazirliyin saytında (culture.gov.az) yerləşdiriləcək. Həmçinin ikinci və üçüncü yeri tutan müəlliflərə müvafiq olaraq 2000 manat və 1000 manat məbləğində pul mükafatı təqdim ediləcək.

Qeyd edək ki, müsabiqə ötən ilin dekabr ayında elan edilmişdi. Lakin eskiz layihələrin Aşıq Ələsgər obrazının tam xarakterini əks etdirmədiyi üçün müsabiqə komissiya üzvləri tərəfindən 3 ay müddətinə - iyunun 30-dək uzadılmışdı.

 

Müdafiə Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Azərbaycan Könüllülər İctimai Birliyinin dəstəyi ilə Azərbaycan Hərb Tarixi Muzeyində Silahlı Qüvvələr Gününə həsr olunan hərbi vətənpərvərlik mövzusunda 5 – 15 yaş kateqoriyası arasında “Rəngli perimetr” adlı rəsm sərgisinin açılışı və qaliblərinin mükafatlandırma mərasimi kecirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, eləcə də hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış mərasimində Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov,  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin Sərgi və qalereyalar sektorunun müdiri Aqşin Mirfeyzullazadə, Xalq Rəssamı Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağali İbrahimov, Azərbaycan Könüllülər İctimai Birliyinin mədəniyyət və incəsənət departamentinin rəhbəri Ülviyyə Bəbirli çıxış ediblər.

Çıxış zamanı onlar müsabiqənin qaliblərinin çəkdikləri rəsmlər arasında çox gözəl işlərin olduğunu vurğulayaraq, heç bir iştirakçının diqqətdən kənar qalmadığını, mükafata layiq görüldüklərini, həmçinin uşaq rəsm müsabiqəsinin gənc istedadların üzə çıxarılması və onlara dəstək göstərilməsini, eləcə də bunun gənclərin hərbi vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynadığını bildiriblər.

Təbdirin sonunda general-mayor Bəkir Orucov Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin Sərgi və qalereyalar sektorunun müdiri Aqşin Mirfeyzullazadənin keçirilən sərginin təşkilində fəal iştirakına görə Azərbaycan Respublikası Müdafiə naziri, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov cənab Zakir Həsənovun imzaladığı diplomla təltif edib.

 

“Şuşa İli”nə həsr olunan uşaq muğam festivalına yekun vurulub. YENİLƏNİB

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə keçirilən muğam festivalına yekun vurulub. May-iyun aylarında gerçəkləşən festival “Şuşa İli”nə həsr olunmuşdu.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində festivalın yekun konserti və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. 

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva festival iştirakçılarına təbriklərini çatdırıb. Bildirib ki, muğam festivalının “Şuşa İli” çərçivəsində keçirilməsi təsadüfi deyil. Çünki Şuşa Azərbaycanın muğam ocaqlarından biridir. Qədim Qarabağ torpağı, Qarabağın tacı olan Şuşa Azərbaycanın musiqi beşiyi sayılır. “Şərqin konservatoriyası” da adlandırılan bu torpaqda Azərbaycan musiqi sənətinin ən görkəmli nümayəndələri doğulub boya-başa çatıblar. Qarabağ eli neçə-neçə istedadlı bəstəkar, tarzən, kaman ustası, xanəndə yetişdirib: “Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Qarabağımız, Şuşamız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun şücaəti sayəsində işğaldan azad edilib. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada bu gün nəhəng quruculuq layihələri həyata keçirilir. Şuşadakı tarixi, dini və memarlıq abidələri bərpa olunur, Şuşaya dolğun mədəni həyat qayıdır. Şuşada Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə “Xarıbülbül” festivalının, Vaqif poeziya günlərinin keçirilməsi, şəhərdə müxtəlif mədəni layihələrin, beynəlxalq konfransların təşkili Azərbaycan mədəniyyətinin Qarabağa qayıdışının təsdiqi, milli ləyaqətimizin təntənəsidir”.

 

Muğam festivalı haqqında məlumat verən nazir müavini qeyd edib ki, 2 yaş qrupu (9-12 və 13-17 yaş) üzrə respublikanın şəhər və rayonlarından istedadlı şagirdlərin qatıldığı festivalın I mərhələsi regionlar üzrə keçirilib. Bu mərhələdə 1-ci yerlərin qalibləri Bakı şəhərində keçirilən final mərhələsində iştirak etmək hüququ qazanıblar. Festivalın final mərhələsində Xalq artisti Teyyub Aslanovun sədrliyi ilə Xalq artisti Gülyaz Məmmədova və Əməkdar artist Zakir Əliyevdən ibarət münsiflər heyəti tərəfindən iştirakçıların çıxışları qiymətləndirilib.

Sevda Məmmədəliyeva çıxışının sonunda bütün festival iştirakçılarını, qalibləri, onların müəllimlərini, valideynlərini, məktəblərin kollektivini təbrik edərək uğurlar arzulayıb.

Münsiflər heyətinin sədri Teyyub Aslanov festivalın təşkilinə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib. Deyib ki, muğam sənətimizin inkişafı və təbliği məqsədilə təşkil edilən layihə səhnəmizə neçə-neçə yeni adlar bəxş etmiş oldu.

Sonra qaliblər elan olunub. 

Onları təqdim edirik: 

 

Festivalın Qran-pri mükafatı: 

 

Tuncay Oruczadə (Ağdam). 

 

1-ci dərəcəli mükafat:

 

İsfəndiyar Dadaşov (H.Sarabski adına 7№-li Musiqi məktəbi – Bakı), 

Əli Ağazadə (Sabirabad).

 

2-ci dərəcəli mükafat:

 

Mətin Cəfərov (Ağdam), 

Sadiq Zeynallı (Beyləqan), Aydın Həmzəyev (G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbi – Bakı), 

Aynur Ağamalıyeva (Salyan).

 

3-cü dərəcıli mükafat: 

 

Nihad Məmmədzadə (Xırdalan), 

Polad Salmanlı (Bərdə), 

Turan Salahov (Goranboy), Mənzurə Abdürəhmanova (Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi – Bakı), Gülyaz Həsənzadə (M.Maqomayev adına 26 nömrəli Musiqi məktəbi – Bakı), Fatimə Hümmətova (Şəki),

Ləman Məmmədova (Ağcabədi). 

 

Qaliblərə diplom və fəxri fərmanlar təqdim edildi. Şagirdləri festivala hazırlayan müəllimlərin və konsertmeysterlərə isə fəxri fərmanlar verilib.

Sonda festivalın qalibləri Beynəlxalq Muğam Mərkəzinin səhnəsində bir daha məharətlərini göstəriblər. İfaçıları Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının ansamblı (bədii rəhbər – Mirxalid Salayev) müşayiət edirdi. Konsert alqışlarla qarşılanıb.

Qalibləri təbrik edir, ifaçılıq uğurları arzulayırıq.

 

Ağstafa rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə “Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarının tarixi irsinin qorunması və şəhərsalma inkişafı” adlı plenumu keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, plenumda Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Ağstafa rayonu İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, eləcə də memarlar, ekspertlər iştirak edib.

Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

İştirakçılar Ağstafa rayon Heydər Əliyev Mərkəzinin foyesində “Müasir Azərbaycan memarlığı” adlı sərgi ilə tanış olublar.

Sonra mərkəzin akt zalında tədbirin rəsmi hissəsi başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə ölkəmizdə tarixi abidələrə, eləcə də müasir memarlığın inkişafına göstərilən dövlət qayğısından danışıb. Qeyd edib ki, bu gün ölkəmizin hər yerində tarixi abidələr bərpa-konservasiya edilir, yeni-yeni parklar açılır, binalar tikilir. Vurğulayıb ki, bu sahədə memarlarımız öz sözünü deməkdədir.

Ağstafa rayonu İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun şəhərsalma ənənələrindən söz açıb. Qeyd edib ki, rayonda aparılan tikinti işləri zamanı milli memarlıq elementlərinin istifadəsinə xüsusi diqqət yetirilir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova tarixi abidələrin yerlərdə dayanıqlı inkişafa təkan verməsi üçün daha səmərəli istifadə olunmasının vacibliyini qeyd edib. Bildirib ki, bu məsələdə dövlət, bələdiyyələr, həm də ayrı-ayrı maraqlı şəxslər sıx əlaqədə işləməlidirlər.

Dövlət Xidmətinin rəisi Azad Cəfərli regionda yerləşən tarixi abidələr haqqında ətraflı məlumat verib. Bildirib ki, bu regionda 9 rayon və iki şəhər üzrə dövlət tərəfindən qorunan daşınmaz-tarix mədəniyyət abidələrinin reyestrində 783 tarix-mədəniyyət abidəsi mövcuddur. Onlardan 405-i memarlıq, 346-ı arxeoloji, 24-ü bağ-park, monumental və xatirə abidələri və 8-i dekorativ-tətbiqi sənət nümunələridir.

Vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mədəni irsimizin qorunması, bərpası-konservasiyası, eləcə də idarə olunmasında səmərəliliyin artırılması istiqamətində imzalanan fərman və sərəncamlar bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Daha sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri Raihə Amənzadə məruzələrlə çıxış ediblər. Məruzələrdə Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarında mövcud olan tarix-mədəniyyət abidələrinin qorunması, bərpa olunma xüsusiyyətləri, eləcə də müasir şəhərsalma tendensiyalarının inkişafı məsələlərindən danışıblar.

Sonda plenumun qətnaməsi səsə qoyularaq qəbul olunub.

Tədbir iştirakçıları daha sonra “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə tanış olublar.

 

Qapaq şəklində: Qazaxdakı Didivan qülləsi. 

İç şəkillər plenumdan çəkilib.

 

Ölkəmizdə milli musiqimizin, mədəni irsimizin qorunması, ifaçılıq sənətinin inkişafı, təbliği həmçinin bu istiqamətdə dinləyici auditoriyası formalaşdırmaq üçün müxtəlif təbliğat tədbirləri artıq sistemli hal alıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihəsi də gənclər arasında Azərbaycan musiqi mədəniyyətinin təbliği, onların musiqi və estetik zövqünün formalaşdırılması məqsədi daşıyır və istedadlı gənclərin üzə çıxarılması, geniş auditoriya tərəfindən tanınmasına köməyi hədəfləyir. Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə Azərbaycanın mötəbər konsert zallarında ifası üçün imkanların yaradılması onların inkişafı üçün böyük stimuldur.

Layihə çərçivəsində növbəti konsert M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşdi. İstedadlı tarzənlər İsmayıl Zülfüqarov və Mircavid Cəfərov Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) müşayiətində tarın sehr və incəliklərini tamaşaçılara çatdırdılar.

 

Tofiq Bakıxanovun və Hacı Xanməmmədovun tar və orkestr üçün konsertləri özünəməxsus ifa emosionallığı olan musiqiçilərin təqdimatında fərqli bir ovqat yaratdı, dinləyicilərin könlünü oxşadı.

1995-ci ildə anadan olan İsmayıl Zülfüqarov 2013-cü ildə paytaxtdakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbini tar ixtisası üzrə bitirib. Azərbaycan Milli Konservatoriyasının bakalavr və magistr pillələrini müvəffəqiyyətlə başa vurub. Gənc ifaçıların II Respublika müsabiqəsində (2013) Qran-pri mükafatına layiq görülüb. 2017-ci ildə Litvanın Vilnüs şəhərində keçirilən “Skamba skamba kankliai” 45-ci Beynəlxalq Folklor Festivalında “Şuşa” muğam triosu ilə səhnəyə çıxıb. Müxtəlif illərdə ölkəmizi Çin, Rusiya, Fransa, Türkiyə, Şimali Kipr və Litvada təmsil edib.

Mircavid Cəfərov 1996-cı ildə Bakıda tar və ud ifaçısı, Xalq artisti Mircavad Cəfərovun ailəsində anadan olub. 2013-cü ildə G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbini tar üzrə bitirib, Azərbaycan Milli Konservatoriyasının bakalavr və magistr pillələrini fərqlənmə diplomu ilə başa vurub. 2010-cu ildə keçirilən uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II Respublika müsabiqəsində və 2011-ci ildə milli musiqi alətləri ifaçılarının Respublika festivalında Qran-pri mükafatına layiq görülüb. 2013-cü ildə adı Azərbaycanın gənc istedadlarının  “Qızıl kitabı”na yazılıb və Prezident təqaüdünə layiq görülüb.

C.Cəfərov 2016-cı ildə Norveçdə keçirilən “Azərbaycan cazı” layihəsinin, elə həmin ildə Qazaxıstanın Astana şəhərində təşkil olunan “Astana Keşteri” Beynəlxalq Caz Festivalının, 2019-cu ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq etno-caz festivalının iştirakçısı olub.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Qarabağ xanlığının sonuncu varisi Xan qızı Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyi ilə əlaqədar tədbir təşkil olunub.

 

Baş İdarədən verilən xəbərə görə, tədbirdə görkəmli şairin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır, eləcə də incəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar mənəvi saflığa çağıran və insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və parlaq bədii boyalarla zəngin bir irs qoyub gedib. 

Sonda kitabxananın fəal oxucuları şairin şeirlərini səsləndiriblər. Həmçinin Xan qızının məşhur fransız yazıçısı Aleksandr Düma ilə görüşündən bəhs edən videoçarx nümayiş etdirilib.

 

Mədəniyyət naziri Anar Kərimov İran İslam Respublikasının mədəni irs, turizm və əl işləri sənayesi naziri Seyid İzzətulah Zərqami ilə görüşüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Qonağı salamlayan mədəniyyət naziri biıdirib ki, iki dost ölkənin qədim tarixə malik münasibətlərinin təməli qarşılıqlı etimad üzərində qurulub. Həmçinin mədəni və humanitar sahədə əməkdaşlığın önəmindən danışıb.

Dəvət üçün nazirə təşəkkürünü bildirən Seyid İzzətulah Zərqami də öz növbəsində ölkələrimiz arasında tarixən mövcud olan və uğurla davam edən  möhkəm dostluq münasibətlərində bu gün kütləvi informasiya vasitələrinin də böyük rolu olduğunu vurğulayıb.

Tərəflər həmçinin işğaldan azad olunmuş tarixi torpaqlarımızda dağıdılmış həm müsəlman, həm də xristian dininə aid məbədlərin eyni həssaslıqla bərpa olunduğunu bildirərək yüksək qiymətləndiriblər.  Mədəniyyət paytaxtımız Şuşanın İslam dünyası üçün kəsb etdiyi yüksək dəyərdən danışıblar. Həmçinin qlobal problemlərdən sayılan islamofobiya ilə mübarizədə birgə əməkdaşlığın önəmi bildirilib.

Eləcə də Qarabağda davam edən yenidənqurma və bərpa işlərində İranın təcrübəsindən yararlanmağın vacibliyi vurğulanıb.

Xudafərin körpüsünün birgə bərpası məqsədilə Anlaşma Memorandumunun imzalanması barədə də fikir mübadiləsi aparılıb.

Görüş tərəfləri maraqlandıran bir sıra mövzuların müzakirəsi ilə davam edib.

 

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair Yusif Nəğməkar Türk dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Türk dünyası ədəbiyyatına xidmət"ə görə beynəlxalq mükafatı ilə təltif olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mükafatlandırma mərasimində iştirak edən qurumun Azərbaycan üzrə təmsilçisi Elçin İsgəndərzadə, akademiyanın rəhbəri Xeyrəddin İvgin və fəxri professoru, fəxri mədəniyyət səfiri Özkan Hüseyn şairin türk dünyasına verdiyi töhfələrini yüksək dəyərləndiriblər.

Bildirilib ki, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, şair-publisist Yusif Nəğməkar 20-dən çox kitabın müəllifidir. Onun sözlərinə saysız-hesabsız musiqilər bəstələnib və bu günədək tanınmış müğənnilər tərəfindən ifa olunur. 

Milli Qəhrəman Çingiz Mustafayev haqqında yazdığı “Çingiz çini” poeması, 20 yanvar Bakı qırğınından bəhs edən “Şər Şənbə” poeması, Rəsul Rzaya və Bəxtiyar Vahabzadəyə ithaf etdiyi “Sizli”, “Bəxtiyar” poemaları, elat həyatından bəhs edən “Zal ağacı”, “Nizami demiş”, “Güllər atılmasın” poemaları Yusif Nəğməkar yaradıcılığının bir hissəsidir.

Yusif Nəğməkar, həmçinin bir sıra mükafatların qalibi olub. 2015-ci ildə “Çanaqqala – Türkə qala” poemasına görə Çanaqqala zəfərinin 100 illiyi münasibətilə keçirilən ədəbi müsabiqənin qalibi adını qazanıb və həmin il Azərbaycanda ilin şairi elan olunub.

Bundan əlavə o, Rəsul Rza və Şahmar Əkbərzadə adına beynəlxalq ədəbi mükafatların qalibidir.

Şairin “Vəslin edamı” poeması Birinci Qarabağ müharibəsinə həsr olunub.

Qeyd edək ki, Yusif Nəğməkar hazırda İkinci Qarabağ müharibəsində Zəfəri tərənnüm edən iri həcmli əsər üzərində çalışır.

Yusif Nəğməkar Türk dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası nümayəndələrinə təltifə görə minnətdarlığını bildirib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.