Ölkəmizdə milli musiqimizin, mədəni irsimizin qorunması, ifaçılıq sənətinin inkişafı, təbliği həmçinin bu istiqamətdə dinləyici auditoriyası formalaşdırmaq üçün müxtəlif təbliğat tədbirləri artıq sistemli hal alıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihəsi də gənclər arasında Azərbaycan musiqi mədəniyyətinin təbliği, onların musiqi və estetik zövqünün formalaşdırılması məqsədi daşıyır və istedadlı gənclərin üzə çıxarılması, geniş auditoriya tərəfindən tanınmasına köməyi hədəfləyir. Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə Azərbaycanın mötəbər konsert zallarında ifası üçün imkanların yaradılması onların inkişafı üçün böyük stimuldur.
Layihə çərçivəsində növbəti konsert M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşdi. İstedadlı tarzənlər İsmayıl Zülfüqarov və Mircavid Cəfərov Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) müşayiətində tarın sehr və incəliklərini tamaşaçılara çatdırdılar.
Tofiq Bakıxanovun və Hacı Xanməmmədovun tar və orkestr üçün konsertləri özünəməxsus ifa emosionallığı olan musiqiçilərin təqdimatında fərqli bir ovqat yaratdı, dinləyicilərin könlünü oxşadı.
1995-ci ildə anadan olan İsmayıl Zülfüqarov 2013-cü ildə paytaxtdakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbini tar ixtisası üzrə bitirib. Azərbaycan Milli Konservatoriyasının bakalavr və magistr pillələrini müvəffəqiyyətlə başa vurub. Gənc ifaçıların II Respublika müsabiqəsində (2013) Qran-pri mükafatına layiq görülüb. 2017-ci ildə Litvanın Vilnüs şəhərində keçirilən “Skamba skamba kankliai” 45-ci Beynəlxalq Folklor Festivalında “Şuşa” muğam triosu ilə səhnəyə çıxıb. Müxtəlif illərdə ölkəmizi Çin, Rusiya, Fransa, Türkiyə, Şimali Kipr və Litvada təmsil edib.
Mircavid Cəfərov 1996-cı ildə Bakıda tar və ud ifaçısı, Xalq artisti Mircavad Cəfərovun ailəsində anadan olub. 2013-cü ildə G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbini tar üzrə bitirib, Azərbaycan Milli Konservatoriyasının bakalavr və magistr pillələrini fərqlənmə diplomu ilə başa vurub. 2010-cu ildə keçirilən uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II Respublika müsabiqəsində və 2011-ci ildə milli musiqi alətləri ifaçılarının Respublika festivalında Qran-pri mükafatına layiq görülüb. 2013-cü ildə adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və Prezident təqaüdünə layiq görülüb.
C.Cəfərov 2016-cı ildə Norveçdə keçirilən “Azərbaycan cazı” layihəsinin, elə həmin ildə Qazaxıstanın Astana şəhərində təşkil olunan “Astana Keşteri” Beynəlxalq Caz Festivalının, 2019-cu ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq etno-caz festivalının iştirakçısı olub.