Super User
İnanılmaz! 59 yaşı olan naməlum Azərbaycan filmi aşkarlanıb
Köhnə Azərbaycan filmləri hədsiz sevilir. Demək olar, hamısını süjetbəsüjet əzbər bilirik. Aldığımız yeni xəbər hədsiz sevincimizə səbəb olub. Çünki bu xəbər köhnə filmlərimizlə bağlıdır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu günədək geniş tamaşaçı kütləsinə naməlum olan “Axırıncı namaz” filmi aşkar olunub. Azərbaycan Dövlət Film Fondunda kinorejissor Zeynəb Kazımovanın 110 illik yubileyinə hazırlıqlarla əlaqədar aparılan yeni araşdırmalar zamanı 1968-ci ildə rus dilində Moskvada çapdan çıxmış “Sovet bədii filmləri. Annotasiyalı kataloq” kitabının 1958-1963-cü illərdə çəkilmiş filmləri əhatə edən IV cildinin 607-ci səhifəsindəki məlumatlara əsasən, rejissorun 1963-cü ildə “Axırıncı namaz” adlı ikihissəli qısametrajlı bədii film çəkdiyi müəyyən edilib.
Dövlət Film Fondunun məlumatına görə, araşdırmaların davamı olaraq, qısametrajlı bədii filmin yeganə nüsxəsi Naxçıvan Dövlət Film Fondunun bazasında aşkara çıxarılıb və həmin nüsxə Azərbaycan Dövlət Film Fondunda elektron bərpa olunub.
Qeyd edək ki, filmin adına bu günədək Azərbaycan kinosu haqqında hazırlanmış heç bir kataloq və siyahıda rast gəlinməyib.
Filmin rejissoru Zeynəb Kazımova, operatoru Əsgər İsmayılov, rəssamı Məmmədağa Hüseynov, bəstəkarı Zakir Bağırovdur. Rolları Ağadadaş Qurbanov, Möhsün Sənani, Ətayə Əliyeva, Münəvvər Kələntərli və digər məşhur Azərbaycan aktyorları ifa edirlər. Aktrisa M.Kələntərlinin “Axırıncı namaz” filmində canlandırdığı epizodik rol kinoda ifa etdiyi sonuncu obrazıdır. Film 1963-cü ildə “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb.
Şəkildə filmdən fraqmentləri görürsünüz.
Rəsm qalereyası: İlya Repin, “Cırcırama”
Bu cür kişilər də olub!
Şəmkirdə İki nəhəng sənətkar- Üzeyir Hacıbəyli və Əhməd Cavadın xatirəsini əbədiləşdirən belə bir möhtəşəm sənət əsəri var. Biganə qalmaq olmur, mən illərdir, nəğmələrin yaranma tarixlərini, nağıllarını araşdırıram deyə, qeyri- iradi- "Görəsən, hansı əsərin üzərində işləyirlər, bəlkə qürur mənbəyimiz olan himnimizi yaradırlar, bəlkə..." deyə səsləndim.
Bu bəlkələrlə çox çarpışdım. Mən gözümü çəkə bilmirdim bu gözəllikdən, bu möhtəşəmlikdən.
Fəxarət hissi nə gözəl hissdi,- belə kişilər olub, belə babaların övladlarıyıq biz...
Könül Xəlilova
Günün fotosu: İstanbulda gey-parad təşkil edənlərdən 150 nəfəri həbs olunub
Günün fotosu: İstanbulda gey-parad təşkil edənlərdən 150 nəfəri həbs olunub
Ən azı 150 nəfər İstanbulun mərkəzində təşkil edilmiş gey-parad zamanı həbs olunub. Onlar şəhər rəhbərliyindən icazə almadan bu nümayişi təşkil etdikləri üçün cəzalandırılıblar.
Xəbəri yayan Euronews türk vətəndaşlarının pəncərədən küçəyə dəmir boşqab, cam, stəkan, çəngəl və qaşıq atdıqlarını nümayiş iştirakçıları ilə həmrəylik aktı adlandırıb. Amma türk mediası, əksinə, bu aktı mömin türklərin “cəhənnəmə vasil olacaq üzdəniraqlara” qarşı hiddət nümayişi hesab edir.
Bir kənd müəlliminin səssiz fırtınası
Günel Məssalı qızı Quliyeva 14 noyabr 1992-ci ildə İmişli rayonunun Gövhərli kəndində anadan olub. 2011-2015-ci illərdə Bakı Qızlar Universitetinin Filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil alıb. Hal-hazırda İmişli rayon Namiq Abışov adına Qaralar kənd tam orta məktəbində ixtisası üzrə Azərbaycan dilini və ədəbiyyatı tədris edir. Müəllimlik fəaliyyəti ilə yanaşı poeziya vurğunudur. Şeir yazmağı da sevir, ara-sıra şeirlərini sosial şəbəkədə Səssiz Fırtına təxəllüsü ilə dərc etdirir.
Əlbəttə, yazdığı həvəskar şeirlərdir, burda qüsur axtarmaq yersizdir, ürəyinin səsini telefonun not dəftərinə köçürür. Arzusu bu şeirlərinin böyük auditoriyalara çatdırılmasıdır.
“Ədəbiyyat və incəsənət” portalı sizə “Həvəskarların şeirləri” rubrikasında Günel xanımın şeirlərini təqdim edir.
XATİRƏ
Yağmurun altında körpə qızcığaz,
Damladan balaca ovcuna alır.
Hər ovuc açışı, tutduğu damla,
Üzündə xoşbəxt bir cizgi yaradır.
Ayağın yağmurun altda isladır,
O yana, bu yana qaçır, oynayır.
Yağışdan yaranan gölməçələrdə,
Atılıb-düşərək telin oxşayır.
Yumulu gözlərin tutur göylərdə,
Buluddan, səmadan bir ilham alır.
Şən səsin ucaldır yağmur altında,
Zümzümə eyləyir doğma bir şeir:
Yağış yağır, rəqs eləyir gur damlalar,
Sıra-sıra, inci-inci, nur damlalar.
Göydə iki qara bulud çatılaraq ,
İldırımlar şaqqıldayır şaraq-şaraq...
Rəqs edir göylərin göz yaşlarında,
Səsini ucaldır buluda sarı,
Batırmaq istəyir xoş avazında,
Sanki ildırımın gurultusunu.
Yağmurun altında körpə qızcığaz,
Telini oxşayan yağışa dalır.
Uçur xəyalların xoş qanadında,
Böyük arzuları qəlbinə yığır.
Zümzümə eyləyir doğma bir şeir,
Yağmurun altında pərvaz eyləyir.
Dediyi şeirdə, şirin nəğmədə,
Müşfiqi yad edir hər bir cümlədə.
Üzümü bəzədi xoş bir təbəssüm,
Baxarkən başqa cür heyranlıq duydum,
Onun bu bəmbəyaz təmiz dünyasın,
Görərkən içində özüm qeyb oldum.
Anidən yağmurun soyuq damlası,
Üzümə buz təki toxundu birdən.
Acıqla oyatdı məni yuxudan ,
Ayıldım xəyali uşaq dünyamdan.
Baxdım ətrafıma, baxdım hər yana,
Sərpa qərq olmuşdum nur damlalara.
Gözümün yaşları yağmurla birgə,
Qarışıb axırdı nəmli torpağa.
Dilimin ucunda səssiz və həzin,
Səslənir yenə də həmin o şeir:
...Bunlar keçər çarpın, səma, köksüm kimi,
Ey ildırım, səs ver mənə, səsim kimi.
Yağ ey yağış, fikrim kimi, hissim kimi ...
Yu apar sən qəlbimin iniltisini.
QOCA DÜNYA
Əlində əsası yol üstə qoca,
Üzündə taleyin qırışları var.
Yavaşca gedərək baxır yollara,
Elə bil bolluca sualları var.
Üzündə taleyin əzablarını,
Məsum təbəssümlə gizlədir sanki,
Qəlbinin yükünü, ağrılarını,
Sarır gülüşündə itirir sanki.
Əlində əsası yolları keçir.
Zamanla baş-başa ömür bitirir.
Zamana baxırsan qocadan qoca,
Qocaya baxırsan zamandan uca.
Yolunun üstündə dayanır bir an,
Yəqin ki, yüz cürə xatirəsi var.
Ah çəkir keçmişə boylanan zaman,
Bir qalaq ahından hörülüb divar.
Üstünə baxırsan, köhnə parçadan,
Çox miskin görünür libası belə.
Üzünə baxırsan, bir müəmmayla,
Nəyisə gizlədir cizgiləri də.
Min cürə qırışla örtülüb üzü,
Baxıram, tanışdır bu qoca, düzü,
Diqqətlə baxarkən qarşımdakına,
Anlarsan, bu qoca - dünyanın özü.
Olsun ki, çox ağır ittihamdır bu,
İnsandır dünyanın belini qıran,
Dünyadan narazı dünyanı yıxan,
Həyat bir labirint, ömür bir dastan.
Dünyanın dərdi var özündən böyük,
Ürəyi doludur, sözləri bölük,
Dünya narazıdır, narazı bizdən,
Şikayət eylədi nə qədər desən...
Həqiqət sillə tək toxundu üzə,
Söz tapa bilmədim bu həqiqətə.
Son anda dediyi ikicə kəlmə,
Bəlkə də ömrümə işıq tutacaq,
Bəlkə də ömrümə tutduğu işıq,
Min cürə zülməti aydınladacaq.
"Düzgün əqidəni çalış ki, qoru,
Adına sadiq ol bir ömür boyu.
Yaxşılıq eylə ki, bəzənsin hər an,
Getdiyin, tutduğun bu ömür yolu”
Dünya bir labirint, ömür nərdivan,
İnsan bir döyüşçü, həyat bir meydan.
Qalibi, məğlubu nələr gözləyər,
Xəbərdardır bundan yalnız Yaradan.
Ən çox oxunan: Əsl incəsənət şedevri olan ilk günəş avtomobili - Lightyear istismara verilir
“Tesla” adlı elektrik enerjisi ilə işləyən avtomobil günümüzün reallığına çevrilməkdədir artıq. Amma bu da hələ hamısı deyil. Düzdür, elektrik enerjisi ilə hərəkət edən avtomobilin təbii yanacaqla hərəkət edən avtomobilə nisbətən xərci daha azdır, amma biri də var ki, bu xərc ümumiyyətlə olmasın. Fantastika kimi görünür, düzdürmü?
Startaplar və avtoqiqantlar öz yeni elektrik avtomobillərində günəş batareyalarının quraşdırılmasını inkişaf etdirir və İspaniyanın isti günəşi altında Hollandiyanın Lightyear startapının ilk seriya modeli, demək olar ki, gündəlik 70 kilometrdən çox irəliləmək üçün kifayət qədər günəş enerjisini toplaya bilib. Avtomobilin quruluşu elədir ki, onun 5 kv.metrlik ərazisi - kapotu və dam örtüyü günəş batareyaları ilə örtülmüşdür. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir.
"Bu, yalnız ilk addımdır, 250 000 avro qiyməti olan avtomobil bizə yanacaqsız və elektriksiz – bir sözlə, havayı hərəkət edən avtomobilə sahib olmanın mümkün olduğunu göstərir. Bu, texnologiyanın nümayişidir, amma əslində bizim məqsədimiz üç ildən sonra 30 000 avro dəyərində avtomobillə kütləvi bazara çıxmaqdır", - deyə Lightyear şirkətinin baş direktoru Leks Xufslut bildirir.
Lightyear-in payızda istehsalı başlayacaq, şirkət noyabr ayında bu bahalı sedanın alıcılara çatdırılmasını planlaşdırır.
Maraqlıdır ki, avtomobil həm hərəkətdə olduqda və həm də açıq havada parklandıqda günəş panelləri onun akkumulyatorunu dolduracaqlar.
"Günəş enerjisi ilə işləyən avtomobilin cəlbedici xüsusiyyətlərindən biri, avtomobilin akkumulyatorunun olmasıdır, buna görə günəş səmada olanda ondan tam şəkildə istifadə edə bilərsiniz və akkumulyatoru doldura bilərsiniz . Belə ki, günəş enerjisi çatışmazlığı, həqiqətən, sizin akkumulyatorunuzun olması səbəbindən elə də dezavantaj deyil, buna görə də mən optimistəm, düşünürəm ki, günəş enerjisi ilə hərəkət edən avtomobilin əlavə olaraq enerji ehtiyatı yığan akkumulyatorunun olması böyük bir müsbət rol oynaya bilər", - deyə Viskonsin Universitetinin müəllimi Qreqori F. Nemet bildirir.
Avtomobil sıfırdan düzəlib, bunu maksimum effektiv etmək və arzuları gerçəkləşdirmək üçün belə ediblər. Rasional dizayn şirkətə uzun müddət əksər avtomobil istehsalçılarının nəzərdən qaçırdığı istiqamətdə irəliləməyə imkan verən xidmətlərini öz xidməti hesab etmək şəraiti yaradıb. Bu arada qeyd edək ki, Lightyear öz dizaynına görə ən mükəmməl avtomobil dizaynerlərinin toplaşdığı İtaliyanı da təəccübləndirə bilib. Bugatti, Lamborghini, Ferrari dizaynerləri bu incəsənət şedevrindən paxıllıq edə-edə zövq alıblar.
İstehsalçıların məlumatına görə günəş batareyalarında optimal şəraitdə gündə 70 km-ə qədər şarj olmadan gedə bilərsiniz. Hər gün 35 km-dən az hərəkət edənlər şəbəkəyə qoşulmağa ehtiyac olmadan 2 ay ərzində Hollandiya, Portuqaliya və İspaniya kimi günəş ölkələrində (bəri başdan deyək ki, bizim Azərbaycan da günəş ölkəsidir) isə 7 aya qədər səyahət edə bilərlər.
Bu gün ölkəmizdə avtomobil istismarçılarının əsas şikayəti təbii ki, yanacağın qiymətinin baha olmasındandır. İnşallah ki, günəş avtomobilləri, istehsalçılar deyən kimi, kütləvi tələbata məruz qalıb 30 min avro və daha ucuz qiymətə satılar, ikinci əl avtomobillər ümumiyyətlə statistik azərbaycanlı üçün əlçatan olar, onlar avtomobili alıb yanacağa və elektrik enerjisinə pul vermədən rahatca onu sürərlər. Onda gecələr “Benzinin qiyməti daha 20 faiz (30, 40, 50 fazi) qalxdı” qərarını verib avtomobil sahibləri üçün qorxunc kabusa çevrilən Tarif Şurasından da daha heç kəs qorxmaz.
Media nəhəngi Netflix niyə tənəzzülə gedir?
BBC-dən sızan son məlumat barədə sizləri xəbərdar etmişdik, Netflix 300 iş yerini azaldır, buna da səbəb abunəçilərin sayının kəskin azalması və nəticədə şirkətin gəlirlərinin azalması, səhmlərinin dəyərinin düşməsidir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, dünyanın internet media şirkətləri arasında son illər rəqabətsiz liderliyi saxlayan Netflix koronavirus epidemiyasından sonra yaranmış tənəzzüldən heç cür yan keçə bilməyib. Koronavirus sancıları nəticəsində ikinci dalğa zamanı – təkcə may ayında 150 əməkdaş işdən çıxarılıb. Cari ilin birinci rübünün sonunda striminq xidməti 200 min abonenti itirib, ikinci rübdə isə daha iki milyon abonentin itiriləcəyi təxmin edilir. Rəqəmlər dəqiqdir, ikinci rübün bitməsinə çəmi bir neçə gün qalır.
Netflix rəhbərliyi baş verənləri təkcə postpandemiya dövrünün çətinlikləri ilə izah etmir, onların fikrincə, bu tənəzzüldə rəqabətin artması da başlıca rol oynayır. Və biz bilməyən daha bir faktor var, bu, istifadəçilərin hesablardan kütləvi şəkildə parol paylaşmalarıdır. Analitiklər isə şirkətin kontent yaratmağa ayrılmış büdcəni artırmaq üçün abunə haqqını əhəmiyyətli dərəcədə artırmasını əsas səbəb hesab edirlər.
Nəzərinizə çatdıraq ki, Netflix öz sinematikasına - film və seriallarına çıxış üçün hər ay abunəçilərindən 15,50 ABŞ dolları alır. Ultra yüksək definition (UHD / 4K) videoya baxış xidməti əlavə ödənişlə təqdim olunur. Halbuki şirkətin əsas rəqibləri - Amazon Prime Video, HBO Max və Disney Plus - NV şirkətlərində qiymətlər orta hesabla xeyli aşağıdır.
İnternet nəhəngi hazırda vəziyyətdən çıxış yollarını axtarır təbii ki. Netflix menecmenti zərərləri kompensasiya etmək üçün servisə reklam əlavə etmək imkanını nəzərdən keçirir. Ən əsası isə abunə haqqının azaldılması da istisna edilmir.
Azərbaycan Prezidenti: “Azad olunmuş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa edilməlidir”
“Bu gün Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyuldu. Azad edilmiş bütün şəhərlərdə mənim göstərişimlə İşğal və Zəfər muzeyləri inşa edilməlidir. Artıq bir neçə şəhərdə layihələr təsdiqlənib. Bu gün Kəlbəcər şəhərində də bu layihə təsdiqləndi və təməl daşı atıldı.”
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində çıxışı zamanı bildirib.
Dövlətimizin başçısı deyib: “Yəni, biz hərtərəfli iş görürük - həm infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Bu torpaqlar 30 il ermənilərin əlində idi. Nə qoyub getdilər? Xarabaxana, viran qoyulmuş şəhərlər, kəndlər! Dəfələrlə demişəm, hər dəfə də bu dağıntıları görəndə bir daha deyəcəyəm: Elə bil ki, burada vəhşi qəbilə yaşayıb. Burada ondan da eybəcər işlər görülüb - ancaq dağıtmaq, sökmək, yandırmaq”.
Azərbaycan Prezidenti qeyd edib ki, bu qədər nifrətin, qeyri-insani hərəkətlərin haradan qaynaqlandığını gərək psixoloqlar, yaxud psixiatrlar desinlər, çünki normal adam bu əməllərə əl atmaz.
(AzərTAC-ın materialından istifadə olunmuşdur)
Qarabağın dirçəldilməsi naminə “Qarabağ gecəsi” keçirildi
Azərbaycan Dövlət Akademik Filarmoniyası bazar günü qonaqlı-qaralı idi, burada “Qarabağ gecəsi” adlı xeyriyyə mərasimi təşkil edilmişdi. “Ədəbiyyat və incəsət” portalı xəbər verir ki, mərasim Qarabağ Dirçəliş Fondunun və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə, Azərbaycan Televiziyasının təşkilati dəstəyi ilə baş tutmuşdu.
Özündə xeyriyyə konsertini və rəsmi ziyafəti ehtuva edən mərasimdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, mədəniyyət naziri Anar Kərimov və digər hökumət rəsmiləri iştirak edirdilər.
Əvvəlcə ölkəmizin azadlığı uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Silahlı Qüvvələr Gününə təsadüf edən tədbirdə iştirak edən qazilər, müharibə iştirakçıları öz təbrik paylarını aldılar.
Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov ölkəmizdə orduya göstərilən diqqətdən danışdı. Bildirdi ki, Ordumuz 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərərək düşmən işğalında olan ərazilərimizi azad etdi. Hazırda əsas amalımız Qarabağda quruculuq işlərinə birlikdə dəstək olmaqdır.
Daha sonra çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qeyd etdi ki, bu tədbirdən əldə olunan gəlir Qarabağımızın yenidən dirçəlməsinə sərf ediləcək.
Çıxışçı məlumat verdi ki, yaxın zamanda Ağdamın məşhur memarlıq abidəsi sayılan İmarət kompleksinin bərpa edilməsinə başlanılacaq.
Tədbir konsert proqramı ilə davam etdi. Bədii rəhbəri və dirijoru Xalq artisti Fəxrəddin Kərimov olan Qara Qarayev adına Kamera orkestrinin, xalq artisti Fərhad Bədəlbəylinin, Əməkdar artistlər Aygün Zeynalovanın, Arzu Əliyevanın, Ceyla Seyidovanın, gənc muğam ifaçılarının möhtəşəm çıxışları tamaşaçıların sürəkli alqışlarına səbəb oldu.
Konsertdən sonra açıq səma altındakı ziyafət zamanı mərasimin baş sponsoru “Avrora” şirkətinin, eləcə də digər sponsor şirkətlərin nümayəndələri Təşəkkür Serifikatına layiq görüldülər.
Mərasim zamanı əməkdaşımız xeyriyyə tədbirinə qatılmış bəzi tanınmışlarla söhbət edərək onların fikirlərini aldı. Azərbaycan Mediasiya Şurasi İdarə Heyətinin sədri Nadir Adilov, “Ekvita” şirkətinin icracı direktoru İlqar Mehti, yazıçı, əməkdar jurnalist Varis fikir bildirərək Qarabağın dirçəldilməsi yönündə həyata keçirilən bu sayaq tədbirləri alqışladılar, ümidvar olduqlarını bildirdilər ki, yaxın müddətdə bu sayaq tədbirlər artıq Qarabağın özündə keçiriləcək.
80 yaşlı əfsanəvi müğənni Pol Makkartni yenidən səhnəyə döndü
“The Beatles” musiqi qrupunun əfsanəvi solisti Pol Makkartni İngiltərədə düzənlənən Qlastonberi festivalında çıxış edən ən yaşlı müğənni olub.
“Ədəbiyyat və incəsənət” portalı BBC-yə istinadən xəbər verir ki, müğənni səhnəyə proyeksiya olunan ekranda 1980-ci ildə vəfat edən qrup yoldaşı Con Lennonla Cant Buy Me Love mahnısını duetdə oxuyub.
58 yaşı olan mahnını ser Makkartninin fanatları coşğun alqışlarla qarşılayıblar. Ötən həftə 80 illik yibileyi qeyd edilən muğənni, dünyanın pop kralı adını daşımağı haqq eləyən bu sevimli adam üçün bütün zal Hapoy Brithday to You mahnısını oxuyub.
“Mənə burda olmaq çox xoşdur. Mən 2020-ci ildə bu səhnədə oxumağa söz vermişdim, amma pandemiyaya görə Qlastonberi festivalı onda təxirə salındı” - deyib Pol.
Xatırladaq ki, bu festival İvislər ailəsinin fermasında - ecazkar təbii gözəlliyə malik məkanda keçirilir.
Əlbəttə ki, yibileyi qeyd edilən məşhur müğənniyə nə Xalq artisti adı, nə “Şöhrət” ordeni verilib. İngiltərədə belə ənənələr yoxdur. Oradakı sənətçilər üçün ən yüksək imtiyaz çoxmilyonlu oxucu sevgisidir, bir də qazandıqları astronomik məbləğlər.